POEZİYA - Cansuq Çarkviani

Orijinaldan tərcümə: Rəşid Faxralı

 

1931-ci ildə Tiflisdə anadan olub.

Gürcüstanın Xalq şairidir. “Bir gecənin sükutunda”,  “Səma və fontan”,  “Günəş cücərtiləri”, “Ünvanlar”, “Mən və mən”, “Yer vaxtı ilə”, “Qara bəbir” və sair kitabların  müəllifidir. Əsərləri dünyanın bir sıra dillərinə tərcümə edilib.

 Qalaktion Ta­bid­ze və Şota Rus­taveli mükafatları laureatıdır.

 

   

GÖZƏL ÖLÜM

 

Bulaqlar söhbətə başlayan kimi,

Bir maral həniri gələrsə birdən;

Gilas ağacının dizində donu,

döşündə çiçəyi çartlarsa dən-dən;

Qaranquş qanadın dimdikləyəndə,

qan damsa göylərin yanaqlarından;

Aprel qapısını açan marallar

bu ara şaftalı budaqlarından

buynuzları üstən buynuz taxarsa;

Çölün ətəyini yalayan günəş

bir dibçək düzəltsə novruzgülünə;

Bir dodaq ot versə maral marala,

Buynuzlar toqquşsa qədəh yerinə;

Həminki bağ-bağat...

boz sarmaşıqlar

ağlayan tənəyi öpərsə hərdən;

Göygözlü göylərə baxaram,

                                            sonra

hönkürtü içində gülərəm birdən...

 

Varislər keçmişi xatırlayanda

Dağlar boy göstərsə güllər içindən;

Fərəhim, qürurum daşar o anda,

Şam kimi yanaram yurdum üçün mən.

 

Zirvədən baxaram qartalsayağı,

Bəlkə, ötüşənlər gözümə dəyə...

Bax, onda ölərəm! –

Ölümüm azı

bənzəyər qənirsiz bir gözəlliyə...

 

 

                  Eniş

 

Zamana nə deyim...

Bizdən xəbərsiz

göz açıb-yumunca  sovuşur zaman.

Necə öləziyib biz çatan  ocaq,

Necə pas bağlayıb  köhnə alışqan.

 

O gəldi, hər şeyi dəyişdi birdən,

Mən sənə nələri vəd eləyirdim.

Mən elə bilirdim

xəyallarımı

gömgöy göy üzünə bənd eləyirdim.

 

Mən elə bilirdim yaxşı yamanı

günlərin birində dəf eləyəcək.

Tanrı qismətini –

Gələn ölümü

bir az tez, bir az gec mədh eləyəcək.

Hələ ki, dözürəm...

Göydə çalağan,

hələ qanad çalır, indi nə deyim?!

Hələ çarpışıram...

Zamana sığmır,

dünyanı bir azca yormaq istəyim.

 

Biri-birimizi xərcləməkdəyik,

Mənim dəli Kürüm, dəcəl Araqvim,

İstərəm əlimi çiyninə qoyum.

Kimsə öz dilini öyrədir bizə,

Susmadan danışır bir şəhər boyu.

 

Mən özüm-özümə öyündüm, yetər...

Daha öz-özümə ötən deyiləm.

Daha gözlədiyim bir şey qalmayıb,

A mənim cığırım, burdan geri dön,

Burdan o tərəfə gedən  deyiləm.

 

 

 

 

 

         Çıx, ey günəş

 

Dağ-aran niyə qəmlidi.

Nədi, görəsən, dərdi, nə?

Sellər yuyubdu meşəni,

Şəriki yoxdu dərdinə.

 

İlahi, özgəylə nə qeylü-qalım.

Buludlar ayaq saxlasın,

Düşüncəmlə tənha qalım.

 

O tayda batdı günəşim,

Geriyə dönmədi daha.

Bağım-bostanım qurudu,

Ümid qalmadı sabaha.

 

İçimdən şeytan dikəlir,

Yenə sözümdü həyanım.

Günəş, görün göy üzündə

Görün, kimsəsiz yananım...

 

 

           İlıq yağış

 

Sən yoxsan, tənhayam...

Tənhayam, səni

ulduzlar nə vaxtdı çəkibdir göyə.

Mənim dörd yanımı duman bürüyüb,

İlıq yağış yağır, görəsən, niyə?!

Elə bil hardasa itib-batmışam,

Ömrümə tənhalıq köçür bu axşam.

Sənin sinən rəngli stəkanlara

Yoxluğun yağışı dolduğu üçün

Könlümdən keflənmək keçir bu axşam.

 

Gözümün nurunu oğurlayaraq

Yağışlar işləyir iliyiməcən,

Bu, necə soyuqdu, necə sazaqdı.

Ən gözəl donunu geyib gələrsən.

 

Məni yük edərsən ağ küləklərə,

Təklik ürəyimi üzür nə vaxtdı.

Sən məni, sən məni atıb gedibsən,

Qəmim səpələnsin biçənəklərə...

 

 

 

     Yoldaş və bəy

 

Bu həyata nə deyim,

Müdrik idi, səy oldu.

İnsanlar da dəyişdi,

Yoldaş idi, bəy oldu.

Əli sözə yatmayan –

Doqquz cildin yiyəsi,

Darısqal yuvasından

Dünyaya nə deyəsi?!

Bu Vətəndən Vətənə

Düşmən olan çoxuymuş.

Özümüzünkü – yağı;

Yadların kinayəsi

Mizraqıymış, oxuymuş.

Aclıqdı bu həyatın

sözü ötkəm ağası.

“Gedin” deyir,

nə vaxtdı

səsi dəyişib, həm də

açılıdı yaxası...

Bu daş səddi qırmağa

Nə bellazım, nə külüng...

Tək deyilik, güclüyük,

Köməyimiz – gürcülük...

 

 

                Düşüncə

 

Körpünün üstündə sakitcə dayan,

Özüm yedəkçisi olum qəlbimin.

Mən ötüb-keçəcəm sənin yanından,

Güllərin yanından keçdiyim kimi.

 

Yenə də qar üstə qar tökülüncə,

İşığın gözümü qamaşdıracaq.

O körpü fikrimin ağ dumanında

Heyrət baxışıyla mənə baxacaq.

 

Körpünü

sulara düşən Ay kimi,

çay alıb gedəcək, nəyi anarsan?!

Körpü olmalıydı bu sevda bizə,

Körpünün üstündə yırğalanarsan.

 

Halına kim yanar körpünün, görən,

Halına kim yanar, görəsən, Ayın?

Qorxunc dalğasına dirsəklənmişəm,

Fikir kimi axan bu dəli çayın.

 

 

     Borjomidə şam ağacları

 

Salam, Borjominin ağ yapıncılı,

ağca araqçınlı şam ağacları.

Sevdasız insanın hansı duası

Tanrıya çatacaq, siz deyin barı?!

 

Salam, Borjominin sərv ağacları,

Sizsiniz göylərdən ulduzlar dərən.

Necə gözəlsiniz, gözəl salamım

Barı heç sizlərə çatırmı, görən?!

 

Nə yaxşı boyunu göstərdi bizə,

Canıma hərarət olan Günəşim.

Aylardı həsrətin çəkirdim burda,

Gizlicə gözümə dolan Günəşin.

 

Gözəl xanımları salamlayıram,

Söz tapmaq çətindi bu gözəlliyə.

Həyatı uşaqtək əzizlə,

ona

Günəşin köməyi gərəkdir deyə...

 

 

Nuri körpüsünün yanında düşüncələr

 

Hələ qaysaq bağlamayıb,

dağların qanlı sinəsi.

Gərilib səssiz-səmirsiz,

çənli-dumanlı sinəsi.

 

A köhnəlməz, köhnə qala,

Dərdi-qəmi udur zaman.

Hər şey aydınca görünür,

Ucasınız  ucalıqdan.

 

Hər şey aydınca görünür –

Axıb gedən qan da, yaş da.

Qılınc tiyəsindəki iz,

Vuran qol da, düşən baş da.

 

Zamanın yaddaşı  kimi,

köhnəlsə də zirehiniz;

Mənim kəsərli qılıncım

siz idiniz, sizsiniz, siz.

 

Günəş rəngli yaraların

sızıldadır ürəyimi.

Uluların qanı səndən

asılıbdı bayraq kimi.

 

Daş onurğa, daş qabırğa...

Hər tərəf qəmgin görünür.

Günbəzlərin qübbəsini

çatladan çiskin görünür.

 

Murun qalaları daşdır,

Daşdı Murun  körpüsü də.

Günəş nə gözəl dincəlir,

onu isidə-isidə.

 

Yeddi qılınc, yeddi tüfəng...

Yeddi qardaşın başdaşı.

Yeddi qəhərin acısı,

Yeddi gözəlin göz yaşı.

 

İllərimizdən sıyrılıb

təslim olan mənəm yaza.

Qurbanlığam, qurban olum

qardaşlıq məzarınıza.

 

Qılıncla doğranmış gecə,

ağır-agır dağlar aşır.

Burda ölüm hər igidə

elə ömürtək yaraşır.

 

Yeddi igid...

Tabor keçir...

Onlara da sirdaş mənəm.

Dəli dünya, yaxşı eşit,

 

səkkizinci qardaş mənəm!..

DİGƏR MƏQALƏLƏR