MAGİK ROMAN - Alvaro Kunkero

Görkəmli ispan yazıçısı. 1911-ci ildə Mondonedoda anadan olub. Santyaqo de Kompostela Universitetinin Fəlsəfə və filologiya fakültəsində oxuyub. Ancaq jur­nalistika ilə məşğul olduğundan, təhsilini yarımçıq qoyub. Vətəndaş müharibəsi illərində frankoçular tərəfində vuruşsa da, 1943-cü ildə İspaniya Faşist Partiyası ilə əlaqələrini kəsib. 

“Musiqiçinin qeydləri” (1956), “Orestə oxşayan adam” (1969), “Kometa ili və dörd hökmdarın döyüşu” (1974) roman­la­rının, bir çox hekayə və şeir kitablarının müəllifidir.

1981-ci ildə Qalisiyada vəfat edib.

 

Tərcümə: Saday Budaqlı

 

Musiqiçinin qeydləri

(əvvəli ötən sayda)

 

 

Üçüncü hissə

 

SƏFƏR

 

 

Müqəddəs Yevlampiy monastırından səhər tezdən yola düşdülər və gecəni yuxusuz qalan, gördüklərindən, eşitdiklərindən hələ də özünə gələ bilməyən bizim musiqiçi, doğmaqda olan günəşə və hörmətli, lakin günahkar yol yoldaşlarına baxanda, bombardin çalmaq həvəsinə düşdü; nəfəs alətlərində çalan musiqiçinin dodaqlarının zəifləməməsi üçün məşq etməli olduğunu səbəb göstərib, hörmətli dəstədən icazə istədi və hamı ona qulaq asmağa həvəslə razılaşdı. Qi Lənət Şeytanın dişlərinin şaqqıltısına musiqiçi artıq evlərindəki divar saatının çıqqıltısı kimi öyrəncəli olmuşdu, amma bu ölülər dəstəsindən hamıdan çox xoşuna xanım de Sen-Vass gəlirdi, onu göy qübbəsi altındakı bu dünyada ən kədərli xanım, polkovnik Kulenkur de Bayeni isə hamıdan mətanətli, hər cəhətdən alicənab hesab eləyirdi. O, nahaq yerə dəstənin başında durmurdu.

– Heç olmasa, bir dənə valentina çalın, cənab musiqiçi, – müsyö de Nansi xahiş elədi.

– Çalın ki, bütün bədbəxtlikləri unudum, cənab musiqiçi, – Kelvandan olan zadəgan cəlladın xahişinə tərəfdar oldu, – çünki bu gün səhər əldə etdiyim yeni cismim mənə ağır gəlir.

– İlk günlər adamda elə təsəvvür yaranır ki, əynində cod parçadan kamzol və köynək var, – notarius söhbətə qoşuldu.

– Dostum, qoy indi də valentina olsun, – xanım de Sen-Vass əlavə elədi.

Bizim musiqiçinin çalğısında bir həzinlik əmələ gəlmişdi və ifa elədiklərinin hamısı çox lirik səslənirdi. O həm valentinanı, həm də senyor Rossininin o vaxtlar dəbdə olan italyan rondosunu çaldı; hər ikisini də doktor Sabatın xahişiylə təkrar ifa elədi.

– Əgər bu rondonun, üstəlik, sözləri də olsaydı, – xanım de Sen-Vass dedi, – yəqin ki, ağlayardım.

Kareta qış aylarında yarıya qədər su altında qalan biçənəklərin arasıyla qıvrıla-qıvrıla axan Skorf çayının sahilindəki Rostrenenə tərəf sürətlə hərəkət eləyirdi. Uzaqdan Rostrenen qalasının bürcləri görünəndə, kareta biçənəyin yanından ötüb, ətrafında qızılağaclar bitmiş Qutik kəndinin yaxınlığındakı mənzərəli meşədə yoxa çıxan bərbad kəndarası yola buruldu. Bir az da gedib talada dayandı. Bu yolla çoxdandı heç kimin getmədiyi hiss olunurdu, çünki təkər izlərini kol-kos basmışdı. Taladakı bulağın yanında köhnə daxma var idi.

– Cənab musiqiçi, kim ki gecə yatmır, yuxusunu gündüz alır, – Kulenkur əlini bombardinin futlyarına şappıldatdı. – Bu daxmada siestanı gözəl keçirəcəyik.

– Biz məgər bütün Bretanı dolaş­ma­yacağıq? – bizim musiqiçi soruşdu.

– Gecə düşən kimi Karedə prixod ke­şi­şinin baxçasında ədviyyəli sousda bişmiş kəklik yeyəcəyik.

Mamerin faytondan açdığı atlar bulağın yanındakı talada otlamağa başladı, dəstə, çovdar küləşi döşənmiş komaya girdi; kim harda gəldi oturdu, musiqiçi isə xanımın yanında özünə yer elədi; xanım de Sen-Vass ona çox yaraşan bənövşəyi şala büründü.

Kulenkur üzünə qara ipək yaylıq atıb, hərbi plaşa bürünərək dedi:

– Di axşama qədər.

Xanım de Sen-Vass əllərini başının altına qoyanda, poplin bluzu sürüşdü və qollarının ağlığı musiqiçinin gözlərini qamaşdırdı. Demək lazımdır ki, musiqiçini tərbiyə edən topçu qadın yaxşı bitsin deyə uşaqlıqdan onun kirpiklərini kəsmişdi, buna görə onlar uzun idi və de Krozon yuxuya gedə-gedə başını qaldırsa, kirpikləri xanımın, az qala, qoltuğunun altını qıdıqlayacağını düşü­nür­dü. Bunu düşünmək dodaqlarına təbəssüm qondurdu, elə bu bəxtiyar təbəssümlə də yuxuladı. Və yuxuda gördü ki, xanımla Kelvan yaxınlığındakı alma bağında yaşayır və korsetinə tikmək üçün xanım onun kirpiklərini dartıb qoparır. Bu da ona xoş gəlirdi.

I

Kareta Elqoata ətrafındakı düzəngahla gedirdi, yol palçıq idi və musiqiçi Topal Mamerdən icazə istəyib qozlaya çıxdı; o, atların ayaqlarıyla gölməçənin suyunu sıçratmasına baxmağı xoşlayırdı. Artıq qayğısız azad həyata öyrəşmişdi. İndi həmin gün səhər qoşduğu marşı bom­bardində çalırdı və ona elə gəlirdi ki, atlar musiqinin ahənginə uyğun qaçırlar. Yol dağa qalxırdı, sürətlə axan dumduru, kiçik Oln çayının dayaz yerinə çatanda Mamer yüyəni çəkdi və cavan bir oğlan perşeronun belində karetaya yetişdi; o, ayaqyalındı, rəngi bozarmış köhnə plaş geyinmişdi, ancaq başında hərbi formalı üçkünc təzə şlyapa vardı; oğlan qızğın normand atının yüyənini bərk-bərk çəkdi. Yəhərin qaşına qayışla iki tapança bağlanmışdı. Oğlanın səmimi sifəti vardı, gözləri sevinclə parıldayırdı, sanki ömründə ilk dəfə səfərə çıxmışdı. Kareta ilə bərabərləşib, pən­cərədən içəri boylandı və təmiz breton ləhcəsiylə nəzakətlə salamlaşıb, fransızca soruşdu:

– Cənablar madmazel de Tul-Qulikin toyuna gedirlər?

– Bəs mənim bacım qızı kimə ərə gedir? – polkovnik de Kulenkur maraqlandı.

– Tanrı onu qorusun! Allanlı buğda tacirinə ərə gedir.

– Nədi, Bretanda ona layiq zadəgan tapılmadı?

– Eh, verən oldu ki! – oğlan kədərlə dedi və onu anladığını təbəssümüylə bildirən xanım de Sen-Vassla baxışıb atını çayın dayaz yerinə sürdü; çayın nisbətən dərin olan ortasında su ətrafa sıçradı.

– Bu gənc sizin bacınız qızına vurulub, cənab polkovnik! – cənab de Nansi dedi.

– Qız buna dəyər! Toyda süfrəyə, yəqin ki, bişmiş alma ilə şirəli toyuq verəcəklər!

– Bəlkə, ora gedib qarnımızı doyuzduraq? – notarius təklif etdi.

– Bu, Tanrımızın Xananda suyu çaxıra döndərdiyi kimi bir şey olardı, – notariusun təklifini ciddi qəbul edən polkovnik cavab verdi. – Əgər Dinana gilyotinə baxmağa gediriksə, biz necə Tul-Qulikə yollana bilərik?

Gecəni qalacaqları Ginqampa Karedən gedən yol de Krozonun sevincinə rəğmən sıx kolların, bəzi yerlərdə bulanlıq su dolu bataqlığın arasından keçirdi – o, at ayaq­larının suyu sıçratmasına, köpüklən­dirmə­sinə baxmağı xoşlayırdı. Özünü heç vaxt belə cavan hiss eləməmişdi, dünya heç vaxt ona bu qədər təəssürat bəxş et­məmişdi. Əlbəttə, yol yoldaşları ölülər, ağır zəncirlər daşıyan məhkumlar idi, ancaq onunla elə nəzakətlə davranırdılar, sanki külliyyatını oxumuşdular. Kelvanlı zadəgan məzarda əbədi yuxuya getmə­miş­dən əvvəl bir neçə pyesə qulaq asmaq istədiyinə görə onu evdən çıxardıqlarını eşidəndə musiqiçi heç də az qorxmamışdı, ancaq axı bu zadəgan, əslində, ona alma bağı vəsiyyət eləməyə qızırğalanmamışdı, sanki ürəyinə dammışdı ki, Blave çayının vadisi, göz önündə açılan təpələr bizim musiqiçinin çox xoşuna gəlir. Sənəti haqqında söz-söhbətin Bretandan uzaqlara yayıldığını da musiqiçi məhz bu dəstədə bildi: doktor Sabat danışmışdı ki, bir dəfə Avinonda, körpünün yanındakı karvansarada Atlantik sahilindən olan abbatla rastlaşıb və o, Bretanda dəfn mərasimlərinin fransiskanlar Ordeninin kiçik qardaşlar xorunu Pontivili bir musiqiçi bombardində müşayiət eləyəndə xüsusilə təmtəraqlı olduğunu deyib. Həmin musiqiçi isə o idi – Şarl Ann de Krozon. Məğrur, hökmlü polkovnik, yığıncağında silah yoldaşıyla olduğu kimi, onunla iltifatla davranırdı, Şarla dayəlik eləyən topçu qadının məqsədini biləndə isə, onu “Navarra kral alayının cənab zabiti” deyə çağırır, əlini üçkünc şlyapasına aparırdı. Xanım de Sen-Vass musiqiçiyə mehribanlıq göstərir, onunla maraqlı söhbətlər eləyir, baxışlarını cavabsız qoymur, nazlanır, karetadan düşəndə, ya minəndə musiqiçi ona əlini uzadır, yıxıla­ca­ğından qorxub bəzən, hətta belindən tuturdu. Cənab de Nansinin səxavəti nəticəsində tezcə qəhvəyi rəng alan cib dəsmallarını xanım yuyurdu, sonra musiqiçi onları fındıq çubuğuna bağlayır, karetanın pəncərəsindən çıxarıb qurumaları üçün bayraq kimi küləyə tuturdu. Tokkatalar onda sürətli və məlahətli alınmağa baş­lamışdı; kortezinlər, kontradanslar onun ifasında əvvəllər kilsə musiqisi kimi səslənirdi, rondo isə daha çox təmtəraqlı dəfn marşına oxşayırdı. Tülkü kimi gözdən iti olan notarius hər serenadadan sonra deyirdi:

– Bizim bülbülciyəz aşiq olmayıb ki?

Xanım de Sen-Vass qızarırdı, musi­qi­çinin isə ürəyi sızlayır, onu qəhər boğurdu. Doğrudanmı ölüyə vurulub? Ancaq əlləri­nin, sinəsinin ağlığını, gözlərinin işvəkar parıltısını görən ona ölü deyə bilərdimi? Dilinin ucunu çıxarıb əvvəl üst, sonra alt dodağını yalamaq vərdişi idi və notariusun qeybətinə bəhanə verməmək üçün altdan-altdan ona göz qoyan de Krozon qeyri-ixtiyari bu hərəkəti təkrar­layırdı, onda xanım başını azca qaldırıb sakitcə mu­si­qiçiyə  baxır, sanki qarşısında hələ uçmaq sevincini, həyəcanını yaşamayan məftun ətcəbalanı görürdü. Musiqiçinin qulaqları qızarır, hiss elədikləri onu qorxudurdu, eyni zamanda, bundan izaholunmaz bir həzz duyurdu. Onlar kəsə yolla Lanrivenə gedirdilər; Sent-Ann d’Oredi ziyarət eləyən Pluareli dilənçinin başını burada kəsəndən bəri, həmin köhnə yolla əlli il olardı heç kim getmirdi; o, başını əlləriylə tutub ge­dib-gələndən sədəqə istəyirdi, özü də gərək pulu ağzına qo­yaydın – axı əlləri boş deyildi. 

– Əgər Pluareli dilənçi yola çıxsa, – polkovnik Kulenkur dedi, – cənab notarius öz imperiya dövrünün karolinası ilə xudahafizləşməli olacaq.

– Ölülər sədəqə vermir, – Dorndan olan notarius etiraz elədi. – Bu haqda “Lex Cincia de donis et muneribus”da1 yazılıb; Roma qanununun tayı-bərabəri yoxdu. 

Görünür, Pluareli zavallı dilənçi karetada ölülərin getdiyini bilirdi, çünki nə Bosa yaxınlığındakı körpüdə, nə Sen-Marten yolunun kəsişməsində yola çıxdı, yəqin, o da Roma qanunları ilə tanışdı. Lanrivendəki daş xaçın yanından ötəndə artıq hava qaralmağa başlamışdı. Bir qarı fənərləri yandırırdı, frigiya papaqlı, çiynində tüfəng olan əsgər isə vikont Tul-Qulikin ata-baba mülkünün girişindəki dirəkləri aşmış köhnə darvaza tirinə bıçaqla nəsə cızırdı.  

Gecəni keçirmək istədikləri karvansara, daha doğrusu, keçmiş karvansara Ginqampdan iki lig aralıdakı təpədə, hündür ot basmış biçənəkdə yerləşmişdi. Kareta baxımsız köhnə yoldan çıxdı. Mamer onu qızılağacların arasıyla düzəngahla qovdu və musiqiçi atların gecə necə iti qaçdığını, karetanın yol olmayan yerlərlə, kələ-kötür düzəngahla necə bərk hərəkət etdiyini sezdi, həm də elə sürətlə gedirdi ki, pəncərədən heç nə görmək olmurdu. Nəhayət, dayandılar, hamı karetadan çıxıb yola düzəldi, qabaqda polkovnik gedirdi, işıldaquş  Qi Lənət Şeytana onun üçkünc şlyapasında özünə yer eləyib, qalanlara gecə daldalanacağına aparan yolu göstərirdi. Xanım Klarina de Sen-Vass bir əliylə yubkasını dizinə qədər qaldırmışdı, o biriylə cənab de Nansinin çiynindən tutmuşdu. Onlar qurşağa çatan otun içiylə gedirdilər. Karvansara yarıuçuq qala imiş, hər iki tərəfində iri çardaqlar tikilmişdi, qarşısında isə daş plitələr düzülmüş dairəvi həyətdi. Sol tərəfdəki çardaqdan əlində fənər tutmuş, əyninə geyindiyi dəri yarımkürkdən çobana oxşayan bir adam çıxdı. Onun yanı ilə ağ plaşa bürünmüş, iri çoban itinin xaltasından yapışmış başqa adam gəlirdi; it mırıldayır, dişlərini qıcıdır, dartınıb gələnlərin üstünə cummaq istəyirdi.

– Dayan, kimdi? – əlində fənər tutan soruşdu; gənc adamın səsi idi, ancaq bu səsdə qorxu hiss olunurdu. – Hansı Allah bəndəsidi?

– Hansı ölü bəndəsi demək daha doğru olardı! Normandiya prinsepsinin ordusundan mərhum polkovnik Kulenkur de Bayedi. Bəs Medak çöllərində ölüləri narahat edənlər kimdi?

Ağ plaşlı adam xaltanı sol əlinə aldı, çobana oxşayandan fənəri götürüb, qo­naqlara baxmaq üçün yaxına gəldi. Həyətin ortasında dayanmış polkovnik şpaqasını sıyırdı, bir az arxada  dayanmış Kelvandan olan zadəgan şpaqasını çəlikdən burub çıxarmağa çalışdı. O birilər arxada dayandılar, bizim musiqiçi isə qərara aldı ki, həyətə girişdəki əncirlərin arxasında gizlənsə, Şato-Joslenli de Krozonların şərəfini heç də alçaltmaz.

– Axşamınız xeyir, cənab qohum! Kral donanmasının zabiti, freqat kapitanı Dyu Qrann sizi salamlayır! Nədi, Sedanda qəbirqazan tapılmayıb?

– Kimlərsə hələ öz qəzəbini ­so­­­yut­mayıb! – polkovnik şpaqanı qınına qoydu. – Anam – Allah ona rəhmət eləsin – kürənsaçlı Dyu Qrannlar nəslindəndi. Bəs sizi bura hansı küləklər atıb, cənab kapitan? Yoxsa bu hündür otların içində hansısa kral freqatı itib?

Kapitan fənəri və bir az sakitləşən iti çobana verdi, polkovniklə astadan nəsə danışmağa başladı. Dornlu notarius, gö­rünür, bu karvansaranı tanıyırdı və qalanları qaladan soldakı çardağın altına apardı; orda yolçular dairə vurub oturdular, pol­kovnikin ləngidiyini görüb, hisə verilmiş siyənək balığı və soyutma yumurta ilə təzə çaxır içməyə girişdilər. Musiqiçi Elqoatedə çovdar çörəyi almışdı və doktor Sabat xoşladığına görə indi kənarının qızarmış yerindən qoparıb ona verirdi. Yarım saat keçdi, polkovnik hələ də kapitanla söhbət eləyirdi, musiqiçi üçün isə gecələr cansıxıcı idi, hər dəfə yerlərini rahatlayıb, guya çoxdan heç kimə məlum deyilmiş kimi, bir-birlərinə öz tarixçələrini danışırdılar və məşum bir xor alınırdı, başqasına qulaq asmadan hərə öz əhvalatını danışırdı. Hekayətlərinin ortasına çatmışdılar ki, nəhayət, polkovnik gəlib səsini xora qatdı. Bu dəfə tez-tez danışırdı və hekayəti həmişəkindən qısa oldu, onun ardınca da qalanları tələsdi və tezliklə kakofoniya1 bitdi.

Polkovnik skamyadan qalxdı, əllərini şpaqanın qəbzəsinə qoydu, sakit danışsa da, səsində həyəcan qarışıq sevinc hiss olunurdu.

– Qalanın alt qatındakı, bir vaxtlar mətbəx olan o biri çardağın altında kuzenim Dyu Qrannın başçılığıyla indi doqquz şuan2 var, bu xəlvətə ona görə çəkiliblər ki, respublikaçılar səhər tezdən Sen-Briyedən Morleyə iki top aparacaqlar, bu Breton zadəganları da tüfənglərini, şpa­qa­larını işə salıb, topları ələ keçirmək is­təyirlər. Əgər ölü olmasaydım, burda­kı­ların hamısından əsil-nəcabətli olduğuma görə, komandirliyi üstümə götürərdim.

Bunu deyib sinəsini qürurla qabartdı. Bıçağın ucu ilə torpaqda əsas yolu bildirən xətt çəkdi, ondan sağda bir dairə cızdı – bu meşə idi, onların harda durduğunu göstərən başqa bir dairəni isə solda cızdı, dedi ki, şuanlar meşədə pusqu quracaqlar, o, Kelvanlı zadəgan və cənab de Nansi pusqudakı şuanlardan fikri yayındırmaq üçün atın üstündə respublikaçılara tərəf çapacaqlar; bu vaxt otluqda gizlənmiş musiqiçi və doktor Sabat hay-küy salacaqlar: şuanlardan birinin verdiyi tapan­çadan doktor atəş açacaq, musiqiçi isə elə bir oynaq marş çalacaq ki, səsi hücuma çağıran döyüş trubasına oxşasın. Xanım de Sen-Vass və başqaları çardağın altında döyüş iştirakçılarını gözləyəcəklər.

– Bəs mən? – notarius incikliklə so­ruşdu. 

– Döyüşdə notariusdan arayış tələb olunmur, cənab Plevan! – Kelvanlı zadəgan nərildədi; şpaqasını axır ki, çəlikdən burub çıxara bildi, o, hətta keçmiş pikardiyalı Qinin zəif işığında belə parıldayan polad tiyəni indi hirslə başının üstündə yellədirdi.

Bu vaxt bayquş üç dəfə uladı. Polkovnik öz döyüşçüləriylə eşiyə çıxdı, musiqiçi və doktor Sabata ot basmış, gövdəsi əyri şabalıd ağacı olan alçaq təpəni göstərdi. Şuanlar atlara sıçradılar, Dyu Qrann öz qurdbasan itini də öz atının sağrısına oturtmuşdu. Yüksəkdə dayanan bədir­lənmiş Ay hər yanı gündüzdə olduğu kimi işıqlandırmışdı. Külək qalxdı, Ay bədir­lənəndə Bretanda həmişə külək əsir. Deyilənə görə, külək ölüləri qaldırır: belədə onlar xüsusilə bərk gedirlər. Sabat tapan­çanı alıb çoban cığırı ilə təpəyə tərəf üz tut­du, musiqiçi onu təqib etdi. Onlar polkovniklə yoldaşlarının düzəngahda necə çapdıqlarını gördülər, şuanlar isə meşədə itdilər. Şərti işarənin iki dəfə bayquş ulamasının və sürəkli fit səsinin olacağına razılaşmışdılar. Sabat təpəyə çatıb cəld şabalıda çıxdı, de Krozon isə futlyarın üstündə oturub, otların arasında gizləndi.

– Budur, gəlirlər! – Sabat pıçıldadı.

Meşədə iki dəfə bayquş uladı, sürəkli fit səsi eşidildi. Yolda güllələr atıldı. Sabat ona tapşırıldığı kimi havaya atəş açdı, de Krozon isə uşaqlıqda atası ilə Qeenndə qaban ovuna gedəndə eşitdiyi ovçu marşını çaldı. Və qeyri-ixtiyarı ayaq üstə qalxdı. Atışma səsləri eşidilən yolda birdən göyə alov sütunu qalxdı, qulaqbatırıcı partlayış guruldadı. Meşədən tək-tək güllə səsləri gəlirdi.

– Ola bilsin, güllə yeşiyi partladı, – doktor Sabat barıtı qurtardığına görə şabalıd ağacından düşə-düşə dedi. 

Kelvanlı zadəgan əlində şpaqa at skeletlərinin birində çapa-çapa gəldi.

– Vive le Roi!1

– Necə oldu? – Sabat soruşdu.

– Şuanlar topları köhnə yolla diyirləyib apardılar.

At skeletlərinin belində Kulenkurla cənab de Nansi də gəlib çatdı.

– Gözəl vuruş oldu, cənablar! – polkovnik  şpaqa ilə yoldaşlarını salamlayıb qışqırdı və gülə-gülə əlavə etdi: – Sizə haqq qazandırmaq lazımdı, cənab musiqiçi, ovçu marşı əla idi! Sanki marşal de Tyurenn Reyn çayını keçirdi!

– Mən də bəzi işlər görmüşəm, – cənab de Nansi dedi.

O, döyüş zamanı quyunun kəndirini kəsib, düşmənə sarı çaparaq düzəltdiyi ilgəyi respublikaçı zabitin boynuna keçirmişdi, sonra atı çapıb cansız bədəni otluqla sürümüşdü. Kulenkur pərt oldu. 

– Kişi döyüşündə kəndir silah deyil, cənab Lorenli cəllad! Və şpaqa ilə onu hədələdi. Cəllad kəndirin ucunu yerə atıb qalaya tərəf çapdı. Sen-Martenə gedən yolayrıcında hələ də ara-sıra güllə səsləri eşidilirdi.

– Səhərin açılmasını gözləyənə qədər ovçu marşına bir dəfə də qulaq asmaq olarmı? – Kelvanlı zadəgan soruşdu.

Musiqiçi meyitə baxmaq üçün yaxınlaşdı. Səhər Oln çayının dayaz yerində karetanı keçən, başına təzə üçkünc şlyapa qoymuş həmin oğlandı. Otluqda çox süründüyündən meyit parça-parça olmuşdu.

– Biz ölülərə mərhumları basdırmağa icazə vermirlər, – polkovnik atdan düşə-düşə dedi.

Doktor Sabatla birlikdə meyiti Qvar­di­yaçıya yükləyib, yavaş-yavaş qalaya tərəf getdilər. Üfüqdə dan sökülürdü. Meyiti çardağın altına qoydular. Xanım de Sen-Vass da ona baxmaq üçün yaxınlaşdı.

– Mən də fikirləşirdim ki, belə bəzənib-düzənib toya gedir!

– O, aşiq olmuşdu, – notarius bir də qeyd etdi.

– Müharibədə də, sevgidə də təhlükə az deyil, – Kelvanlı zadəgan müdrikcəsinə dedi.

– Musiqiçi, – polkovnik soyuq tərzdə tapşırıq verdi, – çardağı yandırın!

De Krozon bir çəngə saman götürüb, çaxmaqla yandırdı. Çardaq saman və otla örtülü taxta tikili idi – bir qığılcıma bənddi, üstəlik, bu nəhəg tonqalı külək də bir yandan körükləyirdi. 

II

– Cənab musiqiçi, matəm marşı çalın, – polkovnik dedi.

Pontivi kilsəsinin regent köməkçisi, adətən, öz din qardaşlığı üzvlərinin dəfnində çaldığı matəm melodiyasını ifa  etdi. Bütün dəstə karetaya qayıtdı – artıq səhər açılırdı. Musiqiçi öz alətindən son təmtəraqlı səsləri çıxaranda, çardağın damı uçdu, hər yana qığılcım və yanan talaşa səpələndi. Çardağın hələ də tüstüləyən qalıqları bir az əvvəl həyat ener­jisi aşıb-daşan oğlana məzar oldu. Musiqiçi yol yoldaşlarının yanına tərəf getdi, yarıyolda onu Kelvanlı zadəgan qarşılayıb, əlini dostyana çiyninə vurdu. O, artıq gündüzdəki görkəmini almışdı.

– Ah, musiqiçi, sənə qulaq asmaq, qadının ağuşunda həzz almaqdan daha xoşdu!

II

Dinana çatanda bizim yolçular Müqəddəs Saveriya kilsəsinin arxasında karetadan düşdülər və Topal Mamer onları arxa qapıdan, Bazar meydanında dükanı olan köhnə şeylər alverçisi Mezidon dayısının evinə apardı. Bir pəncərəsi və fasadında kilsə kafedrası kimi, qövsşəkilli çuqun eyvanı olan ikimərtəbəli evdi. Qoca Mezidonun uzun illər yığdığı avadanlıq sarı astarlı göy nimdaş plaşla örtülmüş köhnə taxtdan, hörmə stullardan və üzü üzlər görmüş kürəli stoldan ibarət idi. Stolda bir şüşə qırmızı çaxır və qızardılmış balığın qalıqları olan rəngi tökülmüş yaşıl saxsı boşqab vardı.

– Belə hörmətli qonaqların gəlişinə çox sevindiyimi deyə bilməyəcəyəm, ancaq neyləyəsən, kasıb adam gərək necəsə dolanışığını çıxarsın, – o, xanım de Sen-Vassa oturmağa yer təklif etmək üçün taxtın üstündən göy plaşı götürdü.

Mezidon gözü titəli, dişləri tökülmüş, həddindən artıq uzun qolları olan, daim vurnuxan qozbel adamdı; breton ləh­cə­sində danışırdı, qırmızı-ağ zolaqlı şalvar, tüklü qoyun dərisindən yamaqlı yarımkürk geyinmişdi. 

– Saat on birdə, – bayaqdan pəncə­rə­dən bayıra baxan cənab de Nansiyə dedi, – gilyotinin çexolunu çıxaracaqlar. Bu gün Sen-Maloda monarxiyanı mədh edən kupletlər oxuduğuna görə, Qimilodan olan bir koru edam edəcəklər.

– Bretanda korlara heç vaxt toxun­ma­yıblar!

– Xanım, indiki zamanədə heç kimə rəhm eləmirlər.

– Ulu Gilyotenin bıçağını bu gün sı­naq­dan keçirəcək kor, – Topal Mamer cənab de Nansinin tütün qutusundan bir çimdik burunotu götürüb dedi, – Müqəddəs Həvari Pavelin Leonda möcüzə göstərdiyi həmin kor olmadığına ümid edirəm, o da elə bil Qimilodandı; anası toxucu idi, hər payız Kemperə gedib, ev-ev gəzirdi, qış paltarı üçün yun əyirirdi. Atası, deyəsən, Şatolendən bir mahudbasan idi. Uşaq çəpgöz doğulmuşdu və çəp gözünə tədricən qırmızı tor gəlmişdi, axırda çəp gözü kor oldu. Hamıya da məlumdu ki, qırmızıgözlü taygöz hər cür bədbəxtlik gətirir. Bu uşaq da yeriməyə başlayan kimi bütün mahala bədbəxtlik gətirdi, elə pis gözü var idi: kimsə pul itirirdi, kimsə xəstələnirdi, çörəkdən daş, ya böcək çıxırdı, ot tayası, anbar yanırdı, itlər qudururdu, buzov ölü doğulurdu, hamilə qadınlar uşaq salırdı; taygözün ayağı dəyən yerdə yıxılan adamın hökmən əli, ayağı sınırdı, bəzən heç ayağa da qalxa bilmirdi; meyxanalarda çaxır qıcqırırdı, uşağı Mermyu monastırına aparanda isə, ordakı rahibələrin göbəyinin dərisi soyulmuşdu. Taygözdən cüzamlı kimi qaçırdılar, küçədə, yolda daşlayıb qovurdular; o kənddə bir başkəsən var idi, kənd bayramında pendir hazırlayanı öldürmüşdü, taygözün doğma əmisi həmin qaniçənlə danışmışdı ki, Müqəddəs Andrey günündə uşağı su quyusunda boğsun, çünki guya onun buğasına uşağın gözü dəyib; buğanı aparıblarmış inəklə cütləşsin, buğa isə durduğu yerdə gupputu ilə yerə gəlib. İnəyin sahibi Ransili abbat da hirslənib, çünki inək holland cinsindənmiş və buğa onunla vaxtında cütləşmədiyinə görə həmin il bala verməyib.

Mamer nadir hallarda belə çox danı­şırdı, hulqumunu qaldırıb endirərək çaxır dolu dolçadan iki qurtum aldı; Mameri Renndə asandan sonra hulqumundan hər şey rahat keçirdi. Çaxırı içib, əlinin arxası ilə ağzını sildi.

– Qimiloda şayiələr gəzirdi ki, ananın özü də necəsə uçaqdan canını qurtarmaq istəyirmiş, mahalın hər yerindən Leona səbəthörənlər gələndə, uşağını Həvari Pavel günü bu şəhərə aparıb, onun taleyini həmin müqəddəsə tapşırıb.

Ana taygözü qucağında tutub mü­qəddəsin heykəli qarşısında diz çökə­rək, Həvari Paveldən xahiş edir ki, ya uşağını sağaltsın, ya öz yanına – göylərə aparsın: axı o nə gün görür, Qimiloda onu gec-tez su quyusunda batıracaqlar, ya başını daşla əzəcəklər. Ana ağlayıb, qüdrətli müqəddəsə yalvarırdı, ona gümüş göz gətirəcəyini əhd eləyirdi, bu vaxt isə səbət­hörənlər kilsənin yanında atəşfə­şanlıq eləyirlər, bu onların sevimli məş­ğuliyyəti idi və həmin bu əyləncəli tamaşa “Arrasın mühasirəsi”1 adlanırmış, Bretanda ən yaxşı usta hesab edilən Valensyen Brestdən bir yığın fişəng yollayıbmış və “Yeni bomba” adlı fişəng havada partlayıb, çətir şəklində ətrafa səpələnəndə, balaca fişənglərdən biri kilsənin girişindəki fənərin üstünə düşür, ordan sıçrayıb vitrajı sındıraraq içəri girir, müqəddəsə dəyib partlayır, qığılcımlar, qəlpələr ana ilə oğulun üstünə səpələnir və qığılcımın biri oğlunun sağlam gözünü yandırır, belə ki, taygöz dönüb kor olur. O vaxtlar isə, xanımın dediyi kimi, Bretanda korlara dəymirdilər, onları toxunulmaz hesab edirdilər – Həvari Pavel bax belə möcüzə eləyib, ananın xahişini belə nəzərə alıb. Toxucunu ianələrə qərq edirlər, buğanın sahibi isə Klauden Qimi­loya qədər dizin-dizin sürünür, səbətdə bir xeyli yumurta gətirir, hətta əsilzadələr əllərini korun başına toxundurmağa gəlirlər. O isə get-gedə güclənir, əllərini ona toxundurmağa gələnlərə, hətta təpik atmağa, tüpürməyə başlayır, bu isə ana üçün böyük itki idi, çünki oğlunu Elqoata aparmaq, ona toxunub sağalmaq istəyən­lərdən pul almaq istəyirdi, Müqəddəs Pa­velin möcüzəsi sayəsində məşhurlaşdığına görə qazanc heç də az olmayacaqdı. Ancaq skripka çalmağı öyrənmək üçün oğlunu Pempoldakı korun yanına göndərməli olur və tezliklə kor şəhərbəşəhər, kəndbəkənd gəzib hər cür mahnı oxumağa başlayır. Deyirlər, o, Bretanda Leon səbətçilərinin ehtiram göstərdiyi Müqəddəs Pavel bayramından savayı, bütün müqəddəslərin bayramında olurmuş. Ona görə soruşuram ki, bu gün həmin İvi – adı beləydi – asacaqlar?

– Fərmanda onun adı göstərilməyib, – Mezidon dedi.

Cənab de Nansi meydanın ortasında, yerdən bir metr hündürdə qurulmuş edam meydançasındakı üçrəngli bayraqla örtülən gilyotindən gözünü çəkmirdi; onu ağzında saxsı qəlyan olan atlı zabitin komandirlik etdiyi piyadalar bölüyü qoruyurdu. Hersoq qəsrinin qülləsindəki saat on biri vuranda, üçrəngli aşırma lenti çəpəki qara surtukun üstündən taxmış cənab göründü və Mezidon dedi ki, bu adam komissarın Tule adlı köməkçisidi, Parisdən məxsusi ona görə gəlib ki, Bretanın qubernatoruna gilyotinin necə işlədiyini göstərsin; əsgərlər ona könülsüz hərbi salam verdilər, atın üstündəki zabit isə heç qımıldanmadı da. Meydana adamlar yığışmağa başladılar, çoxu uşaqdı. Komissar köməkçisi edam meydançasına qalxıb, gilyotinin çexolunu çıxartdı, ona bir əsgər kömək eləyirdi. Cənab de Nansi eyvandan qurğuya baxırdı. İri bıçaq gün altında güzgü kimi parıldayırdı, əsgər isə onu, üstəlik, frigiya papağı ilə sürtürdü. Komissar köməkçisi edam meydançasının pilləkənində oturub özünü günə verirdi; silindri, üçrəngli lenti gün işığında parıldayırdı. Atlı zabit mey­xanaya yan aldı, xidmətçi qız ona gil dolçada çaxır verdi. O, çaxırdan qurtum-qurtum içib, arada qıza nəsə deyirdi, o da uğunub gedirdi.

Cənab de Nansi qoca Mezidondan soruşdu ki, komissar köməkçisini tanıyırmı, o isə başı ilə təsdiqlədi. Tule Parisdən poçt dilicanı ilə gəlmişdi və Mezidon ona yun corab satmışdı; aprel idi, Dinanda isə bu vaxtlar çox rütubətli olur. Komissar köməkçisi corabın qiymətini danışıb yarım franka endirmişdi, qoca, az qala, onu ziyana satmışdı. 

– Elə isə gedib onlarla söhbət eləmək olar! Alətə də yaxından baxarıq.

Cənab de Nansi qocaya yarım luidorluq qızıl sikkə verdi və qonağı gilyotinin yanına aparıb-aparmamaq barədə qocanın tərəddüdləri dərhal yoxa çıxdı. Qoca Mezidonun müşayiətiylə cənab de Nansinin necə getdiyinə ölülər eyvandan, pəncə­rədən baxırdılar, hamı bu həngamənin nə ilə qurtaracağını gözləyirdi, meydandakı camaat da yad adamdan gözlərini çək­mirdilər, çünki əynində qəribə paltar var idi, çoxdandı bu cür geyinmirdilər. Edam meydançasına qalxan pilləkənin yanında tüfəngli əsgər onları saxladı, ancaq qoca vəziyyətdən çıxış yolu tapdı, dedi ki, Şerburlu bu müsyönü yolda soyublar və Mezidon da öz köhnə paltarlarını ona satıb, bu cənab isə komissar köməkçisi müsyö Tule ilə tanışdı və ona salamlarını çatdırmaq istəyir. Komissar köməkçisi həmin vaxt ona yardım edən əsgərlə gil­yotinin örtüldüyü üçrəngli parçanı yığırdı və cənab de Nansi qoca ilə edam meydançasına qalxdı. Cənab de Nansi çoxdankı tanışı kimi müsyö Tulenin əlini sıxdı, bu vaxt polkovnik Kulenkurdan aldığı qızıl sikkəni də ovcuna basdı.

– Heç özüm də bilmirəm necə oldu, – ölülər dəstəsi Kombur ətrafında gecə­lə­yəndə cənab de Nansi danışmışdı. – Ona Lorenli cəllad olduğumu və mən gedəndən bu vəzifəni heç kimin tutmadığını dedim, yalandan söylədim ki, guya qadın ucba­tından getməyə məcbur olmuşam və hardasa pul qazanmağa imkan olsa, öz işimə həmişə məsuliyyətlə yanaşdığımı qoy bilsin. Müsyö Tule gombul, danışqan adam idi, mənə söylədi ki, əvvəllər heç vaxt belə işlə məşğul olmayıb, Paris parlamentində saatsaz işləyib, borclardan qurtarmaqdan ötrü də gilyotini hər yerdə göstərir, çünki iş o yerə çatmışdı ki, gənc arvadı onun borcdan çıxmasına kömək etmək üçün bədənini satmağa başlamışdı; yeni işinə gəlincə, o, məhkuma baxmır, hər dəfə zənciri dartanda gözlərini yumur, həm də Dinanda hələ ki, yalnız aşağı təbəqəyə məxsus adamların başını kəsib. Onun səmimi söhbəti məni ruhlandırdı və başını kötükdəki çökəyə qoymağın məhkum üçün rahat olub-olmadığını yoxlamağa icazə istədim, ancaq qəsdən başımı yanakı qoydum. O dedi ki, belə yox, kilsədə olduğu kimi dizlərini yerə qoyub, başını yanlara döndərmədən sinəni kötüyə söykəməlisən. Komissarın köməkçisi Dinana gəldiyi vaxtdan buranın rütubətli havasına görə daim xəstə olsa da, o qədər nəzakətli idi ki, məhkumun necə uzanmalı olduğunu özü mənə göstərdi, diz çöküb, sinəsini kötüyə söykəyərək boynunu bacardığı qədər uzatdı. Bilmirəm, onda nə düşünürdüm – görünür, keçmiş günləri xatırlamışdım; edam meydançasının ortasında dayan­mışdım və ölüm mənim əlimdəydi. Çeçələ barmağımla zənciri yüngülcə dartdım, bıçaq bərq vurub, komissar köməkçisinin boynuna düşdü və elə bil ətə yox, yağa işlədi. Boynunu necə də düz kəsmişdi! Xoşa gəlməyən qanın çox olmağı idi. Edam meydançasından zabitin atına sıçradım, çünki zabit həmin vaxt atdan düşüb qəlyan tüstülədirdi. Komissar köməkçisinin başı diyirlənib səbətə düşəndə necə qışqırıq qopduğunu özünüz eşitdiniz, mənsə çapıb aradan çıxdım. Cənab polkovnik, inanın ki, biz Lorenlilər at minməyi başqalarından heç də pis bacarmırıq.

– Yalnız kor Qimilanın başı çiyinlərinin üstündə qaldığına sevindiyinə görə qızıl sikkəyə heyifsilənmirəm, – polkovnik dedi.

– Mən korun başınının necə kəsilə­cə­yinə baxmaq fikrində də deyildim, – əyləşdikləri çəməndə musiqiçiylə çoban­yas­tığı yığan xanım de Sen-Vass bildirdi.

– Korlar – bu dünyanın adamları deyillər, – doktor Sabat dedi.

– Roma qanunları onlara heç bir üstünlük vermir, – notarius söhbətə qarışdı.

– Hər halda, bu əclaflıqdı, – polkovnik onun sözünü kəsdi.

Cənab de Nansi hamını burunotuna qonaq elədi, asqırıb qərar verdi:

– Bir yana baxanda, əgər onların hamısı Dinanda gördüyümüz kimi qüsursuz işləyirsə, bizim böyük xalq üçün gilyotin heç də pis şey deyil.

 

III

Plemilə dönən, qızılağaclıq qurtarıb, gözə xoş gələn düzəngah başlayan yerdə kareta dayandı, çünki musiqiçi öz kiçik ehtiyacını ödəməli idi. Düzənliyi yağışın yuduğu kətan cücərtisi bəzəyirdi.

– Komforda kilsə qarşısındakı meydanda veriləcək tamaşaya baxmaqdan heç də imtina eləməzdim, – de Kulenkur dedi, – həyatda mən həmişə teatr həvəskarı olmuşam.

– Bəs nəyi göstərəcəklər? – doktor Sabat soruşdu.

– “Sevgililər Romeo və Cülyettanın İtaliya şəhəri Veronada həqiqi məhəbbəti və ölümü”, – notarius yol vergisi toplanan budkaya vurulmuş afişanı oxudu.

– Aktyorların özləri də İtaliyadandılar, – şalvarının ipini bağlaya-bağlaya musiqiçi əlavə elədi. – Bəlkə də, hamısı yox, ancaq burda yazılıb ki, primadonnanın adı Cakomini da Monsadı.

– Deyilənə görə İtaliyalı qadınlar, – Kelvanlı zadəgan dilləndi, – altıncı ehkamı pozan kimi, çarpayıdan durub, pəncərəyə yaxınlaşaraq oxumağa başlayırlar. Şayiə­lə­rə inansaq, hətta Yekaterina Mediçi də belə eləyirmiş.

– Ona görə bizdə qiyamlar, inqilablar baş alıb gedir, – Kulenkur dedi və  hamıya karetaya minməyi əmr etdi.

Yanlarından bir neçə atlı ötdü, nəzakətlə salamlaşıb, öz aralarında danışa-danışa uzaqlaşdılar və bu danışıqdan ölülər başa düşdülər ki, onların Komfora tamaşa göstərməyə gedən aktyorlar olduğunu düşünüblər. 

Xanım de Sen-Vass çılğıncasına sevən Romeonun hekayətini gənclik illərində oxuduğunu dedi və polkovniklə birlikdə qalanları dilə tutdular ki, atlıların arxasınca, yəqin, artıq səhnə quraşdırıldığı, pərdələr asıldığı Komfordakı meydana getsinlər. Komfor alçaq təpədə yerləşirdi, öz yunu ilə məşhurdu, şəhər ətrafında yaxşı otlaqları var idi. Qədimdə bura öz qəsri ilə tanınırdı, ancaq indi yeganə görməli yeri bazardı, orda douillet1 adında xüsusi tərzdə əyrilmiş yunla alver edirlər, ondan yaxşı parik çıxır: belə parikdə yayda isti, qışda soyuq olmur.

– Qaranlıq düşən kimi döşünüz yoxa çıxanda, – Kelvanlı zadəgan xanım de Sen-Vassa dedi, – douilletdən, parik hazırlanan yundan yastıqça sizin üçün heç də pis olmazdı, çünki bluzun qabır­ğa­nıza yapışmasını görmək mənə ağır gə­lir, qaranlıq düşəndə döşünüzün arasın­dakı o gözəl çökək hər dəfə, heç olma­yıbmış kimi, yoxa çıxır.

– Biz axı bala getmirik, müsyö! – xanım de Sen-Vass cavab verdi, ancaq komplimentdən məmnun olduğu hiss olu­nurdu.

Atlar karetanı yamacla Komforun yer­ləşdiyi təpəyə doğru dartır, arxadan isə uşaqlar gəlirdi, görünür, burda kimisə, çox ehtimal, italiyalı aktyorları gözləyirdilər. Uşaqlar karetanın böyür-başında qaçışır, xidmətçi yerindən tutmağa çalışırdılar. Deyəsən, onları doğrudan da, aktyor bil­mişdilər, aktyorların gəlməməyinin səbəbi isə sonra məlum oldu, demə, bundan əvvəl tamaşa verdikləri Lanriven meri aktyorlardan körpə oğurluğunda şübhələnib və onları həbs edib. 

– Səfehliyə bax! – notarius don­qul­dandı: onu, deyəsən, ata Kapulettiyə oxşatmışdılar.

– Mamer! – polkovnik kozladakı topal faytonçuya qışqırdı. – Bərk sür, onlardan aralan!

Ancaq döngəni burulanda yol qırmızı-sarı, yəni Tremanl mahalının rənglərinə boyanmış şlaqbaumla bağlanmışdı.

– Cənab aktyorlar, sizi çoxdan göz­ləyirik! Camaat artıq xeyli vaxtdı meydana toplaşıb! Bəs aşiq olmuş senyorina Cül­yetta hanı?

Belə hökmlə danışan Komforun meri idi; qozbel, lopabığ, Üçrəngli aşırma lent taxılmış yaşıl komzol geyinmişdi, başında vətəndaş Sen-Jüstün2 dəbə saldığı papaq var idi, çəlik əvəzinə isə ondan bir baş hündür olan, üçrəngli lentlə bəzənmiş ucu süngülü tüfəngə söykənmişdi. Karetadakı ölülər baxışdılar. Hər yerdən adamlar axışıb gəlirdi, hamı senyorina Cakominanın truppasına baxmaq istəyirdi və mer topal faytonçuya karetanı kilsənin arxasında, yolu keşişin evinin dalında saxlamağı əmr etdi. Ölülər karetadan düşməli oldular, bütün gözlər xəz şərfin ucu ilə yelpiklənən xanım de Sen-Vassa dikilmişdi – onu Cül­yetta hesab etdiklərini başa düşəndə çox həyəcanlanmışdı. Vəziyyət elə alındı ki, Romeo və Cülyetta haqqında pyesi Komforun kilsə meydanında Bretanda sər­gər­dan dolaşan ölülər tamaşaya qoymalı oldular. 

Səhnəni köhnə kilsə divarının yanında qurmuşdular, dirəkləri isə müqəddəslərin taxta fiqurları əvəz eləyirdi, həmin vaxtlar Fransada onlara elə də sitayiş eləmirdilər. Kilsənin həyəti camaatla dolu idi, teatr haqqında hamıdan bir az çox bilən polkovnik Kulenkur musiqiçiyə dedi ki, bombardin çalmağın əsl vaxtıdı, musiqi səslənənə qədər, o da qalan ölülərlə kimin hansı rolu oynayacağını razılaşdırar. Musiqiçi pavananı1, sonra kortezinanı çox zərif tərzdə çalıb, gurultulu alqışlar qazandı. De Krozon məmnunluqdan qızardı, indiyə qədər həyat hələ ona belə sevinclər bəxş etməmişdi. Bütün bu əhvalat onun üçün xeyirliklə qurtarsa, konsertlər vermək haq­qında düşünə bilər. Kulenkur ona pıçıldadı ki, marş çalsın, tamaşanı başlamağa hazır olana qədər dayanmasın; de Krozon onun dediyinə əməl etdi, həmin müddətdə Kel­vanlı zadəgan merin verdiyi xalçanı dekorasiya əvəzi kəndirlərdən asdı; xalçada əlində ud tutmuş oğlanın mürgülədiyi, ortasında fontan olan meydan, arxada isə saray tağı təsvir olunmuşdu. Notarius qrenader papağına lələklər taxdı, çünki qonfaloner2 rolunu oynayacaqdı, səhnəyə bir neçə yerli sakin çağırdı, uzun ağacın başına iri hərflərlə və müxtəlif rənglərlə “Bunlar – Verona camaatıdı” yazılmış lövhə vurub, onların başı üstünə qaldırdı. Lorenli cəllad aralıqda gəzib kimin harda duracağını, nə vaxt nə qışqıracağını izah eləyirdi. Nəhayət, bələdiyyənin barabançısı paradda olduğu kimi barabanı döyəclədi, musiqiçi isə ona tapşırılanı eləyib var gücüylə qışqırdı: 

– Məşhur sevgililər Romeo və Cülyetta haqqında tamaşa!

Komforun kilsə meydanına elə sakitlik çökdü ki, kəpənək uçsa, qanadlarının səsi eşidilərdi.

Pontivili musiqiçinin yazıları arasından Komforun kilsə meydanında verilən tamaşanın məzmununu pyes formasında şərh edən kağızlar tapılıb; mətni polkovnik Kulenkur de Baye və xanım Klarina de Sen-Vass fikirləşib. Orda, həmçinin musi­qiçinin sonralar, imperiya zamanında Pontivi bulvarında təsadüfən rastlaşdığı Komfor sakinindən eşitdikləri də yazılıb.

Musiqiçinin yazdığına heç nə əlavə etmədən, sözbəsöz sizə təqdim edirik.

 

ROMEO VƏ CÜLYETTA

MƏŞHUR SEVGİLİLƏR

 

YEGANƏ PƏRDƏ

 

İtaliya şəhəri Veronada meydanı. Fon­tanın yanında lyutnyanı sinəsinə sıxıb səfil musiqiçi yatır, o, pərdənin sonuna qə­dər oyanmayacaq.

 

 

I ŞƏKİL

 

Meydan yavaş-yavaş adamla dolur. Bir neçə gənc mahnı oxuyur. Səhnəyə əsgər çıxır, silahını yerə atır, dəbilqəsini, zirehini çıxarır.

 

Ə s g ə r. On bir ildi ehtiyac və mərhumiyyət içindəyik! Axır ki, isveçrəlilər mühasirəni götürdülər. Bizim Veronanın şəhər divarları on bir ildi sanki boz dumana bürünüb.

B a ş q a  ə s g ə r. Nəhayət, darvazanı açırlar!

K ə n d l i. Köhnə qüllədən atlı arbaletçilərin çayı keçdiyini gördüm. Senyor əsgər, bu, biclik olmaz ki?

Ə s g ə r. Hər nə olur olsun. On bir il aclıq və qorxu! Bu fərəhsiz günlərə necəsə son qoyulsun!

 

Veronlular – şəhər divarlarının üstünə çıxmış əsgərlər, kəndlilər, qadınlar, uşaqlar, – gördüklərini meydandakılara xəbər verirlər. 

 

K ə n d l i. İsveçrəlilərin düşərgəsi yanır! Özləri ilə apara bilmədiklərini yandırırlar!

Q a r ı. Hətta əlimizdən aldıqları çörək tikələrini də yandırırlar!

T a c i r. İsveçrəlilər dambanın üstüylə gedirlər.

K ə n d l i. Dükanda danışırdılar ki, sabah Mantuyaya buğda göndərəcəklər.

Ə s g ə r. Hələ öyrənmək lazımdı ki, Mantuya dururmu.

K ə n d l i. Məgər Mantuyanın yandığı barədə xəbər gəlib?

Q a d ı n. Mantuyanı yandırıblar, buğda olmayacaq! İsveçrəlilər bir buğda dənəsi də qalmağa qoymayacaqlar!

K ə n d l i. Onlar canavardılar!

Q a d ı n.Yaramazlar!

Ə s g ə r. Bütün isveçrəlilər ana bətnindən baş gəlişi ilə doğulurlar, ancaq bir ayaqları həmişə boyunlarına dolanmış olur.

Q a r ı. Onlar anadan yaramaz doğulurlar!

Ə s g ə r. Deyirlər, Mantuyadan qasid gəlir, artıq çayı keçib!

Q a d ı n. Bu senyor əsgər isə Mantuyanın yandırıldığını deyir.

K ə n d l i. Deməli, qasid Venesiyadan gəlir.

Q a d ı n. Venesiyadan qasid gəlir.  Onun çayı necə keçdiyini görüblər.

T a c i r. Əgər atlıdısa, demək, Venesiyadan gəlmir. O, dənizdən gələrdi. Əgər Mantuyanı doğrudan da, yandırıblarsa, gələn – Sienadandı.

Q a d ı n. Mənim bacanağım Sienada yaşayır, Roma darvazasının yanında çək­məçi emalatxanası var. Nəcabətli ailədən olan uşaqlar üçün səndəl tikir.

Q ı z. Qasid – başında lələkli şlyapa olan cavan oğlandı?

T a c i r. Qasid zadəganlardan olur.

 

Əvvəl uzaqda, sonra yaxında şeypur səsləri eşidilir.

 

Ə s g ə r. Hamını meydana çağırırlar.

K ə n d l i. Qonfaloner bura gəlir.

Q a r ı. Varlılar indi kasıblar kimi arıqdılar.

 

II ŞƏKİL

 

Qonfaloner və dörd senator daxil olur. Tağın üstündəki eyvana qalxırlar.

 

Q o n f a l o n e r. Verona camaatı, dostlarım mənim, senyor əsgərlər! İs­veç­rəlilər axır ki, getdilər. On bir il boğazımız ilgəkdə olub. On bir il ölümlə, aclıqla, susuzluqla, qorxuyla yaşamışıq. Biz artıq azad veronalılar deyilik, küçələrdə, meydanlarda, cəbhəxanalarda dolaşan kabuslarıq... Bizim şəhərdə ot yoxdu, öz körpələrini əmizdirmək üçün onları analarımız yeyiblər. Şam meşəsində bülbülə rast gəlməzsiniz, sevgililərinin üzünə çıxanda öz arıqlıqlarından utanmamaq üçün onları qızlar yeyiblər. Bu illər ərzində Veronada heç kim mahnı oxumayıb, çünki hava çatışmırdı, axı on bir il bütün darvazalar bağlı olub. İndi isveçrəlilər gedirlər, qış yuxusundan sonra tədricən oyanırıq, uzun qış gecələrindən sonra üzümüzə gün doğub. İsveçrəlilərin tamam gedib-getmədiyini tezliklə biləcəyik, körpünün üstündəki keçiddə qasidi görüblər. 

Q a d ı n. Cənab, bəs o bizə çörək gətirəcək?

K ə n d l i. Mantuyadan taxıl gətirəcək?

Ə s g ə r. Veronada yenə nə vaxt Venesiyadan gətirilən mal əti satılacaq?

Q a d ın. Bizə çörək lazımdı! Heç olmasa, bir tikə, cənab!

Ə s g ə r. Yaxşı olardı, əvvəlcə bizə yemək verəydilər, onda Sienadan gələn qasidə rahatca qulaq asardıq.

Q o n f a l o n e r. Əgər qasid, hətta arzuladığımız xəbəri gətirməsə belə, hər halda, onun gəlişi yolun açıq olduğunu təsdiqləyəcək, bu isə o deməkdi ki, taxıl da gələcək, ət də, siz də hər gün doyunca yeyəcəksiniz.

K ə n d l i. Bəs çaxır barədə nə deyə bilərsiniz?

S e n a to r. Çaxır da olacaq. Ancaq indi qasidi gözləyək, dünyada nə baş verdiyindən xəbər tutaq, görək, dostumuz, düşmənimiz kimdi.

Ə s g ə  r. Qasid darvazaya yaxınlaşır. Çantası məktubla doludu!

 

Uzaqdan şeypur səsi eşidilir. Bu, şərti işarədi. Fayan darvazasındakı keşikçilər, qasidin onların yanından ötüb şəhərə girdiyini xəbər verirlər.

Sakitlik yaranır. Körpünün daş plitə­lərində at ayaqlarının səsi eşidilir. Çaparaq gələn atlı görünür. Əynində tünd-göy rəngli plaş olan gümüşü dəbilqəli gəncdi. Sağ qolunda yaşıl lent var.

 

 

III ŞƏKİL

 

Q o n f a l o n e r. Hardan gəlirsiniz, senyor qasid?

Q a s i d. Siena şəhərindən, cənab. İndi yollar açıqdı. Pratto-Circenti vadisində iki quzğunun suda boğulan isveçrəlinin içalatını necə yediyini gördüm.

Q o n f a l o n e r. Bizim indiki zavallı Verona şəhərinin hökumətinə Sienadan məktub gətirmisiz?

Q a s i d. Ünvan qolumdakı ipək lentə yazılıb.

Q o n f a l o n e r (oxuyur). “Kədərli infanta senyorina Cülyettaya”.

Q a d ı n. Bəs çörək?

Ə s g ə r. Bəs Venesiya öküzləri hanı?

K ə n d l i. Əgər öküzlərdən bir xəbər gətirməyibsə, gəlin hələlik onun atını yeyək.

X o r. Ət! Mantuya taxılı yoxdu! Mantuyanı yandırıblar! Heç harda heç kim qalmayıb! Biz bu dünyada təkik! Yalnız isveçrəlilər və biz qalmışıq! Atı! Atı öldürün!

Q o n f a l o n e r. Sakit! Sakit! Bəlkə, bu məktubda hamı üçün, bütün Verona camaatı üçün bir xəbər var. Onu yazan adam, yəqin, senyorina Cülyettadan başqa burda heç kimi tanımır. Ola bilsin, məktubda Mantuya taxılından, Venesiya mal ətindən, çaxırdan, dostlarımızın qalıb-qalmadığından yazılıb.

X o r. Məktubu oxuyun! Orda nə yazılıb? Senyorina Cülyetta kimdi? O, zadəgandı. Məşhur aşiqdi. Kapulettinin dəmirçidən doğulan qızıdı? Yox, o doğmayıb, köhnə meydanda evi olan Montekkinin qızıdı. Amma onların hamısı pozğundu. Bu lap gəncdi. Kapuletti soğan satmaqla varlanıb, onu Venesiyaya aparırdılar. Hələ ipək də satırdılar. Axır ki, məktub oxunacaq, ya yox? Biz xəbər gözləyirik!

Q o n f a l o n e r. Sakit olun, senyorina Cülyettanın arxasınca adam göndərmişik. Oxumağı bilirsə, oxuyacaq, bilmirsə, se­natorlardan biri oxuyar. Bu da senyorina Cülyetta.

 

 

IV ŞƏKİL

 

Cülyetta meydanda görünür. Sükut çökür. Cülyetta qonfalonerlə senatorların dayandığı eyvana qalxır.

 

Q o n f a l o n e r. Senyorina, Sienadan gələn qasid sizə məktub gətirib. Ünvan qasidin qolundakı lentə yazılıb: “Verona şəhəri. Kədərli infanta senyorina Cülyettaya”.

Q a s i d (diz çökür). Senyorina, bu qış ovcunda ölən quşun dimdiyindən düzəlmiş qələmlə bu məktubu yazan adam mənə dedi: “Sən onu ünvansız da tapacaqsan, çünki göydə Ayı kim görməz?”

C ü l y e t t a. Bu Romeo olmalıdı.

Q a s i d. Bəli, senyorina, Romeodu.

C u l y e t t a (məktubu dodaqlarına toxundurur, qasidin qolundakı ipək lenti sığallayır və oxumağa başlayır). “Hər yaşanmış günü ürəyimdən qoparıb, toxum kimi torpağa atıram. Və günlərimdən soruşuram: “Bəs Sevgiyə siz nə aparır­sı­nız?” Axı hər gülün öz ətri var. Və qəlbimin biyabanına yığışan bütün günlərimə pıçıldayıram: “Hamınız ağ zanbaq kimi açsanız – məgər bundan zaman dəyi­şəcəkmi?” “Siz onun təbəssümünü havayla mənə göndərirsiz?” – gəncliyimin dəyir­manından və yelqovanından soruşu­ram. “Siz onun təbəssümünü su ilə mənə gön­dərirsiz?” – su ilə üzən qayıqlardan soru­şuram. Xəyali qəsrlərə, sulara krallar hökmranlıq eləmirlər ki!” (Məktubu çevirir.) “Əgər səslər sənin dodağında Sevginin nəfəsi olmayacaqsa, Romeo kimdi ki? Ax, Sevgi, sən artıq güllü-çiçəkli may deyilsən!”

 

Məktubu çevirib, dirəkdən asılan fənərə yaxınlaşaraq oxuyur.

 

“Mən səninlə danışmaq və səni görmək vərdişini yadırğamamışam, Cülyetta, axı Sienada hər gün ağ göyərçinləri görürəm. Səhərlər gözümü açan kimi, qəlbimdən xatirələr süzülür, çünki qanı hələ də damarlarımda qovan yorğun ürəyim onunla ağzınacan doludu... Ağ zanbaq dəstəsini sinəmə sıxıb deyirəm: “Cülyetta!” Xəyal­larımda özümü sənin otağında görürəm, ancaq məni örtən kül, sənin sevginlə ürəyimdə bəslənən və  həyatverici baxış­larından uzaqda büsbütün yanan qızıl­güldən qalan kül tozla qarışaraq, nəm tor­pağa çevrilir və dəfn olunmamış mən ölünün üstündən tökülür. Mən ötən günlərin xəyalətiyəm, ona görə məni görmürsən, addım səslərimi eşitmirsən, mən – isti qu­cağının alovu kimi, susuzluqdan əzab çəkirəm, ölürəm və yenidən özümə gəli­rəm, susuzluğum isə keçməyib, yalnız mənim bədənimin və sənin ruhunun dirildiyi yuxudan ayılmanın yorğunluğunu hiss eləyirəm. Zülmət və xaosdan bizim kimi canlı qab yaradan, gərək bu qabı dolduracaq çaxır haqqında da düşünəydi”.

 

Bu yerdə musiqiçi qırmızı mürəkkəblə belə bir qeyd edib: “Bu zaman hava qaraldı və ölülər skelet halına düşməyə başladılar.

 

C ü l y e t t a (oxumağa davam edir). “Qoy əllərinin ətri gecəyə hopsun və darçın qoxusunu əsən mehlə mənə yolla”.

Fənərin işığında Cülyettanın əti tökülmüş əlləri görünür. Cülyetta qorxudan məktubu əlindən salır. Səhnədəkilər nalə çəkib hönkürürlər, kilsənin qarşısındakı meydana toplaşanlar onlara qoşulur, tamaşa ilə həyat bir-birinə qarışır.

X o r. İsveçrəlilər getdi, çünki taun peyda oldu! Bizə sevgi yox, taun gətirdilər. Fəlakətli taun! O, bizə Sienadan gəldi!

 

Dekorasiyanı əvəz edən xalçanın fonunda bütün aktyorların skelet olduğu görünür.

 

K o m f o r  c a m a a t ı n ı n  x o r u. Taun! Aktyorlar bizə taun gətiriblər! Sevgi öz sümüklərində taun daşıyır! İtaliyaya fəlakətli taun gəlib! Bizim qarşımızdakı ölümdü! Taun! Taun!

Komfor camaatı və xor dağılışır. Meydan boşalıb. Qasidin atının skeleti meyda­nın ortasında dayanıb. Bu, polkovnik Kulenkurun atı qvardiyaçıdı və polkovnik birbaşa səhnədən atın belinə atılıb çaparaq uzaqlaşır; atın nalından qığılcım qopur.

Qışqırıq səsləri eşidilir, şəhərin küçələ­rində işıqlar dolaşır.

 

X o r  v ə  K o m f o r  c a m a a t ı. Veronada taun var! Veronada taun var! Bütün dünyada taun var!

 

Ölülər karetaya yetişirlər və Mamer atları qovur. Kareta döngədə gözdən itəndə, üst-başından kasıblıq yağan bir qız meydanda peyda olur, tələsmədən fənər asılan dirəyə yaxınlaşır, Cülyettanın atdığı kağızı götürüb oxuyur.

 

Q ı z. Burda qucağındakı zanbaq buketindən, darçın qoxuyan mehdən heç nə yazılmayıb. Yox, o biri üzündə nəsə yazılıb! (Oxuyur.) “Komfor bələdiyyəsi. Altı floreal1. Xəfiyyə ləqəbli çay strajniki Şayoya, Zərif  Çiçək ləqəbli Bonne ilə ev­lən­məyə icazə verilir. Rüsum – bir frank. Qoman qarıya hər cümə günü bazarda at və eşşək peyini yığmağa icazə verilir. Pulsuz. Dərzi Terniyə şalvara milli emblemli düymə tikməyə icazə verilir. İki frank”. 

 

Kor bir qarı əsasını taqqıldada-taqqıl­dada qıza yaxınlaşır.

 

Q a r ı. Qızım, de görüm, şənbə günləri Lanrivanda Allah xatirinə çörək paylaya­caqlarmı?

Q ı z. Yox, xala, yox, nə Romeo, nə xatirələr, nə ağ zanbaqlar olmayıb!

 

Qız və qarı qucaqlaşıb ağlayırlar. Külək qalxıb səhnədəki xalçanı yırğalayır.

 

IV

 

Yanvarda Kelvanlı zadəganın ölümünün üç ili tamam olacaqdı – yeri gəlmişkən, onun adının Ke Pyer Le Bek-Eluen olduğunu deməmişdim, – bu müddət qurtarandan sonra dağdan enəndə sərv ağaclarının göründüyü qədim Kelvan qəbiristanlığındakı məzarına uzanacaqdı, ancaq müsyö Ke Pyer əvvəlcə sağlığında hər payız palçıq vannası qəbul etdiyi Banol-del-Orn kurortuna gedib, madmazel de Vitre ilə vidalaşmaq istəyirdi; o, nə vaxtsa quduz itdən qorxub səsini itirdiyinə görə səs tellərini müalicə elətdirmək üçün Banyola gəlirdi və qraf de Lavelin Le-Manlı şirniyyat satıcısı ilə qeyri-rəsmi əlaqəsindən doğulan iki qızından kiçiyi idi. Vidalaşma təsirli, kövrək olsun deyə, Ke Pyer xanıma kral donanmasının gəmi­sinə minmək üçün İngiltərəyə getdiyini, Kel­vanda bekarçılıqdan bombardin çalmağı öyrəndiyini söyləyəcəyini qərara almışdı və gecə Mortan bağında onun şərəfinə serenada ifa edəcəkdi. Təbii ki, bombardini musiqiçi çalacaqdı; bağın qaranlığında Kelvanlı zadəgandan heç nə ilə seçilməzdi. Banol-del-Orna ikilikdə gedəcəkdilər, qalanlar La Ferte-Mase qəsrinin xarabalığında gözləyəcəkdilər, orda, çox ehtimal, Qi Lənət Şeytanın ağası Solomon Kapitan adlı şeytan peyda ola bilərdi; o, dişləri şaqqıldayan sərgərdan işartıyla öz arasında olan  şərtə axır ki, əməl etməliydi. 

Musiqiçi Banolda “Yeni Fransa” mehmanxanasında otaq kirayələdi və iki gün vaxtında isti yemək yedi, iki gecə yataqda yatdı, xanım Klementinanın nişastalı mələfələrindən ayrılandan buna həsrət qalmışdı. Kelvanlı zadəgan başlı-başına buraxılmış mədən suları müalicə­xanasında özünə sığınacaq tapdı, şənbə günü isə adam içinə çıxıb, şəhəri gəzmək və əlbəttə, qarışıq vaxtlar olduğu üçün hansısa dərzinin evində tək yaşayan madmazel de Vitrenin önündə dayanmaq fikrində idi. Bretanda sankülotların1 qəzəbi həqiqi zadəganlardan çox, aristokratların qeyri-qanuni övladlarına yönəlmişdi, çünki biclər öz mənşəyi ilə daha çox lovğa­la­nırdılar. Cümə axşamından şənbəyə qədər musiqiçi öz otağında Rossinini tokkatalarını məşq eləyirdi, “Laura sorride2” serenada­sını öyrənirdi, Kelvanlı zadəganın etdiyi kimi boğazını arıtlamağa çalışırdı ki, serenadanı çalanın onun nəzkətli kavaleri olduğuna madmazel de Vitredə şübhə yaranmasın. Otağın pəncərəsi nökərlərin və kirayənişinlərin daima girib-çıxdıqları poçt stansiyasının tövləsinə baxırdı; onların bəzisi dayanıb musiqiyə qulaq asırdı.

Şənbə günü tezdən müsyö Ke Pyer əynində qısa surtuk və yaxası alonson krujevalı qəşəng köynək əlindəki çəlik-şpaqanı yellədə-yellədə “Yeni Fransa” mehmanxanasına gəldi; zadəgan züm­rəsinə mənsubluğunu gizlətmək üçün şlya­pasını üçrəngli plümajla3 bəzəmişdi. Musiqiçi onun üçün serenada çaldı, həmin vaxt Parisdən poçt dilicanı gəldiyinə görə, həyətdə xeyli adam var idi və de Krozon “Laura sorride”ni çalıb qurtaranda, alqış sədaları qopdu; Kelvanlı zadəgan bombardini musiqiçidən alıb, pəncərəyə yaxınlaşaraq təzim etdi – guya məşhur musiqiçi o idi. De Krozon bundan bir az pəjmürdə oldu.

– Əzizim regentin köməkçisi, ona görə belə etdim ki, birdən bu konsert haqqında şayiələr gedib madmazel de Vitreyə ça­tar, – Ke Pyer əlini dostcasına musiqiçinin kürəyinə vurdu.

Kelvanlı zadəgan sevdiyi xanıma öz ehtiramını bildirmək üçün dərzinin evinə yollandı, musiqiçiyə isə dərzinin evindən sonra gələn, ondan vur-tut alçaq dəfnə ağaclarıyla ayrılan Mortan bağındakı Diananın heykəli olan fontanın yanında saat ona görüş təyin etdi. Müsyö Le Bek-Eluen istəklisiylə vidalaşana qədər musiqiçi düşündü ki, Marseldən Avranşa gəlib mehmanxananın yeməkxanasında şam eləyən dənizçi zabitlərə, şərtləşdiklərinin əksinə olaraq, konsert versə, heç də pis olmaz. Xoşbəxt təsadüfdən zabitlərdən biri gənc əsgərlərin arasında dəbdə olan təzə “Le coeur solitaire1” mahnısını bilirmiş və yamanca kövrəlmişdi. Musiqiçi mahnını bir az dəyişib, bombardinə uyğunlaşdırdı və Kelvanlı zadəganın sevgilisinin sere­nadası ilə bitirməyi qərara aldı. Dənizçi zabitlər pul xərcləməyə xəsislik etmirdilər, dalbadal sağlıq deyirdilər, musiqiçi qonaq eləyənlərin ürəyini qırmırdı və dilican Avranşa yola düşəndə, Şarl Ann qırmızı çaxırdan, Yamayka romundan  bəs deyincə içmişdi.  

Musiqiçi doyunca şam eləyib, sərgər­dan dolaşdığı müddətdə uzanıb sıxlaşan saqqalını nəyə görəsə daradı, hətta məcburi ayrılıq zamanı xanım de Sen-Vassın bağışladığı flakondakı gül suyunu üzünə çəkdi, bombardini qoltuğuna vurub, axşam saat onda Diananın heykəli olan fontanın yanına gəldi. İlahənin heykəli çox gözəl idi, hovuzun ortasında ucalmışdı, yandakı it və maralın ağzından isə su fəvvarə vurub, meşə ilahəsinin ayaqlarının altına tökülürdü. Danışılmışdı ki, sere­nadanı başlamaq üçün işarə birinci mərtə­bənin pəncərəsində yanan işıq olacaq. 

 

Axşamın soyuğu bağda musiqiçinin başından qırmızı çaxırın və Yamayka romunun havasını aparanda, nə etməli olduğu ona çatdı və pəncərə işıqlaşanda Rossininin tokkadasını çalıb, Lion kortezinə keçdi, sonra bir az dincəlib, “Laura sorride”ni çalmağa başladı, bu pyes onda gözəl alınırdı. Kapuçin monastırının divarının kölgəsi düşdüyündən, xüsusilə bu küncdə qaranlıq olduğundan, musiqiçi bağda, bombardin çala-çala pəncərədə ağ qadın fiquru sezdi. Bəlkə qulağı səsə düşmüşdü? Yox, doğrudan, elədi: qadın hıçqırıb ağlayırdı. Musiqiçi Ke Pyeri yamsılayaraq, hər ehtimala qarşı, beş dəfə boğazını arıtladı və bu yerdə göydən yağış tökdü, daha doğrusu, yağış çisələdi və mərhum Kelvanlı zadəganın istəyinə uyğun olaraq, vida görüşünü kədərli mahnı ilə bitirmək üçün “Le coeur solitaire”ni çaldı. Həmin gecə bombardin canlı varlıq kimi musiqiçiyə tabe olurdu və serenada çox kədərli alındı, çünki onun sonunda gənc əsgərlərin sevimli mahnısı səsləndi. Musiqiçi çalğısını bitirib, hər ehtimala qarşı, yenə bir neçə dəfə boğazını arıtlayıb, bombardini futlyara qoydu və mehmanxa­naya qayıtmağa hazırlaşırdı ki, birdən pəncərədən səs eşitdi; bir an tərəddüd elədi, çünki bu barədə heç bir tapşırıq almamışdı, ancaq pıçıltının arxasınca yenə hıçqırtı, hönkürtü eşitdi və musiqiçi fikirləşdi ki, gecənin bu ayrılıq çağında hər hansı vida sözü xanıma, heç olmasa, bir az təsəlli olar. Sarmaşıqlı çəpərə yaxınlaşanda, pəncərədən uzanmış əl gördü və ayağını dəfnə ağacının aşağı budağına qoyub, onun əlini titrək quş kimi, öz ovcuna aldı, elə dərhal da düşündü ki, ayrılıq məqamında nəzakət qaydaları bu əlləri öpməyi hökm edir; dodaqlarını İtaliya qərənfili qoxuyan əllərə toxundurdu, xanımın əlini çevirib, ovcundan da öpdü. Bu nəzakətli rəftarı ona Bombur ətrafındakı çəmənlikdə çiçək yığanda xanım de Sen-Vass öyrətmişdi. Və bizim musiqiçi pəncərəyə

DİGƏR MƏQALƏLƏR