SƏHNƏ - Yuri Polyakov

Orijinaldan tərcümə: Etimad Başkeçid

 

1954-cü ildə Moskvada anadan olub.

 “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.

“Lenin komsomolu”, “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktorudur.

 

Sinif yoldaşları

 

İkipərdəli melodram

 

İştirakçılar:

Svetlana Poqojeva                     

Anna Falikova

Mixail Tyablov

Fyodor Stroçkov            sinif yoldaşları

 Boris Lipovetski

Viktor Çermetov

İvan Kostromitin

 

Yevgeniya Petrovna Kostromitina – İvan Kostromitinin anası

Olqa – Svetlananın qızı

Okopov – mayor

Əsgər

1-ci cangüdən

2-ci cangüdən

 

Hadisələr böyük rus çayı sahilində yerləşən əyalət şəhərində cərəyan edir.

 

BIRINCI PƏRDƏ

Üçotaqlı mənzildə ötən əsrin standartlarına uyğun gözoxşayan otaq. Sağ tərəfdə eyvanlı mətbəx. Solda ikinci, qarşıda isə üçüncü – “aralıq” otağa açılan qapı. Divardan hərbi geyimdə, başına həsir panama qoymuş beynəlmiləlçi əsgərin gülümsəyən fotoportreti asılıb. O, bir əlində “Kalaşnikov” avtomatı, o biri əlində gitara tutub. Həmin gitara portretin altındakı tumbanın üzərinə qoyulub. Mənzildə ziyafətə hazırlıq işləri görülür. Yevgeniya Petrovna və Svetlanamətbəxdən “aralıq” otağa boşqablar və iri nimçələr daşıyır.

Svetlana… Çermet də gələcək?

Yevgeniya Petrovna. Zəng eləmişdilər, dedilər, imkan olsa, mütləq gələcək!

Svetlana. Məgər o, xaricdə deyil?

Yevgeniya Petrovna. Yəqin, qayıdıb. Onun üçün xaricə gedib-qayıtmaq, mənim bazara gedib-gəlməyim kimi bir şeydir. Pulunu balta kəsmir! Səhərdən həyətdə mühafizəçilər dolaşır. Bayaq mağazadan gəlirdim, küçə qapısına çatanda kimin evinə getdiyimi soruşdular. “Öz evimə!” – dedim. İnanmadılar!

Svetlana (gülə-gülə). Buraxdılar?

Yevgeniya Petrovna. Buraxdılar, amma çantamın içərisinə də göz yetirdilər.

Svetlana. Terrorçulardan qorxurlar!

Yevgeniya Petrovna (mitinqdə çıxış edirmiş kimi). Sosial ədalətsizlikdən qorxmaq lazımdır! Terrorizm – nəticədir. Əvvəllər boş qobur gəzdirən bir milis işçisi bütöv bir zavodu qoruyurdu! Amma indi? Hara baxırsan, hər yerdə o sek… sek… sek…

Svetlana. Seküriti.

Yevgeniya Petrovna. Hə, onu deyirəm! Hamısının da avtomatı var. Universam, məktəb, hətta uşaq bağçası belə, mühafizəçilərlə doludur! Milyonlarla cavan bütün ölkə miqyasında avaraçılıqla məşğuldur. Sual olunur, kimdən qoruyurlar? Aydın məsələdir: xalqdan. Amma bir gün xalq ayağa qalxsa…

Svetlana. Yox, Yevgeniya Petrovna, xalq ayağa qaxmayacaq.

Yevgeniya Petrovna. Niyə, necə yəni xalq ayağa qalxmayacaq?

Svetlana. Bilirsiniz, xalqımız ağıllanıb, artıq başa düşüb ki, qalxmağın xeyri yoxdur – nə qədər tez-tez qalxsan, bir o qədər çox ziyan çəkəcəksən. Amma mühafizəçiləri ayağa qaldırmaq olar. Hə! Xüsusilə də varlıları qoruyan mühafizəçiləri!

Yevgeniya Petrovna. Sən elə düşünürsən? Niyə?

Svetlana. Özünüz fikirləşin: cangüdənlər lovğa-lovğa gəzən “yeni ruslar”ın çıxardığı hoqqaların, törətdikləri murdar əməllərin hamısını öz gözləri ilə görür. Gizlində onların hamısına nifrət edirlər. İnqilab zamanı mülkədarların evini tar-mar eləyən, mal-mülkünü talayanlar kimlər idi? Ev qulluqçuları, xidmətçilər. Hətta Aleksandr Blokun malikanəsini də yandırmışdılar. Bu, tarixi faktdır. Siz, Yevgeniya Petrovna, yaxşısı budur, mühafizəçiləri, cangüdənləri ayağa qaldırın! Həm də onlar artıq silahlıdır… (gülə-gülə eyvanın qapısını açıb, aşağı boylanır).

Yevgeniya Petrovna. Pis fikir deyil ha! Ordu pis gündədir. Kəndlilər içkiyə qurşanıb. Proletariat əyyaş olub gedib. Ziyalılar… Əşşi, onlar həmişə xalqın maraqlarını satmaqla məşğul olublar. Amma mühafizəçilər! Bu niyə mənim ağlıma gəlməyib? “Pravda”ya məktub yazmaq lazımdır!

Svetlana (eyvandan). İt gətirdilər. Kürən itdir! Bomba axtarırlar. Deməli, Çermet mütləq gələcək…

Yevgeniya Petrovna. Çermetləniyə belə maraqlanırsan axı?

Svetlana. O, mənə çox lazımdır, Yevgeniya Petrovna.

Yevgeniya Petrovna. Nəyinə lazımdır?

Svetlana (ah çəkir). Ərim bizneslə məşğul olmağa başlayıb. Ondan… məsləhət almaq istəyirəm. Bəlkə, verdi… Necə olmasa, sinif yoldaşıdır!

Yevgeniya Petrovna. Sən istə, istə… Bəlkə də, verəcək. Məktəbdə işlər necədir?

Svetlana. Pis deyil. İşləyirəm. Yeni tarix dərsliyi göndəriblər. Artıq uşaqlara demək olar ki, Stalin Hitlerdən yaxşıdır… bir az.

Yevgeniya Petrovna. Əvvəllər qadağan edirdilər ki?

Svetlana. Məsləhət görmürdülər.

Yevgeniya Petrovna. Hələ bu harasıdır! Evdə nə var, nə yox? Pavliklə necə dolanırsan? Deyirlər, tez-tez Moskvaya gedib-gəlir!

Svetlana (soyuq tərzdə). Pavliklə aramız yaxşıdır. Dedim axı, bizneslə məşğuldur…

Yevgeniya Petrovna (onunqolundan tutub silkələyir). Sənə nə olub belə? Niyə kefin yoxdur? Yadındadır, Vaneçka səni həmişə İşıldaquş çağırırdı?

Svetlana. Deməli, daha işıldamıram, sönmüşəm artıq…

Yevgeniya Petrovna. Heç utanırsan? Vur-tut qırx yaşın var, ərin yanında, qızının gözəlliyi göz qamaşdırır, sənə daha nə lazımdır? Sönübmüş bu… Ona qalsa, mən gərək yaşamayam: dərdim başımdan aşır!

Svetlana. Yevgeniya Petrovna, bağışlayın! Xətrinizə dəymək istəmirdim. Mən… Bilirsiniz… Başıma bir iş gəlsə, Olqaya siz baxarsınız!

Yevgeniya Petrovna. Başına nə iş gələ bilər axı?

Svetlana. Dünyadır da, hər şey ola bilər…

Yevgeniya Petrovna (həyəcanla). Xəstələnmisən?

Svetlana. Yox, elə-belə dedim, hər ehtimala qarşı.

Yevgeniya Petrovna. Sus! Ağzını xeyirliyə aç! Ay səni! Vaneçka eşitsə, dilxor olardı! O, səni çox istəyirdi! Çox istəyirdi…

Svetlana. Mən də onu çox istəyirdim. Onu hamı çox istəyirdi. Gözəl insan idi!

Yevgeniya Petrovna. İlahi, bu nə müsibətdir, günahım nədir?! (Dəsmal əlindən yerə düşür, əlləri ilə üzünü örtür).

Svetlana. Yaxşı, Yevgeniya Petrovna… xahiş edirəm! Ağlamayın!

Yevgeniya Petrovna. Ovqatım pozuldu, Sveta, yaramı təzələdin!

Svetlana. Lazım deyil, Yevgeniya Petrovna! Belə bir gündə…

Yevgeniya Petrovna. Nə gün? Hansı gün?! İlahi, gör illər necə keçir! Ağı deyib ağlamaqdan gözümün yaşı quruyub, artıq taleyimlə barışmışam. Amma hərdən yenə də elə bil ürəyimə xəncər soxurlar! Bu bəla niyə məhz mənim oğlumun başına gəldi? Ən ağıllı, ən saf, ən mehriban insanın… Rəfiqələrimin hamısının çoxdan nəvəsi var. Bəs mən? Bəs mənim Vaneçkam? Niyə, niyə?! (Ağlayır).

       Svetlana onu sakitləşdirməyə, təsəlli verməyə çalışır. Ona su verir.

Svetlana. Yəqin, ən ağıllı, ən mehriban, ən saf insan olduğuna görə…

Yevgeniya Petrovna. Onda bəs Allah nə üçündür?

Svetlana. Bax bunu Mişka Tyablovdan soruşarsınız, əgər gəlsə.

Yevgeniya Petrovna. Mütləq soruşacağam. Allah necə rəva görür ki, bu cür oğlandan yer üzündə heç nə qalmır – bir çağa belə! Nələr arzulayırdım: o, əsgərlikdən qayıdacaq, siz evlənəcəksiniz, uşaqlarınız olacaq… (Küskün tərzdə) Amma sən – heç yarım il keçmədi, ərə getdin!

Svetlana. Yəqin, bunu mənə heç vaxt bağışlamayacaqsınız!

Yevgeniya Petrovna (sakitləşir). Bağışlamışam, Sveta, çoxdan bağışlamışam. Həyatdan küsüb-inciməyə dəyməz.

                     Qapının zəngi çalınır.

Svetlana. Kimdir?

Yevgeniya Petrovna. Necə yəni kimdir? Fedya Stroçkovdur. O, həmişə hamıdan tez gəlir. (Dərindən nəfəs alaraq,) Özü də dilindən şeir əskik olmur…

           Yenə zəng çalınır, bu dəfə bir qədər əsəbi səslənir.

Svetlana (xəyala dalmış kimi). Bizim böyük Fedyamız! Yadımdadır, bir dəfə böyük tənəffüsün zəngi vuruldu, dəhlizdə ayaq səslərindən, hay-küydən qulaq tutulurdu, Qalina Osipovna isə bizi otaqdan çıxmağa qoymadı: “Davam et, Fedenka! – dedi, – Sizsə qulaq asın və sinif yoldaşınızla fəxr edin!” Sonra Çermet az qala onu vurub öldürəcəkdi…

Yevgeniya Petrovna. Niyə, nəyə görə?

Svetlana. Necə yəni “nəyə görə”? Çermetlə Anka Falikova hər tənəffüsdə soyunub-geyinmə otağına qaçırdılar…

Yevgeniya Petrovna. Nə üçün?

Svetlana. Nə üçün… Öpüşmək üçün! Paltoların arasında gizlənib, öpüşürdülər. Özü də necə! Buna görə onları, hətta pedaqoji şuraya da çağırmışdılar.

Yevgeniya Petrovna. Svet, bir söz soruşacağam, Sveta, siz Vaneçkayla, necə deyim… öpüşürdünüz?

Sveta. Onun özü deməyib sizə?

Yevgeniya Petrovna. Nə danışırsan! O, çox ədəbli oğlan idi. Yalnız onu demişdi ki, qayıdanda səninlə evlənəcək. Vəssalam!

 

Svetlanaarxaya çevrilir. Yenidən zəng səsi eşidilir, bu dəfə zəng daha davamlı, daha əsəbi çalınır.

Svetlana. Fedya nə yaman əsəbi olub!

Yevgeniya Petrovna. Vaneçka Fedyanın şeirlərini əzbər bilirdi.

Svetlana (xatırlayır).

O uşaq davaları, qançırlar, gicitkən.

Qonşu evin həyəti. Başımız qovğalarda.

Bənzərsiz, naz-qəmzəli, yaraşıqlı, nazənin,

Dünya gözəli bir qız yaşayırdı orada!..

Yevgeniya Petrovna. Yaxşı şeirdir! Adi sözlərdir, amma gör necə təsirlidir, adamın tükü biz-biz olur…

Qapı zəngi ara vermədən çalınır.

Svetlana. Bunun adı istedaddır, Yevgeniya Petrovna. Xahiş edirəm, onu içəri buraxmayın!

Yevgeniya Petrovna. Necə buraxmayım? Qapıdan buraxmasam, pəncərədən girəcək. Fedyanı tanımırsan? (Qapını açmağa gedir.)

 

   Hələ sərxoşluqdan ayılmamış Fedya əlində gül dəstəsi, əsə-əsə içəri soxulur. O, “bomj” kimi geyinib, əzilmiş gül dəstəsini, yəqin ki, zibillikdən tapıb.

 

Fedya. Yevgeniya Petrovna, məni çox da qınamayın! Vaneçkanın qırx illiyinə şeir həsr etmişəm. (Ədəblə onun əlini öpüb, gül dəstəsini təqdim edir).

Yevgeniya Petrovna (gül dəstəsinə qorxa-qorxa baxır). Eh, Fedya, Fedya…

Fedya. Svetik, qoy səni bağrıma basım! Doğrudanmı sənin də qırx yaşın oldu?

Svetlana. Buna şübhən var? (Arxaya çəkilir). Fedya, sən indi harada yaşayırsan?

Fedya. Yerim istidir – vağzalda yaşayıram.

Svetlana. Bəs sənin otağın necə oldu?

Fedya. Mənzil bazarında çırpışdırdılar. Əşşi, şairin nəyinə lazımdır mənzil! Yalnız mane olur, adamın fikrini yayındırır. Yevgeniya Petrovna, reanimasiya üçün yüz qram. Təcili!

Yevgeniya Petrovna. Fedya! Yalnız hamı toplaşandan sonra.

Fedya. Belə bir mahnı var, eşitmisiniz? (oxuyur). “Bülbüllər, bülbüllər, narahat etməyin əsgərləri siz…” Eşitmisiniz?

Yevgeniya Petrovna. Eşitmişik, bilirik. “Qoy əsgərlər uyusunlar bir az…”

Fedya. Bəs mahnını kim yazıb, bilirsiniz?

Yevgeniya Petrovna. Kim yazıb?

Svetlana. Aleksey Fatyanov.

Fedya. Elədir! Fatyanov! Rus mahnı sənətinin dühası. Bəs nədən öldüyünü bilirsiniz?

Svetlana. Nədən ölüb?

Fedya. Həə… bilmirsiniz! İçib sərxoş olandan sonra, ertəsi gün arvadı “başını düzəltməyə” qoymayıb! Sonra da bütün həyatı boyu bunun peşmançılığını çəkib. Aydındır?

Svetlana. Yevgeniya Petrovna, istedada kömək eləmək lazımdır! Göz önündə məhv olub gedir!

Yevgeniya Petrovna. Yaxşı, bu, ölüm-dirim məsələsidirsə… (Əlinin işarəsi ilə icazə verir).

Svetlanaaraq süzür. İçəndən sonra Fedyanın kefi düzəlir.

Fedya. Məni qınamayın! Siz mənə senzura qoymalısınız! Təcili!

Svetlana. Senzura? Nə üçün?

Fedya. Senzurasız ədəbiyyat – xaltasız it kimidir.

Svetlana. Fedya, ağlını başına yığ! Məgər Puşkinə, ya Dostoyevskiyə xalta taxıblar?

Fedya. Xalta taxmağa ehtiyac yoxdur. Xaltanı cibində də gəzdirə bilərsən. (Əlini cibinə vurur.) Müü-üt-ləq!

Svetlana. Eh, Fedya, sən lap Faddeyə oxşayırsan!

Fedya. Faddey kimdir?

Svetlana. Bulqarin. Yaxşısı budur, şeir oxuyasan!

 

Fedya start öncəsi konkisürənin duruşuna bənzər poza alır, peşəkar ədasıyla, üzünü beynəlmiləlçi əsgərin portretinə tutub, şeir deməyə başlayır.

Fedya.

Qəndəharın məhzun, daşlı yollarında,

Toz qoparır zirehli maşınlar, tanklar

Sən öz avtomatınla və gitaranla

Səadət paylayırsan, nur aparırsan

Uzaq qışlaqlarda yaşayan insanlara.

Əzmlə sonuncu döyüşə girdin.

Gözəl bir yay ayı idi, iyuldu.

Arıtək vızıldayan düşmən gülləsi,

Başına sancıldı, sinən oyuldu

Və sən üzü üstə düşdün torpağa…

Yevgeniya Petrovna (onun sözünü kəsir). Fedenka, hadisə avqust ayında olub axı…

Fedya. Necə? Çox heyif! Yaxşı qafiyə alınmışdı: iyuldu – oyuldu. Avqust – nəsə qafiyələnmir. Senzura dəhşətli şeydir! Amma zəhrimar lazımlı şeydir də! Yüz qram da xahiş edərdim, ilhama gəlməyim üçün!

Yevgeniya Petrovna. Yox, Fedya, yox!

Fedya. Dramaturq Tennesi Uilyamsı tanıyırsız?

Yevgeniya Petrovna. Kimi?

Svetlana. Tanıyırıq, tanıyrıq! “Arzular tramvayı”.

Fedya. Dərman şüşəsinin tıxacı boğazında qalıb, ölüb…

Yevgeniya Petrovna. İlahi, bu nə danışır…

Svetlana. Hə, nə olsun?

Fedya. O olsun ki, bu dəqiqə gedib aptekdən yemişan tinkturası alacağam. Özü də bir neçə dənə. Onlar da ki, tıxacsız olmur. Risk çox böyükdür!

Yevgeniya Petrovna. Fedya, sən özünü məhv edirsən!

Fedya. Ayıq olub, ağır ümidsizlikdən ölməkdənsə, ağır sərxoşluqdan ölmək yaxşıdır!

Svetlana. Yaxşı dedin. (Ona yenə araq süzür). Amma bu, sonuncudur.

     Fedya içib, donquldana-donquldana otağın küncünə çəkilir.

Fedya. Av-qust – Aqav dost. Av-qust – manqust… (bardaş qurub oturur, cibindən bloknot və karandaş çıxarır).

Svetlana. Avqust – stəkan boş, bütün cəhdlər – fıs.

Fedya. Şairin könlünü qırmaq asandır!

Yevgeniya Petrovna. Sveta, əzizim, fikrimiz yayındı! Başqa neyləməliyik?

Svetlana. Deyirdiniz, sarımsaq əzmək lazımdır.

Fedya (küncdən). Nəzərə alın, sarımsaq – mistik bitkidir! Şeytanı ürküdür.

Svetlana. Sən şeirini yaz, yersiz-yurdsuz mistik! Bir azdan hamı burada olacaq.

Fedya. Çermet də gələcək?

Svetlana. Deyib ki, gələcək. Çermet nəyinə lazımdır?

Fedya. Başqalarının nəyinə lazımdır? Pul istəyəcəyəm.

 

Qapının zəngi çalınır. Yevgeniya Petrovna qapını açır. Yorğun, üzgün olsa da, effektli təsir bağışlayan Anna otağa daxil olur. Əlində gül dəstəsi və böyük, dəyirmi tort tutub.

Yevgeniya Petrovna. Aneçka! Gözəlim mənim! “Adını çək, qulağını bur” buna deyərlər!

Anna. Janeçka Petrovna, ad gününüz mübarək! (öpüşüb-görüşürlər, gülləri və tortu ona verir).

Yevgeniya Petrovna. Sağ ol ki, unutmursan! Sağ ol, kraliça! Elə indicə Svetayla səndən danışırdıq…

Svetlana (çoxbilmiş ədasıyla). Ad günü başqa şeydir, doğum günü başqa. Ad günü yenicə doğulanlar üçündür.

Anna. Elə deyil! Televizordan öz qulağımla eşitmişəm ki…

Svetlana. Rus dilində danışmağı yadırğamağın ən yaxşı üsulu – televizora qulaq asmaqdır. Bunu yadında saxla, kraliça!

Anna. Elə həmişəki sərt, tələbkar Svetlanasan! Yaxşı, xoş gördük, sinif yoldaşım! (Svetlananı öpür). Bəs mənim haqqımda nə danışırdınız?

Svetlana. Soyunub-geyinmə otağında Çermetlə öpüşdüyünüz günləri xatırlayırdıq.

Anna. Heyif, yalnız öpüşməklə kifayətləndik! Kim bilirdi ki, gələcəkdə oliqarx olacaq…

Yevgeniya Petrovna. Hələ ərə getməmisən, kraliça? Yoxsa hələ öz şahzadəni gözləyirsən?

Anna. Vətənimiz şahzadə sarıdan korluq çəkir. Dilənçilərin, əyyaşların əlindən tərpənmək olmur.

Fedya (küncdən). Əyyaş dilənçilərin nəyi xoşuna gəlmir?

Anna. Sən də burdasan, miyanə şair? Necəsən?

Fedya. İlahənin ayıb yerindəki kimi!

Svetlana. Fedya! Fu! Heç utanırsan!

Fedya. “Bomj”un heç nəyi olmur, o cümlədən də abır-həyası.

Yevgeniya Petrovna(pərtliyi aradan qaldırmaq üçün). Ah, nə gözəl tortdur!

Anna. Üzərində sözlər də yazılıb!

Yevgeniya Petrovna. Nə yazılıb?

Anna. İndi baxarıq! Özüm də bilmirəm… (Qutunu açır). Şamlar da almışam. Qırx dənə. Budur… (Tortun üzərindəki yazını oxuyur) “Qırx yaşda həyat təzə başlayır!”

Yevgeniya Petrovnaəlləri ilə üzünü örtüb, mətbəxə keçir.

Fedya(küncdən). Şüursuz gözəllik həyatı məhv edəcək!

Anna. Kəs səsini, yaramaz!

Svetlana. Anka, belə olmaz axı…

Anna. Lənət şeytana, mən hardan biləydim? Tortu telefonla sifariş etmişəm. Onlara demişdim ki, adətən qırx yaş üçün hazırladıqları tortun üzərinə nə yazırlarsa, onu da yazsınlar. (Ağlamsınır). Mənim bütün işlərim belədir…

Svetlana (onu sakitləşdirir). Yaxşı, hesab edək ki, bu tortu Fedya ilə birlikdə gətirmisən. Hələ hər şey irəlidədir! Elədir, şair?

Fedya (kuncdən). İrəlidən qış gəlir. İndi Soçidə olmaq istərdim. Soçi parkının skamyaları üstündə qışda da yatmaq olar. Qızlar, insafsızlıq deyilmi – əlillər üçün Olimpiya oyunları keçirilir, amma “bomj”lar üçün yox. Sual olunur, niyə?

Anna. Elə ona görə. Üzərində olimpiya simvolikası olan o qədər araq şüşəsini hardan tapsınlar?

Fedya. Bir az kobud çıxdı, amma düz sözə nə deyəsən? Sinif yoldaşlarım, yaradıcı əmək əlilinə kömək edin, Soçiyə bilet alın!

Svetlana. Çermet gələr, ondan istəyərsən. O, həmişə inşaları səndən köçürürdü.

Anna (canlanır). Necə, Çermet də gələcək?

Svetlana. Söz verib.

Anna. Mən də deyirəm, görəsən, həyətdəki vurnuxma nədir belə? Mühafizəçilər. İtlər. Podium qururlar.

Fedya. Kraliça, sən yatanda yuxuda da podium görürsən!

Anna. Sən sus, qafiyəpərdaz! Bura bax, səni buraya necə buraxdılar?

Fedya. Onun təhlükəsizlik xidməti məni tanıyır. Onlara dedim: “Mən sahibin yanına buraxmırsınızsa, heç olmasa, araq süzün!”

Anna. Süzdülər?

Fedya. Tökdülər.

Yevgeniya Petrovna qayıdır. Qulaq asır.

Anna. Amma məndən soruşdular ki, hara gedirsən? Tortu xüsusi cihazla yoxladılar.

Svetlana. Qəbiristanlıqdakı partlayışdan sonra ehtiyat edirlər. Qorxurlar.

Anna. Hə, nəsə eşitmişəm, amma yadımdan çıxıb…

Fedya. Belə bir müdrik xalq deyimi var: başqasının altına trinitrotoluol qoyma, özün düşərsən. Çermet, Qukovskini partladıb, indi özü də qorxuya düşüb.

Anna. Qukovski kimdir?

Fedya. Sən hansı çarpayıdan yıxılmısan, hind rəqqasəsi?

Anna. Özüm bilərəm, sərsəri.

Yevgeniya Petrovna. Uşaqlar, qızlar, dalaşmayın! Sənsə, Feyda, yaxşısı budur, izah elə!

Fedya. İzah eləyirəm: Qukovski onun ortağıdır. Daha doğrusu, ortağı idi. Yeri gəlmişkən, o da Əfqanıstanda vuruşub. Onlar ortaqlaşıb, çuquntökmə kombinatını almışdılar.

Yevgeniya Petrovna. İşə bax! Bütün Sovet İttifaqı birləşib, iki beşilliyə kombinat tikir, bunlar isə onu alırlar. Necə? Hansı pulla? Başa düşmürəm…

Fedya. Burada başa düşməli nə var? Adi hesabdır! Əgər mənim kimi pulsuz-parasız adamlar varsa, bu, o deməkdir ki, pulunun sayını-hesabını bilməyən adamlar da var.

Anna. Düz deyir, Yevgeniya Petrovna, varlı kişilər çoxdur. Amma nədənsə hamısı evlidir. Lap varlıların isə heç biri arvadsız deyil…

Yevgeniya Petrovna. Özləri də cangüdənlərlə gəzirlər….

Anna. Bəs necə? Mühafizəsiz kişi kosmetikasız qadın kimidir.

Yevgeniya Petrovna(Svetlana ilə baxışır). Mütləq “Pravda”ya yazacağam! Varlıların bir-birini məhv etməsi isə, çox yaxşı haldır.

Svetlana. Bunun nəyi yaxşıdır?

Yevgeniya Petrovna. Bu, o deməkdir ki, Allah yeni sosializm üçün zəmin hazırlayır…

Svetlana. Amma Çermetin yanında bu zəmin haqqında danışmasanız yaxşıdır! Yaxşı çıxmaz!

Fedya. Mən nəsə anlaya bilmirəm, Yevgeniya Petrovna, siz, ümumiyyətlə, kommunistsiniz, yoxsa dindar?

Yevgeniya Petrovna(ciddi səslə). Mən – dindar kommunistəm.

Svetlana. Belə şey olmur.

Yevgeniya Petrovna. Olur. Lenində olmayanlar İsada var, İsada olmayanlar isə Lenində.

Fedya. Nə Lenində, nə də İsada olmayanları isə zibilxanadan tapmaq olar. Xüsusilə də bayramlardan sonra…

Anna. Deyirəm də, sərsəridir, zibillikdə eşələnməkdən zövq alır! Demək istəyirsən ki, Qalkovskini o partladıb?

Svetlana. Qukovskini. Amma partlayışın Çermetlə əlaqəsini sübut edən dəlillər yoxdur.

Fedya. Bu, fakt deyil.

Svetlana. Faktdır. Mənim şagirdimin atası prokurorluqda işləyir.

Fedya. Əlaçı qız, dəlillər – siqaret kötüyü deyil, onları axtarmırlar, onlar satılır və alınır.

Yevgeniya Petrovna. Mən də inanmıram. Doğrudur, Vitya çətin uşaq olub, amma sonra Vaneçka kimi, o da Əfqanıstanda vuruşub. Ordeni var…

Fedya. Yevgeniya Petrovna, orden üçün düşmənləri öldürürlər, amma dostları aksiyalara görə məhv edirlər. Amma istintaq hələ yekunlaşmayıb. O isə mer olmağa hazırlaşır. Toxunulmazlıq istəyir. Necə deyərlər, bal tutan barmaq yalayar!

Anna. Sən bütün bunları hardan bilirsən?

Fedya. Qəzet oxumaq lazımdır!

Yevgeniya Petrovna. Düz deyirsən, Fedenka, əvvəllər bütün qəzetlərə abunə idim, hamısını alıb oxuyurdum. Xüsusilə də “Literaturka”nı. Qəzetlər poçt qutusuna yerləşmirdi. Amma indi – qəzetlər çox bahadır…

Fedya. Boş verin, Yevgeniya Petrovna! Yer-göy qəzetlə doludur, küçələrdə ayaq altına səpələnib. Oxuyan istəyir! Yaxşısı budur, qulaq asın, şeiri düzəltdim.

(“konkisürən” pozasında dayanıb, şeir oxuyur).

Avqust ayı idi. Sən cəsarətlə

Döyüşə atıldın, vuruşdun, amma

Düşmən gülləsinə tuş gəldi başın,

Un torbası kimi düşdün torpağa…

Əladır, hə?

Svetlana. Deməzdim. “Un torbasıtək”… Qəhrəman haqqında belə yazmazlar.

Fedya. O dəqiqə bilinir ki, ədəbiyyat müəllimisən! Bu olar… o olmaz… Sənətdə “olar, olmaz” söhbəti yoxdur, aydındır?

Anna. Mənim isə “tuş gəldi başın”… ifadəsi xoşuma gəlmir. Bu nə deməkdir?

Fedya(ona yaxınlaşır). Sən sus, səfeh kraliça!

Anna(üzünü yana çevirir). Fedya, sən, ümumiyyətlə, yuyunursan?

Fedya. Yox. Yuyunmayan adamlar həyatın çirkabına bulaşmır!

Yevgeniya Petrovna. Bura bax, Fedya, gəl vanna otağına keç! Yaxşı deyil, qonaqlar gələcək, sənsə… Vanyanın idman kostyumunu geyərsən. Kostyumu ona “Olimpiya ehtiyat qüvvələri”ndə məşq elədiyi vaxtlarda vermişdilər.

Fedya. Sən müqəddəs qadınsan, Yevgeniya Petrovna! Mənə yüz qram da süzün ki, sabunun təsirindən ölməyim! Qəhrəman oğulun anası kimi sizə yalvarıram!

Yevgeniya Petrovna. Bir damcı da olmaz, qoy hamı yığışsın, sonra!

Fedya. Yox, müqəddəs deyilmiş…

 

Yevgeniya Petrovna Fedyanı zorla çəkib aparır. Anna və Svetlana bir müddət susurlar.

Svetlana. İlahi, hayat insanları nə günə qoyur! Buraxılış gecəsində Fedyanın yazdığı şeir yadındadır?

Bu gün kamil olduq – attestat aldıq,

Sevindik, şadlandıq, lap qanadlandıq…

Anna(istehzalı təbəssümlə davam etdirir).

Sanki nəhəng, yüngül qanadlarla biz,

Aydın səmalara hey yüksəlirdik…

Svetlana. O vaxt desəydilər ki, bizim Fedya əyyaş və “bomj” olacaq, heç kim inanmazdı!

Anna. Bilirsən, Sveta, bəzən mənə elə gəlir ki, həyat – arzuları ələ salmağı, məsxərəyə qoymağı sevir. Vanyanın başına gələnlərə də inanmaq olmur…

Svetlana. Mən də inanmıram.

Anna. O cür oğlanı məhv elədilər, əclaflar! Biz Vanya ilə sənə necə qibtəylə baxırdıq, bilirsən? Siz Romeo və Culyetta kimiydiniz. Lap birinci sinifdən. Qulaq as, Sveta, düzünü de: Vanya ilə aranızda nəsə olmuşdu? Boynuna al! Yadındadır, uşaq vaxtı necə deyirdik: yalan desən – öləcəksən!

Svetlana. Nəsə olub, ya olmayıb – artıq bunun fərqi yoxdur. İyirmi ildən sonra hər şey mənasını itirir, ən vacib məsələlər belə… Yaxşı, sən niyə çoxdandır buralara gəlmirdin?

Anna. İşdən-gücdən başım açılırdı ki…

Svetlana. Maraqlıdır, kraliçanın işinin adı nədir?

Anna. Sənə necə izah edim, əlaçı qız? Məsələn, qadın gözəgəlimli, yaraşıqlıdırsa, başqalarını müşayiət edə bilər. Dünyanı gəzdim. Sonra yaramazın birinə ərə getdim…

Svetlana. Yaramazın birinə? Niyə?

Anna. Hamı səninlə Pavlik kimi bəxtəvər ola bilmir də, neyləyək! Mənimki də əvvəl-əvvəl pis deyildi: şən, səxavətli. Amma kişilər əvvəl olduğu kimi yox, axırda necə olurlarsa, o şəkildə yadda qalırlar. Axırda isə onların hamısı əclafa çevrilir! Ərim arvadbazın, şorgözün biriydi. Onlar buna “seks-kollekşn” deyirlər.

Svetlana. Əcəb eləyib atmısan onu!

Anna. Əslində bir az başqa cür alındı, heç yaxşı olmadı: ərim məni barmenlə tutdu. Bilirsən, nə oğlan idi! Vurub burnumu sındırdı əclaf!

Svetlana. Kim? Barmen?

Anna. Əşşi, yox! Mənim axmaq ərim. Necə başa düşək: o, qızlarla kef eləyəndə – seks-kollekşn olur, mən dərd əlindən azacıq əylənmək istədikdə – xəyanət. Bu, kişi şovinizmidir. Plastik əməliyyat etməli oldum. Bir ətək pul verib, burnumu düzəltdirdim. Bax, gör xoşuna gəlirmi? (Burnunu göstərir).

Svetlana. Heç bilinmir!

Anna. Bax, buna görə dərimi soydular. Əclaf ərim bir qəpik də vermədi!

Svetlana. Heç olmasa, dünyanı gəzmisən!

Anna. E-eh, hər yer eynidir. Yalnız ağaclar fərqlidir: oralarda palma ağacı bitir, burada – şam. Özün necəsən?

Svetlana. Hər şey qaydasındadır. Məktəb – ailə. Ailə – məktəb. Şagird hazırlayıram, dolanışığımız bundan çıxır. Arabir Yevgeniya Petrovnanı ziyarət eləyirəm. Bacardığım qədər kömək eləyirəm. Olqa da böyüyüb…

Anna. Neçə yaşı var?

Svetlana. İyirmi. Çətin yaş dövrüdür…

Anna. Elədir! Mən ilk dəfə iyirmi il əvvəl abort eləmişəm. Pavlik necədir? Sən onu Moskvadan gətirəndə, hamı məəttəl qalmışdı… Axı səni fağır, başıaşağı qız kimi tanıyırdıq.

Svetlana. Heç soruşma! Kafedrada rahatca gün keçirdiyi yerdə, birdən-birə bizneslə məşğul olmaq fikrinə düşdü. Başımıza iş açdı. Borca girdi. Heç bilmirəm, bu işlərin axırı necə olacaq!

Anna. Hər şey yoluna düşəcək. Hamının bir-birinə borcu var. Bəs Çermet… O necədir?

Svetlana. Səni nə maraqlandırır?

Anna. Yəqin, evlidir, özünün də beş uşağı var. Varlılıar çoxalmağı sevir.

Svetlana. Deyəsən, bir oğlu var. Eşitdiyimə görə, bu yaxınlarda arvadından boşanıb. Deyirlər, arvadı həmin o Qukovskiylə eşqbazlıq edirmiş.

Anna. Nə danışırsan! Ləçərə bax a…

Svetlana. Bəlkə də, şayiədir. Varlılar və məşhurlar haqqında şayiələr uydurmağı sevirlər.

Anna. Sveta, necə fikirləşirsən, mən hələ də yaraşıqlıyam?

Svetlana. Əlbəttə, yaraşıqlısan!

Anna. Bəs burnum?

Svetlana. Çox gözəl burundur!

Anna. Bilirsən, Svetka, Çermet əməlli-başlı mənə vurulmuşdu. Hətta Əfqanıstandan qayıdandan sonra mənimlə evlənmək istəyirdi! Elə dil tökür, elə yalvarırdı ki!

Svetlana. Səninlə evlənmək istəyirdi?

Anna. Hə də! Niyə təəccüblənirsən? Məgər sənə deməmişdim?

Svetlana. Yox. Yadıma gəlmir…

Anna. Hə, sən onda Moskvada oxuyurdun axı. Mən isə bu konkursdan o konkursa, o podiumdan bu podiuma qaçırdım. Havalı kimi gəzirdim…

Svetlana. Elədir! Sinif yoldaşımız Anka Falikova – vilayətin gözəllik kraliçası! Vivat!

Anna. Bu da sənə vivat… Elə bilirdim, dünya mənimdir, özümü göyün yeddinci qatında hiss edirdim. İndi ha fikirləşirəm, o vaxtkı hərəkətlərimdən baş aça bilmirəm. Dayan! (Çantadan kiçik tac çıxarıb, başına qoyur). Bax!

Svetlana. Aa-a! Bu həmin tacdır?

Anna. Odur! Türkiyədə işləyəndə, bir nəfər… onu müşayiət edirdim… az qala, onu məndən oğurlayacaqdı. Deyirsən, Çermet boşanıb, özü də mer olmağa hazılaşır, hə? Yaxşı, tacı lazımi məqamda çıxararam!

Qapının zəngi çalınır. Yevgeniya Petrovna vanna otağından dərhal çölə çıxır.

 

Svetlana. Fedya orada necədir?

Yevgeniya Petrovna. İslağa qoymuşam… (Qapını açmağa gedir).

 

Otağa iki adam girir. Bunlardan biri – əynində əba olan keşiş Mixail Tyablovdur. İkinci də saqqallıdır, reyncer kimi geyinib: maral dərisindən saçaqlı gödəkcə, cins şalvar, mokasinlər, kovboy şlyapası. Boynundan həvəskar videokamera asılıb.

Mixail ata. Eviniz abad olsun!

Svetlana. Xeyir-dua ver, Mixail ata!

Mixail ata toplaşanlara xeir-dua verir.

Anna. Onuncu sinifdə desəydilər ki, Mişka Tyablov haçansa mənə xeyir-dua verəcək, gülməkdən ölərdim. Bəs bu Timsah Dandi kimdir?

Mixail ata. Tanımadınız? Ay səni! Borya Lipovetskidir də!

Yevgeniya Petrovna. Borenka!

Anna. Lipa, sənsən? Hardan belə?

Boris (yüngül mühacir aksenti ilə). Şanlı Kanberra şəhərindən.

Yevgeniya Petrovna. Haradadır bu şəhər?

Svetlana. Avstraliyada, Yevgeniya Petrovna!

Boris lentlənmiş bağlamanı Yevgeniya Petrovnaya uzadır.

Boris. Sizə çatacaq!

Yegeniya Petrovna. Bu nədir?

Boris. Hisə verilmiş kenquru əti. Çox dadlıdır!

Yevgeniya Petrovna. Sağ ol, Borenka. Çox vaxt biz pensiyamıza toyuq əti də ala bilmirik. Bu məqamda Tanrı kenquru əti göndərir! Dadına baxaram!

Anna. İşə bax! Lipa Avstraliyadan gəlib! Heç mən də orada olmamışam. Ora necə gedib çıxmısan?

Boris. Əvvəlcə Polşaya, anamın xalasıgilə getdik. Sonra Almaniyada yaşayan qohumlarımızın yanına, oradan da Avstraliyaya köçdük. Anamın dayısı orada yaşayır.

Anna. Lipa, mənə maraqlı gəlir, niyə sənin qohumların hər yerdə, mənimkilər isə yalnız Kimrıda və Vorkutada yaşayır.

Boris. Sual siyasi nəzakət baxımından düzgün qoyulmayıb, mem.

Anna. Avstraliyada nə işlə məşğul olursan?

Boris. Yaşayıram. Pul qazanıram, mem.

Anna. Çox pul qazanmısan? Yoxsa bu sual da siyasi nəzakət baxımından düzgün qoyulmayıb?

Boris. Bizə bəs eləyir, mem. Bizim öz restoranımız var. Atamla birgə qəzet də buraxırıq: “Avstraliyalı rus” adlanır.

Yevgeniya Petrovna. Yəqin, mühafizəçilərlə gəzirsən?

Boris. Yox, niyə ki? Avtraliyada cinayətkarlığın səviyyəsi çox aşağıdır. Ancaq lazım gəlsə, mühafizəçi də tuta bilərik. Bilirsiniz də, mətbuat böyük siyasətlə əlaqəlidir, araşdırmalar, təhqiqatlar, ifşalar…

Svetlana. Hə də, sən axı jurfakda oxumusan. Atan isə vilayət qəzetində işləyib. Yanılmıramsa, “kommunist tərbiyəsi şöbəsi”ndə işləyirdi.

Anna. Afərin, Borka! Düz onluğa vurmusan! Bəs niyə mənə dəqiqəbaşı “mem”, “mem”“deyə müraciət edirsən?.. Nədir, görkəmim xoşuna gəlmir?

Boris. Yox. Əsl kraliçaya oxşayırsan! Amma burnun dəyişilib. Əvvəlki sənə daha çox yaraşırdı!

Anna (özünü küsmüş kimi göstərir. İşvəylə). Bu, siyasi nəzakət baxımından düzgün cavab deyil, ser! Mişa, bu ədəbsizi hardan tapmısan?

Mixail ata. Səhər ibadətindən qayıdırdım. Özü də keşiş əbasında. Altısilindrli bir maşının xeyir-duasını verməyə çağırmışdılar. Nə görsəm yaxşıdır: qapının önündə qeyri-pravoslav görünüşlü bir adam dayanıb, bir ayağını qaldırıb, birini salır. Soruşdum, sizə kim lazımdır?

Boris. Cavab verdim ki, əvvəllər burda mənim dostum yaşayırdı… Mişka Tyablov… Tanıyırsınız?

Mixail Tyablov. Tanıyıram, dedim, Mişka Tyablov mənəm. Bəs sən kimsən?

Boris. Gözümə inanmadım! Axı Tyabliki heç vaxt saqqallı, keşiş cübbəsində görməmişdim. Mən Borka Lipovetskiyəm, dedim.

Mixail ata. Diqqətlə baxdım: bu ki, Lipadır! Saqqal buraxıb. Görüşdük, qucaqlaşdıq. Tez gedib, maşının xeyir-duasını verdik və dərhal bura, sizin yanınıza gəldik!

Boris. Mişanın əla biznesi var! (Buxurdan yellədib, ardınca pul sayan müqəddəs atanı təqlid edir). Maşına isə söz ola bilməzdi… Ən yeni model idi. Bizim Kanberrada belə maşına rast gəlməzsən!

Mixail ata. Bura Rusiyadır, Lipa… Öyrəş!

Svetlana. Rusiyaya neçə ildir gəlmirsən?

Boris. Çoxdan! On altı ildir…

Anna. Gör neçə il keçib! Amma elə bil hər şey dünən olub. İllər, yaxşı bir kişi ilə keçirdiyin gecə kimi tez keçir.

Svetlana. Vanyanın ad günündə buradaydın? Nəsə xatırlamıram…

Boris. Burada bir dəfə olmuşam. Onu gətirəndə… oradan… Onda bütün sinif buradaydı.

Yevgeniya Petrovna. Hə, Borenka, əvvəlcə hamı gəlirdi. Oturmağa yer olmurdu, qonşulardan stul gətirməli olurdum. Sonra get-gedə gəlib-gedənlər seyrəldi. Həyatdır da… Hərənin öz dərdi var. Bəzən heç kəs gəlmirdi – Svetadan və Fedyadan başqa. Elə ad günü olmayıb ki, gəlib dəyməsinlər. Sveta Moskvadan gəlirdi – orada oxuduğu vaxtlarda. Amma bu gün Vanyanın gör nə qədər qonağı var – sinif yoldaşları sağ olsun! Hətta Vitya Çermetov da söz verib ki, gələcək…

Mixail ata. Çermet də gələcək? Hə, əlbəttə: qırx yaşımız olur…

Svetlana. Bu, daha çox qırx mərasiminə oxşayır. Qurtarmaq bilməyən qırx mərasimi…

Anna. Eh, müqəddəs ata, “qırx yaş” demə. Mənim iyirmi bir yaşım var. Əgər dünən yaxşıca əylənmişəmsə – uzağı, iyirmi yeddi.

Mixail ata. Mənim balam, “müqəddəs ata” katoliklərdə olur. Biz pravoslavlar “keşiş baba” deməliyik.

Anna. Mişa, məni güldürmə, sən hardan “keşiş baba” oldun? Sən həmin Tyabliksən ki, məktəbin bağından alma oğurlayanda şalvarın budağa ilişmişdi, havadan asılı qalmışdın. Yadındadır, hamımız toplaşıb, səni ağacdan necə endirdik?

Mixail ata. Uşaqlığın yerini heç nə verməz…

Anna. Bəs keşiş olmaq hardan ağlına gəldi?

Mixail ata. Tanrının inayəti ilə…

Anna