MAGİK ROMAN - Alvaro Kunkero

Görkəmli ispan yazıçısı. 1911-ci ildə Mondonedoda anadan olub. Santyaqo de Kompostela şəhərində universitetin Fəlsəfə və filologiya fakültəsində oxuyub. Ancaq jurnalistliklə məşğul olduğundan, təhsilini yarımçıq qoyub. Vətəndaş müharibəsi illərində frankoçular tərəfində vuruşub. 1943-cü ildə İspaniya Faşist Partiyası ilə üzülüşüb.

“Musiqiçinin qeydləri” (1956), “Orestə oxşayan adam” (1969), “Kometa ili və dörd hökmdarın döyüşu” (1974) romanlarının, bir çox hekayə və şeir kitablarının müəllifidir.

1981-ci ildə Qalisiyada vəfat edib.

 

Tərcümə: Saday Budaqlı

 

 

Musiqiçinin qeydləri

Fransisko F.del Rieqoya ithaf olunur

 

Bretan öz sərt qayaları ilə dənizin içərilərinə girir, Fransaya qovu- şan yerdə isə sıra dağlar ayrı- ayrı qollara ayrılır, onların arasında dar dərələr görünür, sonra gözoxşayan təpələrin bəzədiyi çöllər uzanıb gedir. Oralarda yolların sayı-hesabı yoxdu, çünki torpaq üstündə yaşayan adi adamlardan savayı həmin yollarda başqa yolçular da dolaşır ki, gərək onlarla ayıq-sayıq olasan; bunlar yeraltı dünyanın sakinləri – qəbirdən qalxmış ölülər, kabuslar, döyüşü çoxdan başa vurmuş atlı dəstələri, cadulanmış narahat ruhlardı; vicdanları təmiz olmadı- ğına görə bu yolçuların çoxuna rahatlıq yoxdu. Onlardan vur-tut soyuq əsinti qalanadək külək saysız-hesabsız yollarla hamısını gecənin qaranlığına qovur. O vaxtkı Bretanı belə təsəvvür eləmək olar: hasarla dövrələnmiş daş xaçlı şəhər darvazası və əldən düşmüş qarı ona bərkidilmiş dəmir qəndilləri yandırır.Axşam düşür, yağış çisələyir. Alov dillərini söndürən külək vıyıldayır. Qarı xaç çəkir, “Pater Noster”i mızıldayır, indicə atla yanından keçən cənab vikont Klyomelin ruhu üçün dua oxuyur. Bretan camaatı hansı əsintinin mərhumun ruhu, hansının sadəcə külək olduğunu ayırd eləyə bilir; onlar sahil küləyinin nəfəsini duyub, şlyapalarını çıxarırlar, çünki gözəl Anna Komburskayanın vələs ağaclarının kölgəsində gəzdiyini anlayırlar. Elə olur ki, hansısa oğlan küləyin həmin əsintisinə vurulur. Renndə, ya Dinanda, Komburda, ya Karadyedə, hasarla dövrələnmiş şəhərlərin qədim saraylarında, qülləli qalalarda keltlər iki min il əvvəl yandırılan ocağın başına yığışır, öz məlahətli ləhcə- lərində dəniz savaşlarından, igidlikdən, Hannover döyüşündən1, ailə çəkişmələ- rindən, qədim zamanların aşiq-məşuqlarından söhbət açırlar. Və qüvvətli kişi əlləri üçün yaranmış, palıd ağacının möhkəm oduncağını udan alov dilimləri xatirələri – hansı yumaqdan açılmış iplə, kim tərəfindən toxunduğu bilinməyən bu zərif parçanı yandırmaqda gücsüzdü. Bretanın yollarında kölgələr toz qopararaq məşum bir rəqslə hərəkət eləyirlər və apreldə yol qırağından boylanan çiçək bilmir ki, onu hansısa qız saçına taxacaq, yoxsa sıranın başında oynayan, qalyardanın2 lirik hissəsinə daxil olan lembrasse3 adlanan fiquru göstərən skelet, dabanıyla basıb əzəcək.

Pontivili musiqiçi kimi məşhurlaşan Şarl Ann Qenole Matye de Krozon min yeddi yüz altmış ikinci il Müqəddəs Kosma günündə, Ust çayının sahilində, Bretanın fransız əyalətindəki Joslen qəsəbəsində anadan olub. Onun atası nə vaxtsa Pempona yaxınlığında ata-baba mülkləri olan de Krozonlar nəslindən idi. Qədim zamanlarda ona kral fərmanıyla imtiyaz verilibmiş ki, mömin hökmdar öz gəlişini bildirən kimi, Renn şəhərində əlində yaşıl dəsmal, atla çapıb, bağıra-bağıra kralın gəldiyini xəbər versin, intəhası, sonra kral öz vədinə xilaf çıxıb gəlməmişdi. Bizim musiqiçinin atasının sol gözü Şartrdan olan usta tərəfindən hazırlanmış şüşədən idi, – qızılı damarcıqlı parıldayan mavi şar. Şarlın anası, Anje şəhərindən olan bələdiyyə müşavirinin qızı xəstəhal, bəstəboy, qəşəng qadındı: uğursuz doğuşlardan sonra qarnı şişməyə başladı və həkim ona araqda həll olunmuş kinə yazdı; o, tədricən bu dərmana alışıb, içki düşgününə çevrildi və çox keçmədən, yeganə sağ qalan oğlu Şarlın on bir yaşı yenicə tamam olanda öldü. Atası təsərrüfat müdiri vəzifəsinə qadın götürmüşdü; bu qadının, on altı yaşına çatanda kişi paltarı geyinib, özünü Kemper şəhərindəki dərzinin sevimli qardaşı oğlu Lui Jozef adlandıraraq, kral artilleriyasına yazıldığı barədə bir vaxtlar Kotanten yarımadasında və bütün Bretanda çox danışırdılar. Deyilənə görə, hərbi xidmətdə özünü kişiyə o qədər oxşatmağa çalışmışdı ki, hətta nazik qara bığları da çıxmışdı. Doğrudur, hər şeyin üstü açılanda markiz de Laval onu aşpaz götürmüşdü və işindən çox razı idi, çünki ətli ruleti təkərli lafetə qoyulmuş top şəklində hazırlayırdı. Ancaq hər bir yeni xörək adlı-sanlı cənabları tez bezdirirdi, belə ki, tezliklə qoçaq topçu adi bir zadəganın mətbəxinə düşdü, sonra iyerarxiya pillələrilə aşağı enə-enə, nəhayət, camaatın Taygöz adlandırdığı cənab de Krozonun yanında bənd aldı. Ancaq bir yerdən başqa yerə keçə-keçə yarım düjün top gülləsindən ayrılmadı: böyükləri qapıların dalına qoyurdu, bombarde de giletin1 ən balacalarıyla mal və donuz ətinin döyməsini hazırlayırdı, ortabablarını isə gölməçələrdə diyirlədib oynamaq olardı. De Krozon – Taygöz günlərini yüksək mövqe tutan qohumlarıyla ovda keçirirdi, evi, oğlunu isə topçu qadının ixtiyarına buraxmışdı; o, uşağı çox istəyirdi və onu musiqiçi eləmək qərarına gəlmişdi. Şarl anası kimi sısqa olsa da, səsi gur idi, doqquz yaşında artıq kilsə xorunda oxuya bilərdi. Topçu qadın öz puluna uşağa ucunda kral piyada qoşunlarının gerbi təsvir olunan şeypur almışdı. Hansısa italiyalı – Joslendə məskunlaşmış skripkaçı və rəqs müəllimi – topçu qadına dedi ki, şeypur uşaq üçün ağırdı, onu Navarradan gətirdiyi orta ölçülü bombardinlə2 əvəz etməyi məsləhət gördü: belə alətdə çalmaq zadəgən üçün ayıb deyil, bombardin, hətta nəcib qızın əlində də pis görünməz. Beləcə, Şarl bombardində çalmağı, rəqs eləməyi öyrəndi, latın əlifbasını mənimsəməyə başladı. Bütün bu illər ərzində topçu qadın onu səylə donuz ətiylə noxuda, lobya və paxlaya (bu tərəvəzləri o, “mərmicik” adlandırırdı) tutdu, vaxt keçdikcə Şarlın səsi qalınlaşdı, möhkəmləndi, Pantivi şəhərində fransiskanlar Ordeninin kilsə- sində regent yeri açılanda, de Korzonların böyük əminəvələri admiral de Trebullar onu bu vəzifəyə qoydu. Bunu eşidən topçu qadın, daha doğrusu, qarımış qız göz yaşlarına boğulmuşdu: axı Şarlı Navarra süvari qoşunu üçün böyütmüşdü və həmişə ona Bearn alayının göy-sarı rəngində 1 gilet – cib bombardini (frans.) 2 bombardin – valtorna oxşayan qədim musiqi aləti paltar geyindirirdi. Ağlayıb ürəyini boşaldandan sonra mərmilərini, şeypurunu götürüb, hirslə Bretanı tərk etmişdi; deyilənə görə, İtaliyaya gedib, özünü Lozanna kantonunun sakini kimi qələmə verərək, yeddi il Roma papasının İsveçrə qvardiyasında olmuşdu... Taygöz çağırılan cənab de Krozon, Rans yaxınlığında qoyun sürüsü və Renn şəhərində ferması olan kar kameristkayla1 evlənmişdi, o vaxt iyirmi üç yaşı olan Şarl isə regent köməkçisi vəzifəsini tutmuşdu və ona Pontivi şəhərində fransiskanlar Ordeninin kiçik qardaşlar Kollegiyası tərəfindən rasion təyin edilmişdi. Orda, Şüşəsalanlar küçəsində baş təbilçinin dul arvadı xanım Klementina Maronun evində qalırdı. Mərhumun təbili qonaq otağından asılmışdı və baş təbilçinin öldüyü gün təsadüfən şəhərə gələn ingilis rəssamı təbilin dərisinə cənab Maronun portretini çəkmişdi, hətta mərhumun öz bığlarını səliqəylə kəsib, tükləri bir-bir şəklə yapışdırmışdı.

Musiqiçinin ölümündən sonra xanım Klementina Maronun evindən üz qabığı dovşan dərisindən olan dəftərlər tapılmışdı; dəftərdəki qeydlər bu yazını çap etməyimə imkan verdi: musiqiçinin 1793-cü ildən 1797-ci ilə qədər başına gələn sərgüzəştlər bu kitabda ardıcıllıqla və ətraflı təsvir olunur. Bu sərgüzəştlər isə dumanlı, soyuq bir səhərçağı başlamışdı, onda regentin köməkçisi dəvət olunduğu hansısa mərhumun yasında çalmaq üçün Kelvan şəhərinə yola düşmüşdü, səbəb də o idi ki, mərhum ölümündən əvvəl öz vəsiyyə- tində bizim musiqiçini də unutmamışdı və ona Kelvan yaxınlığındakı təpədə alma bağı bağışlamışdı, çay kənarında meyvə bağına sahib olmaq isə Şarlın həmişəki arzusu idi.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR