TÜRK DÜNYASI - Əli Ağbaş

1942-ci ildə Qəhrəman Maraşın Elbistan qəzasında doğulub.
Uşaq ədəbiyyatının görkəmli simalarından sayılır.
Bu sahədə göstərdiyi fəaliyyətə görə 1991-ci ildə Türkiyədə ilin şairi seçilib. Yunus Əmrəyə həsr olunmuş dünya şairlərinin XXII toplantısının, eləcə də Qazaxıstanın Almatı şəhərində keçirilmiş Türk Dünyasının II Şeir Şöləninin mükafatlarını alıb. Kosovoda çıxan “Türkcəm” uşaq dərgisi 2004-cü ildə onu “İlin Ödülü”nə layiq görüb.
“Nağıl çağı”, “Quş süfrəsi”, “Göydə ay portağaldı” kitablarının müəllifidi.
Sədr müavini işlədiyi Avrasiya Yazarlar Birliyinin orqanı olan “Kardeş Kalemler” dərgisinin redaktorudu.
Tənha bağça
Çocuqdum,
Sapandla iki quş vurdum,
Biri düşdü, biri yaralı getdi,
Qəribə səssizlik çökdü bağçaya.
Budaqda quşların şərqisi bitdi.
Unutdum,
Birinin nə idi adı,
O birinin ox kimiydi qanadı,
Çırpındı, əlimi qana buladı,
qapanan gözləri mavi kiliddi.
Bunca zaman geçdi
Neçə qış, bahar,
Yoxsa ovçu olduğumu duymuşlar?
Bir daha bağçaya gəlmədi quşlar.
Leyləklərin türküsü
Səlçuq Uysala
Haraya, heyva üzlülər,
Saz bənizlilər, haraya,
Haraya, dünkü gözəllər?
“Avqustda uçar gedər leyləklər”
Uğurlar ola.
Kim bilir, dönənədək
Kim ölə də, kim qala.
Qar yağıb əriyəcək,
Bəbələr yeriyəcək.
Nənəm,
Nənəm, bəlkə, gedəcək
Quşlar dönən diyara.
Leyləklər,
Ulu quşlar,
Nə olar, qatar-qatar
Gedənləri gətirin
Qızıl dimdiyinizdə,
Bəlkə də, yaşayırlar
Lap uzaq bir ulduzda,
Gətirin bu bahara.
Yolçu yolunda gərək
Xəstələr
Qar istəyər
Qaf dağının ardından
Və buluddan döşək,
Onlar,
Ərköyün uşaqlardır,
Sallanıb dururlar
Dünyanın eyvanından
Qoyma, düşdü, düşəcək!
Kölgən qaçırsa səndən,
Batıbsa göydə ulduzun,
Dava başlar canla tən arasında,
Nə bilək,
Hansı bulağın suyu,
Hansı otun, çiçəyin özüdü dərman?
Böyük yerdən gəldi fərman,
Yolçu yolunda gərək.
Yuxuya doğru
Anacan,
Röyamda bir quşmuşam,
Qucağından uçmuşam.
Anacan,
Röyamda məktubmuşam,
Ünvanı unutmuşam.
Anacan,
Aç məni, oxu məni,
Tutmadan yuxu məni.
Anacan,
Allah nə qədər yaxın,
Danışdım, duydu məni.
Anacan,
Yollar məni çağırır,
Quşlar məni,
Rüzgar məni,
Yuxu məni,
Su məni.
Bir türkmənə ağı
Ağam, getmə İrağa,
Məni salma fərağa,
Sənin təmiz qanından
Neft qoyalar çırağa.
Ağlaram, ağam, ağam,
Bizə dadandı bu qəm,
Yetim qalan balamın
Saçı gəlməz darağa.
Dərdim düşmən başına,
Boğuldum göz yaşına,
Bax fələyin işinə,
Bizi atdı qırağa.
Gəncdi ağamın yaşı,
Apardı əcəl quşu,
Harda dostu-yoldaşı,
Kimə gedim sorağa.
Ağlımı aldın, fələk,
Səbrimi çaldın, fələk,
Ağamı saldın, fələk,
İraqdan da irağa.