TÜRK QARDAŞLARIMIZ
İbrahim Sadri

Öncə bunu vurğulayım ki, Türkiyənin çox populyar və tanınmış şair və söz ustası İbrahim Sadri ilə mənim şəxsi tanışlığım 1993-cü ildən sonrakı illərə gedib çıxır. İstanbula getdiyim illərin başlanğıcında İBRAHİM SADRİ türk radiolarından birində AŞRAF SAATİ adlı bir veriliş aparırdı. Və mən də bu verilişin dinləyicilərindən biriydim. İbrahim bəy ona göndərilən şeirləri və yazıları özünəməxsus bir tərzdə (bu sözün trafaret anlamını düşünməyin) təqdim edir və həmin yazılardan seçilmiş parçaları da öz səsiylə oxuyurdu. Eləmədim tənbəllik, bu verilişə bir neçə şeirimi faksla göndərdim və bu o şeirlər idi ki, artıq ORTADOĞU qəzetində çap olunmuşdu. Heç şübhəsiz, İbrahim bəyin həmin şeirlərdən xəbəri yox idi, bəlkə vardı, deyə bilmərəm, amma İbrahim bəy növbəti verilişlərindən birində həmin şeirləri aldığını söylədi və onlardan birini də öz səsiylə çox gözəl bir tərzdə (özünün deyimi ilə AZƏRİ TÜRKCƏSİYLƏ YAXINDAN-UZAQDAN BİR TANIŞLIĞIM OLMASA DA deyib) məhz ortaq türkcədə yazılan, daha çox azəri türkcəsinə çəkən həmin şeiri oxudu. Və üstəlik də çox maraqlı bir təqdimatla. Belə bir söz demişdi onda: İstanbul baş konsolosluğundan 7-8 metr uzunluğunda bir faks gəlmiş (əlbəttə, İbrahim bəy bir az zarafat eləmişdi),Tevfik Abidin Muharremoğlu 7-8 metr uzunluğundakı bu faksında şeirlər göndərmişdir. Mən bu şeirləri çox sevdim, siz də sevəcəksiniz. Sonra İSTANBUL adlı şeirimi oxumuşdu.



ADAM KİMİ

Mən səni heç sevmədim ki
Sakit axşamlarda
söylədiyimiz şərqiləri sevdim
Bir çiçəyə gülməni, bir gülə bənzəməni sevdim
Bir də ulduzları sevdim
Sentyabr axşamlarında gəlib
Gözlərində uyuyan ulduzları.

Mən səni heç sevmədim ki
Məni yola saldığında ayrılmağı sevdim
Qurğuşunları sevdim məni vurduğunda
Ağlamağı sevdim unutduğunda
Yalqız olduğumu anladığımda
Ayaqda qalmamı sevdim
Yıxılmağımı sevdim səni xatırladığımda
Çörəyi sevər kimi sevdim sənsizliyi
Su kimi gözlədim iyun günəşində səsini
Günorta yağmurları kimi
Gecə erkən yağan yağmur kimi
sevdim səni sevdiyimi.

Mən səni heç sevmədim ki
Quşlara nəğmələr öyrətməyini sevdim
Bənövşələrlə danışmanı
Apreli xatırlatmanı
Baharın bir adının da yalqızlıq olmadığını
Yıxıldığın zaman qanayan yaralarını
Və çiyinlərini bükməyini üşüdüyün zaman
Saqqız satan çocuqları
Yeni çıxan mahnıları
Hər məğlubiyyətində qazanan yanlarını sevdim
Dənizə düşmüş gül kimi düşdüm atəşə
Mən yanğını sevdim yandığım zaman belə, iştə.

Mən səni heç sevmədim ki
Bir gecə bir ceyran endi dağdan qəlbinə
Bir gecə bir şeir kimi kibrit alovunda
Dünyanın ortasında, kimsəsizliyin səsində
Səhərin şehində, dözümsüzlüyündə ahın
Ağlayan üzündə İsanın
Sağaldan gücüylə duanın
Qorxudan yanıyla narın
Əncirə, zeytuna və qəlbinə görə
Gülə görə
Vurulduğum ümidə görə
Qorxuya görə

Yalnız sənə görə, yalnız sənə görə.

Mən səni heç sevmədim ki
Getdiyin zaman getməyini sevdim
Dünyanı sevdim gəldiyin zaman
Qalmağını sevdim
Qorxurdum mən sənə alışmaqdan
Yenə də sevdim gülümsəməyi
Yaylığını yellədərkən
səni götürən qatarın arxasından
Yollar ilk qar düşdüyü zaman
Ölümünün nə gözəl olduğunu sevdim
Səni içimdə öldürdüyüm zaman.

Mən səni heç sevmədim ki
Durğun axşamlarda söylənən şərqi nəsə
Bir çiçəyə gülməni, bir gülə bənzəməni sevdim
Bir də ulduzları sevdim
Sentyabr axşamlarında gəlib
Gözlərində uyuyan ulduzları.
Yıxıldığın zaman qanayan yaralarını
Və çiyinlərini bükməyini üşüdüyün zaman
Saqqız satan çocuqları
Yeni çıxan mahnıları
Hər məğlubiyyətində qazanan yanlarını sevdim
Dənizə düşmüş gül kimi düşdüm atəşə
Mən yanğını sevdim yandığım zaman belə, iştə.
MƏN SEVDİYİMİ ADAM KİMİ SEVƏRƏM



BİR ŞEY SÖYLƏ

Bir şey söylə
Dənizlər qovuşanda
Dağlar baş-başa gəldiyində
Bir şey söylə
Ulduzlar səmadan bir-bir
töküldüyündə üstümüzə
Bir şey söylə
Mən səni unuduram
Söylə
Yer başqa, göy başqa olduğunda
Sallanıb çalxalandığında
Ucsuz-bucaqsız səma
Necə ki, biz
atəşin ətrafını sarmış
pərvanələr kimi oluruq ha.


Bir şey söylə
Unuduram mən səni, söylə
Qəlblərdə gizlənənlər
ortaya töküldüyü zaman
Göy yarıldığı zaman
Nə oldu bu yerə dediyi zaman insan
Və üzqarası şeirlərim
ortalıqda qaldığında
Və sənsiz bir zaman
və ayaqlarımızın altından torpaq
uçunub
Dümdüz əyildiyi zaman.

Bir şey söylə
Dəftərlər kimi açıldığında
sıyrılıb allandıqca göyüzü
Cəhənnəm tutuşdurulduğunda
Cənnət yaxınlaşdığında.

 

İSTANBULA QAR YAĞIRDI 

Yetmiş doqquzun qışıydı,
Sərtdi, soyuqdu
İstanbula qar yağırdı.
Kömür yanırdı sobalarda
Gecələri polislər, keşikçilər olurdu.
Bir də biz olurduq
Dişlərimiz dişlərimizə dəyirdi
Yalan demirəm, polislər də üşüyürdü
On altı yaşındaydım...
Hər şeyi bükəcək biləyim vardı
On altı yaşındaydım
Aslan kimi ortadaydım
Gündüzləri məktəbdə
Coğrafiya dəftərimin arxasına
Sənin üçün şeirlər,
Gecələri divarlara
"ölkəmi qurtarmaq üçün
Qəhr olsun" yazacaq bir adamdım
On altı yaşındaydım
Nə sənin xəbərin olurdu
şeirlərimdən
Nə də biriləri qəhr olurdu
Məhəllə divarlarına cızdığım
hərflərdən
On altı yaşındaydım
Yalan demirəm.

Mən yazmağa belə başladım
Coğrafiya dəftərim
bir zibilçiyə qurban getdi
Divarlarına ürəyimi hördüyüm
o evlər birər-birər
Yıxıldı getdi...
İndi ağappaq kağızlara yazıram,
Qocaman şeylər düşünürəm
Marşlar bilirdim,
Kitablar oxuyurdum.
Qaçaraq və islanmadan
keçirdim sulardan
Qaçaraq və islanmadan
yaşayırdım.
Bax, İstanbulu sevirdim.
Səni sevirdim
Dualar öyrənirdim
Meydanlarda toplanıb bağırırdım
Hər kəs kimiydim,
Hər kəs qədər cəsur
Hər kəs qədər qorxaq
Hər kəs qədər yaraşıqlı dəliqanlı
Və hər kəs qədər buralı.

Yetmiş doqquzun qışıydı,
Sərtdi, soyuqdu
İstanbula qar
yağırdı
Nəfəsimiz
Buğlanırdı danışarkən
Xaliçin arxasında toplanırdıq
Gecə adamı içinə çəkirdi
Biz gecəni içimizə çəkirdik
Ən gözəl mən yazırdım
Divarlara yazıları
Hər kəs məni sevirdi
Coğrafiya dəftərimin arxasına
Ən gözəl şeirləri də mən yazırdım
Bunu kimsə bilmirdi
Sizin evin divarına
qəhr olsun deyə yazırdım
Və baş götürüb qaçırdım
Sizin evin divarına bir dəfə də
Səni sevirəm deyə yaza bilmədim
O zaman divarlara
elə şeylər yazılmırdı
Dedim axı...

Yetmiş doqquzun qışıydı
Sərtdi, soyuqdu
İstanbula qar yağırdı.

 

ELƏ SEVMİŞDİM Kİ

İndi gedirsən get
Bütün sabahları üşüdüyüm
Bütün gördüyüm sənli günlərim onlarda getsin
İçimdə bir şərqi
Gözümdə bir işıq qalmışdı hər şeyə inad
Qapat gözlərimi, sevdiyim anlar da getsin
Ulduzları da alsana yanına göyüzündən
Sevdiyimiz şərqiləri də
Pencərəmə qonan qumruları da
Mənə qaranlığı burax
Məni burax, məni belə burax
Beləcə qəfil, beləcə sərgərdan
Belə anlamsız, belə dağınıq
Qapı ağzında susuşun
Elə sarsaq, elə sərkeş, elə çərkəs duruşun
Elə sağlam, elə amansız vuruşun
Qoy məni sənsizliyə
Və səpilsin içimə kül kimi od-alovun.

İndi gedirsən, get
Nə durmusan
Mənimki, bir sevda, al get
Daha qanatma
daha yıxma
Daha toxunma
nə biləsən mən səni necə sevmişdim.

İndi gedirsən, get
Bütün sabahları üşüdüyüm
Bütün gördüyüm sənli günlərim onlarda getsin
İçimdə bir şərqi
Gözümdə bir işıq qalmışdı hər şeyə inad
Qapat gözlərimi, sevdiyim anlar da getsin...

DİGƏR MƏQALƏLƏR