ƏDƏBİ MOZAİKA

“Man Buker” mükafatı  irqçilikdən yazan Amerika yazıçısına verildi

 

 Los-Ancelesdə doğulmuş Pol Bitti  bu nüfuzlu mükafata ABŞ cəmiyyətində rast gəlinən  irqi dözümsüzlüyə satirik münasibət bildirdiyi “Endirim” romanına görə layiq görülüb.

Satirik və yumoristik əsərləri ilə tanınan 54 yaşlı yazıçı, "Man Buker" mükafatının münsifləri tərəfindən Mark Tven və Conatan Sviftlə müqayisə olunub.

Bu il mükafat  uğrunda mübarizədə Pol Bittinin rəqibləri Debora Levi (“İsti süd”), Qrem Makri (“Onun qanlı layihəsi”), Ottessa Moşfeyq (“Eylin”), Devid Szali (“İnsanın bütün mahiyyəti”) və Madlen Tyen (“Demə ki, heç nəyimiz yoxdu”) olub.

 

 

M.Bulqakovun ölüm sirri

 

Məşhur “Master və Marqarita”nın müəllifi Mixail Bulqakovun ömrünün son illərində böyrək çatışmazlığından əzab çəkdiyi və nakotik tərkibli dərman – morfi qəbul etmək məcburiyyətində qaldığı məlumdur. Amma yazıçının bu dərmanın aludəçisinə çevrilib-çevrilmədiyi, araşdırmaçı mütəxəssisləri hələ də düşündürür. Romanın əlyazmasını diqqətlə tədqiq edən alimlər, ağrıkəsici maddənin izlərini aşkar ediblər. Alimlərin yeni işi yazıçını məhv etmiş xəstəliyin bioloji əlamətlərinin  əlyazmalarda axtarışına həsr olunub. Professor Pyer Riqettinin rəhbərlik etdiyi beynəlxalq təhqiqat qrupu romanın 127 səhifəsinin onunda araşdırma aparıb, nəticədə yazıçının morfi qəbul etdiyi təsdiqini tapıb. O, bu dərmanı məhz irsi böyrək xəstəliyi – hipertonik nefrosklerozun ağrılarını kəsməkdən ötrü istifadə edib. On səhifədən səkkizində xəstəliklə bağlı zülal molekulları i

dentifikasiya edilib. Bu isə vaxtilə həmin əlyazmaları müsadirə etmiş NKVD əməkdaşlarından deyil, məhz bu patoloji xəstəliyin daşıyıcısı olan yazıçıdan qaldığını təsdiqləyir.

 

Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb

 

Türk yazıçısı  Orxan Pamuk beynəlxalq “Yasnaya Polyana” mükafatına layiq görülüb.  Mükafat "Xarici ədəbiyyat” kateqoriyasında "Kafamda bir tuhaflık” romanına görə verilib.

Lev Tolstoyun xatirəsi ilə bağlı təsis edilmiş “Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də onların əsərlərinin rus dilinə tərcümə işi mükafatlandırılır. Əsəri mükafata təqdim olunan xarici müəllifə qalib gəldiyi üçün 1 milyon, kitabın tərcüməçisinə isə 200 min rubl verilir.

Xatırladaq ki, Orxan Pamukun mükafata layiq görülən "Kafamda bir tuhaflık” romanı 2015-ci ildə işıq üzü görüb və bir sıra dillərə tərcümə olunaraq, az vaxtda  geniş populyarlıq qazanıb.

 

 

 ABŞ-da Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı çap olunub

 

Əsəri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və amerikalı alim Vilem Floor tərcümə edib. Dramaturqun həyat yoldaşı Həmidə xanım Cavanşirin xatirələri əsasında yazılan kitab belə adlanır: "1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik "Molla Nəsrəddin” jurnalı redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri”.

Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar və "Molla Nəsrəddin” jurnalının illüstrasiyaları ilə zəngin olan kitabın sonunda əsərin müəllifi Həmidə xanımın həyat və yaradıcılığı barədə məlumat verilib.

 

 Şekspir yaradıcılığında Kristofer Marlounun imzası

 

Oksford Universiteti Nəşriyyatında aparılan tədqiqatlar nəticəsində Şekspirin bəzi pyeslərində dramaturq Kristofer Marlounun (1564-1593) imzası olduğu təsdiq edilib. Dünyanın bir çox ölkələrindən gəlmiş iyirmi üç mütəxəssisin iştirakı ilə aparılan araşdırmalara görə Şekspirin qırx dörd əsərindən on yeddisində həmmüəlliflik əlamətləri var. Bu tədqiqatlar hələ də davam edir.

Açıqlamalara görə tezliklə sözügedən nəşriyyatda çap olunacaq Şekspirin əsərlərindən ibarət topluda  “VI Henri” pyesi hər iki müəllifin birgə imzası ilə veriləcək.

Toplunun redaktoru Harri Taylor qeyd edir ki, Şekspirin əsərlərinə Marlounun dəstəyi kifayət qədər nəzərəçarpandı: “Şekspir və Marlou təkcə bir-birindən ilham almır, həm də bir yerdə yazırdılar. XVIII əsrdən bəri “VI Henri”nin bəzi hissələrində Marlounun “barmağı” olduğu deyilsə də, sübutumuz yox idi. Müəyyən sözlərin və ifadələrin müxtəlif yazıçılar tərəfindən hansı sıxlıqda istifadə edildiyini araşdırdıqda Marlounun “VI Henri”dəki “izləri” çox aydın görünür”. 

Xatırladaq ki, araşdırma iki üsulla aparılıb. Əvvəlcə mətnşünaslar Şekspirin və Marlounun əsərlərinin lüğət tərkibini, sintaksis quruluşunu və üslubunu analiz ediblər. Oxşar sözlərin təhlili üçün xüsusi bilgisayar proqramlarından da istifadə olunub. Redaktor başqa versiya da irəli sürüb: “Biz onların hansı formada əməkdaşlıq etdiyini tam bilmirik. Ola bilər ki, Şekspir Marlounun redaktoru imiş”.

 

Qeyd edək ki, Şekspirin müasiri olan Kristofer Marlounun “Doktor Faust” əsəri çox populyardır. Dramaturq başqa bir neçə pyesin də müəllifidi.

 

  

Corc Oruelin heykəli qoyulacaq

Londonun mərkəzində məşhur "1984” romanının müəllifi Corc Oruelin heykəli qoyulacaq. 

Heykəlin BBC agentliyi binasının girişində qoyulması nəzərdə tutulub. Buna səbəb İkinci Dünya müharibəsində Corc Oruelin BBC-də şərhçi kimi çalışması göstərilir. O, 1943-cü ildə vəzifəsinin öhdəsindən lazımınca gələ bilmədiyini etiraf edərək, öz xahişi ilə şirkətdən uzaqlaşıb.

Bürüncdən hazırlanacaq abidə üçün vəsait toplanması artıq başa çatıb. Keçmiş Leyboristlər partiyasının üzvü, Corc Oruelin pərəstişkarı Ben Uitaker bu işdə təşəbbüskar kimi fəallıq göstərib.

Corc Oruelin məşhur "İnsanlara eşitmək istəmədikləri azadlıq və həqiqətdən danışmaq lazımdır” fikri heykəlin postamentində həkk ediləcək.

  

Yazılmamış kitaba görə mükafat

İngiltərədə yeni təsis olunmuş ədəbi mükafatın məbləği  82 min funt-sterlinqdir (100 min dollar). Bu isə nüfuzlu “Bailli Gifford” və “Man Buker” mükafatlarını kölgədə qoyur.  "Nine Dots" ("Doqquz nöqtə") adlandırılan bu yeni təsisat digərlərindən çox fərqlidir. Onun əsas şərti budur ki, mükafata təqdim edilən əsər  hələ yazılmamış olmalıdır. Buna görə, "Nine Dots" öz saytında belə bir sualla yazıçılara müraciət edir: "Rəqəmsal texnologiyalar siyasətlə məşğul olmağı mümkünsüz edirmi?" Tanınmış və ya yeni yazmağa başlayan yazıçılardan bu suala üç min sözlük cavab tələb olunur. Yazıçılar verəcəkləri cavabla öz dəlillərini ətraflı sübut etməlidilər. Mükafat 12 nəfərlik elm adamı, yazıçı və jurnalistdən ibarət münsiflər heyəti tərəfindən, müəlliflərin adları göstərilmədən oxunub dəyərləndiriləcək. Cavabları dəyərləndirənlər arasında Kembric Universiteti nəşriyyatının nümayəndələri də olacaq.

"Nine Dots" Kadas mükafat fondu tərəfindən maliyyələşdirilib.  Fond "bugünki dünyanın etinasız yanaşılan mühüm problemləri"nin tədqiqinə yardımçı olan xeyriyyə təşkilatıdır. Təşkilatçılar bu müsabiqənin "yenilikçi düşüncəyə cəsarət verəcəyinə" ümüd edirlər. Müsabiqə iki ildən bir keçiriləcək və hər dəfə də yazıçılara yeni sualla müraciət olunacaq.

Müsabiqəyə 31 yanvar 2017-ci il tarixinəcən müraciət etmək olar. Nəticələr may ayında açıqlanacaq.

  

Evsiz yazarlar dünyanın ən məşhur kitab mağazasında yaşaya bilərlər

 

Parisdə “Şekspir and Company” deyilən kiçik bir kitab mağazası var. Buranı “Dünyanın ən məşhur kitab mağazası” adlandırırlar. Bu mağaza vaxtilə heç kim cəsarət etmədiyi günlərdə Ceyms Coysun “Ullis”ini çap etdirməyi öz üzərinə götürüb. Müasir dövrün böyük yazıçıları Ernest Hemenquey, Skott Fiscerald, Alen Ginzberq, Cek Keruak, Anais Nin və başqaları üçün bu mağaza həm də uzun illər  qeyri-rəsmi bir yataqxana olub.

1919-cu ildə yaradılmış və hazırda  Parisin 37-ci küçəsində yerləşən bu mağazanın sahibləri onun tarixi haqda, illüstrasiyalar və fotolarla zəngin olan 400 səhifəlik bir kitab buraxıblar.

“Şekspir and Company”in sahibi, amerikan mənşəli Silvia Beax dünyasını dəyişdikdən sonra,  mağaza Georgi Uitmanın tabeliyinə keçib.

98 yaşına qədər mağazanın üstündəki kiçik evdə yaşamış G.Uitman öz kitab evini ora gələnlərin pulsuz şərab içəcəyi və gecə qala biləcəyi yer kimi bir "sosial utopiya" adlandırırdı: "Mən bu kitab evini roman yazan bir adam kimi yaratmışam, onun hər otağı əsərin  bir bölümüdür. Mağazamın qapılarını insanların üzünə açmaq məni xoşbəxt edir, bu yolla mən onlara həm də kitabın sehirli qapılarını açıram".

Mağaza sərsəri yazıçıların xəbərdarlıq etmədən gəlib sığındığı bir məkana çevrilib. G.Uitman belələrini küləklə sovrulan kollara bənzədir və mağazada sığınacaq tapan hər kəsə şərt qoyur: o, hər gün iki saat yazmalı və hansısa kitabdan bir parça oxumalıdır. Belələri mağazanın üst mərtəbəsində rahatça yaşaya bilər.

  

 

Xarmsın məzarı ölümündən 75 il sonra tapıldı

 

Peterburq alimləri yazıçı və şair Danil Xarmsın dəfn edildiyi yeri aşkarlayıblar. Xarms mükafatı təşkilat komitəsinin rəhbəri Aleksandr Mars bildirib ki, tədqiqatçılar yazıçının Piskaryov məzarlığında basdırıldığı qənaətinə gəliblər.

Xatırladaq ki, D.Xarms 1941-ci ildə  “məğlubiyyətçilik əhval-ruhiyyəsi” yayması iddiasıyla həbs edilərək “Krestı” təcridxanasına salınıb və 1942-ci il fevralın 2-də türmə xəstəxanasının psixiatriya şöbəsində dünyasını dəyişib. Amma onun dəfn olduğu yerlə bağlı bu günə qədər dəqiq heç nə bilinmirdi.

Tədqiqatçılar 1942-ci ilin fevral ayında Peterburqun Arsenal sahil rayonunda ölənlərin harada dəfn edilmələriylə bağlı arxiv sənədlərini araşdırıblar.  Həmin rayondakı türmə xəstəxanasında dünyasını dəyişənlərin Piskaryov qəbristanlığında basdırılmaları aşkarlanıb. Məzarlığın həmin dövrdə dəfnə aid olan arxiv sənədləri də bunu təsdiqləyib.

Hazırda həmin qəbiristanlıqda D.Xarmsıın xatirəsinə simvolik abidə ucaldılması məsələsi müzakirə edilir.

 

 

Fransanın aparıcı ədəbi mükafatı Mərakeşli yazıçıya verildi


Fransanın nüfuzlu “Qonkur” mükafatına bu il Mərakeş əsilli yazıçı Leyla Silmani layiq görülüb. Mükafat fransız dilində yazılan əsərlərə görə verilir. L.Silmaniyə bu mükafatı “Şirin mahnı” kitabı qazandırıb.

Müəllif bu əsəri Dominikandan olan bir dayənin Nyu-Yorkda iki uşağı öldürməsiylə bağlı real faktlar əsasında qələmə alıb.

Bu dəfə “Qonkur” mükafatına  həmçinin Reji Joffe (“Hannibal”), Katrin Küsse “(Heyran qalınan adam)”, Qael Faye (“Kiçik ölkə”) iddialı olublar.

Yeri gəlmişkən, mükafat 1903-cü ildən verilir. Ənənəyə görə, qalibi Parisin “Druan” restoranında şam yeməyi vaxtı on nəfərlik münsiflər heyəti müəyyənləşdirir. Simvolik həcmi cəmi 10 avro olsa da, bu mükafat laureatlara geniş  şöhrət qazandırır və onların əsərləri böyük tirajla yayımlanır.

 

 

Hazırladı: Z.Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR