HEKAYE - Flip Rot

1933-cü ildəABŞ-ın Nyu-Cersiştatında, mühacir yəhudi ailəsində doğulub. İlk uğuru yazıçıya 1959-cu ildə çap etdirdiyi “Əlvida, Kolumbus” kitabı gətirib. ABŞ-ın İncəsənət və Ədəbiyyat İnstitutu mükafatı, Pulitser və Frans Kafka ödülü ilə təltif edilib. 2015-ci ildə Ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatına namizədliyi irəlisürülüb. “Mənim kişi həyatım”, “Böyük amerikan romanı”, “Şeylok əməliyyatı”, “Can verən heyvan” və bir çox başqa əsərlərin müəllifidir.

 

Tərcümə: Mahir N. Qarayev

 

MÖVHUMATÇI

 

Leo Zuref salamlaşmaq üçün qəfildən ağ sütunun arxasından çıxanda, Eli Pek heyrətdən dik atıldı. Bir-birinin əlini sıxdılar və Zuref onu yarıuçuq köhnə malikanəyə dəvət etdi. Qapının ağzına çatanda, Eli qanrılıb geriyə baxdı, yamacdakı çəmənliyi, çə- pərlənmiş yaşıl pöhrəliyi, baxımsız qaranlıq yolların arxasından Vudenton küçələrində fənərlərin necə yanıb-sönməsini, sayrış- masını gördü. Eliyə elə gəldi ki, Kouç- Haus-roud boyunca sıralanmış mağazaların sarı işıqları şəhərlilərin ona ötürdüyü gizli siqnallardır: “Eli, sən o Zurefə bizim mövqeyimizi başa sal. Bizim icmamız müasirdir. Bizim ailələrimiz var, Eli, biz vergi ödəyirik…”

Bütün bu ağır tapşırıqlarla, öhdəliklərlə, iltimaslarla yüklənmiş Eli Pek yorğun və donuq nəzərlərlə Zurefə baxırdı.

– Bildiyim qədər, siz bütün günü işləyirsiz, – Zuref portfelli hüquqşünası rütubətli hollda müşayiət edərkən dedi.

– Ən ağır iş yoldur, – Elinin dabanlı çəkməsinin çatlaq mərmər döşəmədə qopardığı səsə görə bərkdən danışırdı. – Gündə üç saat vaxt aparır… Mən sizin yanınıza birbaşa qatardan gəlirəm.

İçəri keçəndə Zuref qaranlıq otağın qapısını taybatay açdı. Eli söykənəcəyi arfaya bənzəyən kresloda əyləşdi; gözlənildiyinin əksinə olaraq, kreslo çox da yumşaq deyildi, oturanda sümüklü yanını əzdi. Ağrı onu gümrahlaşdırıb, işə qayıtmağa məcbur elədi. Zuref daz idi, pırpız qaşları vardı, hər şeydən göründüyü kimi, vaxtilə yetərincə kök olmuşdu. Arxasında əyləşdiyi boş stol onu yarıyacan udduğundan adama elə gəlirdi ki, sanki kresloda yox, döşəmədə oturub. Boş stoldan başqa otaqda heç bir şey yox idi. Nə rəflərdə kitab vardı, nə döşəmədə xalı, nə də iri laylı pəncərələrdə pərdə. Eli danışmağa başlayanda Zuref ayağa durdu, gedib pəncərəni açdı.

– Maydı, amma avqust kimidir, – dedi.

Eli arxasını ona çevirib dayanmış Zurefin başında qara həlqə gördü; Zurefin təpəsi yoxa çıxmışdı! O, toranlığın içiylə – qəndildə lampa yox idi – stola tərəf gəlirdi və birdən Eli bunun təsək olduğunu anladı. Zuref kibrit çəkib şamı yandırdı, bayırda oynayan uşaqların səs-küyü açıq pəncərədən içəri doldu. Bəlkə Zuref Elinin bu çığırtıları eşitməsi üçün pəncərəni qəsdən açmışdı? – Hə-hə, – o dedi.

– Mən sizin məktubunuzu almışam.

Eli özünü toparladı: gözlədi ki, Zuref siyirtməni çəkib qovluğun içindən məktubu çıxaracaq. Əvəzində təsəkli qoca qarnını bir qədər qabağa verib əlini şalvarının cibinə soxdu, ordan nəsə tapıb çıxartdı; Eli ilk baxışda bunu nimdaş cib dəsmalı zənn etdi. Zuref qat kəsmiş kağızı açıb masanın üstünə qoydu, əlinin qırağıyla hamarlayıb “budur” dedi.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR