TƏRCÜMƏ MƏTBƏXİ - Vilayət Hacıyev

Dünya ədəbiyyatından tərcümələr,  yalnız xalqlar arasında mədəni əlaqələrin inkişafına, müxtəlif məmləkətlərdən olan oxucuların bir-birini yaxından tanımasına deyil, həm də dilin inkişafına, onun zənginləşməsinə xidmət edir. Bu mənada tərcümənin keyfiyyəti, əsərin yüksək bədii səviyyədə oxucuya çatdırılması böyük önəm daşıyır.

“Xəzər” dünya ədəbiyyatı dərgisi tərcümə mədəniyyətinin, peşəkarlıq vərdişlərinə yiyələnməyin vacibliyini nəzərə alaraq, öz səhifələrində bu mövzuya yer ayırır.

“Tərcümə mətbəxi”rubrikasının ilk qonağı Vilayət Hacıyevdir.

 

Vilayət Hacıyev 1950-ci ildə anadan olub.

 M.F.Axundov adına APDİ-nin alman dili fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Frans Kafkanın “Məhkəmə”, Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, “Haynrix Böllün “Bir təlxəyin düşüncələri”, Lion Feyxtvangerin “Lautenzak qardaşları” romanlarını və bir çox başqa əsərləri dilimizə tərcümə edib.

Avstriya ədəbiyyatından etdiyi tərcümələrə görə, “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli Fəxri Xaç” ordeni ilə təltif edilib.

 

 

 

“NƏYİSƏ OLDUĞU KİMİ İKİNCİ DƏFƏ YARATMAQ MÜMKÜN DEYİL”

 

 

– Bir tərcüməçi kimi iş rejiminizdən danışaq. Hər gün neçə saat tərcümə ilə məşğul olursunuz və tərcümə prosesində daha çox nələrə diqqət yetirirsiniz? 

 

 – İş qrafikim,demək olar, yoxdur. Çünki mən həm də universitetdə işləyirəm, yəni müəlliməm, daha dəqiq desəm, vaxtımın çoxu əsas işimə gedir. Ona görə, tərcümə ilə əsasən şənbə, bazar və bir də bayram  günlərində, daha çox isə tətil zamanı ardıcıl məşğul oluram. Ancaq tərcümə də yaradıcılıq prosesidir və belə olan halda, burada dəqiq qrafikdən danışmaq çətindir. Bəzən elə olur ki, iş adamı tutur, ondan ayrıla bilmirsən, bəzən də, heç yaxınına belə getmək istəmirsən. Heç vaxt zorla nəyisə tərcümə etməyə çalışmıram, bilirəm ki, alınmayacaq, ancaq daxili ehtiyac duyanda kompüterin arxasına keçirəm, belə olan halda, cümlələr tərs-avand alınmır. Mənim üçün əsas olan, hər oturanda neçə səhifə tərcümə eləmək deyil, necə tərcümə eləməkdir. Hər dəfə işə başlayanda, ötən dəfə elədiyim hissəni mütləq oxuyuram, həm səhvləri düzəldirəm, həm də nəyisə dəyişirəm. Çünki bəzən həmin anda adama elə gəlir ki, hər şey yaxşıdır, ancaq ikinci dəfə, necə deyərlər, “ayıq başla”, daha doğrusu, onun təsirindən çıxandan sonra oxuyanda görürsən ki, nəsə yerində deyil, nəsə yaxşı alınmayıb. Bunu bir də həmin ovqata köklənmək üçün edirəm. Bilmirəm, səhvdir, ya düz, mənə elə gəlir, başqa cür olsa, mətnin ritmi itər. Başqalarını deyə bilmərəm, ancaq mənə görə mətnin ritmi, arxitektonikası onun axıcılığı, oxunaqlığı üçün əsas şərtlərdən biridir. Bunlar, sanki mətnin leksik tərkibinin, sintaktik quruluşunun “çərçivə”ləridir. İndi təsəvvür elə ki, pəncərə şüşəsi onun çərçivəsindən böyük və ya qısa, enli və ya ensiz kəsilir, onda ya əyri olacaq, ya da laxlayacaq. Düzdür, mətnin müəllifi nə “çərçivə”, nə də “şüşə” barədə düşünür, onun üçün əsas olan oxucusuna göndərmək istədiyi ismarıcdır, “çərçivə”lər öz-özünə yaranır, daha doğrusu, ideya-məzmun formanı sanki özü diqtə edir və bəzi hallarda əksinə də olur. Yenə deyirəm, müəllif bu barədə baş sındırmır, ancaq tərcüməçidə tamamilə əksinədir. O, adekvat tərcümə etmək üçün mütləq “çərçivə”ləri, eləcə də onun “ölçü”lərini dəqiqləşdirməlidir, yoxsa,  adına “forma və məzmun vəhdəti” dediyimiz prinsip pozulacaq... 

 

Demək, tərcümə bir yaradıcılıq prosesi kimi ikimərhələlidir Yəni prosesin özündən əvvəl ona hazırlıq işi görülməlidir. Sizdə hazırlıq  işi necə gedir və  bu mütləqdirmi? 

 

– Ən azından mənə elə gəlir, bu mütləqdir, başqa cür, uğurlu tərcümədən danışmaq olmaz. Həmişə demişəm və fikrimdə də qalıram:orijinalda olduğu kimi mükəmməl tərcümədən heç vaxt söhbət gedə bilməz. Necə ola bilər, güzgünü çilik-çilik edəsən və sonra da onu elə yapışdırasan ki,çatlar bilinməsin?! Bu, sadəcə olaraq, mümkün deyil. Ancaq onu iki cür yapışdırmaq olar: biri var, naşı ustanın əlinə düşə, elə kobud yapışdıra ki, sındığı o dəqiqə bilinə. Biri də var, kimsə elə ustalıqla, elə incəliklə yapışdırsın ki, yalnız sərraf gözlər onun orijinal olmadığını seçə bilsin. Tərcümə də elədir, başqa bir dilin qəlibində hazırlanmış mətni, yəni güzgünü parçalayıb tamamilə başqa bir dilin – fərqi yoxdur, ona yaxın da ola bilər, çox uzaq da – qəlibində təzədən yığırsan. Belə olan halda bilməlisən ki, o hansı materialdan hazırlanıb, necə hazırlanıb və ən əsası da özündə nəyi və necə əks etdirib. Yazıçını yaxşı tanımadan,  yaradıcılıq manerasına bələd olmadan, əsərin qayəsini tutmadan, yarandığı dövrü bilmədən onu necə tərcümə edə bilərsən?!  Deməli, ilkin hazırlıq, necə deyərlər, onu özün üçün “doğmalaşdırmaq” mütləqdir. 

 

 

– Ancaq əsəri axıra qədər oxumamış, onun tərcüməsinə girişənlər də olur. Saytlarda, çap mediasında bunu dəfələrlə etiraf edən tərcüməçilər də var...

  

– Sözün düzü, mən də bunu xatırlayıram... Düzdür, söhbət uğurlu tərcümədən gedirsə, bu mənə absurd görünür, ancaq mümkündür. Yəqin, həmin adam o dərəcədə peşəkar, tərcüməçi üçün vacib olan dil duyumu o qədər yüksəkdir ki, prosesin özündə hər şeyi müəyyənləşdirə bilir. Başqa cür də ola bilər, məsələn, kimsə hansı müəllifdənsə çoxlu tərcümələr edib, ona yaxşı bələddir, onun hər hansı əsərini axıra qədər oxumadan tərcüməsinə girişir.  Məndə isə bir az başqa cürdür; tələbəlik illərindən alman dili ilə bərabər, onun ədəbiyyatını da dərindən öyrənməyə çalışmışam. Sonra da bu ədəbiyyatdan müxtəlif kurslarda icmal-mühazirələr oxumuşam. Deməyim odur ki, bu ədəbiyyata az-çox bələdliyim var, ona görə də hazırlıq işi çox da çətin olmur. Boynuma alıram ki, tələbə vaxtı oxuyub heç nə anlamadığım “Yalquzaq”ı tərcümədən əvvəl təzədən oxumadım. Çünki yazıçı və əsərin özü haqda xeyli materialla tanış idim, axırda ən azından özümə elə gəldi ki, onun mahiyyətini anlamışam, ana dilində ifadə edə bilərəm. Remarkın “Zəfər tağı”nda isə başqa cür oldu. Əsəri ləzzətlə axıra qədər oxudum, elə oxuya-oxuya bəzi yerlərini beynimdə ana dilində canlandırmağa çalışdım və tam şəkildə “özümünküləşdirəndən” sonra tərcüməsinə başladım. Ancaq mən hər bir halda ilkin hazırlığı vacib hesab edirəm.Çünki mətni tam şəkildə qavramasan, onu təxəyyülündə yenidən canlandırmasan, mahiyyətinə varmasan, təzədən “yarada” bilməyəcəksən... 

 

– Elə hallar olub ki, hansı əsərisə tərcümə etmək istəmisiz, dediyiniz kimi, hazırlıq prosesində “tam şəkildə qavramağa, onu təxəyyülünüzdə yenidən canlandırmağa, mahiyyətinə varmağa” çalışmısız, ancaq mürəkkəbliyinə, yaxud başqa xüsusiyyətlərinə görə alınmayıb? 

 

 – Əlbəttə, olub! Nəinki olub, hətta nisgil kimi ürəyimdə qalıb. Məsələn, Tomas Mannın “Sehrli dağ”, “Həzrəti Yusif və qardaşları”, “Doktor Faustus” romanları, onun klassik novella üslubundakı “Venesiyada ölüm”ü, “Aldanmış qadın”ı və sairə və ilaxır... Nə qədər çalışsam da, ən çox sevdiyim yazıçılardan olan Tomas Mannı “özümünküləşdirə” bilmədim. Eləcə də Hessenin “Muncuq oyunu”nu...  Nə yaxşı ki, Kifayət xanım bu əsəri dilimizə çevirdi, peşəkar tərcüməçi, dostum İlqar Əlfi Tomas Mann yaradıcılığına girişdi, necə deyərlər, mənim içimdəki boşluğu doldurmağa çalışdı... Mən, əlbəttə, tərcümələrin keyfiyyətindən danışmıram, çünki bu, başqa söhbətin mövzusudur, əsas məsələ odur ki, onlar özlərində güc tapıb işə girişdilər, mənim kimi qorxmadılar... Məlum məsələdir ki, burada tamamilə “zay məhsul”dan söhbət gedə bilməz, çünki ikisi də peşəkardır, uzaqbaşı nəyisə irad tutmaq olar, ancaq əsas məsələ, yenə də deyirəm, belə ağır işin altına girməkdir.  Necə ola bilərdi ki, dilimizdə Tomas Mann kimi yazıçıdan bircə nümunə də olmasın? Ola bilsin, bu tərcümələrdə dilin ağırlığı, bəzi cümlələrdə fikrin çətin anlaşıqlı olması oxucunu yorur, ancaq elə bilməyin ki, bu əsərləri almanların özləri birnəfəsə oxuyurlar. Deməyim odur ki, nə vaxtsa Kifayətin, İlqarın bu tərcümələrin üzərinə yenidən qayıdacaqlarına əminəm və ya kimsə onları daha uğurla edəcək. Yoxsa, “Uliss” Azərbaycan dilində yaxşı alınmır deyə onu tərcümə etməyək?! Başqa bir misal: Qünter Qrassın dünya şöhrətli “Tənəkə təbil” romanını çətinliyinə görə deyil, başqa səbəbdən tərcümə edə bilmədim. Bilmirəm, səhvdir ya düzdür, bacarmadım... Dediyim kimi, mən müəlliməm, tələbələrim var, onlar ordakı bəzi səhnələri mənim tərcümə etdiyimi düşünəndə... Yenə də deyirəm, ola bilsin, kimsə bunu primitiv düşüncə tərzi sayacaq, ancaq özümü məcbur eləyə bilmədim... 

 

– Azərbaycan dilinin imkanları dünya ədəbiyyatının möhtəşəm əsərlərinin   ruhunu tam çatdırmağa imkan verirmi?

 

– Bu sual mənə çox verilib və həmişə də demişəm ki, Azərbaycan dilinin poetik imkanları hər bir bədii əsərin ruhunu ifadə etməyə qadirdir. Düzdür, müxtəlif sahələrlə, üslublarla bağlı çətinliklər olur. Məsələn, xalqların təfəkkür və düşüncə tərzləri, mədəniyyətləri bir-birindən fərqlənir və təbii ki, onların dildə ifadə tərzi də müxtəlif olacaq. Lakin bu müxtəliflik onların dillərarası transformasiyasını tamamilə inkar etmir. Transformasiyanın uğurlu olub-olmaması isə tərcüməçinin fərdi yaradıcılıq qabiliyyətindən, bədii təfəkkürün yaratdığını bədii təxəyyül süzgəcindən keçirib təzədən yaratmaq bacarığından asılıdır.  Düzdür, hansısa dildə elə ifadələr, elə anlayışlar olur ki, onlar başqa dildə yoxdur. Burada dilin zənginliyi, poetik imkanları heç bir rol oynamır, yəni, Azərbaycan dilində də elə dil, üslub hadisəsi var ki, dünyanın zəngin dilləri hesab olunan rus, alman, ingilis dilində ifadə etmək olmur. Məsələn, bəzən sözün çoxmənalılığı üslubi hadisə kimi, tutaq ki, söz oyunu kimi çıxış edəndə onun transformasiyası mümkünsüz olur. Məsələn, alman dilində “fortfahren” feili həm “çıxıb getmək” (miniklə), həm də “davam etmək” mənalarında işlənir və almanlar da bu sözü oynadaraq belə bir lətifə düzəldiblər: “Müəllim dərsi izah edəndən sonra deyir: Morgen fahre ich fort – yəni sabah davam etdirəcəm. Səhəri gün şagird dərsə getmir və valideynləri səbəbini soruşanda deyir: Müəllim dedi ki, sabah çıxıb gedir”. Burada transformasiya imkanı, demək olar, yoxdur, çünki istər Azərbaycan dilində, istərsə də başqa dillərdə “davam etməklə” “çıxıb getmək” başqa fonetik tərkibə malikdirlər, onları orijinalda olduğu kimi oynatmaq olmur. Ancaq bunlar istisnalardır, əksər hallarda əvəzləmə müxtəlif üsullarla – izahlarla, kompensasiya vasitəsilə, yeni söz yaradıcılığı ilə və sairlə mümkündür. Yenə deyirəm, bu, tərcüməçinin bacarığından, səbrindən asılıdır.

– Tərcümə zamanı müəllifin yazı manerasının, texnikasının olduğu kimi saxlanılması nə dərəcədə vacib sayılır?

Əlbəttə, saxlamaq lazımdır. Ancaq burada bir məsələni qarışdırmaq olmaz. Bir var, dilin üslubu, bir də var, müəllifin üslubu.  Dilin üslubu ümumi səciyyə daşıyır və müxtəlif laylardan ibarət olur. Müəllifin üslubu, necə deyərlər, dəsti-xətti isə spesifik səciyyəlidir, yəni fərdidir, bu layların “funksionallaşma prosesində”ki seçimidir. Təbii ki, bu seçim hər müəllifdə müxtəlif olur: eləsi var, təhkiyəsi ekspressiv-dinamikdir, cümlələri qısadır, aydındır, ancaq üslubi fiqurlarla zəngindir,  eləsi də var, necə deyərlər, ləngərlidir, bir cümləsi, az qala yarım səhifə olur, obrazlılıq üslubi fiqurlarla deyil, müxtəlif vasitələrlə, məsələn, ritm, arxitektonika  və sair ilə yaradılır. Məsələn, alman ədəbiyyatını götürsək, iyirmi altı yaşında həyatını itirmiş Volfqanq Borxert, sanki tez öləcəyini bilirmiş kimi, yazmağa tələsmiş, fikrini daha çox elliptik cümlələrlə ifadə etmiş, Kafka həyatın daha çox boz üzünü qabartdığı üçün onun müəmmalarını “protokollaşdırmış”, Hesse özünün fəlsəfi, psixoanalitik ümumiləşdirmələrinin gözünə obrazlı ifadə tərzi qatmışdır və sair və ilaxır. Şübhəsiz ki, bunlar Azərbaycan dilində də “öz dillərində” danışdırılmalıdır. Bu o deməkdir ki, tərcümə mətnində müəllifin  üslubu olmalıdır, onu çevirənin yox.

 

Bir az da tərcümə üçün vacib olan amillərdən, necə deyərlər, onun “qızıl qaydaları”ndan danışaq. Sizcə,tərcümə prosesində tərcüməçi üçün ən vacib şərt nədir? 

 

 – Tərcümə prosesində ən əsas şərt dil duyumudur. Özü də bu duyum həm söz, həm cümlə, həm də mətn səviyyəsində olmalıdır. Yəni, söz duyumu fikrin, o da öz növbəsində ideyanın dərkinə gətirib çıxarmalıdır. Bədii mətndə sözün mənasının, sadəcə olaraq, başa düşülməsi, hələ onun duyulması demək deyil və uzaqbaşı, informativ səciyyə daşıyacaq, böyük hərflə yazılan SÖZ olmayacaq. Əgər biz bədii mətni SÖZ sənəti hesab ediriksə, deməli, onu yalnız başa düşməməli, həm də duymalıyıq. Ancaq gəlin “yazıçılıq istedadı, səriştəsi” ilə “bədii təxəyyülü” qarışdırmayaq, çünki bədii təxəyyül sahiblərinin hamısı yazıçı olmur. Düzdür, çox prinsipləri tərcümənin “qızıl qaydaları”na aid etmək olar, ancaq deyərdim ki, bu iki amil bədii tərcümə sənətinin qoşa qanadlarıdır, yəni “qızıl qaydalar” içində ən yüksək əyarlılarıdır. Niyə son vaxtlar tərcümə təsərrüfatımız haqda şikayətlər eşidirik? Ona görə ki, bu prosesə yanaşma tərzimiz əksər hallarda “söz – duyum – çevirmə” formulunda deyil, “söz – çevirmə” səviyyəsindədir.  Əlbəttə, son illərdə tərcümə sənətinə meylin artması, üstəlik də, bu işlə məşğul olanların çoxunun gənc olması yalnız alqışa layiqdir və bu sahədəki xaosa baxmayaraq, xeyli irəliləyiş də var. Ancaq mənə elə gəlir, artıq bəzi məsələlərdə çox ehtiyatlı olmağın vaxtı çatıb. Məsələn, düşünürəm  ki, son illərdə “orijinala sadiqlik”, “tərcümə – tərcümə olunmuş mətn kimi oxunmalıdır”, “müəllif və ya mətn üslubuna uyğunluq”, “dəqiqlik” prinsipi əsas götürülərək, dilimizdə xaric səslənən deyim tərzlərindən istifadə olunur və ya mətni “gözəlləşdirmək” üçün orijinalın ruhuna uyğun olmayan ifadələr işlədilir, daha dəqiq desək, xüsusilə bədii mətnlərin tərcüməsi üçün vacib olan funksional, dinamik ekvivalentliklə formal ekvivalentlik arasında sərhədlər itir. Belə olan halda görürsən ki, müəyyən fikir hasil olsa da, sözlər arasında sanki “əlaqə” yoxdur. Deməli, yuxarıda adını çəkdiyiniz “qızıl qayda”lardan biri də  düzgün söz seçimidir. Əslində, söz seçimi dil duyumu ilə şərtləndirilən bir amildir və deyərdim ki, tərcümə prosesində ən çətin andır, əsl peşəkarlıq da burada özünü büruzə verir – müstəqim və məcazi mənalardan, sinonim cərgələrdən ən uyğununu tapmalısan... 

 

– Doğrudanmı, hər cümlənin üzərində bu qədər baş sındırmaq lazımdır? Hər söz saf-çürük edilməlidir? Axı onda, hətta qısa bir mətnin tərcüməsinə belə xeyli vaxt sərf etmək lazım gələr... 

 

–Yox,  həmişə belə olmur. Mən, sadəcə prosesi izah etmək istədim. Bu mətndən, müəllifin yaradıcılıq manerasından, SÖZə münasibətindən asılıdır. Əlbəttə, Tomas Mann, Hesse, Markes, Dostoyevski kimi yazıçıların, bəzən bir cümləsinin üzərində saatlarla, hətta günlərlə düşünmək, dilin alt qatına yollar axtarmaq lazım gələcək. Ancaq elə müəlliflər də var ki, onlarda sanki sözlər özü dilə gəlib deyir ki, məni yaz. Bununla belə, tərcümə tələskənliyi sevmir. Çünki söz seçimində tərcüməçinin məsuliyyəti müəllifin məsuliyyətindən çoxdur, müəllifdə fəhmlə olan bir proses tərcüməçidə düşünülmüş şəkildə gedir. Bəlkə də, indicə dediyim gileylərin bir səbəbi də elə bu tələskənlikdir. Bu da ən çox saytlarda gedən tərcümələrdə hiss olunur.  Əvvəllər deyirdik ki, mürəkkəbi qurumamış, ancaq indi kompüterdə son cümləni yazan kimi göndərirlər, orada da necə varsa, eləcə “ekrana” qoyurlar. Hətta bəzən, mənə elə gəlir ki, diqqətlə oxumurlar, oxusalar, bu şəkildə verməzlər, çünki saytlarda işləyənlərin çoxunu şəxsən tanımasam da, qələmlərinə, SÖZə münasibətlərinə bələdəm... 

 

– Demək, siz tərcümə edərkən, şair demiş,  “heç yerə, heç yana tələsmirsiniz”? 

 

 – Bəli. Ancaq bu, mənim hünərim deyil, sadəcə bizim nəsil, necə deyərlər, belə “tərbiyə alıb”. Xahiş edirəm, buna keçmiş üçün qəribsəmək kimi baxma, doğrudan da, o vaxt heç kim redaksiyaya “çiy” material aparmazdı, çünki bununla özün öz yolunu bağlamış olurdun. Digər tərəfdən də, əgər biz, doğrudan, tərcüməni yaradıcılıq prosesi hesab ediriksə, bu  prosesdən yaranan “məhsul”a  da son dərəcə diqqətli olmalıyıq. Bu sahədə az-çox səriştəsi olan bir adam kimi deyə bilərəm ki, hətta peşəkarın  peşəkarı da olsan, necə deyərlər, bir oturuma edilən və çap olunan tərcümə uğurlu alına bilməz. Başqaları bir yana, hətta özün də bir neçə aydan, ildən sonra onu oxuyanda,  çox sözün yerində olmadığını, ifadə tərzinin sönüklüyünü və ya şişirdildiyini hiss edirsən. Axı tərcümə ilkin yaradıcılıq prosesi deyil ki, özünü təxəyyülün qoynuna atıb xumarlana-xumarlana bədii sözün ənginliklərində cövlan edəsən. Səndən qabaq bunu yaradıblar və sən həmin yaradılanı təzədən yaradırsan, deməli, asılısan, ancaq eyni zamanda, nədəsə  sərbəst də ola bilərsən. Yəni, yaranan bircə dəfə yaranır, onuikinci dəfə olduğu kimi yaratmaq mümkün deyil və burada məqsəd maksimum dərəcədə oxşarlığa nail olmaqdır.Deməli, sənin sərbəstliyin də “asılı sərbəstlikdir”, yalnız və yalnız oxşarlığa xidmət edir. Daha doğrusu, bayaq dediyim kimi, dillər, təfəkkür və düşüncə tərzləri, mədəniyyətlər, xalqların adət-ənənələri, deyim tərzi ilə bağlı  ifadə imkanları üst-üstə düşmədiyindən sən nəyisə mütləq əvəzləməli, dəyişməli, əlavə etməli, itirməli, itiriləni hansı vasitə ilə isə kompensasiya etməlisən. Göründüyü kimi, ağır prosesdir, hövsələ, dözüm tələb edən işdir... 

 

– Bir tərəfdən “asılılıq”, bir tərəfdən də sadaladığınız “əməliyyatlar” – dəyişmək, əvəz etmək, əlavə etmək və sairə... Paradoks deyilmi? Yoxsa tərcümə nəzəriyyəsində və praktikasında bu “əməliyyatları” tənzimləyən və ya onlara “hüquqi don geyindirən” qaydalar, qanunlar var?  

 

– Xeyr, burada heç bir daşlaşmış qayda-qanundan söhbət gedə bilməz, uzaqbaşı tövsiyələrdən, müəyyən qanunauyğunluqlardan, təcrübəyə söykənən ümumiləşdirmələrdən danışmaq olar. Dəqiq reseptlər əsasında bədii mətnlər yazılmadığı kimi, həmin reseptlər əsasında tərcümə də olmur. Bunlar hamısı tərcüməçinin fərdi qabiliyyəti, duyum və qiymətləndirmə bacarığı ilə həyata keçirilir. Tərcümənin yaradıcılıq prosesi olmasını şərtləndirən əsas amil də elə budur. Sən hiss etməlisən ki, nə vaxt əlavə edə, nə vaxt dəyişə bilərsən.Və sənin bu “əməliyyatların” mətnin fikir yükünə, üslubuna xələl gətirməməlidir, əksinə, bunların hamısı adekvatlıq, ekvivalentlik xatirinə olunmalıdır. Bəzən bunlar, doğrudan da, qaçılmaz olur.  Öz təcrübəmdən  bir misal çəkim və əvvəldən deyim ki, qətiyyən burada haqlı olduğumu, düz elədiyimi büruzə vermək istəmirəm, sadəcə olaraq, gücüm buna çatıb. Məşhur Avstriya yazıçısı Ştefan Svayqın “Bəşəriyyətin bəxt ulduzları” adlı tarixi miniatürlərindən “Cənub qütbü uğrunda mübarizə” novellasında belə bir yer var: Kapitan Skott komandasının bir neçə üzvü ilə böyük əzab-əziyyətlər hesabına Cənub Qütbünə çatanda, oranın artıq isveçli Amundson tərəfindən kəşf olunduğunu görür və əvvəlkilərdən də betər məşəqqətlərlə geri qayıdır.Lakin yolda dəstənin üzvlərini bir-bir itirir, özünün də sağ qayıtmayacağını bilə-bilə “lap son ana – barmaqların donub qələm əlindən düşənə qədər” gündəlik yazır. Axırda da titrəyən barmaqları ilə son arzusunu bildirir: “Bu gündəliyi arvadıma göndərin”. Sonra da dəhşətli bir əminliklə  “arvadıma” sözünü pozaraq “duluma” yazır.  Orijinal belədir. Alman dilində “witwe” sifəti (dul, dul qalan) isim kimi tez-tez işlənir, rus dilində də isimləşə bilir, Azərbaycan dilində isə həmişə sifət kimi işlənir. Belə çıxır ki, mən bu cümləni “duluma göndərin” yazmalı idim və özün də görürsən ki, gülünc çıxır.  Sadəcə olaraq, “dul qalan arvadıma” yazmaq olardı, ancaq “dəhşətli bir əminliklə pozmaq”– cümlənin əsas  fikir yükü itərdi. Digər tərəfdən də məntiq pozulurdu: “dul arvadıma”  yazırdısa, niyə pozurdu. Belə olan halda mən çıxış yolunu bu “əvəzləmə”də gördüm:“Ancaq sonra da dəhşətli bir əminliklə “arvadıma” sözünün qarşısına əlavə işarəsi qoyur və üstündə həmin dəhşətli sözləri yazır: “Dul qalan”.  Görürsənmi, “pozmaq” dönüb oldu “əlavə işarəsi qoyub üstündən yazmaq”.

Daha bir misal: Haynrix Böllün “Ədalətli Daniel” hekayəsində belə bir cümlə var: “Onun altında isə “kaş bu dünyada ədalət olaydı” yazmaq istədi. Ədalət sözünü də səhv yazdı... Deyəsən, sonu qisasla bitən “ədavət” sözü ilə qarışıq saldı. Onun “ədalət” ilə “ədavət”in ayrı-ayrı şeylər olmasını başa düşməsi üçün on ildən çox vaxt lazım oldu”. Əslində, orijinalda “ədalətlə” “qisas” sözü qarşılaşdırılır, necə deyərlər,  oynadılır (Gerechtigkeit – Rache), çünki köklərində eyni səslənmə var. Azərbaycan dilində isə başqa-başqa səslənən sözlərdir, həmin “söz oyunu” effektini vermir. Belə olan halda mən  onu “ədavətlə” oynatdım, çünki yazıda  “ədalətlə” “qisası” qarışıq salmaq absurd alınardı, ancaq “qisas”ı  da unutmadım, çünki mətndə onun da mənası vardı.  

 

– Bir məsələ də bizim üçün maraqlıdır: tərcümələrinizi çapa verməzdən əvvəl kiməsə oxuyursuzmu və ya kiminləsə müzakirə edirsizmi?

 

– İndi yox... Ancaq əvvəllər mərhum Çərkəz Qurbanlı ilə həmişə bunu edirdik. Təsəvvür elə ki, mənim tərcüməmdə “Zəfər tağı“nı, “Yalquzaq”ı, onun tərcüməsində  Kafkanın “Qəsr”ini və çoxlu başqa əsərləri əvvəldən axıra kimi birlikdə oxumuşuq, uzun mübahisələrimiz olub. O, mənim tərcümə müəllimim olsa da, bizim tərcümə sənətinə yanaşma tərzimiz başqa-başqa idi, ancaq bununla belə, ümumi dil tapırdıq və iş prinsipimiz də belə idi: “Məndən deməkdir, istəyirsən qəbul elə, istəmirsən eləmə!” Ancaq arqumentlər güclü alınanda, qəbul etməmək olmurdu... Əlbəttə, indi də tərcüməçilərin yığışıb  yeni bir tərcüməni müzakirə etməsi, tərcümənin istər nəzəri, istərsə də praktiki məsələləri haqqında fikir mübadiləsi aparması çox xeyirli olardı. 

 

– Hazırda üzərində işlədiyiniz əsər varmı? Varsa, onu nə vaxt oxuya biləcəyik? 

 

– Var. Çox sevdiyim yazıçılardan olan Haynrix Böllün “Kişisiz ev” romanının tərcüməsinə başlamışam. Nə vaxt oxuyacağınızı isə deyə bilmərəm. Axı bayaq dedik ki, “mən heç yerə, heç yana tələsmirəm”.

 

Müsahibəni aldı: Elmin Nuri

  

 

 

   HAYNRİX    BÖLL

Alman dilindən tərcümə: Vilayət Hacıyev

 

1917-ci ildə Köln şəhərində anadan olub. İkinci Dünya müharibəsində alman qoşunlarının tərkibində Fransada, Ukraynada, Krımda döyüşüb. 1945-ci ildə amerikalılara əsir düşüb.

1949-cu ildə “Qatar vaxtında çatır” povesti işıq üzü görüb.

“Hardasan, Adəm” (1951) ona böyük uğur qazandırıb.

“Və bircə kəlmə də demədi” (1953), “Kişisiz ev” (1954), “O illərin çörəyi” (1955), “Saat onun yarısında bilyard oyunu” (1959), “Bir təlxəyin düşüncələri” (1963) romanlarının, bir çox hekayə kitablarının müəllifidir.

1972-ci ildə Nobel mükafatına layiq görülüb.

Haynrix Böll 1985-ci ildə vəfat edib.

 

 

 

 

 

Kişisiz   ev

                                                       ( romandan parça )

 

      Hər gecə anası ventilyatoru qoşan kimi ayılırdı.Halbuki  bu “yel dəyirmanı”nın  rezin pərləri, demək olar, səssiz  fırlanırdı.  Yalnız boğuq bir vıyıltı eşidilir və hərdən də pərlər pərdəyə ilişəndə  dayanırdı. Onda  anası yatağından durub, astadan deyinə-deyinə pərdəni pərdən aralayır, onu kitab dolabının qapıları arasına qoyub sıxırdı. Torşerinin papağı napnazik yaşıl ipəkdən idi və altından da sarımtıl işıq süzülürdü, tumbanın üstündəki bir qədəh qırmızı şərab isə mürəkkəbə oxşayırdı. Qaralmış, sanki qatılaşmış bu zəhərdən anası hərdən bircə qurtum alırdı. O, kitab oxuyur, siqaret çəkir, şərabdan  qurtum-qurtum içirdi.

      Yarıyumulu gözlərinin altından anasına baxır, ancaq onun diqqətini cəlb etməmək üçün qımıldanmır və   siqaretin ventilyatora tərəf sürünən tüstüsünü izləyirdi. Ağ, boz tüstü laylaları titrəyən havada parçalanır, yaşıl pərlərin küləyi də onları qovub uzaqlaşdırırdı. Ventilyator  böyük idi – mağazalarda bunlardan çox idi – və sakit  vıyıltı ilə otağın havasını bircə anda təmizləyirdi. Onda anası, atasının divardan asılmış şəklinin yanındakı düyməni basırdı.  Ağzında qəlyan olan bu gənc gülümsəyirdi və heç deməzdin ki, on bir yaşlı oğlanın atasıdır. O, dondurma  kafesindəki Luici,  təzə gələn balaca, utancaq müəllimi  kimi cavan idi. Başqa oğlanların analarına  oxşayan anasından  da gənc idi. Bu gülərüz  yeniyetmə neçə həftə idi ki, yuxusuna  girirdi, ancaq şəkildəkinə bənzəmirdi.Sanki mürəkkəb rəngli bulud topasının üstündə büzüşüb kədərli halda oturmuşdu, sifəti yox idi, ancaq ağlayırdı, çünki milyon illərdi kimisə gözləyirdi; əsgər paltarındaydı, di gəl nə rütbəsi,  nə orden-medalı vardı.Atası, arzuladığı kimi deyil, yad, tanımadığı bir adam kimi yuxusuna gəlirdi.

Əsas məsələ  sakit dayanmaq, nəfəsini içinə çəkmək, gözlərini açmamaq idi ki, evdə eşidilən səslərdən saatın neçə olduğunu bilsin: əgər Qlumun səsi gəlmirdisə, deməli, saat on birin yarısı, Albert tərəfdə də sakitlik idisə, deməli, saat on bir olmuşdu. Çox vaxt üstdəki otaqdan Qlumun ağır addım səslərini eşidir, ya da yan otaqda astadan fit çala-çala nə işləsə məşğul olan Albertin səsi gəlirdi. Hərdən Bolda gecəyarısı pilləkənləri  düşür, mətbəxdə özü üçün nəsə qızardırdı. Ayaqlarını sürüyə-sürüyə gəzir, qorxa-qorxa işığın düyməsini basır, ancaq buna baxmayaraq, çox vaxt nənəyə rast gəlirdi. Onda nənəsinin dəhlizdən boğuq səsi eşidilirdi:

– Ay qarınqulu, yenə gecəyarısı tuluğunu doldurursan?Qızardırsan, bozardırsan, özünə zirdən-zibildən nəsə hazırlayırsan?

Bolda cingiltili səslə gülürdü:

 – Elədir, qoca kaftar, acmışam. Sənə də nəsə bişirim?

Yenə Boldanın cingiltili gülüşü, nənənin nifrət dolu “tfu”su... Bəzən də nə barədəsə pıçıldaşırdılar və o, hərdən gülüş səsləri eşidirdi – Boldanın cingiltili, nənənin isə xırıltılı gülüşünü...

       Yuxarıda var-gəl edən Qlum isə qəribə-qəribə kitablar oxumaqla məşğul idi: “Doqmatiklik”, “Əxlaqın dini əsasları”...  Saat on tamam olan kimi işığı söndürür, yuxarıdakı vanna otağına gedir, yuyunur; su şırıltısı, qazla işləyən qızıdırıcını yandırarkən boğuq partıltı eşidilirdi. Sonra  otağına qayıdır, qaranlıqda çarpayısının önündə diz çöküb dua edirdi. Qlumun dizləri döşəməyə dəyəndə, tappıltını aydın eşidirdi. Başqa otaqlarda sakitlik olanda,  mızıltısını da eşidirdi. Qlum qaranlıqda uzun-uzadı dua oxuyur, ayağa duranda, dəmir çarpayısı cırıldayırdı, bu o deməkdi ki, saat düz on birin yarısıdı.  Evdə Qlumla Albertdən başqa, heç kim heç nəyi eyni vaxtda eləmirdi. Məsələn, Bolda yuxuya getmək üçün gecəyarısı mətbəxə düşüb, qəhvəyi kağız torbada saxladığı mayaotu çayı dəmləyə bilərdi. Bəzən  nənəsi də gecə saat  biri keçəndən sonra mətbəxə keçib özünə bir boşqab ətli buterbrod hazırlayır, bir şüşə qırmızı şərabı da qoltuğuna vurub otağına qayıdırdı. Ya da gecəyarısı birdən yadına düşürdü ki, siqaret qutusu boşdur –  iyirmi siqaret  tutan açıq-mavi rəngli qəşəng çini  qutu idi – onda  durub astadan donquldana-donquldana  evi dolaşır, siqaret axtarırdı.   Açıq-sarışın saçlı, qırmızısifət, yekəpər nənəsi ayaqlarını sürüyə-sürüyə əvvəlcə Albertin yanına gedirdi, çünki yalnız  o, nənəsinin zövqünə uyğun gələn siqaret çəkirdi. Qlum qəlyandan başqa, heç nə çəkmirdi, anasının çəkdiyi siqaretlər də nənənin xoşuna gəlmir:  “Yumşaqdır, arvadlar çəkən zibildir, o saman çöplərini görəndə, ürəyim qalxır,” – deyirdi. Boldanın da dolabda bir-iki əzik, ləkəli siqareti olurdu, onlarla poçtalyonun, işıqçının başını aldadırdı, nənəsi də ona lağ eləyirdi: “Elə bil  onları xaç suyundan bircə-bircə dənləyib qurudubsan, ay pintilər pintisi, beləsini rahibələr çəkir. Tfu!”  Bəzən evdə siqaret tapılmırdı, onda Albert dayı gecəyarısı durub geyinir, ona siqaret almaq üçün öz maşını ilə şəhərə gedirdi, ya da hər ikisi əlli pfenniqlik, bir marklıq axtarırdı ki, Albert gedib avtomatdan alsın. Ancaq onda da sakitləşmirdi, on dənə, iyirmi dənə ilə qane  olmurdu, gərək əlli dənə olaydı, özü də üstünə  Tomavk  Xalis Viricinya tütünü yazılmış tünd-qırmızı qutularda olmalıydı. Uzun, dümağ, çox tünd siqaretlər... Albert gedəndə:

– Ancaq gərək təzə olsunlar, əziz balam, – deyir, qayıdanda isə  onu  elə dəhlizdəcə qucaqlayıb öpür və mızıldayırdı: –  Sən olmasaydın, neyləyərdim, oğlum?  Heç  doğma oğul da belə olmaz!

Sonra otağına gedir, üstünə qalın yağ çəkilmiş, ət qoyulmuş iri-iri ağ çörək dilimlərini yeyir, şərab içir, siqaret çəkirdi.

Albert də, demək olar ki, Qlum kimi dəqiq idi, saat on birdə onun otağına sakitlik çökürdü və bundan sonra nə olsa, arvadların ayağına yazılırdı: nənəsinin, Boldanın, anasının... Anası nadir hallarda yerindən  dururdu, ancaq  çox oxuyur, sarı qutulardakı yüngül, nazik siqaretlərdən  çəkirdi. Onun üstündə  Məscid – Xalis Şərq tütünü  yazılırdı. Hərdən də şərabdan bir qurtum alır, ancaq hər saatdan bir ventilyatoru qoşurdu ki, otağın havası təmizlənsin. Tez-tez də harasa çıxıb gedir, ya da axşamlar evə qonaq gətirirdi. Onda onu yuxulu-yuxulu Albertin otağına aparırdılar,o da özünü bilməzliyə vururdu, guya heç nədən xəbəri yoxdu. Onun qonaqlardan zəhləsi gedirdi, ancaq Albertin otağında yatmaqdan xoşu gəlirdi.Qonaqlar gecə saat  ikiyə, üçə, dördə qədər otururdular... Bəzən də lap beşə qədər. Onda Albert səhər yatıb qalır, məktəbə getməzdən əvvəl səhər yeməyində tək olurdu, çünki Bolda ilə Qlum evdən tez çıxırdılar, anası saat ona qədər yatır, nənəsi də on birdən tez durmurdu.

       Nə qədər oyaq qalmağa çalışsa da, ventilyator söndürülən kimi yuxuya gedirdi. Ancaq anası çox oxuyanda və xüsusilə də Qlum ventilyatoru yağlamağı unudanda, ikinci, üçüncü dəfə ayılırdı: pərlər fırlanmağa başlayanda cırıldayır, yavaş-yavaş fırlanır, sürət yığandan sonra  isə səssiz işləyirdi. Ancaq o, cırıltı eşidilən kimi oyanır və görürdü ki, anası elə əvvəlkitəkuzanıqlı vəziyyətdə dirsəklənib nəsə oxuyur;sol əlində siqaret, şərabdan da içilməyib. Anası hərdən İncil də oxuyurdu, bəzən onun əlində qəhvəyi rəngli dəri üzlük çəkilmiş dua kitabçası görür və onda niyəsə utanır, yuxuya getməyə çalışır, ya da oyaq olduğunu bildirmək üçün öskürürdü. Həmin anda  gec olduğundan evdə hamı yatmış olurdu. Öskürən kimi anası durub yanına gəlir, əlini alnına qoyur, yanağından öpür və yavaşdan soruşurdu:

– Nəsə olub, oğlum?

– Yox, yox, – gözlərini açmadan cavab verirdi.

– Bu dəqiqə işığı söndürürəm.

– Yox, oxu.

– Doğrudan, heç nə olmayıb? Deyəsən, istiliyin də yoxdur.

– Heç nə olmayıb... Doğru sözümdür.

Anası yorğanı boğazına qədər çəkirdi və anasının əlininbelə yüngül olması onu heyrətləndirirdi. Sonra anası yatağına qayıdıb işığı söndürür, otağın havasını təmizləmək üçün ventilyatoruqoşur və ventilyator işləyənə qədər qaranlıqda onunla söhbət eləyirdi.

– Bəlkə, Qlumun yanındakı otağa köçəsən?

– Yox, bura yaxşıdır.

– Ya da qonşu otağa. Oranı boşaldarıq.

– Yox, doğrudan, istəmirəm.

– Bəlkə, Albertin otağına? Albert başqasına köçər.

– Yox...

      Qəflətən ventilyatorun sürəti azalanda bilirdi ki, anası qaranlıqda düyməni basıb.  Pərlər bir-iki dəfə xırçıltı ilə fırlanandan sonra dayanır və ətrafa sükut çökürdü.  Qaranlıqda uzaqlardan qatarların taqqıltısını, bir-birinə qoşulan yük vaqonlarının xırçıltılı guppultusunu eşidir və gözləri önündə üstünə “Yük qataları üçün Şərq vağzalı” yazılmış lövhə canlanırdı. Bir dəfə Veltskamla orada olmuşdu. Veltskamın dayısı vaqonları bir-birinə qoşan  paravozun ocaqçısı idi.

– Qluma demək lazımdır ki, ventilyatoru yağlasın.

– Deyərəm...

– De... İndisə yatmaq lazımdır, gecən xeyirə qalsın.

– Xeyirə qarşı...

      Ancaq gözünə yuxu getmir və bilirdi ki, sakitcə uzanmış anası da hələ yatmayıb.  Bu sakit və qaranlıq gecədə lap uzaqlardan – yük qatarları üçün Şərq vağzalından boğuq uğultular eşidilir, qaranlıqdan onu narahat eləyən sözlər baş qaldırır, sanki  üstünə yeriyirdilər. Brilaxın anasının çörəkçiyə dediyi söz... Bu söz Brilaxın yaşadığı evin girəcəyindəki  divara yazılmışdı və bir də haradansa Brilaxın dilinə düşmüş və hey təkrarladığı söz idi: əxlaqsızlıq. Tez-tez Qezeleri düşünürdü, ancaq o, uzaqda idi, yadına düşəndə də nə qorxu, nə nifrət hiss edirdi, yalnız özündə nəsə bir ağırlıq duyurdu, ancaq bu adı tez-tez onun üzünə vuran nənəsindən qorxurdu. Nənəsi sanki bu adı onun içindən dartıb çıxarır və Qlumun narazılıqla başını bulamasına baxmayaraq, qaytarıb  üzünə çırpırdı.

 Sonra hiss edirdi ki, anası yuxuya gedib, ancaq özü yenə yata bilmirdi. Qaranlıqda atasının üzünü təsəvvür eləməyə çalışır, ancaq bacarmırdı. Kinolarda, jurnallarda, kitablarda gördüyü min cür səfeh şəkillər gözləri önündə canlanırdı: Blondi, Hopelonq, Kassidi, Donald Duk... Ancaq atası bu adamların arasında yox idi. Brilaxın dayısı Leonu, çörəkçini, utanmadan kolluqda pis işlərlə məşğul olan Grebhake ilə Voltersi görürdü... Yanaqları allanmış, şalvarlarının qabağı da açıq olurdu, özlərindən də yaşıl ot qoxusu gəlirdi. Məgər əxlaqsızlıq utanmazlıq deməkdi? Ancaq şəkillərində sadə, şən,  ata adı daşımaq üçün hələ çox cavan olan atası heç vaxt görünmürdü.  Ata olmağın bir əlaməti də onun hər gün səhər yeməyində bir  yumurta yeməsi idi. Ancaq atasınıbu cür təsəvvür eləyə bilmirdi. Ata olmağın bir əlaməti də nəyəsə  vərdiş etmək,yəni Albert dayı kimi nəyisə həmişə etmək idi.Ancaq atasında bu vərdiş hiss olunmurdu. Səhər durmaq, yumurta yemək, işə getmək, qəzet oxumaq, evə qayıtmaq, yatmaq vərdişləri... Ancaq  bunların heç biri uzaqlarda – hansısa  rus kəndinin kənarında basdırılmış atasında yox idi. Görəsən, atası da on il keçəndən sonra səhiyyə nazirliyində saxlanılan skeletlər kimi görünür? Dişləri ağaran sümüklər... Sıravi əsgər və şair... Nəsə bir-biri ilə heç uyuşmur... Brilaxın atası əvvəlcə feldfebel, sonra çilingər olmuşdu. O biri oğlanların ataları mayor – direktor, kiçik zabit – mühasib,  baş yefreytor – redaktor olmuşdular.  Ancaq heç birinin atası sıravi əsgər, heç birinin atası şair olmamışdı. Brilaxın dayısı Leo vaxmeyster olmuşdu. Vaxmeyster və tramvayda konduktor...

       İndi də rəngli şəkli mətbəxdəki dolabda – saqo ilə yarmanın arasındadır.  Bu saqo  nə olan şey idi?  Sehrli sözdür, ondan Cənubi Amerika qoxusu gəlir. Sonra da katexizisin sualları... Başgicəlləndirən rəqəmlər... Hər rəqəmin də qarşısında bir sual və onun cavabı... Sual on bir: Tanrı haqq yoluna qayıdan günahkarla necə rəftar edir? Cavab: Tanrı haqq yoluna qayıdan günahkarların hamısını bağışlayır. Və bir də adamı çaş-baş qoyan misra: İlahi, əgər sən bizim günahlarımızı unutmasan, kim qarşında təmiz qalar?  Heç kim qala bilməz. Brilax yüz faiz əmindir ki, böyüklərin hamısı  əxlaqsız, uşaqlar da utanmazdır. Brilaxın anası əxlaqsız  idi, Leo dayı da, bəlkə, elə çörəkçinin özü də və bir də nənəsinin dəhlizdə pıçıltı ilə “Yenə haralarda avaralanırsan?!” – deyə məzəmmət elədiyi anası...

      Əlbəttə, istisnalar vardı və Brilax da bunu qəbul edirdi. Məsələn, Albert dayı, aşağıda yaşayan dülgər, frau Borussiak və cənab Borussiak, Qlum, Bolda... Ancaq frau Borussiak hamısından yüksəkdə dayanırdı.  Gur səsi vardı və oxuduğu gözəl mahnılar Brilaxın otağından keçib həyətə yayılırdı.

      Qaranlıqda frau Borussiak barədə düşünmək yaxşı idi, bununla təsəlli tapırdı, heç nədən də qorxmurdu. Frau Borussiak tez-tez  “Yamyaşıl bir diyarda keçib uşaqlığım”  mahnısını oxuyurdu  və onda hər şeyi yaşıl rəngdə görürdü, sanki gözləri önünə yaşıl pərdə çəkilirdi və indi qaranlıqda gözlərini yumaraq çarpayıda uzanıb onun barəsində düşünəndə, səsini eşidəndə də hər şey yaşıl rəngə boyanırdı:  Yamyaşıl bir diyarda keçib uşaqlığım...  Sızıltı dolu “Dan  ulduzu, sənə salamlar olsun...” mahnısı da gözəl idi  və “salamlar olsun” sözlərindən sonra da hər şey yaşıl rəngə boyanırdı. Sonra hansı andasa gözlərinə yuxu gedirdi, hardasa frau Borussiakın  səsi ilə Brilaxın anasının çörəkçiyə dediyi sözün  arasında yuxu onu aparırdı.  Bu söz  “Leo dayının sözü” idi,  çörəkçinin qaranlıq, isti, şirin qoxulu zirzəmisində onun ağzından qaçmışdı, mənasını da Brilax  ona başa salmışdı, nəsə  qadınlarla kişilərin bir yerdə olmaları ilə bağlıydı, altıncı ayə ilə də çox bağlılığı vardı, əxlaqsız söz idi və onu ən çox düşündürən: “İlahi, əgər sən bizim günahları unutmasan, kim qarşında təmiz qalar?!” – misrasını yadına salırdı.  Bəlkə də, igidlər igidi, ancaq anasının gətirdiyi qonaqlar kimi bir az da səfeh olan kovboy Hopelonq Kassidi  barədə düşünəndə yuxuya gedirdi. Hər halda, anasının nəfəsini duymaq yaxşı idi. Çox vaxt anasının çarpayısı boş qalırdı, bəzən bir neçə gün dalbadal belə olurdu və onda nənəsinin dəhlizdə pıçıltı ilə onu necə məzəmmətlədiyini eşidirdi:  “Yenə haralarda avaralanırsan?!” Anası cavab vermirdi. Səhər-səhər oyanmağın özü də cəsarət tələb eləyirdi. Əgər Albert  onu oyadanda təmiz köynək geyinib qalstuk taxmış olurdusa,  deməli, hər şey qaydasında idi: onda Albertin otağında əsl səhər yeməyi  də, vaxt da olurdu, tələsmirdi, hətta Albertlə birlikdə ev tapşırıqlarına bir də göz gəzdirirdi. Ancaq Albertin üzü qırxılmamış, saçları daranmamış, sifətinin qırışığı açılmamış olanda, gərək isti qəhvəni tez-tez içəydi, tələsik  də xahişnamə yazılaydı: “Çox hörmətli cənab Vimer, lütfən bağışlayın ki, uşaq bu gün yenə gecikdi. Anası evdə yoxdur, mən də onu vaxtında oyatmağı unutdum. Xahiş edirəm, bağışlayasınız. Böyük ehtiramla....”

      Anası qonaq gətirəndə, işlər pis olurdu. Albertin otağına keçəndən sonra   səfeh gülüş səsləri eşidirdi, onun iri çarpayısında da  çox narahat yatırdı. Bəzən Albert səhərəcən yatmır, saat beşlə altı arasında yuyunmağa gedirdi. Onda da su şırıltısı, şappıltı eşidirdi. Sonra yenə yuxuya gedir, Albert oyadanda isə  yorğun, əzgin olurdu. Məktəbdə də günortaya qədər mürgü döyür, günortadan sonra da onu gah kinoya, gah dondurma kafesinə, ya Albertin anasıgilə –  Bitenhana  aparırdılar. Orada Qlumun əllə balıq tutub sonra da suya buraxdığı süni göl, pəyənin üstündə tikilmiş ev, çalınmış  çəmənlikdə Albertlə, Brilaxla saatlarla yorulana,  acana qədər futbol oynamaq vardı. Albertin anası çörək bişirirdi. Vill dayı da həmişə deyirdi: “Üstünə yağı çox çəkin... – başını bulayırdı, – çox çəkin! – yenə başını bulayırdı, – bir az da çox...”  Və orada qaraqabaq Brilax,hətta ürəkdən gülürdü də.

 

      Ora çox uzaq idi, yolboyu  yata da bilirdi. Bitenhan və atası... Blondi və əxlaqsızlıq...  Ventilyatorun boğuq vıyıltısı  səslərin ən yaxşısı idi.Bu, o demək idi ki, anası yanındadır. Bir-bir çevrilən vərəqlərin xışıltısı, anasının nəfəs alması, kibrit çırtıltısı, şərabdan içərkən ani qurtultu  və bir də ventilyatorun çoxdan söndürülməsinə baxmayaraq, havanın sanki öz-özünə təmizlənməsi...   Ventilyatora tərəf sürünən tüstü... Qezelerin səsi: “... İlahi, əgər sən bizim günahları bağışlamasan...”  və onu yuxu aparırdı...      

DİGƏR MƏQALƏLƏR