ÇAĞDAŞ NORVEÇ ƏDƏBİYYATI - Yusteyn Qorder

Tərcümə: Mahir N. Qarayev

 

1952-ci ildə Osloda doğulub. “Pireneydə qəsr”, “Portağal qız”, “Milad misteriyası”, “Sirk artistinin qızı”, “Sirli pasyans”, “Niyyət güzgüsü” romanlarının müəllifidir. 

Ən məşhur əsəri – “Sofiyanın dünyası” romanı 53 dilə çevrilib və ümumilikdə 30 milyon tirajla nəşr edilib. Bu romanın, təkcə Almaniyada çap olunmuş nüsxələrinin sayı üç milyonu ötüb. 

2005-ci ildə Norveç Krallığının “Müqəddəs Olaf” ordeni ilə təltif olunub. Astrid Lindqren mukafatı laureatıdır.

 


PORTAĞAL QIZ

(roman)


Atam on bir il əvvəl ölüb. Onda mənim vur-tut dörd yaşım vardı və  ağlıma da gəlməzdi ki, özü barədə haçansa mənə xəbər yollayacaq. Əvəzində, indi bu kitabı atamla birgə yazıram.

Bu, bizim kitabın başlanğıcıdır. Kitabı yazan hələlik özüməm, atam mənə bir azdan qoşulacaq. Hər halda, əsas nağılçı odur.

Onu yaxşı xatırladığıma əmin deyiləm. Belə baxanda, guya yadımdadır, amma çox güman ki, mənə elə gəlir, yəqin, fotolarına tez-tez baxmağımdandır. 

Gerçəkdən yadımda qalan yalnız bir hadisə var: atamın terrasda mənə ulduzları göstərməsi. 

Şəkillərin birində atamla qonaq otağımızdakı sarı divanda əyləşmişik. Yəqin, mənə nəsə maraqlı bir şey danışır. Dəri üzlü divanımız indiyəcən də durur, intəhası, atam daha yoxdur, divanda oturmayıb. 

Başqa bir fotoşəkildə atamla aynabənddəki yellənən kresloda oturmuşuq. Həmin şəkil atam ölən gündən bəri divardan asılıb. Mən elə indi də həmin o yaşıl kresloda oturmuşam, özü də çalışıram yellən¬¬məyim, çünki dizimin üstündə bloknota yazıram. Yazdıqlarımın hamısını sonra atamın köhnə kompüterinə köçürəcəyəm. 

Elə bu kompüter barəsində də nəsə danışmaq olar, amma ona hələ qayıdacağam. 

Köhnə fotolar məni həmişə heyrətləndirir: onlar başqa zəmanəyə aiddir. 

Məndə atamın fotolarıyla dolu böyük bir albom var. Özü həyatda olmayan adamın şəkillərinə tamaşa eləmək bir az yaxşı çıxmır. Atamın videosu da var. Nədənsə səsi məni yamanca qorxudur. Bərk, gurultulu səsdir.

Məncə, həyatda olmayan, ya da nənəmin dediyi kimi, bizimlə olmayan adamın videosuna baxmaq qadağan edilməlidir. Ölülərə tamaşa eləmək olmaz.

Videoların birinə mənim də səsim düşüb: bala quşun ciyiltisinə oxşayan bir səsdir. O vaxt biz belə deyirdik: atam gur səslə danışır, mənsə cır səslə. 

Kasetlərin birində mən atamın çiynində oturub, bayram yolkasındakı ulduzu qoparmağa çalışıram. Yaşım birdən çox olmaz və əlbəttə ki, ulduzu qopara bilmirəm, bir az tərpədirəm, vəssalam.

Anam məni kasetdə atamla birgə görəndə, hərdən başını geri atıb bərkdən gülür, hərçənd videonu elə özü çəkib. Məncə, atamı görəndə nahaq yerə  gülür. İnanmıram ki, bu hərəkət atamın xoşuna gələrdi. Yəqin, atam ona irad tutardı, deyərdi ki, qaydaları pozur. 

O biri kasetdə atamla mən Pasxa tətili vaxtı Fellstölendəki balaca evimizin qarşısında oturub özümüzü günə veririk. Hərəmizin əlində yarım dənə portağal var. Mən portağalın qabığını soymadan şirəsini sormağa çalışıram. Atam isə, heç şübhəsiz, başqa portağallar barəsində düşünür. 

Pasxadan az sonra atam naxoşladı, ölməkdən qorxa-qorxa, ölümdən xoflana-xoflana yarım ildən artıq xəstə yatdı. Məncə, o öləcəyini bilirdi.

Anam danışırdı ki, atam məni tanımağa macal tapmadan öləcəyini özünə dərd eləmişdi. Nənəm də hərdən bu barədə nəsə danışır, amma fikrini daha təmtəraqlı ifadə edir. 

Mənə atamdan danışanda onun səsi dəyişir. Amma bu təəccüblü deyil. Axı nənəmlə babam o boyda oğullarını itiriblər. Bunun necə bir dərd olduğunu təsəvvür etmək belə çətindir. Xoşbəxtlikdən, onların bir oğlu da var. Ancaq nənəm atamın köhnə şəkillərinə baxanda heç vaxt gülmür. Nənəm o şəkillərə dərin ehtiramla yanaşır. Dərin ehtiram nənəmin öz sözüdür. 

Görünür, atam bu fikirdəymiş ki, üç yaş yarımlıq uşaqla ciddi şeylər barəsində danışmaq olmaz. Onun nəyi nəzərdə tutduğunu indi yaxşı bilirəm, bu kitabı oxuyanda sən də hamısını başa düşəcəksən. 

Məndə atamın xəstəxanada çəkilmiş şəkli də var. Həmin şəkildə atam çox arıqdır, son dərəcə sınıxıb. Mən onun dizləri üstündə oturmuşam, yıxılmamağım üçün atam qolumdan yapışıb. Özü də gülümsəməyə çalışır. Şəkil atamın vəfatından iki həftə qabaq çəkilib. Gərək bu şəkil heç məndə olmayaydı, cırıb atmağa isə əlim gəlmir. Baxmaya da bilmirəm.

İndi yaşım on beşdir. Lap dəqiqi: on beş yaş, üç həftə. Adım Georqdur. Georq Röyed. Anam, Yorgen və Miriamla birgə Osloda, Hümleveyendə yaşayıram. 

Yorgen – mənim təzə atamdır, yəni atalığım. Ona ata demirəm, elə adıyla çağırıram. Miriam – kiçik bacımdır. Hələ çox körpədir, yaş yarımlıq uşaqdır, onunla nə danışasan? Aydındır ki, məndə onun atamla birgə nə şəkli var, nə videosu. Axı Miriamın atası Yorgendir. Atamın məndən başqa övladı olmayıb. 

Kitabın axırında Yorgen barəsində qəribə bir şey öyrənəcəksiniz. Bu haqda danışmağın vaxtı deyil hələ, amma kitabı sona qədər oxuyan hamısını biləcək. 

Atamın vəfatından sonra babamla nənəm bizə gəldi, onun şey-şüylərini qaydaya salmaqda anama kömək elədilər. Amma vacib bir şey tapılmadı. Vacib şey – atamın xəstəxanaya getmək ərəfəsində yazdığı uzun hekayədir. Halbuki, o vaxt hekayə yazdığından heç kimin xəbəri olmamışdı.

Portağal Qızın hekayəti yalnız bu bazar ertəsi üzə çıxıb. Nənəm hansısa aləti götürmək üçün dama giribmiş, atamın yazısını da mənim uşaq vaxtı sürdüyüm qırmızı yarış maşınımın örtüyünün altından tapıb çıxartmışdı. 

Yazının ora necə düşdüyünü heç kim bilmir. Amma heç şübhəsiz, bu bir təsadüf deyildi – üç yaş yarımlığımda yazılan hekayənin həmin maşınla nə cürsə bağlılığı vardı. Mən heç də onu nəzərdə tutmuram ki, yazı mənim qırmızı yarış maşınım barəsindədir, əsla. Sadəcə, həmin hekayənin məxsusi mənimçün yazıldığını vurğulamaq istəyirəm. Daha doğrusu, atam Portağal Qız haqqında hekayə yazmışdı ki, ağlım kəsəndə onu oxuyum. O, bir növ, gələcəyə məktub ünvanlamışdı.  

Əgər atam yazdığını bir zərfə qoyub, həqiqətən, haçansa aparıb köhnə bir uşaq maşınında gizlətmişdisə, deməli, məktubların gec-tez öz ünvanına çatacağına  şübhə eləməmişdi. Düşünürəm ki, cındır bazarına verməzdən, yaxud zibil qutusuna tullamazdan qabaq köhnə əşyaları yaxşı-yaxşı yoxlamağa dəyər. Zibilxanaya atılmış məktubların, yaxud cürbəcür köhnə-külüşün içindən nələr öyrənə biləcəyini düşünmək dəhşətdir. 

Son günlər bir fikir məni girinc eləyib. Məncə, gələcəyə məktub göndərməyin başqa yolunu – onu uşaq avtomobilinin çexolu arxasında gizlətməkdən daha sadə üsulunu tapmaq mümkün idi. 

Biz məktubu sadə üsulla, yaxud elektron poçt vasitəsilə göndərəndə, yalnız ünvan yazırıq. Bizə məlum deyil ki, poçtla, yaxud e-maillə göndərilən məktub ünvanına nə vaxt çatacaq. Bill Qeytsin bu barədə düşünməsi pis olmazdı. Windowsun növbəti versiyasını təzə funksiya ilə zənginləşdirmək hələ gec deyil. 

Nadir hallarda olsa da hərdən ürəyimizdən keçir ki, göndərdiyimizi kimsə dörd saatdan, kimsə on dörd gündən, ya qırx gündən sonra oxusun. Portağal Qız haqqındakı hekayə məhz belə göndərişlərdəndir. O, Georq adlı bir oğlana, yəni atasının görmədiyi və görə bilməsi mümkün də olmayan təxminən on iki, yaxud on dörd yaşlı bir oğlan uşağına yazılıb. 

Düşünürəm ki, mətləbə keçməyin əsl vaxtıdır. 

Bu yaxınlarda musiqi məktəbindən evə qayıdanda babamla nənəmi də bizdə gördüm. Onlar Tönsberqdən “sürprizlə” gəlmişdilər və gecəni bizdə qalacaqdılar.

Anamla Yorgen də evdə idi; mənim nə vaxt gələcəyimi, çəkmələri ayağımdan çıxarıb içəri haçan keçəcəyimi səbrsizliklə gözləyirdilər. Çəkmələr isə yaş idi, o ki var islanıb bulaşmışdılar, amma buna heç kəs fikir vermədi. Onların fikri nəsə ayrı şeylə məşğul idi. O dəqiqə ürəyimə damdı ki, nəsə pis şey baş verib. 

Anamın birinci sözü Miriamın artıq yuxuya getdiyini demək oldu. Bunu elə tonda dedi ki, elə bil babamla nənəmin gəlişi münasibətilə bundan yaxşısını düşünmək olmazdı. Amma belə baxanda, onlar Miriamın baba-nənəsi deyil ki. Miriamın öz nənə-babası var; onlar da bizə gəlir, özləri də yaxşı adamlardı, amma necə deyərlər, cin ayrı, şeytan ayrı.

Qonaq otağına keçib xalının üstündə oturdum. Hamının üzündə nəsə bir təmtəraqlı ifadə vardı; bildim ki, ciddi bir şey baş verib. Amma məktəbdə son günlər töhmətim-tənbehim olmamışdı, hazırda musiqi məktəbindən evə vaxtında qayıtmışdım, mətbəx masasının siyirtməsindən axırıncı dəfə onluğu çırpışdırmağımın üstündən də artıq bir neçə ay ötmüşdü. Buna görə də şəstlə dedim: “Hə, buyurun, döşəyin gəlsin!” 

Onda nənəm bildirdi ki, rəhmətə getməsinə az qalmış atamın mənə yazdığı məktubu tapıblar. Ürəyim sancdı. Atam on bir ildi ölmüşdü. Düzü, yadımda olduğuna heç əmin də deyildim. “Atandan məktub” – nəsə çox təmtəraqlı səslənirdi, hətta “vəsiyyət” sözündən də təsirli. 

Nənəmin dizinin üstündəki iri zərfi də elə bu vaxt gördüm. Nənəm onu mənə uzatdı. Ağzı bağlı idi, üstündə bircə söz yazılmışdı: “Georqa”. Xətt nə nənəminkiydi, nə anamınkı, nə də Yorgeninki. Zərfi açdım, içindən bir dəstə kağız çıxartdım. Birinci səhifənin yuxarısında nə yazıldığını oxuyanda diksindim: “Rahat otur, Georq. İstəyirəm yerini rahatlayasan, çünki sənə təsirli bir əhvalat danışmaq niyyətindəyəm…”

Başım fırlandı. Bu nə deməkdi? Atamdan məktub? Gerçəkdənmi?

“Rahat otur, Georq…”

Bir an mənə elə gəldi ki, atamın gur səsi qulaqlarımda səslənir, özü də bu, videoyazı deyildi, mən onun canlı sədasını eşidirdim, sanki qəfildən dirilib, indi bizimlə birgə qonaq otağında oturmuşdu.

Zərf ağzıbağlı olsa belə, məktubun oxunub-oxunmadığını, hər ehtimala qarşı, onlardan soruşdum. Dördü də başını buladı, dedilər, bircə sətrini də oxumayıblar. 

“Bircə hərfini də görməmişik”, – Yorgen dedi; onun səsində bu adama qətiyyən xas olmayan nəsə bir pərtlik sezilirdi. Ancaq dedi ki, özün oxuyandan sonra, istəsən biz də oxuyarıq. 

Məktubda nə yazıldığının Yorgenə çox maraqlı olduğunu düşündüm. Nəyə görəsə mənə elə gəldi, bu məsələdə onun vicdanı heç də təmiz deyil.

Nənəm əlavə elədi ki, günortadan sonra maşınla Osloda fırlanıblar. Nəyə görə? Ona elə gəlib  hansısa köhnə tapmacanın cavabını tapıb. Ola bilər, bu bir qədər müəmmalı səslənsin, amma düzü budur.

Atam xəstə yatanda anama demişdi ki, bəs Georqa məktub yazıram; bu məktubu Georq böyüyəndə oxumalıdır. İntəhası, heç bir məktub-filan tapılmamışdı, mənimsə artıq on beş yaşım vardı. 

Atamın dilindən çıxan başqa sözləri də nənəm indi qəfildən xatırlamışdı. Heç demə, atam o vaxt bərk-bərk tapşırıbmış ki, mənim qırmızı yarış maşınımı atmasınlar, bunu heç kəs ağlına belə gətirməsin. Nənəm, hətta iddia etdi ki, atamın xəstəxanada yatarkən dedikləri sözbəsöz yadındadır: “Georqun yarış maşınını heç vaxt tullamayın, – dedi. – Sizdən artıq dərəcədə xahiş edirəm, heç bir halda. O maşın bu son aylarda bizimçün böyük məna kəsb edib: həm Georq üçün, həm də mənim üçün. İstəyirəm Georq o maşını həmişə saxlasın. Bunu haçansa ona deyərsən. Böyüyəndə özünə danışarsan, qoy başa düşsün ki, bu maşını ondan ötrü saxlamağı mən niyə xahiş eləmişəm”.

Heç demə, qırmızı rəngli köhnə yarış maşınımı onlar məhz buna görə indiyəcən atmayıblar, tullantı bazarına verməyiblər. Hətta bu, Yorgenə də ciddi şəkildə tapşırılıbmış. Yorgen bizim Hümleveyendəki evimizə köçəndə ona yasaq edilən yalnız bir şey idi – mənim qırmızı yarış maşınıma toxunmasın. Yorgenə bu hüquq verilmirdi, o da maşına elə hörmətlə yanaşırdı ki, hətta Miriama başqasını, təzəsini almaq da məhz onun təkidiylə olmuşdu. Kim bilir, maşınıma toxunmağı bəlkə heç özü də istəmirdi, ola bilsin, doğma qızını vaxtilə atamın məni gəzdirdiyi həmin o körnə maşında gəzdirmək fikri özünü də açmırdı. Amma bu da istisna deyil ki, Yorgen, sadəcə, uşaq avtomobilinin daha dəbdə olanını almaq istəmişdi. O, yaman modabazdır. 

Beləliklə, məktub və yarış maşını. Bu rebusu həll etmək üçün nənəmə düz on bir il vaxt lazım olmuşdu. Ona yalnız indi çatmışdı ki, kimsə məsuliyyəti üzərinə götürüb, alətlər saxlanılan damdakı köhnə maşınıma yaxşı-yaxşı baxmalı, onu diqqətlə yoxlamalıdır. Və yanılmamışdı. Maşın, sadəcə, maşın deyilmiş, xalis poçt qutusu imiş. 

Mən hələ bilmirdim, bu deyilənlərə inanım, ya inanmayım. Heç vaxt bilmək olmur ki, valideynlərin, baban-nənən doğrusunu deyir, yoxsa yox. Xüsusən də, nənəmin dediyi kimi, söhbət “incə məsələyə” toxunanda. 

Bir şey mənə çatmır: niyə bu on bir ildə heç kimin ağlına gəlməyib ki, atamın köhnə kompüterində nələrin olduğu ilə maraqlansın. Axı atam məktubu həmin kompüterdə yazmışdı! Düzdür, onlar kompüteri yoxlamaq istəmişdilər, intəhası, parolu heç cür tapa bilməmişdilər, buna ağılları çatmamışdı. Parol maksimum səkkiz hərfdən ibarətdir, o vaxtkı kompüterlər bu cür idi. Amma anam heç bunu da bacarmamışdı. Heç nə alınmamışdı, onlar da axırda kompüteri çardağa atmışdılar! 

Yeri gəlmişkən, bu kompüterə hələ qayıdacağam.

İndi isə, sözü atama verməyin vaxtı çatıb. İşin gedişatında onun hekayəsini öz izahlarımla tamamlayacağam. Sonra da sözardı yazacağam. Bunu hökmən  etməliyəm, çünki öz uzun məktubunda atam mənə ciddi bir sual verib, cavabımın isə ondan ötrü böyük mənası var.

Kola şüşəsini və məktubu götürüb öz otağıma keçdim. Hər ehtimala qarşı, qapını arxadan kilidləyəndə, anam əvvəl buna qarşı çıxıb etirazını bildirdi, amma tezliklə başa düşdü ki, narahatlığı əbəsdir.

Həyatda olmayan adamın məktubunu oxumaqda, nə isə qeyri-adi bir şey var. Mən buna, hətta sitayiş deyərdim. Ona görə də doğmalarımın böyür-başıma hərlənməsinə yol verə bilməzdim. Hər necə olsa, bu məktub, üzünü on bir il görmədiyim doğma atamdan idi. Odur ki, bir küncə çəkilib tək qalmaq zərurəti yaranmışdı. 

Məktubu əlimdə tutmaq mənə nə isə qəribə hisslər aşılayırdı, sanki atamla birgə çəkilmiş tanış olmayan şəkillərlə dolu yeni bir albom tapmışdım. Bayırda möhkəm qar yağırdı. Bu qar mən musiqi məktəbindən evə qayıdanda başlamışdı, amma çətin ki, yerdə qalsın. Hələ noyabrın əvvəlidir. 

Çarpayıda oturub məktubu oxumağa başladım. 


Rahat otur, Georq. İstəyirəm yerini rahatlayasan, çünki sənə təsirli bir əhvalat danışmaq niyyətindəyəm. 

Amma kim bilir, bəlkə sən artıq dəriüzlü sarı divanımızın üstündə yerini rahatlamısan? Əlbəttə, əgər siz onu təzəsiylə əvəzləməmisizsə. Burasını bilmək daha mənlik deyil. Eyni cür də səni qış bağındakı çox sevdiyin köhnə kresloda təsəvvür edə bilərəm. Ya bəlkə, sən bu dəqiqə terrasda oturmusan? Mən axı indi ilin hansı fəsli olduğunu da heç bilmirəm. Hardan bilim? Bəlkə siz heç çoxdandı Hümleveyendə də yaşamırsınız?

Necə biləsən axı?

Yox, mən heç nə bilmirəm. Bilmirəm hazırda Norveçdə Baş nazir kimdir? Yaxud BMT Baş katibinin adı nədir? Görəsən, Habbl teleskopunun vəziyyəti necədir? Sənə bu barədə nəsə məlumdurmu? Bəlkə, astronomlar bizim Kainatımızın quruluşunda hansısa yeniliklər aşkarlayıblar?

Georq, mən gələcəyi dəfələrlə təsəvvür etməyə çalışmışam, amma bunu bacarmamışam, lap təxmini də olsa, sənin və yaşadığın dövrün obrazını gözlərim önündə canlandırmağa bacarmamışam. Yalnız sənin kimliyini bilirəm. Amma bilmirəm bu məktubu oxuyanda sən neçə yaşda olacaqsan. On iki? On dörd? Axı mən – yəni, sənin atan – artıq çoxdandı həyatda yoxam. 

Düzünü desəm, mən elə indidən, hələ sağkən özümü kabus kimi hiss edirəm və hər dəfə bunu düşünəndə nəfəsim kəsilir. Kabusların küləyin vıyıltısını nə səbəbdən xoşladıqlarını anlamağa başlayıram. Heç də ona görə yox ki, öz xələflərini qorxutsunlar, yox, sadəcə, yaşadıqlarından savayı hər hansı başqa dövrdə nəfəs almaq onlara çətindir. 

Bizə həyatda yalnız müəyyən yer ayrılmayıb, həm də müəyyən vaxt ayrılıb. 

Bax, vəziyyət bu cürdür və mənim çıxış nöqtəm, istinad nöqtəm yalnız yaşadığım dövr ola bilər. Hazırda 1990-cı ilin avqustudur.

Bu gün – bu məktubu oxuduğun vaxtı nəzərdə tuturam, – sən yəqin, hər şeyi unutmusan, üç yaş yarımlığında birgə keçirdiyimiz isti yay ayları çox güman yadından çıxıb. Amma zaman hələ bizim ixtiyarımızdadır və biz birlikdə xeyli xoş saatlar keçirəcəyik. 

Həyatımın son günlərində tez-tez düşündüyüm bir məsələni sənə bildirmək istəyirəm: birgə yaşadığımız günlərin hər biri, bizi əyləndirən istənilən xırda şey məni yadda saxlamağın üçün bir vasitədir. İndi mən günləri, həftələri saymağa başlamışam. Bazar günü biz Tryuvannstornetdəki baxış meydan¬ça¬sın¬¬da dayanmışdıq, krallığın tən yarısı gözümüz önündəydi, qarşımızda ta İsveçə qədər bütöv bir genişlik açılmışdı. Anan da yanımızdaydı, üçümüz idik. Həmin gün sənin yadındadı?

Yadında deyilsə, çalış xatırlayasan, Georq. Xahiş edirəm, yada salmağa çalış, axı bütün bunlar hardasa sənin daxilindədir.

Öz dəmiryol oyuncağını xatırlayırsanmı? Sən bu yekə oyuncağınla hər gün bəs deyincə oynayırsan. Döşəməyə baxıram, bu dəqiqə relslər, vaqonlar, bərələr bütün holla səpələnib, sən onları elə ordaca qoyub getmisən. Məcbur idim ki, səni oyunundan ayırım, yoxsa bağçaya gecikərdin. Amma sənin totuq əllərin sanki hələ də relslərə toxunur və onların bircəciyini də yerindən tərpətməyə mənim əlim qalxmır. 

Bəs bazar günləri cürbəcür oyunlar oynadığımız kompüter necə? Kompüter təzə alınanda mənim kabinetimdə idi, amma ötən həftə çıxarıb holla qoydum. İndi sənin əşyalarına yaxın yerdə oturub işləmək mənə daha xoşdur. Axşamlar anan da gəlib burda oturur, sən də. Babanla nənən bizə əvvəlki vaxtlardan daha tez-tez gəlirlər. Belə yaxşıdır. 

Bəs üçtəkərli yaşıl velosiped necə? Təptəzədir, bu dəqiqə balıqqulağı səpələnmiş cığırda dayanıb. Yəqin, daha işə yaramır, çoxdan köhnəlmiş olar, ola bilsin, qaraja, yaxud alətlər saxlanılan dama qoymusunuz, hər halda, bunu belə təsəvvür edirəm. Yoxsa tullantı bazarında artıq öz ömrünü başa vurub?

Bəs qırmızı yarış maşınının vəziyyəti necədir, Georq? Nə oldu ona?

Axı Soqnsvann gölünün ətrafındakı gəzintilərimizdən, yaxud Fellstölendəki balaca evimizə səfərlərimizdən sənin yadında hansısa xatirələr qalmalıdır! Səninlə Pasxada ora getmişdik, özü də üç dəfə dalbadal. Amma daha sənə sual verməyə cəsarətim çatmır, doğru sözümdür, Georq, buna cürət eləmirəm, axı mümkündür ki, mənim də zamanım sayılan həmin vaxtlardan sən, ümumiyyətlə, heç nəyi xatırlamayasan. Qoy hamısı necə varsa, elə də qalsın. 

Söz verdim ki, sənə bir əhvalat danışacam, amma sehrli çubuq sənə doğru yolu göstərməz. Mən balaca bir oğlan uşağına müraciət etməklə artıq səhvə yol vermişəm, həmin uşaq ki, zənnimcə onu yaxşı tanıyıram. Amma bu sətirləri oxuyanda artıq uşaq yaşından çıxmış olacaqsan; qızılı rəngli buruq telləri olan balaca oğlan keçmişdə qalacaq. 

Qoca xala-bibilər kimi uşaq dililə danışdığımın fərqindəyəm, bu isə səfehlikdir, axı mənim müraciət etdiyim Georq artıq uşaq deyil, böyük oğlandır. Hayıf ki, onu yetkin yaşda görmək, ona ürəyimi açmaq mənə qismət olmadı.

Saata baxıram. Səni baxçaya ötürüb, evə qayıtmağımdan cəmisi bircə saat keçib. 

Biz balaca çayın üstündən keçəndə, sən həmişə maşından çıxırsan ki, suya ya çubuq, ya daş atasan. Bir dəfə orda boş mineral şüşəsi tapıb, çaya atdın. Mən səni saxlamadım. İndi sənə ürəyindən keçən hər şeyi etməyə, demək olar, icazə verilib. Baxçaya çatanda bəzən mənimlə sağollaşmağı unudub, uşaqların yanına qaçırsan. Sanki vaxt məni yox, səni sıxır. Qəribə fikirdir. Belə çıxır ki, qocaların, bütün həyatı hələ qarşıda olan uşaqlardan daha çox zamanı var.

Əlbəttə, şəxsən mən bununla qürrələnə bilmərəm, çünki elə də qoca deyiləm, hətta özümə elə gəlir ki, çox cavanam, ən azından, cavan atayam. Amma hər necə olsa, mənim əlçatmaz arzum – zamanı saxlamaqdır. Təki bu günlər heç vaxt bitməsin! Qoy ardıcıllığı pozmadan axşamlar və gecələr öz sırasıyla gəlsin, çünki günün öz ritmi, öz ahəngi var, amma qoy növbəti gün əvvəlki gündən başlansın. Mənim indiyədək macal tapıb gördüyümdən artığını görmək, yaşadığımdan artığını yaşamaq tələbatım yoxdur. Yalnız məndə olanı, necə deyərlər, əlimdəkini, ovcumdakını tutub saxlamaq istəyirəm, özü də çox istəyirəm. Amma “oğrular” artıq peyda olub, Georq. Bu çağırılmamış qonaqlar mənim qalan qüvvəmi, həyat enerjimi çırpışdırırlar. Lənətə gəlsin onları!

Səni bağçaya aparmaqdan bu günlər daha çox məmnunluq duyuram, amma bu həm də ağırdır. Çünki hələ rahat hərəkət etsəm də, hətta səni yarış maşınında gəzdirməyə gücüm çatsa da, bilirəm ki, bədənim çarəsiz azara mübtəladır.

Xəstəni dərhal yatağa salan xoşxassəli xəstəliklər var. Pis xəstəlik isə, adamı ömürlük sıradan çıxartmaq üçün xeyli vaxt tələb edir. Həkim olduğum bəlkə heç sənin yadında deyil, amma əminəm ki, anan bu barədə sənə danışıb. Hazırda klinikadakı işimdən azad olunsam da, nə dediyimi yaxşı bilirəm: mən sadəlövh xəstələrdən deyiləm. 

Beləliklə, bizim riyazi məsələmizdə, yaxud bu son görüşümüzdə iki zaman mövcuddur: sanki hərəmiz öz dağımızın zirvəsində dayanmışıq və bir-birimizi görməyə çalışırıq. Unutqanlıq dərəsi bizi bir-birimizdən ayırıb – sən o dərəni öz həyat yolunda çoxdan arxada qoymusan, bu məsafəni artıq mənsiz qət etmisən. Bununla belə, çalışacam ki, bu sətirləri yazdığım (sənin baxçada olduğun) hazırkı zamana da sadiq qalım, sənin bu sətirləri oxuyacağın və yalnız səninki olacaq gələcək zamana da. 

Ürək ağrısıyla yazıram, Georq, başa düş ki, həmişəlik tək qoyacağım oğluma üz tutub bu məktubu yazanda, içimdə hər şey alışıb yanır. Məktubu oxuyanda sənin də ürəyin ağrıyacaq. Amma sən daha böyümüsən, artıq yekə kişisən. Əgər mən bu sətirləri yazmağı bacarıramsa, onu oxumağa sənin də kişiliyin çatmalıdır.

Görürsənmi, mən artıq özümə hesabat verirəm – tezliklə məhrum olacağım bütün şeylərin hesabatını. Günəşdən məhrum olacam, Aydan məhrum olacam, ümumiyyətlə, hər şeydən məhrum olacağam. Hərçənd, hamısından ağırı, əlbəttə ki, anandan və səndən məhrum olmağımdır. Nə qədər acı da olsa, belədir.

Sənə ciddi bir sual verməliyəm, Georq, elə məktubu da bu səbəbdən yazıram. Amma o sualı vermək üçün gərək əvvəlcə sənə Portağal Qız haqqındakı təsirli əhvalatı danışım. Bu gün, yəni bu sətirləri yazdığım vaxt sən həmin əhvalatı başa düşmək üçün hələ çox balacasan. Qoy bu məktub mənim sənə kiçik bir mirasım olsun və hələlik bir kənarda durub, sənə lazım olacağı vaxtı – həyatının başqa bir gününü gözləsin.

İndi həmin gün yetişib.


Bu yerdə ara verib, gözümü vərəqdən ayırdım. İndiyəcən atamı xatırlama¬ğa çox çalışmışdım, indi buna bir də cəhd elədim. Bunu özü məndən xahiş edirdi. Amma mənə elə gəldi ki, xatırladıqlarımın hamısı video və fotoşəkillərdə gördüklərimdir.

Uşaq vaxtı böyük dəmiryol oyuncağım olduğu yadımdadır, intəhası, bu, atamı xatırlamağıma kömək etmədi. Üçtəkərli yaşıl velosiped də qarajda dururdu, uşaqlıqdan o da yaxşı yadımdadır, buna şübhə ola bilməz. Qırmızı yarış avtomobili də alətlər saxlanan damda, öz əvvəlki yerindədir. Amma Soqnsvann gölünün kənarında necə gəzdiyimizi xatırlaya bilmirəm. Atamla Tryuvannstornetdəki baxış meydançasına qalxmağımız da yadıma düşmür. Düzü, ora qalxmışam, özü də çox qalxmışam, amma atamla yox, anamla və Yorgenlə birgə. Bir dəfə də orda təkcə Yorgenlə ikimiz olmuşduq – onda Miriam lap təzə doğulmuşdu və anam doğum evində yatırdı.

Əlbəttə, Fellstölendəki balaca evə getməyimizlə bağlı xatirələrim çoxdur, amma bu xatirələrdə atam yoxdur. Anam var, Yorgen var, bir də körpə Miriam. Orda köhnə bağ divanımız vardı, atamın ölən günə qədər gündəliyə yazdıqlarının hamısını da oxumuşam. Nə barədə yazdığı yadımdadı, yoxsa yadımdakıların hamısı həmin o gündəlikdəndi – bunu demək çətindir. Eyni şeyi videoçəkilişlər və fotoşəkillər barəsində də demək olar.

“Pasxada biz Georqla qardan böyük bir ev tikdik, evin fanarları da qardan idi…” Əlbəttə, atamın gündəliyə yazdığı bu qeydləri oxumuşdum, hətta çoxunu əzbərdən bilirdim. Amma haqqında danışılan o hadisələrdə iştirakçı olmağım qəti yadımda deyil. Axı fənərləri qardan olan həmin o böyük evi atamla tikəndə, mən vur-tut iki yaş yarımlıq uşaq olmuşam. Bizdə qar evin şəkli də qalıb, amma elə tutqundur ki, təkcə elə fanarları görünür.

Təzəcə oxumağa başladığım öz uzun məktubunda atam məndən daha bir şey soruşurdu: “Görəsən, Habbl teleskopunun vəziyyəti necədir? Sənə bu barədə nəsə məlumdurmu? Bəlkə, astronomlar bizim Kainatın quruluşunda hansısa yeniliklər aşkarlayıblar?”

Bu sətirləri oxuyanda sanki canımdan üşütmə keçdi: axı lap yaxın günlərdə ingiliscə Hubble Spase Telescope adlandırılan həmin o nəhəng kosmik teleskopdan mən ev tapşırığı yazmışdım. Şagirdlərdən kimisi ingilis futbolu, kimisi “Spice Girls”, kimisi də Roald Dal  haqqında yazmışdı. Mənsə kitabxanada eşələnib, Habbl teleskopuna dair bütün məlumatları tapmışdım, inşamı da ona həsr etmişdim. Tələbkar sinif müəllimimiz bir neçə gün qabaq inşanı oxuyub, dəftərimdə yazmışdı ki, “belə bir çətin mövzuya bu dərəcədə ağıllı, mühakiməli və əsaslı yanaşma” onu çox sevindirib. Ömrümdə hələ heç vaxt bu qədər öyünməmişdim. Öz rəyinin əvvəlində müəllim gözəl nəticə çıxarmışdı: “Həvəskar astronom üçün buket”.

Olmaya atam bəsirət sahibiymiş, öncəgörənmiş? Ya bəlkə Habbl teleskopunun vəziyyəti ilə inşamı yazandan dərhal sonra maraqlanması, bunu məndən xəbər alması sırf təsadüf idi? Bəlkə, heç atamın məktubu gerçək deyil? Bəlkə, o heç ölməyib, sağdır? Kürəyim buza dönmüşdü.

Fikirli-fikirli bir xeyli oturdum. Habbl teleskopu “Diskaveri-25” kosmik gəmisiylə yerətrafı orbitə 1990-cı ilin aprelində çıxarılmışdı. Atam da elə həmin il xəstələnmişdi – Pasxa tətilindən az sonra. Bunu bilirdim, çoxdan bilirdim. Di gəl, atamın məhz Habbl teleskopu orbitə çıxarılan vaxt xəstələndiyi heç vaxt ağlıma gəlməyib. Bəlkə də atam öz xəstəliyindən “Diskaveri”nin Habbla Kanaveral burnundan buraxıldığı elə həmin gün, hətta həmin saat, həmin dəqiqə xəbər tutub. Elədə mən onun teleskopla bağlı marağının səbəbini başa düşürəm. 

Teleskopun əsas güzgüsündə ciddi zədənin olması çox tezliklə aşkar edilmişdi. Bu qüsurun 1993-cü ilin dekabrında “İndever” kosmik gəmisinin astronavtları tərəfindən aradan qaldırıldığını atamın bilməsi mümkün deyildi. Və əlbəttə ki, 1997-ci ildə teleskopa çox yüksək səviyyədə quraşdırılan əlavə qurğudan da atam xəbərsiz idi. 

O, Kainatın ən dəqiq və geniş əhatəli fotolarının bilavasitə Habbl teleskopunun köməyi ilə çəkildiyindən xəbər tutmağa imkan tapmadan ölmüşdü. Onların çoxunu internetdən tapıb, izahlarla birgə inşama daxil etmişdim. Ən çox xoşladığım fotoları indi öz otağımdan asmışam. Məsələn, bizim Günəş sistemimizdən 8000 işıq ili məsafəsində yerləşən nəhəng Eta Kil ulduzunun son dərəcə dəqiqliklə çəkilmiş qeyri-adi fotosunu. Bu, Süd Yolundakı ən böyük ulduzlardan biridir. Tezliklə Ən Yeni Ulduz kimi alışacaq, sonra isə sıxılıb neytron ulduza, ya da qara dəliyə çevriləcək. Orl dumanlığındakı nəhəng qaz buludlarının (onu M16 da adlandırırlar) fotosu da ürəyimcədir. Orda yeni ulduzlar yaranır!

Habbl teleskopunun sayəsində bu gün Kainat barəsində 1990-cı ildəkindən daha çox şey bilirik. Bizim qalaktikamızdan neçə milyon işıq ili uzaqda yerləşən qalaktikaların və ulduz dumanlığının minlərlə şəkli, həmçinin Kainatın keçmişinə aid son dərəcə nadir fotolar çəkilib. Bəlkə də, həqiqətəuyğun səslənmir, amma kosmosa baxmaq elə keçmişə baxmaq kimidir. İşıq saniyədə 300 000 kilometr sürətlə hərəkət edir, bununla belə, milyard illər lazımdır ki, uzaq qalaktikaların işığı bizə gəlib çatsın, çünki Kainat hüdudsuzdur. Habbl teleskopu bizdən on iki milyard işıq ilindən də uzaqda yerləşən qalaktikaların fotolarını çəkib, bu isə həm də o deməkdir ki, teleskop Kainatın on iki milyard il əvvəlki tarixinə boylanıb. Bunu təsəvvür eləmək mümkün deyil, ancaq onda Kainatın yaşı milyard ildən az idi. Habbl teleskopu keçmişə, az qala, zaman və məkanın yarandığı Böyük Partlayışa qədər boylanmağı bacarıb. Mənim bu məsələlərdən az-çox başım çıxır, ona görə bu barədə yazıram. Amma əndazəni bilmək lazımdır və gərəkdir ki, qədərindən artıq aludə olmayasan. Müəllimə təqdim etdiyim inşa qırx yeddi səhifə alınmışdı!

Elə düşünürəm ki, kosmik teleskop barədə yazmaqda atamın hansısa sirli niyyəti var. Kosmik tədqiqatlar məni həmişə maraqlandırıb, ola bilsin, planetimizdə baş verənlərdən asılı olmamaq, sərbəst düşünmək qabiliyyəti də mənə atamdan irsən keçib. Düzdür, mən öz inşamı “Apollon” proqramından və Aya enmiş ilk adamlar barəsində də yaza bilərdim. Yaxud eyni uğurla qalaktikaları və qara dəlikləri (qara dəlikli qalaktika da demək olar) araşdırardım. Yəni istəsəm, inşamı bu mövzulara da həsr edərdim, çünki hamısı barədə yetərincə məlumatlıyam. Lap doqquz planetli Günəş sistemi və Yupiterlə Mars arasındakı böyük asteroid kəmərindən, yaxud Havay adalarındakı nəhəng teleskop¬lardan yaza bilərdim. Amma nədənsə Habbl teleskopundan yazmağa üstünlük verdim. Atam bunu necə öncədən görə bilərdi?

BMT Baş katibinin kimliyi ilə nə səbəbdən maraqlanmasını başa düşmək bundan xeyli asandı – atam oktyabrın 24-də doğulub, onun ad günü BMT-nin yarandığı günlə üst-üstə düşür. Hər necə olsa, hazırda BMT-nin Baş katibi Kofi Annandır, Norveçin Baş naziri isə Kyell Maqne Bundevik. Bu postda o, Yens Stoltenberqi təzəliklə əvəzləyib.

Oturub beləcə fikrə getdiyim vaxt anam otağımın qapısını tıqqıldadıb işlərin necə getdiyini soruşdu. Dedim ki, mane olmasın. Məktubdan oxuduğum hələ vur-tut dördcə səhifə idi. 

Fikirləşdim: hə, ata, danış gəlsin. Danış mənə o Portağal Qızdan. Bütün diqqətim səndədir, çünki sənin hekayəni oxumağın günü də yetişib, saatı da.  


Portağal Qız haqqındakı əhvalat adi bir axşam üstü, mən Milli teatrın qarşısında dayanıb tramvay gözləyərkən başladı. Bu, yetmişinci illərin sonlarında, payızın axırlarında olub. 

Yadımdadır ki, dayanacaqda tramvay gözləyə-gözləyə, təzəlikcə öyrənməyə başladığım tibb haqqında düşünürdüm. Haçansa əsl həkim olacağımı, kabinetimə təşrif buyurub, taleyini mənə tapşıracaq xəstələrin qəbulunu təsəvvürə gətirmək çox çətin idi. Böyük yazı masasının arxasında ağ xalatda oturub deyəcəkdim: “Frau Yensen, siz qan analizi verməlisiniz”. Yaxud soruşacaqdım: “Bu xəstəlik sizdə çoxdanmı başlayıb?”

Nəhayət, tramvay görsəndi. Onu hələ uzaqdan görmüşdüm: əvvəlcə Sturtingenin böyründən adladı, sonra Sturtinqsqaten boyunca sürünməyə başladı. O tramvayla hara gedəsiydim – bu məni həmişə narahat edib, çünki getməli olduğum yeri sonradan heç cür xatırlaya bilmirdim. Hər necə olsa, bir azdan mən Froqnerə gedən, içərisi adamla dolu olan o göy tramvaya mindim.

Gözümə birinci sataşan, diqqətimi ilk çəkən – qucağındakı portağalla dolu çox yekə bir paketlə keçiddə dayanmış məzəli qız oldu. Qızın əynində narıncı rəngdə köhnə anorak  vardı. Özünə sıxdığı kağız paket yaman ağır idi, hətta onu görəndə ağlıma gələn ilk fikir bu olmuşdu ki, qız ağır paketi istənilən an əlindən sala bilər. Amma necə də olsa, diqqətimi ilk çəkən paket yox, qız özü olmuşdu. O dəqiqə başa düşmüşdüm ki, bu qız hamı kimi deyil, onda sözlə ifadə olunmayası sirli və qənirsiz nəsə var. 

Onun necə baxdığını, tramvaya girən adamların içindən məni seçib ayırdığını dərhal sezdim. Buna bircə saniyə vaxt getdi və bu müddətdə sanki bir-birimizlə gizli ittifaq bağladıq. İçəri girməyə macal tapmamış, qızın kəskin baxışları qəlbimə hakim kəsildi və deyəsən, gözümü birinci mən çəkdim, çünki o vaxtlar utancaq idim, özü də ifrat dərəcədə. Lakin uzun sürməyən birgə gedişimiz müddətində yaxşı başa düşürdüm ki, bu qızı artıq heç zaman unutmayacam. Bilmirdim kimdir, nəçidir, adı nədir, amma ilk baxışdan məni öz əsirinə çevirmişdi. 

Boyu məndən bir baş aşağı idi; uzun, qara saçları, qonur gözləri vardı. Yaşıd olardıq – yəqin mənim kimi on doqquz yaşındaydı. Gözlərini qaldırıb, mənə sanki “hə” işarəsi verdi, hərçənd, başını heç tərpətməmişdi də. Məzəli və bir qədər qıcıqlandırıcı tərzdə elə gülümsədi ki, sanki biz tanış idik, ya da – bunu deməkdən çəkiinmirəm – sanki haçansa, çoxdan, lap çoxdan ikimizin bir həyatımız olmuşdu. Bu xatırlatmanı onun baxışlarından oxudum.

Gülümsəyəndə yanaqlarında bir cüt xırda batıq onu dələyə oxşatdı. Bu təkcə qızın sifətindəki batıqlara görə deyildi, amma, hər halda, dələ kimi o da qəşəng idi. Əgər həqiqətən haçansa ikimizə bir həyatımız olmuşdusa, deməli, həmin ağacda iki dələ varmış. Tanımadığım bu sirli Portağal Qızla dələ oyunu haqqındakı fikir ürəyimə yağ kimi yayıldı.  

Amma təbəssümü niyə belə kinayəli idi, niyə bu qədər açıq-saçıq gülüm¬səyirdi? Və görəsən, kimə gülürdü: mənə, yoxsa xəyala dalmışdı? Bəlkə, yaddaşında nəsə xoş bir xatirə oyanmışdı və bu təbəssümün mənə zərrə qədər aidiyyəti yox idi? Ya bəlkə, həqiqətən mənə gülürdü? Hər halda, mənim zahiri görünüşümdə gülməli heç nə yox idi, tamamilə adi görkəmim vardı; ona qalsa, qarnına sıxıb durduğu yekə portağal paketiylə daha çox o özü mənə gülməli görsənə bilərdi. Hə-hə, yəqin, elə öz görkəminə gülürdü. Yəqin, onda özünə qarşı kəskin ironiya hissi var. Bu heç də hamıya xas olmayan çox yüksək keyfiyyətdir. 

Onunla yenidən göz-gözə gəlməyə, baxışmağa cürət eləmədim. Gözlərimi yekə portağal paketinə dikib durmuşdum, fikirləşirdim ki, indicə əlindən yerə salacaq. Təki bu baş verməsin. Amma axırda elə bu cür də oldu. 

Paketdə azından beş kilo portağal vardı, ola bilsin, lap on kilo. 

Çalış, bu mənzərəni təsəvvür edəsən, Georq. Drammen¬sve¬yen boyunca dartına-dartına, yellənə-yellənə gedən tramvay əvvəl Amerika səfirliyinin yanında, sonra Soli-plassda dayanır, ardınca da sağa burulur və bu vaxt, Froqnerveyenə dönən yerdə mənim qorxduğum həmin hadisə baş verir.

Deməli, tramvay gözlənilmədən yana əyilir (hər halda, mənə belə göründü), Portağal Qız müvazinətini güclə saxlayır və mən başa düşürəm ki, portağal dolu bu yekə paketi xilas etməliyəm. Özü də indi... lap elə indicə!

Görünür, taleyüklü səhvə də onda yol verdim. Bunun necə baş verdiyini təsəvvür eləməyə çalış: mən əlimi cəld irəli uzadıram, bir əlimlə qəhvəyi kağız paketin altından yapışıb, o biri əlimlə qızın belini qucaqlayıram. Necə düşünürsən, səncə, sonra nə baş verdi? Aydındır ki, narıncı anoraklı qız portağalla dolu paketi əlindən buraxdı, ya bəlkə onu qızın qucağından mən vurub saldım, özü də qəsdən – sanki qızı bu paketə qısqanır və istəyirdim onu yolumdan kənarlaşdırım. Nəticə acınacaqlı oldu: otuz-qırx portağal sərnişinlərin dizləri üstünə töküldü, sonra bütün tramvay boyunca diyirlənməyə başladı. Həyatda səfeh hərəkələrim çox olub, amma buna çatanı olmaz. Rüsvayçılığın bundan betəriylə ömrümdə bir də heç vaxt qarşılaşmadım. 

Deyəsən, portağallardan çox yazdım, qoy tramvayın içində özləri üçün o baş bu başa diyirlənsinlər, çünki tramvay əhvalatında əsas olan onlar deyil. Qız cəld mənə sarı döndü, amma daha gülümsəmirdi. Sanki pərt olmuşdu, hər halda, üzündən tutqun bir kölgə sürüşüb keçdi. Bilmirəm nə barədə düşünürdü (hardan bilim axı?), deyəsən, doluxsunmuşdu, indicə ağlayacaqdı. Sanki paketdəki hər bir portağalın ondan ötrü xüsusi mənası vardı. Başa düşürsənmi, Georq, mənə elə gəldi onların hər biri qız üçün əvəzsizdir. Bu, uzun çəkmədi, bir an sonra məni təhqirəmiz baxışlarla süzüb, günahımı aydınca hiss etdirdi. Hə, mən onun könlünü qırmışdım. Hələ özümü demirəm – öz əlimlə gələcəyimi uçurub dağıtmışdım.

Hayıf ki, sən orda yox idin, Georq. Orda olsaydın, qanımın arasına girib məni xilas edərdin, nəsə gülməli bir söz deyib, vəziyyəti yumşaldardın. Amma o vaxt hələ totuq uşaq əlindən tutmamışdım; bu sənin dünyaya gəlişindən çox-çox əvvəl olub.

Elə karıxmışdım ki, dizlərimi yerə atıb çirkli çəkmələrin, ayaqqabıların arasından portağalları tələsik yığmağa başladım. Amma vur-tut bir neçəsini – kağız paket cırıldı, başa düşdüm ki, o daha heç nəyə yarayan deyil.

Qəfil ayıldım ki, cavan qızın qarşısında diz çökmüşəm, yəni məcazi yox, sözün həqiqi mənasında diz çökmüşəm – içimi acı bir gülüş sardı. Sərnişinlər pıqqıldaşmağa başladı; adamla dolu tramvayda acıqlı sifətlər də az deyildi. Aydın məsələdir ki, hamı məni günahkar bilirdi, hərçənd, mənim bu hərəkətim çox da qınanılası deyildi: portağalların xilası üçün, sadəcə, nəcib bir addım atmışdım, intəhası, cəhdim uğursuz alınmışdı. 

Və nəhayət, bu lənətə gəlmiş tramvaydan yadımda qalan axırıncı xatirə: bir qucaq portağalla – hələ ikisini də şalvarımın ciblərinə dürtmüşdüm – narıncı anoraklı qızın qarşısında dayanmışam, o da düz gözlərimin içinə baxıb kinayə ilə deyir: “Bədbəxt nisse!” 

Bu aşkar tənə idi, ancaq tez də yumşalıb yarıməzəli, yarımülayim tərzdə, bir növ barışdırıcı tonla əlavə elədi: “Bəlkə, mənə, heç olmasa, bir portağal verəsən?”

“Bağışla, – yalnız bunu deyə bildim, – bağışla!”

Və bu dünyanın adamı saymadığım Portağal Qıza çaşqın nəzərlərlə baxıb, başımı yellədim, o isə portağalın birini dartıb əlimdən aldı. Bu vaxt tramvay artıq Froqnerdəki Möllhausen şirniyyat dükanının yanında dayanmış, qapılar açılmışdı; qız da nağıllardakı pərilər kimi bir anda küçədə gözdən itib yoxa çıxdı.

“Bəlkə mənə, heç olmasa, bir portağal verəsən?” 

Georq! Axı portağallar onun idi; ikisini cibimə soxmuşdum, qalanları da tramvayın döşəməsində diyirlənirdi. İndi mən özgənin malını bərk-bərk sinəmə sıxıb durmuşdum. 

“Alçaq portağal oğrusu”, – sərnişinlərdən kimsə ünvanıma bu xoşagəlməz ifadəni söyləməkdən özünü saxlaya bilmədi; yadımda deyil nə barədə düşünür¬düm, amma növbəti dayanacaqda, Froqner-plassda tramvaydan düşdüm. 

Başımda yalnız bir fikir fırlanırdı: portağallardan qurtulmalı! Kəndirbaz sayağı tarazlığımı pozmurdum ki, onları əlimdən salmayım, amma biri yerə düşüb səki boyunca diyirləndi, mənimsə onu götürmək üçün aşağı əyilmək imkanım yox idi. 

Tezliklə balıq dükanının yanında (yəqin ki, Froqner-plassdakı həmin dükanı tanıyırsan; amma kim bilir, görəsən, o öz yerində dururmu?) uşaq arabası ilə gedən bir qadın gördüm. Astaca yaxınlaşdım, arabanın yanından ötəndə zirək tərpənib, portağalların hamısını çəhrayı uşaq balışının böyrünə tökdüm, o cümlədən, cibimdəki iki portağalı da. Bunu ikicə saniyəyə etdim.

Georq, kaş qadının üzündəki ifadəni özün görəydin! Başa düşürdüm ki, nəsə demək lazımdır, ona görə də bu kiçik hədiyyəni uşaq üçün qəbul etməsini acizanə xahiş etdim; dedim, payızın axırlarıdır, uşaqların lazımi qədər C vitamin alması vacibdir. Xatircəmlik üçün onu da əlavə elədim ki, bəs mən bunu dəqiq bilirəm, çünki hazırda tibb sahəsini öyrənirəm. 

Şübhəsiz, qadın mənim hərəkətimi qanacaqsızlıq saydı, bəlkə də fikirləşdi ki, sərxoşam, hər halda, gələcəkdə həkim olacağıma inanmadı; mənsə dabanıma tüpürüb götürülmüşdüm, artıq Froqner¬ve¬yenlə şütüyürdüm. Başımda yeganə bir fikir fırlanırdı: Portağal Qızı hökmən tapmaq! Onu mümkün qədər tez tapıb üzr istəməliydim. 

Bilmirəm sən şəhərin həmin hissəsini yaxşı tanıyırsan, ya yox, mənsə parovoz kimi tövşüyə-tövşüyə bir azdan artıq Froqnerveyen, Fredrik Stanqsqate, Elisenberq¬veyen və Lövenşoldsqaten küçələrinin kəsişməsində idim – o yerdə ki, Portağal Qız əlindəki yeganə portağalla tramvaydan düşmüşdü. Eyni uğurla mən Fransa paytaxtındakı Etual meydanında da ola bilərdim, yəni burda düzgün istiqamət götürmək imkanım ordakından çox olmazdı, Portağal Qız isə bu arada itmiş, sanki havada əriyib yoxa çıxmışdı.

Həmin axşam Froqnerdə bir xeyli dolaşdım. Briskebyüdəki yanğın deposunda oldum, Qırmızı Xaçın köhnə xəstəxanasına baş çəkdim, hər dəfə də gözümə narıncı anoraka oxşayan nəsə sataşanda, ürəyimin necə çırpındığını hiss etdim, axtardığım isə yoxdu, elə bil yer yarılıb, yerə girmişdi.

Bir neçə saatdan sonra ağlıma gəldi ki, kobudcasına təhqir etdiyim bu qız, ola bilsin, Elisenberqveyenin hansısa pəncərəsi arxasında oturub altdan-altdan mənə göz qoyur, eynən kompüter oyununda öz şahzadəsini tapa bilməyən azmış qəhrəman kimi, gənc tələbənin ora-bura necə vurnuxmasına baxır. Qəhrəman nə qədər istəsə də, axtardığını tapa bilmir. Sanki oyun kompüterdə donub qalıb. Bir dəfə zibil qutusunda təzə soyulmuş portağal qabığı gördüm. Götürüb iylədim, fikirləşdim ki, əgər qabıqları ora Portağal Qız atıbsa, bu onun axırıncı izidir. 

Axşamın qalan hissəsini narıncı anoraklı qızı düşünməklə keçirdim. Ömrüm boyu Osloda yaşamışam, ancaq əvəllər onunla heç vaxt rastlaşmamışdım, buna tam əminəm. Eyni əminliklə də bilirdim ki, onu yenidən görmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. O, sanki sehirli çubuğun bir tərpənişi ilə mənimlə yerdə qalan dünyanın arasında dayanmışdı.

Portağallar heç cür fikrimdən çıxmırdı. Fikirləşirdim ki, görəsən, bu qədər portağal onun nəyinə gərəkdir? Yəni doğrudanmı səhər yeməyi, ya naharda o portağalları bircə-bircə soyub təmizləməyə, dilimləri bir-birinin ardınca yeməyə hazırlaşmışdı? Bunu fikirləşəndə narahatlıq keçirdim. Bəlkə, yazığın xəstəliyi vardı və xüsusi pəhriz saxlayırdı. Bu fikir məni əməlli-başlı qorxutdu.

Amma ağlıma başqa fikirlər də gəlirdi. Bəlkə, yüz nəfərlik məclis üçün portağal jelesi hazırlayacaqdı? Qısqanclıq içimi gəmirməyə başladı – axı özüm o məclisə dəvətli deyildim! Həm də nəyə görəsə əmin idim ki, çağırılanların arasında oğlanlar qızlardan qat-qat çoxdur, məsələn, qonaqların doxsanı oğlan olacaq, onu qız. Kim bilir, bu fikir ağlıma niyə gəlmişdi. Yəqin fikirləşmişdim ki, portağal jelesi onların İqtisadiyyat və İstehsalatın Təşkili İnstitutunu bitirməsi münasibətilə keçirilən təmtəraqlı məclis üçündür və adından da göründüyü kimi, həmin İnstitutda qızlar oğlanlardan xeyli az olmalıydı. 

Bu fikri beynimdən qovmağa çalışdım, çünki dözülməz idi, həm də cinslərin bu qeyri-bərabərliyi məni bərk qıcıqlandırırdı. Niyə axı İqtisadiyyat və İstehsalatın Təşkili İnstitutu tələbə qızlarla oğlanlara eyni qədər yer ayırmır? Bir sözlə, başa düşdüm ki, öz fantaziyama etibar edə bilmərəm. Bəlkə, Portağal Qız, sadəcə, evə, kirayə qaldığı darısqal otağına gedirdi ki, bir neçə litr portağal şirəsi çəkib, soyuducuda saxlasın, çünki Kaliforniyadan gətirilmiş ucuz konsentratlardan hazırlanan portağal şirələrindən zəhləsi gedirdi, ona qarşı allergiyası vardı. Amma təsəvvürümdəki bu iki ehtmalın heç biri mənə düzgün görsənmədi – nə şirə, nə də jele. Bir azdan məndə daha inandırıcı fikir yarandı: Portağal Qızın əynində Roald Amundsenin qütbə məşhur yürüş zamanı geydiyi həmin cür köhnə anorak vardı. İşarələri yozmaq mənim köhnə şakərimdir, tibbdə buna diaqnostika deyirlər. Əgər müəyyən səbəb yoxdursa, Osloda heç kəs köhnə anorakda gəzməz, hələ dəymiş portağalla dolu yekə kağız paketi bərk-bərk qucaqlayıb durmağı demirəm.

Belə düşünürdüm: Portağal Qız xizəklə Qrenlandiyanı, ya da ən azından, Xardangerviddi keçməyə hazırlaşır; elədə buz basmış ucsuz-bucaqsız çöllükdə sınqaya tutulmamaq üçün it kirşəsinə səkkiz-on kilo portağal qoymaq heç də pis fikir deyil. 

Xəyallar aləminə bir də baş vurdum: deyəsən, “anorak” eskimos sözüdür axı? Əlbəttə ki, bu qız Qrenlandiyaya hazırlaşmışdı! Bəs ekspedisiyanın axırı necə olacaqdı? Çətin ki, yazığın təzədən bir belə portağal almağa pulu olsun, axı bir az əvvəl, portağalların yerə töküldüyünü görəndə, az qala, ağlaya¬caqdı. Bundan belə nəticə çıxartdım ki, Portağal Qız çox kasıb olmalıdır.

Amma başqa gümanlar da vardı. Onlara inanmaq üçün özümü ələ almağım lazım gəldi. Bəlkə, Portağal Qızın ailəsi böyükdür? Bu, tamamilə mümkündür, axı onun dayəlik etmədiyinə, Qırmızı Xaç xəstəxanası ilə üzbəüzdə otaq kirələmə¬diyinə kim zəmanət verə bilər? Kim deyə bilər ki, onun çoxkülfətli ailəsi portağal xoşlamır? Mən bu ailəyə baş çəkmək və tavanı gips oymalarla bəzənmiş Froqnerdəki geniş otaqlı qədimi mənzillərin birində, yekə nahar masasının arxasında oturan ailə üzvlərini görmək istəyirdim, Georq. Mənim təsəvvürümdə ata-anadan başqa həmin ailədə yeddi uşaq vardı – qızın özünü çıxmaq şərtilə dörd bacı və iki qardaş. Portağal Qız bacıların ən böyüyü, ən istiqanlısı, ən qayğıkeşi idi. Bu keyfiyyətlər gələcəkdə onun işinə yaraya bilərdi, indi isə, kim bilir, qardaş-bacılarının öz məktəb yeməklərində hərəyə bir portağal almaları üçün nə qədər vaxt keçməliydi.  

Ya bəlkə, özü anaydı, – bu fikirdən tüklərim ürpəşdi – özündən, İqtisadiyyat və İstehsalatın Təşkili İnstitutunu təzəlikcə bitirmiş zirək ərindən, bir də dörd-beş aylıq körpə qızından ibarət üçnəfərlik ailənin anası. Bilmirəm niyə, amma əmin idim ki, körpənin adı Ranveyqdir. 

Bu versiyanı da nəzərə almalıydım, başqa çərəm yox idi. Axı kim dedi ki, Froqnerdə, “Balıq və quş əti” mağazasının yanında gördüyüm çəhrayı balışlı körpəni arabada gəzdirən qadın uşağın məhz öz anasıdır? Kim əksini təsdiqləyə bilər ki, o qadın ev işlərində dələ baxışlı qızın köməkçisi deyil? Bu fikir məni yandırıb yaxdı. Hərçənd, belədə, heç olmasa, portağalların bir qismi yiyəsinə qayıtmış olurdu, intəhası, dünya birdən-birə ovcumun içinə yerləşdi, hər şey də öz mənasını aldı. 

Mən əlamətləri yozmağı, yaxud, biz həkimlərin dediyi kimi, diaqnoz qoymaqla iki dəfə ikinin neçə elədiyini həmişə tapmışam. Yeri gəlmişkən, xəstələnəndə diaqnozumu da elə özüm qoymuşdum. Bu mənim izzət-nəfsimi bir qədər oxşayır. Belə ki, öz həkim həmkarımın yanına gedib, məni nəyin incitdiyini dəqiqliyi ilə söyləmişdim. Qalan şeylərin hamısını o elədi. Nəticədə...

Bax belə, Georq. Bu yerdə bir balaca nəfəs dərməliyəm.

Çox-çox illər qabaq bir axşamüstü baş verənlərdən indiki vəziyyətimdə belə şən ovqatla söz açmağım bəlkə də, səni təəccübləndirir. Amma bu mənim hafizəmdə hansısa filmə bənzər məzəli bir əhvalat kimi qalıb və istəyirəm sən də bunu belə qəbul edəsən. Bu heç də o demək deyil ki, bunları yazdığım dəqiqədə ürəyim rahatdır. Yox, özümü çox köməksiz, düzünü desəm, hətta çarəsiz hiss edirəm. Bunu gizlətmirəm, amma dərinə də getmirəm, çalışıram fikir verməyim. Sən heç vaxt atanın ağlamağını görməyəcəksən. Bu, mənim qəti qərarımdır və düşünürəm ki, öz qərarımı yerinə yetirməyi bacaracağam. 

Ananın işdən gələn vaxtıdır, hələliksə evdə ikimizik. Sən döşəmədə oturub rəngli təbaşirlərlə şəkil çəkirsən, amma çətin ki, bu məni ovutsun. Bəlkə, belə deyil? Bəlkə, haçansa, uzun illərdən sonra, öz doğmaca atan olmuş bir insanın məktubunu oxuyanda, onun barəsində yaxşı şeylər düşünəcəksən. Bu fikir indidən ürəyimi isidir. 

Zaman, Georq, zaman. Nədir zaman?


Yenə ölümqabağı yazılan təsirli hekayədən ayrılmaq məcburiyyətindəyəm. 

Şəklə baxdım: Ən Yeni Ulduz 1987 A. Bu foto Habbl teleskopu tərəfindən təxminən həmin vaxt – atam sağalmaz xəstəliyə düçar olduğundan xəbər tutarkən çəkilib. 

Əlbəttə, atamın halına acıyıram. Amma bir məsələ var: məncə, öz ağrısını mənim çiyinlərimə yükləmək cəhdi onun tərəfindən çox da düzgün hərəkət deyil. Axı mən onda uşaq idim, gücsüz idim, məndən heç nə asılı deyildi. Atam başqa dövrdə yaşayıb, mənsə öz həyatımı yaşamalıyam. Əgər mərhum ata-babalar özlərinin qalaq-qalaq məktublarını üstümüzə töksələr, biz ürəyimz istəyən kimi yaşaya bilmərik. 

Gözlərim yaşla doldu. Acı göz yaşıyla. Göz yaşının heç şirini də olurmu, – bilmirəm. Amma yaş yanaqlarıma süzülmürdü, bəbəklərimin qırağına yığılıb bərk göynədirdi. 

Anamla qəbristanlığa gedib, atamın məzarına necə qulluq etməyimizi xatırladım. Axırıncı bir neçə abzası oxuyanda fikirləşdim ki, bu şeylər daha mənlik deyil. Hər halda, qəbristanlığa tək gedən deyiləm. Heç vaxt.

Bəzən atasız böyümək elə də ağır, elə də çətin olmur. Amma mərhum ata birdən-birə sənə qəbirdən üz tutursa, səninlə o dünyadan danışırsa, onda vəziyyət həqiqətən dəhşətli olur. Bəlkə, oğlunu rahat buraxması daha yaxşı olardı? Axı təzədən xəyal kimi qayıdacağına özü eyham vurmuşdu.

Ovuclarımın tərlədiyini hiss etdim. Amma, heç şübhəsiz, məktubu axıracan oxuyacağam. Atamın gələcəyə məktub göndərməsi ola bilər yaxşıdır, ola bilər pis. Hazırda bu barədə mühakimə yürütmək tezdir.

Fikirləşdim ki, hər necə olsa, atam çox qəribə adamdır. Axı yetmişinci illərin sonlarındakı o payız fəslində portağal dolu yekə paketlə trmavayda gedən hansısa qıza bu qədər əhəmiyyət verməyə nə lüzum vardı? On doqquz yaşlı oğlanla qızın göz-gözə gəlməsində, baxışmasında qeyri-adi nə var ki? Bu məsələ hələ Adəmlə Həvvanın dövründən başlayıb.

Niyə o, sadəcə olaraq, qıza vurulduğunu yazmır? Yəqin ki, qız bunu atam hələ portağal paketinin üstünə şığımazdan qabaq anlayıbmış, atam isə, üstəlik, onun belini qucaqlayır! Bəlkə, hələ könlündən keçirmiş ki, tramvayın içində qızla portağal valsı da oynasın? 

Uşaqlar vurulanda ya dalaşır, ya da bir-birinin saçından tutub dartırlar. Bəziləri də bir-birinə qartopu atır. Elə düşünürəm ki, on doqquz yaşlılar özlərini daha ağıllı aparır.

Amma mən əhvalatın hələ yalnız başlanğıcını oxumuşdum. Bəlkə, bu Portağal Qız həqiqətən hansısa sirr yiyəsidir? Yoxsa atam ondan niyə ağızdolu danışsın ki? Düzdür, məktubu yazanda atam xəstə idi və tezliklə öləcəyini bilirdi. Ona görə də özü üçün, ola bilsin, həm də mənim üçün vacib saydığı məsələdən söz açıb. 

Kolanı içib, oxumağa davam elədim.


Görəsən, Portağal Qız bir də haçansa rastıma çıxacaqmı, onunla görüşəcəmmi? Yəqin ki, yox. Bəlkə o, ölkənin başqa tərəfində yaşayır, Osloya da, ola bilsin, qısa müddətə gəlmişdi.

Şəhərə çıxanda, Froqnerə gedən hansısa tramvayı görəndə pəncərələrə baxıb, onu sərnişinlərin arasında axtarmaq məndə vərdişə çevrilmişdi. Amma nə qədər baxsam da, onu görmədim. Bircə dəfə də görmədim. Axşamlar Froqnerdə veyillənirdim, hər dəfə gözümə sarı ya narıncı bir şey sataşanda sevinirdim ki, odur! Axtardığımı nəhayət ki, tapmışam. Gözləntim çox böyük idi, bu səbəbdən peşmançılığım da ondan az olmurdu. 

Günlər, həftələr beləcə ötüb keçirdi. Bir dəfə Karl Yuxan küçəsindəki kafelərdən birinə girdim. Bazar ertəsi, günorta üstüydü. Universitet dostlarımızla, adətən, bu kafedə yığışırdıq. Qapını açıb içəri keçəndə yerimdəcə quruyub qaldım: Portağal Qız zalda oturmuşdu! Əvvəllər onu heç vaxt burda görməmişdim, indi isə buyur: qabağında bir fincan çay, masa arxasında əyləşib, hansısa illüstrasiyalı kitabı vərəqləyir. Sanki kiminsə sehirli əli qızı qəsdən gətirib həmin yerdə əyləşdirmişdi ki, mən kafeyə baş çəkənəcən oturub gözləsin və bu minvalla biz yenidən görüşək. Qızın əynində həminki köhnə anorak idi və qulaq as, Georq, qorxuram inanmayasan, dizlərinin üstündə, yəni özü ilə balaca masanın arasında dəymiş portağalla dolu kağız paket vardı!


 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR