POEZİYA - İqor Pavlyuk

1967-ci ildə Ukraynanın Volınsk vilayətində doğulub. “Gənclik adası”, “Kişi falı”, “Maqma”, “Lirika”, “Qiyam”, “Tüstülü Ukrayna”, “Kamerton” kimi, otuzdan artıq kitabın müəllifidir. Əsərləri bir çox dillərə tərcümə edilib. Taras Şevçenko adına “Dəmir Mamay” və Nikolay Qoqol adına beynəlxalq “Zəfər” mükafatına layiq görülüb. 2013-cü ildə İngiltərə PEN-Klubunun laureatı olub.

 

Tərcümə: Əlisəmid Kür

 

***

Ağ qovaqda ağ ülgüc yarasıtək

Qara martda fevral ləkəsi qalıb.

Ürəyim sərxoşdu, bədənim ayıq,

Kral məclisində vurhavurdayıq;

Şeytan buynuzunda çaxır içərkən

Cavan küpəgirən ağlımı aldı –

Qədəh-qədəhə vurduq,

yaxın olduq, çox yaxın,

İlan dili çıxartdıq,

ürəkdə yol əridi.

Göylərin o Qızıl Darvazasına

sel gəldi axın-axın.

 

Çılpaq ulduzlar altda

yuvasız qarğaların çığırtısı

tarixə – ölümə həkk olundu.

Atlar da fınxırırdı, kişnəyirdi eləcə,

Canavarlar ulaşıb

sanki deyirdi sondu...

 

İtimin sifətinə baxdığım kimi baxdım,

baxdım mavi dənizə.

İlanbalığı gözlü, donuq baxışlı quşlar

tutmuşdu göy üzünü.

Babam bir vaxt tarlanı

qışa hazırlayantək

yavaş-yavaş ölümə

hazırladım özümü.

 

Ölüm baxıb gülürdü,

yellədib bayraqları

Bu qapalı çadırdan

çıxış yolu yoxdu, yox.

Bu üzülmüş bədəndə

quru qabırğaların

Arasında çırpınan

bir üsyankar ruhdu, ruh...

 

Sapanddan atılıbdı

bu dünya yaranışdan

Tutub sözün şöhrəti

dörd tərəfi gör necə.

Bahardı... amma məni

nəsə sıxır bu axşam

Həyat, ölüm – hamısı

iç-içədi – iç-içə...

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR