KLASSİK HEKAYƏLƏR - Amos Oz

1939-cu ildə Yerusəlim şəhərində anadan olub. İlk hekayələrini iyirmi yaşında çap etdirib. “Başqa yerdə” (1966), “Mənim Mixaelim” (1967), “Dinclik” (1982), “Qadını tanımaq” (1989), “Zirzəmidə bəbir” (1995), “Olum və ölümün qafiyəsi” (2007) romanlarının, “Çaqqallar harda ulayır” (1965), “Ölənə kimi” (1971), “Başqaları” (1974), “Suya və küləyə toxunmaq” (1974), “Eyni dəniz” (1999) kitablarının müəllifidir. “Höte” (2005) və “Kafka” ədəbi mükafatlarının laureatıdır. Əsərləri qırxa yaxın dilə tərcümə olunub.

 

Tərcümə: İlqar Əlfi

 

Küləyin yolu

 

Gideonun son günü gözəl bir sübhçağı ilə başladı. Payızdakı kimi yumşaq hava idi. Şərqdə üfüqü bürümüş qalın buludların o üzündə solğun parıltılar sayrışırdı. Yeni gün öz planlarını indidən aşkarlamır, qaynar günortanın məqamını gözlədiyini bircə eyhamla belə bildirmirdi.

Gündoğanda al-qırmızı parıltıya bələnmiş dağları səhər yeli sığallayırdı. Budur, çəpəki düşən şüalar buludları yardı.

Və yeni gün doğuldu. Günəşin mehriban əli dəyən kimi, mazğalların qara ağzı yerindən indicə qalxmış uşaqların yuxulu gözləri kimi parladı. Gözqamaşdıran odlu kürə üfüq üzərində ucaldı, buludların səfinə zərbələr endirib onları sarsıtdı. Şərq alışıbyanırdı. Səmanın zərif qırmızısı, al qan rənginin parlaqlığı qarşısında geri çəkildi.

Düşərgə günəş doğandan bir neçə dəqiqə qabaq, şeypur səsinə oyanmışdı. Gideon qalxdı, barakdan ayaqyalın çıxdı və hələ yuxunun əsarətindən qurtulmamış gözlərilə qızaran səhərin tamaşasına durdu. Əlinin birini günlük edib heç cür oyanmaq istəməyən gözünə tutmuşdu, digər əli də qeyri-ixtiyari düymələrini bağlayırdı. Səhərin təzə-tər havasında artıq maşınların metal səsləri eşidilir, bir neçə çalışqan oğlan isə silahlarını ilk yoxlama üçün təmizləyirdi. Gideon ləngiyirdi. Qəlbinin dərinliklərində yorğun bir həyəcan, dumanlı bir istək baş qaldırdı. Günəş artıq çoxdan çıxmışdı, o isə kürəyindən dürtmə yeyib, sərt deyilmiş “işə başla!” sözlərini eşidənə kimi, barakın həndəvərində yuxulu-yuxulu veyilləndi.

Otağa qayıtdı, səfər çarpayısını səliqəyə saldı, avtomatını təmizləyib ülgücfırçasını götürdü. Evkaliptlərin bəmbəyaz gövdələrindən asılmış, nizam-intizama, səliqə-sahmana çağıran plakatların arasından uzanan yolla gedə-gedə qəfildən xatırladı ki, bu gün iyar1 ayının beşi, Müstəqillik Günüdür. Bu gün taqım, bayram münasibətilə İsrail çölündə paraşüt şousu düzəltməli idi. Duşxanaya girdi, güzgü qarşısında boş yer gözləyə-gözləyə dişlərini təmizləyib, qızlar barədə fikirləşirdi. Təxminən saat yarımdan sonra hazırlıq bitəcək, taqım təyyarəyə dolub, əməliyyat yerinə uçacaqdı.

Bir dəstə mülki geyimli adam onların tullanmasını gözləyəcəkdi və yəqin, aralarında çoxlu qız da olacaqdı. Onlar Gideonun doğulduğu, orduya gedənədək yaşadığı Nof Harişin, demək olar, düz üstündə tullanacaqdılar. Ayaqları yerə dəyəndə, uşaqlar onu dövrəyə alacaq, ətrafında atılıb düşərək qışqırışacaqdılar: “Gideon! Baxın, baxın, bu ki, bizim Gideondur!”

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR