AZƏRBAYCAN ƏDƏBİYYATI - Elçin

Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır” – müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dmitriyeviç Sisianov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır.

Bu əsərdəki tarixi kolorit – tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində “özününküdür”.

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil.

 

Müəllif bu romanı İlyas Əfəndiyevin xatirəsinə həsr edir

 

B A Ş

(roman)

 

Həyatım ağrıyır.

(Ənvər Məmmədxanlı)

 

Bir də bu dünyaya gəlməyə tövbə.

(Arif Abdullazadə)

 

…ONUN hissləri bir çəkisizlik, boşluq içində idi, yox, bu hisslər çəkisizlik içində deyildi, çəkisizlik elə bu hisslərin özündə idi, çünki bu hisslər daxildə deyildi, daxildən gəlmirdi, çünki daxil yox idi, cismani heç bir şey yox idi, bu hisslər bütün ətrafa yayılmışdı.

Əslində, burada (harada?) ətraf da yox idi, ətraf – hər tərəf idi və hər tərəf ancaq şəffaflıq idi, bu hisslər də o şəffaflıq içində hər tərəfdə idi, buna görə də O, görünən o məkanda hər tərəfdə hər şeyi görürdü.

ONUN üçün qarşı, arxa yox idi, əslində, “tərəf” də yox idi, tərəflər, olmayan bütöv bir şəffaflıq idi və ONDA elə bir hissiyat vardı ki, O, bu bütöv şəffaflığın ortasındadır, ancaq əslində, burada orta da yox idi və elə bil, şəffaf ilğım dalğalarının arxasından görünən o məkana da buradan (haradan?), bu şəffaflığın içindən baxırdı.

ONUN hissiyyatı qavrayırdı ki, ONU heç kim görmür və ONUN yavaş-yavaş, elə bil, cücərməyə başlayan və cücərdikcə də oyanan yaddaşında ani bir panika yarandı ki, güzgüyə baxsa, ÖZÜNÜ görmə- yəcək, çünki ONU görmək mümkün deyildi və o panika da yox oldu, çünki O, – yox idi.

Ancaq O, yox idisə, necə görürdü və hələ də bütün bunları axıracan dərk edə bilməməsi elə bil ONU o şəffaf hissləri tam, bütünlüklə duymağa, qavramağa qoymurdu.

O, kim idi, nə idi? – bunu heç cürə axı- racan dərk edə bilmirdi, ONUN özü də həmin hisslər kimi tamam bir çəkisizlik idi – şəffaf çəkisizlik – və əslində, ONUN o şəffaf və çəkisiz varlığı ancaq elə bu hisslərdən ibarət idi.

Həmin şəffaf hisslərdən – ONUN şəffaf və çəkisiz varlığından – bu şəffaflıq və çəkisizliklə heç cürə uyuşmayan bir şaş- qınlıq dalğası keçdi və O, bunun fərqində idi ki, bu şaşqınlıq ötüb gedəcək, bu – ötəri bir şaşqınlıqdır, görünən o məkandan ONA baxan o Başın nəzərləri mü- vəqqətidir, sonra o şaşqınlıq yox olacaq.

O, ONU özünə çəkən qüvvəyə uçacaq, o şəffaflıq və çəkisizlik idilliyası tam olacaq, çünki mütləq idi, ONUN o şəffaf və çəkisiz varlığı bu mütləqliyə tamam əmin idi, elə bil o varlıq o mütləqliklə bərabər yaranmışdı.

İndi isə o ilğım dalğaları get-gedə əriyirdi və nəhayət, ONUN oyanan yaddaşı dərk etdi ki, görünən o məkandan ONA baxan Baş – ONUN başıdır, ancaq bu qəfil informasiya ONU qətiyyən diksindirmədi, ONU heç vəchlə qorxutmadı, çünki ONUN varlığı şəffaf və çəkisiz idi.

O, var idi və O, yox idi və bu varlıqla yoxluq arasında yaranan anlaşılmazlıq, məchulluq ONUN şəffaf və çəkisiz varlığına yad idi.

Bu, hələ dərkolunmaz bir hissiyyat idi, nəsə olmuşdu və nəsə də olacaqdı, ancaq nə olmuşdu və nə olacaqdı? – O, hələ ki, bunu anlaya bilmirdi, bu, hələ ki, yalnız dərkolunmaz bir hissiyyat idi.

Hansı bir qüvvə isə ONU çəkirdi, O, qavrayırdı ki, uçub getməlidir, ancaq hara uçmalıdır? – bunu bilmirdi və anlamırdı, ancaq uçmalı idi, bu uçuş mütləq idi, O, bu mütləqliyi qavramışdı, həmin mütləq uçuşun əminliyi ONUN bütün şəffaf və çəkisiz varlığına yayılmışdı.

O, artıq anlayırdı ki, ONU görünən o məkan saxlayır, hələlik O, görünən o məkandan ayrılıb ONU özünə çəkən o qüvvəyə uça bilmir, niyə, nə üçün? – bunu ONUN o şəffaf və çəkisiz varlığı dərk etmək, anlamaq iqtidarında deyildi.

O, artıq bunu anlamışdı ki, görünən o məkanda ONUN üçün uzaq və yaxın, keçmiş və gələcək yoxdur və həmin məqamda ONUN yaddaşından keçən informasiya görünən o məkandan ONA baxan Başın – ONUN Başının – bədənsiz olduğunu xatırlatdı, ancaq bu, ONU qə- tiyyən narahat etmədi, çünki ONUN bütün varlığı şəffaf və çəkisiz idi.

O, ONU maqnit kimi özünə çəkən qüvvəyə doğru uçmaq istəyirdi, o qüvvə ONU bütün bu gördüklərindən qoparıb aparacaqdı, ancaq görünən o məkan və görünən o məkandan ONA baxan Baş – ONUN Başı – ONU buraxmırdı… …O, daha Başa baxmaq istəmirdi və O, hiss edirdi ki, mütləq bir rahatlıq içinə girmək ərəfəsindədir, ancaq Başın ONA baxan nəzərləri, elə bil buna imkan vermirdi, buna görə də O, daha Başa baxmaq istəmirdi, ancaq bu, ONUN istəyindən asılı deyildi…

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR