İNTİBAH - Rotterdamlı Erazmus

Latın dilindən tərcümə:  CƏMŞİD CƏMŞİDOV

 

1469-cu ildə indiki Hollandiyanın Rotterdam şəhərində anadan olub. Valideynləri onun dini biliklərə yiyələnməsini və kilsədə işləməsini arzulayıblar. İbtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Deventerə gedib.  Orada “qardaşlıq məktəbi” adlanan proqram əsasında qədim dünya klassiklərinin əsərləri ilə tanış olub. Ömrünün bir-neçə ilini kilsədə keçirib. Qədim yunan və latın dillərini mükəmməl mənimsəyib. “Boşboğazlıq”, “Peyin qurdu qartalı qovur”, “Xristian hökmdarın tərbiyələnməsi” və “Axmaqlığın tərifi” adlı alleqorik əsərlərin müəllifidir.

1536-cı ildə İsveçrənin Bazel şəhərində vəfat edib.

 

AXMAQLIĞIN TƏRİFİ

 

(əvvəli ötən sayda)

36. Bəs axmaqların ən qüdrətli hökmdarlar üçün də misilsiz əyləncə olmasına nə deyəsən: bəziləri onlarsız nə süfrə arxasına keçir, nə gəzintiyə çıxır, nə də bircə saat yerlərində qərar tuta bilirlər. Bu hökmdarlar, sadəcə, görüntü xatirinə yanlarında saxladıqları qaraqabaq aqillərdən şübhəsiz ki,  öz gicbəsərlərini üstün  tuturlar. Görəsən, niyə? – bunun səbəbi, məncə, nə müəmma, nə də təəccüb doğurmalıdır. Çünki aqillər bütün kədərli məsələləri hökmdarlara çatdırmağa adət ediblər, onlar alim olduqları üçün məğrurdurlar, elə buna görə də, acı həqiqətləri qulaqlarapıçıldamaqdan çəkinmirlər. Təlxəklər isə, hökmdarlara axmaq oyunbazlığı, məzhəkə, qəhqəhə və  hoqqabazlıq təqdim edirlər – çünki bu, onların ürəyinə daha çox yatır. Axmaqların danılmaz bir məziyyətini də unutmayın: yalnız onlar, sözün  tam mənasında, səmimi və dürüst olurlar. Axı həqiqətdən tərifli nə ola bilər? Hətta Platonun Alkiviadesi həqiqəti bir deyimi ilə şərabın və avamlığın ayağına yazsa da, bu tərif, əslində, bütünlüklə özümə aiddir. Evripides də məşhur misrası ilə bizim barəmizdə: “Axmaq elə axmaq-axmaq danışar”1) deyəndə, bu fikrə  qüvvət verir. Axmağın ürəyində olanlar alnına yazılır, həm də dilində qalmır. Elə həmin Evripidesin  qeyd etdiyi kimi,  müdriklərin iki dili olur: biri düzünü danışır, o biri isə vaxtını, vədəsini gözləyir. Onlarınkı qaranı ağa boyamaq, gah soyuq, gah isti sözlər söyləmək, nəyisə uzun müddət ürəyində saxlayıb, nəyisə dilinə gətirməkdir. Bütün zahiri xoşbəxtliklərinə baxmayaraq, hökmdarlar mənə öləri insanların ən bədbəxti kimi görünürlər, çünki onlara həqiqəti söyləyəcək bir kimsə tapılmaz; onlar dost qazanmaq əvəzinə, ətraflarına yaltaqları yığarlar. Hökmdarların həqiqətləri dinləməyə tab gətirmədiyini kimsə söyləməsin deyə, onlar müdriklərdən qaçarlar. Çünki birdən, azad ruhlu birisi ortaya çıxar və cürət edib xoş sözlər əvəzinə, həqiqəti deyər. Bu, doğrudan da, belədir: həqiqət hökmdarlar üçün nifrət doğurur. Elə mənim bu axmaqlarımın qəribəliyi də ondadır ki, gicbəsərlərin  nəinki həqiqətlərini, hətta açıq tənələrini belə məmnuniyyətlə dinləyirlər; amma o sözləri müdriklər söyləsə, başını kəsərlər; sarsağın ağzından çıxanda isə insanları inanılmaz dərəcədə vəcdə gətirir. Əgər mayasına təhqirə yol verən bir şey qatmayıblarsa, həqiqət özlüyündə xüsusi bir cəlbedici qüvvəyə malikdir: ancaq bu,  tanrıların yalnız  axmaqlara bəxş etdiyi vergidir.  Məhz, elə həmin səbəblərdəndir ki, qadınlar bu qəbildən olan kişilərə daha çox üstünlük verirlər, çünki onlar təbiətləri etibarı ilə əyləncəli və mənasız şeylərə çox meyilli olurlar. Onlarla hansı oyundan çıxsalar da, bəzən lap son həddi aşan ciddi məsələləri belə, qulaq ardına vurub zarafatla yola verirlər; buna görə də bu cinsin, xüsusilə öz fırıldaqlarını gizləməkdə misilsiz olmasına şübhə qalmır.

 

37.Yenə axmaqların səadətinə qayıdıram. Onlar həyatlarını kef içində başa vurduqdan sonra, ölüm qorxusu, ölüm xofu bilmədən,  mömin bəndələrin darıxan ruhlarını öz zarafatları ilə əyləndirmək üçün birbaş Elisey çöllərinə 1) köçürlər. İndi gəlin, hansısa bir müdrikin qismətini bu axmağın taleyi ilə tutuşduraq. Təsəvvür edin ki, həmin axmaqla bütün uşaqlığını və gəncliyini elmləri öyrənməyə sərf etmiş, həyatının ən dolğun çağlarını fasiləsiz, yuxusuz gecələrlə, gündəlik qayğılar və ağır zəhmətlə puç etmiş, sonrakı illərində isə heç bir zövq-səfa dadmamış, daima qənaətcil, kasıb, kədərli, qaraqabaq, özünə qarşı tələbkar və sərt, başqaları üçün isə ağır yük və nifrət mənbəyi olan, solğunbənizli, arıq, zəif, vaxtsız qocalıb saçlarını ağartmış, həyatdan kam almadan dünyayla vidalaşmalı olan bir müdriki müqayisə edirsiz. Beləsinin nə vaxt öləcəyi də heç bir önəm daşımır; məgər onunku yaşamaq idimi?  Budur, kamil bir aqilin siması.

 

38. Bu yerdə stoik qurbağalarının  yenə qulaqlarıma quruldamağa başladığını görürəm: “Dəlilikdən  miskin bir şey yoxdur. Ən böyük dəlilik isə ya ağılsızlıqla qonşudur, ya da elə özü əsl ağılsızlıqdır. Dəlilik fikir çaşqınlığı deyilsə, bəs onda nədir?” Ancaq onlar tamamilə yanlış yoldadırlar. Gəlin, lütfkar muzaların köməkliyi ilə onların bu sillogizmini də alt-üst edək. Nə qədər məharətli olsalar da, əgər ağıllı görünmək istəyirlərsə, Platonun  əsərində Sokrates Venusu iki yerə bölərək, bir Kupidodan ikisini əmələ gətirdiyi kimi 1), bu dialektiklər də dəlilikləri bir-birindən  ayırmağı bacarsaydılar, sözsüz ki, pis olmazdı. Eyni zamanda, hər cür dəlilik də məhvedici ola bilməz. Yoxsa, Horatsius: “Şirin bir dəlilik keçir könlümdən” 2) deməzdi. Həmçinin, nə Platon şairlərin, peyğəmbərlərin və sevənlərin çılğınlığını ən ali həyat nemətləri sırasında sadalayar, nə də kahin Sibilla Eneasın qəhrəmanlığını dəlilik adlandırardı 3). Əslində, dəliliyin iki növü var: birincisi qəddar qisas  ilahələri tərəfindən yeraltı səltənətdən göndərilir: onlar xidmətlərində olan ilanları  yollayaraq ölərilərin qəlbini gah müharibə  ehtirası, gah sönmək  bilməyən qızıl təşnəsi, gah günah və haram sevgi, ata qatilliyi, qan qohumluğu, küfr və digər bu kimi yaramazlıqlarla zəhərləyir,  ya da furiyalar 4) və qorxunc məşəllərlə cinayətkarların,  natəmizlərin vicdanlarına vahimələr salırlar. Bundan xeyli fərqli, başqa cür  dəlilik növü də var ki, o da sözsüz,  mənə aiddi və hamıya xoş gəlir. Özü də düşüncənin hansısa xoş bir səhvi qəlbi ağır qayğılardan azad etdiyi, sonsuz nəşə ilə doldurduğu vaxt bu dəlilik  üzə çıxır. Həmçinin ağlın bu cür  səhvi də özü-özlüyündə tanrıların ən gözəl bəxşişidir və Tsitsero da bir çox bəlaları dərk etmək istəmədiyi barədə Attikusa 5) yazarkən, məhz bunu arzulayırdı.  Həmin o arğiuslu da elə bir qəbahət sahibi deyildi və yalnız o dərəcədə gicləyirdi ki, səhnədə heç bir tamaşa getmədiyi halda, bütün günü teatrda tək-tənha oturub, sanki valehedici bir faciəyə baxırmış kimi, gülər, əl çalar, sevinərdi, halbuki digər dünyəvi işlərdə özünü son dərəcə ağıllı aparardı: – “dostlarıyla səmimi, xanımıyla mehriban, qulları əfv etməyə hazır. Şərab şüşəsinin möhürlü yazısı korlanan zaman qəzəblənməzdi.”6) Ancaq qohumları onu dava-dərmanla xəstəlikdən qurtarmağa nail olanda, özünə gələr-gəlməz, dərhal dostlarına şikayətlənməyə başlayır: “Dostlar, and olsun Polluksa, sağaltmadınız siz məni, – öldürdünüz! Çünki məni nəşədən ayırdınız, çaşqınlığımı zorla aldınız əlimdən” 7).

     Həqiqətən də, yanılan ətrafındakılar idi, müalicəyə də daha çox onlarınehtiyacı vardı, elə olmasaydı, onu xəstəliyə düçar olmuş biri kimi dava-dərmana tutub, belə fərəhli və xoş bir dəlilikdən ayırmazdılar.

 

    Ancaq mən hələ bilmirəm hansını – duyğularınmı səhvini, ağılınmı yanlışını, nəyi dəlilik adlandırmaq olar. Axı, uzağı pis seçənin birinə qatır eşşək kimi görünürsə və yaxud kimsə zəif misralara kamil bir şeirmiş  kimi məftun olursa, bunu hələ dəlilik adlandırmaq olmaz.Yox, əgər kimsə nəinki hissiyyatı, həm də düşünmə qabiliyyəti ilə çaşırsa və bu da təsadüfən yox, daima baş verirsə, onda beləsinə  demək olar ki, ağlı çatmır; beləsi, eşşəyin anqırtısını eşidəndə hər dəfə elə bilir füsunkar bir musiqiyə qulaq asır; yaxud da son dərəcə kasıbın, alçaq nəcabətlinin  biri belə bir məqama yetişəndə, özünü Lidiya çarı Krisos hesab edir. Ancaq belə bir dəlilik çox vaxt olduğu kimi əyləncəyə çevrilirsə, bu, həm bəlaya mübtəla olmuşun özünə, həm də kənardan seyr edənlərə, belə bir mərəzə tutulub eləmədən, heç də az zövq vermir. Bu cür divanəlik sadə insanların düşündüyündən fərqli olaraq, çox geniş yayılmışdır. Hər tərəfdə bir dəli o birisinə gülür və hər ikisi də bundan ləzzət alır. Həm də, tez-tez görmüş olarsınız, başdan daha çox xarab olan birisi, o birindən, – hələ o qədər də ağlı çaşmamışdan, xeyli ucadan uğunub gedir.

39.Düzü, Axmaqlığın düşüncəsinə görə – yəni, mənim fikrimcə, – giclik etməyi hərtərəfli bacaran adam hamıdan xoşbəxtdi; təki o, elə bir ağılsızlıq mərəzinə tutulsun  ki, bu, bizə xas bir şey olsun; beləsinə kifayət qədər tez-tez  rast gəlmək olur. Ona görə də, bilmirəm, saysız-hesabsız ölərilər arasında günün bütün saatlarında ağlı başında olan və hansısa axmaqlığa qurşanmayan insan tapmaq mümkündürmü? Məsələn, birisi bir balqabaq görəndə onu öz arvadı hesab edirsə, hamı ona dəli deyəcək, çünki beləsi nadir hallarda olur. Yox, əgər çaşıb, xoşbəxtcəsinə hamı ilə bölüşdüyü halalca arvadının Penelopedən 1) də sədaqətli olduğunu and-aman eləsə və özündən razı gəzsə, onda beləsinə heç kim ağılsız deməyəcək, çünki bu sayaq kişilərdən hər yerdə kefiniz istəyən qədərdir – bax, fərq bundadır! Eləcə də ov xatirinə dünyada hər şeyi unudaraq, ovçu şeypurlarının səsini və itlərin zingiltisini eşidəndə varlıqlarını inanılmaz duyğular sardığını israr edənlər bu qəbildən olanlara aiddir. Güman edirəm ki, hətta it nəcisinin iyi belə, onlara darçın qoxusunu xatırladır. Bəs ov heyvanını şaqqalamaq? Öküz kəsmək, qoyun soymaq rəiyyət işidir, ov heyvanlarını şaqqalamaq isə əsilzadələrə xasdır. Bu işi isə başıaçıq, dizləri yerdə, əlinə keçən hər kəsici alətlə deyil, bundan ötrü nəzərdə tutulmuş qılıncla, özü də dəqiqliklə, dini adət üzrə yerinə yetirmək lazımdır. Bu vaxt belə tamaşaları azı min dəfə görsələr də, qaragüruh yenə də onları səssizcə dövrəyə alır, sanki yeni, qeyri-adi nəyəsə baxırmış  kimi, bütün bunları heyrətlə seyr edirlər. Kimin də bəxtinə həmin o şikardan bir tikə dadmaq xoşbəxtliyi düşürsə, özünü zadəganların cərgəsində hiss edir. Beləcə, onlar ov edib vəhşi heyvan əti yedikcə, özləri də vəhşiyə çevrilirlər, başqa heç nə, ancaq elə zənn edirlər ki, padşah həyatı sürürlər.

    Onlara daha çöx bənzəyənlər isə, sönmək bilməyən memarlıq ehtirası ilə gah dairəvi bir binanı dördküncə, gah da dördküncü dairəviyə  çevirənlərdir. Bu işin isə, səfalətin axır nöqtəsinə çatıb evsiz-eşiksiz və  bir parça çörəksiz qalana qədər nə bir sonu, nə də bir həddi olur. Ancaq nə olsun? Əvəzində, neçə illər firavancasına ömür sürürlər.

    Bundan sonra onlara daha yaxın olanlar, məncə, o kəslərdir ki, yeni və sirli elmlərin köməkliyi ilə şeylərin mahiyyətini dəyişdirməyə 2) cəhd edərək,  quruda və dənizlərdə hansısa beşinci məğzi axtarırlar. Ümidləri, gümanları onları ağuşuna elə alır ki, zəhmətlərini, məsrəflərini əsirgəmir,  qəribə ixtiralara girişir, daim yeni nəsə icad edir, xoş xəyallar içində özlərini aldadaraq, axırda da hər şeylərindən məhrum olur, adi bir kürə də düzəldə bilmirlər. Ancaq bu, onlara yenə də şirin röyalara dalmağa, başqalarını da həmin o səadət xülyası ilə yoldan çıxarmağa mane olmur. Və nəhayət, artıq son ümidləri əriyib itəndə, onlara yalnız təsəlli ilə dolu məşhur bir kəlam qalır: “Daha böyük işlərə həvəs göstərmək gərəkdir.” 3) Üstəlik onlar boyük arzularını, əməllərini həyata keçirmək üçün vaxtın azlığına görə həyatın ötəriliyindən şikayətlənirlər. 

    Mən bir qədər tərəddüd içərisindəyəm: görəsən, qumarbazları bizim cəmiyyətə aid etmək olar, ya yox. Ancaq bəzilərinin oyuna son dərəcə aludə olduğunu, aşığın tıqqıltısı gələn kimi ürəklərinin şiddətlə döyündüyünü  görəndə, həqiqətən də, axmaq və gülməli bir səhnənin şahidi olursan. Onlar qələbəyə olan sarsılmaz ümidlərinin əsirinə çevrilərək, bütün gəmiləri ilə birlikdə, Maleyadan 4) heç də az qorxulu  olmayan uğursuzluq qayalarına çırpılırlar. Sonra elə çılın-çılpaq üzüb canlarını qurtaran kimi, yüngül görünməməkdən ötrü yalnız uduzduqlarından başqa,  yenidən kimə desən fırıldaq gəlməyə hazır olurlar. Bəs ona nə deyəsən ki, hətta koruş qocalar belə, burunları üstündə eynək, oynamaqlarından qalmırlar? Nəhayət, əməlli-başlı bir hiraqra barmaqlarını çəng eləyib əyəndə, onların yerinə aşıq atmaq üçün özlərinə köməkçi tuturlar. Şirin şeydir bu oyun, ancaq, təki çox vaxt olduğu kimi, qeyzə, qəzəbə çevrilməsin, bu da ki, daha mənim yox, furiyaların itaətindədir.

40.Şübhəsiz, o cür insanların da xəmiri bütünlüklə bizim mayamızdan yoğrulub: çünki istər dinləsinlər, istər özləri danışsınlar – uydurmalardan və möcüzələrdən sevincək olurlar. Kabuslar, lemurlar, larvalar 1), daha nə bilim, o dünyadan qayıdanlar və bu kimi min cür cəfəngiyyat barədə nağıllara qulaq asmaqdan doymaq bilmirlər;  bu cür boş söhbətlər  həqiqətdən nə qədər uzaq olsa da, ona bir o qədər həvəslə inanır, uydurmalar qulaqlarına xoş gəlir. Bu nağıllar isə təkcə vaxtı yola verməkdən ötrü danışılmır, onlardan xüsusilə keşişlərə və boşboğaz naqqallara fayda da gələ bilər. 

    Axmaq olsalar da, şirin bir xülyanı beyinlərinə salaraq, həmin gün ölümün səndən yan keçməsi üçün guya Polifemos-Xristoforosun 2) heykəlinə və ya ikonasına bir dəfə baxmağın kifayət etdiyinə, yaxud kiminsə müqəddəs Barbaranın heykəli qarşısında bir ağız dua edərsə, müharibədən sağ-salamat geri dönəcəyinə, ya da ki, kimsə müqəddəs Erazmus üçün xüsusi günlərdə xüsusi şamlar yandırıb, dualar oxuyarsa, tez bir zamanda əməlli-başlı varlanacağına inananlar da həmin o tayfadandırlar. Onlar müqəddəs Georgiosda yeni bir Herkulesi, – sanki ikinci İppolitosu 3) icad ediblər. Onun böyük pərəstişlə, bahalı çul və qotazlarla bəzədilmiş atına, olsa-olsa, bəlkə, təkcə dua etmir, müxtəlif  növ yeni-yeni hədiyyələr gətirir, müqəddəs bürünc dəbilqəsinə and içməyi isə yalnız çarlara layiq bilirlər. Bəs ianə ödəməklə guya günahlarını yuyub, şirin ümidlərlə özlərinə təsəlli verə-verə, Ərafda qalacaqları müddəti kiçicik belə səhv etmədən, – sanki klepsidradan 4) və  yaxud riyazi cədvəllərdən istifadə edirlərmiş kimi, –  əsrlərlə, illərlə, aylarla,  günlərlə və saatlarla ölçənlərə nə deyəsən? Yaxud digərlərinə, – hansısa mömin bir fırıldaqçı tərəfindən əyləncəmi, mənfəətmi xatirinə uydurulmuş sehrli həmayillərə və ovsunlara inanaraq, var-dövlət, ad-san, zövq-səfa, bolluq, daima möhkəm cansağlığı, uzun ömür, gümrah ahıllıq və nəhayət, göylər səltənətində, özü də düz İsanın yanındaca yağlı bir yer qazanmaq ümidindən əl çəkməyənlərə, özü də bunun mümkün qədər gec baş verməyini arzulayanlara, – yaşadıqları həyatın bütün ləzzətlərindən doyandan sonra onu cənnət səadətinə dəyişmək arzusunda olanlara necə baxasan?  Hansısa bir taciri və ya döyüşcünü, hakimi təsəvvürünüzə gətirin: kilsədə tövbə etmək üçün ömrü boyu soyub-taladıqlarından bir qara qəpik keçəndə elə düşünür ki, həyatının bütün Lerna 5) bataqlıqlarını dəfələrlə pak edib, bütün saxta andlarını, şəhvət və əyyaşlığını, dava-dalaşları, qətlləri, yalanları,  xəyanət və satqınlıqlarını sanki müqavilə yolu ilə satın alıb, özü də bu ona hər dəfə yeni-yeni alçaqlıqlar törətməyə haqq qazandırır. Bəs gündə  müqəddəs Zəbur kitabından yeddi misra oxuduqdan sonra öz-özlərinə əbədi səadət vəd edən kəslərdən də axmağını, daha doğrusu, ağıllısını təsəvvür etmək mümkündürmü? Eləcə də onlar həmin ecazkar misraları müqəddəs Bernardusa hansısa çox hazırcavab, ancaq hiyləgərdən daha çox  axmaq olan və miskincəsinə öz səhvinin güdazına getmiş bir demonun nişan verdiyini güman edirlər 6). Ancaq bütün bunlar nəinki qara camaat, hətta  kilsənin ustadları tərəfindən də təqdir olunan o qədər mənasız şeylərdir ki, düşünəndə az qala özüm belə xəcalət çəkirəm. Bu, təxminən müxtəlif bölgələrin öz müqəddəsləri olduğuna, hər birinin məxsusi adətlərinin qeyd edildiyinə və onlara xüsusi qabiliyyətlər aid olduğuna iddia etməyə  bənzəmirmi? Biri camaatı diş ağrısından qurtarır, o birisi  hamilə qadınlara mahiranə surətdə əl tutur, bir başqası oğurlanmış əşyaları tapıb qaytarır, biri gəmi gəzası zamanı xoş ümidlər verir, o birisi sürüləri qoruyur və sair və ilaxır. Hamısını sadalamaq uzun çəkər. Elələri də var, həyatın bütün məqamlarında yararlıdırlar, bu isə, ilk növbədə, Tanrı anası Müqəddəs Məryəmdir. Sadə camaat bu müqəddəsə onun övladından da artıq  ehtiram göstərir.

 

41Nəhayət, insanlar bu müqəddəslərdən axmaqlığa dəxli olmayan nəsə bir şey istəyirlərmi, görən? Bəzi məbədlərin divarlarını, hətta tağ-tavanlarını bəzəyən bəxşişlərə baxın, onların içərisində axmaqlıqdan qurtulmaq və ya bircə damcı da olsa, ağıllanmaq xatirinə təqdim olunan nəsə görə bilərsinizmi? Biri batırmış, üzüb canını qurtarıb. O birisi düşmən tərəfindən yaralansa da, sağala bilib. Digəri döyüş zamanı, hamı vuruşurkən, xoşbəxtcəsinə, həm də cəsurcasına dabanına tüpürüb aradan çıxıb. Bir başqasını çarmıxa çəkirlərmiş, oğru havadarı olan hansısa bir müqəddəsin köməkliyi ilə üzüaşağı necə gəlibsə, indi bəzi cibi dolu varlıların üst-başını təmizləyib-yüngülləşdirmək işini davam etdirir. Biri həbsxananın divarını uçurub, qaçıb. O birisi həkimini dəli eləyib, çünki qızdırmadan canını özü qurtarıb. Biri  zəhər içibmiş, mədəsini vaxtında təmizləyib, ölmək əvəzinə şəfa tapıb, arvadını da partlama tutub ki, hədər yerə zəhmət çəkib, pul xərcləyib.  Birisinin arabası aşıbmış, atları zərərsiz-filansız evlərinə qayıdıb. O birisinin damı başına uçubmuş, salamat çıxıb. Biri də ki, evin kişisi onu haqlayan yerdə, qaçıb canını qurtara bilib. Ancaq heç kim axmaqlıqdan xilas olduğuna görə təşəkkür etmir.  Ölərilərin Moriyadan başqa, hər şeydən keçə biləcəyini anlamaq kimi, nəyisə  düşünməmək necə də şirin şeydir! Ancaq bu mövhumat dəryasına baş vurmağım nəyə lazımdır?

Min bir dilim, min bir ağzım, dəmir boğazım olsaydı belə, səfehliyin bütün formalarını, axmaqlığın bütün növlərini sadalayıb qurtara bilməzdim 1).   

Xristianların bütün həyatı bu cür divanəliklərlə doludur: din  xadimləri isə əziyyət-filan çəkib-eləmədən, belələrini dəstəkləyir, təşviq edirlər və onların gəlirləri üstünə bunun adətən nə qədər əlavə mənfəət gətirdiyini gözəl başa düşürlər. Elə bu arada, nifrət olunası bir müdrik peyda olur və başlayır israr etməyə: “Düzgün yaşayarsansa, əziyyətlə ölməzsən; bəd əməllərə olan nifrətini, göz yaşlarını, yuxusuz gecələrini, dualarını və pəhrizlərini ianələrinə əlavə edərsənsə, həmçinin həyatını əsaslı şəkildə dəyişdirərsənsə, günahların bağışlanar. Əgər həyatınla onu təqlid edərsənsə, bu müqəddəs sənə ömrün  boyu hamilik edər”. 

Deyirəm, əgər bu müdrik belə təkidlə zəvzəməyinə davam etsəydi, görün, bir vaxtlar səadətə qovuşmuş öləri qəlbləri hansı iğtişaşlara uğratmış olardı. Bu cəmiyyətə hələ sağkən bəri başdan özlərinin dəfn mərasimlərinin necə olacağı barədə göstəriş verənlər də daxildir, onlar son dərəcə səylə əlləşir, hətta  hər şeyi – yaslarında neçə məşəlin, neçə mərasim əhlinin, neçə oxuyanın, neçə nəfər muzdlu ağıdeyənin iştirak etməyini adbaad yazıb qoyurlar, sanki özləri öz dəfn mərasimlərində  iştirak edəcək və hər şey ürəkləri istəyən kimi olmasa, meyitləri təmtəraqla torpağa tapşırılmasa, pərt olacaqlar, elə bil onları oyunlar və yemək süfrələri təşkil etmək üçün edil 2) seçiblər.

42.Nə qədər tələssəm də, ən aşağı səviyyəli  pinəçidən belə heç nə ilə fərqlənməyən, lakin miskin əsil-nəcabətlərini alicənab bilib bununla qəribə şəkildə öyünən kəslərdən keçə bilmirəm. Biri öz soyunu Eneasdan, o birisi Brutusdan, digəri isə Arturdan götürür 1). Hər tərəfdə də öz əcdadlarının heykəl və rəsmlərini nümayiş etdirirlər. Ulu babalarının hesabını aparır, qədim soylarının ləqəblərini yada salırlar, halbuki özləri daha yaramaz şəkildə nümayiş etdirdikləri o dilsiz-ağızsız bütlərdən çox da uzağa gedə bilməyiblər. Bununla belə, şirin-şəkər Filavtiyanın dəstəyi ilə tam səadət içərisində həyat sürürlər.Hələ bu heyvan tayfasını Tanrı bilib  seyr edən axmaqlar da tapılır. Ancaq bizim bu Filavtiya hər tərəfdə qəribə şəkildə, həm də saysız-hesabsız xoşbəxtlər yaradırsa, cürbəcür  insan növlərindən söhbət açmağım nəyə gərəkdir? Meymundan da eybəcər biri, özünə Nirevs kimi görünür. O birisi pərgarla birtəhər iki-üc xətt çəkən kimi özünü Evklides hesab edir 2). Bu biri elə billira çalan eşşəkdir, oxuyanda da elə bil xoruz toyuq üstə cumur, ancaq özünü ikinci Hermogenes kimi təsəvvür edir 3). Dəliliyin digər, son dərəcə şirin-şəkər növü isə nökərlərindən hansınınsa bir balaca qabiliyyət yiyəsi olduğunu görən kimi lovğalanan, bunu öz şəxsi istedadı bilib qürrələnənlərə aiddir. Senekanın təsvir etdiyi həmin o ikiqat xoşbəxt kişi də belələrindən idi: nəsə bir əhvalat söyləmək istəyəndə unutduğu şeyləri onun yadına salsınlar deyə nökərlərini yanında oturdardı və ya canını güclə sürükləyən bu əldən düşmüş insan, evindəki çoxlu sayda zırpı nökərlərinə güvəndiyindən, yumruq döyüşlərində də iştirak etməkdən heç vaxt çəkinməzdi.

     Bilmirəm, burada azad sənət adamlarını yada salmağa ehtiyac varmı? Filavtiya onların hamısına son dərəcə yaxındı deyə, bəzisinin dərhal öz yalançı istedadındansa dədəsinin var-yoxundan da keçməyə hazır olduğunu görəcəksən,  burada  aktyorları, müğənniləri, natiqləri və həmçinin şairləri xüsusi qeyd etmək lazımdır, onlardan hansı biri o birindən daha cahilsə, elə  o da həddindən artıq özündən razı gəzər, lovğalanar, burnunu dik tutar. Ancaq su axar, çuxurun tapar deyiblər, beləsi nə qədər fərsizsə, bir o qədər də  pərəstişkarı olar, ən alçağın birisi kütləni heyran etməyi həmişə bacarar, çünki insanların böyük əksəriyyəti, artıq dediyimiz kimi, axmaqlıq azarına tutulublar. Elə isə, əgər daha çox cahil olan biri özündən son dərəcə razıdırsavə cəmiyyətin əksər hissəsi ondan vəcdə gəlirsə, o zaman, əvvəla, böyük zəhmətlər bahasına başa gələn, sonra məhrumiyyətlər, inamsızlıq və utanc mənbəyi olan, ən nəhayət, tək-tük insanın qiymət verə biləcəyi həqiqi alimliyə can atmaq nəyə gərəkdir?

43.Mən təbiətin hər bir öləriyə olduğu kimi, hər bir millətə, hətta şəhərlərə  belə ümumi bir Filavtiya bəxş etməsini yaxşı anlayıram: elə buna görə britaniyalılar, hər şeydən öncə, cismani gözəlliyə, musiqiyə və zəngin  süfrələrə iddialıdırlar: şotlandiyalılar alicənablıqları, krallarla qohumluğu və dialektik düşüncə tərzləri ilə öyünürlər; fransızlar xoş davranışa sahib çıxır, parislilər ilahiyyat elmində hamıdan müstəsna olduqlarını təkid edərək, bunun yalnız onlara xas olduğunu dilə gətirirlər; italyanlar bədii ədəbiyyatda və nitqdə birinci olduqlarını israr edir, üstəlik, cəlbedici bir yanlışlıqla, guya bütün ölərilər arasında yalnız onların barbar olmadığı ilə qürrələnirlər. Bu səadət duyğularından ilhamlananlar, ilk növbədə, romalılardır – onlar hələ də Qədim Roma haqqında şirin röyalar görməkdə davam edirlər; venesiyalılar yüksək nəcabət sahibi olmaları düşüncəsindən xoşbəxtdirlər; yunanlar özlərini bütün elmlərin yaradıcısı hesab edir, qədim qəhrəmanlarının titulları ilə lovğalanırlar; türklər yeganə ali dinə malik olduqlarını iddia edərək, xristianların mövhumatçılığına gülürlər; hamıdan şirin tamaha düşənlərsə yəhudilərdir, çünki bu günə qədər məsihalarını inadla gözləyərək, öz Musalarından ikiəlli yapışıb durublar; ispanlar müharibə şöhrətini heç kimlə bölüşmək istəmirlər; almanlar uca boyları və magiyadakı bilikləri ilə öyünürlər.

44.Düşünürəm ki, siz xırdalıqlarına belə varmadan Filavtiyanın hər yerdə ölərilərə ayrı-ayrılıqda, həm də bütünlüklə nə qədər səadət bəxş etdiyini görürsünüz, bacısı olan Yaltaqlıq da, elə bil eynən özüdür. Əslində, Filavtiya – özünə bilərəkdən yalan satmaqdan başqa bir şey deyil. Bunu özgə birisi ilə etsən – Kolakiya olacaq. Bizim günlərdə isə yaltaqlıq, ancaq şeylərin adını mahiyyətindən daha əhəmiyyətli hesab edənlərin arasında ədəbsizlik sayılır. Onlar elə hesab edirlər ki, yaltaqlıqla sədaqət bir araya gələ bilməz: ancaq bu qənaətlərində səhv edirlər, çünki düşüncəsiz heyvanların davranışıyla bunu sübut etmək olar. Köpəkdən də yaltaq məxluq varmı? Bəs ondakı sədaqətə nə deyirsiniz? Bəs dələdən də mehriban bir heyvan necə – insanla hamıdan tez dostlaşan heyvan o deyilmi? Bəlkə, müqayisə etdikdə insan üçün qəzəbli aslanlar, vəhşi pələnglər və ya azğın bəbirlər daha yararlı görünür? Ancaq düzünə qalsa, yaltaqlığın başqa, məhvedici bir növü də var və bəzi məkrlilər onun vasitəsilə zavallı biçarələri fəlakətə sürükləyirlər. Mənim yaltaqlığım isə, Horatsiusun dediyi qaşqabaq sallamaqdan fərqli olaraq, saflıqdan, hansısa bir səmimiyyətdən doğur və fəzilətlərə çox yaxındır. O, ruhdan düşmüşlərə ruh verir, kədəri olanları ovudur, zəifləri qaldırır, kütləşmişləri oyadır, xəstələri cana gətirir, qeyzliləri yumşaldır, sevənləri yaxınlaşdırır, qovuşdurur. Həm də yeniyetmələri elmə həvəsləndirir, qocaları şənləndirir, hökmdarların xətirlərinə dəymədən, tərif adı altında tənbeh edir və öyrədir. Qısası, elə edir ki, hər kəs özü üçün daha xoş və daha əziz olsun, bu isə xoşbəxtliyin bir  hissəsi, hətta ən vacib olanıdır. Bir cüt qatırın bir-birinin belini yalamasından da böyük lütfkarlıq ola bilərmi? Daha natiqlik istedadının, ondan da çox təbabətin və hər şeydən öncə poeziyanın da başlıca vəzifəsinin nə olduğunu söyləməyə  ehtiyac qalmır. İnsanlar arasında hər bir ünsiyyətin, demək olar,  balı, duzu yalnız və yalnız yaltaqlıqdır.

45.Ancaq deyirlər yanılmaq  bədbəxtlikdir, əksinə, ən böyük fəlakət yanılmamaqdır. Bəziləri: “insanın səadəti məhz mövcud olan hər şeyin  özündədir” – deməklə, çox dayaz düşünürlər. Əslində, xoşbəxtlik insanların mövcud olanlar barədə mülahizələrindən asılıdır. Çünki insan övladının həyatındakı  hər bir şey o qədər qaranlıq, o qədər qarışıqdır ki, orada mənim akademiklərimin 1), – filosoflar arasında ən az iddialı olan şəxslərin gerçəkdən qeyd etdikləri  kimi, nəyi isə tam dəqiqliyi iləmüəyyənləşdirməkmümkün deyil. Nəyisə müəyyənləşdirmək mümkün olanda isə, o çox vaxt bizi, hətta həyat sevincindən də məhrum edir. İnsanın qəlbi elə qurulmuşdur ki, o həqiqətlərdən daha çox, yalanlara tamahsılanır. Kimsə buna əyani və inandırıcı misallar tələb edərsə, qoy ictimai yığıncaqlara və ya ibadətxanalara baş çəksin. Oralarda vacib bir məsələdən söhbət gedəndə hamı mürgü vurur, əsnəyir və darıxır. Ancaq hansısa bir naqqalın ( yox, səhv oldu, mən “natiqin” demək istəyirdim) həmişəki kimi şit bir əhvalat danışmağı hamının dərhal canlanmağına, ruhlanmağına və ağzını açıb, qulaqlarını şəkləməyinə bəs edir. Eləcə də, söhbət Georgios, Xristoforos və ya Barbara kimi əfsanəvi və poetik  müqəddəslərdən gedərsə, onlara Petrusdan, Paulusdan 2), hətta İsanın özündən də artıq sitayiş edildiyini görəcəksiniz. Ancaq indi o barədə danışmağın yeri deyil.

    Bu cür səadətə yetişməyin qiyməti necə də ucuzdur!  Şeylərin mahiyyətinə  yol tapmaq,lap qrammatika kimi asan olsa belə, çətindir. Mülahizələr isə çox asan mənimsənilir və hətta ifrat xoşbəxtliyə aparıb çıxarır. Məsələn, biri iylənmiş qaxac balığı acgözlüklə basışdırırsa – halbuki bir başqası onun qoxusuna da tab gətirə bilməzdi – və onu ambroziya hesab edirsə, bəs  tam səadətə yetişmək üçün nəyi çatışmır? Ya da əksinə, başqasının nərə balığından ürəyi ağzına gəlirsə, o, bundan nə ləzzət ala bilər?  Birinin  arvadı həddən ziyadə eybəcər olmağına baxmayaraq, ərinin gözünə Venusun özü ilə yarışa biləcək kimi görünürsə, onun, həqiqətən də, dünya gözəli olub-olmaması fərq edərdimi? Əgər kimsə bayağı qırmızı rəng yaxılmış bir rəsmi seyr edərkən ona az qala Apellesin və ya Zefksisin 3) əsəri kimi heyran olursa, o, bu sənətkarların yaratdıqlarını baha qiymətə alan, seyr edəndə isə, bəlkə də, ondan xeyli az zövq duyan başqa birindən daha xoşbəxt deyilmi? Bir nəfər  tanıyıram, adaşımdır 4), cavan həyat yoldaşına saxta daş-qaş bağışlayıb, özü də dildən pərgar olduğundan, arvadını onların nəinki xalis, hətta nadir və son dərəcə qiymətli şeylər olduğuna inandırıb. Bilmək istəyirəm, o qadından ötrü şüşə parçalarına valeh olmağın, ya da heç bir dəyəri olmayan bu oyuncaqları hansısa son dərəcə qiymətli bir sərvət kimi qoruyub saxlamağın nə fərqi var? Əri isə həm canını yersiz xərcdən qurtarıb, həm də aldatdığı arvadını, ona bahalı hədiyyə  alıbmış kimi, razı sala bilib. Deyin görüm, Platonun mağarasında müxtəlif şeylərin kölgələrinivətəsvirlərini seyr edərək, heç nəyin arzusunda olmayan, durumlarından razı əsirlərlə oradan çıxdıqdan sonra əşyaların özünü 5) seyr edən müdrik arasında nə fərq var? Təbii ki, Lukianosun Mikillosu var-dövlət röyalarını əbədi olaraq görə bilsəydi, başqa heç bir səadət arzusunda olmazdı 6). Beləliklə, axmaqlarla aqillər arasında heç bir fərq yoxdur, yox, əgər varsa da, axmaqların vəziyyəti qat-qat üstündür. Əvvəla, ona görə ki, onların xoşbəxtliyi xeyli ucuz, yəni özlərinə yalan satmaqla başa gəlir, ikincisi də, bu xoşbəxtliyi bir çoxları ilə bölüşə bilirlər. 

46.Daha sonra, yoldaşlarsız insanın rifahı xoş ola bilməz. Yer üzündə aqillərin çox az olduğunu, ümumiyyətlə, belələrinə nadir hallarda rast gəlindiyini kim bilmir? Bəşər tarixindən bəri yunanlar onlardan ancaq yeddisini sıralaya biliblər. And olsun Herkulesə – yalansa canım çıxsın, – əgər yaxşıca çırpıb silkələsən, onların heç yarısı, bəlkə, heç üçdə biri də qalmaz. Ona görə də Bakxusun şəninə deyilən çoxlu sayda təriflər arasında, ilk növbədə, onun qəlbdəki qayğıları yüngülləşdirdiyiniyada salırlar. Doğrudur, bu, qısa bir müddətə baş verir. Çünki adam süstləşib özünə gələn kimi, sanki ağ atlı qoşquda hücum çəkən ürək ağrıları yenidən oyanmağa başlayır. İndi mənim səxavətimə fikir verin, onun nə qədər dolğun, nə qədər gərəkli olduğunu xatırlayın, mən zərrə qədər əziyyət vermədən qəlblərə əbədi nəşə, sevinc və səadət  bəxş edirəm! Başqa tanrıların töhfələri gah birinə, gah digərinə qismət olduğu halda, onlardan fərqli, mən öləri bəndələrdən heç birini  hədiyyəsiz buraxmıram. Dərd-səri uzaqlaşdıran, qəlbə ümid verən gözəl şərab hər yerdə əmələ gəlmir. Venusun lütf etdiyi gözəllik az adama qismət olur, Merkuriusun bəxşişi olan natiqlik istedadı isə ondan da az adamın payına düşür. Herkulesin köməkliyi ilə varlananların sayı elə də çox deyil. Homerosun Yupiteri kimə gəldi hakimiyyət bəxş etmir. Mavors döyüşən hər iki tərəfi çox vaxt öz lütfündən məhrum edir 1). Neçə-neçə insan pərişan halda  Apollonun  üçayağından geri çəkilir. Saturnusun oğlu tez-tez öz ildırımlarını çaxdırır. Febes öz oxları ilə bəzən taun göndərir 2). Neptunus da xilas etdiyindən daha çox məhv edir 3). Bu yerdə, ötəri də olsa, veyovisləri,  plutonları, ataları, penaları, febrləri 4), –  Tanrını deyil, cəllad nəslindən olanları da xatırlatmaq istərdim. Yalnız mən – Axmaqlıq – hamıya eyni cür və hazırlıqla iltifat edirəm.

47. Mərasimdə nəzərdən qaçırılanlara görə, nə vədlər tələb edir, nə də günahları yuyacaq bəxşişlərdən ötrü qəzəblənib özümdən çıxıram. Məni evdə qoyub bütün tanrıları dəvət edəndə də, qurbanlıqların xoş ətrini qoxulamağı belə mənə çox görəndə də, aləmi bir-birinə qatmıram. Halbuki bəzi başqa tanrılar bu məsələdə o qədər ciddidirlər ki, onlara laqeyd qalmaq qulluq göstərməkdən daha yaxşı və qorxusuz olardı. Bəzi ağır xasiyyətli və incikliyə həssas insanlarla isə  nəinki dostluq etmək, heç münasibət qurmaq da məsləhət deyil. Bəli, Axmaqlığa heç kimin qurbanlıqlar gətirmədiyini, məbədlər ucaltmadığını hər kəs söyləyə bilər. Əvvəl dediyim kimi, bu cür nankorluq məni bir qədər heyrətləndirir. Ancaq öz həlim xasiyyətim üzündən bunun üstündən xoşluqla keçirəm: düzünə qalsa, heç vaxt belə şeylərin arzusunda olmamışam. Bütün ölərilər və istənilən təbəqəyə aid olan camaat onsuz da mərasimimi öz istəyiylə icra edir və bu, hətta ilahiyyatçılar tərəfindən də son dərəcə razılıqla qəbul olunur, belədə mən nədən ötrü buxur və ya un, çəpiş və ya  axta donuz tələb etməliyəm? Olsa-olsa, hüzuruna ancaq insan qanından qurbanlıqlar gətirilən Dianaya qibtə olunmalıdır 1). Daim adətlərimə riayət edildiyinə, həyatım yamsılandığına görə, mənə böyük ehtiramla sitayiş olunduğunu düşünürəm. Müqəddəslərə bu sayaq sitayişə heç xristianların özündə də tez-tez rast gəlmək olmur. Görün, bir onların nə qədəri, hətta günün günorta çağı, heç bir ehtiyac olmayanda belə, Tanrı anası Müqəddəs Məryəmin şərəfinə şamlar yandırır?  Ya da əksinə, onların necə də az bir qismi paklıqda, həlimlikdə, göylərə məhəbbətdə ona bənzəməyə can atır? Axı tanrılar üçün ən həqiqi ibadət də məhz bundan ibarətdir. Bir halda ki bütün bu yer üzü – səhv etmirəmsə, məbədlərin ən gözəli – mənimdirsə, başqa ibadətgahlar nəyimə gərəkdir? Nə qədər ki yer üzündə insanlar var, dini ayinlərim də kifayət qədər olacaq. Daş bütlərin, rənglənmiş təsvirlərin axtarışında olacaq qədər səfeh deyiləm. Onlar çox vaxt bizim ibadətlərə zərər gətirir, çünki ən sarsaq, ən kütbeyin insanlar da müqəddəslərin özlərindən daha çox, onların əkslərinə sitayiş edirlər. Biz isə, adətən öz vikarisi tərəfindən qovulan keşişlər kimi zülm çəkirik. Hətta özləri istəməsələr belə, nə qədər ki, yer üzündə canlı surətimi özlərində əks etdirən insanlar var,  deməli, mənə kifayət qədər heykəl qoyulub. Beləliklə,  mənim digər tanrılara qibtə eləməyimə heç bir ehtiyac yoxdur. Hətta onların bəzilərinə dünyanın  müxtəlif guşələrində, özü də yalnız müəyyən günlərdə sitayiş olunursa, – məsələn, Rodosda Febesə, Kiprdə Venusa, Arqosda Yunonaya 2), Afinada Minervaya, Olimpdə Yupiterə, Tarentdə Neptunusa, Lampsakda Priaposa, – onlardan fərqli olaraq, bütün yer üzü mənə nizamlı qaydada və müqayisəedilməz dərəcədə daha yaxşı qurbanlıqlar gətirir.

48.Söylədiklərimdə həqiqətdən daha çox, qabalıq olduğunu iddia edən varsa, o zaman buyurub gəlsin və insanların  həyatına bir qədər diqqətlə nəzər salaq: mənə nə qədər insanın borclu olduğu, dünya əhlinin böyüklü-kiçikli necə ehtiram göstərdiyi dərhal aydın olacaq. Bu, çox uzun vaxt alacaq deyə biz qarşımıza çıxanların hər birinin həyatını nəzərdən keçirməyib, onlardan yalnız vacib olanlarına toxunacağıq,  beləliklə,  yerdə qalanlar barədə qərar çıxarmaq asan olacaq. Əgər onlar heç bir şəkk-şübhə olmadan, bütünlüklə mənə aiddirlərsə, qara camaat, cılız kütlə barədə söz açmaq nəyə gərəkdir? Onlar istənilən yerdə axmaqlığın müxtəlif formalarını izhar edir, hər gün elə yenisini düşünüb tapırlar ki, lağa qoymaqdan ötrü min Demokritos gəlsə belə, bəs etməz. Üstəlik,  özlərinə də yeni bir Demokritos tapmaq lazım gələrdi. Bu adamcığazlar hər gün tanrılara nə qədər əyləncə, nə qədər kef bəxş edirlər, heç inanılası deyil. Səhər saatlarında başları ayıq olan tanrılar mübahisəli müzakirələri, əhdləri dinləməyə adət ediblər. Ancaq bir qədər keçdikdən sonra nektardan vurub nəsə ciddi bir iş görməkdən ötrü həvəsdən düşdükdə, bacardıqca göylərin yuxarı qatlarına dırmaşır, oradan aşağı boylanaraq, insanların nə işlərdən çıxdığını seyr etməyə başlayırlar.  Bundan da ləzzətli tamaşa ola bilərmi?! Bəs ölümsüz tanrı oyunu?! Bu nə teatr, bu nə axmaqlar yığnağıdır? Elə mən özüm də bəzən poeziya tanrıları ilə bir sırada oturmağı xoşlayıram. Budur, birisi hansısa bir xalanın dərdindən dəli-divanə olub, sevgisinə zəif qarşılıq alsa da, amma aşiqliyinə şiddətlə davam edir. Başqa  birisi, qadınla onun cehizinə görə evlənir. Biri doğmaca nişanlısını fahişəliyə təhrik edir. O birisi isə Arqus kimi qısqanclıqla ona göz qoyur. İlahi, digəri yas yerində nə qədər axmaq sözlər danışır, axmaq hərəkətlər edir: məsələn, muzdlu aktyorlardan təziyə oyununu çıxarmalarını istəyir. Biri ögey anasının qəbri üstündə özünə əl qatır. Başqası bir azdan aclığa düçar olacaq, amma ordan-burdan əlinə keçənin hamısını içəri ötürür. Yatmaqdan və asudə vaxtdan savayı, xoşbəxtlik tanımayanlar da var. Öz işlərinə laqeyd qala-qala daima başqalarının işləri ilə bağlı səs-küy qaldıranlar da tapılır. Eləsi var borcun içində batır, bu gün-sabah müflis olacaq, ancaq var-dövlət üstündə oturduğunu zənn edir. Özünün səfalət içində ömür çürütməyini, varisinə daha çox var-dövlət saxlamağı arzulayanlar da var – belələri üçün, bu, ən böyük səadətdir. Biri cüzi və qeyri-müəyyən gəlir qazanmaq üçün sonradan heç bir pulla qaytara bilməyəcəyi həyatını dalğalara və küləklərə tapşırır, dənizlər aşır. Digəri evində oturub asudəlikdən zövq almaqdansa, var-dövlət qazanmağın yolunu müharibələrdə axtarır. Elələri də var, varlanmağın ən rahat yolunu tənha qocaların qılığına girməkdə görür. Eyni şeydən ötrü varlı qoca arvadları yoldan çıxarmağa can atanlar da az deyil. Onların hamısı fırıldaq gəlmək istədikləri həmin o adamlar tərəfindən yaxşıca ələ salınanda,  bu, həmin məzhəkəyə tamaşa edən tanrılar üçün gözəl bir əyləncə olur.

        Hamısından axmağı və yaramazı isə işlərini ən alçaq yollar və niyyətlərlə  görən tacir tayfasıdır: onlar daima yalan satır, yalandan and içir, oğurlayır, fırıldaq işlədir, kələk gəlir və barmaqları qızıl üzüklərlə dolu olduğundan özlərini hamıdan üstün hesab edirlər. Haramlıqla yığılmış var-dövlətlərinin cüzi bir hissəsinə sahib olsunlar deyə, onlara heyran qalan, açıq şəkildə “möhtərəm” adlandıran yaltaq rahib qardaşlar da uzaqda deyil. Bəzi pifaqorosçuları isə başqa bir yerdə görmək olar. Onlar üçün  hər şey son dərəcə ümumi göründüyündən, sanki qanuni mirasa sahib olmuşlar kimi harada sahibsiz bir şeyi düşüb qalmış görsələr, onu könül xoşluğu ilə qarmalayıb aparırlar 1). Yalnız öz xülyalarında xoşbəxt olanlar da  var: elələri şirin-şirin röyalar görür, bunun da səadətə yetişmək üçün tam kifayət etdiyini düşünürlər. Bəziləri adam içində varlı olduqlarını deyib öyünür, evlərində isə səylə pəhriz saxlayırlar. Biri nəyi varsa yeyib axırına çıxmağa tələsir, o biri ağına-bozuna baxmadan var-dövlətini artırır. Biri ictimai vəzifə tutmaq azarı ilə hamını zara gətirir, o biri, yanını isti yerə verib kef çəkir. Bir çoxu, ara vermək bilməyən məhkəmə davaları apara-apara, süründürməçi hakimlə əlbir olan vəkilin cibini pulla doldurur. Biri dövlət çevirilişinin, o biri şöhrətpərəst xülyaların qəsdindədir. Bir başqası, zərrə qədər ehtiyac olmadan arvad-uşağını atıb Qüdsə, Romaya, Sant-Yaqoya 2)  yollanır. Bir sözlə, bu ölərilərin sonsuz qələbəliyinə bir vaxtlar Menippos 3) baxdığı kimi aydan nəzər salsaydın, bir-biri ilə dalaşıb-vuruşan, bir-birini qarət edib aldadan, əxlaqsızlığa qurşanan, yıxılıb-duran, törəyib-qırılan bir yığın milçək və ya ağcaqanad topası görərdin. Bu qısaömürlü heyvancığazların həyatında nə qədər vurnuxmaların, nə qədər faciələrin baş verdiyini təsəvvür etmək belə, mümkün deyil. Çünki ya aramsız müharibələr, ya da taun tufanları onların xeyli hissəsini birdən-birə qırıb tələf edir. 

49. Ancaq camaatdakı səfehliyin  və ağılsızlığın hamısını axıra qədər sadalasaydım, özümü hamıdan axmaq bilərdim və Demokritosun özünün mənə doyunca gülməyinə razı olardım. Mən ölərilər arasında müdrik adını daşıyanlara müraciət edirəm və təbii, onların içərisində birinci yerdə qrammatiklər, necə deyərlər, əllərində həmin o qızıl budağı tutanlar durur. Elə bir insan tayfasından söz açıram ki, əgər öz mərhəmətimlə onların miskin peşələrini şirin bir sərsəmliklə ram etməsəydim, tanrılar üçün onlardan bədbəxt, onlardan başıbəlalı və nifrətamiz bir varlıq olmazdı. Özü də onlar, yunan epiqramında 1) deyildiyi kimi, beşyox, beş yüz qarğışa düçar olanlardır, çünki həmişə ac-yalavac və çirk içindədirlər, həmişə dəöz tədrisxanalarında –tədrisxanalarında dedim, –  yox,  öz düşüncəxanalarında, ya da, daha doğrusu, dəyirmanlarında, işgəncəxanalarında olurlar, bir dəstə uşağın əhatəsində, əziyyət içərisində qocalıb gedir, səs-küydən karlaşır, çirkab və üfunətdən vərəmləyir, yalnız mənim mərhəmətim sayəsində ölərilər arasında özlərini birinci sayırlar. Özlərindən çox razı olduqları üçün bir dəstə fağır körpəni zəhmli görkəmləri və bağırtıları ilə əsim-əsim əsdirir, bu bədbəxt tifilləri qamçı ilə, çubuqla, şallaqla zolaqlayır, eynən həmin o Kuma eşşəyi 2) kimi, istədikləri tərzdə, hər üzünə qəddarlıq edirlər. Ancaq nə olsun, natəmizlik onlara paklıq kimi görünür, üfunət mərzə tək qoxuyur, miskin köləliklərini isə şahlıq sayır, bu səbəbdən də tiran xilqətlərini Falarisin də, Dionisiosun 3) da qüdrətinə dəyişmirlər. Həm də özlərini guya müstəsna alimliyə malik olmaq iddiasıyla daha xoşbəxt sayırlar. Onlar uşaqların beynini sırf cəfəngiyyatla doldururlar, ancaq, ey uca tanrılar, harada elə bir Palemon, elə bir Donatus 4) tapa bilərsiniz ki, bunlar ona nifrətlə baxmasınlar? Həm də elə qəribə fırıldağa əl atırlar ki, özləri barədə yüksək fikirləri avam analarla sarsaq atalara da təlqin edə bilirlər.Bura onlardan birinin haradansa çürük bir vərəqdəAnxizesin 5) anasının adını və ya “öküzçü”, “dızıxqulu”, ya da “xəspuş” kimi köhnə sözləri tapıb oxuya biləcək,  əlyazması güclə seçilən qədim bir daş qırığını qazıb üzə çıxaracaq həmin o ümumi məmnunluq hissini də əlavə  edin. Ey Yupiter, bu vaxt necə hay-küy qalxır, necə məftunluq sədaları, necə təriflər səslənir! Elə bil bu insan övladı ya Afrikanı fəth edib, ya da Babili ələ keçirib! Bəs bəzilərinin hər yerdə öz solğun, süst şeirlərini oxuyub axmaq misraları ilə bir para insanları feyzyab etməklərinə,həqiqətən Maronun ruhunun onların köksündə qərar tutduğuna inandırmağa çalışanlara nə deyəsən? Ancaq onların öz aralarında bir-birini necə tərifləməyinə, necə mədh etməyinə, bir-birinin qulaqlarının dalını necə qaşımaqlarına baxmaqdan da məzəli bir şey ola bilməz. Onlardan biri başqasının cüzi səhvini tapanda, – and olsun Herkulesə, – necə bir faciə başladığına, necə mübahisələr düşdüyünə, hansı söyüşlərləbir-birlərini təhqir etmələrinə fikir vermisinizmi?! Əgəryalan deyirəmsə, qoy bütün qrammatiklər mənə qənim olsun. Birini tanıyıram,ağıl dəryası, ellinist, latınşünas, riyaziyyatçı, filosof və təbibdir. Elmlər şahı olan, yaşı altmışı haqlamış bu insan iyirmi ildən artıqdır ki, hər şeyi bir yana qoyub, qrammatikanın üstündə tər tökür, zillət çəkir və yalnız səkkiz nitq hissəsinin  səkkizini də səhvsiz-filansız bir-birindən ayırd etməyi bacaracağı vaxt xoşbəxt olacağına və o vaxta qədər yaşayacağına ümid edir. Halbuki buna hələ bütünlüklə nə bir ellinist, nə də bir latınşünas nail ola bilib. Sanki kimsə bağlayıcı ilə zərfin yerini səhv salsa, qırğın düşəcək. Elə buna görə də bizdə qrammatikalar heç də qrammatiklərdən az deyil, bəlkə də, əksinə, çoxdur. Belə ki, təkcə əzizim Aldo 6) onların beşindən artığını nəşr edib və bir dənədə olsun, ən səviyyəsiz və cəfəng qrammatikanı başdan-ayağa öyrənib əzbərləmədən, mütaliə etmədən kənara qoymayıb: ay aman, birdən kimsə bu məsələnin  üzərində çalışar, kimsə onun bu şöhrətini əlindən alar, neçə-neçə illərinin zəhməti puça çıxar qorxusu ilə işinin üstündə əsir və hamıya da şübhə ilə baxır. Siz bunu ağılsızlıq, yoxsa axmaqlıq adlandırmaq istərdiniz? Mənim üçün fərqi yoxdur. Təkcə canlı məxluqların,  bəlkə də, ən miskin olanı mənim iltifatımla elə bir səadətdən həzz alır ki,  öz qismətini, hətta İran şahları ilə də dəyişmək istəməzdi. 

 

50.Şairlər öz sənətlərinə görə cəbhəmdə olsalar da, mənə az borcludurlar. Məsəldə deyildiyi kimi, bu azad xalqın bütün işi-gücü yalnız axmaqların qulaqlarını sırf cəfəngiyyat və lağlağı əhvalatlarla oxşayıb feyzyab etməkdən ibarətdir. Ancaq onlar bu naqqal deyimləri ilə özlərinə ölməzlik və tanrılara bərabər həyat qazanacaqlarına ümid etdikləri kimi, üstəlik, bunu digərlərinə də vəd edirlər. Başqalarından daha çox, onlara Filavtiya və Kolakiya yaxındır və ümumiyyətlə, canlı ölərilər nəsli arasında mənim onlardan sadiq vədaimi pərəstişkarlarım yoxdur. Sonrakı sırada ritorlar gəlir. Onlar filosoflara yaltaqlanaraq “bəzən yollarını azsalar belə”, bizim cəbhədədirlər. Bir çox başqa səbəblərlə yanaşı buna, ilk növbədə dəlalət edən bir sıra uydurmalarından əlavə, zarafatlaşmağı böyük səylə vətəfsilatı ilə necə təsvir etmələridir. Əbəs yerə deyil ki, Herenniusa  ünvanlanmış “Nitq mədəniyyəti haqqında” 1) məktubun müəllifi, – kim olmağının fərqi yoxdu – zarafatı axmaqlığın bir növü adlandırır. Bu zümrənin gerçək şahı olan Kvintilianus gülüş barədə 2) “İlias”dan da geniş bir fəsil yazıb: natiqlər axmaqlığa daha artıq qiymət verdiklərindən, çox vaxt nəsə bir dəlil tapa bilməyəndə gülüş vasitəsilə vəziyyətdən çıxırlar. Gülməli sözlərlə qəhqəhə yaratmaq sənətinin mənə aid olmadığına heç kəs şübhə etməsin.

             Özlərinə ölməzlik şöhrəti qazanmaq məqsədi ilə kitab buraxanlar da eyni xəmirin urfasıdırlar. Onların hamısı, xüsusən də kağızı müxtəlif  cəfəngiyyatla korlayanlar mənə bir çox səbəblərdən borcludurlar. Çünki savadlı cümlələr yazaraq, Persius və Lelius 3) kimi hakimlərdən də  çəkinməyən bəzi elm əhlinin hökmünü gözləyənlər, məncə, xoşbəxtlikdən daha çox, təəssüfə layiqdirlər: bu insanların necə iztirab çəkdiklərinə bir fikir verin:  onlar yazdıqlarına əlavələr edir, nəyisə artırır, nəyinsə üstündən xətt çəkir, yerini dəyişir, yenidən düzəldir, tanışlarına göstərir, nəhayət, üstündən heç olmasa, doqquz il keçəndən sonra özlərindən narazı qalsalar da, onu çap etdirirlər. Sonunda bütün bu yuxusuz gecələrin, əzab və iztirabların cüzi mükafatı bir neçə nəfərin təqdirini qazanmaq olur. Bura pozulmuş sağlamlığı, məhv olmuş gözəlliyi, koruşluğu, bəlkə də, tam korluğu, kasıbçılığı, qibtəni, pəhrizləri,  erkən qocalığı, vaxtsız ölümü, bu qəbildən olan daha nələri və nələri də əlavə edin. Həmin bu müdrik də yalnız özü kimi bir neçə koruş alimin onu tərifləyəcəyini özünə mükafat bilir. Bəs mənim bu yazarım?! Bir görün o, öz əbləhliyi ilə necə də bəxtəvərdir! Gecələrin zəhməti ondan uzaqdır, kağıza xərclədiyi bir-iki qəpikdən savayı, özgə heç nəyin fikrini çəkmədən, yazdıqlarında nə qədər çox cəfəngiyyat olsa, bir o qədər axmaq və cahillərə yarınacağını əvvəlcədən bilərək, beyninə nə girdi, qələminin ucuna nə gəldi, – istəyir lap öz sayıqlamaları olsun – hamısını yazacaq. Kitabını oxuyacaq bir-iki alimin ona nifrət edəcəyi nə vecinə? Və ya bu nəhəng, səs-küylü güruhun içərisində bir neçə ağıllı adamın səsi nədir ki? Ancaq hamıdan fərasətli olanlar özgələrinin ağır zəhmət hesabına başa gələn yazılarını öz adları altında çap etdirənlərdir, bir gün ədəbi oğurluqda ifşa ediləcəklərini bilsələr də, bir müddət öz fırıldaqlarının xeyirindən bəhrələnə bilirlər. Elələrinin, camaatdan nəsə bir tərif eşidəndə, hansısa bir izdihamda onları “budur həmin o məşhuryazıçı,” deyib barmaqla göstərəndə və ya kitabları dükanlarda rəflərə düzüləndə, hər səhifədə öz adlarını – əksər hallarda əcnəbidəngəlmə və qeyri-adi ovsunabənzər ləqəblərini – görəndə necə özlərindən razı olduqlarına baxmağa dəyər. Ancaq, ey ölümsüz Tanrı, məgər bunlar sadəcə adlardan savayı, bir şey deyilmi? Bir də ki, bu dünyanın intəhasızlığını nəzərə alsaq, onları nə qədər az adam tanıyacağını təsəvvür edə bilərik: cahillərin zövqü nə qədər müxtəlif olsa da, onları təriflə yada  sala biləcək insanların sayı daha da az olacaq. Əgər bu adlar çox vaxt yalandan uydurulub, qədim kitablardan iqtibas edilmişsə, ona nə deyəsən? Biri özünə Telemaxosun,Sfenelosun, yaLaertusun, digəri də Polikratesin, ya da Frasimaxosun 4) adını götürməklə öyünür. Bu yolla istəsən özünü Buqələmun və ya Balqabaq adlandıra, ya da kitablarına filosoflar kimi alfa, beta və s. adları da qoya bilərsən. Ancaq hamısından məzəlisi onların yaltaq məktublarla, şeir və mədhiyyələrlə bir-birini: axmaqların – axmaqları, cahillərin  isə cahilləri tərifləyib öyməsidir.  Biri öz dostunu Alkeyos, o birisi  Kallimaxos 5) zirvəsinə qaldırır, guya biri M.Tullidən yüksək, o biri Platondan elmlidir. Bəzən, hətta yarış vasitəsi ilə şan-şöhrətlərini artırmaq üçün özlərinə rəqib də axtarırlar:  – Beləcə, camaat tərəddüd edir, fikir bölünür 6), bu, hər iki sərkərdə öz döyüşündən razı, zəfər qazanmış kimi  aralanana qədər çəkir, hər ikisi də öz qələbəsini qeyd edir. Aqillər də ən axırıncı axmaqlara gülürmüş kimi onlara gülür. Belə olmadığını kim inkar edə bilər? Ancaq nə olsun, onlar mənim mərhəmətlərim sayəsində ləzzətli həyat sürür, öz qələbələrini də Stsipionun zəfərlərinə 7) belə dəyişmirlər. Aqillər onlara ürəkdən rişxənd edirlər. Amma özgələrinin axmaqlığını ələ salmalarına baxmayaraq, özləri  də mənə az borclu deyillər və hamıdan naşükür görünmək istəmirlərsə, bunu inkar etməməlidirlər.  

51.Alimlər arasında hüquqşünaslar özləri üçün birinci yer iddiasındadırlar. Özü də heç kim onlar qədər özlərindən razı deyil, halbuki Sizifosun daşını 1) cidd-cəhdlə diyirlədir və elə hey bunun məsələyə aidiyyatı olub-olmadığı  barədə fikirləşmədən, altı yüz qanunu misal gətirirlər. Zəhmətləri digərlərininkindən ağır görünsün deyə, Qlossaları – qlossalar 2), yozmanı isə yozma üstünə qalaqlayırlar. İş nə qədər çox zəhmət tələb edirsə, fikirləşmədən, tələsik onu ən şərəfli bir şey sayırlar. Onlara dialektikləri və sofistləri, – hər  biri çənə vurmaqda iyirmi seçmə arvada dəyən, Dodon misi 3) kimi danışqan olan həmin o insan tayfasını əlavə edək. Ancaq onlar təkcə deyingən yox, yalnız danışqan olsaydılar, keçi yunu üstündə 4) amansızcasına höcətləşib qızışanda, çox vaxt həqiqəti unutduqlarına görə daha xoşbəxt sayılardılar. Filavtiya da öz şəfqətini onlardan əsirgəmir və bu arxayınçılıqdan ik-üç sillogizm əzbərlədikdən sonra kimlə, nə üstə istəsələr, döyüşə atılmağa hazır olurlar. Bununla belə, lap Stentoru 5) onlara qarşı qoymaq istəsən də, tərslikləri o zümrəni məğlubedilməz edir. 

52. Onların ardınca uzun saqqallarına və gen bürüncəklərinə görə hörmət edilən, yalnız özlərini müdrik, bütün yerdə qalan öləriləri isə  zülmətdə dolaşan varlıqlar hesab edən filosoflar gəlir. Onlar vərəqlər üzərində saysız-hesabsız dünyalar qurarkən, özlərini sanki hər şeyi öz qarışları ilə, öz kəndirləri ilə ölçüblərmiş kimi aparırlar. Günəşin, ulduzların, ayın və orbitlərin ölçülərini, ildırımın, küləyin, gün tutulmalarının və digər izahedilməz təzahürlərin səbəbini açıqlayanda isə heç nəyi şübhə altına almayırlar. Odur ki, yaradıcı təbiətin bütün işlərindən agah adamlar kimi qəbul edilir və sanki birbaşa tanrıların məşvərətindən çıxıb yanımıza gəliblərmiş kimi necə də şirin-şirin sayıqlayırlar. Təbiət onların bütün bu fərziyyələrinə qəhqəhə çəkib gülür. Çünki onların elmində doğru-düzgün heç nə yoxdur. Buna ən tutarlı sübut da ən xırda təzahürlər üstündə onların bir-biri ilə sonsuz mübahisələr etməsidir. Onlar,  ümumiyyətlə, heç bir şey qanmasalar  da, hər şeyi dərk etdiklərini aləmə car çəkirlər, əslinə qalsa, heç özləri özlərini dərk etmək iqtidarında deyillər. Çox vaxt da bəsirətsizlikdənmi, yoxsa huşsuzluqdanmı ayaqlarının altındakı hansısa bir çalanı və ya daşı seçməsələr də, guya ideyaları, təcrid olunmuş formaları, ilkin materiyaları, mahiyyət və fərdiyyətləri görə bildiklərini israr edirlər, yəni elə zərif şeylərdən dəm vururlar ki, zənnimcə, heç Linkeosun özü belə, onları seçə bilməzdi. Onlar sadə insanlara nifrətlə baxır, üçbucaqları, çevrələri, kvadratları və digər riyazi fiqurları qalaq-qalaq yığaraq, onlardan sanki hərbi düzülüşlə hər tərəfdən hərf sıraları ilə çəpərlənmiş labirintəbənzər bir şey yaradır, nadan insanların gözünə kül üfürürlər. Onların arasında ulduzlara baxıb gələcəkdən xəbər verən, hətta sehrbazların da söz verə bilmədiyi möcüzələri vəd edənlər də var vəbəxtlərindən, hələ  bütün bunlara inananlar da tapılır.

53. İlahiyyatçılara gəldikdə isə, düşünürəm ki, bu mətləbin üstündən sükutla keçmək, Kamarina bataqlığına toxunmamaq 1), bu zəhərli bitkiyə əl vurmamaq daha yaxşı olardı. Çünki həddən ziyadə təkəbbürlü və tündməcazdırlar. Bir də gördün, altı yüz konklyuzioları 2) ilə birlikdə üstümə hücum çəkər, sözlərimi geri götürməyi tələb edər, əks halda, dərhal məni kafir adlandırmaqdan çəkinməzlər. Axı onlar özlərinə lazım olmayan insanları həmin bu ildırımları ilə qorxutmağa adət ediblər. Bu insanlar  yaxşılıqlarımı o qədər həvəslə qəbul etməsələr də, mənə bir xeyli borcları var. Onlar mənim Filavtiyamın iltifatları ilə özlərini göyün yeddinci qatında hiss edir, bütün yerdə qalan ölərilərə isə çirkab içərisində eşələnən heyvanat kimi – ikrahla, sanki yazıqları gəlirmiş kimi baxırlar. Özlərini hərbi qaydada düzülmüş kimi magistral definitiolarla 3), konklyuzio və korollariumlarla, aşkar və nəzəri propozitiolarlaəhatə edərək elə aradan çıxırlar ki, onları heç Vulkanusun cələsi 4) ilə də ələ keçirmək olmur, öz “seçkinlərinin” dərhal düşünüb tapdıqları əcaib sözlərinin köməkliyi ilə hansı vəziyyətdən desən çıxır, istədikləri düyünü Tenedos baltasından 5) da tez kəsib atırlar.  Bundan əlavə, ən müqəddəs dini sirləri də öz bildikləri kimi şərh edirlər: bu dünya hansı plana əsasən yaranıb-qurulub, bəşərin ilkin günahının illəti sonrakı nəsillərə necə keçib, əbədi İsa Müqəddəs Məryəmin bətnində hansı yollarla, hansı ölçülərdə və nə vaxt maya bağlayıb, yevxaristiyada 6) baş verənlər substansiyasız necə mümkün ola bilir? Ancaq bunlar çeynənmiş suallardır. On

DİGƏR MƏQALƏLƏR