KORİFEYLƏR - İvo Andriç

Orijinaldan tərcümə: Cəlil Nağıyev

 

1892-ci ildə Bosniya-Hersoqovinada (keçmiş Yuqoslaviyada) anadan olub.  Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən (1961) ilk və hələ ki, yeganə serb yazıçısıdır. 

“Drina körpüsü” və “Travnik xronikası” romanları yazıçıya dünya şöhrəti qazandırıb. Yaradıcılığına uşaqlıq və gənclik illərini keçirdiyi Travnikin müsəlman-türk mühitinin müstəsna təsiri olub. 

Bosniya müsəlmanlarına həsr edilən  “Vəzirin fili”, “Lənətə gəlmiş həyat” və digər hekayələri, o cümlədən “Cərzələz Əlinin yolu” silsiləsindən olan bir-neçə hekayə slavyan-müsəlman folklor nümunəsi kimi məşhurlaşıb.

1975-ci ildə Belqradda vəfat edib.  

 

CƏRZƏLƏZ KARVANSARADA

Vişeqrad gömrükxanasının yaxınlığındakı karvansaraya yavaş-yavaş xeyli adam yığışdı. Drinanın kiçik qollarından birində su qalxmış, sel Priboya gedən yolun üstündə olan taxta körpünü bir neçə yerdən yuyub aparmışdı. Dülgərlər körpüylə əlləşir, muzdurlarla katorqaçılar yolu təmir eləyirdi. Sarayevodan şərq tərəfə səfər eləyən adamların hamısı gömrükxananın yaxınlığında yerləşən karvansaraya düşmüşdü və hamı yoluna davam eləmək üçün körpünün təmir olunmasını gözləyirdi. 

Düzbucaq şəklində olan nəhəng karvansara ağzına kimi adamla doluydu. Otaqlar arı pətəyinin gözləri kimi darısqal və sıx idi, bütün otaqların qapısı, döşəməsi köhnə taxtadan olan dar dəhlizə açılırdı; onlar müştərilərin ayaqları altında cırıldayır, səs-küy salırdı. Bütün karvansaradan at və qoyun iyi gəlirdi; hər gün burada qoyun kəsilir, soyulan dərilər aşılanaraq divarlardan asılırdı.

Bura yığılan adamlar qarışıq millətlərin nümayəndələriydi. Xidməti işləri ilə bağlı yola çıxan üç vergi məmuru ilə Sulağa Dizdar. İstanbula hansısa xahişə gedən kreşevli iki katolik rahib. Yunan-rahib. Sarayevodan gələn və yanlarında da gözəl bir qadın olan üç venesiyalı. Deyilənlərə görə, onlar quru yolla Porta gedən Mletak elçiləriydilər; onlarda Sarayevo paşasının təzkirəsi  vardı, mühafizə üçün onlara gözətçi də ayrılmışdı, ona görə də özlərini bir qədər arxayın, həm də bir az da səksəkəli aparırdılar. Tacir, plevallı serb öz uzunboylu xəstəhal, qırmızısifət, zarafatcıl oğluyla, Livnadan olan iki tacir və yanlarında da arabaçı. Posavlalı bəylər. Çariqrad  hərbi məktəbinin solğunbənizli məzunu, əmisiylə. Üç arnaut , salebçilər . Bıçaq satan bir foçalı. Özünü bixaçlı xoca kimi qələmə verən, əslində isə müəmmalı və qorxulu əməlləriylə gəzib dünyanı dolaşan əxlaqsız bir adam. Davacatlar və həmayillər, mərcandan olan bər-bəzəklər və öz əliylə üzüklərin üzərinə inisial həkk eləyib satan ərəb. Hələ üstəlik də bir yığın arabaçı, dəllal, alverçi və qaraçı dəstəsi.

Bunlardan başqa, qəhvəxanada səyahətçilərlə yanaşı, imkanlı və avara yerli türk gəncləri də var idi. Ara-sıra zarafatlar, qəh-qəhələr, çəpik şappıltısı, dəf və şərqi, ya da zurna sədası, quru nərd-taxtaya atılan şeş-beş zərlərinin şaqqıltısı və avara gənclərin çığır-bağırı, gülüş səsləri yüksəlirdi. Rahiblər öz otaqlarından çıxmırdı, venesiyalılar isə hərdənbir gəzişmək üçün, özü də hamısı bir yerdə bayıra çıxırdılar.

Ən axırda karvansaraya Cərzələz gəldi. Haqqında deyilən rəvayətlər özündən qabaq ora gəlib çatmışdı. O, yorğa ağ atın belindəydi, qırmızı muncuqlu qotazlar atın qan daman gözlərini örtmüşdü; Cərzələzin əynindəki xalis qızılla bəzədilmiş uzun toxuma çevkəni par-par parıldayır, küləkdə yellənirdi. Onu səs-küysüz, heyranlıqla və hörmət-izzətlə qarşıladılar. O, bir neçə meydan döyüşünün qalibi kimi ad qazanmışdı, onun gücü hamını vahiməyə salırdı; bütün bunlar onun haqqında yayılan əfsanələr idi, çünki, onu çox az adam görmüşdü, buna səbəb onun öz gənclik illərini Travniklə İstanbul arasında keçirtməyiydi.

Qonaqlar və yerli adamlar qapının qabağına toplaşdı. Nökərlər atın başını tutdu. Atılıb atdan düşərək qapının yanına gələndə, onun həddindən artıq bəstəboy və yöndəmsiz bir adam olduğunu gördülər, piyada gəzməyə alışmayan adamlar kimi yanını basa-basa yeriyirdi. Onun qolları həddən ziyadə uzun idi. Qaşqabaqlıydı, dodağının altında mızıldaya-mızıldaya adamlarla salamlaşdı və qəhvəxanaya girdi. Sanki atın belində olanda pyedestal üstəydi, atdan düşəndən sonra isə onu qarşılayanları narahat edən qorxu və hörmət bir anın içində yox oldu, karvansara sakinləri onun  onlardan fərqlənmədiyini gördülər; qorxub-çəkinmədən onunla söhbət eləməyə başladılar. O, Skople ilə Peç arasında çox gəzib-dolaşdığına görə, sözləri təhrif edir, onlarla alban ləhcəsində söhbət eləyirdi. Bütün işgüzar adamlar kimi, danışmaqda pərgar deyildi və hansısa bir sözü tapa bilməyəndə qollarını geniş şəkildə açır, əllərini yellədir, demək olar ki, bəbəkləri görünməyən qara gözləri dələ gözləri kimi oyum-oyum oynayırdı.

Cərzələzin başı üzərində dolaşan sehrli halə bir neçə günün içində tamam dağıldı; karvansarada olan adamların hər biri tək-tək ona yaxınlaşır və hətta qeyri-şüuri olaraq özlərini onunla müqayisə eləmək, hələ, bəlkə, onu öz iradələrinə tabe etmək istəyirdilər. Cərzələz isə onlarla yeyir, içir, mahnı oxuyur, nərd oynayırdı.

Günlərin bir günü onun gözü müşayiətçiləri ilə gəzən venesiyalı qadına sataşdı. Öskürdü, əllərini dizlərinə vurdu və qadının ardınca iki dəfə qışqırdı:

– Aman! Aman!

Cərzələz alışıb-yanırdı. Qadının incə bədəninin təravəti haqqında düşüncələr ona rahatlıq vermirdi. Yaxınlığında olan bu zərifliyin  və gözəlliyin əzabı onun canını sıxırdı. Cərzələz aşiq olmuşdu və ona görə də gülünc vəziyyətə düşmüşdü. Həm müəyyən nüfuz sahibi olan, həm də avaralıqda ad çıxaran adamlar əlüstü onun bu zəif yerindən istifadə eləməyə başladılar. Ona məsləhətlər verir, başını tovlayır, fikrindən daşındırmağa, cırnatmağa çalışırdılar, o isə ancaq əllərini yelləyir, gözləri par-par parıldayırdı.

İş elə gətirdi ki, bütün Bosniyada məşhur olan roqatitsalı müğənni  Boqdan Tsintsarin də gəlib bura çıxdı; elə ki, mahnı oxumağa başladı, elə həmin andaca bütün mehmanxana sakinlərini səsinin sehriylə ovsunladı. Rahiblər də pəncərənin arxasından ona qulaq asırdı, Cərzələzin huşu başından çıxdı, öz kimliyini unutdu. Yerli cavanların və mehmanxana sakinlərinin arasında oturub, tərləyə-tərləyə pendir yeyir, rakı içirdi; bu adamların tərkibi dəyişir, bəziləri çıxıb gedir, əvəzinə digərləri gəlir, o isə dayanmadan içir, özünün hədsiz qalın və kobud səsiylə elə hey pəsdən və pozuq şəkildə mahnı oxuyurdu.  Alcaq ruhlu adamlar heç bir qorxu-hürkü bilmədən ona sataşır, onu ələ salırdı.

 Saç-saqqalı ağarsa da, hələ şuxluğunu itirməyən Boqdan Tsintsarin, başını dik tutaraq dayanmadan oxuyurdu (bu zaman onun üst dodağı azacıq titrəyirdi), Cərzələzə isə elə gəlirdi ki, onun ürəyini ağzından çəkib çıxarırlar, elə indicə ya gücünün çoxluğundanmı, ya da onu əldən salan zəiflikdənmi canı çıxacaq. Həmin o dələduz foçalı isə Cərzələzin yanında oturub onu ələ salır, qalan avaralar da şaqqanaq çəkib gülüşürlər, Cərzələz isə nəşəli-nəşəli gözlərini bərəldir, başını gavur qızı haqqında uydurmalarla dolduran bu kələkbaza qulaq asır, onu qucaqlayır, çiynindən öpürdü. Ürəyindən qadının yanına getmək onun yaxasından yapışmaq, öz yanında oturtmaq keçir; o, ayağa qalxıb getmək istəyir. Karvansara sahibi yarana biləcək rüsvayçılıqdan qorxub-əsir, foçalı isə həyasızcasına, daha bərkdən gülə-gülə Cərzələzin qabağını kəsir:

– Hara belə, xəstəsən? O, nə Metarkadakı karvansara qadını, nə də Sarayevo fahişəsidi. O, xanım-xatun bir qadındır, bildin!?

Cərzələz isə uşaq mütiliyiylə yerində oturub papiros çəkir,  mahnı oxuyur, pul xərcləyir, ona xidmət eləyən cavan oğlansa başının üstünü kəsdirib üz-gözünü turşudur.

Cərzələz başına toplaşan adamlarla iki gün yeyib-içdi, venesiyalı qadını çağırdı, dərindən köks ötürdü və dili topuq çala-çala anlaşılmayan tərzdə və gülməli şəkildə öz eşqi barədə danışdı, oradakı adamlar onu sakitləşdirir, venesiyalı qadının adından cürbəcür tapşırıqlar verirdilər, o isə bütün bunların hamısını həqiqət kimi qəbul eləyir, onun yanına qaçmaqçün əlbəəl yerindən dik atılır, onu tamamilə özünə tabe eləyən foçalı isə Cərzələzi tutub saxlayır, onu yerində oturdur, cürbəcür məsləhətlər verir, hoqqalar çıxardırdı, bu səbəbdən də karvansaranın binası gülüş səslərindən lərzəyə gəlirdi.

Üçüncü gün, necə oldusa, haradasa şam yeməyi ərəfəsində, gözlənilmədən foçalı ilə Cərzələz arasında mübahisə düşdü. Foçalı hiyləgərcəsinə qaşqabağını salladı.

– Birdən o qız mənə qismət olsa necə?

– Yox, yox canım! – deyə Cərzələz bağırdı, kiminsə bu qadına şərik çıxmasından, kiminsə ona rəqib olmasından cuşa gələn sifəti par-par parıldadı.

– Burda nə var ki, kim qızı birinci ələ keçitrsə, qız onundu. – Adamlardan kimsə təklif etdi.

– Adamın gərək qanadı olsun, adamın gərək qanadı olsun, di gəl görüm! – Cərzələz dilindən çox əlləriylə danışaraq dedi.

– Qoy onlar ötüşsün;  biz də dirəkdən bir alma asaq, kim qaçıb gedib onu birinci götürsə, qız onun olsun, – deyən bir mostarlı məzhəkə təşkilatçılarına ciddi şəkildə məsləhət verdi.

Cərzələz o dəqiqə sevincdən atılıb-düşdü, qollarını yellədi, qaçmağa, ya da daş atmağa hazırlaşan adamlar kimi, çiyinlərini oynatdı; heç özü də nəyin xatirinə, nəyə görə güc göstərmək istədiyini bilmirdi.

Onlar karvansaranın qabağındakı düzəngaha çıxdılar. Yelləncəyin dirəyinə büzüşmüş bir qırmızı alma asdılar, tamaşaya çıxan adamlar bir-birini itələyə-itələyə onlara baxır, şaqqanaq çəkərək gülüşürdülər. Bu adamların bir qismi tarım çəkilmiş kəndirin arxasında, digər qismi isə bir qədər aralıda dayanmışdı. Foçalı qollarını çirmələyirdi və onu elə görənlər yenidən qəhqəhə çəkirdilər, Cərzələz isə paltarının düymələrini açır, dəsmalla başını bağlayır, bu hərəkətləriylə daha alçaqboy və çox güclü görünürdü. Adamların bir qismi Cərzələzin, digər qismi isə foçalının qalib gələcəyinə inanırdı. Budur, mostarlı işarə verir, kəndir qırılır və yarışanlar yerlərindən götürülürlər.

Cərzələz elə qaçır ki, sanki çiyinlərində qanadları var, foçalı isə, guya balaca uşaqları qovmaq istəyən yaşlı adamların elədikləri kimi, bir neçə addım atandan sonra dayanır və ayaqlarını yerə döyməyə başlayır. Cərzələz elə bil göylə uçur, sanki onun ayaqları yerə dəymir, foçalı isə çəpik çalır, seyrçilər gülməkdən uğunub gedirlər. Alqışlar, uğultular və qəhqəhələr artır.

– Hey Cərzələz!

– Açkosum, eşşəyim!

– Hey, tələs, Cərzələz, şahinim!

– Afərin, ay eşşək!

Cərzələz uzaqlaşdıqca daha da balacalaşırdı, sanki onun ayaqları bədəninə girirdi. Onun vəhşi gücü aşıb-daşırdı, bu dəli qaçışdan, bu təmiz havadan, ayaqlarının altındakı yumşaq otdan həzz alırdı. Arxasında rəqibin ayaq səslərini eşitdikcə, daha da qızışır və daha sürətlə qaçırdı. 

Dirəyə çatan zaman o, əllərini yelləyərək almanı tutmağa çalışdı, amma onun əli almaya çatmadı, çünki alçaqlar qəsdən onu çox yuxarıdan asmışdılar, nəhayət, o, hoppanaraq almanı tutdu və onu kəndiri ilə birlikdə çəkib qopardı.

Seyrçilər arasında alqış sədaları ucaldı. Onların bəzisi gülməkdən yaşaran gözlərini silir, bəzisi də otun üstündə uzanıb uğunub gedirdi. Posavinadan olan gombul bir bəy gülə-gülə qarnını tutub dərindən tövşüyürdü. Sısqa, rəsmi görünməyə çalışan Dizdar ağa isə donuq şəkildə qapının ağzında dayanıb, dişsiz ağzını açaraq hırıldayırdı.

Cərzələz əlində alma bir anlığa dayandı, sonra geri döndü və foçalının orada olmadığını görəndə çaşıb qaldı, diqqətlə adamlara baxdı, sanki onları uzaqdan daha yaxşı görürdü. Onun üzünün ifadəsini müəyyən eləmək olmurdu, çünki onun baxışları çox qorxunc idi. Bir anın içində hər kəs həddini aşdığını anladı. Cərzələzi masqaraçılardan ayıran məsafə ona özünü ələ almaqçün bəs etdi. Toplaşanlar onu onlardan ayıran məsafənin cəmisi üç yüz addım olduğunu və indi pərt halda, ağır-ağır onlara yaxınlaşacağını fikirləşəndə, hətta ən dəli-dolu adamlar belə qorxuya düşdülər. Hiss edirdilər ki, Cərzələz cin atına minib və nə isə əlindən bir xəta çıxa bilər. Hamıdan birinci mostralı yox oldu. Onun ardınca bütün yerdə qalan adamlar bir-bir öz otaqlarına çəkilərək gözdən itdilər. Bəzi adamlar isə evin arxasında və qoz ağaclarının arasında gizləndilər.

Cərzələz çəmənliyə gəlib çatanda artıq orada heç bir ins-cins qalmamışdı. Otun üstündə kiminsə tələm-tələsik və qorxu içində əlindən saldığı dəsmal qalmışdı. Adamların dağılışması onu lap qəzəbləndirdi.

Qəzəbdən və heyrətdən azğınlaşmışdı, tövşüyə-tövşüyə, hələ də təəccübdən bərəlmiş gözlərlə arxasında adamların gizləndiyi qapılara baxırdı. Onun möhkəm və yöndəmsiz başında sanki hər şey aydınlaşmağa başladı: Onu əməlli-başlı ələ salıblar və bütün bunlar avaraların onunla oynadığı komediyadır. Bu fikir od-alov kimi onu yandırıb-yaxdı. Birdən onun ürəyində dəli bir fikir baş qaldırdı; elə bu dəqiqə gavur qızının yanına qaçsın, onu görsün, ələ keçirtsin, heç olmasa nəyəsə ümid olub-olmadığını öyrənsin, ya əlinə keçəni alt-üst eləsin, vurub dağıtsın. Yorğunluqdan səyəllənərək əl-qolunu oynatdı və evə doğru qaçdı, qapının önünə gəldiyi zaman pilləkənə nəzər saldı, dumanlanmış xəyalında bəzəkli yaşıl don və ağ duvaq canlandı. Bu gözlənilməz hissdən az qala inildədi, elə yarıçılpaq və həyəcanlı halda əllərini irəli uzadıb iki addımdan sonra onun qarşısında dayandı. Ancaq yaşıl don əriyərək dalğalandı və yox oldu. Otağın qapısı bağlandı, qapını kilidləyən açarın şaqqıltısı eşidildi.

Torpağın özü kimi güclü, ildırım buludu kimi qorxunc Cərzələz bir anlığa donub yerində qaldı və başını aşağı, əllərini yana salaraq bir müddət beləcə dayandı, ondan ətrafa hərarət və kişi gücünün qüdrəti yayılırdı. O, bilmirdi ki, acığını kimdən çıxsın. Bu zaman karvansaraya sarı çevrilib söyüş söydü. Nə baş verdiyindən xəbəri olmayan və bu səbəbdən də vaxtında gizlənməyən bir uşaq, əlindəki səhəngi yerə salıb, yaxınlıqdakı taxtın altında gizləndi, onun yalın ayaqları taxtdan qırağa çıxırdı. Atlar tövlədə kişnəyirdi, bütün karvansarada bircə pişik belə gözə dəymirdi; dəhşət və qorxudan hamı qaçıb gizlənmişdi. Bu sükunət Cərzələzi daha da qıcıqlandırır və hiddətləndirirdi. Hansı qapıya əl atırdısa, bağlı olurdu, sanki hər şey sehrlənmişdi.

Qəzəbindən nə eləyəcəyini bilməyən Cərzələz atını yəhərləməyə və torbasını yığışdırmağa başladı. Hazırlaşdıqdan sonra bir daha həyətə göz gəzdirdi, burada heç kəsin olmadığına bir daha əmin oldu. Sonra atın yüyənini çəkdi, cuşa gələn atını tövlədən çıxartdı, üzərində ət kəsilən kötüyün üstünə çıxıb yəhərin üstünə sıçradı. At şahə qalxdı; saf gümüşlər və silahlar cingildədi; bu vaxt Cərzələzin hirsi soyudu. Tüpürüb həyətdən çıxaraq atını yuxuda olan adamlar kimi, bir qədər əvvəl camaatın onu ələ saldığı çəmənliyə doğru çapdı. Bir qədər aralanandan sonra küncdəki pəncərəyə nəzər saldı. Bu bağlı, soyuq, qadın nəzərləri və insan ürəyi kimi müəmmalı pəncərəni görəndə qəlbində artıq soyumaqda olan qəzəb və ağrı yeni qüvvə ilə bir yenidən qaldırdı. Dəli bir istəklə kimisə öldürmək, yaxud təhqir eləmək arzusuyla yumruğunu silkələdi, tüklü əlini pəncərəyə doğru uzatdı və sanki lənət yağdıraraq:

– Qancıq, qancıq! – deyib, bağırdı.

Qəzəbdən səsi xırıldadı.

O, atını yorğa yerişlə sürərək yola baxmadan hara gəldi gedirdi. İstəyirdi ki, qarşısına keçə biməyəcəyi uçuq körpülər, dağıdılmış yollar çıxsın!

Onun arxasında isə hələ də sükut içində olan karvansara vardı. 

 

CƏRZƏLƏZ YOLDA

Cərzələz Uvatsda çayı keçəndə, atının ayağını yaraladı, o zaman bütün atlılar və çay kənarında olan mehtərlər də oradaydı; onlar atın dırnağına təzə peyin qoydular, yaranı bir oğlan uşağının sidiyiylə yudular, Cərzələz isə başını aşağı salıb dinməz-söyləməz gözləyir, gözlərini atın dırnaqlarına dikir, onun gözlərinə baxmağa cürət eləmirdi. Kim onun atını sağaltsa və əvvəlki qaçışını bərpa eləyə bilsə ona əsl bir məcidiyyə  verəcəyini söz verdi.

O, azdanışan, narahat adam olmuşdu və bu, inanılası iş deyildi – Cərzələz heç yemək də yeyə bilmirdi! Vişeqraddan sonra iştahı da küsmüşdü. O, süfrə arxasında oturur, elə hey tənbəki tüstülədir, amma yemək haqqında düşünmək belə istəmirdi.

Sabahısı gün axşam qəhvəxanadan çıxdı, atına baş çəkəndə, hər şeyin öz qaydasıyla  getdiyini gördü. Bir çığırı tutub böyük yola tərəf addımlamağa başladı. Ulduzlu, qaranlıq və ayazlı gecəydi. Boş-boşuna xeyli gəzib dolaşdı, karvansaraya qayıdanda yolda bir rahiblə rastlaşdı. O, qozbel idi, bəlkə də, yaşlı görünsün deyə özünü qozbel kimi göstərirdi. 

– Ay keşiş, sən buralısan?

– Yox, a bəy, sadəcə olaraq burada gecələyirəm – rahib fağır-fağır cavab verdi, bir türklə, hələ üstəlik də gecə vaxtı qarşılaşmaq heç onun ürəyincə deyildi. 

Cərzələz addımlayaraq qabağa çıxdı və bir rahiblə söhbət elədiyinə görə özü də təəccübləndi.

– Ay dünyanın ən zəngin adamı, ay keşiş, sən öz kitablarında elə bir şeyə rast gəlibsənmi ki, orda sizin dindən olan adamların bir türkə baxması günah sayılsın? 

Rahib çaşdı, büzüşdü, başını çiyinlərinə qısdı, amma bu türkün, həqiqətən, nə səbəbdənsə çox qayğılı olduğunu gördükdə, bir az ürəkləndi və belə bir moizə oxudu: əziz Allah – çəməndəki gül-çiçəklər kimi – müxtəlif dinlərdən olan adamlar yaradıb; O, istəyirdi ki, hamının bir dini olsun, O, heç şübhəsiz, istəyirdi ki, hər kəs öz qanunları ilə Allaha inansın və bununla belə, hər kəs öz dinindən olan qıza baxsın, onunla evlənsin.

Həmişə olduğu kimi, Cərzələz qulaq asırdı, yad adamın sözləri ona inandırıcı görünürdü. Sarsılmış vəziyyətdə, heç nə barədə düşünmədən, səssiz-səmirsiz yoluna davam eləyirdi. Birdən o, üzünü rahibə tərəf çevirdi, sanki onu nədəsə günahlandıraraq soruşdu: 

– Sən mənə de görüm, niyə sizin qadınlar üzlərini bağlamırlar?

– Bu belədi, necə başa salım, bizim adətimiz belədi. Onlardan kim baş çıxarda bilər; qadınlara bel bağlamaq olmaz; bir də ki, biz rahiblərin arvadı olmur, ona görə də belə şeyləri bilmərik. 

– Hm!

Sonra bir anlığa ona baxdı, üzünü çevirib soyuq şəkildə geri qayıtdı və iti addımlarla uzaqlaşdı. Gecənin sakitliyində onun bensilahından  və tozlucasından  qarışıq səslər eşidilirdi. Rahib isə, qəribə də olsa, xırda addımlarla onun arxasınca gedirdi. Elə ki, gəlib karvansaraya çatdılar, elə ki, Cərzələz ayağını basamaka  basdı; yenidən dönüb ona baxdı.

– Gecən xeyrə qalsın!

– Allah özü sənə yardımçı olsun, bəy-əfəndi; xoşbəxt ol! – deyən rahib tez-tələsik oradan uzaqlaşdı.

Səhər tezdən Cərzələz yuxudan səs-küy, gülüş və nəğmə səslərinə oyandı. Qaraçı qızlarının səsiydi, onlar çayda yuyunur, bir-birinin üstünə su çiləyir, çığır-bağır salır və bədmüşk budaqları ilə bir-birlərini vururdular. Müqəddəs Yuryev Günü bayramıydı. 

O, qəhvəxanada Moriç qardaşlarıyla qarşılaşdı. Onlar, öz var-dövləti və dindarlığı ilə məşhur olan, Həcc ziyarətində dünyasını dəyişən sarayevolu qoca Moriçin oğlanlarıydı. Hacının oğlanları lovğa, bədxərc, həyasız, utanmaz, vicdansız, pis adamlar kimi ad çıxarmışdılar. 

Kiçik oğul İstanbulda mədrəsədə oxumuşdu, amma atası dünyasını dəyişəndən sonra təhsilini yarımçıq qoymuş, başı qardaşı ilə birlikdə eyş-işrətə qarışmış, başıpozuq həyat sürmüşdü, amma hələ də başına fəsinin üstündən ağ əhmədiyyə  bağlayırdı. Vəhşi kimi içki içirdi, sifəti saqqalsız və qırmızıyanaq idi, ərköyün böyüdülmüş uşaqlar kimi şişkin dodaqları vardı, şişmiş göz qapaqlarının altından həyasızcasına baxan yaşıl gözləri onun yaşından xəbər verirdi. Ucaboylu, solğunbənizli, qalın bığlı, qızılı rəngə çalan həddindən artıq irigözlü böyük qardaşı isə bir vaxtlar Sarayevonun ən yaraşıqlı cavan oğlanlarından biri  hesab olunurdu. Ancaq indi onun sifəti soyuq və ölgün idi; o, göz görə-görə sarsaq bir xəstəlik nəticəsində dirigözlü çürüyürdü, müxtəlif pis xəstəlikləri müalicə eləyən Bistrikdan olan bir bərbərdən başqa, heç kim onun dərdinin çarəsini bilmirdi, o, müalicə üçün ayrı-ayrı otlardan istifadə eləyərək dərman düzəldir və işinin sirrini heç kimə açmırdı. Amma son vaxtlar onlar Sarayevoda görünməyə cəsarət eləmirdilər, çünki onların elədikləri bütün zülmlərə və hoqqalara görə, nəhayət ki, İstanbuldan göstəriş gəldiyindən xəbər tutmuşdular: hər iki Moriçin tutulması və cəzalandırılmasıyçün Sarayevo ətrafında zabitiyyə  və vəzirin silahlı adamları gözləyirdi. Onlar artıq müflisləşmişdilər. Muzdurları çoxdan satmışdılar, əllərində yalnız onlara məxsus Varoşdakı böyük karvansara və Kovaçidə olan atasının mirası – məşhur ev qalmışdı. Bu evdə onların qoca anası və xəstə qozbel olan yeganə kiçik bacıları yaşayırdı. 

Bir-birindən hal-əhval tutdular (onlar köhnə tanışlar idi) və yollarına davam elədilər. Qardaşlar onda olan dəyişikliyi görüb ələ salmağa başladılar. 

– Nə olub sənə, niyə belə qaşqabaqlısan? Bəlkə, qocalıbsan, Cərzələzciyim!

– Plevelli Darinka sənə salam yollayır, deyir ki, sən gedəli tək yatır. 

 Cərzələz susurdu. Yaşlı Moriç bir az qəmli-qəmli, ruhdan düşmüş adam kimi mehribanlıqla danışırdı. Kiçik qardaş isə qımışırdı. 

– Əslinə qalsa elə sən bu səhər də yerindən tək durubsan. – Yaşlı Moriç xısın-xısın, qırıq-qırıq güldü.

O, isə eləcə onlara baxırdı. Demək olar ki, sakitləşmişdi, içindəki ağrı keçmiş, qəzəbi soyumuşdu, təkcə qəlbində bir ağırlıq var idi. Onlara baxırdı və bu qardaşlar da, üstəlik, yaşıl məxmər parçadan gözəl dön geyən, xəzlə haşiyələnmiş paltosunun yaxalığından balaca başı görünən  incə bədənli xristian qızını görməyən hər kəs onun gözünə sadəlövh və səfeh uşaq kimi görünürdü. O, susurdu. Onu günortadan sonra dərnəyə  getməkçün dilə tuturdular. O isə boyun qaçırdırdı. Nahar yeməyindən sonra darıxdığını hiss elədi, höcətləşmədən razılıq verdi. 

Təpənin başında üç tərəfdən seyrək hündür şam ağacları ilə əhatə olunmuş üzü qərbə baxan bir çəmənlik vardı. Qaraçıların dərnəyi buradaydı. Tonqallar yanırdı. Qaval səsi eşidilir, zurna çalınır, nəğmə səsi gəlirdi. Kolo  rəqsi dayanmaq bilmirdi. Açıq günəş şüalarının altında parlaq qaraçı paltarları bərq vururdu: hər tərəfdə qırmızı rəng üstünlük təşkil eləyirdi. Yeyirdilər, içirdilər, qaçışırdılar, gülüşürdülər, otun üstündə şellənir və dayanmadan nəğmə oxuyurdular. 

Cərzələz, Moriçlər və onlarla bura gələn digər Priboy gəncləri tonqallardan birinin qırağında əyləşdilər. Rakı içdilər; əvvəlcə bu içki Cərzələcə turşumuş kimi göründü, amma ondan imtina etmədi. Hava da çox isti və aydın idi; içki beynini dumanlandırırdı, qədəhin son damlasını başına çəkəndə tünd rəngə çalan şam ağaclarının yarpaqlarının yaz səmasında necə titrədiyini görürdü. 

Elə bu vaxt bir bakkal ona dedi: – Eşitdim sən gəlmisən, canım, dükanımı bağlayıb özümü bura verdim. Dedim ki, gedim bir ona tamaşa eləyim, görüm necədir... – Zurna və gülüş səsləri onun sözünü yarımçıq qoydu: Zemka yelləncəyə mindi. 

Zemka dul qadın idi, üç dəfə boşanmışdı, o, qədd-qamətli, yaşıl gözlüydü və bütün başqa qaraçılardan fərqli olaraq ağbənizliyiylə seçilirdi. Deyirlər ki, ərlərinin heç biri onu özünə ram eləyə bilməyib. 

Yeləncək bir taxışa  bağlanmışdı və Zemka ilə birlikdə çox yuxarı qalxırdı, qaraçı uşaqları onu itələyir, o özü isə qanad kimi açılmış əlləriylə kəndirdən bərk-bərk yapışıb var gücüylə yellənirdi. Onun üzünün rəngi qaçmış, gözləri yumulmuşdu, təpənin üstündən də yuxarı qalxır, dimiyəsinin  ətəkləri yüz rəngə çalaraq səmanın bağrını yarırdı. Düz tonqalın qırağında oturan Cərzələz, hər dəfə o, uçaraq səmaya qalxanda və sürətlə aşağı şığıyanda acgöz adamlar kimi onu izləyir, ürəyi dayanır, bədənindən xoş bir titrəyiş keçirdi, sanki yelləncəkdə yellənən o özüydü. Çərzələz daha çox və daha həvəslə içirdi. 

Zemka isə dayanmaq bilmirdi; çətinliklə nəfəs aldığı hiss olunurdu, onun sifətinin rəngi daha da ağarmışdı, amma o, elə hey yellənir, yellənir, daha da yuxarılara qalxır, hərdən də gözlərini açaraq şumlanmış torpaq sahələrinə və təpənin ətəyindən axan çaya baxırdı. Əvvəlcə ona susqun heyranlıqla tamaşa eləyirdilər, amma tezliklə gülüşmələr və kefli adamların hay-küyü eşidildi. Qaraçılar və Priboy cavanları onu nə qədər haraylasalar və hay-həşir salsalar da, qadın heç nə eşitmirdi. 

– Ehey! Bir bura bax, Zemko!

– Lazım deyil, yıxılar, yazıqdı!

– Bura yastıq kimi yumşaqdı!

– Ha, ha, ha-ha-ha!

– Hey! Yellən, Zemko!

Zemka yoruldu. Qaraçı uşaqları artıq yelləncəyi itələmirdi, yuxarı qalxmalar getdikcə zəifləyirdi, az sonra onun ayaqları ota toxundu, yelləncəkdən düşdü, həyəcanlıydı və gülümsəyirdi.

Cərzələz oturduğu yerdən ona baxırdı, ümidsiz şəkildə əllərini geniş açaraq – əlvida xatirələr! – deyə düşünürdü, gənclik ehtirası və şam ağaclarının başında görünən bu qadının cambasma  şalvarının bayraq kimi açıq səmada dalğalanmasının sehri onu valeh eləmişdi. O, həvəsdən düşmüşdü, keçmiş qəm-qüssədən yaxa qurtarmaq üçün, sanki deyib-gülməklə özünü ələ almağa çalışırdı. Yalnız bir anlığa onun qəlbidə ağrı və həya hissi baş qaldırdı: beləcə tezliklə ruhundakı qəm-qüssədən canını qurtardı və bir daha heç vaxt qadına yaxınlaşmayacağını qəzəblə qərara aldı. Heç pişiyə də!.. Heç pişiyə də! Ancaq qəfildən qaraçı qızları öz aralarında uzun-uzadı pıçıldaşdıqdan sonra bir yerdə oxumağa başladılar:

 

Xəstələnib Cərzələz,

          aman, aman!

 

Qışqır-bağır və xaynak  səsləri ucaldı, ətrafdakı adamlar ona baxdı, o, isə artıq heç kimi görmürdü. Onun gözləri par-par parıldayırdı və sifəti işıq saçırdı, amma bədənində qəribə bir taqətsizlik hiss edirdi – bu, ötəri bir taqətsizlik olsa da, onu heç cür ayağa qalxmağa qoymurdu. 

Cərzələz bütün yaz boyu Srebritsada yataqda qaldığı il ilk dəfə bu nəğməni srebritsalı bir qaraçı qızından eşitmişdi, bir dəfə cümə günündə Nuri bəyin qızının pəncərəsinə yaxınlaşanda necə olmuşdusa, onu ağır yaralamışdılar. O isə həm o cümə gününü, həm o pəncərəni, həm də Nuri bəyin qızını çoxdan unutmuşdu. O, bircə, necə taqətsiz və yaralı uzandığını; aşağıda, açıq aynanın altında köpüklənən çayın şırıltı ilə axmasını xatırlayırdı. O hadisə Yuryev Günündə baş vermişdi, o vaxt təpənin üstündə qaraçı dəstəsi məskən salmışdı və ilk dəfə olaraq qaraçı qızları onun haqqında nəğmə oxumuşdular. Nəğmənin sədaları bir təpədən digərinə uçur, qaraçı qızlarının səsi çayın şırıltısına qarışır, Srebrinitsa vadisi bu mahnının səsindən lərzəyə gəlirdi. O isə taqətsiz halda uzanmışdı, limonad dolu qədəhi belə, dodaqlarına vura bilmirdi. Bu səhnə onun gözünün önündə canlanırdı, o, çaş-baş qalmışdı, başında fikirlər bir-birinə qarışmışdı: nəğmə və musiqi, içki və adamlar, həm o zaman, həm də elə indi, bütün bunlarla yanaşı, Zemka qorxu-hürkü bilmədən yellənir, göylərə qədər ucalır, onun bu cəsarətindən adamın nəfəsi kəsilir, onu gah isti, gah da soyuq tər basır. 

Son günlər Cərzələz heç nə yemirdi, elə ona görə də tez keflənirdi. Gün batır, soyuq külək əsirdi, şam ağacları asta-asta xışıldaşırdı; ocağın tüstüsü göy rəngə çalırdı, şər qarışırdı. 

Cərzələz bir qaraçını yanına çağırdı, xahiş etdi ki, onunçün kamanın ən incə simində bir şey çalsın, hər dəqiqədən bir də əllərini yelləyir, onu vurur, kamanını və bu kamanı icad eləyəni söyürdü, böyük Moriç isə onun əlini saxlayır, sakitləşdirməyə çalışırdı. Bu zaman o, yerindən qalxmaq, Zemkanın əlindən tutmaq istəyirdi. Moriç onu dayandırır və gülürdü; oradakı Priboy cavanları da bundan ürəklənib gülüşürdü. Gurultu, səs-küy qalxmışdı, Cərzələzin isə dili topuq vururdu.

– O... mənim düşmənimdi.  

Sıyrılıb adamların əlindən çıxdı, ayağa qalxdı, qollarını geniş açdı, yelləncəyin yanında qaraçı qızları ilə dayanan və qırmızı aranaut şəkərləməsi  yeyən Zemkanın yolunu kəsdi. Belinə bağladığı, üstünə rakı tökülən və külə bulanmış tünd-qırmızı rəngli ibrişim qurşağı açılıb yerlə sürünürdü, şalvarı belindən düşürdü, elə ona görə də ayaqları qısa və nazik görünürdü. Zorla ayaq üstə dayanaraq, gah sağ, gah da sol tərəfə ləngər vururdu. Ona tamaşa eləyən qaraçı qızları gülməkdən uğunub gedir, qaraçı oğlanlar isə həddlərini aşırdılar. Musiqi kəsildi. 

– Hey, a torpaq onu bərk tut!

– Bərk çək, buraxma!

– Ya Allah!  

Qaraçı uşaqları ağacların budaqlarına dırmaşıb ona quru qoz atırdılar. O, geri qayıtdı, yerində oturdu, içdi və mahnı oxumağa başladı. 

Qaranlıq düşdü. Camaat yavaş-yavaş dağılışmağa başladı, Moriçlər  və onun dəstəsi isə yenə içir, səxoşluq eləyir, hərdən gərgin şəkildə baxışlarını qaranlığa zilləyib, gözləri qaralana kimi Zemkanın sifətini tapmağa çalışan Cərzələzlə zarafatlaşırdılar. Musiqiçilər aradan çıxmağa çalışırdı, kef eləyən cavanlar isə onları buraxmır, ya dilə tutur, hədə-qorxu gəlir, onların qaraçı analarını söyür, ya pul-para verir, ya da təpikləyirdilər. 

– Daha gecdi, ay şirin-şəkər ağalar, buraxın bizi çıxıb gedək!

– Görmürsüz, bax evimiz də uzaqdadı, əldən düşmüşük!

Birdən kiçik Moriç yerindən sıçrayıb ayağa qalxdı, onun saqqalsız sifəti bir az da ağarmışdı, üz-gözü qabarmış və qəddar görkəm almışdı, sanki bu anlarda hər şeyə qadir idi. 

– Mən indi sizin yolunuza işıq salaram, sizin firon ruhunuza and olsun! 

O, tonqaldan yekə bir küknar kösövü götürdü və onu başı üstə qaldırdı; tüstünün onu boğmaması və qığılcımların üstünə tökülməməsi üçün kösövü bir az qırağa tutdu, çəmənlikdə asta-asta var-gəl eləyərək onu başı üstündə yırğalamağa başladı. Təpənin açıq, qərb yamacında qamışlarla əhatə olunmuş və mal-heyvan  didişdirdiyindən qıraqları didik-didik olmuş quru ot tayası vardı. Qaranlıqda ot tayasını axtarıb tapdı, amma xeyli müddət taya alışmadı; onda çəpərdən bir quru ağac çıxartdı və onu tayanın altına soxdu, tayanın dörd tərəfini alov bürüdü, alov getdikcə gücləndi, getdikcə daha yuxarılara qalxdı, böyük bir alov dirəyinə çevrildi və atəş yelkəni kimi titrəməyə başladı. Taya çartırtıyla yanırdı, alov burulğanından ətrafa qığılcımlar səpələnirdi, alovun şüaları həm şam ağaclarının, həm çəmənliyin, həm də hələ orada qalan adamların üstünə işıq salırdı. Adamların hamısı, kim hara gəldi, dağılışmağa başladı. Musiqiçilər qorxudan tir-tir əsirdi. 

– Aman, ağa, siz neylədiz? Qazi hamımızı asacaq. 

– Sikter, sən də, qazi də rədd olun başımdan.

– Yox ey, sizin nə vecinizə, hər şeyi biz qaraçıların üstünə yıxacaqlar; deyəcəklər ki, baxın qaraçılar qazinin ot tayasını yandırdı. Oy!

Çarşı tacirləri da qorxuya düşdülər, kefli olmalarına baxmayaraq, işlərin fırıq olduğunu başa düşdülər. Yalnız Moriçlər yerində oturmuşdu, öz balaca silahlarından göyə atəş açır, içki içir, titrəyən alova baxırdılar. 

Cərzələz isə yarıqaranlıqda səndirləyə-səndirləyə axırıncı qaraçı qızının arxasınca qaçır, Zemkanı tutmağa çalışırdı. O, az qala qıza çatacaqdı, amma qız birdən sol tərəfə buruldu və tarla yolunda gözdən itdi. Cərzələz belə bir sərt dönüşü gözləmirdi; ləng, ağırlaşmış və kefli vəziyyətdə o, bir yerdə dura bilmir, təpəni aşaraq yüksək uçurumun kənarı ilə çaya tərəf qaçırdı. Əvvəlcə o, zorla da olsa ayaq üstə dayana bilirdi, amma yamac getdikcə sərtləşdi və o, müvazinətini itirərək kötük kimi üzüüstə aşıb çaya qədər dığırlandı. Əlinin altında nəm daşları və palçığı hiss elədi və birdən yerindən dik atıldı. Gözlərinin qabağında par-par parıldayan alovun şəfəqləri oynaşdı, ətrafda heç nə görünmürdü. Ovcunu su ilə doldurub əllərini və üzünü yudu. Xeyli müddət beləcə oturdu. Gecə düşürdü.

Bir müddətdən sonra ayazı və bədənindəki xoşagəlməz titrəyişi hiss edib, bir az özünə gəldi, oradan çıxmaq istədi. Elə hey yuxarı dırmaşır, amma yenə sürüşərək aşağı yuvarlanırdı. Əlləriylə otlardan və kollardan tutur, o tərəfin yoxuşu çox da sərt olmadığıyçün sol tərəfə iməkləyir və bütün bunları sanki yuxuda  görürdü. 

Bir neçə cəhddən sonra o, düzənliyin qırağına çıxa bildi, orada isə heç bir ins-cins qalmamışdı. Artıq tam qaranlıq düşmüşdü. Ayaqları altında rəvan və bərk torpağı hiss elədi və bu vaxt tamam heydən düşdü. Diz çökdü, əlinin altında isti və yumşaq nəsə vardı – bir az əvvəl burada ot tayası yanmışdı, qolunu başının altına qoyaraq bir müddət burada uzandı. Qara kül topalarının içərisində adda-budda qığılcımlar parıldaşırdı. Ziyafətdən sonra qalan sür-sümüyü yeyən itlərin hürüşməsi və mırıldaşması eşidilirdi. Şam ağacından onun ayağına bir qoza düşdü. Gülümsədi.  

– Zemka, qoza atma, ay ifritə... gəl bura!

O, heç cür özünə gələ bilmirdi, kimisə əzişdirmək istəyirdi; kimdənsə soruşmaq istəyirdi ki, görəsən, ona nə olub, amma qaranlıq səmanın üzünü tutmuşdu və gecənin bu kimsəsizliyində nə savaşmaq, nə də bir şey soruşmaq üçün heç kəs yox idi. 

 

CƏRZƏLƏZ SARAYEVODA

Bəxti qara, məşhur və məzəli Cərzələz bütün ölkəni bax beləcə dolaşdı. Onun yay macəraları haqqında çox az şey məlumdu; özü də onları elə o dəqiqə unudurdu. Deyilənə görə, bir Uşçup tacirinin dul arvadına görə xeyli dəlilik eləyib və Selanikdən olan çalğıçılarla gəzən bir yəhudi qadın isə onu əməlli-başlı soyub. 

Ramazan ayı ərəfəsində o, Sarayevoya varid oldu. 

Üç gün əvvəl Kovaçlarda, quru ot satılan geniş yolun ayrıcında, Moriçlərin ikisini də edam eləmişdilər. Onları Trnovoya gedən böyük yolun üstündəki bir meyxanada yaxalamış, bütün Sarayevonu gəzdirərək aparmışdılar. Əlləri bağlıydı, arnautlar kimi xırda və iti addımlarla yeriyirdilər;  qardaşları əli silahlı adamlar və xüsusi mühafizəçilər müşayiət eləyirdi. Arxalarınca yüngül toz dumanı qalxırdı. Camaat tamaşaya çıxmışdı. Adamlar çarşının aşağısına çatan zaman onların ardınca lənətlər yağdırırdı. Çarşı tacirləri oturduqları taxta kürsülərdən ayağa qalxır, taxta sandallarını axtarırdılar. 

– Ah, nə yaxşı oldu!

– Quldurlar!

– Donuz kimi öldürün!

Qardaşları Taşlıxanaya qədər beləcə apardılar. 

Onları, adətən sadə adamların asıldığı, iki gün dar ağacında qaldığı, yaxınlıqdan keçən adamların ikrahla baxdığı və asılanların leşlərinin fırfıra kimi fırlandığı yerdə deyil, Mileçkanın kənarında, Latın körpüsünün altında edam elədilər. Edamı tələm-tələsik bitirib, qardaşları vaxt itirmədən Bakiyada basdırdılar. Aynəbənddən oğlanlarının hara aparıldığına tamaşa eləyən ana bircə dəfə də olsun içini çəkmədən canını tapşırdı. 

Çoxsaylı pəncərələrindən bütün şəhər, hətta Prekonun qarşı tərəfi də görünən böyük evləri qaranlığa qərq olub boş qaldı. Təkcə aşağıdakı otaqların birində şam yanırdı. Moriç qardaşlarının vərəmdən saralıb-solan bacısı buradakı yataqda uzanmışdı. Onun açıq rəngli saçları isti, yumşaq yastığın üstündə görünmürdü, gözləri həyəcanlı şəkildə parıldayırdı. O, heç olmasa ölümqabağı da olsa, xaç suyuna çəkilmək istəyiylə dua edirdi. 

İlk payız yağışlarından və küləklərindən sonra Sarayevonun küçələri tər-təmiz və daha parlaq görünürdü. Aydın payız günəşinin şüaları altında evlərin damları parıldayır, qızarmaqda olan yarpaqlar hər yanı bürüyürdü. Ağaclarda yellənən hörümçək torları işım-işım işıldaşırdı.

Ramazan ayıydı, bütün gün hər şey sakitliklə keçdi, amma gecə şəhərin hər yerində musiqi çalındı, hamı şənləndi və məhəllələrdə eşq nəğmələrinin sədası guruldadı. Dükanlar meyvə ilə, qəhvəxanalar adamla doldu və heç biri səhərə qədər bağlanmadı. Aşxanalardan kəskin və adamı boğan yağ və yanmış şirniyyat qoxusu gəlirdi. Kişilər tərəfindən müşayiət olunan və yolları böyük fənərlərlə işıqlandırılan qadınlar küçələrdə gəzişirdi. 

Haradasa uzaq bağların birində, gecə qaranlığının sükunətində yerə bir armud düşdü, budaqlar meyvələrin ağırlığından aşağı əyilmişdi, çəpərdən qırağa çıxan meyvələr yoldan keçənlərin başına dəyirdi.

Cərzələz, adətən payızda hiss etdiyi qeyri-adi gücü özündə duyaraq, günəşdən qaralmış və yüngülləşmiş vəziyyətdə var-gəl eləyirdi. Burada hər yer onun üçün əziz idi; qarşıda onu sevinc dolu anlar gözləyirdi; qarşıdakı günlər və adamlar çox şeylərdən xəbər edirdi. 

Hamı onu iftara çağırırdı. Bir dəfə axşamqabağı o, Bakareviçlərgilin evinə gedərkən, Krşle və Turbet arasından keçdi, birdən tindəki evin qabağında donub qaldı. Narın qumlu əllərini ovuşduraraq həyət evinin bir tayı açıq olan darvazasını silib-təmizləyən qulluqçu qoca arvadın, açıq rəngli şalvar və qırmızı jilet geyinmiş bir qızla nə barədəsə danışdığını gördü. Qız qulluqçu qadına nə isə verəndə bir qədər yarıaçıq qapının ağzında dayanmışdı.     

Hər dəfə gözəl qız görəndə Cərzələz o dəqiqə vaxt anlayışını, adamları bir-birindən ayıran sərhədləri unudur və reallıq hissini itirirdi. Elə indi olduğu kimi, sanki üzüm salxımına bənzəyən gənc və təravətli qızı görən kimi o, bir an da olsa öz haqqına şübhə eləmədi – bircə əlini uzatmaq kifayətdi! 

O, çaşaraq və sağ gözünü qıyaraq bir anlığa bu qıza baxdı, sonra da zorla eşidilən səslə güldü və qollarını geniş açaraq onun üstünə cumdu. Qız onu görüb geri sıçradı və qoca qarının qolundan yapışaraq, çəkib onu həyətə saldı – Cərzələz yalnız bu qızın qıvraq və coşqun hərəkətini seyr eləməyə macal tapdı. Cırıltı səsi gəldi və böyük ağ darvaza örtüldü, rəzənin necə bağlandığı eşidildi. Cərzələz dinməz-söyləməz yerində donub-qalmışdı, onun sifətində mənasız bir təbəssüm oynayırdı; özünü saxlaya bilməyib qışqırdı:

– Gördüm!..

Mənasız heyranlıqla dəfələrlə heç bir məna və məzmun kəsb eləməyən bu kəlməni təkrar elədi, bu kəlmədə sərt bir zərbə almış adamın incikliyinin əzabları hiss olunurdu. 

Artıq hava qaralmaq üzrəydi. Krşledən gələn uzunsaqqal və əyriayaq süvarilər qaralmış plov qazanlarını təmizləyərək, iftara hazırlaşırdılar. Cərzələz asta-asta təpəyə doğru getdi. 

Şam yeməyi zamanı o, xatirələrini unutmaq üçün yüksəkdən danışır və acgözlüklə yemək yeyirdi. O, yeyirdi, amma bu yemək də onun ürəyini soyutmurdu. Şam yeməyindən sonra hamı taxtın üstündə uzanmışdı, çox yediyindən ağır-ağır nəfəs alır və papiros çəkirdi, buna baxmayaraq özünü saxlaya bilmədi, ürəyini ucaboylu, yaşılgözlü, qırmızıyanaq sifətindən kinayəli gülüş oxunan gənc Bakarevicə açdı. Hər şeyi danışdı və danışdıqca onun özünə də elə gəldi ki, bütün baş verən hadisələr kənardan çox xırda və əhəmiyyətsiz görünür. O özü də istəmədən nəyisə artırdı, məsələni şişirtdi, başqa hadisələri də bura qatdı, sözlərinin içində itib-batdı. 

Sabahısı gün günortadan sonra oyandı və həmin dəqiqə də Turbetin kənarında olan evə yollandı. Sentyabr günü və  üstəlik də, axşamkı ağrı-acı. Bir tərəfdən də ağ divar, bağlı ağır darvaza, divarın üstündən sallanan üzüm salxımları. 

Evin qabağında olan halva dükanından kimsə onu səslədi. Köhnə tanışlarından biri, arnaut onunla hörmət-izzətlə salamlaşdı. O, Prizren tacirinin oğluydu, “ticarət işləri” ylə əlaqədər bütün dünyanı dolaşırdı, amma harada olmasına baxmayaraq onu məhvə sürükləyən adətindən əl çəkmirdi. İndi də, öz həmyerlisinin halva dükanının tinindəki ağ evdə yaşayan qıza vurulub və bütün günü halva dükanından ayrıla bilmir, boş yerə qızın qapısını güdürdü. Elə ki, Cərzələzə qəm-qüssə güc gəlirdi, ustaların qan-tər içində xəmir yoğurduqları və şəkər hazırladıqları arakəsmənin arxasına keçir, orada, həsirin üstündə, usta halvaçının  yanında otururdu. Hər ikisi üzü küçəyə və qapıya tərəf oturmağa çalışırdı. Ürəklərindən su içmək və papiros çəkmək keçirdi, onlar ilk əvvəl çox az danışır, tez-tez həyətə boylanırdılar. Nəhayət, Cərzələz dilə gəldi və “hər şeyi” açıb dostuna danışdı. Arnaut bunu eşidəndə, həsəd hissi keçirtmədən sevindi; onun gömgöy, dərin qırışlı sifəti və ölgün gözləri cana gəldi və alışıb-yandı. Dostyana söhbət eləməyə başladılar. Arnaut bığı qırxılmış solğun sifətini uzadaraq asta-asta və qırıq-qırıq sözlərlə dedi:

– O yeribasma  armud kimidi, sığallı və yumşaqdı. Latın millətindən  olan qadınlar əslində bütün başqa qadınlardan qızğın olurlar. 

Onlar uzun-uzadı və ehtirasla, pıçıltıyla, türk dilində söhbət elədilər. Arnaut xırıltılı səslə və hırıldaya-hırıldaya danışırdı, hələ də onun sifətində xoşa gəlməyən bir kölgə gəzirdi. Çərzələz ondan qız haqqında hər şeyi öyrəndi.

Onun adı Katinkaydı, özü də Andri Polaşın qızıydı, başına bəla olan gözəlliyi haqqında bütün Bosniyada əfsanələr gəzirdi. Gözəlliyinə görə onların qapısı bağlanmırdı. O, evdən bayıra çıxa bilmirdi. Yalnız bayram günlərində onu türk çarşabına bürüyüb bayıra çıxarır, Latın məhəlləsindəki ilk ibadət mərasiminə aparırdılar. Hətta həyətə belə o, çox az-az çıxırdı: evlərinin qabağında, onların evindən düz bir mərtəbə hündür olan türk məktəbi vardı, bu məktəbin pis yeməklər yeyən, amma yaxşıca döyülən, arzu eləməkdən saralıb-solan şagirdləri saatlarla pəncərələrdən ayrılmır, gözlərini həyətdən çəkmirdilər. Hər dəfə həyətdə gəzişdiyi vaxt, məktəbin pəncərəsindən məktəb qulluqçusu, yaşıl sifətli, səfeh görkəmli mırığ Əlinin gözlərini ona zillədiyini görürdü. 

Bəzən də elə olurdu ki, əsgərlər və Sarayevo gəncləri bol-bol yeyib-içəndən sonra onun pəncərəsi altında dayanır, öz aralarında söhbətləşir,  mənalı-mənalı öskürür və qapını döyürdülər, bu vaxt anası heç bir günahı olmayan qızını danlayır və təəccüblənirdi ki, görəsən “bu qız kimə belə oxşadı”, nə şəhərdə, nə küçədə bir rahatlıq yoxdur, qız isə dinməz-söyləməz əynindəki jaketin düyməsini oynada-oynada anasına qulaq asır və iri gözlərində hədsiz çaşqınlıq hissi ifadə olunurdu. O, tez-tez bütün günü ağlayırdı, bu lənətə gəlmiş gözəlliyin nə üçün ona qismət olduğunu  anlamır və nə edəcəyini bilmirdi. Qız bu böyük günahsızlığına görə özünü didib-dağıdır, əzab çəkirdi, öz taleyinə lənətlər yağdırır və anlamağa çalışırdı ki, görəsən, hansı “günahın sahibidir və türklərə aid nə qəbahəti olub” ki, kişiləri dəli eləyir, nəyə görə əsgərlər və türklər onun pəncərəsinin altından çəkilmir, nə üçün o, daim gizlənməli və utanmalıdı, ailəsi isə – daim qorxu içində yaşamalıdı. O, günbəgün daha da gözəlləşirdi. 

O vaxtdan etibarən Cərzələz halvaçı dükanının daimi müştərisinə çevrildi. Bəzi sarayevolular da buradan alış-veriş eləyirdilər. Buraya həm cavan Bakareviç, həm də onunla birlikdə Dərviş bəylə, sərxoşluqdan üz-gözü şişmiş, indi isə orucluq olduğu üçün içki içə bilmədiyinə görə vəhşi pişik kimi qəzəbli olan  kürən Şirokaç, eləcə də balacaboy, arıq, külək kimi zirək, davakar və arvadbaz kimi ad çıxaran Avdiğa Krcaliya da gəlirdi. Burada, buxardan hər şeyin qaraldığı və şəkərdən yapışqan kimi olan bu yarıqaranlıq halvaçı dükanına toplaşanlar topdan  nə vaxt atəş açılacağını gözləyir, yanğılarını və tənbəkini unutsunlar deyə qadınlar haqqında uzun-uzadı söhbət eləyirdilər.  

Kədərli-kədərli, quruyan dil-dodağıyla, bütün əzələlərində əks olunan hansısa qeyri-müəyyən xəstəhal narahatçılıqla Cərzələz onlara qulaq asır, gülür, hətta hərdən o da nə isə danışmaq istəyirdi, amma dili topuq çalır, sözləri tapıb deyə bilmirdi. Katinkagilin küçəsindəki bağlı darvaza və həyat işartısı görünməyən pəncərə yenə də onun gözlərinin qabağından getmirdi. 

Təxminən günortadan sonra darıxdıqlarından və qəzəbdən yanlarında papiros çəkən  bir xristian çörəkçini əzişdirdilər. Zarafata salaraq bir qıza görə arnautla Cərzələzi dalaşdırmaq istədilər; amma arnaut çox təmkinliydi və onun təbəssümündə azacıq da olsa qısqanclıq əlaməti yox idi. Bir dəfə isə bir uşağa pul verib öyrətdilər ki, tində gizlənib nazik səslə qışqırsın:

– Bura bax, Katinka! Necəsən Katinka? Bəs sən haradasan? Səni görmək olmur!

Arnaut bunu eşidəndə gözlərini qıydı və səssizcə sivişib qapıdan bayıra çıxdı. Cərzələz də onun ardınca yüyürdü. Gəlib darvazanın yanında ona çatdı, dayanıb bir qədər gözlədilər. Amma burada heç kim yox idi: uzun və alaqaranlıq iftar ərəfəsi və bir küncə qısılmış ağ ev; tindəki qaldırımda qaçan uşağın ayaq səsini eşitdilər. Xeyli gülüşdülər. Cərzələz də onlara qoşuldu.     

Cavan Bakareviç onlara təklif elədi ki, bütün evlərin qapısı üzünə açıq olan, bez və çevirmə  satan, amma yalnız bundan deyil, həm də müxtəlif adamların günahlarından və günahsızlığından qazanc əldə eləyən  İvka Qiquşu, Bistirikdən olan bir qoca və məşhur pəzəvəng  qadını çağırsınlar. O, gombul, ucaboylu, dəyirmi qonur gözləri olan qoca bir arvad idi; danışdığı zaman dayanmadan əlini Cərzələzin dizinə vururdu. Hər şeyi yerli-yataqlı öyrənəcəyinə söz verirdi, amma dedi ki, elə də ümid eləmək olmaz, çünki qız əl çatan yerdə deyil. O, uca səslə vidalaşıb getdi. 

Sabahısı gün, günortadan sonra Cərzələz halvaçı dükanında arnautla Qiquşa rast gəldi. Arnaut başını yellədi.

–  Hay, hay, getdi, getdi!

– Getdi, küləklərlə getdi, əfəndim, artıq iki gündür. Mənə dedilər ki, iki gün əvvəl sabahın tezində onu aparıblar, indi tap görüm, o, haradadır. Onun yaşadığı evin ətrafında çoxlu cavan oğlan hərlənirmiş, ona görə də qızı gizlətməyə məcbur olublar. Bax belə, əziz dostum, indi onu ay tapdın ha. 

Qoca qarı danışdıqca səsini gah alçaldır, gah da ucaldırdı, başını elə yırğalayırdı ki, sanki onu qarət eləyiblər. Arnaut harasa uzaqlara baxırdı. Heç kim onun nə barədə düşündüyünü deyə bilməzdi. 

Qan Cərzələzin başına vurdu. Xəbər aydın, doğru və gözlənilməz idi: artıq bu evdə solğunbənizli, qalınsaçlı və dolğun iribədənli (o, gözucu da olsa qıza baxa bilmişdi) qız yox idi; onun içi qaynayırdı. Bu vəziyyət davam elədikcə, sanki halvaçı dükanı da qaranlıqlaşırdı; qoca qarı və arnaut ona qan ləkələri kimi görünürdü; o, üzünü çevirdi və kor adamlar kimi ayaqları dolaşa-dolaşa bayıra çıxdı. 

Qəzəb onu boğurdu. Bu xristian qızı onun olmayacaq; heç vaxt onun olmayacaq! O, heç kimi öldürə, heç nəyi dağıda bilmirdi! (Yenə də qan onun gözlərini tutdu.) – Bəlkə, bu da bir xülyadır! Bəlkə, onu yenidən aldadırlar? Görəsən, bu dəfə onunla hansı zarafatı eləyəcəklər? Bu qadınlar da nə qəribə varlıqlardı, onlar da Allah kimi əlçatmazdı? İndi o, açıq-aydın şəkildə bu düyünün sapının onun əllərində çox nazik göründüyünü artıq neçənci dəfə olmaqla, nə adamları, nə də onların ən sadə hərəkətlərini anlaya bilmədiyini hiss eləyir, yenə əvvəllər olduğu kimi geri çəkilir, özünün gülünc qəzəbi və heç kimə lazım olmayan gücüylə baş-başa qalırdı. 

O,  ruhdan düşmüşdü və çox məyus halda gedirdi. Başında heç bir fikir yox idi, yalnız qırmızı rəngli buludlar gözlərinin qabağında bir-birinin ardınca axıb süzürdü. Heç geriyə də dönüb baxmırdı, arxasında isə qaranlığa qərq olmuş ev və halvaçı dükanı qalırdı.

Krşledə truba çalanlar məşq eləyirdilər; yeknəsəq hərbi melodiyanın səsi gah kəsilir, gah da yenidən eşidilirdi. Günəş par-par işıq saçırdı. Birdən qapının yanında büzüşdü, bürkü onu boğdu. Milyaçka çayının aşağı sahili ilə gedirdi; ətrafda keçisöyüdü və bədmüşk ağacları vardı, hər tərəf yaşıl dona bürünmüşdü, amma cığırlarda hələ də yaz daşqınlarının izləri qalırdı. – Yaxşı ki, Miyaçkanın altı ilə gedən yol belə düz və uzundur; kaş, heç vaxt bitib-tükənməsin! Yolu dəyişmək lazım deyil!

Xisetdə bir az dayandı və sonra böyük yoldan kənara çıxdı, tamam xoş bir ovqatla Aşağı Tabaka tərəf yollandı. Burada uca bir qapı arxasında olan balaca bir həyətə girdi. Həddindən artıq gəlib-gedəni olduğuna görə nazilmiş basamaklar onun ayaqları altında zar-zar zarıdı, cır-cır cırıldadı. Nazik ağ parçadan olan pərdələrin evə düşən işığın qağabını aldığı balaca və gözəl otaqda ağ əlli, sakit baxışlı Yekaterina adlı bir qadın oturub, sanki onu gözləyirdi.

Bu Yekaterina bir vaxtlar Odessadan gəlmiş təbibin qızıydı. Deyirdilər ki, bu təbib gürcüdür, əslində isə o, rus idi; və heç kim onun nəyə görə vətənindən qaçıb bura gəldiyini bilmirdi. O, başına fəs qoyurdu, onu Vəlibəy kimi çağırırdılar, amma o, can verəndə keşiş çağırtdırdı və dünyasını bir xristian kimi dəyişdi. Onun yetim qalan qızı Rusiyada monstırlardan birinə daxil olmaq istədi, amma tanış bir yunan, strajnik, onu bu fikrindən daşındırdı. Yunan bu qızı tərk eləyən vaxt, o, Xisetdən Aşağı Tabaka qədər yolboyu sıra ilə tikilmiş evlərdə, bütün şəhərdə pis ad çıxartmış və dövlət nəzarətçilərinin nəzarəti altında tək-tək və ya cüt-cüt yaşayan qadınların qaldığı yerdə, bir balaca evdə məskunlaşdı. Atasından qalma pulla burada balaca bir ev almışdı və indi burada, vaxtilə xisetlı qız olan qoca bir xadiməylə birlikdə yaşayırdı. Gündüzlər ya yatır, ya da öz  həyətindəki kölgədə yastıq üzü tikir, gecələr isə varlı qonaqları qəbul eləyirdi. O, qısaboylu, iribədənli və azdanışan idi. 

Yekaterina, Cərzələzi keçmiş gecələrdən tanıyırdı. Onun gündüz gəlişi qadını təəccübləndirdi; qadın ayağa qalxdı və Cərzələz qapının ağzında dayanaraq sakitcə dedi:

– Yekaterina, bax, sənin yanına gəldim.

– Olsun, olsun, xoş gəlibsən! – itaətkarcasına onun üçün yastıq hazırlaya-hazırlaya dedi. 

O, kiçik bir divanda oturdu, qadın isə onun qabağında belini bir qədər əyib dayanmışdı. Çərzələz vaxt itirmədən onun belindəki qurşağı açmağa başladı.

Sonra o, başını qadının zərif tumanının üstünə qoyaraq uzandı, qadın isə onun günəşdən qaralmış boyun-boğazını sığalladı. Onun gözlərinin qabağında parlaq və qırmızı dairələr uçuşurdu, yadına isə artıq keçmişdə qalan, ölüb getməkdə olan yeni-yeni xatirələr düşürdü. O bədəninə toxunan əlin hərarətini hiss elədi, görəsən, bu, doğrudanmı qadın əlidi? – Onun xəyalında xəzə və məxmərə bürünmüş, çevik, qədd-qamətli və ehtiraslı venesiyalı qadının obrazı canlandı. Qaraçı qızı Zemka – ötkəm və hiyləgər, amma əziz bir vəhşi canavar. Dolubədənli dul qadın. Ehtiraslı, amma vəfasız yəhudi qadın. Və Katinka – günəş görməmiş bir çiçək. Yox, bu, Yekaterinanın əlidir. Yalnız Yekaterinanın. Yalnız Yekaterina onun ola bilər!

Həmişə olduğu kimi, yenə də yatmaq istəyəndə, birdən onun beynindən qeyri-müəyyən, anlaşılmaz, amma kədərli və təhqiramiz bir fikir keçdi: görəsən, qadınlara nail olmağın yolu nə üçün belə enişli-yoxuşludu və nəyə görə o bu qədər  şan-şöhrəti və gücü ilə bu yolu keçə bilmir? Axı bütün başqa adamlar, hətta ən dəyərsiz adamlar üçün bu yol elə də keçilməz olmur. Bircə o özünün güclü və gülməli ehtirası ilə bütün ömrü boyu nahaqdan əlini onlara doğru uzadır və hər dəfə əlləri havada qalır. Görəsən, bu qadınlar nə istəyir?

Balaca əl məharətlə və ustalıqla onun kürəyini elə hey sığallayır, sığallayırdı. Çözülməyən və məşəqqətli bir fikir onun başında asta-asta sönür, sivişib yoxa çıxırdı. 

– Bu dünyada mən nələr görmüşəm, Yekaterina! Dünyada gəzib-görmədiyim yer qalmayıb!

Şikayət elədiyini, yoxsa qürrələndiyini heç özü də bilmirdi, ona görə də susdu. Bütün günlər və bütün hadisələr yuxulu sükut içində bir-birinə qarışır, onun həyatına uyğunlaşırdı. Onun gözləri ötrülürdü. O, bu anların ləzzətini heç bir fikir və arzuyla qarışıq salmadan bir az da uzatmaq istəyirdi. Axı azacıq da olsa kiçik bir fasilə yaranmışdı, bir qədər sonra o, yenə yola çıxacaqdı.

DİGƏR MƏQALƏLƏR