POEZİYA - Nikolay Rubtsov

1936-cı ildə Rusiyanın Xolmoqorsk rayonunda  doğulub. 1962-69-cu illərdə Moskvanın M.Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. Cəmi otuz beş il ömür sürmüş şair az vaxtda “Lirika” (1965), “Çöllər ulduzu”(1967), “Qəlb qoruyur” (1969), “Şam ağaclarının səsi” (1970), “Yaşıl güllər” (1971) adlı şeir kitablarını nəşr etdirib. Bu əsərlər ona tezliklə məşhurluq gətirib. 

1971-ci ildə sevgilisi, şair Lüdmila Derbina tərəfindən öldürülüb. 

 

Tərcümə:  Zahid Sarıtorpaq

 

QİSAS

 

Sevgi  nə olduğun unutmuşam  mən...

Şəhərin üstündə  ay doğan anda.

Yandırıb-yaxırdı içilən andlar,

İndi qan qaralır yada salanda...

 

Bir gün rüsvayçılıq düşüb izimə, 

divara qısnasa məni eləcə;

Çığırıb yuxudan qalxaram yalqız,

çıxıb da  gedərəm elə o gecə...

 

Gecənin yarısı açılar qapı, –

kədərli olacaq həmin o anlar.

O görər, kandarda duran vəhşinin 

sevgiyə nə qədər  ehtiyacı var.

 

Rəngi qaçar onun: çıx get! – söyləyər,

Deyər:  dostluğumuz geridə qalıb.

Çıx get, mən səninçün heç kiməm daha,

Yeri get! Baxma ki, gözlərim dolub...

 

Yenə də çıxaram meşə yoluna,

Bir vaxt  toylar olan həmən o yerə;

Dilxor, qanı qara, gecəylə yüklü,

Tufanın üstüylə çıxıb gedərəm...

 

 

Qulaq as, Larisa... 

 

Ah, nədən qəlbimi 

qəm yaralayır,

Nədi ürəyimin dərdi görəsən?

Sadəcə, boylandın ocaqxanaya,

Başqa nə baş verdi, neylədin ki, sən?

Mənsə görən kimi  gur  tellərini,

sanki taleyimin qaçdım dalınca.

Sonra da mənasız şeylər barədə

boşuna deyinib-danışdım ancaq.

 

Eşqə yox, tabuta ehtiyac duyan

bir qarısayağı boş-boş danışdım –

bilmək istədim ki, rəfiqən Lüsya

qaşını oynadıb, niyə qımışdı?

Vovanı gəzirdiz  siz həyəcanlı

Məndən soruşdunuz: “Hardadı o bəs?”

Əsib-titrədikcə təlaş içində,

Külək saçınızda alırdı nəfəs.

Bilirdim, təşvişə düşmüsüz nədən, –

Bircə mən artıqdım burada, guya.

Odur ki, ayrıldım,

Yağışlı yolla

Birbaşa üz tutdum ocaqxanaya.

 

Sevgi şeirləri köhnəlmir heç vaxt!

Köhnə demək olmaz buna bir an da.

Kiminlə gəzirsən Foreldə indi,

Bəs kim öpür  səni tinin dalında?

Yalqızsansa əgər, nə gözləyirsən,

Gələn olacaqmı, de,  o  mənzilə?

Elə bir qız yoxdu bu yer üzündə

“Sevgi yalan şeydi!” – söyləyə bilə.

Elə bir oğlan da yoxdu dünyada

Bir qızı sevmədən yaşasın, yəni.

Harda külək əsir, yağışlar yağır,

Tək səni görürəm orda, tək səni!

Qulaq as, Larisa, 

Yalan demirəm – 

Qəlbimin səsidi  şeirin hər sözü.

Bəlkə də, deyərsən:

“Bəsdi də, Kolka!”–

Sonra qəhqəhəylə gülərsən özün...

 

Səpmə qəm toxumu 

onda qəlbimə,

qəm oddan betərdi – bilmirsən guya?

Anladınmı məni?  

Baxma bir daha,

bir daha boylanma 

ocaqxanaya!

 

ELEGİYA

 

Bu miskin süfrədən əl götürərəm,  

Çəkər məni daha dinclik harda var.

Qoy tənha nəhrimin sahillərində

məni hələ sevib, soraqlasınlar.

 

Yenə vəd etsinlər qoy o dünyada

Hər cürə səadət, xoşbəxtlik mənə.

Uçqun kənarında daxma tikmərəm, 

Çiçək becərmərəm mən orda yenə...

 

 

MƏKTUBA CAVAB

 

Sənin yalanına nə cavab verim?

Deyimmi görüşdük taya dalında?

Sən çıxıb gedəndə Azərbaycana

“Yaxşı yol!...” demədim mən sənə onda.

 

Hə, düzdü, sevirdim. Neynək? Qoy olsun.

Keçmişdən əl çəkmək zamanı çatıb.

Çoxdan yaşamıram dərdi, kədəri,

Sevmirəm bununla başımı qatım...

 

Sevgi kəlməsini təkrarlamayaq,

Təyin eləməyək görüş yerini.

Amma ki, hər halda rast gəlsək yenə,

Qoy birgə aldadaq başqa birini...

 


NİYƏ?

 

Hələ balacadı bu qız bir qədər,

Baxışı durudu, həzindi səsi.

Hələ lap uşaqdı demək olar ki, 

Zarafat etməyə çoxdu həvəsi.

 

– Gəl gedək qaranlıq meşədən keçək!

– Gəl gedək oyadaq bülbülləri biz!

Yolun qırağında – çardağın altda,

Sevimli skamyam gözləyir səssiz.

 

– Tez ol, gəl yüyürüb çəmənə gedək!

– Baxaq dan yerinin şəfəqlərinə!

Mənsə ixtiyarsız təslim oluram,

Nəsə söyləyirəm cavab yerinə.

 

Hisslərim burulur içimdə, amma,

Həyatda bildiyim az deyil əsla.

Heç də asan deyil, yalqız qalıram,

Birlikdə olanda mən həmin qızla.

 

Bax budu, o, artıq kədərlənibdi,

Daha ciddi olur görüşən zaman.

Ziddiyyətlərimi bir kələf kimi

Daha da dolaşıq salıb o bu an.

 

Niyə bəs meşəylə getmişdik axı?

Niyə oyatmışdıq biz bülbülləri? 

Niyə dayanıbdı çardağın altda

Tənha skamya o vaxtdan bəri? 

DİGƏR MƏQALƏLƏR