TEATR - Valeri İvanov-Taqanski

1943-cü ildə Rusiyanın İvanovsk vilayətində anadan olub. 

1966-cı ildə Moskva Şukin adına Teatr məktəbini, 1973-cu ildə isə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 

1966-1977-ci illərdə Moskvanın məşhur Taqanka Teatrının aparıcı aktyoru olub.

1979-1982-ci illərdə Alma-Atada M.Lermontov adına Akademik Teatrın baş rejissoru vəzifəsində çalışıb.  

“Yaşamağa məhkum olunmuş qadın”, “Satrap üçün dırmıq”, “Tanrı kimi seçir”, “Almaza çirk bulaşmır”, “Zəfər və ilğım” əsərlərinin müəllifidir. 

Rusiya Yazıçılar Birliyi MŞT sədrinin müavini, Rusiya Yazıçılar Birliyinin katibi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının vitse-prezidenti, Rusiya Ədəbiyyatı Akademiyasının akademiki, Rusiyanın Əməkdar artistidir. 


Orijinaldan tərcümə: Etimad Başkeçid

 

ZƏFƏR VƏ İLĞIM

(əvvəli ötən sayda)

 

 

Məşum konflikt 

 

O, verdiyi sözə əməl etdi.  Bəzilərinin şər-böhtanı, nifrəti ilə üzləşməli olsa da, bundan sonra heç vaxt heç kəsin qar­şı­sında alçalmadı. Zərbə gözləmədiyi tərəfdən gəldi. Öz həm­karlarının ona qarşı həqarətli davranışını gözləmirdi. Əlli il idi ki, teatrda can qoymuş, hörmət qazanmış, ağır sınaqlardan keçmişdi. Hörmətə və sevgiyə layiq olduğunu düşünürdü. Ancaq, deyəsən, haradasa böyük bir səhvə yol ver­mişdi. Bu illər ərzində qurub-yaratdığı hər şey öz şa­gird­lərinin əliylə, onların tamahı, təkəbbürü və nadanlığı uc­batından məhv edilmişdi. 

O, qəzeti götürüb, yarımçıq qoyduğu səhifəni oxumağa başladı: “Çexiyada Taqanka Teatrının truppası və baş re­jis­soru arasında münaqişə”. Aktyorların onun üzünə necə ağ ol­duğunu xatırladı. Onlar bar-bar bağırır, onu artistlərin pulunu, azadlığını və gələcəyini oğurlamaqda ittiham edir­dilər.

Mobil telefon zəng çaldı. Böyük oğlu Nikitaydı.

– Salam, ata! Özünü necə hiss edirsən?

– Salam, Nikita. Özümü necə hiss edirəm? Buna birmənalı cavab vermək olmaz.

– Aydındır. Bəs həkimlər nə deyir?

– Nikita, həkimlər də artistlərə bənzəyir, onlar da öz ar­zu­larını gerçəklik kimi qələmə verirlər. Onlara deyirəm: yüzyaşlı insan özünü necə hiss edə bilər axı? Cavabında de­yirlər ki, mən nadir nüsxəyəm. Deyirəm: bu nüsxə ko­mis­yon dükanında atılıb-qalmış əşya kimidir, hamı baxır, təəccüb­lənir, amma heç kəs almır. Deyirlər: ürəyim öküz ürəyidir, mən yenidən teatra qayıt­­malıyam. Mənə bir dəstə qəzet gətiriblər. Yazırlar ki, mən aləmi bir-birinə qatmışam, nəticədə mütləq Taqankaya qayıdacağam. Heyif, oradakı həbsxananı söküblər – oraya, bəlkə də, qayıdardım, amma teatra yox. 

– Deyirdin ki, şeir yazırsan. 

– Yazıram, amma, deyəsən, ürəyimcə alınmır…

– Bir-iki sətir oxuya bilərsən?

– Sən bəyəm Tanrının kölgəsisən? İki sətirdən hər şeyi başa düşəcəksən?

– Yaxşı şeir istənilən həkimdən yaxşı müalicə edir. Sənə bir resept verim, qulaq as:

 

Məşum güclərin zülmü altında.

Hələ də, hələ də arzulayırıq…

Bütün ruhumuzla, qəlbimizlə biz

Vətənin səsinə səs verməliyik.

 

– Sağ ol, oğlum. Ömrüm boyu məşum güclərin zülmü altında mənəvi çağırışları dinləmişəm. Nəticədə Şekspirin pyeslə­rindən birindəki qoca cənaba oxşamağa başladım. O, şahlıqdan əl çəkmişdi, mənsə teatrdan getmişəm. 

– Kral Lirlə səni müqayisə etmək olmaz, ata – böyük fərqlər var. O, dəli olmuşdu, amma sən şeir yazırsan. 

– Nikita, mən yaşda olan adam üçün bunlar eyni şeylərdir. Yaxşı, qoy sənə bir neçə sətir oxuyum. Arvad deyir ki, nə yazsam da, mənasız lirizm alınır. Qulaq as:

 

Gecə, işıqlar sayrışır, yüngül qar dənələri,

Qovaq tükcükləri kimi uçuşur Moskvanın üzərində.

Ürəyim rahatca vurur, qəlbim isinir,

Qovaqlar gözə dəyməsə də.

Ruhum, ürəyim çox rahatdır, çox,

Baxmayaraq ki, deyəsən,

Doğmaları, dostları,

Nə də o qovaqları

Bir daha görməyəcəyəm!

Görəsən, harada dəfn eləyəcəklər,

Mənim nəşimi.

Mən göylərdəyəm artıq, göylərdə. 

 

– Bu şeiri harada yazmısan, ata?

– Bic adamsan ha, Nikita, yaradıcılığıma qiymət vermək əvəzinə, harada yazdığımı soruşursan. Şokolad qutusunun üzərində yazmışam.  Hətta şeirlər də şokolad qoxu­yur.

– Yox, ata, mən başqa şey barədə danışıram. Şeirləri Lübimov yazıb, elə bu kifayətdir ki, onlara ciddi yanaşılsın. Ata, sənin barəndə ağızlarına gələni yazırlar. Yaxşı bir jurnalist dostum var, bəlkə, ona öz fikirlərini diqtə eləyəsən? Bu mənasız böhtanlara cavab vermək lazımdır…

– Pis fikir deyil… O hansı jurnalistdir?

– Dostumdur. Volodya Yelagindən danışıram.

– Soyadı tanış gəlir. 

– Yox, bunun o Yelaginə dəxli yoxdur.

– Yaxşı, qoy mənə zəng eləsin,  vaxtı dəqiqləşdirək. 

Elə bu vaxt xəstəxananın baş həkimi öz əməkdaşlarının müşayiəti ilə palataya daxil oldu. 

– Oldu, Nikita, baş həkim gəlib, sonra zəngləşərik. 

Komissiya üzvlərinin ardınca tibb işçiləri də gəldi. Onlar üstünə televizor qoyulmuş tumba, kompüter, çiçək vazaları və iki zənbildə mer-meyvə gətirdilər. Kumirin arvadı Katerina hamıdan sonda gəldi. Baş həkim üzünü Katerinaya tutub gülə-gülə dedi:

– Təbrik edirəm, Yuri Petroviç, arvadınızın sayəsində otağınız çox rahat görünür. Mənə zəng etmişdilər, mən də göstərişlərə əməl etdim. Çin filosofu Vey Çjen demişkən: “Adil rəhbəri Qütb ulduzuna bənzətmək olar – o, öz yerində da­yanır, başqaları (ulduzlar) isə hörmətlə onun ətrafında döv­rə vurur”. 

Həkim Katerinaya baxa-baxa əl çalmağa başladı, tezliklə başqaları da ona qoşulub, alqışladılar.

 

 

Kadrlar hər şeyi 

həll edir 

 

“Moskviç” qovaq tükcükləri və maşın­larla dolu Moskva küçəsiylə irəliləyirdi. Topa-topa ağ tükcüklər maşının ön şü­şəsinə qonurdu. Sürücü tələsirdi. 

Maşın Vaxtanqov döngəsinə çatıb, Şukin adına teatr məktəbinin yanında dayandı. Bu gün Şukin məktəbinin dör­düncü kurs tələbələrinin hazırladığı tamaşalar nümayiş etdirilməliydi. 

Son kursun bədii rəhbəri Borisov onun köhnə dostuydu. Tamaşalara rejissorlar və teatrların direktorları da dəvət olun­­muşdu. Kumir ağzınacan dolu zala gəlib, Borisovla ya­naşı əyləşdi. 

Gözlənilmədən birinci mərtəbədə növbə çəkən qadın rejis­sora yaxınlaşıb, qulağına nəsə pıçıldamağa başladı. Məlum oldu ki, onu telefona çağırırlar. 

Rejissor deyinə-deyinə aşağı enib, dəstəyi götürdü. RSFSR Mədəniyyət İdarəsindən zəng etmişdilər. Onu Ruda­kovla calaşdırdılar. 

–  Salam, Yuri Petroviç, –  tanış səs eşidildi, –  eşitmişik, sa­bah sizin teatrda gənc aktyorlara baxış keçiriləcək. 

– Hə, sabah saat ikidə baxış olacaq, –  Kumir təmkinini qorumağa çalışırdı.

– Çox yaxşı. Sabahkı baxışda parti­yamızın və güc struk­turlarından birinin rəhbərinin qohumları da iştirak edə­cək. Yəqin, hansı strukturu nəzərdə tutduğumu bilirsiniz də?

– Təxmin edirəm, Boris İvanoviç.

– Layiqli çıxış etsələr, bu aktyorları teatra götürəcəksiniz?

– Layiqli çıxış etsələr, yəqin ki, hə. Ancaq deyə bilərsiniz­mi, onlar belə istedad­lıdırsa, niyə ikincidərəcəli, minimal büdcə­si və imkanı az olan teatra üz tuturlar?

– Sizin məktubunuzdan xəbərimiz var, – Rudakov ca­vabında dedi, –  gələn ildən teatrın büdcəsi artırılacaq. Sizə yalnız doğru-düzgün işləmək qalır… Bax, Lermontovun səh­nələşdirilməsi – düzgün seçimdir. 

– Yox, sizin optimizminizi bölüşə bilmərəm. Bu tamaşa bəlli səbəblər üzündən alınmayıb, – Kumir qətiyyətlə dedi.

– Təkrar edirəm, biz “Zəmanəmizin qəhrəmanı”ndan razıyıq. Umimilikdə! Tənqid isə, qoy nə istəyir yazsın, tən­qidçilərin işi budur. Tamaşa yubileyə həsr olunmuşdu, bu, illik hesabatda öz əksini tapacaq və mükafatlandırılacaq. Başa düşün, teatrın rəhbəri kimi sizin qarşınızda duran başlıca vəzifə ciddi repertuar yaratmaqdır. Fikirləşin, hələ vaxt var. Nə isə, bu, telefon söhbəti deyil, görüşüb danışarıq. Gələn həftə sizi dəvət edəcəyik.

Dəstəkdən kəsik-kəsik səslər eşidildi. Kumir novbətçi qa­dına minnətdarlıq edib zala qayıtdı və əvvəlki yerinə otu­r­­­du. Əhvali-ruhiyyəsi pozulmuşdu. Yalnız Dostoyevskinin adı çəkiləndə fikrini cəmləyə bildi. Dostoyevskinin “İdiot” və Sol­­je­­nitsının “Kreçetkovka stansiyasında hadisə” əsər­lə­rin­dən parçaların səhnə versiyasını xüsusi diqqətlə izlədi. Tama­şa­larda oynayan məzunları – Viktor Samoylovla Vladi­mir Na­­so­novu ona tərifləmişdilər. Hər ikisinin oyununu bə­yəndi. Xüsusən də, Samoylov xoşuna gəlmişdi. Tamaşadan son­ra Kumir Borisovla birgə səhnə arxasına gəlib hamıya tə­­şəkkür etdi, “özününkü”lərin isə, hətta əlini də sıxdı. Mə­zun­lar məmnun idilər – rejissorun onlara əl verməsinin yax­­­şı əlamət olduğunu bilirdilər, birdən-birə populyarlaşmış teat­ra dəvət olunacaqlar.

– Hə, necədir? Uşaqların oyununu bəyəndin? – Bədii rəhbər Kumirlə vidalaşarkən soruşdu.

– Tolya, bu ikisini götürürəm. Cəmisi iki yerim var. Sa­moy­lovu sözsüz-sovsuz götürürəm, Nasonov barədə isə hə­lə düşünmək lazımdır. Mənə MK-da işləyən bir nəfərin qohu­munu sırımaq istəyirlər. Boyun qaçıra bilsəm, ikisini də götürə­cəyəm. Əlavə heç nə eləyə bilmə­rəm. 

– Sənə sırımaq istədikləri kimdir?

Kumir əyilib, həmin adamın adını Borisovun qulağına pı­çıldadı. Qorxudan Borisovun gözləri iriləndi, üzündə nara­zı bir ifadə yarandı:

– Lənətə gəlmişlər! Hara gəldi soxulurlar. Yaxşı, Nasonovla bağlı sənə nə vaxt zəng eləyim?

– Sabahkı baxış məşqlərdən sonra, saat ikidə olacaq. Sən saat beş radələrində zəng eləyərsən. 

Görüşüb ayrıldılar, Kumir “Moskviç”ə əyləşib, evə sarı is­­ti­qamət götürdü. Moskva küçələrində maşını bərk sürürdü. Həmişə öyünürdü ki, lazım gələrsə, təlimatçı işləyə bilər, odur ki, yol hərəkəti qaydalarına riayət edirdi. 

Vaxtanqov Teatrının yaxınlığındakı döngədə fit səsi eşi­dib maşını saxladı. Milisioner rəsmi qaydada ona yaxınlaş­dı – qarşı­sın­dakının tanınmış adam olduğunu hiss eləmişdi. Üzünün ifadəsi bir qədər yumşaldı, ancaq yenə də səsi sərt çıxırdı. 

– Qaydanı niyə pozursunuz?

– Günahkaram, yoldaş leytenant, boynuma alıram. Vacib bir məsələ barədə fikirləşirdim, sarı işığı görmədim. 

– Vacib məsələlər Siyasi Büroda həll olunur, biz isə ni­zam-intizamı qorumalıyıq. Soyadınız?

Kumir adını, soyadını dedi. Leytenant onun soyadını eşi­­­dincə gülümsədi. Kumir özünü saxlaya bilməyib əlavə et­di:

– Nizam-intizamı pozan Siyasi Büronun özüdür. Maşını yanğınsöndürənlər kimi sürürlər. Onlar rahatca keçib-gedir, sizsə “farağat” vəziyyətində durmalı olursunuz.

– Siyasi Büroyla nə işimiz var, onlara olar, – milisioner ciddi səslə dedi, –  amma, sözün açığı, ən çox onlara görə başımız ağrıyır.

– Mənə də başağrısı verirlər, amma yolda yox, başqa yerlərdə.

– Kinoda? – leytenant gülümsündü.

– Həm də teatrda, – Kumir cavab verdi. 

– Özünüzü qoruyun. Ancaq bilin ki, enerjinin saxlanması qanunu qaydalara riayət etməyi nəzərdə tutur, onda sizi heç kəs saxlamaz. Bu dəfə gedin, sizə şifahi xəbərdarlıq edirəm, yoldaş “kuban kazakı”. 

Qəribədir, milisionerlə söhbət və onun “qaydalara riayət etmək” təklifi Kumirin yaddaşına həkk olundu, sonralar bu görüşü dönə-dönə xatırlayırdı. 

 

Lüsinin yanında “dəyirmi masa” 

 

Evə xeyli adam toplaşmışdı. Qonaqlar qızardılmış qızıl balığa daraşmışdı, balıq yeyir, üstündən ağ şərabla erməni konyakı içirdilər. Onları sərxoş vəziyyətdə görən Kumir  indi repertuar barədə danışmağın yeri olmadığını fikirləşdi. 

“Zəmanəmizin qəhrəmanı” tamaşası alınmamışdı, indi  Brextin “Sezuanlı xeyir­xah” əsərindən geri qalmayan bir ta­­maşa hazırlamaq lazım idi. “Zəmanəmizin qəhrə­ma­nı”nın uğursuzluğu özünə inamını sarsıtmışdı. Belə məqamda ira­də­sini möhkəmlətmək üçün ona dostlarının dəstəyi lazım idi. Ən çox Erdmanla məsləhətləşirdi, o, heç vaxt öz kömə­yini əsirgəmirdi. Kumir “Zəmanəmizin qəh­rəmanı” əsərinin səhnə versiyasından razıydı, Erdman pis işləməmiş­di, Kumirin narazı olduğu adam elə onun özü idi, uğur­lu tamaşa hazırlaya bilməmişdi. Qonaqların arasında Nikolay Robertoviç gözə dəymirdi. Hə, axı o, hay-küylü məclisləri sev­mir.

Teatr ekspertlərinin sayılıb-seçilən nümayəndələri dəvət olun­muşdu. Qo­naqlardan bir neçəsi pəncərənin önündəki divanda oturub, nə barədəsə qızğın mübahisə edirdi, digərləri siqaret çəkmək üçün eyvana çıxmışdı.

Ev sahibini görən qonaqlar yenidən stol arxasına keçdilər, içkilər süzüldü, hay-küy çoxaldı. Elə bu vaxt Kumirin məş­hur arvadı Lüsya mətbəxdən çıxdı. O, əlində yeməklə dolu si­ni tutmuşdu. Lüsya ərini görən kimi qonaqlara səsləndi:

– Ey, tiryəkilər, içəri gəlin, – üzünü eyvana tutub çığırdı, –  oturun, oturun… Yura gəldi! Gəlin birlikdə içək, –  o, əlin­də­­­ki sinini stolun ortasına qoydu. –  Kim dil istəyir? Buyu­run, doğranmış dil! Yaxın gəlin! Əyləşin! Yura, nə durmusan, qo­­naqları çağır, özün də bura əyləş. 

Qadın qıvraq hərəkətlə onun saçını səliqəyə saldı, sü­zülmüş boz sviterinin qatlanmış yaxasını düzəltdi. 

Nəhayət, hamı stol arxasına keçdi. Ağız deyəni qulaq eşit­mirdi, deyə-gülə özlərinə içki süzür, ev sahibini salam­la­yırdılar. 

– Hamınızı salamlayıram, – Kumir ucadan səsləndi, –  sizi görməyə şadam, gecikdiyimə görə bağışlayın. 

– Yura, biz burada boş oturmurduq, – arvadı cavab verdi, – gördüyün kimi, məclis qızışıb. Buyurun, dilin dadına baxın, Dezik, sən dil istəyirdin, al, dadına bax!

– Yura, Şukin məktəbinin buraxılış tamaşalarına baxdın? – puşkinçi Yermilov ucadan soruşdu, – bəlkə, ikinci Quben­ko peyda olub, xəbərimiz olsun.

– Hə də, orada Qubenkonu klonlaşdırırlar, –  sərxoş kişi səsi eşidildi. 

– Ağır gün idi, – süfrə arxasında əyləşmiş qonaqlara göz gəz­dirən Kumir dilləndi, – əvvəlcə teatr məktəbinin gənc is­te­dadlarının səhnə işlərinə tamaşa etdim, sonra az qala milisə düşəcəkdim. Yol müfəttişi saxlamışdı. Buraya tələsirdim... Şükür, yaxşı milisionerlə rastlaşmışdım. Yeri gəlmişkən, de­di ki, yollarda ən çox problem yaradan Siyasi Büronun üzvləridir. – Onun sözləri şən hay-küylə qarşılandı və səslər kəsiləndən sonra Kumir sözünə davam etdi. – Dedim, Siyasi Büro mənə də başağrısı yaradır. Onda ağıllı leytenant öz mi­lis müdrikliyi ilə qayıtdı ki, enerjinin saxlanması qanunu – qaydalara riayət etməyi nəzərdə tutur.

– Yura, sizin kimi rejissor qaydalarla hərəkət eləyə bil­məz, – şair Dezik höcətlə dedi, – bu absurddur!

Qəhqəhəylə gülüşdülər, şairi alqışlayanlar da oldu.

– Sağ ol, Dezik. Xoş sözə görə yox, tezisə görə. Bu te­zis­lə irəli getmək olar. Mən qaydaları əsas tutub, Lermon­tovun yubileyi ilə əlaqədar “Zəmanəmizin qəhrəmanı” tama­şasını hazırladım və nəticə göz önündədir. Tam uğursuzluq. 

Hay-küy və etiraz səsləri ucaldı. 

– Yura, elə deyil! – tarixçi Loqinov səsini ucaltdı, – razı deyiləm, tamaşada uğurlu yerlər az deyil, təkcə forma nəyə desən dəyər.

– Hələ işıq pərdəsini demirik! – puşkinçi onun səsinə səs verdi.

– Tamaşanın formasında, bəlkə də, bəzi abırlı şeylər var, – ev sahibi sözünə davam etdi, – Zolotuxin Qruşnitski ob­ra­zını yaxşı oynadı… bəzi ideyalar… işıq pərdəsi… Ancaq Peço­rin rolunu Qubenkoya vermək olmazdı. Burada böyük səhv elədim.

– Yox, Yura, – puşkinçi onun sözünü kəsdi, – bu, sənin səhvin deyildi. Qubenko əla artistdir, ancaq bu rolu başqasına həvalə etmək lazım idi. Bu obrazın fakturasına və cazibəsinə uyğun başqa bir aktyora.

– Razıyam. Ancaq bir məsələ də var – tələsmək olmazdı. Bax, insanın müti, qul təfəkkürü – müdiriyyətə yarınmaq istəyi nəyə gətirib çıxarır. Onların israrlı tələblərinə uydum – tamaşanı Lermontovun yubileyinə hazırlayıb çatdırdım. Fürsətdən istifadə eləyən tənqidçilər başladılar ki, “Sezuanlı xeyirxah” tamaşası təsadüfən yaxşı alınıb, mən bir daha belə tamaşa hazırlaya bilmərəm.

Etiraz sədaları otağı başına götürdü. Lüsya söhbətə qarışdı. 

– Dayan, dayan… Yuroçka. İfrata varmaq lazım deyil. Əvvəla, bu, sənə yaraşmır, ikincisi də, sənin gözəl ideyaların var… Ağıllı, işini bilən adamları çağırıb, məsləhət istəyir­sən. Elə deyil? Elə isə, buyur, fikirlərini söylə.

Arvadının nitqi təsirli alındı – hamı Kumirə diqqət kə­sildi. 

– Boris Leonidoviç və Nikolay Robertoviç (Təəssüf ki, o, bu gün gələ bilməyib.) haçansa məni Voznesenski ilə ta­nış eləmişdilər. Yeri gəlmişkən, bugünlərdə Lüsyayla mən Politexnik İnstitutunda onun görüşündə olduq. Voznesenski, Yevtuşenko, Axmadulina, Rojdestvenski… hamı oradaydı. Əla görüş idi! Andrey “Sezuanlu xeyirxah ”ın premyerasına da gəlmişdi. Məndən soruşdu ki, “nə köməyim dəyə bilər?”. Ona dedim, qoy gördükləri barədə fikir söyləsin, desin ki, bu təşəbbüsü dəstəkləmək lazımdır. O, öz fikirlərini dərhal müx­birlərə söylədi. Niyə uzaqdan başladım – biz Voznesen­skinin “Antidünyalar” əsərini tamaşaya qoymağa hazırlaşı­rıq.

– Gözəl ideyadır, – puşkinçi onun səsinə səs verdi, – Andrey ən yaxşı şairlərimizdəndir, Yuri Kazakov də nasirlə­rin arasında seçilir. 

– Mənə də elə gəlir, – Kumir razılaşdı, – poetik tamaşa­lar, şeir axşamları təşkil etmək lazımdır. Bunun şərti adını “Teatr və şair” qoymaq olar. Teatr həyatını lirizm və musiqi ele­mentləri ilə zənginləşdirmək zəruridir. Bununla bağlı Dezik­lə mənim müəyyən fikirlərimiz var. Ancaq bunlar baş­qa vaxta qalsın. Bu müharibənin od-alovundan keçmiş, Stalin dövrünün keşməkeşlərini görmüş şairlərlə bağlı bir layihə­dir. Biz bu tamaşanı “Ölülər və dirilər” adlandırmağı qəra­ra almışıq. Ancaq tələsməyək. Bu layihəni yayın əv­vəllərində həyata keçirməyə başlayacağıq. Hazırda Qribanov və Dezik­lə birgə material toplayırıq. İndi isə… Gəlin içək, son­ra deyərəm… 

– Hər şey yaxşıdır! – Dezik ucadan səsləndi. – Düzdür, Paster­nak olmasa da, Voznesenski də pis deyil. Ancaq qoy şeirlərini özü oxusun, onda maraqlı olar, sənin dediyin ki­mi, əsl “Şair və teatr” tamaşası alınar.

– Bütün bunlar axtarışdır, yeni istiqamətlər tapmaq cəhdidir, – tarixçi əminliklə dilləndi, –  möhtəşəm material­lar lazımdır, məsələn, “Lenin bütün suallara cavab verir” tipli. 

– Yox, Yuranın fikri başqadır, –  Lüsya söhbətə qarışdı, –  Yura, niyə susmusan? De, bilsinlər!

Kumir çəngəl-bıçağı stolun üstünə qoydu, salfetlə ağzını silib, sakit səslə danışmağa başladı:

– Çoxdandır ki, Con Ridin “Dünyanı sarsıdan on gün” kitabı əsasında tamaşa hazırlamaq istəyirəm. 

– Axı orada dramaturgiya yoxdur! – tarixçi etiraz etdi.

– Dayan, Loqinov! – kiminsə səsi eşidildi. Qonaqlar hay-küylə müzakirəyə başladı. 

– Dramaturgiya yoxdursa, özümüz təşkil edərik, – sərxoş rəssam Dorer qışqırdı. 

– Mən polemik tamaşa qoymaqla teatr aləmindəki yek­nə­səq­l­i­yi pozmaq istəyirəm, –  Kumir əl-qolunu ölçərək sö­zü­­­nə da­vam etdi, – tamaşa dünyanın ən yaxşı teatrı – MXAT-ın əleyhinə qoyulacaq. Tamaşanın kitabla heç bir bağ­­lı­­­lı­­ğı ol­mayacaq. Bu, pantomima da daxil olmaqla, ən müx­təlif janrları özündə birləşdirəcək. Lenin və ya onun sə­si, kölgə teatrı, sirk və buffonada… Mən səhnənin bütün imkanlarından istifadə etmək fikrindəyəm.

Hamı alqışladı, əllər qədəhlərə uzandı. Gözlənilmədən kiminsə yoğun səsi başqalarının səsini batırdı. 

– Avazınız yaxşı gəlir, – Dostoyevski yaradıcılığının təd­qiqatçısı etiraz səsini ucaltdı. Ayaq üstə güclə dayanır­­dı, – amma o deyil, o deyil… Bu, buffonado oyunları Meyerxol­du və “Göy köynək”i xatırladır. Brextin gücü nədədir:

 

Sıraya düzülüb qoyunlar,

Guruldayır barabanlar…  

 

“Sezuanlı xeyirxah” olduğumuz bataqlığa səs saldı, həyə­can siqnalı kimi səsləndi. – O, süfrə arxasında əyləşənlərə göz gəzdirib, pıçıltıya keçdi. – Artıq bu hakimiyyətə dözmək mümkün deyil. Vətəndaş estetlər, başa düşün, Rusiya ağlını itirir! Bütün bunlar mentalitetimizə uyğun deyil və haçan­­sa məhv olub gedəcək! Dostoyevskinin “Cinayət və cəza”, Ser­gey Yeseninin “Puqaçov” əsərlərini səhnələşdirmək la­zımdır. Hakimiyyətin təbiətini izah edən tamaşalar qoyul­malıdır. Özü də, təkcə bolşevik hakmiyyətinin yox, ümu­miy­yətlə, xalqı əzən qeyri-legitim, totalitar hakimiyyətlərin təbiətini.

Hamı qorxudan səsini içinə çəkdi, bu sükutu natiqin qu­laq­batıran, coşqun mahnısı pozurdu:

 

“Hakimiyyət yolda gəzişir…

Bir cəsəd uzanıb yolda!

A-a! Bu, xalq imiş ki!” 

Yoğunsəsli “vokalçı” mahnını bitirən kimi, gözəl Lüsya yerindən dik atılıb, gül ağzını açdı, nə açdı. Söyüşün biri bir qəpik. Qonaqlar qorxudan sanki oturacaqlara yapışmışdı. Lüsya çıxışının birinci hissəni bitirəndən sonra bir qədər sakitləşdi. 

– Nə axmaq adammışsan, Koryaka! Nə danışdığının fərqindəsən? İstedadlı adamsan, amma ağzına gələni danışır­san. Yəqin ki, partiya üzvüsən, ancaq… yüz ildir dinlənilən evdə antisovet çıxışlar edir­sən. –  Lüsya son söz­lə­­ri lap yavaş­dan, artikulya­siya ilə dedi, ancaq hamı hər şeyi başa düşdü. – Doğru sözümdür, başın xarab olub! Bu hakimiyyət hələ min il sürəcək. Özü də həmişə legitim olacaq, sən bu­nu istəsən də, istə­məsən də. Yadında qalsın, hakimiyyəti de­virmək teatrın işi deyil. Teatrın işi hakimiyyəti tərbiyə edə biləcək adamlar yetişdir­məkdir. Lenin bizə bunu öyrə­dirdi! Teatra gözəlliyin diktaturası lazımdır, hər şeyin uçulub-dağılması yox. Meyerxold da bunu deyirdi, biləsən. Sən onun adını çəkdin, ancaq nə üzünü görmüsən, nə də yaz­dıqlarını oxumusan, – O, ərinə sarı çevrilib, hiddətlə sö­zünə davam etdi, – Mən öz evimdə bu cür sərsəm çıxışlara yol verə bilmərəm. İbarəli səslənsə də, deməliyəm, mən hə­mişə böyük amallara xidmət etmişəm. Sizə də bunu ar­zu­layıram. 

Onun son sözlərindən sonra evdə bir hay-küy qopdu ki, ağız deyəni qulaq eşitmədi. Qonaqlar sanki qəfil yuxudan ayılmışdı. Onları uzun müddət sakitləşdirmək mümkün olmadı. 

Qonaqlar gedəndən sonra Lüsya süfrəni yığışdırıb, ərinin yanına uzandı. Əri başına gələn­ləri danışdı, dedi ki, ona yuxarıdan zəng vurub, “DTK uşaqları”ndan biri­ni teatra götürməyi xahiş ediblər.

– Bəs nə cavab verdin? – qa­dın ciddi səs­­­lə soruş­­du. 

O, bir qədər susub, ye­ri­n­­­də qurcuxdu:

–  Baxarıq. 

Lüsya ərinin çiyinlə­rin­dən tutub, özünə sarı çevir­di:

– Axmaqlıq eləmə, Yurka! Necə olursa-olsun, de­dik­ləri adamı teatra götür. Sənə yuxarıların dəstəyi lazımdır, ətrafına topla­dı­ğın boşboğazlar və ştrey­bre­xerlər1 yox. 

–  Əl çək, mənim başqa yazıçılarım yoxdur – o, gürcü aksenti ilə cavab verdi. 

–  Sən Stalin deyilsən, əzizim…

–  Elədir, heç Mikoyan da deyiləm... –  Kumir istehzayla dedi.

Lüsya yatağa dirsəklə­nib, o biri əliylə ərinin üzü­nə yağlı bir şillə ilişdirdi. 

Yazımızın bu yerində qeyd etməliyik ki, yuxarıda təsvir etdiyimiz səhnədə yer alan­ların bəziləri teatrın Bədii Şurasının üzvləriydi. Bədii Şura, heç şübhəsiz, teatrın beyni və teatrla Rusiyanın intellektual eli­tası arasında əmək­daş­lığın ən gözəl nümunəsi idi. 

 

 

Yaxşı xəbər – 

ən yaxşı dərmandır 

 

Ertəsi gün Borisov Turgenevin “Ərəfə” əsərinin axşam məşqlərinə gəldi və Nasonovu kənara çəkdi. 

– Volodya, bayaq Yuri Petroviçlə danışdım. Səni də teat­ra götürür. Təbrik edirəm!

İricüssəli, yöndəmsiz Nasonov gülümsünüb, pıçıltıyla ca­­vab verdi:

– Sağ olun, Anatoli İvanoviç, bundan yaxşı xəbər olmaz­dı! Fikirləşirdim ki, Viktoru işə götürəcək, amma məni bə­yən­­məyib…

– Bu nə deməkdir! – Borisov onun sözünü kəsdi, –  sə­nin oyununu bəyənib. Bunu mənə özü dedi. Odur ki, seçim elə, Volodya: Moskva, yoxsa Leninqrad?

– Aydındır, mən Moskva şəhərinə üstünlük verirəm. 

– Yaxşı olar ki, şəhərə və ya kəndə yox, teatra üstünlük verən. Başa düşürsən?

– Başa düşürəm, Anatoli İvanoviç.

– Lap yaxşı. Yeri gəlmişkən, öz aramızda qalsın, Lübimov mənə dedi ki, Çkalov küçəsində, teatrın yaxınlığında bizə ye­ni yataqxana ayrılıb. Anladın? Samoylovla sən Taqanka­ya tez-tez getsəniz yaxşıdır. Gedin məşqlərdə iştirak edin, necə deyərlər, özünüzü göstərin. Yeri gəlmişkən, teatrda Con Ridin “Dünyanı sarsıdan on gün” əsərinin məşqlərinə başlayırlar. Ardınca Sergey Yeseninin “Puqaçov” əsəri səh­nə­ləşdiriləcək. Volodya, yerində olsaydım yüz ölçüb, bir bi­çərdim. Yaxşı, get, məşq elə!

Saçlarına dən düşmüş Borisov məşqə mane olduğu üçün rejissordan üzr istədi və yüngül addımlara çıxışa doğru getdi. 

 

 

Taqanka Teatrında qəbul 

 

Sessiyadan sonra Samoylovla Nasonov, nəhayət, Taqankaya getməyə hazırla­şırdılar. Lübimovun “Dünyanı sarsıdan on gün” tamaşası haqqında şayiələr dolaşırdı, deyirdilər, rejissor yeni şedevr yaradıb. Uşaqların teatra getməyə hazırlaşdığını biləndə, Alisayla Lüdmila da onlara qoşuldu. Hələ metro­daykən heyranlıqla insanları teatra dəvət etmək üçün təşkil olunmuş səyyar konserti dinlədilər. Vısotski, Zolotuxin, ən təəccüblüsü isə onların kurs yoldaşları Xmelnitski və Vasilyev də konsert verənlərin arasındaydı. Şukinçiləri görən Taqanka aktyorları gizlicə onları salamladı. Ötüb-keçən insanların gözü önündə bir müddət dayanıb, maraqla onlara tamaşa etdilər. 

Teatrın girişində iynə atsan yerə düş­məzdi. Bir neçə qarı onların yolunu kəsib, əlavə biletlərinin olub-olmadığını soruşdu. 

Foyenin girişində də adam əlindən tərpənmək olmurdu. Səs-küydən qulaq tutulurdu, bəziləri adamları yara-yara kas­saya, bəziləri isə inzibatçının otağına doğru irəliləməyə çalışırdı. Nasonov birtəhər kütlənin içinə soxuldu, burada Xmelnitskinin adını verib, Şukin məktəbinin tələbələri üçün dörd buraxılış vərəqi aldı. Tamaşa sanki hələ metro vaqonun­da və teatrın foyesində başlamışdı. Foye inqilab simvolikası ilə bəzədilmişdi, görünən yerdə bir qutu qoyulmuşdu – adamlara tamaşa barədə fikirlərini yazıb, qutuya atmaq təklif olunurdu. Tələbələr tanış üzlərə baxa-baxa bufetdə bir qədər ləngiyib, tamaşaya bir-iki dəqiqə qalmış balkona qalxdılar və burada teatrın direktoru Dupakla rastlaşdılar. Dupakın yanında bir kişi də vardı. Onlar yan qapıdan çıxıb, parterin birinci qapısına tərəf gedirdilər. Tamaşaçılar onlara tərəf boylanır, öz aralarında nəsə pıçıldaşırdılar. Burada nə baş verdiyini birinci Samoylov başa düşdü. 

– Uşaqlar, ora baxın, – o, tamaşaçı zalının giriş qapısını göstərdi, –  bu, deyəsən, Molotovdur!

Doğrudan da, Vyaçeslav Mixayloviç Molotov Dupakın və iricüssəli bir kişinin müşayiəti ilə zala daxil oldu. Tama-şaçılar köhnə partiya işçisini dərhal tanıdı və zala pıçhapıç düşdü. 

Molotova yeddinci sırada yer ayırmış­dılar. Foyeyə çıxan Dupak Molotovu gördü, karıxmış tələbələrə baxıb, Samo­ylovu ya­nı­na çağırdı. 

–  Samoylov, niyə oturmursan, yer yoxdur?

– Var, balkona kontramarkam var, –  Samoylov utana-uta­na cavab verdi. 

Dupak tələbələri giriş qapısının önünə gətirdi, səkkizinci sırada, Molotovun düz arxasındakı boş yerləri onlara göstərdi:

– Keçin, oturun, ancaq Vyaçeslav Mixayloviçə mane ol­mayın. O yerlər cangüdənlər üçün ayrılmışdı, ancaq o,yalnız bir nəfərlə gəlib.

 Özlərini göyün yeddinci qatında hiss edən tələbələr boş yerlərə keçib, Molotovun arxasında əyləşdilər. 

Tamaşa Lenin movzoleyinin görüntüləri və qarovulun əvəzlənməsi səhnəsi ilə başladı. Molotov bütün vücudu ilə irəliyə doğru əyildi, sanki Leninlə görüşmək istəyirdi. Nasonov özünü saxlaya bilməyib, “hm” elədi. O dəqiqə cangüdən arxaya çevrilib, sərt baxışlarla onların üzünə dikildi. 

Get-gedə tamaşa bütün zalı sehrlədi, tezliklə fərdi təqaüdçünün cangüdəni və DTK təşrifatı ilə bağlı məsələlər yaddan çıxdı. Tez-tez alqış sədaları, gülüş səsləri eşidilir, digər gözlənilməz reaksiyalar üzə çıxırdı. 

“Dünyanı sarsıdan on gün” o qədər maraqlı alınmışdı ki, elə bil bir göz qırpı­mında qurtardı. Tezliklə Dupak yenidən Molotovun yanında peyda oldu. Onlar tamaşanı müzakirə edə-edə yuxarı, Lübimovun kabinetinə yollandılar. 

 Bu kitabı oxumuşam, amma tamaşada hər şey başqa cürdür. Həftəbecərdir, amma maraqlıdır, –  Molotov tamaşanı şərh etdi.

Kabinetdə süfrə açılmış, stolun üstünə müxtəlif içkilər qoyulmuşdu. Nasonovla Samoylov Taqanka Teatrının gələcək aktyorları qismində bir qədər kandarda itələşəndən sonra, dağılışmağa qərar verdilər. Onlar qarderoba sarı gedərkən Dupakla rastlaşdılar. Dupak onları qamarlayıb, baş rejissorun otağına saldı. Otaqda adam az idi, aktyorlar sıxıla-sıxıla divarın önündə dayandılar. Lübimov onları görən kimi ucadan bəyan etdi:

– A-a-a! Vyaçeslav Mixayloviç, bu da yeni nəsil. Şukin məktəbinin məzunları Samoylov və Nasonov. Sizinlə tanış olmağa gəliblər. 

Molotov başıyla onları salamlayıb, teatr inzibatçısının ona uzatdığı çay stəkanını götürdü. Süfrə arxasına top­laşanlar peçenye, konfet götürür, daha ürəkli olanlar isə özünə şərab süzürdü. Hamı Molotovun tamaşa haqqında nə deyəcəyini gözləyirdi. Nəsə deməli olduğunu başa düşən Vyaçeslav Mixayloviç elə oturdu ki, hamı onu görə bilsin.

– Teatrın şən ab-havası var, – o, birdən-birə dilləndi, –  inqi­lab qanlı-qadağalı işdir, amma sizin variantda bayram, şənlik, atəşfəşanlıq… kimi göstərilib. Con Ridin kitabında da belə şeylər var, amma sizdə bunlar ön plana çıxarılıb, lap sirk təsiri bağışlayır… Con Ridin kitabı ilə heç bir bağ­lı­lığı yoxdur. Mən bura gəlməzdən əvvəl axı o kitabı bir də vərəqlədim. 

Lübimov şəhadət barmağını yuxarı qaldırıb, ətrafdakıları süzdü:

– Eşitdiniz? Siz əsl tamaşaçısınız, Vyaçeslav Mixayloviç. Düzdür, tamaşanın kitabla heç bir bağlılığı yoxdur. Bu, attraksionlar tamaşasıdır, teatr yeknəsəqliyi ilə bağlı polemi­ka aparmaq məqsədilə qoyulub. Əlbəttə, MXAT böyük teatrdır, ancaq belə bir truppası olmayan başqa teatrların eyni təcrübəyə istinad etməsi fəlakətlə nəticələnə bilər. Odur ki, biz teatr palitrasınının bütün zənginliyindən istifa­də et­məyi qərara aldıq.

– Niyə axı? – Molotov maraqla soruşdu.

– Teatr çox rəngarəng ola bilər. Burada bütün janrların təmsil olunması mümkündür. Naturalist teatr, buffonado, sirk, kölgə teatrı, əllərin teatrı – təxəyyülün imkan verdiyi bütün janrların. Başlıcası, tamaşaçının səhnədə baş verənlərə inanması və bunu qəbul etməsidir. 

– Bunu bacarmısınız, çoxdandır belə gülməmişdim. Təsəvvürümə də gətirməzdim ki, inqilabı bu şəkildə göstərmək olar. Öyrəşmişik ki, Lenin həmişə səhnədə olur, amma bu­ra­da kadr arxasındaydı. Ancaq bu, onun böyüklü­yü­nə xələl gətirmirdi. – Vyaçeslav Mi­xayloviç gülümsünüb ət­rafa göz gəzdirdi. –  Arxamda gənclər əyləşmişdi, elə ürək­dən gülür­­dülər ki, istər-istəməz onlara qoşulmalı oldum. Bax, bu ca­van oğlan mənim arxamda oturmuşdu. Yuri Petroviç, deyəsən, onun Samoylov olduğunu dediniz…

– Bəli, teatra yeni gələn aktyorlardandır. 

– Müharibədən qabaq Yevgeni Sa­moylov adında tanınmış bir aktyor vardı, onun qohumu deyilsiniz ki? – Molotov so­ruşdu.

– Xeyr, sadəcə soyadımız eynidir, – karıxmış Samoylov ca­vab verdi.

– Tamaşa xoşunuza gəldi? – Molotov gözlənilmədən sual verdi.

– Mənim? – Viktor soruşdu, ona elə gəldi ki, sual yanın­da­kı adama ünvanlanıb.

–  Hə, sizin, qulağımın dibində elə gülürdünüz ki… sizin reaksiyanızı və zövqünüzü bilmək maraqlı olardı.

– Əvvəla, hörmətli Vyaçeslav Mi­xayloviç, tamaşanı siz də bəyənmişdiniz, siz də gülürdünüz. İkincisi də, sizinlə gə­­lən adama dediklərinizi eşitdim: dediniz ki, Con Rid bu tamaşanı görsəydi, çox xoşbəxt olardı. Sizinlə tamamilə razıyam, ancaq bircə fərqlə… mən həm də bu tamaşada rol almaq imkanları barədə fikirləşirdim.

– Bu tamaşada hansı rolu oynamaq istərdiniz, Samoylov? – Molotov gözlənilmədən soruşdu. 

– Vyaçeslav Mixayloviç, sizdən asılı olsaydı, deyərdim, am­ma bunu mənim deməyim bir qədər yaxşı çıxmır.

– Niyə ki? – Lübimov ucadan soruşdu. 

– Teatra yenicə qədəm qoymuş gənc aktyor üçün hələ tez­dir. Müəyyən səviyyəyə çatmaq lazımdır. 

Sözlərini xüsusi vurğuyla dedi, bunu hiss edən Lübimov birbaşa soruşdu:

– “Səviyyə” deyəndə nəyi nəzərdə tutursunuz?

– Bu tamaşada hər şey yüksək səviyyədə idi… –  Med­ved­­­­yev soyadlı aktyor rejissora yarınmaq istədi.

– Elə şey yoxdur! – Samoylov onun sözünü ağzında qoydu. – Ancaq, belə böyük çıxmasın, fikirləşdiyimi deyəcə­yəm: mən Kerenski rolunu oynamaq istərdim.

– Aydındır, baş rolda oynamaq istəyir, – yenidən Medved­yevin səsi eşidildi.

– No-o-lar, qoy arzulasın, – Lübimov dedi, – hər şey müm­kündür. Yeri gəl­mişkən, bəzi rollara müsabiqə elan olu­­na­­caq. Buyur, iştirak elə, razısan?

– Razıyam! – qızarıb-pörtmüş Samoylov cavab verdi. 

– Elə isə, nəvəmi də sizin yanınıza göndərərəm, –  Molo­tov söhbətə qarışdı, – Olar, Yuri Mixayloviç?

– O nə sözdür, Vyaçeslav Mixayloviç, əlbəttə, olar. – Lü­­bi­mov gözlənilmədən əlavə etdi: – Yeri gəlmişkən, Vya­çes­lav Mixayloviç, sizi payızda yeni premyeraya dəvət et­mək is­­təyirik. Oxşar mövzudur, tamaşa “Bütün suallara Lenin cavab verir” adlanır.

Lübimov bunları deyərkən, tarixçi Loqinovun üzünə ba­xır, sanki təklifini onunla razılaşdırmaq istəyirdi. 

Araya gərgin sükut çökdü. Birdən Vyaçeslav Mixayloviç sakit səslə, amma hamının eşidəcəyi şəkildə dedi:

–  Bütün suallara heç İsa Məsihin özü də cavab verməyib. 

Qısa, amma çox təsirli replika idi. Lübimov özü də karıxdı, ancaq tez özünü ələ alıb, heç nə olmayıbmış kimi sözünə davam etdi: 

– İstedadlı dramaturqlardan biri, yəqin onu tanıyırsınız, Vyaçeslav Mixayloviç, Erdman…

– Bilirəm, bilirəm… “Mandat”ın müəllifi, böyük yumoristdir, –  Molotov həvəssiz cavab verdi.

–  Elədir. O, Yeseninin “Puqaçov” əsərini səhnələşdirməyi təklif edir. Puqaçovla bağlı fikriniz nədir, Vyaçeslav Mixay­loviç? 

– Onunla tanış deyiləm. Deyəsən, türk agenti olub, ancaq biz onu dəstəkləmişik. Çünki bizim adam olub. Yeseninə gəlincə, bütün əllaməçiliklərinə baxmayaraq, onu həmişə sevmişəm. Şairlər –  başqa tip insanlardır. Uşaq kimidirlər, bir də görürsən, dağı dağ üstünə qoyurlar, danlayırsan – şıl­taq­lıq eləyirlər. – Molotov sözlərinin başa düşülmədiyini görüb, əlavə etdi. –  Məncə, Yeseninlə bağlı Meyerxold da bə­­zi işlər gör­mək istəyirdi. Onda alınmadı, amma, ola bilsin, sizdə alı­nar. Hər halda, bu, “Lenin bütün suallara cavab verir” tama­şasından yaxşıdır. Dünya proletariatının rəhbərini aşa­ğılamaq olmaz. İncildə deyilir: “İsa Məsihin möcüzələrinin şa­hidi olmuş insanlar dedi: o, doğrudan da, gəlişini göz­lədi­yimiz peyğəmbərdir”. Bax, belə bir möcüzə yarada bil­səniz, sözüm yoxdur, hələlik isə, mən gözləməyə razıyam. Vax­tın­dan əvvəl bütün sualları cavablandırmağa ehtiyac yox­dur. Həyatı qabaqlamaq mümkün deyil! Məsələn, Yuri Pe­troviç, teatrda mümkün olmayanları göstərməyə sizin haq­­qınız çatırmı?

– Vyaçeslav Mixayloviç, teatrda hər şey eləmək olar, yal­nız bir şərtlə: tamaşaçı buna inanmalıdır.

– Mən elə onu deyirəm də. Biz kimik, nəyə çalışırıq, kom­munizmdə yaşayacağıq, yoxsa yox – bütün bunları za­man göstərəcək. Doğrudur, mən təqaüdçüyəm və fikirlərim bu gün direktiv-filan deyil. Sizinlə sadəcə fəlsəfi mükalimə apardıq, deyilmi?

Otaqdakılar hay-küylə onu alqışlamağa və təşəkkür et­məyə başladılar. Yaşının çoxluğuna baxmayaraq, Molotov qıvraq hərəkətlə yerindən qalxıb, görüş iştirakçılarına təzim etdi. 

– Tamaşaya görə hamınıza təşəkkür edirəm, biz getməliyik.

O, Lübimovun əlini sıxdı və Samoylovun yanından ke­çərkən, gözlənilmədən ona dedi:

– Sizə isə, cavan oğlan, uğurlar arzulayıram. Utanıb-çə­kinməyin, mən də əvvəllər dram dərnəyində oynamışam, son­radan, hətta baş nazir oldum. 

“Dünyanı sarsıdan on gün” əsərinin növbəti tamaşasında Viktor Samoylov binokl, diyircəkli qələm götürüb arxa sı-rada əyləşdi və səhnəni izləyə-izləyə kiçik dəftərçəsində qeydl­ər aparmağa başladı. Lübimov onun bu məşğuliyyətini “ədəbi tilsim” adlandırırdı. 

Ertəsi gün rejissor Samoylovu yanına çağırtdırıb, dedi ki, ona iki tamaşada rol veriləcək: bunların biri – Qalileyin dos­tu Soqredo, digəri isə Lenin mavzoleyi önündə qarovulçu obrazlarıdır. Kerenski obrazı ilə bağlı Viktorun sualına  Lübimovun verdiyi cavab isə həmişəlik Samoy­lovun yaddaşına həkk olundu:

– Hazırda teatr, repertuarında  bu rolda sizə ehtiyac du-yur. Yadınızda saxlayın, bu, istehsalat zərurəti adlanır. Əzi­zim, hələlik siz teatr üçün işləyin, bir gün teatr da sizə işləyər.

 

 

Lübimovun palatasında 

 

Çoxlu gül-çiçək qoyulmuş otaq sanki nurlanmış, daha cazibəli olmuşdu. Çarpayının yanındakı dolabın üstündə ki­tablar qalaqlanmışdı, elə oradaca “Knyaz İqor” operasında istifadə olunan dekorasiyanın mini-maketi də gözə dəyirdi. 

Qədim Rusiya tarixi üzrə mütəxəssis Semyon Semyono­viç, Lübimovu ziyarət etməyə gəlmişdi. Onlar artıq bir qədər kon­yak da içmişdilər və odur ki, söhbətin mövzusu tez-tez dəyişirdi. 

– Necə bilirsiniz, Çir çayı dərindir? – bıçaqla portağalın qabığını soyan Lübimov soruşdu.

– Çir? Öyrənmək lazımdır. Orada üzməmişəm. Nəyinizə lazımdır axı? İdeya dərinliyi barədə soruşsaydınız, başa düşərdim, Çir çayının dərinliyi nəyinizə gərəkdir?

– E-e, Semyon Semyonoviç, əzizim, necə yəni nəyimə gərəkdir? Döyüşdən qabaq İqor hansı əhvali-ruhiyyədə olub – quruluşçu rejissor bunu bilməlidir, ya yox? Bəzən opera tamaşalarına quruluş verərkən, plastikanı və duruş pozalarını hiss etmək üçün qəhrəmanın kostyumlarını da geyirdim. İtaliyada müğənniləri qayışla səhnə planşetinin üzərinə qaldırırdım və onlar bu vəziyyətdə oxuyurdular. Bir dəfə məşhur tenorlardan biri etiraz etdi ki, onu bu vəziyyətdə oxumağa Stalin də məcbur eləyə bilməz. Cavabında dedim ki, Stalinin vaxtında çilçırağın üstündə də oxuyardınız. – Lübmiov yerindən durub, çiyinlərini düzəltdi və otaqda var-gəl etməyə başladı. – Bilirsənmi, əgər İqor səhər-səhər çayda yuyunub, dua eləyib, döyüşə hazırlaşıbsa, bu, bir şeydir, döyüşə hazırlıqsız giribsə, başqa şey… Əks halda o, çöldə yerləşdirilmiş ön dəstələrdən xəbər alan kimi hərəkətə keçməliydi. Son döyüşdə düşmənə imkan vermək olmazdı ki, mühüm yol qovşaqlarını, yaşayış məskənlərini, dağ keçidlərini, digər vacib mövqeləri ələ keçirsin və beləliklə, qoşunun hərəkətini məhdudlaşdırsın. 

– Yuri Petroviç, siz müharibədə marşal olmusuz? Bunları haradan bilirsiz?

– Marşal olmamışam, iki müharibənin od-alovunu görmüşəm: Fin və Vətən müharibələrinin. “Ölülər və dirilər” tamaşası bu təcrübənin nəticəsində ərsəyə gəlib.

– Yuri Petroviç, burada siqaret çəkmək olar?

– Siqaretdə nə tapmısan? – Lübimov Qafqaz aksenti ilə qəti etiraz elədi, açıq-aşkar kimisə təqlid edirdi. – Çay yax­şıdır! Bəlkə, bir qədəh konyak da içəsən?

Həmsöhbətinin rola girdiyini hiss edən Semyon Semyo­noviç, təəccüblə onun üzünə baxdı.

– Qorxmayın, professor. Sadəcə mənə “Ölülər və dirilər”i səhnələşdirərkən başıma gələn bir hadisəni xatırlatdınız. O vaxtlar – 1965-ci ildə məni çıxdaş eləmişdilər. Birdən-birə hamı məni tərk etdi, “Ölülər və dirilər”i bağladılar. Onda Mayakovski Teatrında “Dünyanı sarsıdan on gün” tamaşasını oynayırdıq. Bir gün Vısotski işə sərxoş gəldi. Elə bu vaxt xə­bər çıxdı ki, Mikoyan tamaşaya baxmağa gələcək. İnzibat­çı otağında oturub fikirləşirdim – nə edəcəyimi bilmirdim. Zəng eləyən də yox idi, elə bil telefon xarab olmuşdu. 

Mayakovski Teatrında 

misteriya – 60-cı illər

 

Taqanka Teatrı güclü inzibati təzyiqdən heç cür qurtula bilmirdi. Lübimovun özünü də tez-tez ələ salır, məsxərəyə qo­yurdular. Həmin vaxtları Lübimov həmişə kədərlə xatırlayır. Mayakovski Teatrında başına gələn hadisə də belə qəmli xatirələrdəndir. Sonralar bu hadisəni çox adama danışmışdı:

“Onda Mayakovski adına Teatrda, inzibatçının otağında oturmuşdum. Tanımadığım bir adam içəri girib soruşdu:

– İnzibatçı sizsiniz? 

– Yox, nədir ki?

– Əvvəlcə sualıma cavab verin, axı birinci mən sual verdim. Hə, siz kimsiniz?

– Mən rejissor Lübimovam, Sov.İKP-nin üzvü. Mayakovski Teatrının rəhbərliyinin icazəsi ilə buradayam. 

– Buyurun, bizimlə gedək.

– Hara? Niyə?

– Buraya tanınmış bir adam gələcək. 

– Mən onu tanıyıram?

– Ola bilsin. Yəqin ki, tanıyırsınız. Onu siz qarşılayacaq­sı­nız. Dindirsə, danışarsınız. Amma ən yaxşısı, susmaqdır. Başqaları danışanda xoşuna gəlmir. Bizi zala aparın, onun otu­racağı yeri müəyyənləşdirək. 

Onlarla birgə zala gəlib, bir kənarda dayandım. Parterə göz gəzdirib, qonaq üçün yer müəyyənləşdirməyə başladılar. Öz aralarında uzun-uzadı götür-qoy eləyirdilər:

– Gəlin, onu birinci sırada otuzduraq, – təhlükəsizlik or­qanı­­­­­nın gənc əməkdaşı təklif etdi.

– Yox, etibarlı yer deyil, – nisbətən yaşlı, rütbəcə böyük əmək­daş etiraz etdi, – hər tərəfdən görünür. Hamı gözünü ona dikəcək, belə olmaz. Hələ artistləri demirəm, ağızlarının seliyini tuta bilmirlər, Allah bilir, gözünün önündə nə hoq­qa çıxıracaqlar, – o, birdən mənə sarı çevrilib, məsləhət istədi: – Onlar səhnədən zala hoppanıb eləmirlər?

– Kim?

– Sizin artistlər, səhnədən zala düşmürlər ki? – O, əliylə səhnəyə işarə elədi.

– Hoppanıb-düşürlər, bağışlayın, selik də axıdırlar, amma indiyədək tamaşaçılardan şikayət edən olmayıb. Bizim ar­tistlərdən ötrü tamaşaçıların ürəyi gedir. 

– Elə isə, onu harada əyləşdirək?

Onlara klassik bir variant təklif etdim – altıncı-yeddinci sıralardan birini.

– Nə danışırsınız? Camaatın ortasında? Sarsağın birisi onunla söhbətə girişmək istəsə, neyləyəcəyik? Qoy, bax, o lo­ja­da əyləşsin. Təhlükəsiz yerdir.

– Düz deyirsiniz, bu, çarın lojasıdır, – zarafatla dedim.

– Bunu sizsiz də başa düşdük, – rütbəcə böyük zabit cavab verdi”.

 

***

Sən demə, həmin gün Anastas İvanoviç Mikoyan – SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Mayakovski adına Teatra gəlməliymiş. Hökumət maşını əsas girişin önünə gələndə, Lübimovun arxasından itələyib, qonağın qarşısına çıxardılar. Mikoyan maşından çıxdı. İltifatla rejissora salam verib, onun üçün ayrılmış otağa keçdi. Qonağa “xoşgəldin” elə­dik­dən sonra Kumir səhnə arxasına üz tutdu. Ancaq təhlü-kə­sizlik xidməti əməkdaşının ona səsləndiyini eşidib ayaq saxladı:

– Sizi gözləyirlər. Anastas İvanoviçin lojasına gedin. Sizi özü dəvət edib.

– Onun yanında yox, arxa sırada oturun. Sizinlə danışmaq istəsə, təbii ki, susmaq lazım deyil. Ancaq özünüz təşəbbüs göstərməyin, ondan heç nə xahiş etməyin. Məktub-filan ötür­məyə çalışmayın!

Antraktda Mikoyan çay içmək üçün qonşu otağa keçdi. Lübimovu da onun arxasınca göndərdilər. Burada bir qədər söhbətləşdilər. Sonralar həmin söhbəti xatırlayanda Lübimov gülüşünü saxlaya bilmirdi.

Çay içirdik. Cürətimi toplayıb soruşdum:

– Siqaret çəkə bilərəm?

– Siqaretdə nə tapmısınız? Çay yaxşıdır. Bir qədəh kon­yak istəyirsiniz?

– İçərəm, hə.

– Sizə nə olub, niyə dinib-danışmırsınız? – Mikoyan qə­fildən soruşdu.

– “Ölülər və dirilər” tamaşasını bağlayıblar, ona görə kef­sizəm. 

– Niyə bağlayıblar, xoşlarına gəlməyən nədir?

– Görünür, şairlərin soyadları: Koqan, Slutski, Kulçitski, Samoylov…

– Samoylov da?

– Hə, pyesi birgə hazırlamışıq, bəlkə ona görə, həm də, o, yəhudidir… Bu sətirlər yadınızdadır:

 

Məşum qırxıncı illər,

Müharibə, qan-qada,

Ölümlər, qara kağız,

Qatarların fit səsi.

 

Relslər uğuldayır,

Soyuq, hündür vaqonlar.

Qərbdən şərqə köç edir,

Evi yanmış adamlar… 

 

– Yaxşı şeirdir. Deməli, o, yəhudiymiş, amma nə olsun axı?

– Görünür, fikirləşiblər ki, tamaşanı yəhudilər hazırlayıb, bundan inciyiblər.

– Niyə incisinlər ki? Düşməni incidərlər.

– Yox, Anastas İvanoviç, dostları da incidirlər. Əvvəla ada­mı incitmək asandır, ikincisi də, yəqin, xoşlarına gəlir.

– Qəribə vəziyyətdir. Sizə nə dedilər axı?

– Onlar sözü axıracan demirlər. Tamaşanı da hər ehtimala qarşı bağlayıblar – başları ağrımasın deyə. Tamaşanı bağla­maq asandır axı. Şairlərin adını dəyişdirməyi təklif etdilər, ancaq özlərini dolaşdırdılar. Çoxusunu tanımırlar axı, bilmir­lər yə­­hu­­di hansıdır, rus hansı.

Mikoyan bir qədər fikirləşib, dedi:

– Gərək onlardan soruşaydınız ki, iyirminci qurulta­yın qərarları ləğv olunub, nədir?

– Onlardan çox şey soruşdum. Ancaq mənə elə gəlir ki, onları sorğu-sual etmək sizin vəzifənizdir. Axı siz Ali Sove­tin Rəyasət Heyətinin sədrisiniz, deməli, SSRİ-nin preziden­tisiniz. 

 

*** 

Bu cür halların tez-tez baş verməsinə baxmayaraq, rejissorun ətrafına onu fədkarlıqla dəstəkləyən xeyli həmfikir toplaşmışdı. Belə səmimi dostlardan biri də yazıçı Konstan­tin Paustovski idi. Yuri Petroviç bir dəfə məşq zamanı evə zəng etdiklərini xatırladı. Dəstəyi qaldırdı, zəif bir səs eşitdi:

– Yuri Petroviç, danışan Konstantin Paustovskidir.

– Salam, Konstantin Georgiyeviç, səsinizi eşitməyə şadam. 

– Yuri Petroviç, eşitdim, başınıza iş gəlib…

– Hə, “Ölülər və dirilər” tamaşasını repertuardan çıxarıb-lar. Qorxuram, özümü də çıxaralar.

– Yuri Petroviç, bilirsiniz, bu yaxınlarda mənə dedilər ki, sən demə, Kosıgin də mənim pərəstişkarımdır. Bilirsiniz, bu gün ona zəng elədim, ona sizin teatr barədə də danışdım, dedim ki, teatrı bağlamaq, rejissoru işindən məhrum eləmək olmaz, bununla özünüzə, öz nüfuzunuza zərbə vurmuş olursunuz. Bilmirəm, bunun faydası olacaqmı, amma o dedi ki, bu məsələni araşdıracaq, çalışacaq kömək eləsin. Doğrusu, bilmirəm, kömək edəcəklər, ya yox. Onların işind

 

Meyerxold və Stanislavski

 

Taqanka Teatrının səhnəsi. S.Yeseninin poeması əsasında hazırlanan “Puqaçov” tamaşası nümayiş etdirilirdi. Yaradıcı heyət tamaşanı təhvil verirdi. Zəncirlənmiş Xlopuşa-Vısotski çırpınaraq, Yeseninin məşhur sətirlərini səsləndirdi:

 

Aparın, aparın, onun yanına

Baxmaq istəyirəm mən bu adama.

 

Tamaşaçıları zala buraxmamışdılar. Lübimov mərkəzdə, rejissor pultunun arxasında oturmuşdu, teatrın direktoru Dupak və quruluşçu qrupun bəzi üzvləri də onun yanındaydılar. Komissiya üzvləri irəlidə, yeddinci sırada əyləşmişdi. Yese­ninin iki qoca bacısı da onların arasındaydı. Komissiya üzvlərinin sifətindən narazılıq yağırdı. Alisa Çernova, Lüsya Jivotova və Vladimir Nasonov zalın zəif işıqlandırıldığı yerdə, balkonun altında oturmuşdular. Tamaşanı çox bəyənmişdilər. Gözləri sevincdən alışıb-yanırdı. Xüsusən də Burnov-Tornov rolunu aparan Viktor Samoylovun oyunu xoşlarına gəlmişdi. O, çıxış eləyəndə qızlar yavaşcadan al­qış­lamağa başladı, ancaq Lübimovun tərs-tərs baxdığını gö­rüb, özlərini yığışdırdılar. Tamaşa bitəndən sonra komissiya üzv­ləri səssizcə Lübimovun kabinetinə gəldilər, burada kres­lola­ra əyləşib, maraqla divarlara tamaşa etməyə başladılar – di­varları məş­­­hur insanların imzaları bəzəyirdi.

İricüssəli cənab (yəqin, komissiyanın rəhbəri idi) üzünü Yeseninin bacılarından birinə tutub, sakit səslə dedi:

– Görürsünüzmü, Yekaterina Aleksandrovna, Yuri Petroviç qardaşınızın istedadına etibar eləmir. Ona hansısa intermediyalar da lazım olub. Nədir, bununla indiki hakimiyyətə eyham vurur?

Yeseninin bacısı narazılıqla başını yellədi: yəni, böyük şairlə belə davranmaq olmazdı. 

– Hörmətli komissiya, – Lübimov sözə qarışdı, – artıq müzakirə başlayıbsa, icazə verin, bir məsələyə aydınlıq gətirim: söhbət hansısa intermediyalardan getmir, onları gözəl dramaturq, – o, üzünü bacılara tutdu, – yeri gəlmişkən, Sergey Aleksandroviçin dostu Nikolay Erdman yazıb. 

– Yeseninin dostudursa, lap pis, – arıq-quru, yaşı bilinməyən qadın əsəbi səslə dedi, – Yesenin poeziyası bu cür bayağı ­na­­­­ğıl­­lar­la uyuşmur. Məlaikə taxtda deyil, edam kötüyünün üstündə oturub, dişlərini ağardır. Ulyanova yaxşı aktrisadır, am­ma bu kötüyün üstündə, bağışlayın məni, heç də abırlı tə­sir bağışlamır. Axı bu, məlaikədir, onu bu kökə salmaq olmaz.

Komissiyanın mötəbər üzvlərindən biri dərhal onun səsinə səs verdi:

– Mən də elə onu deyirəm, çarın yaxın adamları ilə bağlı belə səhnələrə nə ehtiyac var? Potyomkinin ayıb yerinə ağcaqayın yarpağı yapışdırıblar… Başa düşmürsüz ki, bu, çox bayağı və şit təsir bağışlayır?

Nikolay Erdman söz aldı. Lübimov onu bir daha təqdim etdi:

– Gəlin görək, “Mandat” və “İntihar edən” tamaşalarının müəllifi nə deyir?

Erdman əməlli-başlı həyəcanlanmışdı, danışanda dili dolaşırü

– Birincisi, gəlin işin mahiyyəti barədə danışaq. Bu daramatik poema Yeseninin heç vaxt səhnələşdirilməmiş ən gözəl əsərlərindən biridir. Nəhayət, bu əsər sovet teatrında öz səhnə təcəssümünü tapıb. Bu, böyük hadisədir, yoldaşlar! Bunu heç Meyerxold da bacarmamışdı. Amma Lübimov bu işin öhdəsindən gəldi. Məncə, yalnız elə buna görə Lübimova minnətdar olmalıyıq. Belə böyük bir teatr hadisəsi baş veribsə, tənqidçilər ilk növbədə diqqəti buna yönətlməlidirlər. Sizsə intermediyalardan danışırsınız. Nə görmüsünüz intermediyalarda? Burda nə var axı? 

– Hə də, bunlar axı sizin intermedi­ya­larınız, ey­­ham­ları­nız­dır, – yaşı bilinməyən qadın qışqırmağa başladı. 

– Bağışlayın, öz həmkarınızla birgə qəhrəmanın ayıb yerini müzakirə eləyərkən, sizin sözünüzü kəsmədim, siz də mənim sözümü kəsməyin. Burada gözəl kollektiv formala­şıb, əla tamaşa hazırlanıb, rejissor geridə qalmış, unudulmuş teatrı Moskvanın ən maraqlı teatrlarından birinə çevirib. Ni­yə xoş söz deməyə diliniz gəlmir? Bu teatrı da başqalarının gününə salmaq istəyirsiniz?

Qəfildən komissiyanın rəhbəri ayağa qalxdı. Onun ətli, qırmızı sifəti qəzəbdən pörtmüşdü.

– Əziz yoldaş Erdman, sovet teatrına həsr olunmuş bö­yük esseyə görə sağ olun! Amma bağışlayın, burada bizə və­kil lazım deyil. Həm də biz ayrı-ayrı missiyalar yerinə yetiririk. Moskvada oynanılan tamaşalara görə məsuliyyət daşıyan təş­kilat­lar və insanlar var. Burada əyləşənlərin hər birinə bu, aydın olmalıdır. Yoldaş Erdman, sizin kinayə etdiyinz sovet teatrının da öz missiyası var. Bu, sadə, eyni zamanda mürəkkəb bir missiyadır. Bu missiya cəmiyyətin, kommunizm quran sovet cəmiyyətinin teatr estetikasını reallaşdır­maqdan ibarətdir. Nikolay Robertoviç, biz də sizin kimi teatr adamlarıyıq, teatrla nəfəs alırıq və təkcə Meyer­xolddan yox, həm də realist Stanislavskidən dərs almışıq. Böyük Stanislavskidən! Bəs siz neyləyirsiniz, Yuri Petroviç? Siz axı realistsiniz, Stanislavski sisteminin fəal tərəfdarı­sınız,məgər operetta qoyduğunu­zun fərqində deyilsiniz? Belə şeir oxuyarlar? Yeseninin səs yazısı var, o, Xlo­puşanın monoloqunu əla səsləndirib, sizdə isə alınmayıb. Zəncir səsləri, Vısotski-Xlopuşanın sərxoş çərənçiliyi monoloqun effektini sıfıra endirir. Bununla siz Yesenini təhqir edirsiniz. Yeseninin əvəzinə quruluşçunun, yəni özünüzün rolunuzu qabartmağa çalışırsınız. Elə deyilmi, Yekaterina Aleksandrovna?

Yeseninin bacılarından biri mızılda­na­raq, komissiya rəhbərinin sözlərini təsdiqləməyə başladı, ancaq ikinci bacı birdən-birə onun sözünü yarıda kəsdi:

– Nə danışırsan? O, tamaşanı görsəydi, sevincinin həddi-hüdudu olmazdı. Onlar səni qorxudublar, deyiblər ki, təqa­üdünü kəsəcəklər, odur ki, onların istədiyi kimi danışırsan!

Hay-küy qopdu. Lübimov yerindən dik atılıb, qışqırmağa başladı:

– Hə, deməli, şantajla məşğul olursunuz, yaşlı insanları qorxudursunuz? – Kumir qıvraq hərəktlə qapını taybatay aç­dı və əsib-kükrədi. – Çıxın mənim kabine­timdən, bir da­ha sizi burada görməyim. 

Hamı qorxmuşdu. Komissiya üzvləri səssiz-səmirsiz ota­ğı tərk etdi. Xanımlardan biri rejissorun qulağına pıçıldadı:

– Tamaşanın oynanmağını istəyirsiniz­sə, intermediyaları çıxarın, – qadın bar­mağını dodağına yapışdırıb, qapının ar­xa­sında gözdən itdi. 

Kabinetdə yalnız Lübimovla Erdman qaldı. Kumir qapını ötrdü, şkafdan bir şüşə araq çıxarıb, kiçik qədəhlərə süzdü. Sakitcə içdilər. Erdman Lübimovu şəfqətlə qucaqlayıb, sakit səslə dedi:

– Yura, tamaşa alınıb, mənim interme­di­yalarım olmasa da olar. 

 

 

“Uğursuzluq”dan 

dərhal sonra

 

Tamaşanın uğursuz təhvil aktın

DİGƏR MƏQALƏLƏR