MEMUAR - O.F.Yerişev, A.M.Sprints

 

 

Tanınmış rus psixiatrları, tibb elmləri doktorları Anatoli Mixayloviç Sprints və Oleq Fyodoroviç Yerışev müştərək yazılmış bir neçə elmi araşdırmanın müəllifləridir. Onların qələmə aldığı “Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəlik” kitabında  psixi pozğunluqlardan və xarakterlərində üzə çıxan anomaliyalardan əzab çəkmiş dünyanın bir sıra  görkəmli  yazıçı, şair,  rəssam və bəstəkarları haqqında söhbət açılır. Müəlliflər bu kitabda böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun da  taleyinə çevrilmiş əzab dolu yaşantıların elmi izahını verməyə çalışıblar.

 

Tərcümə:  Zahid Sarıtorpaq

 

TALEYƏ ÇEVRİLƏN YAŞANTILAR

 

“Bu, dözülməz xəstəlikdir. Məni qurudur...”

N.V.Qoqol

 

Nikolay Vasilyeviç Qoqolun adı rus dahiləri sırasında, haqlı olaraq A.S.Puşkindən sonra ikincidir və onun bizim mədəniyyətimiz üçün hansı əhəmiyyət daşıdığı haqda çox danışmağa ehtiyac yoxdur. F.M.Dostoyevskinin “Bədbəxt insanlar”ını oxuyan N.A.Nekrasov və V.Q.Belinski: “Yeni Qoqol peyda olub!” deyərək, boş yerə haray salmamışdılar. Bu, həqiqətən də çox yüksək bir tərif idi. Sonralar belə yüksək qiymətə heç kim layiq görülmədi. N.V.Qoqol və M.E.Saltıkov-Şedrin böyük rus satirikləri idilər və bugünə qədər həmin adı qoruyub saxlayırlar. Bununla yanaşı Qoqolun “kiçik insan”dan bəhs edən “Şinel”i ədəbiy­yatımızda ilk ən kəskin faciələrdən biridi.  Qoqola sonsuza qədər heyran olmaq mümkündür və bu zaman onun ünvanına söylənmiş ən yüksək tərifli sözlər heç də şişirdilmiş hesab edilməyəcək. V.Q.Belinski yazırdı: “Həqiqətən rus poeziyası Puşkinlə başladığı kimi, rus roman və povesti də  Qoqolla başlayıb... Qoqol ədəbiyyatımıza yeni amillər gətirdi, çoxlu sayda təqlidçilər yetişdirdi, cəmiyyəti həqiqi  romanın məzmununa yönəltdi və onun nə olduğunu başa saldı; Rus ədəbiyyatının yeni dövrü Qoqolla başlayır...”

Bir sözlə Qoqolun böyüklüyü və dahiliyinə heç kim şübhə edə bilməz. Uşaq çağlarımızdan onun əsərləriylə tanış olur, onları həyatımız boyu dönə-dönə oxuyur və onunla qürur duymaqdan usan­mırıq. Amma bu dahi yazıçının bioq­ra­fiyasıyla tanışlıq bir sıra suallar da doğurur. Bu suallara isə səlahiyyətli mütəxəssislərə, xüsusilə də psixiatrlara  müraciət etmədən, dəqiq cavab tapmaq mümkün deyil.

Məlumdu ki, Qoqolun sağlığında, 1840-cı ilin ikinci yarısında çoxları: “Nəsə onun başı xarab olub...” – deyirdilər. Elə həmin V.Q.Belinski ona yazırdı: “Siz xəstəsiz və müalicə olmağa tələsməyiniz lazımdı...” O, Qoqolun son əsərlərindən birini – “Dostlarla yazışmadan seçmə yerlər”i nəzərdə tuturdu.  Həqiqətən də onun atdığı addımlar və xüsusilə də qısa ömrünün sonlarında  (o, 43 il ömür sürmüşdü) yazdığı bir sıra əsərlərin məzmunu, yumşaq desək, təəccüb doğurur. Çoxları, o cümlədən də, psixiatrlar böyük yazıçının həyatını araşdırıb analiz etmişdilər və əksəriyyəti bu nəticəyə gəlmişdi ki, Qoqol psixi xəstə olub, ömrünün  bütün yöndəmsiz, mənasız anlarının səbəbi məhz bundan irəli gəlib. Bütün bu araşdırmalara rəğmən, biz Qoqolun şəxsi həyatı, vərdişləri, yaxınlarına münasibəti barədə kifayət qədər çox bilirik, ona görə də həyatda atdığı bir çox addımları analiz etməyə, onları başa düşməyə,  nəhayət, psixi durumunun ömrünün müxtəlif məqamlarında yaradıcılığına təsirini öyrənməyə gücümüz çatar. 

Ehtimal olunan psixi xəstəlikdən əzab çəkən insanın həyatındakı  gözlənilməz dəyişiklikləri anlamaq üçün onun irsiyyəti ilə tanış olmaq lazımdı. Qoqol 20 mart (yeni təqvimlə 1 aprel) 1809-cu ildə dünyaya gəlib. Atası Vasili Afanasyeviç Qoqol-Yanovski, məlum olduğu kimi, xeyirxah, tənbəl, orta qabiliyyətli, bekar­çı­lıqdan bayağı şeirlər və pyeslər yazan, yazdıqlarıyla heç kimin diqqətini cəlb edə bilməyən bir insan olub. O, 43 yaşında vərəmdən ölüb. Elə həmin yaşda da yeganə oğlu dünyasını dəyişib. Atasının xroniki xəstəliyi Qoqolun sağlamlığına  təsir edər, əsəb sisteminin zəifləməsinə səbəb ola bilərdi. Bu baxımdan, 15 yaşında olarkən yazıçını dünyaya gətirmiş, ümumilikdə isə, on iki  dəfə doğmuş anası Mariya İvanovna haqda olan məlumatlar da xeyli maraq doğurur. Onu xeyirxah, həssas, özgə dərdinə yanan, iddiasız və bacarıqlı bir qadın kimi xarakterizə edirlər. Səbəbsiz tərəddüdlər keçirməsi və ovqatının kifayət qədər ziddiyyətli olması üzdə idi: onun zirəklik çağları artıq ətraf­dakıların diqqətini özünə  çəkən “xəyalpə­rəstliklə”, ləngliklə,   əzginliklə əvəz olun­muşdu. Bir çoxları onun etibarsızlığını və hər şeyə şübhəylə yanaşdığını bildirirdi. Qoqolun anasının xarakterindəki bu kimi irsi xüsusiyyətlər aydın şəkildə özünü göstərir.  Sonralar biz həmin bu şübhələrin və üzgün ovqatın xəstə yazıçının yaşan­tılarında necə yer aldığını görürük. 

Qoqol uşaq vaxtlarından xəstə (“sıraca” xəstəliyi) böyüyürdü. Gimnaziyada pis təhsil alır, fiziki tapşırıqları sevmirdi. Yaşıdları və müəllimləriylə münasibət qura bilmirdi. Ona sataşırdılar, amma o, yoldaşlarını və müəllimlərini qəzəblə ələ salırdı. Bununla belə, zarafatcıl və oyunlara meyilli, çevik bir yeniyetməydi. Qoqol dərslərdə özünü guya kitab oxuyurmuş kimi aparsa da, əslində, masanın siyir­mə­sində gizlətdiyi dəftərində öz yazılarını yazırdı. Onu dərsdə yazmaq imkanından məhrum edəndə isə “qəzəblənirdi”. Gələcək  yazıçının yeniyetməliyində baş vermiş belə səhnələri yoldaşlarından biri bu cür təsvir edir: “Biz onun başına top­la­ş­dıq və gördük ki, Qoqolun üzü dəhşətli şəkildə dəyişib, gözlərində qorxunc bir parıltı var, saçları biz-biz durub, dişləri şaqqıldayır,  ağzından köpük daşır, əl atıb mebelləri döyəcləyir,  əsəbindən özü­n­də deyil! Soyuqqanlı direktorumuz Orlay da özünü yetirdi, ehtiyatla Qoqola yaxınlaşıb çiyninə toxundu. Qoqol kətili qapıb ona atanda Orlay çıxıb getdi... Bircə yol qalmışdı: litseyin dörd nəfər xidmətçisini çağırdılar, Qoqolu xəstəxananın xüsusi şöbəsinə aparmağı əmr elədilər. Onlar da məqam tapıb Qoqola yaxınlaşdılar, tutub skamyaya yıxdılar və bu Allah bəndəsini xəstəxanaya apardılar. O, özünü məharətlə dəliliyə vuraraq, iki ay orada qaldı...” Qəribə tarixçədi, elə deyil? Hətta dərsdə əsər yazmaq haqqı uğrunda mübarizə aparsa da, hər adam bunun üçün özünü yalandan dəliliyə vurmağı və iki ay psixiatriya şöbəsində yatmağı arzulamaz. Başqa sözlə, tamamilə mümkündü ki, Qoqol qısa müddətli psixi pozğunluq keçirib, nəyin bahasına olursa-olsun, öz məqsədinə can atmasını isə ətrafdakılar şıltaqlıq kimi qəbul edib. Təsvir edilən səhnə isə, daha çox kəskin psixi pozğunluq halını xatırladır. Hətta onun incikliyə və sıxışdırılmağa göstərdiyi reaksiyasını nəzərə alsaq, bu, onu qıcıqlandırana münasibətdə çox kəskin görünür. Sonrakı hadisələr belə bir fərziyyənin  qununauy­ğun­luğunu göstərir.

Çox güman, biz V.F.Çijin (XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur rus psixiatrı) fikriylə razılaşma­yacağıq. Onun dediyinə görə Qoqolun, yeniyetməliyindən dahiliklə bağlı  “gülünc ideyaları” olub, lovğanın biriymiş, gim­naziyanı “ikinci dərəcəylə” bitirib, dil bilmirmiş, ortada heç nə olmaya-olmaya öz potensial imkanlarını çox yüksək qiymət­ləndirirmiş və s.

Ehtimal ki,  eqosentrizm, yeniyetməlik maksimalizmi, xüsusilə də onu qəbul etməyən ayrı-ayrı adamlara qarşı, sonralar isə əsərlərinin açıq tərzdə qiraətinə yönəlik göstərdiyi qəribəlik – onun həyatı boyu güclənən xarakterinin xüsusiyyətləri idi. Onun belə  xüsusiyyətləriylə bağlı davra­nışından bəzi nümunələr var: əgər qonaq olduğu yerdə xoşu gəlməyən bir adam peyda olardısa, Qoqol heç bir izahat vermədən oradan çıxıb gedə bilərdi və ya özünü kresloda yuxuluğa vurar, həmin adamın çıxıb getməsiylə dərhal “oyanardı”; bəzən o, ev sahibini son dərəcə təşvişə salmaqdansa, orada yenicə peyda olmuş qonaqlardan qaçmağa üstünlük verərdi; səfərdə özünü başqa soyadla təqdim edirdi (gərəksiz ünsiyyətlərdən qaçmaq üçün buna psixi cəhətdən bəraət vermək olar, amma lazım oldu-olmadı, belə halların tez-tez baş verməsi, artıq cəfəngiyyatdı). Bəzən, az qala hansısa bir yazısını oxumaq üçün dizləri üstə düşüb yalvarırdı, hərçənd bu barədə razılaşması vardı, başqa vaxt gələ və qeyd-şərtsiz oxuya bilərdi. O ki qaldı Qoqolun təkəbbürünə və əhatəsində olanlara “son dərəcə tənqidi” yanaşmasına, yəqin ki, xarakterinin məhz bu cizgiləri sonrakı dönəmdə onun istedadının bir satirik kimi formalaşmasına kömək etmişdi.  Qoqolun xarakterində paranoik cizgilər də vardı (paranoiklər  – inadcıl,  tərs, hərəkətlərinə görə arxayın, adətən öz imkanlarını götür-qoy edən, çox vaxt həyatda özlərinə məxsus hansısa bir ideya irəli sürən insanlardı).

Nikolay Vasilyeviç ömrünün müxtəlif çağlarında öz istedadının çeşidli çalarlarını sınayıbmış. Yazırlar ki, o, gözəl artistlik qabi­liyyətinə malik idi, özünün və baş­qalarının əsərlərini əla oxuya bilirdi, amma aktyorluqda bəxti gətirmədi.  Ədəbi yaradıcılıqla məşğul olmağa başlayan kimi, dərhal istedadını və ətrafındakıların çoxundan xeyli üstün olduğunu nümayiş etdirə bildi.

Yazıçının xarakterindəki daha bir cizgi də sirr verməməsidi. O, öz intim yaşantılarını bölüşməyi sevmirdi. Demək olar, bütün ömrü boyu onun əsil dostu olmamışdı, sadəcə ona pərəstiş edən, “qulaq asan”,  heyran kəsilmiş insanlar və şagirdləri vardı (amma, sonuncular tək-tək idi).  Onun ən sıx münasibəti gimnaziya yoldaşı A.S.Danilevski ilə olsa da, axırda o da puça çıxmışdı. Qoqol elə bilirdi ki, hamı ona yaxşılıq etməyə borcludu  və bunun əvəzini verməyi sevmirdi (məsələn, zəruri maddi köməyin əvəzində “qiymətli məsləhətlər” verə bilərdi). Xəstə­liyinə baxmayaraq, ömrünün sonunacan onda qeyri-adi bir işgüzarlıq, hər şeyə ayıq başla yanaşmaq xüsusiyyəti var idi – ancaq ona lazım olan insanlarla ün­siy­yət saxlayırdı, əgər işi keçmirdisə, tərəddüd etmədən, asanlıqla o adamla əlaqəsini kəsirdi, yalnız maddi kömək edənlərlə və ya işinə yarayanlarla münasibət qururdu, bir sözlə, və­ziyyətdən və insanlardan maksimum öz işinə görə yararlanırdı. 

Yəqin, hər birimiz o  dünyadan xortlayıb gələnlərlə deyil, məhz bu dünyanın qəribə adamlarıyla rastlaşmışıq; belələri  öz şəxsi rifahları üçün çox yaxşı fürsət seçir, nəsə bir şey baş verəndə isə, yorğan altında gizlənirlər. Bu baxımdan Qoqola qatı praqmatik və xəsis demək olmaz. O, kilsədə “yoxsullara” ianə verir (düzdü, onun sağlamlığı üçün dua etmək şərtilə),  özü maddi çətinlik çəksə də, “universitetin kasıb tələbələrinə” pul ayırırdı. Anasının və bacısının xeyirinə ona düşən miras payından imtina etmişdi.  Şəxsi xüsusiyyət­lərinin belə rəngarəngliyi bir tərəfdən dahiyanə ədəbi əsərlər yaratmağı bacaran, digər tərəfdən isə ruhi dilxorçuluğa meyilli olan Qoqolun xarakterini əhatə edirdi. Xarakterindəki bütün bu sadalanan xüsusiy­yətlər zaman ötdükcə şiddətlənirdi. 

Yazıçının ömrünün gənclik illərində baş vermiş bir (psixioloji) hadisəyə xüsusi diqqət  yetirmək lazımdır. Gimnaziyanı bitirdikdən sonra, cəmiyyətə xeyir verən nüfuzlu bir iş tapmaq sevdasıyla Peterburqa gələn Qoqol, pulunun az olmasına baxmayaraq, qəfil çıxıb xaricə getmişdi. Onun həyat və yaradıcılığını tədqiq edənlərin bəziləri bu səfəri ilk ədəbi uğur­suzluğundan irəli gələn yaşantılarla əla­qə­ləndirməyə çalışırdılar. 

Özü isə belə yazırdı: “Neyləsəm də, iradəmə zidd olan bu həvəsə qarşı çıxa bilmədim, Peterburqa gəlməyimdən heç beş ay keçməmiş, gözümü açanda artıq özümü gəmidə gördüm, bu anlaşılmaz hissi boğmağa gücüm çatmadı”.

Bu hadisədə söhbət ağrılı şəkildə meydana gələn, fərdin normal psixi fəaliyyətinə yad olan, mənasız görünsə də mütləq yerinə yetirilməsi tələb edilən impulsiv həvəsdən gedir.  Qoqol bu həvəsinin ardınca düşərək gəmiyə minib Almaniyaya gəldi. O, gözəl şəhərlərin birində – Lübekdə olsa da, ətrafda olan hər şeyə etinasız qaldı. Xarici səfər arzusunda olan bu cavan oğlan (onda 21 yaşı vardı) şəhərə “sanki çoxdan bələd olduğu və tez-tez görməyə vərdiş etdiyi  qədim bir kəndə girirmiş kimi daxil oldu”. O, ay yarımdan sonra tamamilə sakit bir tərzdə Peterburqa qayıtdı. Ola bilsin ki, bu səfər, həyəcanlı yaşantılar, hallüsinasiya və ya sərsəm ideyalarıyla bağlı xəstə halının diqtəsiylə baş tutmuşdu. Sonrakı dönəmlərdə yerdəyişmələr, səfərlər, “yad diyarlarda” yaşantılar Qoqolun həyatında vərdiş olunmuş bir hadisəyə çevrilir. Onun Rusiyadan köçməkləri, baş götürüb bir ölkədən başqa birinə getməyi qaçqınlığı xatırladır. Bu bəlkə də, elə xəstəliyin əlindən qaçqın düşmək idi. O, heç vaxt ailə qurmayacaq, şəxsi evə malik olma­ya­caqdı. Belə  hallar adətən həyatda uğursuzluğa məruz qalanları və psixi xəstəlikləri olanları müşayiət edir. 

Gənc yaşlarından yazıçıda yara­dı­cı­lığının yüksəliş dövrləri, zəiflik və məyusluq halları bir-birini əvəz edirdi. Əhatəsində olanlar onun davranışlarında, insanlarla ünsiyyətində  tez-tez, ya da bəzən anla­şılmayan dəyişikliklər görürdülər. Qoqolun xarakterində və davranışındakı bu cür dəyişikliklər müasirlərinin ona münasi­bətlərində olan ziddiyyətləri səciyyələ­n­dirirdi.  Elə insanlar vardı ki, ömrünün sonuna kimi hər şeyi bu yazıçıya  bağışlayır və onu ilahiləşdirirdi, amma  zəhləsi ge­dənlər də az deyildi, onlar yazıçını “ifşa etməyə” cəhd edir, xarakterindəki neqativ tərəfləri cürbəcür yollarla qabardırdılar.

Qoqol ona dünya şöhrəti gətirmiş bütün əsərlərini təxminən 34 yaşına qədər – 1843-cü ilə kimi yazmışdı. O, ədəbiyyata “Dikanka yaxınlığında xutor axşamları”yla gəlmiş,  tezliklə “Mirqorod”la, sonra isə “Peterburq povestləri”ylə (“Nevsk prospekti”, “Burun”, “Portret”, “Şinel”, “Dəlinin qeydləri”) oxucularını valeh etmişdi. Bundan başqa “Taras Bulba”, “Müfəttiş” kimi əsərlərini yazmış, nəhayət, teatr quruluşları haqda bir sıra təsəvvürləri dəyişən “Ölü canlar”ı təqdim etmişdi. Qoqolun böyük yaradıcılığına qiymət vermək üçün bu yarımçıq siyahı da kifayət edər. O, öz əsərlərini ciddi şəkildə cilalayır, yenidən işləyib düzəldirdi, povestləri yeni redaktədə təkrar çap olurdu.  Bu əsərlər yumorla doluydu, o zamankı həyatın qüsur və iyrənclikləri lağa qoyulurdu. Yumoristik,  satirik obrazlar bolluğu o dövrün hadisələrinin gedişi fonunda “kiçik (adi – müəllif) insanın” sarsıdıcı yaşantılarına işıq salır, ona dərin rəğbət aşılayırdı. Qoqolun özünəməxsus düşüncə tərzi və yaradıcılıq üsulu elə əsərlər yaratmağa imkan verirdi ki, bundan nəinki rus yazı­çıları, dünya ədəbiyyatının nümayəndələri də heyranlıqla bəhrələ­nir­dilər, təssüf ki,  sağlığında bu əsərlər layiqli qiymətini almamışdı. Məsələn, “Burun” povesti – yüz il sonra F.Kafka yaradıcılığına təkan vermişdi (onun “Çevrilmə” əsərini xatırlayın). Bu və bir çox başqa əsərləri Qoqol təxminən 12 il ərzində yazmışdı. Həmin dövrdə xəstəliyinin bir neçə ağır dönəmlərini yaşaması xüsusilə, təəccüb doğurur (bu barədə artıq yuxarıda xatırlatmışıq), ovqatı çox pis olmuş, demək olar yaradıcılıq qabiliyyəti itmiş, qarın nahiyəsində xoşagəlməz ağrılar baş qaldırmış, qəbizliyə tutulmuşdu.  O dövrün həkimləri düşünmədən ona “babasil xəstəliyi” diaqnozu qoymuşdular. Xəstəliyin başlanğıcında mədə-bağırsaq pozuntusuna (depressiv vəziyyətlərdə tez-tez üzə çıxan simptom) düçar, olan Qoqol da bu terminologiya ilə razılaşırdı. 

Psixi nasazlığın ilk qabarıq təzahürləri onda 1833-1837-ci illərdə özünü göstər­mişdi. Bu vəziyyət aylarla çəkirdi və yaradıcılıq durğunluğu, ovqat məyusluğu, fiziki zəiflik və mədənin “anormal fəaliyyəti” kimi xarakterizə edilirdi. Qoqol öz halını belə təsvir edirdi: “Narahat­lıqlarım qəflətən əsəb qıcıqlanmalarına çevrildi. Hər şey ürəyimə yük oldu... Qorxdum; öz vəziyyətimi anlamırdım; məşğələlərimi atdım, bunun, özümə qapılma və oturaq həyat tərzimdən əmələ gələn hərəkət çatışmazlığı olduğunu düşündüm. Yeriməyə və yorulana qədər hərəkət etməyə başladım və nəticəsi daha da pis oldu. Əsəb pozğunluğum,  qıcıqlanma dəhşətli dərəcədə artdı, indiyə qədər heç vaxt duymadığım ağrılar və təzyiq çoxaldı...  Bütün bunlara təsvir edə bilməyəcəyim əzabverici bir kədər də əlavə olundu. Elə bir vəziyyətə gəlib çıxdım ki, neyləyəcəyimi, hara gedəcəyimi bilmədim. Nə yataqda, nə oturduğum yerdə, nə də ayaq üstə ikicə dəqiqə belə rahatlıq tapa bilmirdim. Ah, bu, dəhşət idi”.

Bundan sonra yüksəliş dövrü gəldi və Qoqol yaxın çevrəsini yumor və sarkazmla heyran qoya-qoya yaradıcılığa davam etdi. O, 1840-cı ildə yazırdı: “Mən gümrah gəncliyimi yenidən hiss etməyə başladım, ən əsası isə, sinirlərim oyandıqca, şüurumun əsəb yorğunluğundan məruz qaldığı letargik fəaliyyətsizliyindən qurtulduğunu duydum...  Başımda düşün­cələrin qıcıqlandırılmış arı pətəyi kimi  necə qaynaşdığını, təxəyyülümün necə həssas olduğunu hiss etməyə başladım... Hər şeyi unudaraq köçümü çoxdan ol­ma­dığım bir aləmə saldım, elə o andan da işimə qurşandım... ”

Ancaq yazıq o cür “müvəqqəti dirçəlmələrdən” heç də canını tam sağlam hiss etmirdi. O, belə vaxtlarda yazırdı: “Əfsus! Səhhətim pisdi! Əgər dörd-beş il də sağlam olsaydım... İşlərimsə öləziyib, yoxdu o canlanma... Bu, dözülməz xəstəlikdi. Məni qurudur... Hər an özü haqda mənə diqtə edir, işləməyimə maneçilik törədir”. Yaxud da belə yazırdı: “İlhamım kütləşir, başım elə dumanlanır ki, yorulmadan onu dağıtmağa çalışıram, görüləsi işlərimsə o qədər çoxdu ki, tökülüb qalıb”.

Bütün bunlar bir çox istedadlı insanlarda müşahidə etdiyimiz kimi, yazıçıda affektiv tərəddüdlərin (yüksəlmə və enmələrin) mövcudluğunu təsdiqləyir. Təxminən 26-27 yaşından onun xəstəliyi aramsız bir xarakter alır və şəxsiyyətində  düzəlməz dəyişikliklərə səbəb olur, son  nəticədə isə, əksini yaradıcılığında tapır. Yuxarıda təsvir edilən əks affektiv vəziyyətlər (ruh düşgünlüyü və yüksəliş) daha açıq xarakter almışdı və sanki onlar arasındakı sərhədlər itmişdi (uğur gətirən dönəmlər tədricən yoxa çıxmışdı). Qoqol bunu 1842-ci ildə belə təsvir edirdi: “Mən azarlıydım, pis naxoş idim, indiyə qədər də daxilən xəstəyəm; xəstəliyim elə qəribə ürəkkeçmələrlə təzahür edir ki, beləsinə heç vaxt rast gəlinməyib. Amma Vyanada yaşadığım vaxtlar dəhşətli xəstəliyi xatırlamaq mənə daha qorxunc görünürdü; xüsusilə də, ürəyimə dolan həyəcanı duyanda düşüncələrimdən ötüb keçən cürbəcür obrazlar böyüyüb nəhəngləşir, elə qorxunc bir hissə çevrilirdi ki, buna insan təbiəti dözə bilməzdi, qaranlıq duyğuların hamısı kədərlə əvəzlənirdi – ağır və iztirablı kədərlə, sonra da bayılırdım, nəhayət, tamamilə somnambul vəziyyətinə (somnambul – yuxuda gəzən adam – tərc.) düşürdüm.” Bu fikirlərdə biz, affektiv vəziyyətin sərhədlərinin pozulduğunu görürük (vəcd və kədər zaman tanımır), şüur isə röya xarakteri daşıyır.

Qoqolda gəncliyindən bəzi müəyyən bir mistisizm hiss olunurdu bəzi bioqraflar bunu “qorxunc hadisələr” həvəskarı olan anasının təsiri ilə əlaqələndirirdilər. Yazıçı onları canlı qəbul edirdi,  elə bir əsəri olmurdu ki, orada cadugərlərin, ölülərin, suda boğulmuşların və onlara bənzər varlıqların obrazlarını  yaratmasın.  Ukraynada olarkən nağıl və mahnıları dinləyərək mənimsəyir, onlardan povestlərində məharətlə istifadə edirdi. Hələ gənclik illərindən onun təfəkkürü fantaziya və mistikaya meyilli idi.  A.S.Puşkin Tatyananın fantastik yuxularını təsvir edərkən, Triqorskda gördüyü kiçik bir holland tablosun­dan – “Müqəddəs Antoninin yoldan azdırıl­ması”n­dakı personajlardan istifadə etmişdi; burada o, “qorxunc və məğrur skelet”dən, eləcə də “keçisaqqal cadugər”dən bəhrə­lənmişdi. Qoqola isə “qorxunc ” səhnələrin təsviri üçün heç bir tablo-filan gərək olmurdu, bunları asanlıqla özü uydururdu, onun düşüncə tərzi beləydi. Yadınıza salın: “Üçüncü xaç yerindən oynadı, üçüncü meyit dikəldi. Sanki yerdən təkcə sür-sümük ucaldı. Saqqalı ayağınacan idi, uzun dırnaqlı barmaqları yerə sancılmışdı. Qorxunc bir şəkildə əllərini yuxarı qaldırdı, sanki səmadakı ayı tutacaqdı və elə bil, kimsə saralmış sümüklərini mişarlayırmış kimi çığırmağa başladı...” (“Dəhşətli intiqam”). Və ya: “Cinin az qala qanadlarının ucuyla və iyrənc quyruğuyla ona necə toxunduğunu, ətrafında necə dolaşdığını eşidirdi... Lap meşədəki kimi saçları pırtlaşıq nəhəng bir divin divarın önünü necə tutduğunu görürdü; qaşlarını bir az qaldırıb saçları arasından iki qorxunc gözlə baxırdı. Onun başı üzərində, havada ortasından minlərlə gənələrin və əqrəblərin neştərləri uzanan, azman bir köpüyə oxşa­yan nəsə vardı. Onlar parça-parça qara torpağa bulaşmışdı.” (“Viy”) (Viy – ölüm ruhu, şərqi slavyan mifologiyasında baxışlarıyla öldürə bilən cəhənnəm personajı – tərc.) Kəskin psixoz vaxtı yuxuya bənzəyən şüur pozğunluğunda valehedici fantaziya. Belə dəhşətləri biz doğrudan da yalnız “müqəddəslərin yoldan azdırılmasını” çəkən köhnə sənətkarların tablolarında görə bilərik. Beləliklə, istedadının özəyini təşkil edən güclü yumorla yanaşı, paradoksal şəkildə misti­sizmə, qaranlıq fantaziyaya meyil etmək həvəsi onun təfəkkürünü səciy­yləndirirdi. Psixikadakı belə ziddiyyətlər, adətən  xasiyyətcə qərarsız və ruhi fəaliyyəti da­ğınıqlığa meyilli adamlar üçün xarakterikdi. Bu hal, təəssüf ki, Qoqolun həyatında da öz təsdiqini tapmışdı. Düşüncəsindəki mistik motivlər sonra onun tapındığı ide­ya­lara, “Yaradanın diliylə danışan” pey­ğəmbər obrazına da keçmişdi.  Fiziki əzab kimi başlayan xəstəliyin (zəiflik, mədə-bağırsaq pozğunluğu), tədricən onun psixi fəaliyyətinə hakim kəsildiyini görürük: bu xəstəlik Qoqolun xasiyyətini, dü­şüncəsini, həyat tərzini dəyişir, yaradı­cı­lığını tükədir, məzmunsuzlaşdırırdı. 

Yazıçının səhhətində yuxarıda təsvir edilən pozğunluqlarla yanaşı, başqa xəstəlik əlamətləri də üzə çıxmışdı. Onlar barədə 1843-cü ildən sonra yaratdığı əsərlərə görə mühakimə yürüdə bilərik. O, yorulmadan yazmağa davam edirdi (məktublar, məqalələr, “Ölü canlar”ın sonralar yandırdığı ikinci cildi və sair), hərçənd yaradıcılığı kəskin dəyişmişdi. 1846-cı ildə qəmli, məşhur  “Dostlarla yazışma­lar­dan seçmə yerlər” çap olunmağa başladı, hansı ki, onları  oxuyan V.Q.Belinski Qoqola öz unudulmaz “Məktub”unu yazmışdı. Demək lazımdı ki, bu əsər çox mənalar doğururdu, oxucular təəccüblənir və Qoqolu qınayırdılar, onlar heyrət edirdilər ki, “Müfəttiş”i, “Ölü canları”ı yazmış bir adam necə də olduğu zirvədən  “alçaqlara enə bilərmiş”.  Məsələ beləydi ki, “Dostlarla yazışmalardan...” əsərində o, mövcud üsul-idarəyə, o cümlədən, təhkimçilik qaydalarına  bəraət qazandırırdı, mülkədarlara “dədə-baba divantutması”nı, çubuqla döyməni və s.  tövsiyə edirdi. Sonralar o, bu kitabı özünün “yeganə dəyərli əsəri” hesab elədiyini yazırdı.  Kitab nəinki məzmunuyla, həm də formasıyla oxucunu heyran edirdi. Məsələn, “Fağırlara kömək haqda” adlı VI məktubdan bir parça: “Hər şeydən öncə, qəfil bədbəxtliyə düçar olan və bir anda əli hər şeydən üzülənlərə kömək etmək lazımdı. Bu, hər şeyi külə döndərmiş yanğın da, insanın yeganə dayağını alıb aparmış ölüm də, bir sözlə ona bədbəxtlik gətirən və öyrəşməyə macal tapmadığı, qəfil üzləşdiyi hər cür məhrumiyyətlər də ola bilər. Belə adamlara kömək edin.”

Ümumiyyətlə isə, psixiatriyada bu, nəticəsi olmayan müdrüklük və ya çürükçülük adlanır. Bu, düşüncə pozğun­luğunun əlamətidir və başqa izahı ola bilməz.  “Dostlarla yazışmalardan seçmə yerlər” əsəri müəllifin ruhi pozğunluğunun göstəricisidir. Qarşısıalınmaz ağıl vermək istəyilə bağlı, xəstə düşüncələrlə yüklənmiş kitabın meydana gəlməsi, özü haqda yüksək fikirdə olan yazıçıda Tanrının onun diliylə danışdığına əminlik yaratmışdı. Kitabda müəllifin xəstə olduğunu sübut edən çoxlu yerlər vardı. Qoqol öz yaradıcılığına “son dərəcə tənqidi” yanaşırdı, mətbuatda və söhbətlərində “Ölü canlar”a görə söyüldüyünə sevinirdi. O yazırdı: “Siz “Ölü canlar”a olan bəzi hücumlara nahaq hiddətlənirsiniz.  Bunun yaxşı tərəfi də var. Bəzən, sənin əleyhinə yazan qəzəblənmiş adamlara da ehtiyac duyursan... qəzəblənənlər içimizin bütün zibilini qazıb çıxaracaq, onu elə açıb tökəcəklər ki, istər-istəməz özümüz də hər şeyi görəcəyik”. Bax belə. Sən demə, qərəzli tənqid, dahi yazıçıların yaradı­cılığına, hətta kömək edirmiş. Ümumiyyətlə, bu kitabı oxuyanda belə bir təəssürat yaranır ki, müəllif üçün kimə və nə təlqin etməyin fərqi yoxdu, təki sözünü desin. O, maarifçilik probleminə cəmi səhifə yarım yer ayırır, əvəzində V.A.Jukovskinin Homerin “Odisseya”sını tərcümə etməsinə çox geniş yer ayırır, az qala bu əsəri İncillə yanaşı qoyur (gələcəyin qatı dindarı kimi): “Zadəgan, meşşan, tacir, savadlı və savadsız adam, sıravi əsgər, oxunan nağılları sıxıntısız  dinləməyə və sevməyə başlayan yaşa çatmış hər iki cinsə mənsub uşaq... Xüsusilə, “Odissey”in ən əxlaqlı əsər olduğu fikrini qəbul etsək, olduqca əhəmiyyətli bir vəziyyət yaranır...” Həddən artıq qəribə bir bəyanatdı: əgər o vaxtlar Jukovskinin istedadla tərcümə etdiyi bu nəhəng əsəri xüsusi marağı olan şəxslərdən (şairlər, yazıçılar, tənqidçilər, kitab həvəskarları) başqa bir kimsənin oxumayacağını nəzərə alsaq,  hələ də çubuqla döyülüb cəzalandırılmaq hökmü ləğv edilməyən əsgərlərə münasibətdə, bu fikirlər  mənasız görünür.  Buna təkcə düşüncə dağınıqlığı deyil, həm də Qoqolun uzun müddət xaricdə olması təsir göstərmişdi. Daha doğrusu, o zaman Rusiya  sakinlərinin Jukovskinin tərcümə etdiyi “Odissey”i ucadan oxumaqdan başqa, bir çox ciddi problemləri vardı. Buna inanmaq üçün Qoqolun özünü oxumaq kifayət edir. (“Müfəttiş”i və “Ölü canlar”ın birinci cildini).   

Amma “Dostlarla yazışmalardan seçmə yerlər”də istedadla yazılmış parlaq sətirlər də vardı (düzdü, onlar hələ şəxsiyyət dəyişikliyinin aydın üzə çıxmadığı 1843-cü ildə yazılmışdı):  “Xasiyyətimin hansısa tərəflərini götür-qoy edərək haqqımda çox şey deyirlər, ancaq kimliyimi müəyyən edə bilməyiblər. Onu təkcə Puşkin bilirdi. O, mənə həmişə deyirdi ki, hələ heç bir  yazıçıya həyatın bayağılığını bu qədər aydın göstərmək üçün belə istedad verilməyib. Gözdən yayınan bütün xırdalıqları böyüdərək göstərməklə bayağı insanın duzsuzluğunu hamının önündə bu dərəcədə açıb-tökən olmayıb.” Puşkinə belə bir istinad və Qoqolun yüksək qiymətləndirdiyi şəxsi yaradıcılığının sərrast xarakteristikası! Bu, lovğalıq deyildi – Qoqolun bu cür yazmağa tam haqqı vardı. Yadımızdadır ki, ilkin mərhələdə xoş­bəxtlikdən xəstəlik tutmalarla müşahidə olunurdu, yaradıcılıq yüksəlişi nəzərə çarpırdı və bu da Qoqola anadangəlmə yumor hissini üzə çıxarmağa, fenomenal müşahidə qabiliyyəti, yaddaşı sayəsində topladıqlarından   bütünlüklə istifadə etmə­yə imkan verirdi.

Bir sözlə, Qoqolun yaradıcılıq taleyi uğurla təşəkkül tapırdı. Sənətkar  oxucuları və qələm dostları tərəfindən qəbul edilmiş, sağlığında Puşkin və Belinski ona yüksək dəyər vermişdi. O, Puşkin kimi təqib olun­mur, təkcə Rusiyada yaşamağa məcbur edilmirdi. İstədiyi yerə gedir və yaşaya bilirdi. Hökumət tərəfindən də kifayət qədər əzizlənirdi (satirasının kəskinliyinə baxmayaraq, onun əsərləri xüsusi senzura təhrifləri olmadan əlüstü çap edilirdi; “Müfəttişin” Aleksandrovsk Teatrındakı ilk nümayişində çar öz ailəsiylə iştirak etmişdi), ömrünün son illərində isə,  yaxşı pul qa­zan­mışdı. Qoqol, ona sığınacaq və maddi kömək göstərməyə  hazır olan,  daim is­te­dadına pərəstiş edən insanların arasın­daydı.  Bununla belə, əvvəlcə tutmalar şəklində, sonra isə fasiləsiz olaraq  uzun sürən xəstəliyi onun istedadının bütünlüklə iflasına və şəxsiyyətinin parçalanmasına gətirib çıxardı.

Gördüyümüz kimi, onun öz əsərlərinə münasibəti kəskin şəkildə dəyişmişdi. Bütün fikrini, həqiqətən də yaxşı olmayan səhətinə yönəldən yazıçı, yalnız təbliğat xarakterli əsərlərinə qiymət verirdi (sonralar bir çoxları həmin əsərləri mürtəce xarakterli adlandıracaqdı). O, həmişə sağlamlığından ötrü dualar edir və bu barədə hamıya, birinci növbədə anasına üz tutdu. Hərçənd, xəstəliyi psixi xüsusiyyətli idi, amma görünür o, çox əzab çəkirdi. Yazçının anasına yazdığı məktub “Dəlinin qeydləri”ndəki Poprişşinin xahişini yada salır: “Zavallı oğlunu xilas elə, anacığım! Göz yaşlarını onun xəstə başına axıt!.. Bədbəxt yetimçəni sinənə sıx! Bu dünyada ona yer yoxdu! Onu qovurlar!”

Tutulduğu xəstəliklərdən başqa, o, ümumiyyətlə, uşaqlıqdan canında ağrılar hiss edib. Qoqol körpəlikdə otit (“qulaq sızması”), soyuqdəymə, İtaliyada hansısa bir “cənub qızdırması” xəstəlikləri keçirmişdi. Ölümündən az öncə, yenidən qulağı çirk eləmişdi, amma bu yazıçının  ümumi vəziyyətinə heç bir ciddi təsir göstərməmişdi. Qoqolda hərarət  tənzim­lən­məsi açıq-aydın  pozulmuşdu. O, mütəmadi olaraq titrədirdi (“vicvicə”).  Bir sıra xatirələrdə tanışlarının heyrətinə səbəb olan məqamlar təsvir edilir: kifayət qədər isti, hətta həddən artıq qızdırılmış evində Qoqola baş çəkməyə gələn bu insanlar onu başında təsək, isti xalatda və keçə çəkmədə görürdülər. O, bu şəkildə işləyirdi. Görünür, buna görə, o, ilin soyuq vaxtlarını isti yerlərdə keçirməyə çalışırdı (Niapolda, Odessada). Adətən soyuğa bu cür həssaslıq əsəb sistemi son dərəcə xəstə olan insanlarda müşahidə edilir. Belə xəstələrdə səbəbsiz yerə ovqatlarının də­yiş­məsi prosesi gedir. Onun sağlam­lı­ğından etdiyi bütün şikayətləri (mədə-bağırsaq pozğunluğu, zəiflik, bədəninin müxtəlif yerlərindəki ağrılar), görünür, affektiv tərəddüdlərlə sıx bağlıydı (təlx olmuş ovqat, həyəcan, bir sözlə – depressiya). İnsanın bütün fikrinin şəxsi sağlamlığına yönəldiyi və həmişə onun pisləşəcəyi, “qaçılmaz nəticələri” barədə düşündüyü belə bir pozuntunu psixiatriyada ipoxondriya adlandırırlar. Əslində isə xəstənin orqanizmində baş verən bu proseslərin heç bir həyati təhlükəsi olmur. Bu, depressiyanın tərkib hissəsidi. Qoqolun ruhi xəstəliyini təhlil edərkən, bütün bunları görürük.

 Oxucu xəstəliklərin mənzərəsinin yalnız bu pozğunluqlarla məhdudlaş­ma­dığını, eyni zamanda əvvəllər yazıçını cəlb edən bəzi şeylərdən kənarlaşma meyillərinin artmasını, hər şeyə etinasız yanaşmasını, bütün fikrinin şəxsi sağlamlığı üzərində cəmləşdiyini, məsihçiliyə meyillənmək, təmtəraqlı düşüncələrə aludə olaraq hamıya ağıl vermək “öhdəliyinin”  özündə birləşdirdiyini hiss edə bilər.

Yazıçının fobiyadan (zəhlətökən qorxudan),  məhz diri-diri basdırılmaq kimi bir qorxudan – tafefobiyadan da əziyyət çəkdiyini buraya əlavə etmək zəruridi. O, 1846-cı ildə özünün “Vəsiyyət”ində yazırdı: “Vəsiyyət edirəm ki, çürümə əlamətləri açıq-aydın bilinməyənə qədər mənim cəsədimi dəfn etməyəsiniz. Deməyimin səbəbi budur:  xəstəliyim zamanı artıq həyatımın bir neçə dəfə donduğu anlar olub ki, ürəyimin və nəbzimin döyüntüsü  dayanıb...” Qoqolun burada təsvir etdiklərini katotonik stupor (ruhi xəstələrdə hərəkətin tam durğunluğu) kimi dəyərləndirmək olar, bu isə xəstəyə kənar qüvvələrdən asılı olmaq həyəcanı yaşadır, bədəninə və şüuruna mənfi təsir edir. Müasirləri Qoqolun dəfn mərasimlərindən bərk qorxduğunu, hətta mərhum yaxın çevrədən olsa belə, hər vəchlə orada iştirak etməkdən yayındığını xatırlayırlar.  

Sovet dövründə bizə yazıçının Romada yaşayanda irticaçıların və mistiklərin təsiri altına düşdüyünü təbliğ edirdilər. İlk növbədə rəssam A.A.İvanovu da (“İsanın xalq arasında zühuru” əsərinin müəllifi) bu qəbil insanlardan hesab edirdilər, o da təqibolma maniyasından əzab çəkən ruhi xəstə idi. Qoqol rəssam dostuyla onun absurd ideyalarını bölüşür və təsəvvürünə gətirdiyi təqibçilərlə necə davranmaq lazım olduğunu öyrədirdi.

Sonuncu dəfə Qoqolun vəziyyəti 1852-ci il yenicə qədəm qoyanda pisləşmişdi. Bu vaxt uzun illərin rəfiqəsi E.M.Xomyakova (yazıçı “öyüd-nəsihətini” heyranlıqla  dinləyən kübar qadınlarla ünsiyyətdə olmağı sevirdi) vəfat etmişdi. Qoqol çox məyus olmuşdu, rəfiqəsinin dul qalmış ərinə – şair A.S.Xomyakova təsəlli verirdi, özü isə getdikcə daha çox özünə qapılır, qaraqabaq olurdu. O ərəfədə yazıçı Preobrojensk xəstəxanasına (ruhi xəstə­xa­naya) gedir, orada havalı öncəgörən İ.Y.Koreyşa olurdu və bütün Moskva məsləhət üçün onun yanına axışırdı. Qoqol bir qədər qapının ağzında vaxt keçsə də xəstəxanaya girmir və evinə qayıdır. Onun vəziyyəti gündən-günə pisləşirdi, getdikcə daha çox qapalı olur, demək olar, heç nə yemirdi, sanki oruc tuturdu. Yazıçı kirayə qaldığı evin sahibindən – qraf A.P.Tolstoydan əlyazmaları olan portfelini özüylə götürməsini xahiş etmişdi, o isə “utan­mışdı”, yazıçının təlx olmuş ovqatını və hər şeyin bitməsiylə bağlı düşüncəsini bölüşmək istəməmişdi.  Və o axşam Qoqol xidmətçisi olan bir oğlanın iştirakıyla bütün əlyazmalarını yandırdı (o cümlədən, bu hadisəyə qədər bəzi  hissələrini toplum üçün oxuduğu  “Ölü canlar”ın ikinci cildini də). Bundan bir qədər sonra o, yatağa düşdü və ölənə kimi ayağa durmadı. Öncə üzünü divara çevirib geyimli yatırdı, suallara qısa cavab verirdi, deyirdi ki, “artıq ölməyə hazırlaşır” və dilinə heç nə vurmurdu. Bu dönəmdə yazıçı öz yaşantıları haqda heç kimə danışmırdı, heç ondan da bu barədə soruşan yox idi. O, dəhşətli dərəcədə arıqlamışdı, həkimlərin biri bunu “qarnına əl vuranda onurğasına dəyirdi” kimi xatırlayır. Onu ən azı dörd həkim müalicə edirdi, onlar ölüm öncəsi, o vaxtkı tibbi vasitələrin bütün arsenalını – vanna, nəm örtüyə bürümələr, qanalmalar, zəli və hətta hipnoz tətbiq edərək  sözün hərfi mənasında onu sağalda bilmişdilər. Onu zor gücünə yedizdirməyə çalışsalar da, heç nə kömək etmirdi. Qoqolun şüuru daim üstündəydi, tibbi prosedurlara könülsüz reaksiya verirdi və xahiş edirdi ki, onu rahat buraxsınlar.  Görünür, həkimlər öz pasientlərinin psixi durumunun ağırlığını kifayət qədər qiymətləndirə bilməmişdilər. Böyük yazıçının xəstəliyi haqda xəbər sürətlə Moskvaya yayıldı və xalq kütlələri onun mənzili önünə yığışmağa başladı. Yalnız ölümdən 6-7 saat öncə o, huşunu itirdi və sonra özünə gəlmədən dünyasını dəyişdi. Bu, 21 fevral 1852-ci ildə baş verdi (yeni təqvimlə martın 4-də). Dahi yazıçının vaxtsız və faciəli ölümünü şərtləndirən əsas səbəblər bunlar idi: qidalanmaqdan imtina etdiyinə görə üzülmüşdü, öz növbəsində  xəstəliyin törətdiyi həyəcandan asılı vəziyyətə düşmüşdü (sərsəm ideyalar və olsun ki, depressiyadan doğan hallüsinasiyalar), psixi durumu kəskin pisləşmişdi (həyatının böyük hissəsinə əzab vermiş xəstəlik şiddətlənmişdi). Burada hansısa bir fiziki xəstəliyin simptomlarının olmaması və bütün müalicə tədbirlərinə baxmayaraq, həkimlərin tam acizliyi də müşahidə olu­nurdu. Qoqolun şəxsiyyətinin getdikcə artan dəyişkənliyi fonunda (qapalılıq, düşüncə pozğunluğu, əvvəllər onu həyə­can­ladıraraq etirazına səbəb olanlara qar­şı biganəlik) və affektiv tərəddüdlərlə (depressiyalar və qalxınma vəziyyətləri), eləcə də sərsəm ideyalarla (ipoxondriya və messianizm) üzə çıxan xəstəliyi onun yaradıcılıq imkanlarının azalmasına  gətirib çıxardı və mühitlə əlaqələrini üzdü.  İndi bu əlamətlərə əsasən kifayət qədər əminliklə demək olar ki, o, affektiv tərəd­düdlərlə depressiv şizofreniyadan əzab çəkirdi, həm də xəstəliyi xroniki hal almışdı.

Lakin taleyin ona ayırdığı vaxt ərzində Qoqol çox iş görə bildi, o da A.S.Puşkin kimi özünə “tayı-bərabəri olmayan” bir abidə ucaltdı.  O zaman artıq tanınmış ədəbiyyatçı olan İ.S.Turgenev  nekroloqda yazırdı: “Qoqol öldü! – bu iki kəlmə sözdən titrəməyən rus ruhu varmı? İtkimiz o qədər amansız, o qədər gözlənilməzdi ki, adamın inanmağı gəlmir... Hə, o, öldü, ölümün bizə gətirdiyi acı həqiqəti dərk etdiyimiz üçün bu insana dahi deməyə haqqımız var; bu insan ədəbiyyat tariximizdə öz imzasıyla bütöv bir dövrü təmsil etdi; şanımız, şöhrətimiz olan Qolqol ilə fəxr edirik!” Senzura komitəsindən yan keçirməklə Moskvada çap etdirdiyi bu nekroloqa görə İ.S.Turgenev Oryol quberniyasındakı mülkünə sürgün edildi. Tarix təkrarlandı: Bir zamanlar “Şairin ölümünə” adlı şeiriylə A.S.Puşkinin faciəsinə münasibət bildirən MY.Lermontov da sürgün edilmişdi.

 

DİGƏR MƏQALƏLƏR