ÇAĞDAŞ NORVEÇ ƏDƏBİYYATI - Yusteyn Qorder

Tərcümə: Mahir N.Qarayev

 

 1952-ci ildə Osloda doğulub. “Pireneydə qəsr”, “Portağal qız”, “Milad misteriyası”, “Sirk artistinin qızı”, “Sirli pasyans”, “Niyyət güzgüsü” romanlarının müəllifidir.

Ən məşhur əsəri – “Sofiyanın dünyası” romanı 53 dilə çevrilib və ümumilikdə 30 milyon tirajla nəşr edilib. Bu romanın təkcə Almaniyada çap olunmuş nüsxələrinin sayı üç milyonu ötüb.

2005-ci ildə Norveç Krallığının “Müqəddəs Olaf” ordeni ilə təltif olunub. Astrid Lindqren mukafatı laureatıdır.

 

 

 

 

PORTAĞAL QIZ

 

(roman)

 

(əvvəli ötən sayda)

 

Mən atamın məktubunu götürüb ardını oxumağa başladım.

 

Milad bayramıyla Yeni il arasında Portağal Qızı axtarmadım. Düzü, buna heç cəhd də göstərmədim. Milad, necə deyərlər, dinclik, rahatlıq bayramıdır. Yanvarda isə yenidən coşqun fəaliyyətə başladım. Dincəlmişdim, əla formada idim. Di gəl, çoxsaylı cəhdlərim, axtarışlarım heç bir nəticə vermədi, odur ki, həmin günlər barədə nəsə danışmağa dəyməz. Düşünürəm, artıq sən mənim hekayətimin ahənginə də, məntiqinə də alışmısan.

Hər halda, bir haşiyə çıxmağa məcburam. Bu, vacib bir məqamla bağlıdır. Sənə ünvanladığım tapmacalar siyahısında onu nəzərə almamışam: köhnə anorak![1]Bizim hekayədə o nə kimi əhəmiyyət kəsb edir? Axı Qrenlandiya buzlağına təhlükəli səfər fikrini mənə aşılayan da, Portağal Qızın son dərəcə kasıb olduğunu beynimə yeridən də məhz bu anorak olmuşdu.

Həmin qış bir xeyli xizək sürmüşdüm! Oslonun dağ yamaclarındakı bu gəzintilərin, ola bilsin, xəstəlikdən qorunmaqda mənə müəyyən köməyi dəymişdi. Ancaq Portağal Qıza rast gəlmədiyim bu gəzintilər barədə danışmağa lüzum görmürəm. Xizəklə Kikutda, Stryuknedə, Harestyurda nə qədər yol ölçməyimdən də söz açıb başını ağrıtmayacam. Martın əvvəlində hər bazar günü Holmenkollendə keçirilən məşhur yarışları hamı intizarla gözləyirdi. Tramplindən sıçrayışla tullanışlar içimi çoşqun sevinclə doldurmuşdu. Elə bil futbol lotosunda on bir oyunun nəticəsini düzgün tapmışdım, təkcə qalmışdı nəticəsi heç bir şübhə doğurmayan axırıncı, on ikinci oyun.

Həmin bazar günü bayırda əla hava vardı. Əsl yarış havasıydı, tamaşaya da əlli mindən çox adam, az qala, bütün Oslo sakinləri axışıb gəlmişdi. Amma necə bilirsən, səncə, ilin bu xoş fəslində onların neçə faizi köhnə anorakda gəzir? Bəlkə də, elə yüz faizi!

Yarış havasına köklənmiş o bazar günü mən də Holmenkollenə qalxmışdım. Havanın bu dərəcədə xoş olması artıq uğurun yarısına bərabərdi. Portağal Qızla rastlaşmağa əlli min şansım vardı. Birini lap dəqiq deyə bilərəm: orada, Oslonun bu hündür damında anorak qıtlığı yox idi. Bura istənilən rəngdən olan köhnə, nimdaş anorakların əsl Eldoradosu idi. Ona görə tramplin məni qəti maraqlandırmırdı, heç ora baxmırdım da, anorakları seyr etmək bəsim idi. Bir neçə dəfə Portağal Qızı gördüyümü zənn etdim, dərhal da sinəm həyəcandan qabardı. Ancaq zənnimdə yanılırdım – o deyildi! Hətta düz iki dəfə sanki gözümə həmin o nağılvari sancaq sataşdı, di gəl hər ikisində də gümüşü sancağın onunku olmadığını gördüm. 

Yox, Portağal Qız yarışa baxmağa gəlməmişdi! Gəlməmişdi, vəssalam. Bu da gərgin səylərimin nəticəsi. Kimin qalib gəldiyi də heç yadımda deyil. Bircə onu bilirəm ki, Portağal Qızı orada tapmadım. Mən olmayan bir şeyi axtarırdım.

O vaxtdan Holmenkollendə bircə dəfə olmuşam. Bilmirəm bu sözlər sənin hafizəndə nəyi isə oyatdımı? Bəlkə, sən üç yaş yarımlıq olanda birlikdə gördüklərimizdən nəsə yadına düşdü?

Yadına sal: səninlə aşağıda, düzənlikdə dayanmışdıq, trapmplindən tullanışları yerdən izləyirdik. Hava pisləşmişdi, nadir hallarda əsən cənub küləyi torpağı yayda olduğu kimi silib-süpürürdü. Buna görə də trass üçün qarı bütün Norveçdən, lap dəqiq desəm, Finsin zirvəsindən yığmaq lazım gəlmişdi. Onda qızıl medalı Yens Vayssfloq qazandı. Norveçlilər, əlbəttə ki, pis olmuşdular, ancaq Vayssfloqun uğuru sensasiya doğurmadı, çünki bir il qabaq da qələbəni o qazanmışdı.

Sənə bir sirr açım, Georq, deyim biləsən: yarım il qabaq səninlə Holmenkollendə olduğumuz vaxt birdən hiss elədim ki, adamların arasında gözüm yenə Portağal Qızı axtarır! Aradan on il keçib, amma o ümidsizlik hələ də mənə əzab verir.

Vaxtım azdır, mənim balam. Amma bir neçə həftəni tək bu səbəbdən ötürmürəm. Mənim, sadəcə olaraq, həmin həftələr barədə deməyə sözüm yoxdur.

Aprelin axırlarında poçt qutusunda bir açıqça gördüm. Şənbə günü idi, Hümleveyenə, valideynlərimin yanına gəlmişdim. Açıqça mənə göndərilmişdi, amma Qunnarla birgə artıq bir neçə aydı otaq kirələdiyimiz Adamstyuenə yox, valideynlərimin yaşadığı Hümleveyenə.

İndi ardına diqqət yetir: açıqçada nağılvari əsrarəngiz bir portağallıq təsvir edilmiş və baş hərflərlə ispanca bu sözlər yazılmışdı:PATIOO DE LOS NARANJOS.

Bildiyim qədər, bu, hardasa Portağal meşəsi, yaxud Portağal cəngəlliyi mənasını verirdi. Mən axı işarələri yozmağa həvəsli olduğumu sənə demişəm.

Portağal cəngəlliyi!

Ürəyim dəlicəsinə çırpındı. Georq, yəqin, sən artıq qan təzyiqinin nə olduğunu bilirsən, elədirmi? Bəzi hallarda təzyiq qəfildən lap kəlləçarxa qalxa bilər. Amma bu ona əsas vermir ki, biz güclü hiss-həyəcandan imtina edək. Bir sözlə, belə vəziyyət təhlükəli deyil. (Amma hər halda istəyərdim ki, deltaplan uçuşlarına, yaxud paraşüt tullanışlarına həvəs göstərməyəsən. Ən azından, heç olmasa, batutda tullanma!)

Açıqçanın o biri üzünü çevirdim. Sevilyanın ştampı və bir neçə söz: Mən səni düşünürəm. Bir az da gözləyə bilərsənmi?

Vəssalam. Başqa heç nə. Nə ad var, nə ünvan, heç nə. Əvəzində sifət çəkilmişdi, Georq, qızın öz sifəti. Xalis dələ sifəti! Özü də rəsmi sanki əsl rəssam, bəlkə, dahi bir rəssam çəkmişdi!

Deyim ki, çox da təəccüblənmədim. Portağal Qız, əlbəttə ki, portağallıqda olmalıydı, başqa cür ola bilməzdi. O, sadəcə, öz evinə, öz Krallığına, öz Portağal diyarına getmişdi. Bu onun barəsindəki təsəvvürlərimlə tam üst-üstə düşürdü. Bəyəm körpə İsa məbədə Öz Atasının evinə girmək üçün qayıtmamışdı?

İndi hər şey çözülmüş, tapmacaların cavabı tapılmışdı. Bütün pasyanslar[2]yüzdə yüz uyğun gəlirdi. Portağal Qız nəfəs dərmək üçün altı aylıq fasilə götürmüşdü, ilin ikinci yarısında hər gün mənimlə görüşəcəyi barədə verdiyi sözü tutmaq üçün orada, Sevilyanın portağal bolluğunda özünün ipə-sapa yatmayan yaradıcı marağını təmin edirdi. Bəlkə, sonra yenə nəfəs dərməsi lazım gələcəkdi, amma bu artıq başqa məsələdir.

Bərk həyəcanlandım, beynim biz həkimlərin endorfin dediyi maddənin gen-bol emalına başladı. Xəstə təsəvvür üçün xüsusi termin var. Biz deyirik ki, xəstə eyforiyadadır. Mən eyforiyaya düşmüşdüm. Qış bağımıza qaçdım, birbaşa valideynlərimin yanına. Anam yellənən yaşıl kresloda oturmuşdu, atam köhnə şezlonqda əyləşib qəzet oxuyurdu. Yazıqların üstünə cumub nə desəm yaxşıdır: evlənmək istəyirəm! Bunu etməməliydim, çünki on beş dəqiqə sonra beynim endorfin emalını dayandırdı, eyforiya keçib getdi. Heç nə başa düşmürdüm. Daha doğrusu, əvvəlkindən az anlayırdım.

Portağal Qız adımı bildiyini mənə çoxdan demişdi, indi məlum olmuşdu ki, soyadımı da bilir. Hələ bundan da artığını bilirdi, Georq, çox şey bilirdi: başqa şeylər bir yana, o bizim Hümleveyendəki köhnə evimizin ünvanını bilirdi! Buna nə deyərsən?! Əlbəttə, bilməsi yaxşı idi, tapmacanın necəliyindən asılı olmayaraq, bu barədə düşünmək mənə xoş idi. Bununla belə, milad zəngləri səslənməzdən, yəni karetası balqabağa çevrilənə qədər tezcənə minib aradan çıxmalı olan Zoluşkadan qabaq, əl-ələ tutub Saray parkına doğru getdiyimiz o sehrli dəqiqələrdə belə bunu xəbər vermək əziyyətinə qatlaşmağı özünə rəva bilməyib İspaniyaya yollanması, hər halda, mənə toxunurdu.

Üstündən üç ay yarım vaxt, iyirmi beş xizək gəzintisi keçmişdi. Hələ Portağal Qızın izinə düşmək üçün atılan başqa addımları, başqa cəhdləri demirəm.

Yoxsa o artıq Mərakeşdə, Kaliforniyada və Braziliyada olmağa macal tapmışdı? İndi portağal bütün planetdə faydalı meyvə sayılır, mənə qalsa, təbiətin ən mühüm məhsulu kimi çoxdan qanunlaşdırılmalıydı. Bəlkə, bu qız Birləşmiş Millətlər Təşkilatının Portağal şöbəsinin məxfi agentiydi? Bircə o çatmırdı ki, rəsmən yeni bir xəstəlik elan olunsun: ağır portağal xəstəliyi! Görəsən, hər həftəYunqstorgetə gedib,orada portağalları bircə-bircə gözdən keçirməsi, meyvələri sınaq üçün, təcrübə üçün seçib götürməsi bu səbəbdən deyildimi?

Bəlkə, elə Çində də olub? Portağalın “çin alması” olduğunu çoxdan bilirəm, axı bu meyvə bizə Çindən gəlib. Hə, məhz Çindən – çiçəklərini ilk dəfə açdığı məmləkətdən. İntəhası, əgər ziyarət üçün portağalın vətəninə getmiş olsa da, mən onunçün belə bir ünvana açıqça göndərə bilməzdim: Çin, Portağal Qıza. Əhalisinin sayı milyardı keçmiş bir ölkədə, filan qədər çinlinin arasında Çin poçtu Portağal Qızı tapmaqda çətinlik çəkərdi. Şəxsən özüm bu tapşırığın öhdəsindən gələ bilərdim, buna şübhə ola bilməz. Amma kim zəmanət verə bilər ki, Çin poçtunun xidmətçiləri onu mənim kimi dəli bir istəklə axtarmağa girişəcək? 

Yaxşı, Georq, söhbətimizə davam edək.

Tibb məşğələlərini bir neçə günlüyə buraxmalı oldum, valideynlərimdən min kron borc götürüb Madridə uçan təyyarəyə ucuz bilet aldım. Orada məktəb yoldaşlarımdan birinin dayısının evində gecələyib, ertəsi gün Sevilyaya uçdum.

Onu tapacağıma əmin deyildim; şansım təxminən Holmenkollendə olduğu qədər idi. Bir məsələ də vardı: əgər orada rastlaşmasaq, yəni üzbəsurət görüşməsək belə, bilirdim ki, bu günlərdə Sevilyada olub və indi də bir başqa yerə, tutalım Mərakeşə gedib. Heç nəyi vecimə almayıb, nəyin bahasına olur-olsun hökmən Portağal cəngəlliyinə düşəcək, onun nəfəs aldığı təkrarsız portağal qoxusunu ləzzətlə ciyərlərimə çəkəcək, gəzdiyi küçələrdə gəzəcək, ola bilsin, hətta oturduğu skamyada da oturacaqdım. Sevilyaya getməyim üçün təkcə elə bunlar kifayət idi, üstəlik, ümid edirdim ki, axtardığım izləri elə Portağal cəngəlliyinin özündəcə tapacam. Əlbəttə ki, əgər ora düşmək qismət olsa – dərin xəndəklərin əhatəsində olanbu cür müqəddəs yerin quduz köpəkli ciddi gözətçilər tərəfindən qorunduğunu istisna etmirdim.

Amma təyyarə Sevilyaya enəndən cəmisi yarımca saat sonra mən artıq orada idim. Bol meyvəli portağal ağaclarının cərgə ilə əkildiyi, bir ucu böyük kilsəyə bitişik çox gözəl, səliqə-sahmanlı bir bağ – Portağal meşəsi!

Amma Portağal Qız bağda yox idi. Fikirləşdim ki, yəqin, şəhərə gedib, tezliklə qayıdar…

Ayıq başla düşünməyə çalışır, özümü inandırmaq istəyirdim ki, onunla belə tez rastlaşacağıma ümid etməməliyəm. Ən azından, ilk günlərdə bu mümkün deyil. Buna görə bağda üç saatdan çox qalmadım. Ancaq gedəndə, hər ehtimala qarşı, kağıza bir-iki söz yazıb ağacların arasındakı köhnə fəvvarənin üstünə qoydum. Yazmışdım: Mən də səni düşünürəm. Yox, daha gözləmək iqtidarında deyiləm.

İmzasız-filansız. Uçmasın deyə üstünə balaca bir daş qoyduğum kağızın, hətta kimə ünvanlandığını da göstərmədim, təkcə naşı cizgilərlə guya öz sifətimin şəklini çəkdim. Əlbəttə, bu mənim sifətimə qəti oxşamırdı, amma şübhə etmirdim ki, Portağal Qız kağızı görəndə şəklin kiminki olduğunu biləcək. Zənnimcə, o tezliklə bura qayıtmalıydı. Ən azından, poçtu götürmək üçün portağallığa baş çəkməliydi, ya yox?!

Kağızı daşın altına qoyandan saat yarım sonra artıq şəhərdə gəzirdim, ancaq birdən mənə çatdı ki, səhvə yol vermişəm.

Axı Portağal Qız son görüşümüzdə demişdi: sənə yarım il gözləmək lazım gələcək; gözləyə bilsən, onda biz təzədən görüşəcəyik. Soruşanda ki, bəs niyə bu qədər çox gözləməliyəm, aydınca izah eləmişdi: məhz bir belə gözləməliyəm; əgər bu möhlətə dözə bilsəm, onda növbəti yarım ildə hər gün görüşəcəyik.

Başa düşürsənmi, Georq? Mən qaydanı pozmuşdum, Portağal Qızı yarım il görmədən keçinə bilməmişdim, deməli, növbəti yarım ildə hər gün görüşməyimiz də alınmayacaqdı.

Onun şərtini anlamaq asan idi, yerinə yetirmək isə çətin. Hər nağılın öz qaydası var, nağılları bir-birindən fərqləndirən də, yəqin, elə budur. Özü də bu qaydaları anlamağa lüzum yoxdur, sadəcə, onlara qeyd-şərtsiz əməl etmək lazımdır. Yoxsa vəd doğrulmaz!

Bax belə, Georq. Niyə Zoluşka ziyafətdən evə mütləq saat on ikini vurmazdan qabaq qayıtmalıydı? Bilmirəm, Zoluşka da bilmir. Ancaq əgər özünü heyrətamiz nağılın ixtiyarına buraxırsansa, gərək bu barədə soruşmayasan. Gərək şərtləri qəbul edəsən, lap bu şərtlər səfeh görünsə belə. Şahzadəni əldə etmək üçün Zoluşka ziyafətdən evə mütləq saat on ikidən qabaq qayıtmalıdır. Qısa və aydın. Qayda qaydadır və ona riayət eləmək lazımdır. Yoxsa Zoluşka özünün bal paltarından məhrum olar, karetası da balqabağa çevrilərdi. Ona görə gecə yarı olmamış özünü evə yetirməyə can atırdı. Bu, Zoluşkaya qismət oldu, ancaq yolda ayaqqabısının tayını itirdi. Bədxah bacılar isə bütün qaydaları pozdular, bu səbəbdən də axırları pis qurtardı.

Mənim nağılımda başqa mətləblər vardı: əgər Portağal Qızı əlindəki iri paketlə dalbadal üç dəfə görsəm, o mənim olacaqdı. Onu Milad axşamında görməyimə icazə verilmişdi, hətta daha artığına – bayram zəngləri çalınanda gözlərinə baxmağa, əllərimi gümüş sancağına toxundurmağa iznim olmuşdu. Bundan sonra tək bir sınağa dözməliydim – onu yarım il görməməliydim. Niyəsini soruşma, Georq, sadəcə, qaydalar belədir. Əgər bu sonuncu və həlledici qaydanı pozsam, yəni Portağal Qızı yarım il gözləməyə səbrim çatmasa – bütün əvvəlki səylərim puç olacaq və hər şeyi itirəcəkdim.

Cəld dönüb geriyə, portağallığa qaçdım. Amma kağız yerində yox idi. Onun məhz Portağal Qızın əlinə keçməsinə əmin deyildim – kağızı istənilən Norveç turisti də götürə bilərdi.

Kağızın üstünə qoyduğum daşı görməyə macal tapmamış (dediyim kimi kağız artıq orda yox idi), ağlıma yeni fikir gəldi. Bu fikir mənə müəyyən ümid verirdi, baxmayaraq ki, qaydaları pozmuşdum. Görürsən də, Georq.

Portağal Qız birinci özü yazmışdı, çünki onda mənim ünvanım vardı. Mən yalnız cavab vermişdim, amma qızın adresini bilmədiyim üçün cavabı özüm çatdırmağa məcbur olmuşdum – mənə salam göndərdiyi yerə kuryer poçtu ilə. Ona görə, əslində biz kvit idik. Məncə, Portağal Qız qaydanı pozmuşdu. Necə düşünürsən? Sən bu nağılın qaydalarını məndən pis bilmirsən.

Düzdür, öz açıqçasında məndən bir az da dözməyimi xahiş edirdi. Belə baxanda, o, yalnız aramızdakı sazişi təzələmişdi. Mənim cavabımsa bu olmuşdu ki, təklif edilən şərtlərə əməl etməyi bacarmıram, daha doğrusu, indən belə şərtə əməl etmək istəmirəm.

O yazmışdı: Mən səni düşünürəm. Bir az da gözləyə bilərsənmi?

Bəs əgər daha gözləyə bilmirəm cavabını versəydim, onda, səncə, Portağal Qızın cavabı necə olmalıydı?

Yox, bunlardan baş çıxara bilmirdim. Olduqca maraqlı tərəf idim və mənə yalnız onu tapmaq qalırdı.

Sevilyada, ümumiyyətlə, İspaniyada heç vaxt olmamışdım. Ancaq turist axınına qoşulub, tezliklə şəhərin köhnə yəhudi məhəlləsində – adına Santa Cruz deyilən, portağal ağaclarının əhatəsindəki iri məbədin ərazisində peyda oldum. Portağal Qızın axtarışıyla meydanları dolaşa-dolaşa, axırda, açıq havadakı kafelərin birində, qollu-budaqlı portağal ağacının kölgəsində özümə boş yer tapdım. Santa Cruzdakı bütün meydanları gəzmişdim, bura ən gözəli idi, adı da – Plaza de la Alianza.

Oturub fikirləşirdim: əgər böyük şəhərdə kimisə axtarırsansa və onun harada ola biləcəyi barədə dəqiq təsəvvürün yoxdursa, onda şəhərdə veyillənməkdənsə, yaxşısı budur, mərkəzdə oturub, axtardığın adamın gec-tez peyda olacağını, öz ayağıyla birbaşa gəlib üstünə çıxacağını gözləyəsən.

Georq, sən bu barədə şəxsi rəyini quraşdırmazdan qabaq axırıncı ifadəni iki dəfə oxu. Mən belə düşünürdüm: Sevilyanın dilbər guşəsi Santa Cruz, onun da ən gözəl meydanı Plaza de la Alianza adlanır. Əgər Portağal Qızın mənə azacıq oxşarlığı varsa, gec-tez mütləq bura, oturduğum yerə gələcəkdi. Biz bir dəfə Oslodakı kafedə görüşmüşdük, bir dəfə də kilsədə. Təsadüfi qarşılaşmalar bizə daha tez-tez qismət olurdu.

Odur ki, ta zəfər qazananacan kafedə oturmağa qərar verdim. Hələ saat üçü keçməmişdi; mən Plaza de la Alianza meydanında azından səkkiz saat otura bilərdim. Bu müddət heç də uzun görsənmirdi. Yaxınlıqdakı kiçik bir pansionda özümə otaq tutmuşdum (bunu hələ Osloda olarkən sifariş etmişdim), orda mənə bildirmişdilər ki, gecə saat on ikiyəcən qayıtmalıyam, çünki sonra qapı bağlanır. (Hətta ispan pansionlarında da özlərinin əməl etdiyi qaydalar var!) Qərara aldım ki, əgər Portağal Qız saat ona kimi gəlib çıxmasa, sabahısı gün səhər açılandan axşam düşənəcən bütün günü burada oturacam.

Oturub gözləyirdim; gəlib-gedənə tamaşa edirdim – həm yerlilərə, həm turistlərə. Fikirləşirdim ki, bizim dünyamız – gözəl məkandır. Əhatə olunduğum hər şeyin doğurduğu eyforiya yenə məni ağuşuna almışdı. Bu dünyada yaşayan bizlər kimik? Bu meydandakı hər adam düşüncə və xatirələrlə, arzu və cəhdlərlə dolu bir xəzinə, bir dəryadır. Mən öz dünyəvi həyatımın mərkəzində idim, ancaq bu, meydandakı bütün adamlara da aid idi. Məsələn, ofisianta. O, kafeyə gələn hər müştəriyə qulluq göstərməliydi və mənim sifarişim vur-tut bir fincan qəhvədən ibarət olduğu üçün, onun fikrincə, masanı qədərindən artıq məşğul edirdim, axı burada oturmağım üç-dörd saat çəkmişdi. Yarım saatdan sonra qəhvə fincanım dördüncü dəfə boşalanda, o, tələsik masama yaxınlaşdı və nəzakətlə soruşdu ki, qəhvənin haqqını ödəmək istəyirəmmi. Amma mən gedə bilməzdim, axı Portağal Qızı gözləyirdim. Ona görə də yüngül ispan qəlyanaltısı sifariş etdim, bir də kola. Fikirləşdim ki, Portağal Qız gələnəcən nə pivə içəcəm, nə çaxır; gələndə isə birlikdə şampan içərik. Amma o gəlib çıxmaq bilmirdi, heç yanda görsənmirdi. Saat yeddini vuranda başa düşdüm ki, hesabı ödəməliyəm. Birdən özümün nə qədər sadəlövh olduğumu dərk etdim. Sevilyadan göndərilmiş açıqçanı evdə poçt qutusundan çıxardığım vaxtdan bəri neçə gün keçmişdi; bir o qədər də bura gəlməyə sərf etmişdim. Portağal Qız əvvəllər olduğu kimi əlçatmaz idi, heç şübhəsiz, onun mənimlə siçan-pişik oynamaqdan daha vacib işləri vardı, ola bilsin, indi haradasa, Salamankada, yaxud Madriddə ispan dili öyrənirdi. Hesabı ödəyib kafedən çıxmağa hazırlaşdım. Məni düzgün nəticə çıxarmaq qabiliyyətimin olmamasının peşmançılığı üzürdü və qərara aldım ki, günü sabah təzədən Norveçə qayıdım.

Bilmirəm, sən haçansa səylərinin puça çıxmasının peşmançılığını çəkmi­sənmi? Məsələn, vacib nəsə almaqdan ötrü qarda-palçıqda şəhərdə xeyli yol ölçürsən, mağazaya isə bağlanmasından cəmisi iki dəqiqə gec çatırsan. Belə şeylər adamı dilxor edir, amma ən çox da öz səfehliyinə sinirlənirsən. İndi məni çulğayan məhz səylərimin əbəsliyindən doğan həmin o xəcalət hissi idi. Amma mən axı tramvayla şəhərə getməmişdim, açıqçadan başqa əlimdə heç nə olmadan bircə adamını da tanımadığım Sevilyaya gəlmişdim; çirkli pansiondan savayı, getməyə yerim yox idi, özüm də ispanca danışa bilmirdim. Az qalırdım sifətimə yağlı bir şillə çəkim, hərçənd bu şit çıxar, həm də mənə lap ayıb olardı. Amma söz verdim ki, özümü başqa cür cəzalandırım. Üsullar çox idi, özümə söz verə bilərdim ki, həyatda başıma nə iş gələcəyindən asılı olmayaraq, bir də bu Portağal Qızın adını tutmayacam.

Və elə bu vaxt o gəldi, Georq, gəldi!

Plaza de la Alianza meydanında qəfil peyda olanda, saat səkkizin yarısıydı!

Mən o qollu-budaqlı portağal ağacının altında dörd saat yarım oturandan sonra, Portağal Qız yüngül addımlarla meydana qədəmlərini basdı, – əlbəttə ki, köhnə anorakda yox. Əndəlüs subtropik ölkədir. Əynində düz qarşımdakı divar boyu bitən buqenville gülü rəngində al-qırmızı yay paltarı vardı. Lap nağıllarda olan kimi. Fikirləşdim ki, bəlkə, paltarı Yatmış Şahzadə qızdan götürüb, ya da hansısa pərinin əynindən çıxarıb?

Məni görmədi. Meydanın toranlığı qatılaşırdı. İstiydi, hətta çox istiydi, amma məni birdən-birə titrətmə tutmuşdu.

Bu yerdəcə gördüm ki, – səndən heç nəyi gizlətmək istəmirəm, Georq, – böyründə təxminən iyirmi beş yaşlı bir oğlan da var. Açıq rəngli uzunsaqqalı olan ucaboy, qamətli bir gəncdi; görkəmindən qütb tədqiqatçısına oxşayırdı. Yox, ona kifir deməzdin – ən çox xoşuma gəlməyən də elə bu idi. 

Beləliklə, mən uduzdum. Amma günah özümdəydi. Qaydanı pozmuşdum. Böyük vədə xilaf çıxmışdım. Özümə mənsub olmayan bir şeyə əl uzatmışdım, qaydaları ixtiyarımda olmayan nağıla baş vurmuşdum. “Məni yarım il gözləməyin lazım gələcək, – demişdi. – Əgər yarımca il gözləyə bilsən, biz təzədən görüşərik…”

Nəhayət, onlar məni gördülər; bu vaxt, yəqin, sobaya oxşayırdım – şahzadə, ögey ananın və bədxah bacıların zülmündən azad eləyənəcən Zoluşkanın külünü təmizlədiyi sobaya. «Onlar» dedim, çünki məni birinci Portağal Qız yox, saqqallı cavan gördü. (Georq, sən nəsə başa düşürsən? Özüm heç nə başa düşmürəm). O, Portağal Qızın əlindən yapışıb məni nişan verir, özü də elə qışqırırdı ki, səsi bütün meydana yayılırdı: “Yan Ulav! Yan Ulav!”. Ləhcəsindən danimarkalı olduğunu kəsdirsəm də, qabaqlar onu heç vaxt görməmişdim.

Bunlar bir anın içərisində baş verdi, amma çalış bunu təsəvvür edəsən: Portağal Qız məni ağacın altında görür; gözünü üzümə zilləyib meydanın tən ortasındakı iri fəvvarənin böyründə donub qalır. Deyəsən, donun açılması uzun çəkir – bir, ya iki saat bundan xilas ola bilmir. Lakin özünə gəlir, həm də çox tez. Eynən nağıldakı kimi: Yatmış Gözəl yüz il yuxuda olmuşdu, oyananda isə elə bilirdi, bir dəqiqə bundan əvvəl yuxulayıb.

Tez üstümə qaçır, boynumu qucaqlayıb, danimarkalının dediyini qulağıma dönə-dönə pıçıldayır: “Yan Ulav!”, “Yan Ulav!”, “Yan Ulav!” Sonra danimarkalının növbəsi çatır. Köntöy addımlarla masaya yaxınlaşır, qüvvətli əlini mənə uzadıb sevincək səslə deyir: “Səni sağ-salamat gördüyümə şadam, Yan Ulav!”

Portağal Qız artıq masanın arxasında oturub, gənc oğlan isə əlini onun çiyninə qoyub deyir: “Üçüncü artıqdır, mən – üçüncüyəm”. Bu sözləri deyə-deyə dala çəkilib bizə əl yellədir, geri dönüb ağır addımlarla meydandan keçir. Nəhayət, gözdən itir. Biz ondan ayrılırıq. Xeyirxah mələklər hazırda mənim tərəfimdədir.

Portağal Qız masa arxasında mənimlə üzbəüz oturub, əlini əlimin üstünə qoyub mehribancasına üzümə gülümsəyir; bir az məzəli, amma mehribancasına.

“Sən dözmədin, – deyir, – məni gözləməyi bacarmadın!”

“Bacarmadım, – deyirəm, – çünki qəlbim qan ağlayır”.

Görürəm hələ də gülümsəyir. Mən də gülümsəməyə çalışıram, amma alınmır.

“Belə çıxır ki, şərti pozmuşam”, – əlavə edirəm.

Bir müddət fikrə gedib, sonra deyir: «Bəzən həyat bizi gözləməyə məcbur edir. Mən sənə yazmışdım. İstəyirdim bir az da gözləməyə gücün çatsın».

Çiyinlərim əsir.

“Deməli, mən uduzmuşam”, – deyirəm.

“Hər halda, sözə baxmadın, – zorla gülümsəyir. – Amma ola bilər, hələ nəyisə xilas etmək mümkündür”.

“Nə şəkildə”

“Şərtlər hamısı öz qüvvəsində qalır. Məsələ sənin səbrinin çatıb-çatmayacağındadı?”

“Başa düşmürəm”, – deyirəm.

Ehmalca əlimi sıxır.

“Nəyi başa düşmürsən, Yan Ulav? pıçıltıyla soruşur; sanki danışmır, sadəcə, köks ötürür.

“Qaydaları, – deyirəm. – Mən qaydaları başa düşmürəm”.

Və aramızda uzun söhbət başlanır.

Georq! Bizim həmin axşam, həmin gecə danışdığımız bütün sözləri təkrar sənə yazmağa lüzum yoxdur, heç hamısını xatırlaya da bilmərəm. Həm də yaxşı bilirəm ki, bu dəqiqə dilinin ucunda mənə çoxlu sualların var, sən bu suallara tez cavab almaq istərdin.

Elə özüm də ilk növbədə onu öyrənmək istəyirdim ki, Portağal Qız valideynlərimin ünvanını (bu, Sevilyadan göndərilən açıqçaya aiddir) haradan tapıb və ümumiyyətlə, bunlar hamısı necə baş verib. Oturub sual dolu baxışlarımı ona zilləmişəm. Birdən qız mehribancasına soruşur: “Yan Ulav… Yəni doğrudanmı məni xatırlamırsan?”

Heyrətə gəldim. Qabaqlar heç vaxt görməmiş kimi zəndlə üzünə baxmağa çalışdım. Qara gözlər, sifətin aldadıcı ifadəsi. Baxışlarım çılpaq çiyinlərinə doğru sürüşdü, – buna etiraz eləmədi, – sonra da hava kimi yüngül paltarına.

O, mənə çətin bir tapmaca vermişdi, mənsə qışdakı nadir görüşlərimizə əsasən yalnız Portağal Qızı xatırlaya bilirdim. Əgər onu başqa haradasa görmüşdümsə də, qəti yadıma gəlmirdi və indi yalnız onu düşünürdüm ki, bu qeyri-adi dərəcədə gözəl məxluqu ya Tanrı yaradıb, ya Piqmalion.[3] Həmin o Piqmalion ki, məhəbbət ilahəsi halına acıyıb, surətini mərmərə həkk edərək xəyali sevgilisinə can vermişdi.

Portağal Qızı axırıncı dəfə görəndə əynində qara qış paltosu vardı. İndi isə elə yüngül geyinmişdi ki, özümü saxlaya bilməyib həyəcandan titrəyirdim; mənə elə gəlirdi ki, ona çox yaxınlaşmışam. Amma onda tanış heç nə görmürdüm, bəlkə, məni çaşdıran da elə bu idi?

“Çalış məni yadına salasan, – dedi. – Bunu elə istəyirəm ki…”

“Onda, heç olmasa, nəsə bir ipucu ver, tanış bir söz de”, – xahiş elədim.

“Hümleveyen, ay səfeh! Hümleveyen!”

Hümleveyen. Mən Hümleveyendə doğulub-böyümüşəm, bütün ömrüm orada keçib. Adamstyuendə son yarım ildə yaşayırdım.

“Ya da İrisveyen”, – dedi.

İrisveyen də orada idi. Hümleveyen İrisveyendən başlayırdı.

“Onda Klyöverveyen!”

Bu da qonşuluqda idi. Klyöverveyendəki villaların arasındakı hündür təpədə uşaq vaxtı tez-tez oynayırdım. Təpəni ağaclıq və kolluq basmışdı. Deyəsən, orada qumqabı və yelləncəklər vardı. Təzəlikcə ora bir neçə skamya da qoyublar.

Başımı qaldırıb yenə onun üzünə baxdım. Və bədənim əsdi. Adətən adam dərin hipnozdan ayılıb özünə gələndə belə olur. Qızın əllərini bərk-bərk sıxdım. Az qala, ağlayacaqdım.

“Verunika!” – nəhayət, dilimdən çıxdı.

Qız məmnuncasına gülümsədi. Ancaq mənə elə gəldi ki, gözlərində yaş parladı.

İndi yalnız və yalnız gözlərinə baxırdım. Utancaqlığım yerli-dibli yoxa çıxmışdı. Özümü büsbütün onun ixtiyarına vermişdim və xeyli də rahat idim.

Yəqin, dünyada heç bir yaxınlıq, bir-birinə qaynayıb-qarışan iki baxışla müqayisəyə gəlməz.

Qonurgözlü qız İrisveyendə yaşayırdı. Ayaq açıb yeriməyə, dil açıb danışmağa başladığımız vaxtdan, hər gün bir yerdə oynamışdıq. Birlikdə birinci sinfə getmişdik, amma Milad bayramından sonra Verunika ailəsi ilə birgə Oslodan köçmüşdü. Onda bizim yeddi yaşımız vardı. İntəhası, on üç ildə  bir dəfə də olsun görüşməmişdik.

Biz onunla Klyöverveyendəki həmin təpədə, kolluğun, güllərin, ağacların arasında oynayırdıq. Ortaq dələ həyatımız orada keçirdi, hə-hə, bu xalis dələ həyatı idi. Əgər o vaxt Verunikanın ailəsi İrisveyendən köçüb getməsəydi belə, qayğısız uşaqlığımız onsuz da tezliklə başa çatacaqdı. Çünki məktəbdə qızlarla oynamağa meyilli olduğumu lağa qoyub, məni cırnadırdılar.

O vaxt hansımızınsa evdə eşitdiyi və oynayarkən birgə oxuduğumuz mahnı yadıma düşdü: “Oğlanla qız yaşayırdı ikilikdə… öz nağıllar dünyasının səltənətində…”

“Amma sən məni tanımadın…”

Başa düşdüm ki, o hələ də bir qədər pərt, hətta incikdir. Birdən qarşımda iyirmi yaşlı yetkin qızı yox, yeddi yaşlı bir qızcığazı gördüm.

Bir də baxdım. Al qırmızı paltar inanlmaz dərəcədə zərif idi. Nazik geyimin altında titrək bədənin necə nəfəs aldığını, hər nəfəs çəkəndə dənizin qəşəng sahilə toxunan xırda ləpəsi kimi nə cür qabardığını görürdüm – qəşəng sahil isə onun nazik paltarı idi.

Başımı qaldırıb yuxarı baxdım, portağal ağacının yarpaqları arasında gözümə sarı kəpənək sataşdı. Bu həmin gün gördüyüm birinci kəpənək deyildi. Kəpənəyi ona göstərib dedim: “Axı mən kəpənəyə dönmüş balaca kuklanı necə tanıyaydım?”

“Yan Ulav!” – sözümü ciddiyyətlə kəsdi. Və qızcığazın qadına çevrilməsi barədə daha heç bir söz deyilmədi.

Amma ürəyimdə hələ də çoxlu sualım vardı. Portağal Qızla görüş məni, az qala, mühakimə qabiliyyətindən məhrum edib, bütün varlığımı əlimdən almışdı.

Dərhal mətləbə keçdim.

“Biz Osloda görüşdük. Təxminən üç dəfə. O vaxtdan, demək olar, başqa heç nə barədə düşünməmişəm. Sonra sən yoxa çıxdın, uçub getdin. Səni tutub saxlamaq yalın əllə kəpənəyi tutmaqdan çətin idi. Bəs yenidən görüşmək üçün altı ay gözləmək nəyə görə lazım idi?”

Əlbəttə, ona görə ki, Sevilyaya getməliydi. Burası aydın idi. Amma nəyə görə yarım ili İspaniyada keçirməliydi? Yoxsa bu danimarkalıya görə?

Onun nə cavab verəcəyini bilmək səninçün asandı, Georq, axı sən ananın nə işlə məşğul olduğunu bilirsən! Mənsə cavabı bilmirdim. Yəqin, holldan asılmış portağal ağacının rəsmi hələ də öz yerindədir. Anan adətən deyir ki, – təbii, mən bu məktubu yazdığım vaxtlar, – artıq bu rəsmin dövrü keçib. Ancaq güman edirəm ki, sənin xatirinə onu heç kəsə bağışlamayıb, aparıb çardağa da atmayıb. Əgər şəkil hollda yoxdusa, anandan onun yerini soruş.

Cavab isə belə oldu: “Məni Bədaye məktəbinə qəbul etdilər, daha doğrusu, təsviri sənət kursuna. Mən də özümə qəti söz vermişəm ki, kursu bitirəcəm, bu mənim üçün çox vacibdir”.

“Təsviri sənət məktəbinə? Bəs bunu mənə Milad axşamında niyə demədin?”

Bir qədər susdu, mənsə sözümə davam elədim: «Yadındadı, qar necə yağırdı? Saçını necə sığallamağım, kilsə zənglərinin qəfildən necə səslənməsi yadındadı? Bəs taksinin gəlməsi necə? Taksi gəldi, sən də minib yoxa çıxdın!»

“Hamısı yadımdadır. Film kimi. Romantik filmin birinci səhnəsi kimi”.

“Onda başa düşmürəm, bu məxfiliklər sənin nəyinə lazım idi?”

Sifəti ciddiləşdi. “Deyəsən, sən mənim xoşuma tramvayda gəlmişdin. Belə deyim: yenidən xoşuma gəldin, ancaq ayrı cür. Sonra bir neçə dəfə də görüşdük. Amma düşündüm ki, yarım il gözləyə bilərik. Düşündüm ki, bu bizim xeyrimizə olar. Uşaq vaxtı bir-birimizə çox yaxın idik, indi uşaq deyilik axı. Bir-birimiz üçün bir qədər darıxmaq xeyrimizə olardı. Ən azından ona görə ki, oyunu köhnə adətimiz üzrə başlamayaq. İstəyirdim məni təzədən tanıyasan. Necə ki, mən səni tanıyıram. Ona görə də kim olduğumu sənə bildirmədim”.

Nə cavab verdiyimi dəqiq xatırlamıram, Portağal Qızın dediklərinin hamısı yadımda deyil, amma söhbətimiz nə qədər uzanırdısa, bir mövzudan o birinə, bir epizoddan digərinə də bir o qədər çox keçirdik.

“Bəs daniyalı?” – münasib məqam düşəndə soruşdum. Sualım yalvarış kimi səsləndi. Bu, səfehlik idi. Özümü xalis idiot hesab elədim.

Cavab qısa və sərt oldu: “Adı Mogensdir. O da təsviri sənət məktəbində oxuyur. Çox qabiliyyətlidir. Burada Skandinaviyadan kiminsə olması mənə xoşdur”.

Gözlərimə qaranlıq çökdü. Soruşdum ki, bəs mənim adımı haradan bilir?

Qızardığını hiss etdim, amma and içə bilmərəm. Bəlkə də, qırmızı paltarına görə idi. Hava qaralmışdı, meydana yalnız bir cüt fənər işıq salırdı. Biz bir şüşə şərab sifariş elədik – “Ribera del Duero”.

Cavabı çox ləngimədi: “Sənin portretini çəkmişəm, adı da “Yan Ulav”dır. Yaddaşdan çəkmişəm, amma oxşayır. Mogensin xoşuna gəlir. Vaxtı gələndə görərsən.

Deməli, öz sifətini açıqçada özü çəkibmiş! Bu indi mənə aydın oldu. Amma bir sual içimi göynədirdi: “O dəfə ağ «Toyota»da oturan kim idi? Bu, Mogens ola bilməzdi!”

Cavab əvəzinə güldü, sanki söhbətin mövzusunu dəyişmək istədi. Sonra nə desə yaxşıdır: “Elə bilirsən o vaxt səni Yunqstorgetdə görmədim? Axı mən ora səninçün, sənə görə gəlmişdim!”

Heç nə anlamadım, mənə elə gəldi ki, eyhamla danışır. Amma o, sözünə davam elədi: “Əvvəl biz tramvayda rastlaşdıq. Sonra şəhəri ələk-vələk elədim, sənin hansı kafeyə gəldiyini öyrəndim. Qabaqlar heç vaxt kafeyə getməzdim, amma bir dəfə Velaskesin təzəcə aldığım reproduksiya albomu ilə ora girdim. Kafedə oturub albomu vərəqləyir, gözləyirdim…”

“Məni?”

Səfeh sual idi, başa düşürdüm. Əsəbi cavab verdi: «Yəni, doğrudan, elə düşünürsən ki, axtaran yalnız sən idin? Axı mən də bu tarixçənin bir hissəsiyəm. Heç də sənin tutmaq istədiyin kəpənək deyiləm”.

Daha bu mövzuya toxunmaq istəmirdim, təhlükəli ola bilərdi. Soruşduğum yalnız bu oldu: “Bəs Yunqstorget?”

“Uşaq olma, Yan Ulav! Mən axı izah elədim. Fikirləşirdim ki, Yan Ulav harada ola bilər, məni tapmaq üçün haralara baş çəkə bilər, yəni iri portağal paketiylə iki dəfə görəndən sonra məni tapmaq üçün hara üz tutar? Əminliyim yox idi, amma qərara gəldim ki, yəqin, bizim ən böyük meyvə bazarımızda axtararsan. Səninlə rastlaşmaq üçün dəfələrlə ora getdim. Ayrı yerlərdə də olurdum. Klyöverveyendə də olurdum, Hümleveyendə də. Bir dəfə evinizə də baş çəkdim. Qapı açılanda gəldiyimə peşman oldum, amma daha gec idi. Uşaqlıqda gördüyüm köhnə yerlərdən ağlıma gələn nəsə bir şey uydurdum. Öz adımı deyə bilməzdim, desəydim o saat tanıyardılar. Valideynlərin məni içəri dəvət etdilər, tələsdiyimi bəhanə gətirdim. Dedim Sevilyada təsviri sənət məktəbinə qəbul olunmuşam”.

Bunun düz olduğuna inanmaq çətin idi. “Onlar mənə bu barədə heç nə deməyiblər”, – dilimi sürüdüm.

İndi onun dodaqlarında sirli bir təbəssüm vardı, lap elə bil Mona Lizaya oxşadı. Yəqin, ona görə ki, təsviri sənət məktəbi yadımdan çıxmırdı.

“Valideynlərindən xahiş etdim ki, gəlişim barədə sənə heç nə deməsinlər. Bundan ötrü hələ nəsə ağlabatan bir şey də uydurmalı oldum…”

Eşitdiyimə mat qaldım. Cəmisi bir neçə gün əvvəl Sevilyadan göndərilən açıqçanı valideynlərimə göstərmişdim, üstlərinə cumub demişdim ki, evlənirəm. Bilet pulunu niyə belə tez, belə həvəslə vermələri mənə yalnız indi çatdı. Onlar heç soruşmadılar ki, cəmisi bir-iki dəfə Osloda rastlaşdığım qızın ardınca semestrin ortasında durub Sevilyaya yollanmaq nə qədər ağıllı qərardır?

Portağal Qız sözünə davam elədi: «Böyük şəhərdə kimisə tapmaq çətin işdir. Xüsusən də əgər həmin adama təsadüfən küçədə rast gəlmisənsə və onu tapmağı ürəkdən istəyirsənsə. Amma çox vaxt elə bu lazımdır. Mən İspaniyada oxumağa hazırlaşırdım, buna görə də, sərbəst olmalıydım. İki adamın iş-gücü bir-birini axtarmaqla keçirsə, onların hərdənbir rastlaşmasında təəccüblü şey yoxdur».

Mövzunu dəyişdim. Elə bil məkanı da dəyişdim.

“Sən əvvəllər də kilsə ibadətində olmusan?” – soruşdum.

O, qətiyyətlə başını buladı: «Heç vaxt. Bəs sən?»

Mən də başımı buladım.

“Həmin gün ikisaatlıq ibadət vaxtı da kilsəyə baş çəkmişdim. Sonra küçədə dolaşıb növbəti ibadəti gözlədim. Bu dəfə sən artıq gəlməliydin. Axı Milad başlanırdı, həm də mən ölkədən getməyə hazırlaşırdım”.

Deyəsən, xeyli susduq. Amma bir məsələ vardı ki, ona mütləq qayıtmalıydım. Soruşdum: “Deməli, “Toyota”dakı Mogens deyildi?”

“Yox”, – dedi.

“Bəs onda kim idi?”

Cavab ləngidi.

“Heç kim”, – handan-hana dilləndi.

“Heç kim?” – təkrar soruşdum.

–Köhnə məhəbbət kimi bir şey. Gimnaziyada eyni sinifdə oxumuşduq».

Yəqin, mən gülümsədim. Çünki o dedi: “Yan Ulav, bir-birimizin keçmişi bizə aid deyil. Başlıca məsələ budur ki, bizim ortaq gələcəyimiz varmı?”

Bu yerdə ədəbsizliyi özümə rəva gördüm; bunun ucbatından, az qala, ortaq gələcəyə inamdan məhrum olacaqdıq. Dedim: “To be two or not to be two? That is the question”[4]

Məncə, sözlərim ona bir qədər səfeh göründü. Təəssüratı yumşaltmaq üçün başqa şeydən danışdım. «Bəs bu portağallar nə məsələdir? O qədər portağal sənin nəyinə gərəkdi, neyləyirdin onları?»

Bəs deyincə gülüb, sonra dedi: “Deməli, onlar səni maraqlandırıbmış! Bu portağallar Yunqstorgetdə sənin diqqətini cəlb etməkdə mənə kömək oldu. Onlar səni Qrenlandiyaya yürüş barədə danışmağa məcbur elədi. Səkkiz qoşqu iti, on kilo portağal”.

Bunu danmasam da, sözümü təkrar elədim: «Axı onları neyləyirdin?»

Gözümün içinə baxdı, eynən Osloda baxdığı kimi. Sonra ağır-ağır dilləndi: “Şəklini çəkmək istəyirdim”.

Portağalların şəklini çəkmək? Çaşıb qalmışdım. “Hamısını birdən?” Başını ehmalca tərpədib təsdiqlədi: “Mənə lazım idi ki, portağal çəkməyi Sevilyaya yolanmaq ərəfəsində öyrənim”.

“Amma bu qədər çox?”

“Hə, bu qədər çox. Mən məşq edirdim”.

Başımı təəccüblə buladım. Nəsə mənə çatmadı. Bəlkə, zarafat eləyirdi? “Axı sən bir dənə portağal alıb, onun şəklini kefin istəyən qədər çəkə bilərdin”.

Boynunu peşmancasına yana əydi: “Belə görürəm ki, bu günlərdə biz səninlə çox şeylər barəsində danışmalıyıq, deyəsən, sənin bilmədiyin çox şey var”.

«Mən nəyi bilmirəm ki?»

«Bir-birinin eyni olan iki portağal mövcud deyil, Yan Ulav. Hətta adicə otlar da bir-birindən fərqlənir. Bax ona görə sən bura gəlmisən».

Özümü lap səfeh sandım. Onun nəyi nəzərdə tutduğu mənə aydın deyildi. «Deməli, bunların hamısı dünyada iki eyni portağal olmadığına görədi?»

«Sən bu boyda yolu Sevilyaya ondan ötrü gəlməmisən ki, adi bir qızla görüşəsən. Əgər belədirsə, deməli, sən ağacları ucbatından meşəni görmürsən. Avropada kefin istəyən qədər qız var, meşələr də bəs deyincədir. Sən məni tapmağa gəlmisən, mənsə – təkəm, məndən bircə dənədir. Sevilyadan göndərdiyim açıqcanı da mən Oslodakı hansısa adama ünvanlamamışam. Mən onu sənə göndərmişəm. Xahiş etmişəm ki, əlindən buraxmayasan; mənə inanasan, etibar edəsən».

Biz kafe bağlanandan sonra da xeyli danışmışdıq. Nəhayət, ayağa qalxanda məni altında oturduğumuz portağal ağacına tərəf çəkdi, ya mən onu apardım, yadımda deyil. «İndi isə məni öpə bilərsən, – dedi, – axır ki səni əsir götürməyə müvəffəq oldum».

Əlimi onun kürəyinə qoyub, dodağımı yüngülcə dodağına toxundurdum. «Yox, – dedi, – yaxşı-yaxşı öp! Əsil öpüşlə! Özün də bərk-bərk qucaqla».

O cür də elədim. Axı qaydaları Portağal Qız diqtə edirdi. Onun dodaqlarında vanil tamı vardı, saçlarından isə təzə limon ətri gəlirdi.

Birdən mənə elə gəldi ki, portağal ağacının başında iki şıltaq dələ oynaşır. Bilmirəm hansı oyunu oynayırdılar, amma, görünür, oyunda onları məşğul edən nəsə vardı.

Həmin gecə barəsində ayrı heç nə yazmayacam, Georq, səni bundan xilas edirəm. Amma qulaq as ki, biləsən gecə necə başa çatdı.

Gecəyarısı öz pansionuma qayıtmağa gecikdim. Portağal Qız yaşlı bir xanımdan mətbəxi olan balaca bir otaq kirələmişdi. Otağın divarlarından portağal ağacları, portağal çiçəkləri təsvir olunmuş akvarellər asılmışdı. Küncdə isə mənim yaddaşdan çəkilmiş iri portretim qoyulmuşdu. Portret barədə heç nə demədim. O da bir söz danışmadı. Biz bu nağılın magiyasına çox dərindən baş vurmaq istəmirdik. Hər şeyi sözlə ifadə etmək olmur. Qaydalar beləydi. Amma mənə elə gəldi ki, portretdə gözlərim çox iri, həm də həddən ziyadə mavi alınıb. Sanki məndə olan hər şeyi gözlərimdə cəmləmişdi.

Gecə uzanıb Verunikaya məzəli əhvalatlar danışırdım: dörd bacısı, iki qardaşı və iti olan xəstə keşiş qızından; Qrenlandiya buzlağına xizəklə yürüşdən; səkkiz köpəkli qoşqu və on kilo portağaldan; BMT-nin Portağal seksiyasının məxfi agenti olan və təhlükəli portağal virusuna qarşı rəşadətlə mübarizə aparan diribaş qızdan... Mən uşaq bağçasında işləyən və bir-birinin eynisi olan otuz altı portağal almaq üçün hər gün bazara yollanan qız haqqında bildiklərimin hamısını danışdım. İqtisadiyyat və İstehsalın Təşkili İnstitutunun yüzlərlə tələbəsi üçün portağal jelesi hazırlayan gənc qızı da unutmadım, çoxlarının eybəcər saydığı bu tələbələrdən birinə ərə getmiş və ondan uşaq doğmuş on doqquz yaşlı xanımın həyatından geniş bəhs etdim. Bir də Afrikadakı xəstə uşaqlara gizli yolla portağal və dərman göndərən cəsur, fədakar qızdan danışdım.

Verunika da məndən geri qalmadı: Hümleveyendə və İrisveyendə keçən uşaqlıq xatirələrindən bir neçə epizod söylədi. Onların, demək olar çoxunu unutmuşdum, amma o danışdıqca yadıma düşürdü.

Səhər biz yuxudan ayılanda günəş çoxdan qalxmışdı. Birinci Verunika oyanmışdı; məni oyadarkən hansı hisslər keçirdiyimi heç vaxt unutmaram. Anlamırdım ki, uydurma hardadır, gerçək harada, sanki onların arasında sərhədlər daha mövcud deyildi. Yalnız bir şeyi bilirdim ki, daha Portağal Qızı axtarmaq lazım gəlməyəcək – artıq mən onu tapmışam.

 

İndi elə mən də onu tapmışdım. Artıq bilirdim ki, Portağal Qız kimdir. Əslində, mən bunu dərhal başa düşməliydim – adının Verunika olduğunu bilən kimi...

Bu yerə çatanda anam yenə qapını döydü: “Saat on birdir, Georq. Süfrə açmışıq. Sən hələ qurtarmamısan?”

Cavabım təntənəli oldu: “Hörmətli Portağal Qız, mən sənin barəndə düşünürəm. Bir az da gözləyə bilərsənmi?”

Təbii ki, anamın üzünü görmürdüm, amma qapının o üzündə necə kiridiyini hiss edib dedim: “Həyatda hərdən gözləməyi də bacarmaq lazımdır”.

Heç bir cavab eşitməyib, nəqərat kimi uzatdım: “Oğlanla qız yaşayırdı ikilikdə…”

Qapı arxasında hələ də sakitlik idi. Amma tezliklə anamın qapıya qısıldığını eşitdim. O, pəsdən oxuyurdu: “Öz nağıllar dünyasının səltənətində…”

Ardını oxuya bilmədi, ağladı. Astadan ağlayırdı.

Bağlı qapının arxasından pıçıldadım: “Onlar bütün günü öz nağıl dünyalarında oynamaq istəyirdilər…”

Anam ağır-ağır nəfəs alıb, sonra içini çəkib soruşdu: “Doğrudanmı o... bunu da yazıb?”

“Hə, yazıb”.

Dinmədi, amma dəstəyin tərpənişindən bilirdim ki, getməyib, qapıya qısılıb dayanıb.

“Bir azdan gəlirəm, ana, – pıçıldadım. – Cəmisi on beş səhifəm qalıb”.

Yenə susurdu, yəqin, danışa bilmirdi. Sözlərimin nə ilə nəticələnə biləcəyini ağlıma gətirməmişdim.

Yazıq Yorgen, fikirləşdim. Bu dəfə ona ikincidərəcəli rolla kifayətlənmək lazım gələcək. Miriam yatırdı. Hazırda söhbət mənim doğma atamdan, anamdan və özümdən gedirdi. Onda hamımız Hümleveyendəki evdə yaşayan balaca bir ailə idik. Qonaq otağında isə bizi, həmin evi çoxdan tikmiş babamla nənəm gözləyirdi. Yorgen bizdə yalnız qonaq kimi olurdu.

Oxuduqlarım barədə yaxşı-yaxşı fikirləşmişdim. Vacib olan nələrsə artıq aydınlaşmışdı. Atam heç də məni gic yerinə, uşaq yerinə qoymurdu. O, Portağal Qız haqqındakı hekayəni özündən quraşdırmamışdı. Ola bilsin, hamısını demirdi, ancaq dedikləri həqiqət idi.

Portağal ağacı təsvir olunmuş rəsmi nəsə xatırlamırdım, onu hollda haçansa gördüyümü heç cür yada sala bilmirdim. Evimizin divarlarından anamın çəkdiyi başqa şəkilllər asılmışdı. Bağımızdakı yasəmən və albalı akvarelləri.

Anamla çox şeylər barəsində danışmaq istəyirdim. Ya da gərək özüm çardaqda eşələnəm. Amma anamın uşaq vaxtı İrisveyendə yaşadığını çoxdan bilirdim. Hətta bir dəfə həmin evdə olmuşdum da – poçt qutumuza səhvən düşmüş məktubu ünvanına çatdırmaq üçün.

Bəlkə, atamın yazdıqlarını axıra kimi oxuyanda portağal rəsmləri barədə daha çox şey öyrənəcəm? Bir şey də maraqlıydı: atam Habbl teleskopu barədə yenə nəsə yazacaqdımı?

Bu teleskop Kainatın genişləndiyini sübuta yetirən astronomun – Edvin Pauel Habblın şərəfinə belə adlandırılıb. Əvvəlcə Habbl kəşf etmişdi ki, Andromed dumanlığı – yalnız bizim qalaktikadakı qazdan və tozdan yaranmış bulud deyil, Kəhkəşana daxil olmayan (ondan kənarda) müstəqil qalaktikadır. Bu kəşf, yəni Süd Yolunun saysız-hesabsız qalaktikalardan tək biri olması, astronomların kosmosla bağlı baxışlarının altını üstünə çevirdi.

Habbl 1929-cu ildə təsdiqləmişdi ki, qalaktika Süd Yolundan nə qədər uzaq dayanırsa, bir o qədər sürətlə hərəkət etməlidir. Astronomun bu ən vacib kəşfi bizim Big Bang,yaxud Böyük Partlayış adlandırdığımız nəzəriyyənin əsasını təşkil edir. Artıq, demək olar, bütün astronomların bölüşdüyü həmin nəzəriyyəyə görə, bizim Kainat 14 milyard il qabaq baş vermiş nəhəng partlayışın nəticəsində yaranıb. Yəni çoxdan, lap çoxdan.

Əgər kosmosun tarixində baş verən bütün hadisələri bir sutkanın şərti sxeminə yerləşdirsək, onda belə demək olar ki, Yer kürəsi axşamüstü yaranıb, dinozavrlar gecəyarısına az qalmış peyda olub, bəşəriyyət isə yalnız son iki saniyədə.

 

Sən mənim hekayətimi oxuyursanmı, Georq? Bax indicə səni baxçaya ötürüb, yenə kompüterin arxasında oturmuşam. Bu gün bazar ertəsidir.

Nəsə kefsiz idin. Hərarətini ölçdüm, qızdırman yox idi. Boğazın, qulağın – hamısı qaydasındadır, limfa vəzilərini yoxladım, heç nə tapmadım. Yəqin, sadəcə, soyuqlamısan, ola bilsin, istirahət günlərində bir az yorulmusan. Hətta o da ürəyimdən keçir ki, naxoşlayıb bütün gün mənimlə bir yerdə olasan. Amma mənə hələ yazmaq da lazımdır axı.

İstirahət günlərini Fellstölendə keçirtdik. Şənbə günü səhər tezdən anan köhnə süd bidonunu götürüb bayıra cumdu, dörd kilo sarı böyürtkənlə geri qayıtdı. Sən küsdün. Dağda böyürtkəni özün yığmaq istəyirdin, əvəzində günortadan sonra tam sərbəst şəkildə düz yarım kilo cır moruq yığdın. Əlbəttə, biz həmin vaxt

DİGƏR MƏQALƏLƏR