ƏRƏB POEZİYASI
Mahmud Dərviş

XALQIN MÜDAFİƏÇİSİ

Fələstinli şair Mahmud Dərvişi "FƏLƏSTİN XALQININ NƏFƏSİ, SÜRGÜNÜN VƏ YAŞAMAğI SEVMƏYİN ƏN ÖNƏMLİ ŞAHİDİ"- deyə adlandırıblar. Həqiqətən Mahmud Dərviş hələ gənclik illərində yazdığı şeirlərindən, yarım əsrlik ədəbi həyatı boyunca İsrailə qarşı vuruşaraq azadlıq arayan Fələstinin yaşadığı savaşların, sürgünlərin, qorxu və cinayətlərin şahidi və qurbanlarından biri oldu. İyirmidən çox şeir və müxtəlif mövzuda olan kitablarında toxunduğu bir çox mövzularda Dərviş bir şahid olaraq yazıb yaradan qələm sahibi idi. Ərəb şeirinin köklü ənənəsindən qidalanan, epik əsərləriylə öz şeirini yaradan Mahmud Dərvişin yazdıqları bütün dünyada iyirmidən artıq dilə çevrildi və 2003-cü il Nazım Hikmət ödülünün də yer aldığı bir çox mükafatlara sahib oldu.


MAHMUD DƏRVİŞ KİMDİR?

Mahmud Dərviş 1941-ci ildə bu gün İsrailin içində qalan Akko şəhərinin Əl-Bərva kəndində doğuldu. 1948-ci il Ərəb-İsrail müharibəsi sırasında doğulduğu kəndin hücuma məruz qalmasıyla ağrıları hələ yeddi yaşında hiss etdi. Kiçik yaşlarında şeir yazmağa başlayan Mahmud Dərviş ilk şeirləri çap olunduğu vaxtlarda Əl-Ard (Torpaq) cəmiyyətində çalışmağa başlamışdı. İllərlə qəzetçiliklə məşğul oldu, "Əl-İttihad" qəzeti ilə "Əl-Cədid" dərgisinin baş yazarının müavini vəzifəsində çalışdı. Fələstinlilərin yaşadığı çətinlikləri misralarına tökən çağdaş Fələstin şeirinin ən qabaqcıl təmsilçisi olduğundan şeirləri və yazıları üzündən İsrail ordusu tərəfindən həbs olundu. 1970-ci ildə İsraildən sürgün edildi və illər boyu bir çox Avropa və Ərəb şəhərlərində sərgərdan həyat yaşadı.
1982-ci ilin sentyabrında Sabra-Şatilla düşərgəsində Fələstinli didərginlərə qarşı olan qətliamın ardından "BEYRUT QƏSİDƏSİ"ni yazmış və bu qəsidə ilə 1984-cü ildə o zamanın Sovetlər Birliyində Lenin mükafatını almışdı. Şairin Türkiyədə çap olunan şeir kitabları arasında "Zeytun yarpaqları", "Fələstinli sevgili", "Gecənin sonu", "Uzaq bir son baharın xəfif yağmuru", "Cəlilədə quşlar ölür", "Düyünlər", "Yuxudan oyanır sevgilim", "Yeddinci təcrübə", "Beyrut qəsidəsi" var. Mahmut Dərviş 1988-ci ildə Fələstinin müstəqillik deklarasiyasını yazan şəxsiyyətdir. İllərcə Fələstin Qurtuluş Dəstəsinin içində olan Dərviş bu vəzifəsindən 1993-cü ildə Oslo anlaşmasına etiraz edərək ayrılmışdı. 1995-ci ildən bu yana Batı Şeriadakı Ramallahda yaşayırdı.Fələstin hakimiyyəti Mahmut Dərvişi doğulduğu kənddə bəsdırmaq üçün İsrail hökumətiylə razılığa gələrək Ramallahda da torpağa tapşırdı.



BEYRUT QƏSİDƏSİNDƏN

(...)

Ey qızım, sevirdik səni
İndi kar olmuş dünyanı oxuyuruq
Huş ağacından süpürgələr toxuyuruq
Üstümüzdəki hirsi dağıdırıq... dağıdırıq
Ah onda...
Niyə bəs ovuclamadıq göbəyini üfüqün
Hər uzanan əlləri
Bizi boğmağa çalışdıqlarında.
Beyrut yox
Arxamız, önümüz olan dənizin
sirləri yox
Qanımızı son damlasına kimi itirənədək
Xatirələri, sözcükləri itirənədək.
Ancaq sözlərim indi yox
O son bombardman da yox
O yer bir çuxur.
Başqa bir şey qalmadı yox
O ruh içində qalmadı yox
Beyrut yox...



FƏLƏSTİNLİ SEVGİLİ

Gözlərin bir tikan
ürəyə saplanmış, sevilən,
işgəncəsinə dözülməyən.
Gözlərin bir tikan,
rüzgardan qoruduğum,
acıların, gecələrin,dərinlərə basdırdığım
bir məkan.
Qəndillər yanar işığınla,
gecələr apaydın sabahlar kimi.
Mənsə unuduram birdən,
- göz görər-görməz-,
yaşadığımız bir vaxtlar
qapının arxasında
yan-yana.


Gözləriylə Fələstin,
qollardakı, sinələrdəki döymələrlə Fələstin,
adıyla-sanıyla Fələstin.
Röyaların Fələstini
və acıların,
tapdaqların, bədənlərin və yaylıqların Fələstini,
sözcüklərin və səssizliyin Fələstini
və hıçqırıqların
və körpələrin Fələstini
daşıdım səni əski dəftərlərimdə atəş kimi.
Bir çanta kimi daşıdım səni səfərlərimdə.
Vadilərdə çağırdım səni bağıra-bağıra,
inlədi sənin adınla vadilər...


QIZILXAÇ HAQQINDA BƏSİT BİR ŞƏRQİ

Bütün ölkələrdə bütün insanların, atam,
gücü varmı çörək paylamağa,
ümid paylamağa,
beynəlmiləl marş çaldırmağa?
Varsa, atam, nədən
lal-dinməz budaqlarıq qaranlıq ormanlarda?
Nədən fürsət düşən kimi
acı türkülər oxuyuruq?
Yaxşıyıq, atam, qorxumuz yox
Qızılxaçın qucağında,
Ay bizə bir kömbə kimi görünər
un torbalarımız boşalınca.
Nədən dəyişdirdin hıçqırıqlarımı
quru çörək qırıntısıyla, sarı pendirlə.
Nədən dəyişdirdin hıçqırıqlarımı, atam,
Qızılxaç dükanlarında?
Xaçın kölgəsində çiçəklər bitərmi, atam?
Bülbüllər oxuyarmı xaçın kölgəsində?
Nədən partlatdılar eləsə yoxsul komamızı?
Nədən günəşi ararsan, atam, gün batarkən?
Nədən gəl deyərsən, əl edərsən, atam?
Məni beşiksiz buraxdılar,yelləncəksiz qoydular,
kirpiklərimi toza-torpağa,
çörəyimizi çirkaba buladılar.
Aldılar taxta atımı mənim,
yükü atamın kürəyinə yükləməyə məcbur etdilər,
gecənin ağırlığını qaldırmağa məcbur etdilər.
Kim açdı atəş şırımlarını içimdə?
Kim açdı, kim açdı, kim?
Kim aldı əlimdən barış göyərçinini,
Qızılxaçın bayraqları altında?


Tofiq Abdin

DİGƏR MƏQALƏLƏR