NOBEL KÜRSÜSÜ - Nəcib Məhfuz

1988-ci ildə “bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ərəb hekayələrinin zəngin çalarlarına və realizmə görə” Nobel mükafatına layiq görülmüş Nəcib Məhfuz “Beynəl-Qasreyn”, “Qasruş- Şauq”, “Əs-Sukkəriyyə”, “Oğru və itlər”, “Yol”, “Nil üzərində laqqırtı”, “Dilənçi”, “Miramar” və “Bildirçin və payız” kimi 30-dan çox roman və povest, 100-dən çox hekayə müəllifidir. Sonuncu – “Yeddinci səma” adlı hekayələr toplusu 2005-ci ildə dərc edilib.

 

Orijinaldan tərcümə: Şahin Ələsgər

 

Nobel nitqi

Mən iki fərqli sivilizasiyanın övladıyam

 

Xanımlar və cənablar!

İlk öncə, İsveçAkademiyasına və onun Nobel Komitəsinə mənim uzunillik və davamlı səylərimi nəzərə aldıqlarına görə təşəkkürümü bildirir, eyni zamanda, çoxlarınıza yad olan bir dildə səslənəcək çıxışımı səbirlə dinləmənizi xahiş edirəm. Lakin mükafatın əsl sahibi məhz elə bu dildir. Onun şirin nəğmələri mədəniyyət və sivilizasiyanızın gizli cənnətində ilk dəfə səslənir. Bunun son dəfə olmayacağına ümid edirəm. Həmçinin xalqımın şair və yazıçılarının bundan sonra da, kə- dər dolu həyatımıza nəşə qatan və müdriklik toxumu səpən, dünyanın tanınmış ədibləri arasında əyləşmək şərəfinə nail olmasını arzulayıram. 

Qahirədəki əcnəbi qəzetlərdən birinin müxbiri mənə dedi ki, mükafatın qalibi elan olunarkən zala sükut çökmüşdü, hər kəsi mənim kimliyim maraqlandırırdı. İcazə verin, özümü bacardığım qədər obyektiv şəkildə təqdim edim. Mən tarixin müəyyən bir mərhələsində xoşbəxt evliliklə bir-birinə bağlanmış iki fərqli sivilizasiyanın övladı- yam. Bunlardan birincisi, yeddi min il yaşı olan fironlar sivilizasiyası, digəri, min dörd yüz illik yaşa malik islam sivilizasiyasıdır. Burada iştirak edənlərin hamısının ziyalı olması səbəbindən, qeyd olunan dövrlərin hər biri haqqında təfsilatlı məlumata, məncə, ehtiyac yoxdur. Lakin indiki vəziyyətdə sadə tanışlıq məqsədi ilə kiçik bir xatırlatmanın kimsəyə zərəri olmayacağı qə- naətindəyəm.

Fironlar sivilizasiyası dedikdə, imperiyaların necə qurulmasından və onların işğalı tarixindən danışmaq fikrim yoxdur. Qürur mənbəyi kimi daim xatırlanan bu məsələlər dəyərini o qədər itirmişdi ki, artıq onların sadalanması müasir təfəkkür üçün qəbuledilməz olmuşdu. Həmin sivilizasiyanın başlanğıcda Tanrı tərəfindən idarə edilməsi, daha sonra insanların vicdanına buraxılmasından da söhbət aç- maq niyyətində deyiləm. Bu, uzun bir tarixi dövrdür və inanmıram ki, aranızda firon Exnatonu tanımayan olsun. Mən, hətta bu sivilizasiyanın ədəbiyyat və incəsənətdəki nailiyyətlərindən, həmçinin ehramlar, sfinks və Karnak kimi möcüzə- lərindən də danışmaq istəmirəm. Belə ki, adıçəkilən abidələri görməyənlər belə onlar barədə ən azından oxumuş və formalarını təsəvvürlərində canlandırmışlar.

Yazıçı olacağımı hiss edəndən bəri firon sivilizasiyası mənə yalnız bir tarix kimi görünür. Elə bununla bağlı kiçik bir əhvalat nəql eləmək istərdim: qədim papiruslardan birində yazılır ki, firon, hərəmxanasında olan bəzi qadınlarla sarayındakı kişilər arasında sıx əlaqələr olmasından xəbər tutur. Hamı belə güman edir ki, o dövrün mənəviyyat qanunlarına müvafiq olaraq, firon, günahkarların boynunu vuracaq.Ancaq gözlənilənlərin əksinə olaraq, o, bir qrup seçmə hüquqşünası çağırtdırıb, eşidilənlərin doğru olub-olmadığını öyrənməyi tapşırır. Firon ədalətli qərar qəbul etməkdən ötrü həqiqətə ehtiyac duyduğunu onlara bildirir.

Fikrimcə, belə bir addım imperiya qurmaq və piramidalar tikməkdən daha böyük bir işdir. Bu hal, eyni zamanda, həmin sivilizasiyanın əzəmətini istənilən növ vardövlətdən, cah-cəlaldan, təmtəraqdan daha inandırıcı edir. Bu, həmçinin o sivilizasiyanın keçmişin bir parçası olduğunu göstərir. Bir gün əzəmətli ehramlar da yoxa çıxacaq. Həqiqət və ədalət isə bəşər övladı düşünən beyinə və sağlam təfəkkürə sahib olduğu müddətdə yer üzündə mövcudluğunu davam etdirəcək.

İslam sivilizasiyasına gəlincə, onun bütün insanlar arasında, Yaradanın himayəsi altında azadlıq, bərabərlik və bağış- lanmaya əsaslanan birliyin bərqərar olması yolunda etdiyi çağırışlar barədə söhbət açmayacağam. Aranızdakı bir çox fikir sahiblərinin tarixdə dahi şəxsiyyət hesab etdiyi İslamın böyük peyğəmbəri haqqında da danışmayacağam. Hindistan və Çinin ətraf ərazilərindən başlamış Fransa sərhədlərinə kimi uzanan böyük bir ərazidə ibadət, iman və saleh əməllərə çağırış simvolu olan minlərlə məscidin tikilməsi ilə nəticələnən müsəlman fəthlərini də yada salmaq fikrim yoxdur. İslamın, bəşər övladına əvvəllər məlum olmayan, sonralar da rast gəlməyəcəyi dözümlülük prinsipi ilə hər kəsə qucaq açması nəticəsində din və irqlər arasında əldə edilən qardaş- lıqdan da danışmayacağam.

Mən, sadəcə olaraq, bu sivilizasiya ilə bağlı bir tarixi faktı nəzərinizə çatdırmaq istərdim: bizanslılara qarşı müharibələrin birində zəfər qazanan müsəlmanlar düş- mən əsirlərinin müqabilində qədim yunanların fəlsəfə, tibb və riyaziyyatla bağlı zəngin mədəni irsinə aid çoxsaylı kitablar almışlar. Bu, bəşər övladının elmə olan tələbatının bariz sübutudur. Məsələnin ən təsirli tərəfi isə tələbatçınınAllaha inanması və onun tələbat mənbəyinin bütpərəst mədəniyyətinin məhsulu olmasıdır.

İki sivilizasiyanın kök saldığı bir cəmiyyətdə doğulmaq, onların hər ikisinin südünü içmək, ədəbiyyatı və incəsənəti ilə qidalanmaq mənim taleyimə yazılıbmış. Sonra sizin zəngin və valehedici mədəniyyətinizin şirəsini dadmaq mənə nəsib oldu. Yaşadıqlarım da daxil olmaqla, yuxarıda qeyd etdiklərimdən ilhamlanaraq, sözləri kağız üzərinə həkk eləməyə başladım. Həmin bu sözlər də mənim əməyimin nüfuzlu Akademiyanız tərəfindən böyük Nobel mükafatı ilə qiymətləndirilməsinə səbəb oldu. Buna görə həm öz adımdan, həm də iki sivilizasiyanın baniləri adından sizə təşəkkürümü bildirirəm.

Xanımlar və cənablar! Ola bilsin, “Üçüncü Dünya” ölkəsindən gəlmiş birisinin roman və hekayə yazması üçün mənəvi rahatlığı hardan əldə etməsi sizə qəribə görünsün. Siz haqlısınız. Mən borc məngənəsində sıxılıb-qalan zəhmətkeş dünyanın adamıyam. O borclar ki, onları ödəyənlər aclıq və ya buna bənzər hallarla üz-üzə qalır. Asiyada məskən salmış bu qəbil insanlar daşqınlar, Afrikadakılar isə quraqlıq və aclıq nəticəsində tələf olur. Cənubi Afrikanın milyonlarla sakini “insan hüquqları” deyə car çəkilən bir dövrdə, ola bilsin, insan hesab edilmədiklərindən, adıçəkilən hüquqlardan tam məhrum edilmişdir. İordan çayının qərb sahilində və Qəzza zolağında öz doğma atalarının, babalarının və ulu babalarının torpaqlarında yaşamalarına baxmayaraq, itkin düşən insanlar da var. Onlar ibtidai insanın sahib olduğu ən vacib hüquqa – başqaları tərəfindən tanınan və yalnız onların mülkiyyəti olacaq torpağa yiyələnmək istə- yirdilər. Lakin onların bu qəhrəman addımı və xoş niyyəti kişi, qadın, yaşlı, cavan və uşaq olmasına fərq qoyulmadan güllə- lənməsi, evlərinin dağıdılması, həbsxana və düşərgələrdə işgəncələrə məruz qalması ilə nəticələndi. Yaxın çevrədəki 150 milyonluq ərəb dünyası baş verənləri qəzəb və kədərlə izləyir. Dünyada ədalət və sülhün bərqərar olmasını istəyən müdriklər məsələyə qarışmasa, bu, bölgədə fəlakətə səbəb olacaq.

Doğrudan da, “Üçüncü Dünya” ölkə- sindən çıxmış bir nəfər bu qədər əsər yazmaq üçün mənəvi rahatlığı hardan əldə eləyib? İncəsənət, öz-özlüyündə hər kəsə qarşı xeyirxah və səxavətlidir. Xoş- bəxtlərin qəlbində dərin kök salmaqla yanaşı, o, bədbəxtləri də heç zaman tərk etmir. O, hər iki kateqoriyaya qəlbinin də- rinliklərindən gələni ifadə etməkdə eyni cür şərait yaradır, eyni vasitələrdən istifadə imkanı verir.

Sivilizasiya tarixinin bu həlledici anında bəşər övladının fəryadlarının cavabsız qalması və onun bu əzablarla təkbaşına qalaraq məhv olması həm ağlasığmaz, həm də qəbuledilməzdir. Heç şübhə yoxdur ki, bəşəriyyət yetkin bir həddə gəlib çatmışdır və hər kəs super güclər arasında mühüm olan ittifaqı səbirsizliklə gözləyir. İnsan beyni, hal-hazırda dağıntı və məhvə səbəb olan bütün halların aradan qaldırılması yolunda çalışır. Alimlər ətraf mühitin çirklənməsinin qarşısını almaqdan ötrü səylərini əsirgəmədikləri kimi, biz yazıçı və şairlər də bəşəriyyətin mənəvi baxımdan pozulmasına mane olmalıyıq. Ölkələrin böyük rəhbərlərindən və iqtisadçılarından acınacaqlı fəsadlarla üz-üzə qalmamaq üçün vəziyyətə müdaxilə etməyi tələb etmək həm haqqımız, həm də vətəndaşlıq borcumuzdur.

Əvvəllər hər bir ölkə başçısı yalnız öz xalqı üçün çalışırdı. Digər xalqlara ya rəqib, ya düşmən, ya da sadəcə olaraq, istismar obyekti kimi yanaşılırdı. Heç bir dəyər nəzərə alınmır, təkcə başqaları üzərində üstünlük və şöhrət qazanmaq barədə düşünülürdü. Bu səbəbdən, mənəvi dəyərlərin hamısı ayaq altına atılmış, mənəviyyatsızlıq bəraət qazanmış və saysız-hesabsız insanlar tələf edilmişdi. Yalan, satqınlıq və amansızlıq müdriklik simvoluna çevrilmiş, əzəmətin bariz sübutu kimi təqdim edilməyə başlamışdı. Halhazırkı vaxtda bu cür yanaşma kökündən dəyişməlidir. Sivil liderin böyüklüyü onun hərtərəfli baxışları və bütün bəşəriyyət qarşısında cavabdehlik hissi ilə ölçülməlidir. İnkişaf etmiş dünya və “Üçüncü Dünya” bir ailənin üzvləridir. Hər bir insan aldığı təhsilin səviyyəsindən, düşüncə qabiliyyə- tindən və mənsub olduğu sivilizasiyadan asılı olaraq, bəşər cəmiyyəti qarşısında məsuliyyət daşıyır. Düşünürəm ki, “Üçüncü Dünya”nın adından aşağıdakıları desəm, səlahiyyətlərimi aşmış olmaram: Çəkdiyimiz əzablara seyrçi kimi qalmayın!Adınıza, statusunuza uyğun bir şəkildə xeyirxahlığınızı əsirgəməyin! Hakim mövqeyində olduğunuzdan, siz dünyanın dörd bir yanında nəinki hər bir insanın, hətta hər bir bitkinin, hər bir heyvanın da həyatına cavabdehsiniz. Bu günə kimi danışılanlar kifayət edər, artıq əməli fəaliyyət zamanıdır. Quldur və sələmçilər dövrünə son qoymaq vaxtı çoxdan gəlib çatıb. Bütün Yer kürə- sinə cavabdeh olan liderlər əsrinə qədəm qoymuşuq. Afrikanın cənubunda yaşayanları köləyə çevrilməkdən, acından tələf olmaqdan qoruyun! Fələstinliləri gülləyə tuş gəlməkdən və işgəncələrə məruz qalmaqdan xilas edin! Həmçinin israillilərin, onların zəngin mənəvi irsini təhqir etməsinə yol verməyin! Borc içində olanları iqtisadiyyatın sərt qanunlarından mühafizə edin! Bəşəriyyət qarşısında məsuliyyətin, bəlkə də, vaxtı ötüb keçmiş qanunlara bağlılıqdan daha önəmli olduğunu dünya liderlərinin nəzərinə çatdırın!

Xanımlar və cənablar! Üzrlü hesab edin, ola bilsin, söhbətimlə rahatlığınızı əlinizdən aldım. “Üçüncü Dünya”dan gəlmiş birindən bundan artıq nə gözləyə bilərsiniz?! Məgər hər kəs öz qabında olanı ortaya qoymurmu?! Lakin insan övladının iniltiləri, elm, ədəbiyyat və ali bəşəri dəyərlərə xidmət naminə yaradılmış sivilizasiyanızın cənnətində deyil, başqa harada əks-səda verə bilər?! Bu sivilizasiyanın təsisçisi, günahları bağışlansın deyə, bir gün yaxşılıq naminə bütün vardövlətindən keçdiyi kimi, biz – “Üçüncü Dünya”nın övladları da buna qadir olan ixtiyar sahiblərindən onun yolu ilə getmə- lərini və öz əməllərində onu nümunə kimi seçmələrini tələb edirik.

Xanımlar və cənablar! Ətrafımızda hər gün baş verənlərə baxmayaraq, mən optimist olmaqda davam edəcəyəm. Kant kimi, mən də demirəm ki, Xeyir o biri dünyada qələbə çalacaq. Xeyir, onsuz da hər gün qələbə qazanır. Bu, bəlkə də, ona görə baş verir ki, Şər bizim təsəvvür etdiyimizdən də zəifdir. Gözümüzün önündə təkzibedilməz sübutlar var: Xeyir hər zaman qələbə çalmasa idi, vəhşi heyvanlar və həşəratlar, təbii fəlakətlər, qorxu və eqoizmlə daim üz-üzə qalan köçəri tayfalar artıb çoxala bilməzdilər. Bunun da nəticəsi olaraq, ayrı-ayrı xalqlar meydana gəlməz, yaradıcılıq və kəşf sahəsində irəliyə gedilməz, insan hüquqları bəyan edilməzdi. Məsələ ondadır ki, Şər daha çox gurultu salır və insan da onu incidən şeyin, ona xoş gələn şeydən daha çox təsirə malik olduğunu yaxşı xatırlayır. Dahi şairimiz Əbul-Alə əl-Məəri “Ölüm anındakı kədərimiz, doğum anındakı sevincimizdən dəfələrlə böyükdür” dedikdə, sözlərində haqlı idi.

Bir daha sizə öz təşəkkürümü bildirir və üzrxahlığımı qəbul etməyinizi diləyirəm.

 


Dayanacaqda

(hekayə)

Göy üzünü bürüyən qara buludlar getdikcə sıxlaşır, yavaş-yavaş yağış çisəyir, hər tərəf zülmətə qərq olurdu. Bu vaxt çöldə olanlar qəfil qopan şiddətli soyuq küləkdən addımlarını yeyinlətdilər. Evlərinə məsafə çox qaldığından, bəziləri avtobus dayanacağının altına qısıldı. Çöldə hər şey bozumtul rəngə çalırdı. Qəfildən yan küçədən bir nəfər çıxıb, özünü dar dalanlardan birinə saldı. Bir qədər keçmiş, həmin küçədən onun arxasınca ortayaşlı kişi və balaca uşaqlardan ibarət bir yığın adam qaçaqaça: “Oğru! Tutun oğrunu!” – deyə qışqı- rışdılar. Səslər getdikcə uzaqlaşdı. Bir azdan tam sakitlik çökdü. Sanki on dəqiqə bundan öncə səs-küy qopan küçə deyildi. Adamlar isə bayaqkıtək dayanacağa sığınmışdılar – kimisi avtobusun gəlməsini, kimisi yağışın kəsməsini gözləyirdi.

Aradan bir neçə dəqiqə keçmişdi ki, yenidən səs-küy qopdu. Bayaq üzü dalana qaçanlar indi geri qayıdırdılar. Oğrunu təqib edən kişilər onu qamarlayıb gətirirdilər. Bu mənzərəyə baxıb sevincindən atılıb-düşən uşaqların qışqırıq səsi isə, az qalırdı adamın beyninə işləsin. Körpü- nün düz ortasında onların əlindən sivişib çıxmağa cəhd edən oğrunun baş-gözünə hər tərəfdən şillə, yumruq, təpik gəldi. O, zərbələrdən özünü nə qədər qorumağa çalışdısa da, demək olar ki, bacarmadı. Dayanacaqdakı adamlar bayaq olduğu kimi, hadisəni kənardan seyr eləməklə kifayətləndilər.

- Yazığın gör başına nə oyun açırlar?!

- Onların özü oğrudan da pisdir.

 Polis də durub gözünü döyür.

– Hələ üzünü də o yana döndərdi, guya heç nəyi görmür.

Yağış bir az gücləndi. Göydən elə bil gümüşü saplar sallanırdı. Bu, artıq leysan idi. Küçə bir andaca boşaldı – bayaqdan oğrunu kötəkləyənlərdən və çardaq altında gözləyənlərdən savayı, burada heç kim qalmamışdı. “Oğruçırpma” tamaşası yavaş- yavaş sona yaxınlaşırdı – “aktyorların” bəziləri əldən düşmüşdü. Bəziləri əllərini yanlarına salıb oğruyla nə barədəsə söhbət eləməyə başladılar. Sonra yağışa məhəl qoymadan mübahisəyə girişdilər. İslanmış paltarları bədənlərinə yapışsa da, mübahisələrinə ara vermirdilər. Oğrunun əl-qol hərəkətlərindən belə başa düşmək olurdu ki, özünə bəraət qazandırmağa çalışır, lakin qulaq asanların ona inanmadığı görü- nürdü. O, tribunadan danışa-danışa əllərini havada yelləyən natiqə bənzəyirdi. Səsini leysanın gurultusu batırırdı. Buna baxmayaraq, oğru danışmağında davam edir, bayaqdan onu əzişdirənlər isə boyunlarını irəli uzadıb diqqətlə qulaq asırdılar. Dayanacaqda büzüşüb duranlar da onları kə- nardan izləməkdə idilər.

– Polis niyə məsələyə müdaxilə eləmir?

– Yəqin, burda kino çəkirlər.

-  Axı onu doğrudan vururdular.

– Bəs yağışın altında niyə mübahisə eləyirlər?

Meydan tərəfdən iki maşın göründü, onlar ildırım sürəti ilə gəlirdi. İkinci maşın qabaqda gedəni az qala haqlamışdı ki, birinci maşının sürücüsü körpünün üstündə birdən əyləci basdı və maşın asfalt üzərində qara iz buraxdı. Arxadan gələn maşın bunu gözləmədiyindən, sürətini azalda bilmədi və qabaqkı maşına dəydi. İki maşının da aşması, dəhşətli partlayış, ardınca yanğın və leysan səsinə qarışmış inilti, ah-naləni öz qulaqlarıyla eşidən bu insanların heç tükünü də tərpətmədi, heç kim qəza yerinə yaxınlaşmaq istəmədi. Oğru danışmağındaydı, ona qulaq asanların biri belə çönüb, yanaraq kül olan maşınlara tərəf baxmadı.

Dayanacaqda duranlar yanan maşından bir nəfərin qan içində yavaş-yavaş sürünərək çıxmaq istədiyini gördülər. O, iməkləməyə cəhd etdisə də, üzüüstə yerə yıxıldı.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

 

 

 

DİGƏR MƏQALƏLƏR