TƏDQİQAT - Nizami Cəfərov

Lev Nikolayeviç Qumilyov (1912-1992)  rus elmi-ictimai fikrinin XX əsrdə yetirdiyi ən görkəmli (və görkəmli olduğu qədər də mübahisəli!) nümayən­dələrindən biridir. Və onun ideyaları soyuq elmi müzakirələr hüdudundan çox-çox kənara çıxaraq ictimai təfəkkürün ən emosional  sferalarına sirayət etmiş, ya istisnasız təqdirə,  ya da intəhasız tənqidə m­əruz qalmış, demək olar ki, heç zaman laqeyd qarşı­lanmamışdır.

Həyatının ən gözəl illərini həbsxanalarda keçirmiş, əsərlərinin nəşri qadağan olunmuş dissident alim-mü­tə­fəkkirin daxili iztirabları (və rəsmi ideologiyaya qarşı üsyanı!)   onun məşhur etnogenez nəzəriyyəsinin, ümumiyyətlə, etnoloji araşdırmalarının ruhuna da əhəmiyyətli təsir  göstərmişdir.

LEV QUMİLYOVUN “PASSİONARLIĞ”I

 

Etnosşünaslıq və ya beynəlxalq ter­minlə ifadə etsək, etnologiya yeni forma­laşmış, hətta demək olar ki,  formalaş­maqda olan elmdir. Və bu elmin yaradı­cılarından biri – Lev  Qumilyov yazır:

“Ona (etnologiyaya – N.C.) tələbat yalnız XX əsrin ikinci yarısında, etnoqrafik toplamaların və müşahidələrin  bəsit yığımının elmi, qarşısına problem qoy­mayıb, mənasız kolleksionerliyə çevirəcəyi təhlükəsinin hədələdiyi aydınlaşanda meydana çıxdı. Budur, gözlərimizin önündə cəmiyyətşünaslıq və etnologiya – ilk ba­xışdan eyni bir predmetlə – bəşəriyyətlə, ancaq tamamilə müxtəlif aspektlərdən maraqlanan iki fənn  zühur etmişdir. Və bu, qanunauyğunluqdur. Hər bir insan eyni zamanda həm sosiumun, həm də etnosun üzvüdür. Bunlar ikisi heç də eyni şey deyil”.

Əlbəttə, insan cəmiyyəti ən azı inersiya və ya təhtəlşüur şəkildə özünü dərk et­məyə, yaxud özü barədə təsəvvür for­malaşdırmağa başlayandan (xüsusilə özünü zahiri əlamətlərlə, məsələn, xarici görünüş, vərdişlər sistemi, dil və s.  baxımından özünə  oxşamayanlarla müqayisə etməyə məcbur olandan) etnik xarakterli müəyyən məlumatlara yiyə­lənmiş, bəşəriyyətin inkişafı, etnik əlaqələrin intensivləşməsilə həmin məlumatlar daha da  zənginləşmişdir, müxtəlif elmlərin tə­kamülü (və diferensiasiyası) isə etnos anlayışına ən müxtəlif tərəflərdən baxışlar  mozaikası yaratmışdır. Lakin bütün bunlar hələ  cəsarətlə “etnosşünaslıq (etnologiya)” adlandıracağımız elm olmamışdır. Məsə­lən, deyək ki, birbaşa xalqları, onla­rın hə­yat tərzini, adət-ənənələrini öyrənən  etnoqrafiya və ya müxtəlif etnosların söz sənətini araşdırmaqla onların dünyagö­rüşünü, mənəviyyatını bərpa etməyə çalışan folklorşünaslıq belə nə ayrı-ayrılıqda etnoslar, nə də, ümumiyyətlə, et­nos barədə  aydın (və mükəmməl elmi) təsəvvür yaratmamış, Lev Qumilyovun de­­diyi kimi, kolleksionerlik işi görməklə kifayətlənmişdir. Yaxud “xalqın dili onun ru­hu, xalqın ruhu isə onun dilidir” deyən dilçi-mütəfəkkir Vilhelm  Humboltdan bir ne­çə on il sonra müasir dilçiliyin banisi  Fer­dinand de Sössür sübut etmişdir  ki, dil şərti işarələr sistemidir ki, bu da V.Humboldtun məşhur fikrini, mahiyyət etibarilə, elmi məzmundan məhrum etmişdir.

Lakin etiraf etmək lazımdır ki,  müxtəlif elm sahələrinə  mənsub mütəxəssislərin  etnos barədəki ən müxtəlif  xarakterli mü­lahizələri heç də tamamilə hədər get­məmiş, bununla belə o zaman daha böyük elmi aktuallıq kəsb etmişdir ki, hadisəni (et­nosu), bir növ, bilavasitə öyrənmək  mə­­su­­liyyətini öz üzərinə götürən etnos­şünaslıq (etnologiya) meydana çıxmışdır.

Lev Qumilyov yazır:

“Etnologiya, heyvanların vərdişləri barədə elm olan etologiyaya oxşar olaraq, etnik kollektivlərin vərdiş impulsları  haqqında elmdir. İmpulslar şüurlu və  emosional ola, fərdin şəxsi iradəsi,  kollektivin təhrik ənənələri, kənar vəziyyətin, coğrafi mühitin, hətta  tarixi gedişatın doğurduğu spontan inkişafın təsiri ilə diktə  edilə bilər”.

Ona görə də Lev Qumilyov etnosşü­nas­lığa yalnız humanitar elm kimi ba­xıl­masını qətiyyən qəbul etmir. Və bütün ciddi-cəhd ilə sübut etməyə  çalışır ki, o (etnosşünaslıq), humanitariya hüdudunda saxlansa,  elmi-metodoloji əsaslarını tama­mi­lə itirəcəkdir.

Etnosşünaslığın predmeti – araşdırma obyekti özünün müxtəlif təzahür formala­rında (tayfa  və ya boy, xalq, millət və s.)  mövcud olan etnosdur.

“Etnos nədir?” sualına Lev Qumilyov belə cavab verir:

“Etnos – biosfera fenomeni və ya canlı varlıqların  termodinamikasının ikinci başlanğıcının prinsipinə uyğun olaraq, geobiokimyəvi enerji ilə işləyən diskret tipli elə bir sistemli  bütövlüyüdür ki, tarixi hadisələrin diaxron xronologiyası ilə təsdiq olunur”.

Fikrimizcə, etnosşünaslığın müasir prob­lemlərini çeşidləyə və ya sistemləş­dirərkən ilk  növbədə, aşağıdakı mövzular, yaxud bu və ya digər dərəcədə müstəqil problemlər üzərində dayanmaq lazım gəlir:

1) etnogenez problemi; 2) etnocoğrafiya və ya etnobiosfera; 3) etnoqrafiya; 

4) etnolinqvistika; 5) etnokulturologiya; 6) etnodinşünaslıq; 7) etnopsixologiya;  8) etnososiologiya; 9) etnopolitologiya və 10) etnik əlaqələr problemi.

Bu mövzu-problemlərin tədqiqat me­todlarına gəldikdə isə Lev Qumilyov xüsusilə 1, 2 və 3-cü məsələləri  texniki, yaxud təbiət elmlərinin metodoloji təcrübəsi əsasında araşdırmağı daha doğru hesab edir. Sonrakı məsələlər isə həmin məntiqlə, humanitar sferaya aid olsa da, əsas metodoloji dayağından, yəni texniki, yaxud təbiətşünaslıq genetipologiyasından heç  bir mərhələdə məhrum edilməməlidir.

Görünür, etnosşünaslığın tədqiqat metodlarına münasibətdə Lev Qumilyovu  məsələni həddindən artıq “biolojiləşdirmək” də tənqid edən humanitarlara, tam olmasa da, müəyyən qədər haqq qazandırmağa ehtiyac duyulur. Hər şeydən əvvəl ona görə ki, görkəmli etnosşünas bir çox hallarda etnosun həyatının (və təbiətinin) ən humanitar – ictimai təzahürlərini, yaxud funksiyalarını da, prinsip etibarilə,  biosfera kontekstində interpretasiya etməyə çalışır.

Etnogenez – etnosşünaslığın o problemidir ki, hansı üsulla həll olunmasından, daha doğrusu, bu mürəkkəb hadisəyə necə interpretasiya verilməsindən etnos­şünaslığın digər problemlərinin həlli bilavasitə asılıdır.

Lev Qumilyov özünün orijinallığı ilə seçilən etnogenez nəzəriyyəsində V.İ.Vernadskinin biosfera təliminə əsaslanır. Və yazır:

“Etnogenez – energetik prosesdir, passionarlıq – etnogenezi qidalandıran enerji formasının effektidir”.

Lev Qumilyovun etnogenez nəzəriyyə­sində  ən çox maraq doğurmaqla yanaşı, ən çox da mübahisəyə səbəb olan  “passi­onarlıq” anlayış-ideyasıdır. Və fikrimizcə, hə­min anlayış-ideyanın mübahisəliliyi özü­nü xüsusilə  onda göstərir ki, fərdin (liderin)  kreativ, sözün geniş mənasında yara­dıcı  fəaliyyəti etnik enerjinin bilavasitə təzahürü, nəticə etibarilə, etnosyaradan qüvvə kimi  təqdim olunur. Yaxud etnogenez prosesi bütünlüklə sosial, siyasi münasibətlər sferasından təcrid edilərək biosferaya daxil edilir. Halbuki çoxsaylı tarixi faktlar sübut edir ki, etnogenez prosesi biosfera və ya landşaftla nə qədər sıx bağlı olsa da, mahiyyəti etibarilə sosial hadisədir. Məsələn, türk etnosunun təşəkkülü, eləcə də onun (türk etnosunun) diferensiasiyası əsasında müasir türk xalqlarının formalaşmasını, eləcə də müasir İran və ya müasir Qafqaz xalqlarının meydana çıxmasını yalnız  təbiət hadisəsi kimi necə izah etmək olar?..

Lakin etnocoğrafiya və ya etnobios­feranın əsaslarından biri olması heç də şübhə doğurmur. Çünki etnosun təşəkkü­lündə, yaşamasında, digər etnoslarla əlaqələrində və s. təbiət çox mühüm, bir sıra hallarda isə həlledici rola malikdir. Relyefin quruluşu, landşaft, iqlim, su, torpağın məhsuldarlıq səviyyəsi kimi təbii-bioloji amillər etnosun nəinki xarakterinə, hətta taleyinə belə təsir göstərir. Və təbiət-cəmiyyət münasibətlərinin elə bir zəngin spektri mövcuddur ki, onu nəzərə almadan bu və ya digər etnosun tarixini yalnız sosial, yaxud siyasi motivlərlə izah etmək, demək olar ki, mümkün deyil.

Müəyyən mənada, etnosu özünün mürəkkəb strukturu ilə məhz təbiət yaradır, bununla belə unutmaq olmaz ki, etnos da təbii şəraitin imkan verdiyi miqyasda onu dəyişdirməyə, yaşayış üçün daha əlverişli vəziyyətə gətirməyə çalışır. Təbiət köçəri, yaxud oturaq etnoslar formalaşdırır; çöl xalqları ilə dağlarda, yaxud dəniz kənar­larında, yaxud da meşəlikdə məskunlaşmış xalqların həyat tərzini fərqləndirməklə onların yalnız sosial yox, həm də bioloji hadisə olduqlarını unutmağa heç zaman imkan vermir.

Etnosun geniş mənada təbiətə münasi­bətini isə, ilk növbədə onun etnoqrafiyası əks etdirir. Etnoqrafiya etnosşünaslığın ənənəvi sahəsi olsa da, uzun müddət müxtəlif xalqların adət-ənənələrinin daha çox qeydə alınması ilə kifayətləndiyindən etnos nəzəriyyəsinin formalaşmasına, demək olar ki, az şey vermişdir. Halbuki toplanmış etnoqrafik materialın sistemli (və müqayisəli) təhlili etnosun həm təbii (coğrafi-bioloji), həm sosial, həm də humanitar-kulturoloji xarakterinin qarşılıqlı öyrənilməsi, beləliklə, etnos fenomeninin mahiyyətinin aydınlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

 Bu və ya digər dilin, inkişaf səviyyə­sindən asılı olmayaraq, təmsil etdiyi etnosun təbiətini, yaxud fenomenologiyasını nə dərəcədə əks etdirdiyi məsələsinə münasibətdə mübahisələr mövcuddur. Həmin mübahisələr belə bir populyar paradoksa  əsaslanır ki, dil, bir tərəfdən, xalqın əsas  fərqləndirici  göstəricilərindən biri, hətta səhv  etmiriksə, birincisidir; digər tərəfdən, bütöv  bir qrup insanın – kollek­tivin davamlı olaraq, məsələn, ingilis, fransız və ya alman dilində ünsiyyət  saxlaması onun  ingilis, fransız və  ya alman mənşəli olmasına dəlalət  etmir.  Bununla belə, fikrimizcə, dil özünün işarələr sisteminin bütün şərtiliyi ilə yanaşı,  mənsub olduğu etnosa o qədər yapışmış,  onun xarakteri ilə o qədər  motivlənmişdir ki,  analitik təhlil  səviyyəsində dildən etnoloji  fenomen kimi bəhs edilməsə, etnos nəzəriyyəsi heç cür mükəmməl ola bilməz.

 Bir sıra hallarda etnosla onun üzvləri arasındakı ünsiyyət vasitəsinin şərtiliyinə  nümunə kimi, kifayət qədər geniş yayılmış ikidilliliyi və ya çoxdilliliyi göstərirlər ki, məsələnin mahiyyətinə vardıqda bu, o qə­dər də ciddi sübut deyil. Hər şeydən əvvəl ona görə ki, nə ikidillilik, nə də çoxdillilik bu və ya digər xalq, yaxud millət üçün həmişə yeganə olan anadili gerçək­liyini şübhə altına ala bilməz.

Etnolinqvistika etnosşünaslığın tərkib hissəsi kimi, görünür,  daha çox  etnokulturologiya ilə bağlıdır ki, burada  dilin etnosdaxili ünsiyyət vasitəsi olması ilə yanaşı, ən mühüm mədəniyyət amili və ya materialı olaraq istifadə edilməsi nə­zərdə tutulur. Məlumdur ki, bu və ya digər xalqın etnik (milli) mənəvi aləmi, ilk növ­bədə onun söz sənətində təzahür edir. Mifologiyadan, folklordan, eposdan başla­yaraq yazılı ədəbiyyatın ən modern janrlarına qədər xalqın  ideya-estetik təsəvvürləri, etnoqrafiyası və etnopsi­xo­logiyası söz sənətinin özünəməxsus qanunları ilə  inikasını tapır. Ona görə də ədəbiyyatda, eləcə də incəsənətin müxtəlif növlərində (xüsusilə  təsviri sənətdə, ifaçılıqda) etnosun mental  obrazını həm dərin, həm də üst qatlarda aşkarlamaqla onun haqqında kifayət qədər mükəmməl təsəvvür formalaşdırmaq mümkündür.

Şübhəsiz, mədəniyyət anlayışına ədəbiyyatla, incəsənətin müxtəlif növlərilə yanaşı, elm, təhsil,  dünyagörüşü (etnik təfəkkürün miqyası) və s. də daxildir ki, bu baxımdan etnoslar (xalqlar) ilk dövrlərdə mədəni, yaxud barbar (“vəhşi”), sonrakı dövrlərdə isə, daha yumşaq terminlərlə, inkişaf etmiş, yaxud geri qalmış olmaqla iki yerə ayrılırlar. Deməli, mədəni səviyyə müxtəlifliyi etnosu yalnız xaricdən (mü­qayisədə) deyil, daxildən də (bir fenomen olaraq) səciyyələndirən çox mühüm göstəricilərdən biridir. Lakin unutmaq olmaz ki, bir sıra hallarda bu və ya digər etnosu zahiri əlamətlərinə – həyat ukladına, məskunlaşma coğrafiyasına görə mədəni, yaxud qeyri-mədəni saymaq təşəbbüsləri olmuşdur ki, bunun da ən  populyar nü­munəsi oturaq  xalqların mədəni, köçərilərin isə guya qeyri-mədəni olması barədəki geniş yayılmış yanlış  təsəvvürlərdir.

Etnosun dini mənsubiyyəti (dünya­gö­rüşü) onun formalaşmasında əsas, bir sıra hallarda isə həlledici amillər sırasında olduğundan etnodinşünaslıq (etnoreligiya) etnosşünaslığın üzvi tərkib hissəsi hesab olunmalıdır. 

Heç şübhəsiz, bu və ya digər din təza­hürü ilk  başlanğıcda, demək olar ki, yalnız bir etnosun yaradıcılıq məhsulu və ya tə­şəbbüsü kimi ortaya  çıxır. Məsələn, iuda­izm yəhudilərin, xristianlıq yunanların, islam ərəblərin istedadının (dünyagörü­şünün) məhsuludur. Lakin bu da şübhə doğurmur ki, mədəni, sosial, siyasi kontaktlar digər xalqları da məcbur etmişdir ki, genetik baxımdan “müəllifliy”i onlara aid olmayan dinləri mənimsəsinlər. Və  beləliklə, etnosla din arasındakı müna­sibətlərin tamamilə şərti olduğu qənaətinə  gəlmək mümkündür ki, bunun da  ən səciyyəvi sübutlarından biri kimi eyni bir etnosun – türklərin tarix boyu müxtəlif dünya dinlərini kifayət qədər rahat qəbul etmələrini, yaxud müxtəlif etnik mənşəli  xalqların (məsələn, yunan, ingilis, fransız, rus, gürcü) xristian olmalarını göstərmək mümkündür. Başqa bir sübut isə bir etnosun müxtəlif tarixi dövrlərdə sosial-siyasi şəraitin təsiri və ya təzyiqi ilə dinini dəyişməsi faktlarıdır.

Lakin o hallar da mövcuddur ki, din bir sıra amillərlə birlikdə yeni etnosun təşəkkülünə bəzən əhəmiyyətli təkan verir.

Xalqların tarixində çox mühüm hadisələrdən biri özünüdərkin etnik yox, dini mənsubiyyətə dayanmasıdır ki, bu, demək olar ki, bütün orta əsrlər boyu inkişaf etmiş xalqların tarixində müşahidə edilir.

Etnosun psixologiyası onun hər bir tipik üzvünün xarakterində özünü bilavasitə göstərməklə ümumən etnos barədə bilikləri genişləndirir, ona görə də etnosşünaslığı etnopsixoloji müşahidələrdən, eksperi­ment­lərdən və elmi-nəzəri ümumiləş­dir­mələrdən kənarda təsəvvür etmək olmaz. Hər hansı xalqın psixologiyası, əsa­sən dörd mənbədən qidalanır: 1) genetik bio­sfera, 2) formalaşdığı coğrafiyanın çoxspektrli təsiri, 3) qəbul etdiyi dinin kanonları, 4) etnik əlaqələr.

Etnopsixologiya, hər şeydən əvvəl, etnosun həm toplum şəklində, həm də tipik üzvlərinin timsalında bu və ya digər hadisəyə təhtəlşüur reaksiyasında təzahür edir.

Etnososiologiyanın tədqiqat obyekti isə etnosun ictimai strukturu, cəmiyyət və onun üzvü (fərd) arasındakı çoxtərəfli münasibətlərdir ki, burada ümumtipoloji xüsusiyyətlərin çoxluğu ilə yanaşı, bir etnos üçün xarakterik olan məqamlar da vardır.

Etnosun sosial təbiəti onun siyasi xarakterinin əsas şərtidir. Və etnopoli­to­logiyanın da əsas araşdırma mövzusu etnos-dövlət münasibətləridir ki, bu ba­xım­dan, nəzəri olaraq, xalqlar üç yerə bölünür: 1) müstəqil dövləti olanlar, 2) dövləti ya­rımmüstəqil olanlar və 3) dövləti olmayanlar.

Ümumiyyətlə, dövlətçiliyin etnosun tarixində (və taleyində) nə qədər mühüm hadisə olduğunu göstərən faktlar içərisində, fikrimizcə, biri daha əsas və ya universaldır ki, o da mükəmməl dövlətçiliyi olan xalqın öz etnik potensialını maksimum reallaş­dırmaq imkanı qazanmasından ibarətdir.

Etnosşünaslıqda etnik əlaqələr problemi aktual olduğu qədər də strateji problemlərdən biri sayıla bilər. Hər şeydən  əvvəl ona görə ki, a) bu və ya digər etnosun özünəməxsus əlamətləri digər etnoslarla müqayisədə (və əlaqədə) meydana çıxır, b) dünya bütövləşdikcə etnos­la­rarası əlaqələr sürətlə intensiv­ləşərək, müxtəlif səviyyələrdə olduqca çoxlu kəsişən məqamlar yaradır və s. etnosların etnos­şünaslıqda “superetnos” adlanan birliklərinə qədər dərinləşən kontaktları meydana çıxır.  

Etnosşünaslıq  bir elm olaraq yeni formalaşsa da, çox böyük perspektivlərə  malik olduğunu sübut etməyə, yəqin ki, eh­ti­yac yoxdur. Zərurət isə onun (etnosşü­nas­lığın) anlayışlarını dəqiqləşdirməkdən, aktual problemlərini sistemləşdirməkdən və tədqiqat metodlarını müəyyənləşdir­məkdən ibarətdir ki, burada əsas elmi istinad, bir tərəfdən, müxtəlif xalqlara bö­lünmüş  insan  cəmiyyətinin bizə az-çox məlum olan  bir neçə on minillik tarixinin arxeoloji, etnoqrafik,  tekstoloji və s. tarixi­dir­sə, digər tərəfdən, müasir dünyada ge­­dən zəngin (və mürəkkəb) etnik pro­ses­­­­lərdir.   

 

*      *     *

Çoxları kimi biz də heç bir şübhə etmirik ki, Lev Qumilyovun “Qədim türklər”i türk  tarixinin, haqqında bəhs olunan dövrü barədə  indiyə qədər yazılmış ən möhtəşəm kitabdır. Bu kitabın sovet dövlətində  (və dövründə!) qələmə alındı­ğını yada salsaq, etiraf etməliyik ki, müəllifin yüksək intellektual səviyyəsi,  bir neçə on il davam edən gərgin elmi axtarışları ilə yanaşı, siyasi-ideoloji cəsa­rə­tini,  qəhrə­man­lığını da qiymətləndirmək üçün  hər cür əsas vardır.

Böyük tarixçi-mütəfəkkir yazır:

“Sibir və Mərkəzi Asiyanın qədim xalq­la­rını yalnız Çinin, yaxud İranın qonşuları kimi nəzərdən keçirmək təcrübəsinə son qoymaq lazımdır. Nəhayət, onların tarix­lə­rinin və mədəniyyətlərinin müstəqil inkişafı haqqındakı mübahisəsiz həqi­qət­dən təcrübi nəticələr çıxarılmalıdır. Bu qədim xalqların necə yaşadıqlarını, hiss etdiklərini, qələbə çaldıqlarını və məhv olduqlarını yalnız bu yolla başa düşmək olar. İndinin, hətta gələcəyin qaynaqları keçmişin dərinliklərində gizlənir. Axı həm də qədim türklər bir çox Sovet İttifaqı xalqlarının əcdadlarıdır.

Nəhayət, bəşəriyyət tarixinin ümumi qanunauyğunluqları variantları nəzərə alınmadan öyrənilə bilməz”.

Həmin fikrinin davamı olaraq “Qədim türklər”in müəllifi onu da əlavə edir ki:

“Tarixi prosesin dövrləşdirilməsi yalnız böyük yaxınlaşma zəminində mümkündür. Çünki əks təqdirdə, epoxalar arasındakı fərqlər nəzərə çarpmır və tarix hadisələrin kaleydoskopu təsirini bağışlayır. Asiya durğunluğu haqqındakı avropasentrist konsepsiya məhz lazımi dəqiqliyin çatış­maması (yaxud çox şeyin nəzərdən qaçırılması) zəminində mümkün olmuşdur. Təbii ki, “Ümumdünya tarixi”nin bu möv­zuya həsr edilmiş qısa və müəmmalı fəsilləri də mövcud konsepsiyanı rədd edə bilmir.

Oxucuların diqqətinə təqdim olunan bu əsər faktların toplanması ilə fəlsəfi dərki arasındakı zəruri orta mərhələdir. Bu sözün həqiqi mənasında tarixdir, yəni hadisələrin əlaqəli şəkildə  və ardıcıllıqla öyrənilməsidir”.

Fəlsəfi idrak (və ümumiləşdirmə) miqyası olmadan Tarix yoxdur. Və ona görə də, Lev Qumilyov haqlıdır ki, 

a) tarixə heç kim kiminsə “qonşu”su kimi daxil edilə bilməz;

b) tarixdə mövcud olmuş hər hansı etnosun bugünkü varisi var;

c) tarix “hadisələrin kaleydoskopu” yox, dialektik (və ya funksional) sistemidir.

“Qədim türklər”in müəllifinin bütün kitab boyu riayət etməyə çalışdığı çox mühüm bir metodoloji prinsip isə ondan ibarətdir ki:

“Ümumiyyətlə, xalqın tarixini istisnasız şəkildə onun əleyhdarının mövqeyindən öyrənmək olmaz.

Hadisələrin real gedişi əsasında qədim türklərin tarixini yazmaq üçün Çin salna­mələrindəki bütün faktların tənqidi tarixi dərki tələb olunur. Bu iş bütün başqa çə­tinliklərlə birlikdə Çin salnaməçiləri arasında qəbul edilmiş ifadə tərzi ilə daha da mü­rəkkəbləşir. Salnamədə “müvəffəqiyyətə nail ola bilməyib” deyilirsə, deməli, söhbət Çin ordusunun tamamilə darmadağın edil­məsindən gedir…”

Bütün elmi-metodoloji miqyasına, tarixi mənbələrə dərindən bələdliyinə, türklərə  məhəbbətinə baxmayaraq, böyük təd­qi­qat­çının şah əsəri “Qədim türklər”də, elə­cə də digər dəyərli əsərlərində ya ümum­türkoloji ənənələrdən, ya dövrün siyasi-ideoloji tələblərindən, ya da müəllifin maraq dairəsindən irəli  gələn bir sıra polemik məqamlar vardır.

Həmin məqamlardan ən azı ikisini “Qədim türklər”in Azərbaycan dilinə tərcüməçilərindən biri olan Vəli Həbiboğlu göstərmişdir:

“…Kitabda qədim türklərin V-IX əsrlərdə inkişaf tarixi öz əksini tapmışdır. Bu dövr türk tarixinin ən maraqlı və zəngin dövrlərindən biri olsa da, bütövlükdə türk  xalqlarının ən qədim dövrü haqqında heç də təsəvvür yaratmır. Türklərin hələ eradan əvvəl dövlət qurumlarının mövcudluğu, Sibir və Altay çöllərində, Çin ətrafında, habelə müxtəlif vaxtlarda  zəfərli yürüşlər zamanı Asiyanın və Avropanın bir çox  regionlarına geniş yayılması, məskun­laş­ması, zəngin mədəniyyət  və məişətə ma­lik olmaları bu kitabda tədqiqatdan kənarda qalmışdır.

Bundan əlavə, əsərdə yalnız Şərqdə, Sibir və Altay, habelə müasir Asiyanın ərazilərində yaşayan qədim türklər barədə danışılır. Qərb regionunda, o cümlədən Qafqaz, İran, müasir Azərbaycan ərazi­sin­də qədim dövrlərdən bəri məs­kun­laş­mış, daha  doğrusu, aborigen əhali olmuş türklərin tarixi, həyat tərzi, mədəniyyəti və dünyagörüşü məsələlərinə toxunulmur”.

Bu isə o deməkdir ki:

a) “Qədim türklər” müəllifinin əsərinin adı onun mövzusunu (haqqında bəhs etdiyi dövrü) dəqiq əks etdirmir;

b) görkəmli tarixçi nəinki qədim, hətta ilk orta əsrlər türk tarixinin bütün coğra­fi­yasını ehtiva etməmişdir.

Lev Qumilyovun ən çox mübahisə doğuran mülahizəsi isə qədim türklər haqqında çox tez-tez işlətdiyi “məhv olmuşlar” ifadəsində təzahür  edir. Və “Qədim türklər” kitabı,  maraqlıdır ki, həmin mülahizə ilə başlayır:

“…Avrasiya çöllərinin böyük bir ərazisi hələ də öz tədqiqatçısını gözləməkdədir. Bu, xüsusən Çingiz xanın tarix  səhnəsinə gəlməsindən əvvəlki dövrə aiddir. Həmin dövrdə Mərkəzi Asiya çölündə iki diqqətəlayiq xalq – hunlar və qədim  türklər, habelə adlarını şöhrətləndirməyə imkan tapmayan bir sıra  digər xalqlar yaranmışlar və məhv olmuşlar”.

Mənim yadımdadır ki, türkçülüyün əleyhdarı olan mərhum akademik İqrar Əliyev yüksək tribunalardan gənc Azər­baycan türkoloqlarına hücum edərək hiddətlənirdi: “Nə türk, türk deyirsiz? Sizin dediyiniz türklər məhv olmuşlar… Mənə inanmırsınızsa, gedin sevimli Qumilyo­vunuzu bir də oxuyun”.

Lev Qumilyov isə yazırdı:

“Dünya tarixi fonunda qədim türk xalqının və onun yaratdığı  dövlətin tarixi belə bir sual doğurur: türklər necə meydana gəlmişdilər və adlarını əslində onların varisləri olmayan bir sıra xalqlara verərək necə yoxa çıxdılar? Bu problemi yalnız siyasi  tarixin təhlili, yaxud ictimai müna­sibətlərin araşdırılması yolu ilə həll etməyə dəfələrlə təşəbbüs göstərilib, lakin həmin təşəbbüslər heç bir bəhrə verməyib. Bəşər tarixindəki cahanşümul əhəmiyyətlərinə baxmayaraq, qədim türklər azsaylı xalq idilər, Çin və İranla yaxın qonşuluq onların daxili işlərində öz əksini tapmaya bilməzdi. Başqa sözlə desək, bu ölkələrin ictimai və siyasi tarixi bir-biri ilə sıx çulğalanmışdı və hadisələrin gedişini bərpa etmək üçün biz həm bu, həm də digər tərəfi diqqətdən qaçırmamalıyıq. İqtisadi konyukturanın dəyişməsi, xüsusən də Çin mallarının da­şınmasının yüksək, yaxud aşağı səviyyədə olması, habelə İran  hökumətinin maneçilik xarakterli tədbirləri də burada az rol oynamamışdı”.

Lev Qumilyov burada özü özünü təkzib edir. Hər şeydən əvvəl o mənada ki, türklərin tarixini onun  “qonşular”ının tarixi müəyyən etmir, hətta “yaxın qonşuluq” olsa belə…

Və böyük tarixçi-filosofun eyni etnik kökə malik hunlarla, türkləri (əslində, göytürkləri) bir-birindən “zorla” ayırması,  onları “bəşər tarixindəki cahanşümul əhəmiyyətlərinə baxmayaraq” “azsaylı xalq” elan etməsi heç bir metodoloji prin­sipə uyğun gəlməyən rus-sovet  siyasi-ideoloji konyukturundan  sonacan yaxa qurtara  bilməməsinin nəticəsidir.

Beləliklə, türklərin tarixinin daha mükəmməl şəkildə öyrənilməsində üç fundamental elmi-metodoloji problem hələ də həll  olunmamış qalır:

1) “qədim”liyin hüdudlarının müəyyən­ləşdirilməsi;

2) “qədim”liyin coğrafiyasının tarixi miqyası ilə təsəvvür edilməsi;

3) “qədim dövr”lə “orta dövr” (və nəticə  etibarilə “yeni dövr”) arasındakı genetik varisliyin parametrlərinin dəqiqləşdirilməsi.

Və türk tarixinin fəlsəfəsinin mükəm­məlliyi bu fundamental problemlərin hansı səviyyədə həll olunacağından asılıdır. 

*         *        *

Lev Qumilyovun etnogenez nəzəriyyəsi və ya təlimi XX əsrin  sonu XXI əsrin əv­vəllərində rus elmi-ideoloji fikrinin ən çox maraq doğuran hadisələrindən, yaxud “beyin püskürmələri”ndən biri kimi müxtəlif səviyyələrdə geniş müzakirə obyektinə çevrilmiş, uzun  illər dövlət tərəfindən bu və ya digər  şəkildə təqib olunmuş dissident etnosşünasın “Rusdan Rusiyaya qədər”  adlı son kitabının 1995-ci ildə “Rusiyanı, onun tarixini və ruhunu anlamaqdakı xid­mə­tinə  görə” Rusiyanın Dövlət mükafatına layiq görülməsi isə həmin marağı məlum mənada daha da  gücləndirmişdir. Ancaq o da az maraq kəsb etmir ki, Lev Qumil­yovun son illər  böyük tirajlarla buraxılan kitablarında müzakirə (və mübahisə) predmeti tarixşünaslıq problemləri yox, bu problemlər hüdudundan xeyli kənara çıxan etnogenez nəzəriyyəsidir. Və təsadüfi deyil ki, həmin cəhəti nəzərə alan Maks Zilbert “Lev Qumilyov. Etnogenez nəzəriyyəsi. Böyük kəşf, yaxud mistikləşdirmə?” adlı xüsusi kitab tərtib edərək nəşr etdirmişdir (Moskva, 2013) ki,  burada M.İ.Artamonov, İ.M.Dyakonov, Y.V.Bromley, Y.K.Yefremov, B.A.Rıbakov, K.V.Çistov, Y.S.Lurye, A.L.Yanov… kimi görkəmli mütəxəssislərin Lev Qumilyovun məhz etnogenez nəzə­riyyəsinə  münasibəti əks olunur.

 Nəzəriyyənin güclü tərəfi olaraq mü­əllifin elmi izah tələb edən çoxsaylı tarixi hadisələrin sistemini və ya ümumi tipo­logiyasını  müəyyən etməsi göstərilirsə, zəif tərəfi kimi sosial yox, bioloji, hətta biokimyəvi başlanğıca əsaslanması qeyd olunaraq kəskin tənqid edilir. Və məsələ burasındadır ki, böyük tarix filosofunun etnogenez nəzəriyyəsinin metodoloji nüvəsini təşkil edən passionarlıq anlayışı da sosial deyil, bioloji “mənşəli”dir… Lakin  öz mövqeyində, nə qədər mübahisəli olsa da,  ömrünün axırına qədər möhkəm da­ya­nan (və  əleyhdarlarını vaxtaşırı “obı­vatel” adlandırmaqdan çəkinməyən) mü­əllifin  nəzəriyyəsinin məzmunu ilə yanaşı, həmin nəzəriyyədən çıxış edərək irəli sürdüyü qlobal miqyaslı təklif – “vəsiyyət”i maraq  doğurmaya bilməz.

Lev Qumilyovun son kitabı “Rusdan Rusiyaya qədər”ə son sözündə əks olunmuş “vəsiyyət”i belə başlayır:

Avrasiya kontinenti (əslində, onun avrasiya etnosunun formalaşdığı mərkəzi) “üç dəfə birləşmişdir. Əvvəlcə onu Sarı dənizdən Qara dənizə qədərki əraziləri əhatə edən xaqanlıq yaradan türklər birləşdirmişlər. Türkləri Sibirdən gələn monqollar əvəz etmişlər. Tam tənəzzül və dezinteqrasiya dövründən sonra tə­şəbbüsü öz əlinə Rusiya almışdır: XV əsrdən ruslar şərqə doğru hərəkət edərək Sakit okeana çatmışlar. Beləliklə, yeni hökm­ranlıq Türk xaqanlığı ilə Monqol ulu­sunun “varis”i olmuşdur.

Rusiyanın başçılığı ilə birləşmiş Avrasiyaya, ənənəvi olaraq, qərbdə  katolik Avropa, Uzaq Şərqdə Çin, cənubda isə müsəlman dünyası qarşı dayanmışlar”.

Göründüyü kimi, Lev Qumilyov Rusi­yanı onun ənənəvi (təbii!) əleyhdarları say­dığı katolik Avropasını, Çini, müsəlman dünyasını bütöv etnoslar (daha dəqiq de­sək,  superetnoslar) hesab edir. 

Və Avrasiya superetnosunun strukturu, yaxud xarakteri barədə yazır:

“Avrasiya landşaftının müxtəlifliyi onun xalqlarının etnogenezinə müsbət təsir göstərmişdir. Hər biri üçün münasib, ona rahat olan yer tapılmışdır: ruslar çay vadilərini, fin-uqor xalqları və ukraynalılar çayayrıcı məskənləri, türklər və monqollar çöl zolaqlarını, paleoasiyalılar isə tundranı mənimsəmişlər.

…Avrasiya xalqları hər bir xalqın müəyyən həyat formasına ilkin hüquq  prinsipindən çıxış edərək ümumi dövlətçilik yaratmışlar…”

Lev Qumilyov tarixdən müasir dövrə gəlir:

“Tarixi təcrübə göstərdi ki,  o zamana qədərki hər bir xalqın özü olmaq hüququ qorunub saxlanırdı, birləşmiş Avrasiya həm Qərbi Avropanın, həm Çinin, həm də  müsəlmanların hücumlarına davam gətirirdi. Təəssüf ki, XX əsrdə biz ölkəmiz üçün bu sağlam və ənənəvi olan siya­sətdən imtina edib Avropa prinsiplərini əldə rəhbər tutmağa başladıq – hamının eyni cür olmasına cəhd etdik. Kim istər ki, başqasına bənzəsin? Qərbi Avropanın vərdiş etdiyi ənənələrin Rusiya şəraitinə mexaniki köçürülməsi yaxşı olan az  şey verdi ki, bu, təəccüblü deyil. Axı rus superetnosu 500 il gec meydana çıxmışdı. Və biz, eləcə də qərbi avropalılar həmin fərqi hiss edirdik, başa düşürdük, odur ki, bir-birimizi “özümüzünkü” saymırdıq. 500 il cavan olduğumuzdan, Avropa təcrübəsini nə qədər öyrənsək də, biz Avropa üçün xarakterik olan imkanlara və əxlaqa hazırki halda çata bilmərik. Bizim yaşımız, passi­onarlıq səviyyəmiz qarşımıza tamamilə başqa vərdiş imperativləri qoyur”.

Və davam edir:

“Bu, heç də o demək deyil ki, yad şeyləri qapının astanasından qaytarmaq lazımdır. Başqasının təcrübəsini öyrənmək olar və gərəklidir, ancaq unutmaq olmaz ki, bu, məhz yad təcrübədir. Necə deyərlər, sivilizasiyalı ölkələr başqa superetnosa – Qərbi Avropa dünyasına aiddir ki, əvvəllər “Xristian dünyası” adlanırdı. O, IX əsrdə meydana gəlmiş və min illik bir dövrdə öz etnik tarixinin təbii finalına çatmışdır. Məhz buna görə də biz qərbi avropalılarda yüksək inkişaf etmiş texnika, oturuşmuş məişət, hüquqa əsaslanan nizam-intizamın hökm sürdüyünü görürük. Bütün bunlar uzunmüddətli tarixi inkişafın nəticəsidir”.

Lev Qumilyovun “vəsiyyət”i belə bir xəbərdarlıqla yekunlaşır:

“Əlbəttə, sivilizasiyalı xalqların, yəni yad superetnosun dairəsinə girməyə can atmaq olar. Ancaq, təəssüf ki, heç nə müftə deyil. Anlamaq lazımdır ki, Rusiyanın Qərbi Avropa ilə inteqrasiyası bütün hallarda vətənin ənənələrindən tam imtina və sonrakı assimilyasiya hesabına başa gələcəkdir.

Bu sadə nəticəyə, görünür, yalnız etibarlı qaynaqlara dayanmaqla gəlmək olar. Biz isə aşkar bir şeyi nədənsə etiraf etmək istəmirik ki, etnik münasibətlərin əsası şüur sferası hüdudlarından kənarda mövcuddur – o, emosiyalarda – simpatiya və antipatiyada, məhəbbət və nifrətdədir. Və həmin simpatiya – antipatiyaların yönü hər bir etnos üçün tamamilə şərtlən­diril­mişdir. Bu vəziyyəti necə gəldi dəyər­lən­dirmək mümkündür, ancaq bununla onun reallığı azalmayacaqdır”.

“Rusdan Rusiyaya qədər” kitabına “Böyük avrasiyaçının vəsiyyəti” adlı son sözündə  Rusiya Coğrafiya cəmiyyətinin prezidenti, professor S.B.Lavrov göstərir ki, bu “vəsiyyət” ilə böyük mütəfəkkir dünyadan gedərkən düşdüyümüz ümidsiz vəziyyətdən çıxış yolu tapmaqda bizə kömək etməyə çalışmışdır.

Avrasiya superetnosu, eləcə də onun ənənəvi, yumşaq desək, rəqibləri barədəki avrasiyaçı təfəkkürün nə qədər doğru olub-olmaması barədəki məsələ, əlbəttə, çox ciddi mübahisə obyekti sayıla bilər. Və fikrimizcə, bu, böyük avrasiyaçı mütə­fəkkirin “vəsiyyət”inin nüfuzuna və ya ke­çərliliyinə əhəmiyyətli təsir göstərməyə bilməz.

Məsələnin qoyuluşunun qlobal tərəfləri üzərində dayanmayıb (və bunu daha səlahiyyətli mütəxəssislərin öhdəsinə buraxaraq) bizim üçün aktual (və əhəmiyyətli) tərəflərdən birinə –“vəsiyyət”də türk xalqlarının taleyinə hansı prizmadan yanaşılmasına baxsaq, belə məlum olur ki, burada bir sıra ciddi anlaşılmazlıqlar vardır… Birincisi odur ki, bütöv etnik hadisə olan türklər (türk xalqları) nə dərəcədə Avrasiya (Rusiya) superetnosunun üzvi tərkib hissəsi sayıla bilər? İkin­cisi, Avrasiya (Rusiya)  superetnosunun rəqibləri olan superetnosların – Çinin və ya müsəlman dünyasının “tərkibindəki” (və yüzillər boyu türk dünyasından təcrid olunmamış) milyonlarla  türklərin taleyi necə olsun? Və üçüncüsü, XX əsrin sonlarında öz dövlət müstəqilliyini təmin etmiş, yaxud təmin etməkdə olan, həm türk, həm də ümumən dünya məkanında hərtərəfli inteqrasiyaya can atan ayrı-ayrı türk xalqları öz gələcəkləri barədə nə düşünməlidirlər?

“Vəsiyyət” bu suallara cavab vermir… Müasir dünya isə geniş müzakirələrin aprobasiyasından geçməyən ideya-nəzəriyyəni sxematik baxımdan nə qədər sistemli və ya mükəmməl qurulmuş olursa-olsun, çətin ki, qəbul edə…

Doğrudur, yeni nəzəriyyə bütün müba­hisəli tərəflərilə birlikdə, etnosşünaslığı müəyyən mənada hərəkətə gətirdi, onu ictimai-humanitar təfəkkürün “əsarət”indən çıxarıb daha çox təbiətşünaslıq tədqiqat­larının obyektinə çevirməyə  cəhd etməklə müstəqil bir elm kimi  inkişafı üçün geniş metodoloji  imkanlar yaratdı. Və fikrimizcə, Lev Qumilyovun bu sahədə xidməti, əsa­sən, o oldu ki, həqiqəti sü­kunətdə, ətalətdə yox, irəli sürdüyü mü­bahisələr, mülahi­zələrdə axtardı. Ona görə də güman et­mirik ki, istər dövrümüzün, istərsə də gələcəyin hər hansı az-çox ciddi etnos­şünası Lev Qumilyovun etnogenez nəzə­riyyəsinə laqeyd yanaşsın, onu ya təqdir, ya da tənqid etmədən ötüşsün.

Lev Qumilyov ilk növbədə, coğrafiya tarixçisi olduğundan onun əsərlərində (və nəticə etibarilə, məşhur nəzəriyyəsində) qədim dövrlərdən başlayaraq yer üzərində zühur etmiş  çoxsaylı etnosların tarixi, əgər belə demək olarsa, ehtirasla (öz  termini ilə ifadə etsək, passionar bir maraqla!) araşdırılır ki, onların içərisində ən çox diqqət yetiriləni məhz türklərdir. Və təsadüfi deyil ki, Lev Qumilyov həm də görkəmli türkoloq sayılır… Yeri gəlmişkən, onun türk xalqlarının yaddaşından heç zaman silinməyəcək böyük bir xidmətini xatırlayaq: Lev Qumilyov kifayət qədər əsaslı dəlillərlə rus-sovet tarixşünaslığında möhkəm yer tutmuş “monqol-tatar vəhşiliyi”  barədəki əsassız təsəvvürü sındırdı… Lakin onun rus-slavyanlarla monqol-tatarların “birləşə­rək” vahid superetnosa çevrilmələri – Avrasiya etnosunu yaratmaları mülahizəsi, birbaşa desək, həqiqəti ifadə etmədi.

Türklərin mənşəyi (və bir etnos olaraq təşəkkülü) məsələsinə gəldikdə Lev Qumil­yov özünün passionarlıq fərziyyəsinə dayanaraq (daha doğrusu, həmin fərziyyəni sübut etmək məqsədiylə) yazır:

“439-cu ildə kiçik bir monqoldilli Aşina köçəriləri qrupu Alaşan və Nanşan dağ ətəklərindən şimala – monqol Altaylarına sıxışdırıldı. Burada o, yerli türkdilli əhali ilə qarışdı, nəticə etibarilə, özünü “türk” və ya “türküt” adlandıran kiçik bir xalq ya­randı. VI əsrin ortalarında türklər Qara dənizdən Sarı dənizə qədər, demək olar ki, bütün Avrasiya çölünü, eləcə də Amudəryaya qədər Orta Asiyanı zəbt etdilər. Bu, onların tarixi təşəkkül fazası idi. Lakin qüdrətli, zəngin və təcavüzkar Çinlə qonşuluq bir sıra ziddiyyətlərin meydana çıxmasına gətirib  çıxardı ki, həmin ziddiyyətlər 630-cu ildə Şərqi Türk xa­qan­lığının darmadağın edilərək türklərin Çin imperatoruna tabe olunması ilə nəticələndi. Qərb xaqanlığı 658-ci ilə qədər öz müstəqilliyini saxlasa da, həmin il Çin orduları onun şərq yarısını da tutdular, qərb yarısı isə müstəqil Xəzər xaqanlığını yaratdı. 680-ci ildə şərq türkləri Çinə qarşı üsyan edib 750-ci ilə qədər müstəqilliklərini təmin edə bildilər. Çində formalaşmış karluk, uyğur və basmılların ittifaqı tərəfindən məğlub edilmələri qədim türk etnosunun tarixi mövcudluq fazasına son qoydu. Beləliklə, o türklər ki,  çöldə qırılmamışdılar, Mərkəzi Asiyanın xalqlar qarışığında əridilər. Yalnız Altayda gizlənmiş kiçik bir qrup  relikt kimi XVII əsrə qədər mövcud  oldu ki, həmin dövrdə onu boyar oğlu Pyotr Sabanski ram etdi”.

“Qədim türklər”in tarixi, Lev Qumilyova görə, nə az-nə çox, məhz bundan ibarətdir… Və etnosşünas-türkoloqun, demək olar ki, bütün  əsərlərində bu ideya israrla təqdim (və təbliğ)  edilmişdir. Halbuki qədim türklər Altay etnosunun təbii diferensiasiyası nəticəsində ən geci e.ə. III  minillikdə meydana çıxmış, eramızın I minilliyinin  ortalarından başlayan eyni dərəcədə təbii diferensiasiyanın məhsulu olaraq II minilliyin ortalarında müasir türk xalqları  formalaşmışdır ki, bunu coğrafiya (məskən), etnoqrafiya və ya etnik-mədəni vərdişlər sistemi, dünyagörüşü, dil kimi çox mühüm etnoloji amillər sübut edir. Türklərin beş min ildən artıq ardıcıl tarixinin, yaxud etnik varisliyinin mövcudluğu heç bir şübhə doğurmur. Lev Qumilyovun  hər hansı xalqın (etnosun) tarixində bir neçə xalq (etnos) axtarması, müxtəlif (və müstəqil) xalqları bir-biri ilə çox asanlıqla “qarışdırıb” yeni “xalq” və ya “xalqlar” yaratması isə onun həm nəzəriyyəsinin, həm də “vəsiyyət”inin doğruluğuna ciddi şübhə yaradır… Ümumiyyətlə isə, türklər – türk  xalqları, digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidirlər. Və müasir dünya ilə fəal iqtisadi, ictimai-siyasi və mədəni  əlaqələri onların, eləcə də digər xalqların min illər boyu formalaşmış etnik təbiəti üçün heç bir təhlükə təşkil etmir.    

 

*     *     *

Məlum olduğu kimi, Lev Qumilyovun etnogenez nəzəriyyəsinin ən maraqlı (və populyar), eyni zamanda ən çox mübahisə doğuran məqamı etnoloq-mütəfəkkirin  irəli sürdüyü “passionarlıq” anlayışı ilə  bağlıdır ki, nəzəriyyə müəllifi bu barədə yazır: “…Elmi təhlil məqsədindən irəli gələrək biz yeni termin – passionarlıq (latınca “passio”dan) təklif edirik…  Demək olar ki, bütün insanlarda passionarlıq mövcuddur, ancaq fövqəladə dərəcədə fərqli dozalarda. O özünü fərqli key­fiy­yətlərdə:  hakimiyyətsevərlikdə, qürurda, şöhrətpərəstlikdə, acgözlükdə, qibtədə və s. göstərir ki, eyni rahatlıqla şücaət və cinayət, quruculuq və  dağıdıcılıq, xeyir və şər törədir, biganəliyə isə heç bir yer qoymur”.

Lev Qumilyovun fikrincə, “passionarlıq impulsu  o qədər güclü olur ki, həmin əlamətin  daşıyıcıları – passionarlar öz hərəkətlərinin nəticələrilə hesablaşmadan, hətta məhv olmağı belə gözlərinin qarşısına alaraq başladıqları işi başa çatdırmağa can atırlar. Bu, çox vacib hal olub, onu göstərir ki, passionarlıq insanların şüurunda yox, təhtəlşüurundadır”.

Etnogenez nəzəriyyəsinin müəllifi hə­min nəzəriyyənin, demək olar, mahiyyətini əks etdirən belə bir nəticəyə gəlir ki, passionarlar “uzaq yürüşlər təşkil edirlər ki, oradan çox az adamlar qayıdır.  Onlar öz etnoslarını əhatə edən xalqların ram olunması uğrunda mübarizə aparır, yaxud işğalçılara qarşı döyüşürlər. Bu cür fəaliyyət üçünsə gərginliyə dözümlü yüksək bacarıq tələb olunur, çünki canlı orqanizmin hər cür cəhdi enerjinin hansısa növünün itirilməsilə müşayiət edilir. Həmin enerji növü bizim böyük həmvətənimiz, akademik V.İ.Vernadski tərəfindən kəşf və təsvir olunmuş, elə özü tərəfindən də biosferin canlı cismlərinin biokimyəvi enerjisi adlan­dı­rılmışdır.

Passionarlıqla vərdiş arasındakı əlaqənin mexanizmi çox sadədir. Adətən, canlı orqanizmlərdə olduğu kimi, insanlarda enerji onların həyatlarını təmin etmək üçün nə qədər zəruridirsə, o qədərdir. Əgər insan or­qa­nizmi ətraf mühitdən  daha çox enerji “əldə etməyə” qabildirsə, həmin insan başqa insanlarla münasibətlər və əlaqələr for­malaşdırır ki, bu enerjini seçilmiş istiqa­mətlərdən hər hansı birinə tətbiq etmək im­kanı qazanır. Yeni dini sistem və ya elmi nəzəriyyə yaratmaq da, piramidalar və ya Eyfel qülləsi tikmək də və s. mümkündür. Bu zaman passionarlar yalnız bilavasitə icraçı kimi yox, həm də təşkilatçı kimi çıxış  edirlər. Öz artıq enerjilərini sosial iye­rar­xiyanın bütün səviyyələrində həmtayfalarının təşkilinə və idarəsinə sərf etməklə onlar, müəyyən çətinliklərlə üzləşsələr də, yeni vərdiş stereotipləri işləyib hazırlayır, onları bütün digərlərinə sirayət etdirir və beləliklə, tarixin gözləri qarşısında yeni etnik sistem, yeni etnos yaradırlar”.

Lev Qumilyov passionarlığın uzun zaman davam etsə də, kəsilən bir proses olaraq fazalarını da göstərir: 1) passionar təkanla etnosun passionar qalxınması fazası, 2) akmatik faza, 3) sınma fazası, 4) inersiya fazası, 5) obskurasiya fazası.

“Lev Qumilyov. Etnogenez nəzəriyyəsi. Böyük kəşf, yoxsa mistikləşdirmə?” məqalələr məcmuəsinə yazdığı “Tərtib­çidən” adlı ön sözündə Maks Zilbert göstərir ki, “elmi nəzəriyyənin dəyəri mü­şahidə olunan hadisələrə, mövcud elmi faktlara ziddiyyətsiz izah təqdim etmək qabiliyyətilə müəyyən olunur. Məsələn, Ərəbistan səhrasında sakitcə dəvəsini bəsləyən, beynəlxalq arenada  minimal rol oynayan köçəri-bədəvilərin VII əsrdə peyğəmbərin bayrağını qaldıraraq, həmin bayraq altında dövrün ən möhtəşəm hakimiyyəti – Bizans üzərində hərbi qələbəsini, zəngin Sasanilər imperiyasını dağıtmalarını və İspaniyadan  Hindistana qədərki ucsuz- bucaqsız torpaqlara hökm etməyə başlamalarını nə ilə izah etmək  olar? Heç kimə məlum olmayan, mü­qayisədə azsaylı monqollar XIII əsrdə  nə yolla bütün Cənubi Asiyanı və Avropanın yarısını tuta  bildilər? Hansı səbəblərə görə kiçicik dövlətlərdən  nəhəng imperi­yalar, məsələn, qədim Romada, Osmanlı Türkiyəsində və XIV əsrdə çox balaca Moskva knyazlığından törəmiş  Rusiyada olduğu kimi, əmələ gəldi?..

Bu suallara cavab vermək, həqiqətən, ciddi məsələdir: hazırki halda bu sətirlərin müəllifinə elə gəlir ki, Qumilyov nəzəriy­yəsindən başqa, heç bir nəzəriyyə bunları aydınlaşdırmağa qadir deyil”.

Lev Qumilyov son müsahibələrinin birində passionarlıq məsələsinə necə gəlib çıxdığı barədə təfsilatı ilə verdiyi izahat onun etnogenez nəzəriyyəsinin metodoloji əsaslarını öyrənmək baxımından maraqsız ola bilməz.

Müəllif həbsxana kamerasındakı intellektual “axtarışlar”ından danışır… “…Düşünürdüm: axı nə üçün Makedoniyalı İsgəndər əvvəl İrana, sonra isə Hindistana və Orta Asiyaya yeridi? Oralarda ona nə lazım idi? – Heç nə! Və birdən ağlıma gəldi ki, bütün bu böyük müharibələr ona görə baş verməyib ki, kiməsə (ən azı onların iştirakçılarına) lazım imiş; ona görə baş verib ki, ayrı bir şey  var – mən onu latınca “ehtiras” mənasını verən passionarlıq adlandırdım.

Passionarlıq – hər hansı bir aydın məqsədsiz  və ya illüziya məqsədli hə­rə­kətə can atmaqdır. Bəzən bu illüziyalı məqsəd faydalı, çox hallarda isə faydasız olur, lakin passionarlar hərəkətə keçməyə bilməz. Bu, yalnız bir adama yox, insan qruplarına da aiddir.

…Kamerada oturarkən mən gördüm ki, işıq şüası pəncərədən sement dö­şəməyə necə düşür.  Və o zaman anladım ki, passionarlıq – enerjidir. Eynilə bitkiləri qidalandıran enerji kimi. Burada uzaq bir assosiasiya öz işini gördü. Beləliklə, nəzəriyyənin inkişafında növbəti addımı atmış oldum.

…Öz yarımadalarının dərinliklərindən qəflətən hərəkət edərək, Luaradan Hində və Pamirə qədər çoxsaylı əhalisi olan geniş bir əraziyə hücum edən ərəblər hər yeri tutdular! Nəyin nəticəsi idi?  Həmin enerji idi ki, gözə görünən effektini – passionarlığı ortaya çıxarmışdı. Passi­o­narlıq – həmin effektdir ki, bizdə – insanlarda təzahür edir. Onun heyvanlarda necə təzahür etdiyini isə zooloqlardan soruşmaq lazımdır”.

Bu cür mülahizələr, irəlicədən deyək ki, Lev Qumilyovun nəzəriyyə axtarışlarına (və nəticə etibarilə, etnogenez nəzəriy­yəsinə) qəribə bir mistiklik gətirir. Hətta onun soyuq elmi təfəkkürün məhsulu ol­ma­sına bəri başdan şübhə yaradır… Xatırlayaq ki, həmin şübhələr (və etirazlar!) nəzəriyyə müəllifinin kifayət qədər nüfuzlu (və çoxsaylı) opponentlərində həmişə olmuşdur…

Fikrimizcə, müxtəlif etnosların tarix səhnəsinə çıxması “təkamül nəzəriyyəsi” ilə izah olunmasa da, “passionar təkan”ın da məhsulu deyil. Ən azı ona görə ki, nə Makedoniyalı İsgəndərin, nə qədim Romanın, nə türklərin, nə monqolların, nə də Moskva knyazlığının “passionarlığ”ı öz-özlüyündə heç bir yeni etnos yarat­mamışdır. Və yarada da bilməzdi… Lakin Lev Qumilyovun məşhur nəzəriyyəsi, Maks Zilbertin qeyd etdiyi kimi, doğruluğuna və ya əsaslılığına görə yox, daha çox ona görə populyarlaşdı ki, elm üçün aktual olan hadisələri obyektiv (və heç bir konyuktur ideologiyaya dayanmadan) izah etməyə cəhd göstərməklə normal idrak qarşısında geniş üfüqlər açdı… Bununla belə nəzə­riyyə müəllifi (və onun tələbələri) fakt kimi qəbul etdikləri hadisələri həm təbii halında şərh eləməkdən yayındılar, onları sxe­matikləş­dirdilər, həm də (və daha qə­buledilməz olaraq) “indukasiya”dan “deduksiya”ya çox tez keçməklə yeni nəzə­riyyəni “toxunulmaz” elan edib sübut üçün  fakt axtarmaq (əslində, uydurmaq) yo­lu tutdular.

Lev Qumilyovun nəzəriyyəsi etnogenez problemini nə qədər aktuallaşdırdısa, o qədər də dolaşdırdı. Və nəticəsi də bu oldu ki, yeni problem – Lev Qumilyovun nə demək istədiyini, hansı termin və ya anlayışlarla danışdığını “yozmaq” problemi (əslində, problemləri!) meydana çıxdı. Ən dözülməzi isə müəllifin cəsarətlə “mənim nəzəriyyəm” dediyi anlayışlar (və müəyyən münasibətlər) sxemini özü müzakirələr (və mübahisələr) obyektinə çevrildi. Lev Qumilyovun dissident intellektual nüfuzu ona gətirib çıxardı ki, sovet etnologiyasının klassiklərindən olan (və “passionarlıq” fərziyyəsinə ciddi baxmayan) Y.V.Bromley plagiatçılıqda (Lev Qumilyovu köçürməkdə) ittiham  edildi. Nəzəriyyə müəllifinin (və qumilyovçuların) belə bir təsəvvür forma­laşdırmaqda məqsədləri, bir tərəfdən, əleyhdarlara qarşı mübarizə idisə, digər tərəfdən, heç şübhəsiz, yeni (və əslində, bu sahədə yeganə sayılan) nəzəriyyəyə sosial maraq qazandırmaq idi. Etiraf edək ki, bu, müəyyən mənada, baş tutdu, lakin, nəticə etibarilə, Lev Qumilyovun mülahi­zə­ləri “daxil”dən müdafiəsiz qaldı.

Fikrimizcə, həmin müdafiəsizlik, prinsip etibarilə, onda təzahür edir ki, etnosun təşəkkülü üçün tələb olunan şərtlər, yaxud etnosun meydana çıxma şəraiti və ya yolları mövcud faktlara dayanılaraq aydın göstərilmədiyi halda, biokimyəvi enerji mənbəyi, passionarlıq (onun fazaları), ətraf mühit (landşaft, iqlim dəyişmələri), etnoslararası münasibətlər (komplimentasiya), etnosun strukturu (subetnos, etnos, superetnos) və s. kimi kifayət qədər mücərrəd, dolayı və mübahisəli məsələlər üzərində baş sındırılır. Nəticə etibarilə, təfərrüat mətləbi “unutdurmış” olur.

Mətləb isə bundan ibarətdir ki, insan cəmiyyətinin, o cümlədən də xalqların  (etnosların) tarixi təbii artma-çoxalma, genişlənmə-yayılmaya əsaslanan  dife­ren­siasiya tarixidir. Və ana etnosun bölün­məsi üçün ən mühüm şərt-səbəblər sıra­sına üç mühüm amil daxildir: 1) coğrafi-iqtisadi, 2) siyasi və 3) mədəni.

Və fikrimizcə, bu şərt-səbəblər nəzərə alınmadan heç bir  ikinci və ya üçüncü­də­rəcəli amil, heç bir təhtəlşüur passio­narlıq etnos yarada  bilməz. Roman, german, slavyan, İran, türk və b. xalqların ha­mısı tamamilə təbii (etnocoğrafi, etnosiyasi və etnokulturoloji) diferensia­si­yanın məhsulu kimi meydana çıxmışlar. Və mürəkkəblik, yaxud təfsilat isə bu ümumi (normal) qanunauyğunluqla yox,  müəyyən anomaliyalarla bağlıdır. Belə ki, bu və ya digər etnosun təşəkkülündə yuxarıda qeyd etdiyimiz  şərt-səbəblərdən biri aparıcı ola, önə çıxa bilər,  lakin nəticə etibarilə, az və ya çox dərəcədə hər üçü iştirak etməlidir. Yaxud etnosların  diferen­siasiya səviyyəsinin aşağı, yaxud yüksək olması da mümkündür; məsələn, türk, İran, Qafqaz xalqlarının bir qismi ana etnosdan çox, bir qismi isə az təcrid olun­muş­dur. Və yaxud elə etnoslar (xalqlar) var ki, onların müstəqillik (diferensiasiya) səviyyəsi və ya keyfiyyəti mübahisəlidir.

Bütün bunları nəzərə alsaq, Lev Qumil­yovun “passionarlığ”ına, eləcə də ümumən  etnogenez nəzəriyyəsinə hələ ki, yalnız passionar, ehtiraslı bir fərziyyə kimi baxmaq mümkündür. 

 

DİGƏR MƏQALƏLƏR