MƏKTUB - Con Steynbek

Məşhur Amerika yazıçısı. 1902-ci ildə ABŞ-ın Kaliforniya ştatının Salinas şəhərində doğulub. Dünya şöhrətli “Qəzəb salxımları”, “Cənnətdən şərqə”, “Siçanlar və insanlar haqda” və bir sıra başqa əsərlərin müəllifidir. 1962-ci ildə "Həyəcanlarımızın qışı" (1961) və "Çarli ilə səyahət" (1962) adlı romanlarına görə Nobel mükafatına layiq görülüb. Yazıçının bədii əsərlərində olduğu kimi, məktublarında da yaşadığı ölkənin mürəkkəb həyat şəraiti, dövrün çətinlikləri öz əksini tapıb.

1968-ci ildə Nyu-York şəhərində vəfat edib.

 

Tərcümə: Zahid Sarıtorpaq

 

Emese Millerə

İql-Rok, 6 avqust, 1930.

 

Əziz Ted!

Dünən “Farrar” əlyazmalarımı qəbul etməkdən imtina etdi. Məktub çox nəzakətlə yazılıb, bir dənə də olsun artıq söz işlədilməyib. Onlar imtina edəndə elə də utanıb-sıxılmadılar, bu, hətta mənim xoşuma gəldi. Amma indi neyləyəcəyimi bilmirəm. Kitab bazarında boş-bekar avaralanmaq istəmirəm. Məsələnin ağırlığı sənin də çiyninə yük olmamalıdı. Bu imtina heç bir nikbinliyə əsas vermir, elə deyilmi? Görünür, mənim əsərlərim heç kimə gərək deyil. Bu, mənə toxunmur, amma, yəqin ki, uğursuz bir adamla məşğul olmaq artıq səni bezdirib. Bütün bunlar haqda nə düşündüyünü mənə yaz.

Yaşadığımız evi xəbərimiz olmadan satıblar və biz Qrouva qayıdırıq. Bu ev çox xoşumuza gəlsə də, bəzi məsələlərə görə, Cənubdan getməyimizə sevinirik. Burada istilər beynimi xarab eləyib.

Səni sevən

Con.

 

Emese Millerə

Pasifik-Qrouv

Dekabr, 1930.

 

Əziz Ted!

Məncə, bu zərfdəki əlyazmanın (“Aylı gecədə qətl”) özü nə olduğunu deyir. Son vaxtlar özümü xoşbəxt saymıram. Məsələ belədi ki, borc eləmişəm, buna görə özümü pis hiss edirəm.

Yazdıqlarımı alan yoxdur, burası aydındır. Görəsən, nəyə görə pul qazanmaq xatirinə mən onların oxumaq istədiklərini yazmalıyam? Başqa sözlə, öz adımı saxlamaqdan ötrü, müəyyən müddətə sənətkar mövqeyimi qurban verməyə məcburam. Sənə göndərilən əlyazmadan ürəyin sıxılanda, bunları xatırlayarsan. Bir də yadına salarsan ki, onlar mənim ürəyimi daha çox sıxır.

Bir dəfə Konrad demişdi ki, satılan ancaq ən yaxşı və ən pis əsərlərdir. Sonuncu yazılar məni bir daha əmin etdi ki, ən yaxşısına hələ qadir deyiləm. Amma gələcəkdə yaxşı əsərlər yazacağıma şübhə etmirəm, hələlik isə mənə özümü yoxlamaq qalır, görüm, pis yaza bilərəmmi.

Ortalığa çıxardığım bu əlyazma haqda bir neçə söz: mən onu bir həmləyə – doqquz günə yazmışam. Əlyazmada altmış iki, ya da altmış üç minə yaxın söz var. Üzünü köçürməyə iki həftə vaxt getdi. Mənə məlum olan bütün bayağı üsulları tətbiq etməklə işi bir qədər yüngülləşdirmək istədim və bu əsərin bir az parodiya kimi səslənməsinə çalışdım. Evdəki qocalardan və arvadımdan başqa müəllifin mən olduğumu heç kim bilmir, bir də səndən savayı bilən olmayacaq. Nəyə görə axı sınanmış və etibarlı bir üsula – təxəllü- sə əl atmayım? Mən artıq onu seçmişəm – Piter Pim.

Roman o birilərdən heç də pis alınmadı və detektiv üçün zəruri olan hər şeylə kifayət qədər təmin edilib. Makina arxasına keçəndə, hər şeydən öncə, məni özündən iyrəndirməsin deyə, komik cizgilərə müraciət etməyim lazım idi. Olsun ki, onlar alınıb.

Heç nəyi ürəyinə salma. Roman cəmi doqquz günümü əlimdən alıb və üzərində işləmək heç də mənə təsir etməyib. Ürəyimdə bu işdən çox iyrənirəm, amma borcumu qaytarana qədər vəziyyət düzəlməyəcək. Borc çox böyük olmasa da, mənə rahatlıq vermir.

Güclü təcrübələri olan Kerolla rəfiqəsi yarımadada reklam agentliyi açmağa hazırlaşırlar. Yığış gəl Qərbə, onların yanında hüquq məsləhətçisi ol. Qərara gələn kimi, xəbər elə. Milad bayramına məndən heç bir açıqca və hədiyyə almasan, bil ki, müflisləşmişəm. Səni qabaqcadan xəbərdar etdim, yadında saxla. Ümidvaram ki, Milad bayramını kef içində keçirəcəksən.

Sevgi ilə,

Con

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR