NOBEL KÜRSÜSÜ
Mo Yan: "Yazmağa başlayanda nə Qarsia Markesi, nə də Folkneri oxumuşdum"

Mo Yan Çin yazıçıları arasında dünyada ən çox tanınan, kitabları geniş təbliğ və tərcümə olunan müəlliflərdəndir. O, 1955-ci ildə Şandun əyalətində fermer ailəsində doğulub, iyirmi yaşında könüllü olaraq xalq azadlıq ordusunun sıralarına yazılıb və elə həmin dövrdən də yazmağa başlayıb. O vaxtdan indiyə qədər «Qırmızı qəlyan», «İri döş və enli baldır», «Həyat və ölüm məni üzür», ötən il yazdığı «Qurbağa» da daxil olmaqla, bir neçə roman və hekayələri onun istedadını bütün dünyaya bəyan edib. «Xəzər»in oxucularına yazıçının «Granta» ədəbi dərgisinin redaktoru Con Frimana verdiyi müsahibəni təqdim edirik.


- Sizin romanlarınızda hadisələr əsasən, deyək ki, Folknerdə Amerikanın cənubi kimi qurama şəhərdə baş verir. Sizin doğma Qaomi şəhəriniz hardasa Yaknopotofun prototipi qismində çıxış edir. Yarıqurama aləmə qayıdıb oxucunun diqqətini tamamilə fokusdan yayındırmağa sizi nə məcbur edir?


- Yazmağa təzə başladığım dövrlərdə məni əhatə edən dünya çox real idi və mənim bütün əsərlərim şəxsi təcrübələrimin məhsulu idi. Dərc etdiyim işlərin sayı artdıqca gündəlik həyat təcrübələrim azlıq etməyə başladı və mən qurmağa, bəzən isə hətta fantaziyalara əl atmağa məcbur oldum.


- Sizin bəzi kitablarınızda Günter Qrass, Uilyam Folkner və Qabriel Qarsia Markesin işləri xatırlanır. Sizin gənclik dövrlərinizdə bu yazıçıların əsərlərini əldə etmək olurdumu? Bir qədər təsirləndiyimiz əsərlərdən danışa bilərdizmi?


- İlk dəfə yazmağa başlayanda, - söhbət 1981-ci ildən gedir, mən nə Qarsia Markesi, nə də Folkneri oxumuşdum. Mən onların kitablarıyla yalnız 1984-cü ildə tanış ola bildim və şübhəsiz ki, hər iki yazıçının mənə çox böyük təsiri oldu. Gördüm ki, mənim həyat təcrübəm onlarınınkına bənzəyir. Sadəcə olaraq, mən bunu gec kəşf etdim. Əgər onların kitablarını daha əvvəl oxusaydım, çoxdan mən də onlar kimi şedevr yaratmışdım.


- Məsələn, «Qırmızı qalyan» kimi ilkin romanlarınızda daha çox tarixə müraciət olunur və onlar hətta «romans» kimi qəbul edilir. Amma son əsərlərinizdə artıq qabarıq şəkildə müasir mövzulara və problemlərə müraciət edirsiniz. Bu, şüurlu seçimdi?


- «Qırmızı qalyan»ı yazanda mənim heç otuz yaşım da yox idi. Demək, kifayət qədər gənc idim. Həmin günlərdə əcdadlarımla bağlı hər şeyə qarşı güclü romantik hisslərə malik idim. Onlar barədə məlumatım az ola-ola yaşantılarını qələmə alırdım. Yəqin bu səbəbdəndi ki, personajlarda olan çox şey mənim təxəyyülümdən gəlir. «Həyat və ölüm məni üzür» romanını yazanda qırx yaşım vardı. Yəni, mən artıq gənc deyil, orta yaşlı bir insan idim. Mənim həyatım dəyişir. İndi mənim həyatım daha real, daha müasirdi və bu müasirliyin amansız qanunları nə vaxtsa yaşadığım romantik hisslərin hüdudlarını daraldır.


- Siz daha çox yerli Lyaobeysin dilində, əsasən də Şandun dialektində yazırsız ki, bu da sizin nəsrə xüsusi bir çalar gətirir. Ehtiyatlanmırsız ki, sizin bəzi idiomlar və söz oyunlarınız ingiliscəyə çevrilməyə də bilər? Yoxsa siz bu problemi tərcüməçiniz Hovard Holdblottla həll etmək iqtidarındasız?


- Bəli, doğrudan da, ilk işlərimin əsas hissəsini yerli dialektdə yazmışam, idiom və söz oyunları məndə kifayət qədərdi. Çünki o dövrlər hətta düşünməmişdim ki, mənim əsərlərim başqa dillərə çevrilə bilər. Sonralar başa düşdüm ki, bu dil tərcüməçilər üçün heç də az problem yaratmır. Amma mən dialektlərdən, idiomlardan, söz oyunlarından imtina eləyə bilmərəm. Çünki idiomatik dil daha dərin və təsirlidir, üstəlik, hansısa bir yazıçının fərdi üslubunun əsaslı xüsusiyyətlərindəndir. Beləcə, bir tərəfdən mən söz oyunlarını və idiomları nəzarətimdə saxlayar, digər tərəfdən ümid edirəm ki, tərcüməçi mətn üzərində işləyərkən mənim başqa dildə istifadə etdiyim bu söz oyunlarını oxucuya çatdıra biləcək. Bu, işin ən ideal həllidi.


- Sizin bir çox romanlarınızda - «Həyat və ölüm məni üzür», «İri döş və enli baldır», «Qurbağa»da güclü qadın obrazları var. Siz özünüzü feminist sayırsız, yoxsa, sadəcə, qadın nöqteyi-nəzərindən yazmağa çalışırsız?


- İlk öncə deyim ki, mən qadınlarla qürur duyuram və onlara hörmət eləyirəm. Düşünürəm ki, onlar daha genişürəklidirlər, həyat təcrübələri kişilərdən daha artıqdı və onlar çətinliyə daha dözümlüdülər. Böyük fəlakət baş verəndə qadınlar özlərini kişilərdən daha mərd aparırlar. Düşünürəm ki, buna səbəb onlarda güc ehtiyatının daha çox olmasıdı. Çünki onlar həm də anadılar. Bu, hətta bizim təsəvvürümüzə belə gətirə bilməyəcəyimiz qədər qüvvə deməkdi. Öz kitablarımda mən qadın cildinə girməyə çalışır, dünyanı qadın baxışıyla anlamağa və izah etməyə cəhd edirəm. Amma işin məğzi burasındadı ki, mən qadın deyiləm, kişiyəm və yazıçıyam. Və mənim kitablarımda kişi kimi təqdim etdiyim dünyanı ola bilər, qadınlar yaxşı qəbul etməsin. Amma mən artıq buna təsir etmək gücündə deyiləm. Mən qadınları sevirəm və onlarla qürur duyuram, amma bununla yanaşı mən kişiyəm.


- İngiliscəyə tərcümə olunmuş sonuncu kitabınızda Çinin yeniyetməlik illərinizə təsadüf etmiş tarixi dönəmindən bəhs edən «Demokratiya» adlı həcmcə böyük olan bir esse var. Siz həmin dövr barədə Qərb üçün xas olan melanxolik, həm də müəyyən mənada gözlənilməz bir tərzdə danışırsız. Biz həmişə inanmışıq ki, baş hərfi «P» olan «Proqress» həmişə yaxşılığa doğru bir əlamətdi, amma sizin essenizdə nəyinsə itirildiyi hiss olunur. Sizcə, belə danışmaq ədalətlidimi?


- Hə, sizin xatırladığınız essedə mənim şəxsi təcrübəmdən və gündəlik həyatımdan çox şey var, amma burada, nəsə quramaçılıq da var. Sizin dediyiniz o melanxolik hava həqiqətən də mənim yazımı dəqiq xarakterizə edir. Axı orada söhbət ötüb keçən cavanlığını xatırlayan qırx yaşlı insandan gedir. Məsələn, cavanlığınızda siz hansısa bir qızdan ötrü dəli-divanə olmusuz, amma müəyyən səbəblərdən o qız indi kiminsə həyat yoldaşıdı və bu xatirə həqiqətən də qəm-qüssə gətirir. Son otuz ildə bizlər Çinin keçdiyi hərtərəfli tərəqqi yolunun şahidi olduq. Bu, bizim vətəndaşların həm intellektual, həm də mənəvi səviyyəsini, həyatını əhatə edir. Tərəqqi göz qabağındadı, amma şübhəsiz ki, gündəlik həyatda razı qalmadığımız çox şeylər də var. Çin həqiqətən də tərəqqi yolundadı, amma elə bu tərəqqi özüylə, məsələn, ekoloji sahədə, yaxud adət-ənənələrin itməsi kimi çoxlu sayda problemlər də gətirir. Demək, sizin dediyiniz o melanxoliya iki səbəbdən təzahür edir: əvvəla, dərk edirəm ki, mənim cavanlığım artıq keçdi, ikincisi isə mən Çinin mövcud status-kvosundan narazıyam.

Tərcümə: YAŞAR


MO YANDAN SITATLAR

Əgər ətrafdakıların hamısı hansısa bir şeyəsə «yaxşı» deyirsə, heç kəs bunun əksini deməyə cürət etməz. Kütlənin canında əzəmət və hakimiyyət var.

* * *
Dünyada qorxmalı olası bir şey varsa, o da bu üçcə kəlmədi: «ciddi qəbul etmək». Əgər hər şeyi «ciddi qəbul etsən» kitabın bağlandı.

* * *

Hətta ən yaxşı metaforanı belə, iki dəfə təkrar etmək olmaz.

* * *

O qıza qarşı onda qəribə hisslər var idi. Bunun nə olduğunu o özü də anlamırdı: nifrətmi, mərhəmətmi, qorxumu? Əslində bu, məhəbbət idi.

* * *

Məgər şəraba qadağa qoymaq olar? Şərabın istehsalına və istehlakına qadağa qoymaq baş tutan iş deyil. Bu, hardasa, insanlara cinsi əlaqəyə girib nəsil artrımağa qadağa qoymaq kimi bir şeydi. Cazibə qüvvəsini ləğv etmək bundan asan işdi. Bax, nə vaxt ki, alma yerə yox, göyə düşdü, onda şərabı da qadağan etmək olar. Hələ aydakı kraterlər... Onlar ki, gözəllikdə misli-bərabəri olmayan badələrdi! Roma kolizeyindən isə nəhəng şərab anbarı kimi istifadə etmək olar.


* * *
Sım Lyanın qadın əzaları barədə təcrübəsi az deyildi. O, bilirdi ki, qadının yaşını göstərən məhz onun boynudu. Əlli yaşlılarda boyun ya yağlı kolbasanı, ya da qabıq vermiş ağac gövdəsini yada salır.
Qadın üçün ən əsası mükəmməl döşlərə malik olmaqdı. Döş bəşəriyyətin tərəqqisinin yekunu deməkdi. Döşə məhəbbət və qayğı bütün dönəmlərdə cəmiyyətin inkişafının əsas meyarı olub. Döş qadının qürur yeridi və kişi də qadının döşüylə qürur duymalıdı. Qadının əhvalı yalnız döşləri rahat olanda yaxşı olur. Və əgər qadının kefi yaxşıdısa, kişinin də kefi yaxşı olacaq. Odur ki, əgər döşə qayğı göstərilsə, hamıya yaxşı olacaq. Döşün qayğısına qalmayan cəmiyyət sivil cəmiyyət deyil. Döşə məhəbbət bəsləməyən cəmiyyət humanist cəmiyyət deyil. Uşaqlar, cib xərcliyinizi toplayıb analarınıza büsthalter alın. Yer göysüz ola bilməz. Siz də analarsız necə əmələ gələcəkdiniz? Ey insanlar, kökü unutmaq olmaz! Ana döşünü unutmaq insanlığı itirmək kimi bir şeydi. Ey ərlər və adaxlılar, yadda saxlayın ki, sizin heç bir hədiyyəniz qadına zərif büsthalterin verdiyi qədər sevinc bəxş edə bilməz. Döş bir xəzinə, həyatın əzəli, cəmiyyətin, mərhəmətin və gözəlliyin mərhəm nümayişidi. Qadın döşünü sevmək, elə qadının özünü sevmək deməkdi. Təbliğatın əsas vəzifəsi bu anlayışı daima beyində daşımaqdı. Gərək «döşə məhəbbət» sözü ara vermədən qulaqlarda səslənsin. Büsthalterdən imtina kimi qeyri-sivil hərəkətlər gərək tamamilə aradan qalxsın. Büsthalter balaca bir şey olsa da, xeyri çox böyükdü. Kişi də, qadın da ona çox bağlanıb. Biz Dalanı döşlərə, gözəl döşlərə, dolu döşlərə məhəbbət şəhərinə çevrilməliyik. İyunu döşə məhəbbət ayı elan edək. Ay təqvimilə yeddinci ayın yeddinci günü isə döş bayramı keçirək.

* * *

İnqilab bədxassəli şişin çıxarılması kimi bir şeydi. Bu zaman sağlam hüceyrələri də kəsib atmalı olursan. Amma bu, əməliyyatdan imtinaya səbəb olmamalıdı.

* * *
İnsandan sonra yaxşı ad, vəhşi qazdan sonra yalnız çığırtı qalır.

* * *
Görünür, qayıqlarda əyləşənlər yalnız sevgili cütlüklər idi. Axı yalnız sevgililər bir-birlərinə havalı kimi baxırlar.

* * *
Bu dünyada ikiayaqlı quru qurbağası nadir hadisədi, amma hər yan ikiayaqlı qızlarla doludu. Demək, elə düşünmə ki, insan özünü yalnız bir ağacdan asa bilər.

* * *
«Mo Yan» «mumla» deməkdi. Mən 1955-ci ildə anadan olmuşam. Həmin dönəmlərdə Çində anormal vəziyyət hökm sürürdü. Odur ki, atamla anam mənə evin kandarından kənarda cərənləməməyi məsləhət görmüşdü. Əgər ağzına gələni danışsan, başına iş açarsan, deyirdilər. Mən də onlara qulaq asıb çərənləmədim. Və təzə-təzə yazmağa başlayanda elə bilirdim ki, hər böyük yazıçının gərək təxəllüsü olsun. Elə bu vaxt atamla anamın mənə susmağı tapşırmasını xatırladım. Odur ki, özümə «Mo Yan» təxəllüsünü götürdüm. Hə, özümü belə adlandırmağım gülməlidi, axı indi ara vermədən çərənləyirəm.

* * *
Fikrimcə, gələcəkdə tarixi öyrənmək istəyənlər təbii ki, tarix kitablarına müraciət etməli olacaqlar. Amma əgər çoxdan ötüb keçmiş dönəmlər barədə bilmək, o dövrün insanlarının gündəlik yaşantılarından, hiss-həyəcanlarından agah olmaq istəyirsənsə, bunları ədəbiyyatda tapa bilərsən. Əgər mənim kitablarım bir neçə yüzilliklər sonrası da oxunacaqsa, bu halda onların oxucuları insanların gündəlik həyatı barədə hər şeyi anlayacaqlar.

* * *
Səksəninci illər Çin ədəbiyyatının qızıl dövrü kimi qəbul olunur. Doxsanıncı illər isə bütünlüklə pula və biznesə sərf olunub.
Çində internet yaranandan sonra əksər cavanlar əsas vaxtlarını şəbəkələrə xərclədilər. Bədii ədəbiyyatı mütaliə edənlərin sayı azalmağa başladı. Özü də bu gün yazmağın heç vaxt olmadığı qədər xeyli müxtəlif üsulları var.

* * *
Uşaq olanda qardaşımın məktəb dərsliyində Puşkinin "Balıqçı və balıq" nağılnı oxumuşdum. Sonra Qorkinin "Uşaqlığ"ını oxudum. Təbii ki, o dövrün bütün çinli gəncləri kimi "Polad necə bərkidi" romanını da oxudum. Mənim sevimli yazıçım Şoloxovdu. "Sakit Don" bir yazıçı kimi mənə çox böyük təsir göstərib.


Tərcümə: Yaşar

DİGƏR MƏQALƏLƏR