TÜRK DÜNYASI - Osman Çeviksoy

1951-ci ildə Çorumda anadan olub. 1979-cu ildə Ankara Qazi Eyitim İnstitutunun Türk dili fakültəsini, 1988-ci ildə Ankara Qazi Universitetinin Təhsil fakültəsinin Türk dili və ədəbiyyat bölməsini bitirib. İmzası 1968-ci ildən mətbuat səhifələrində gö- rünməyə başlayıb. Türkiyə Yazıçılarİttifaqı,İLESAM (Türkiyə elm və ədəbi əsər müəlliflərinin sənət birliyi) və Avrasiya Yazıçılar İttifaqının üzvüdür. Mədəniyyət Nazirliyi, Türkiyə Yazıçılar İttifaqı, İLESAM-ın mükafatlarını alıb. “Bəyaz yürüş” (1982), “Divarın arxası” (1985), “Dərdimi gül eylədim” (1989), “Sənə səni anlatdım” (1994), “Könlümə ulduz düşdü” (2011), “Səninlə min il” (2015) və bir çox başqa kitabların müəllifidir.

 

Azərbaycan dilinə uyğunlaşdırdı: Sənan Nağı

 

ATAMI GÖRDÜM

(hekayə)

Getdiyi gündən tam iyirmi yeddi il keçmişdi. Günorta vaxtıydı. Təzə açılmış bir mağazanın vitrini qarşısında atamı gördüm. Sağında, solunda başqa insanlar da vardı. Bir anda gözlərimiz bir-birinə sataşdı. Mən onu, o da məni tanıdı. Bəli, səhv etmirəm – atamdı. Xəbərsiz-ətərsiz çıxıb gedən, getdiyi gündən bəri bizi arayıb-axtarmayan atam... Bir müddət donub göz-gözə baxışdıq. Gözlərimə inanmırdım. İllər sonra atam qabağıma çıxmışdı. O da öz gözlə- rinə inanmırdı, deyəsən, bu, onun çöhrə- sindən oxunurdu. Ötən illər onu, demək olar, heç dəyişməmişdi. Bir az saçı seyrəlmiş, bığlarının ağı çoxalmış, bir balaca da kökəlmişdi, elə bax, bu qədər... Bu əhəmiyyətsiz, xırda dəyişiklikdən savayı, gedəndə necəydisə, indi də elə görünürdü. Yaşıla çalan gözlərinin təbəssümü də elə eyni idi.

Onu bağrıma basmaq istədim.

Qəfil gedişi ilə bizə dözülməz cəfalar çəkdirsə də, o, mənim atamdı. Məni bö- yüdən, mənə nağıllar danışan, hara gedirsə getsin, bezmədən məni də özüylə aparan bir insandı. O, acıqlanmayan, qışqırmayan, üzünü turşutmayan, bir dəfə də olsun qəlbimizi qırmayan birisidi. Birlikdə heyvan otarıb, kotan sürmüşdük. Taxıl biçib, buğda üyütmüşdük. İşlədiyi tarlaya yaxın bir yerdə öz heyvanlarımızın çobanlığını edəndə, yoldaşlarımla çilingağac, ənzəli oynayanda, atılıb-düşəndə itirdiyim cib bıçağımı o tapıb mənə verirdi. Yağış yağıb Yuxarı çayın suyu daşanda, məni belinə alıb qarşı tərəfə o keçirərdi. Gələcəyimiz barəsində ən gözəl arzuları, xəyalları onunla qurmuşduq. Təmiz iş yerim, isti yuvam olmalıydı mənim. Ütülü şalvar, ağ köynək geyib, qalstuk taxmalıydım. Maa- şım hökmən yaxşı olmalıydı. Yaxşı işi olan ağıllı-kamallı, gözəl bir qızla evlənməliydim. Uşaqlarımız da olmalıydı. Xoş, firavan bir həyat sürəcəkdik. Atam anamı da götürüb nəvələrini görməyə gələcəkdi. Üç-beş gün, bir həftə bizdə qalıb rahat-firavan, xoşbəxt həyatımızı görüb sevinə- cəkdilər. Təqaüdə çıxdıqdan sonra da birlikdə gül kimi yaşayacaqdıq...

Atam yoxa çıxdıqdan sonra hər şey mənasız görünürdü, özümü tənha hiss edirdim. Onun yoxluğuna öyrəşə bilmirdim. Onun üçün çox darıxırdım və bir gün mütləq onu görəcəyimə inanırdım. Deməli, qismət bu günə imiş. Boynuna sarılıb “Ata!” deməyi xəyal edirdim. İncimədiyimi, anam kimi ona qarşı əvvəlki münasibətdə olduğumu, onu o günlərdəki kimi çox sevdiyimi bildirmək istəyirdim. Bu istəyimi dilə gətirə bilməsəm, də hərəkətimlə, halımla bunu ona göstərmək istəyirdim.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR