KLASSİK HEKAYƏLƏR - Çinua Açeba

1930-cu ildə Nigeriyada anadan olub. Odqididə xristian ailəsində boya-başa çatıb.İlk vaxtlarradioda şərhçi işləyib. “Parçalanma” (1959), “Daha dinclik yoxdur” (1960), “Tanrının oxu” (1964), “Xalq içindən çıxmış adam” (1966), “Savannanın qarışqa yuvaları” (1987) romanlarının, bir çox hekayə, esse və uşaqlar üçün kitabların müəllifidir. 2004-cü ildə şeirlər toplusu işıq üzü görüb.

Əsərləri 50-ə yaxın dilə tərcümə edilmiş yazıçı, “Parçalanma” romanına görə 2007-ci ildə Beynəlxalq Buker mükafatına layiq görülüb.

2013-cü ildə ABŞ-ın Boston şəhərində vəfat edib.

 

Tərcümə: Bəhlul Seyfəddinoğlu


Şirin bala

 

Bu ani həyəcandan onun üzündə parlayan ehtirası görüncə, hər şey mənə aydın oldu. Məsələ üzünün ifadəsində deyildi – onun halı açıq-aşkar göz qabağındaydı. Mən onun ciddiliyini nəzərdə tuturam.

Bu, çox yox, cəmi bir neçə saniyə çəkdi. Əli qəndqabıya salmaq, bir ovuc qəndi götürüb pəncərədən bayıra atmaq üçün məgər nə qədər vaxt lazımdı ki?

Onun sallaq çənəsi bir anlığa irəli çıxsa da, həmin dəqiqə üzündəki hiddət ifadəsi məmnun təbəssümlə əvəz olundu.

– Ay-y! Axı niyə?.. – qonaqlardan biri çaşqın halda dilləndi. 

– Sadəcə, ona qalib gəldiyimi qəndə göstərmək istədim. İstəsəm, onu yeyərəm, istəsəm, lap tullayaram gedər.

Qonaqlar bərkdən gülüşdülər. Klet də onlara qoşuldu, ancaq tez də özünü ələ aldı. Bu yerdə mən də gülümsündüm.

– Sən də qəribə adamsan ha, – gülməkdən bütün bədəni titrəyən, gözləri yaşaran Umera tövşüyərək dedi və üstünə bolluca marqarin yaxılmış çörəklə çay içməyə başladıq.

– Düzdü, – Umeranın, adını bilmədiyim dostu söhbətə qoşuldu. – Qənd yazıq oldu, de ki, daha onun işi bitdi də.

– Amin.

– Tezliklə yağın da növbəsi çatacaq, – Umera əlavə etdi. – Məni bağışlayın, bir növ adət etmişəm, – deyib çörək dilimini çaya batırdı. Sonra suyu daman çörəyi masanın üzərində gəzdirib başını arxaya əydi və bütöv dilimi yekə ağzına dürtdü. Ağzındakını çeynəyə-çeynəyə – bax, mən çörəyi belə yeyirəm, – dedi. Sonra əvvəlkindən azca kiçik bir tikə də qoparıb pəncərədən eşiyə atdı. – Get qəndlə salamlaş, daha sizin işiniz bitdi.

– Amin.

– Mayk, deyirəm, bəlkə, bizim qənd əhvalatımızı onlara danışasan? – Klet xahiş elədi. – Hə, danış eşitsinlər də.

– Əşşi, – dedim, – danışılası elə bir şey yoxdu. Sadəcə, bizim bu dostumuz Klet, şirin şeyi dilinə toxundurmasa, ürəyi yerinə gəlməz. Ancaq Klet, dilini toxundurmaq nədi, gərək hamısını ağzına dürtüşdürə.

Lətifə köhnə olsa da, onu ilk dəfə eşidən Umera ilə dostu uğundu. Və çox da yaxşı oldu, çünki Kletin təkid elədiyi kimi, hər şeyi necə var açıb-ağartmaq istəmirdim. Xoşbəxtlikdən Umera ilə dostu, bir-birinə imkan vermədən başlarına gələn 119 Çinua A ç e b a. Şirin b ala 2016 ÇİNUA AÇEBA Tərcümə: Bəhlul Seyfəddinoğlu 120 Çinua A ç e b a. Şirin b ala 2016 müsibətlərdən ağızdolusu danışırdılar: o vaxt, demək olar, hamımız, öz “misli görünməmiş” xəstəliklərinin ürək donduran təfərrüatlarını kimə gəldi danışmağa can atan ipoxondrik qarılara dönmüşdük.

Mənim isə ürəyim sıxılır, bu söhbətlər mənə darıxdırıcı görünürdü. Bəzilərindən (lap elə Kletin özündən də) fərqli olaraq, heç vaxt ən adi şeyləri yaxşı bir hekayətə çevirməyi bacarmamışam. Hətta Kletin dərdi olsa belə, ağrı-acı mənə uzun müddət rahatlıq vermir. Ömrümdə ağlıma gəlməzdi ki, zarafat-zarafat, qəndin başına belə bir oyun açalar. Hətta bir tamaşaçı kimi də onun bu hərəkəti mənə çox pis təsir elədi. Bu, haçansa arvadını yoldan çıxarmış kişinin nekroloqunu səhər qəzetində görən tanışımın məni içkiyə qonaq etməyinə oxşayırdı. Bu içki boğazımdan keçməz, çünki triumfator özünə qarşı məndə ikrah və təəssüfdən başqa heç bir hiss oyada bilməz. Əksinə, nə vaxtsa onu biqeyrət eləmiş həmin oynaşa qarşı heyranlığımı artırar.

Kletdən ötrü qənd, sadəcə qənd deyil. Bu, elə bir şeydi ki, həyat onsuz dözülməzdi. Müharibənin son il yarımını biz bir yerdə yaşayıb, birlikdə işləmişik, odur ki, onun necə əzab çəkdiyini, bir-birinin ardınca necə alçaldıcı məğlubiyyətlərə məruz qaldığını yaxından izləmişəm. Heç vaxt onun qəndə bu dərəcədə alışqanlığının səbəbini başa düşməmiş və ürəkdən təəssüflənə də bilməmişəm. Mən öz kasıbyana şam yeməyimə qane olmuşam, nahar və səhər yeməyi haqqında düşünmə- mişəm. Əvvəllər şorbanın ətsiz, ya balıqsız, xüsusən, duzsuz olmasından əziyyət çə- kirdim.Ancaq müharibənin ikinci ili tədricən buna da əhəmiyyət vermədim. Klet isə əksinə, hər gün öz şirin çayından daha bərk-bərk yapışırdı. Mən, hətta aydınlaş- dırmağa da çalışmırdım ki, bu qəribə vərdiş – başqa cür necə adlandırmağı da bilmirəm – bu xərçəng şişi onda haradan və necə yaranıb; görünür, ilk bədxassəli hüceyrə uzun qış gecələrində Ledbroukqrouv zənci məhəllələrində yaranmışdı.

Əksər çay və qəhvə həvəskarları artıq çoxdan bu acı, qara içkilərlə keçinməyə alışmışdılar: təki onu əldə edə biləydilər! Sonra adı it dəftərində də olmayan hansısa dahi, bir kəşflə onların əzablarını yüngülləşdirdi. Sən demə, qəhvəyə əlavə edilən kokos, acılığı tamamilə götürürmüş. Üstəlik, bu petit dejeuner1 çox lazımlı bir şey imiş. Lakin zavallı Kletə ya hər şey lazım idi, ya heç nə. Onun bəzi vaxtlarda məni müflisləşmək dərəcəsinə çatdırdığını hələ deməmişəm? Hə, bu da olub. Lakin bəzən, necə deyərlər, humanistliyim tuturdu və əsəbiləşmək əvəzinə, onun halına acıyırdım: axı qəndə olan bu axmaq aludəçiliyin harası bu zəmanədə addımbaşı rast gəldiyimiz digər vərdişlərdən daha pisdi? Heç harası. Üstəlik, digər asılılıqlara baxanda, onun heç kimə bir zərəri də yoxdu. Bir dəfə evə sevincindən uça-uça gəldi. Bu yaxınlarda xaricdən qayıdan hansısa tanışı üç funta ona qəndi əvəz edən iki düjün süni həb satmışdı. Klet birbaşa mətbəxə keçib çaydanı odun üstünə qoydu. Sonra çantasının iç cibindən içərisində artıq daşlaşmış tezəriyən qəhvə olan (çayı qurtarmışdı) köhnə dəmir qutunu çıxartdı. “Ona heç nə olmayıb, – dedi, hərçənd mən ağzımı açıb bir kəlmə də danışmamışdım, – sadəcə bir balaca nəm çəkib, amma ətrinə söz yoxdu”. O, qutunun içərisindəkini iylədi, bərkimiş kütlədən bıçaqla iki parça qoparıb, iki fincan qəhvə hazırladı. Sonra özünü stula yıxdı. Bu halından çox məmnun olduğu çöhrəsindən aydın görünürdü.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR