ESSE - Henri Miller

Görkəmli Amerika yazıçısı. 1891-ci ildə Nyu-Yorkda anadan olub. Açıq-saçıqlığı və intellektuallığı ilə seçilən qalmaqallı romanlar müəllifidir. Avtobioqrafik trilogiyasına daxil olan ən məşhur əsərləri – “Xərçəng tropiki”, “Oğlaq tropiki” və “Qara bahar” romanlarıdır. Həyatının böyük hissəsini Parisdə yaşayıb. “Xərçəng tropiki” əsəri uzun illər ABŞ-da və İngiltərədə qadağan edilib. Yazıçı 1980-ci ildə Los-Ancelesdə vəfat edib.

 

Tərcümə: Ziya fazil


YAZIÇILIQ HAQQINDA DÜŞÜNCƏLƏR

 

Knut Hamsun bir dəfə sorğuya cavab verərkən, vaxt öldürmək üçün yazdığını qeyd edib. Fikrimcə, o, hətta səmimi olsa belə, yanılır. Yazıçılıq, elə həyatın özü kimi, nəyisə dərk etmək məqsədilə çıxdığın yoldur. Bu, metafizik macəradır: Kainat haqda məhdud deyil, tam təsəvvür əldə etmək üçün, gerçəkliyi dolayı yolla dərk etmək vasitəsidir. Yazıçı varlığın üst və alt qatlarını birləşdirən cığıra qədəm qoyur və nəticədə özü də bu cığıra çevrilir.

Mən yazmağa çaşqınlıq və şübhələr içində başlamışdım, müxtəlif ideyalar, təəssüratlar, müşahidələr bataqlığında çabalayırdım. Hətta günü bu gün də özü- mü, sözün əsl mənasında, yazıçı saymı- ram. Mən, sadəcə öz həyat hekayəsini söyləyən bir adamam və bu hekayə davam etdikcə, onun tükənməz olduğunu hiss eləyirəm. O, bəşəriyyətin təkamülü kimi sonsuzdur. Bu, öz içini çevirib üzə çıxarmaqdır, gözəgörünməz üfüqlərdə dolaş- maq və birdən öz hekayətinin danışdı- ğından daha maraqlı olduğunu kəşf etməkdir. Bütün sənətlərə məxsus olan bu keyfiyyət ona metafizik çalar gətirir, onu zamanın, məkanın fövqünə qaldırır və ya ümumi Kainat proseslərinə qoşur. İncə- sənətin “müalicəviliyi” elə budur: məna, məqsədsizlik, sonsuzluq.

Mən ilk addımlarımdan bilirdim ki, məqsəd deyilən heç bir şey yoxdur. Ən az iddia etdiyim, bütöv olanı qavramaq, hər fraqmentdə, hər kitabda ancaq hiss elədiklərimi çatdırmağa çalışmaqdır. Bu duyğular mənim sərgərdan həyatımın yaddaşı kimi peyda olur, mənsə həyata daha dərindən baş vururam: həm keçmi- şə, həm gələcəyə. Bax beləcə, dərin qatlara vardıqca, məndə dindən və ehkamlardan da üstün olan bir inam yaranır. Mən öz yazıçı taleyimə get-gedə daha etinasız oluram, ancaq insan qismətimə daha çox güvənirəm.

Yazmağa təzə başlayanda, heyran olduğum Nitsşenin, Dostoyevskinin, Hamsunun, hətta Tomas Mannın üslubunu cidd-cəhdlə öyrənirdim. Halbuki indi Tomas Manna adi bir peşəkar, öz işinin ustası olan bənna, ağır yükü cidd-cəhdlə dartan at kimi, eşşək kimi baxıram. Məni üzən sirrin – necə yazmağın açarını tapmaq üçün müxtəlif yazı tərzlərini yamsı- lamağa çalışırdım. Bu, onunla nəticələndi ki, axırda dalana dirəndim, ümidimi itirdim. Məsələ onda idi ki, içimdəki yazıçını heç cür insandan ayıra bilmirdim və yaradıcılıq uğursuzluğumu taleyin uğursuzluğu hesab edirdim. Uğursuzluq isə baş vermişdi. Anlamışdım ki, mən bir heçəm, ondan da pis – sıfırdan aşağı- yam. Bax, bu nöqtəyə çatanda, sanki ölü Sarqas dənizinin ortasında dayanıb həqiqəti yazmağa başladım. Yığdıqları- mın hamısını – hətta üzərində əsdiklərimi də dənizə atıb sıfırdan başladım. Öz səsimi eşidəndə vəcdə gəldim: məni heyran edən – bu səsin məxsusiliyi, digərlərininkinə oxşamaması, unikal olması idi. Yazdığımı kimin necə qiymətləndirəcəyi mənim heç vecimə də deyildi. “Yaxşı”, ”pis” sözlərini lüğətimdən çıxartdım. Büsbütün sənət səltənətinə, bədii aləmə baş vurdum, bunun mənəviyyat, etika, utilitarlıqla heç bir əlaqəsi yox idi. Həyatımın özü sənət əsərinə çevrildi. Yenidən bü- tövləşib özümü tapdım. Kitablara inansaq, dzen-buddizmə qoşulanların keçirdiyi hissi yaşadım. Bunun üçün mən biliklərə nifrət etməli, hər şeyin ötəri olduğunu anlamalı, hər şeyi məhv etməli, ümidsizliyi dadıb barışmalı, necə deyərlər, özümə ölüm diaqnozu qoymalı idim və yalnız o zaman özümü duya bilərdim. Uçurumun kənarına yaxınlaşıb qaranlığa atılmalı oldum.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR