İNTİBAH - Rotterdamlı Erazmus

Latın dilindən tərcümə: Cəmşid Cəmşidov

                              

AXMAQLIQ TƏLİMİ USTASI

       Avropa ədəbiyyatı tarixində özünəməxsus yeri olan Şimal İntibahının klassik nümayəndəsi, “XVI əsrin Volteri” adlandırılan sağlam düşüncəli ilahiyyatçı alim, yazıçı-filoloq, antik ədəbiyyatın yorulmaz tədqiqatçısı və tərcüməçisi, XV-XVI əsrlərin qovşağında kralların, papa və imperatorların saraylarında, aparıcı dairələrdə böyük nüfuza malik olmuş görkəmli humanist Erazmus 1469-cu ildə Rotterdam yaxınlığındakı Qauda şəhərciyində doğulmuşdur. O, əslən bürger təbəqəsindən olan ziyalı bir keşişin, yerli həkimlərdən birinin qızı ilə qeyri-qanuni izdivacdan doğulmuş övladıydı. Valideynləri onu Gerrit  (Gerqard), yəni “istəkli” adlandırmışdılar. Sonralar, illər keçəcək, o, latın və yunan dilllərində də “istəkli” mənasını daşıyan Deziderius və Erazmus adlarını özünə ədəbi təxəllüs götürəcək. Yerli ibtidai məktəblərdən birində oxuduqdan sonra, təhsilini Deventer şəhərində, yunan və Roma klassiklərinin də tədris olunduğu “Ümumi həyat qardaşlığı” məktəbində davam etdirən Erazmus latın dilinin incəliklərinə məhz burada yiyələnir. XIV əsrin ikinci yarısında bu məktəbdə Niderlandda meydana gəlmiş “Yeni möminlik” dini cərəyanı hökm sürürdü. Ciddi mənəvi təmayülləri ilə fərqlənən bu cərəyan sxolastik ilahiyyatı rədd edərək, İsa peyğəmbərin ruhuna mistik şəkildə qovuşmaqla, onun Müqəddəs Yazıda təsvir olunan dünyəvi əməllərini təbliğ edirdi. Erazmusun dünyagörüşünün bir çox məqamları, həmçinin fəlsəfi görüşləri  bu cərəyanın təsiri baxımından  asanlıqla izah olunur. 

       On dörd yaşında valideynlərini itirən gənc 1487-ci ildə avqustinlər monastırına daxil olur, orada altı il rahiblik edir. Qeyri-qanuni doğulmuş uşaq olması onun xasiyyət və davranışında utancaqlıq, cəsarətsizlik və qapalılıq kimi cəhətlərini biruzə verirdi. 1493-cü ildə onu Kambre yepiskopunun yanında elmi katib vəzifəsinə təyin edirlər. Çox keçmir, yepiskop latın dilində müstəsna biliklərə malik bu gəncin oxumaq üçün Parisə yollanmağına icazə verir. 1494-1499-cu illərdə Paris  universitetinin ilahiyyat fakültəsində təhsil alan Erazmus, dini çalışmalarla məşğul olduğunu göstərsə də, əslində latındilli ədəbiyyatı oxuyur, qədim yunan dilini öyrənirdi. 1499-cu ildə o, Londona gedərək ingilis humanizminin beşiyində dayanan Con Koletlə (1466-1519) və gələcəkdə ən yaxın dostlarından birinə çevriləcək məşhur Tomas Morla (1478-1535) tanış olur. 1499-cu ilin sonlarında vətəninə dönən Erazmus, orta əsrlərdə unudulmuş qədim yunan və Roma mədəniyyətini, antik müəllifləri və ilkin xristianlığın itirilmiş mənəvi dəyərlərinı qaytarmağı qarşısına məqsəd qoyur. 1500-cü ildə o, özünün ilk toplusunu, klassik ədəbiyyatdan seçilmiş atalar sözləri və məsəllərdən ibarət “Adagiyalar”ı, 1504-cü ildə isə “Xristian döyüşçüsünün silahı” əsərini çap etdirir. 1517-1521-ci illərdə Luvendə məskunlaşan Erazmus mədəni mərkəzə çevrilmiş bu şəhərdə, bilavasitə universitet fəaliyyəti nəticəsində “dünyəvi elmlər üzrə Avropanın ən parlaq ulduzu” səviyyəsinə yüksəlir.

        Həmin illərdə Erazmus öz humanist ideyaları ilə Avropada baş qaldırmış dini-siyasi mübarizənin, apostol xtistianlığına qayıdış və katolisizmdə əsaslı dəyişikliklər tələbi ilə çıxış edən Reformasiya hərəkatının təməlini qoysa da, katolik kilsəsi ilə olan əlaqələrini tam kəsməmişdi. Ancaq Reformasiyanın əsas liderlərindən birinə çevrilən Martin Lüterin (1483-1546) barışmaz mövqeyi nəticəsində katolisizmi bürüyən ittihamlar dalğası kəskin xarakter almağa başlayanda, ümumiyyətlə hər cür radikallığa qarşı çıxan Erazmus onun siyasi opponentinə çevrilməyə məcbur olur. Digər tərəfdən, konservativ ilahiyyatçılar Erazmusun Müqəddəs mətnlərə verdiyi fərqli düzəlişlərlə Lüterin “küfr tezislərı” arasında daxili əlaqələr görməyə başlayırlar. Erazmusa  qarşı   təzyiqlər, onu Lüterin əleyhinə yönəltmək cəhdləri güclənir. Ancaq Erazmus Lüterin sərt ehkamçılığını və fanatizmini görürdü. Reformasiyanı tam qəbul etməsə də, Lüterə xəyanət yolunu tutmur, mənəvi sarsıntılardan, qaçqınlıq həyatı yaşamaqdan yaxa qurtara bilmirdi... Sonrakı illərdə Erazmusun “Dünyanın şikayəti” (1517), “Təklifsiz söhbətlər “(1522),“Diatriba və ya iradə azadlığı barəsində”(1524), “Uşaqların ilk illərdən layiqli tərbiyəsi haqqında” (1529) və digər əsərləri, müxtəlif illərdə yazdığı şeirlər də işıq üzü görür. Onun Aristoteles, Tsitsero, Demosfenes, Lukianos, Svetonius, Ovidius, Plavtus, Plutarxos və Seneka kimi klassiklərin əsərlərinin yunan və latın dillərindən tərcümə olunub yayılmasında danılmaz xidmətləri var. Ümumilikdə, Erazmus iki yüzdən artıq əsərin müəllifidir. Avropanın tanınmış naşirləri onun əlyazmalarını tərəddüd etmədən, bəzən isə heç özünün də xəbəri olmadan çap edirdilər. Səbəbsiz deyildi ki, “Xristian döyüşçüsünün silahı” – əlli, “Adagiyalar” – altmış, “Təklifsiz söhbətlər” isə, doxsan dəfə nəşr olunmuşdu.

       1509-cu ildə İtaliyaya səfər edən Erazmus bir ilə yaxın Venesiyada, daha sonra Torinoda, Bolonyada, Firentsedə və Romada yaşayır. Roma papası onu şəxsən qəbul edir və o, Torino universitetinin ilahiyyat doktoru fəxri adına layiq görülür. Nəhayət, elə həmin il dostlarının xahişi ilə İtaliyadan İngiltərəyə yollanan Erazmus yol boyu özünün ən məşhur əsərini, “Axmaqlığın tərifi” pamfletini qələmə alır. Bir həftəyə  yazılan əsər T. Morun evində sona çatdırılmış, ona da ithaf olunmuşdur. Böyük humanist, “ingilis ədliyyəsinin şahı”, yaxın gələcəkdə İngiltərənin lord-kansleri seçiləcək T.Mor sərsəm VIII Henrixin əmri ilə 1535-ci ildə edam edilərkən, Erazmus yazırdı: “Morun yoxluğundan sonra, elə bilirəm, mən özüm də yoxam”. 

       Bütün ömrünü antik dünya mədəniyyəti ilə ilkin xristianlığın mənəvi dəyərlər sintezinə həsr etmiş Erazmus, həyatda öz vətəndaşlıq borcunu Əhdi-Cədidin yunancadan tərcüməsində (1517) görsə də, dünya ədəbiyyatı tarixində onun adını əbədiləşdirən kiçik bir kitabça – “Axmaqlığın tərifi” satirası olmuşdur. Qələmindən çıxan bir çox əsərlərindən fərqli olaraq, dərhal xarici dillərə çevrilib bütün Avropada yayılan bu pamflet, hələ  müəllifinin sağlığında on minlərlə tirajla qırx dəfə çap olunmuşdu. Orta əsrlər feodal Avropasının bütün təsisatlarına qarşı istehzalı həcv formasında yazılmış bu əsər orijinal tərzdə sübut edirdi ki, insanın həyatı son nəticədə axmaqlığın müxtəlif şıltaqlıqlarından asılıdır. Özünə təriflər oxuyaraq, insanlara bəxş etdiyi sonsuz “yaxşılıqları” ilə öyünən Axmaqlıq ilahəsinin monoloqları Avropa cəmiyyəyətinin tipik simalarını ifşa edən çox sayda satirik qrotesklərdən ibarətdir. Əsərin ölməz personajlarından olan təkəbbürlü qrammatiklər və sofistlər, özündən müştəbeh xudbin şairlər, hüquqşünaslar, müxtəlif zümrənin cəfəng filosofları, ilahiyyatçıları, miskin rahiblər, krallar, saray əhli, papalar, kardinallar, yepiskoplar öz varlıqlarının mənasızlığını, fərdi axmaqlıqlarını nümayiş  etdirərək, bir-bir oxucunun gözləri önündən keçir. Erazmusun təkrarsız istedadı ilə yaradılan özünəməxsus Axmaqlıq ideyası, son dərəcə sarsıdıcı, fərqli bir komediyanı təqdim edərək, maska altında gizlənmiş miskin simaları açıb göstərən həyat fəlsəfəsinə çevrilir.

      İntibah dövrünün humanist ideyaları Avropada hələ XV əsrin  ortalarından yayılmağa başlamışdı. Bu ideya sonradan Şekspir, Servantes, Rable, Kopernik və Bekon kimi nəhəngləri yetişdirəcəkdi. Ancaq, Erazmus “Axmaqlığın tərifi” ilə öz kəsərli sözünü deyəndə hələ nə Şekspir, nə Servantes, nə də onu özünün “mənəvi atası” adlandıran, tam püxtələşmiş Rable vardı. Və bu böyük mütəfəkkir çoxlarından fərqli olaraq, Orta əsrlərin süqutunu, onu mərasim və ehkamlar yuvasına çevirmiş katolik kilsəsinin çökməsini öz gözləri ilə görürdü. Erazmusa xas olan bu dahiyanə uzaqgörənlik müasirləri üçün görkəmli humanisti və ictimai islahatçını, XVIII əsrdə rasionalizmin sələfini, XIX əsrdə dözümlülük carçısı olan sülhsevər ilahiyyatçını, XX əsrdə isə bəşəri mütəfəkkirlərdən birini səciyyələndirirdi. 

     Bizim günlərdə Avropa ittifaqının tələbə və müəllimlər mübadiləsi üzrə “Erazmus” və “Erazmus Mundus” beynəlxalq proqramları böyük fəxrlə onun adını daşıyır. Erazmusun irsi bu gün də insanları maarifpərvər, sülhsevər və mərhəmətli olmağa, ehkamçılığa və fanatizmə, cəhalətə, yalana və saxtakarlığa  – AXMAQLIĞA qarşı duyarsız qalmamağa səsləyır.                                                                                                               

Cəmşid Cəmşidov

 

 


AXMAQLIĞIN TƏRİFİ

 

MÜƏLLİFİN  ÖN  SÖZÜ

 

           Rotterdamlı  Erazmusdan  əzizi Tomas Mora salam! 

        İtaliyadan İngiltərəyə dönərkən, son günlər at belində keçən vaxtım ədəbiyyata və muzalara yad* mənasız söhbətlərə sərf olunmasın deyə, ya bizim birgə çalışmalarımız haqqında düşünür, ya da elmli olduqları qədər də qəlbimə yaxın bildiyim, tərk etdiyim dostlarımı xatırlayır, xəyalən bundan həzz alırdım. Sən də, əzizim Mor, onların arasında birincilər sırasında gözlərim önündə canlanırdın; birlikdə olarkən ünsiyyətindən həzz aldığım kimi, uzaq düşərkən də xatirələrin mənə bir o qədər zövq verirdi; varlığıma and olsun, həyatımda bundan şirin heç nə olmayıb. Beləliklə, mən nəsə bir işlə məşğul olmağa qərar versəm də, şərait ciddi məsələlər üçün az əlverişli göründüyündən, Axmaqlığa tərif qoşmaq fikrinə düşdüm.“Yenə hansı Pallas1 bu fikri  sənin beyninə yeridib?” – deyə soruşacaqsan. Öncə, bunu mənə təlqin edən sənin nəcib Mor soyadın oldu; o moriya2 sözünə nə qədər yaxınsa da, özün onun həqiqi mənasından bir o qədər uzaqsan; belə ki, ümumi rəyə görə ondan hamıdan çox sən uzaqsan. Sonra düşündüm ki, bizim bu zehni oyunumuz xüsusilə ürəyincə olmalıdır, çünki sən, əgər yanılmıramsa, bu cür, şit olmayan zarafatları xoşlayırsan və ümumiyyətlə, bu fani həyatımızda özünü Demokritosa3 bənzətməyə adət etmisən. Sən öz ağlının müstəsna bəsirətinə görə, kobud camaatın zövq və baxışlarından xeyli uzaq olsan da, xasiyyətinin qeyri-adi sadəliyi, mülayimliyi səbəbindən, hamı ilə bərabər səviyyədə ən adi insan rolunu oynamağı həm bacarır, həm də sevirsən. Deməli, mənim bu deklamasiya cızmaqaramı, dostundan yadigartək nəinki lütfkarlıqla qəbul edəcək, həm də onu öz himayən altına alacaqsan, belə ki, o sənə ithaf olunduğundan, artıq, mənim  deyil, sənindir.

      Bəlkə də, böhtan yağdırmağa bir para qeybətçilər tapılacaq ki, guya bu yüngül zarafatlar bir ilahiyyatçıya yaraşmadığı kimi, xristian itaətkarlığı üçün də həddindən artıq zərərli şeylərdir; hətta, bizi qədim komediyaya qayıtmaqda və ya Lukianos4 kimi  hamını laga qoymaqda da  günahlandıracaqlar. Ancaq qoy, mövzunun yüngüllüyündən və şit zarafatla dolu olmasından hiddətlənən o kəslər bilsinlər ki, belə yazı nümunəsi heç də təkcə mənim istəyim olmayıb, vaxtilə bir çox böyük müəlliflər tərəfindən də istifadə edilib. Hələ neçə əsrlər bundan öncə Homeros Batraxomiomaxiyanı5, Maro ağcaqanadı və sarımsaq qəlyanaltısını6, Ovidius cevizi tərənnüm edib7. Polikrates və onun tənqidçisi İsokrates Busirisi mədh eləyib8, Qlavkon – ədalətsizliyi9, Favorinos – Fersitesi10 və qızdırma tutmasını, Sinesios – dazlığı11, Lukianos – milçəyi və birəni12, Seneka – məzəli apofeozla Klavdiusu13, Plutarxos Qrillosun Ulisslə mükaliməsini14, Lukianos və Apuleyus – eşşəyi15, bilmirəm daha kimsə, müqəddəs İeronimusun yazdığı kimi, Qrunni Korokotta adlı donuz balasının vəsiyyətini də tərənnüm  edib16. Yox, əgər bu da az görünərsə, onda qoy, onlar elə təsəvvür etsinlər ki, könlümə aşıq-aşıq oynamaq həvəsi düşüb, ya da qamış ata minib çapmaqla məşğulam. Axı, həqiqətən də, bütün zümrələrin insanlarına öz oyunlarını oynamağı caiz biliriksə, belə bir şeyi alimlərə rəva görməməyimiz məgər ədalətsizlik deyilmi? Xüsusən də əgər onlar yüngül şeyləri ciddiliklə təqdim edir, məzəli mövzulara isə elə şərh verirlər ki, anlayışlı oxucu  hansısa cılız və təmtəraqlı fikirlərdənsə bundan daha çox faydalana bilər. Necə ki, birisi uzun müddət düzüb-qoşduğu nitqində bəlağəti və ya fəlsəfəni mədh edir, başqa birisi hansısa hökmdarı tərifləyir, bir başqası hamını türklərə qarşı müharibəyə çağırır, digəri  gələcəkdən xəbər verir, o biri də keçi yunu ilə bağlı yeni-yeni cəfəng məsələlərin həllinə girişir17. Elə isə, əgər ciddi mövzuları cəfəngiyyat kimi şərh etməkdən də mənasız bir şey yoxdusa, elədə bundan da məzəlisini təsəvvür etmək mümkün deyil, yəni, axmaq olanı necə şərh edəsən ki, o, heç də olduğu kimi görünməsin. Qoy haqqımda başqaları hökm versin; ancaq əgər Filavtiya18 məni birdəfəlik yoldan çıxarmayıbsa, deməliym ki, bəli, biz Axmaqlığı tərif etmişik, ancaq, o qədər də axmaqcasına yox. Gündəlik insan həyatını lağa qoymağı istedad sahiblərinə həmişə və azad şəkildə rəva biliblər deyə, acı istehzalara cavab verirəm, təki bu sərbəstlik qəzəbə çevrilməsin. Mən bugünkü qulaqların zərifliyinə də xeyli heyrət edirəm, elə bil dəbdəbəli titullardan başqa heç nəyi eşitməyə tab gətirə  bilmirlər. Digər tərəfdən, görürsən ki, bir para dönük dindarlar İsanın ünvanına söylənmiş ən ağır təhqirə belə, dözməyə hazırdırlar, amma papa və hökmdarlar barəsində deyilmiş ən incə zarafata, xüsusilə də, əgər  məsələ cibin xeyirinə, yəni, mənfəətə toxunursa – yox. Bəs, əgər heç kəsin adını çəkmədən kimsə insan həyatı haqqında fikir yürüdürsə, soruşmaq istərdim, bunda acı istehzamı görmək gərəkdir, yoxsa öyüd-nəsihətmi? Əks halda, mən özümü nə qədər məzəmmət etmiş olardım? Nəhayət, insan zümrələrinə rəhm etməyənlər, görünür, insanlara deyil, bütün nöqsanlara qarşı sinirləniblər. Beləliklə, əgər indi kimsə şəxsən təhqir olunduğunu car çəkərək, hay-küy qoparmaq fikrinə düşərsə, o, ya özünün ləkəli vicdanını, ya da, sadəcə, qorxaqlığını göstərmiş olacaq. Bunu daha sərbəst və kəskin tərzdə, bəzən hətta adlara belə rəhm etməyən müqəddəs İeronimus da lağa qoymuşdur. Biz isə, nəinki ad çəkməkdən bütünlüklə imtina etmişik, hələ üstəlik dərrakəli oxucuya asanlıqla aydın olsun deyə, deyim üslubumuzu da yumşaltmışıq, məqsədimiz kimisə sancmaqdan daha çox, əylənmək olub. Həmçinin Yuvenalis19 kimi gizli rəzalətlər axarını da qurdalamayıb, iyrənc şeylərdən daha çox, gülməli olanları göstərməyə çalışmışıq. Yox, əgər elə bir adam tapılarsa ki, bütün bunlar onun könlünə yatmasın, onda qoy o, heç olmasa Axmaqlığın hücumlarına məruz qalmağın özünün də şərəfli bir iş olduğunu unutmasın, çünkibiz sözü onun adından deyirik. Ancaq bütün bunları sənin kimi bir vəkilə söyləməyə dəyərmi? Sən, hətta çox da  ədalətli aparılmayan istənilən bir işi ən yüksək səviyyədə müdafiə etmək iqtidarındasan20. Əlvida, mənim hamıdan bəlağətli Morum, salamat qal və öz Moriyanı var gücünlə müdafiə et.

Yazılıb kənddə, 9 iyun 1508 ci il21.

 

ROTTERDAMLI  ERAZMUSUN  DEKLAMASİYASI 

 

Axmaqlıq deyir:

1.Öləri, kobud insanlar haqqımda nə danışsalar da, AXMAQLIĞIN hətta ən axmaqların arasında belə, nə dərəcədə sayğısız olduğundan xəbərsiz deyiləm, ancaq israr edirəm ki,   məhz onun sayəsində öz ilahi qüdrətimlə Tanrıları da, insanları da nəşələndirirəm. Buna kifayət qədər tutarlı sübutlar var: bu qələbəlik toplantıda nitq söyləməkdən ötrü irəli çıxınca, birdən  hamınızın çöhrəsi qeyri-adi, görünməmiş bir sevinclə işıqlandı, eyniniz açıldı və məni elə şən, elə mehriban gülüşlərlə alqışladınız ki, indi sizə diqqətlə baxanda, elə bilirəm, Homerosun nepenteli1 nektarından içıb dəmləşmiş Tanrılarını görürəm, halbuki, bir qədər əvvəl kədərli və qayğılı əyləşmişdiz, sanki yenicə Trofoniosun mağarasından2 qayıtmışdız.    

    Sübh günəşi öz gözəl, qızılı çöhrəsini yer üzünə göstərdiyitək və ya sərt qışdan sonra gələn baharın xəfif əsintisi hər tərəfə təzə görünüş, yeni rəng, gənclik təravəti gətirdiyi kimi, siz də mənə baxınca, simalarınız dərhal başqa görkəm aldı. Beləliklə, bir çox dahi natiqlərin qəlblərdəki ağır qayğıları səngitmək üçün sonsuz zəhmət və uzun-uzadı düşünülmüş nitqlərlə edə bildiklərinə mən bircə dəfə görünməyimlə nail oldum.

2. Bu gün, əlbəttə, kilsədəki o moizləri dinləyənlər kimi yox, adətən, bazar fırıldaqçılarına, hoqqabaz və təlxəklərə qulaq şəkləyənlər sayağı, ya da bir vaxtlar dostumuz Midasın Pana1 qulaq asdığıtək özünüzə əziyyət verib deyilənlərə diqqət etsəniz, nədən qeyri-adi bir görkəmdə qarşınıza çıxdığımı biləcəksiz. Mən bu gün sizlərin önündə bir qədər sofist rolunda çıxış etmək istəyirəm, təki qarşınıza o tayfadan olan, bizim günlərdə uşaqların beynini cəfəngiyyatla, zərərli şeylərlə  dolduraraq, onlara arvadlardan da betər tərsliklə höcətləşmək öyrədən birisi kimi çıxmayım. Özümü qədim yunan zümrələrindən birinə bənzətmək  fikrindəyəm. Onlar rüsvayçı aqil ləqəbini rədd edərək, özlərini sofist2 adlandırmağı daha üstün tutmuşdular. Tanrılara da, ən qüdrətli şəxsiyyətlərə də deyilən təriflər məhz onların səyi ilə olmuşdu! Beləliklə, siz də bu gün, nə Herkulesə, nə Solona3 deyil, mənim özümə, yəni – Axmaqlığa deyiləsi tərifli sözlər eşidəcəksiniz.

3. Mən, həqiqətən də,  özünə tərif oxuyanları ən həyasız, ən axmaq insan adlandıran o aqillərin zərrə qədər də fərqində deyiləm. Neynək, qoy bu onlar istədiyi kimi ancaq abırlı bir şey olsun.  Ancaq, öz şan-şöhrətinin carçısı olmaq, tütəkdə özünə züy tutmaq Moriyadan çox kimə yaraşır axı? Məni məndən yaxşı kim təsvir edə bilər? Olsa, olsa, yalnız məni özümdən də yaxşı tanıyan birisi bunu bacarar. Bir də ki, özümü yer üzündə bir çox dahilərdən və aqillərdən heç də az təvazökar hiss etmirəm. O kəslər yalançı utancaqlıq bəhanəsi ilə ya satqın bir natiqi, ya da naqqal bir şairi pulla alaraq dilindən axan təriflərdən, başqa sözlə, cəfəng yalanlardan feyziyab olurlar. Bizim bu fağırcığaz, tovuz quşu kimi quyruğunu açıb, kəkilini qaldırır, bu vaxt həmin o həyasız yaltaq, bu miskin insanı Tanrılara tay tutur, onu mütləq  fəzilətlərin nümunəsi kimi göstərir, qarğanı özgə  lələklərlə bəzəməyə çalışır, həbəşi ağappaq ağardır, milçəkdən fil düzəldir. Nəhayət, mən köhnə xalq məsəlinə də riayət edirəm – orada deyilir: tərif edənin yoxdusa, özün özünü təriflə. Düzü, mən bu ölərilərə xeyli heyrət edirəm, bilmirəm nankorluqlarınımı deyim, yoxsa tənbəlliklərinimi; onların hamısı mənə səylə hörmət göstərir, iltifatlarımdan həvəslə bəhrələnirlər, ancaq əsrlər boyu bircə nəfər də tapılmayıb ki, adi bir minnətdarlıq nitqi ilə AXMAQLIĞIN tərifini vəsf etsin, halbuki, çıraq yağına qənaət etmədən, yuxularına zəhər qataraq Busirislərə, Falarislərə1, dördgünlük  qızdırmalara, milçəklərə, dazlığa və bu cür digər bəlalara təriflər oxuyanların sayı-hesabı olmayıb. Məndən isə, siz  qabaqcadan hazırlanmamış və əl gəzdirilməmiş daha doğru bir nitq eşidəcəksiz. 

4.İstəməzdim məni əksər natiqlərtək öz istedadını nümayiş etdirmək fikrində olanlardan biri kimi təsəvvür edəsiz. Axı onlar, bildiyiniz kimi, üzərində otuz il can qoyduqları, bəzən isə heç özlərininki olmayan bir nitqi irad edərkən, guya bunu iki-üç günə, sanki zarafat xatirinə düzüb-qoşduqlarını, hətta diktə etdiklərini bizə təlqin etməyə çalışırlar. Mənim üçünsə həmişə beynimə nə girdisə elə onu da söyləmək xüsusilə xoş olub. Heç kim də gözləmir ki, mən həmin o ortabab natiqlərin adəti üzrə, öz müəyyən etdiklərimi, hələ üstəlik, bölgülərimi də açıb göstərim. Çünki, hər ikisi uğursuzluq əlamətidir. Əgər bir nəsnənin ilahi gücü belə geniş vüsət tapıbsa, üstəlik,  o nəsnəyə sitayişdə bütün dünya həmrəydisə,  axı ad qoymaqla onu necə çərçivəyə salmaq, yaxud bir-birindən necə ayırmaq olar? Bir də ki, əgər özüm burada, açıqdan-açığa düz sizin gözləriniz önündəyəmsə, kölgəmin və ya surətimin cizgilərini təqdim etməyə nə ehtiyac? Gördüyünüz kimi, bu  mənəm, – latınların STULTİTSİYA, yunanların isə MORİYA adlandırdığı, hər cür nemətləri bəxş edən AXMAQLIQ. 

5. Ümumiyyətlə,  sözə ehtiyac varmı? Hamının dediyi kimi, sir-sifətim də, görünüşüm də, kimliyimi  təyin etməyə kifayət etmirmi? Ya kimsə məni Minerva və ya Sofiya1 yerinə qəbul etsəydi, qəlbimin aynası olan sifətim, bircə kəlməyə də ehtiyac duymadan, bunu dərhal təkzib etməyəcəkdimi? Məndə riyakarlıq deyilən şeyə yer yoxdur, ürəyimdə gəzdirmədiyimi alnımda əks etdirmərəm. Özüm də hər cəhətdən dəyişməzəm, o dərəcədə ki, Müdriklik qiyafəsini və titulunu cidd-cəhdlə məngirləyənlər belə, – həmin bu al qırmızı geyinmiş meymunlar və şir dərisində gəzən eşşəklər, – məni özlərində gizlədə bilmirlər. Qoy, nə qədər istəyirlər uydursunlar, onsuz da görünən qulaqları Midası nişan verəcək. And olsun Herkulesə, hamıdan çox mənə bağlı həmin o insan tayfası da nankordur, camaat arasında adımdan elə utanıb yerə girirlər, sanki axmaqlıq nalayiq bir ləqəbdir, onunla başqalarını məzəmmət edirlər. Ona görə də bu axmaqların axmağı olanlar başqalarına müdriklər və Faleslər2 kimi görünmək istəsələr də, onları gicmüdrik adlandırmaq daha doğru olmazdımı? 

6. Gördüyünüz kimi, həqiqətən də özümü bir qədər bizim zamanların bəlağət ustalarına oxşatmaq istəmişəm, o kəslər zəli kimi ikidilli1 olduqlarını göstərməyi bacaranda, özlərini eynən Tanrılara bənzər hesab edir, zərifliyin ən ali məqamını, latın nitqinin ora-burasına izafi olaraq naxış vururlarmış kimi – hətta bunun qətiyyən yeri olmasa da – yunan sözləri əlavə etməkdə görürlər. Ya da ki, ekzotikaları azlıq edəndə, çürümüş əlyazmalardan dörd-beş  köhnə kəlam çırpışdırıb, onlarla oxucunun gözünə kül üfürürlər və məlum məsələdir, başa düşənlər lovğalanaraq əylənir, heç nə anlmayanlar isə, nə qədər az qanırlarsa, bir o qədər də çox heyrət edirlər. Bizim bu camaatda belə bir xüsusiyyət də var ki, kənardan gələn hər şeydən ötrü əldən-ayaqdan gedirlər. Və əgər,  aralarında az da olsa özünü çox sevənlər tapılırsa, hırıldayır, əl çalır və eşşək kimi arabir qulaqlarını yellədirlər ki, başqaları onları səriştəli bilsinlər. Bəli, elə belədir ki, var. İndi isə sözümün əvvəlinə qayıdıram.

7. Deməli, adımı bilirsiz. Bəs, sizi hansı ləqəblərlə şərəfləndirim, kişilər?   Əlbəttə ki, axmaqların axmagı kişilər! Axı AXMAQLIQ ilahəsi onun sirlərinə şərik olanlara bundan da şərəfli başqa hansı bir ləqəbi bəxş edə bilər? Ancaq hansı nəsildən törəməyim çoxlarına məlum olmadıgı üçün,  Muzaların lütfkar dəstəyi ilə onu şərh etməyə çalışacagam. Mənim atam nə Xaos, nə Saturnus, nə Orkus, nə İapetus1 nə də hansısa başqa, əldən düşmüş, məhv olub getmiş Tanrılardan biri yox, – Homerosun, Esiodosun2, hətta Yupiterin3 özünün belə qəzəbindən uzaq, – Tanrıların və insanların atası Plutosdur4. Onun bircə işarəsi ilə hər şey, – bir vaxtlar oldugu kimi, indinin özündə də, aşagıdan yuxarı, müqəddəs olan da, dünyəvi də – yaranış tapır! Müharibələr, barışıqlar, dövlət hakimiyyəti, şuralar, məhkəmələr, xalq yıgıncaqları, nikahlar, müqavilələr, ittifaqlar, qanunlar, incə sənət, tamaşalar, elmi əsərlər... –  artıq, nəfəsim də çatmır, – qısası, ölərilərin bütün ictimai və şəxsi işləri onun hökmü ilə idarə olunur! Onun dəstəyi olmadan bütün bu poetik ilahilər tayfasından olanların, açığını deyəcəyəm, lap ən seçmə Tanrıların özlərinin belə, mövcudluğu ya, ümumiyyətlə, mümkün olmaz, ya da bəzi evcillərin acınacaqlı şəkildə soyuqdan canları çıxar. Kimə acığı tutdusa, heç Pallasın özü də onun dadına yetə bilməz. Əksinə, kimə iltifat ğöstərdisə, o, Yupiterin özünü belə, ildırımları ilə birlikdə, hara istəsə göndərə bilər. Bax, mənim atam belə atadır! Bir də  ki, o məni, Yupiterin bir vaxtlar bu qaraqabaq, özündən razı Pallasa yaranış verdiyi kimi, kəlləsindən yox, nimfaların ən füsunkarı və məlahətlisi olan Neotetedən5 dünyaya ğətirmişdir. Və mən, həmin o axsaq dəmirçi6 kimi üzücü bir nikahdan deyil, bizim Homeros demişkən: qat-qat şirin, azad bir məhəbbətin şəhvətindən doğulmuşam. Həm də ki, atam mənə, – çaşmayasız, – Aristofanesın7 Plutosu kimi, yarımcan və koruş olarkən yox, tam canısulu və gənclik ehtirası ilə, özü də yalnız gənclik ehtirası ilə deyil, daha çox, Tanrıların ziyafətində içəri bolhabol ötürdüyü təmiz nektardan keflənərək həyat vermişdir.

8. Birdən, anadan olduğum yeri axtarsanız, – bizim günlərdə alicənablıq hər şeydən öncə sənin ilk dəfə harada “inqə” eləməyindən asılıdır, – ərz edim ki, mən nə üzən Delosda, nə təlatümlü dənizdə, nə də mağarada1 anadan olmuşam, – mən həmin o Xoşbəxt adalarda dünyaya göz açmışam ki, orada əkinsiz, biçinsiz hər şey yetişir. Orada, nə zəhmət, nə qocalıq, nə də xəstəlik var, – çöllərdə çirişotu, əməköməci, dəniz soğanı, dəvətikanı, paxla-filan və ya bunlara bənzər diğər zir-zibil görməzsən. Orada hər tərəfdən sənin baxışlarını və zövqünü Adonis bağçalarına2 layiq moli,3 panatseya4, nepenta, mərzə, solmaz çiçəkləri, lotoslar, qızıl ğüllər, bənövşə və giasintlər oxşayır. Və bu səfanın içərisində dogulmuş biri kimi, mən həyata göz yaşları ilə ayaq basmayıb, anamın üzünə mehribancasına gülümsəmişəm.  Doğrusu, keçinin bəslədiyi o ilahi Kronidə5 heç də qibtə etmirəm, axı məni iki füsünkar nimfa,– Bakxusun6 yaranış verdiyi Mete7 və Panın qızı Apediya8 öz döşlərindən əmizdirmişdir. Siz, həmçinin onları da,  mənim yol yoldaşlarımın və qulluqçularımın  arasında görürsüz. Yox, əğər onların hamısının adlarını bilmək istəsəz, onda, – and olsun Herkulesə! – bunu məndən başqa dildə yox, yalnız yunanca eşidə biləcəksiz.

9. Bax, bu təkəbbürlə qaşlarını qaldırmış əlbəttə ki, Filavtiyadır.  Yalnız gözləri ilə gülümsəyən və çəpik çalan o birisinin adı Kolakiyadır1. Bu, yarıyuxulu və sanki mürgü vuranı isə Lete2 çağırırlar. Bu əlini əlinin üstünə qoyub baxana  Misoponiya3 deyirlər. Bu, qızıl ğül hörüklərinə bürünərək, hər tərəfə ətir saçan Hedonedir4. Bu narahat  baxışları olana Anoyya5 deyirlər. Bu parlaq dərili, tosqun bədənlinin adı Trufedir6. Qızlara qarışmış bu Tanrılara da nəzər salın: birinin adı Komos7, diğərininki isə  Neqretos Hipnosdur8. Mən bu sadiq nökərlərimin köməkliyi ilə hər şeyi öz hökmümə tabe edir, imperatorların özlərinə belə, əmrlər verirəm. 

 

10. Nəslim, tərbiyəm və məiyyətim barədə eşitdiz. İndi isə, İlahə adına yiyələnməyim heç kimə səbəbsiz görünməsin deyə, mənim Tanrılara da, insanlara da hansı nemətləri bağışladığımı, ilahi qüdrətimin nə qədər uzaqlara sirayət etməsini, qulaqlarınızı şəkləyərək, yaxşı-yaxşı dinləyin. Əgər kimsə Tanrı olmağın ölərilərə əl tutmaq demək olduğunu nahaqdan yazmayıbsa və istər şərabı, istər çörəyi və ya digər hansısa faydalı bir neməti insanların ixtiyarına verənlər tanrıların da məclisinə haqlı olaraq buraxılırsa və bir halda ki, hamıdan əliaçıq elə özüməm onda mən niyə özümü tanrıların alfası adlandırmayım? 

11. Hər şeydən öncə, həyatın özündən şirin, qiymətli nə ola bilər? Onun yaranışına görə siz məndən savayı, kimə borclusuz ki? Axı, insan nəslini yaradıb artıran nə qüdrətli atanın bakirə qızı Pallasın nizəsi, nə də bulud qovan Yupiterin egidasıdır1. Həqiqətən də, bircə işarəsi ilə Olimpi lərzəyə gətirən, Tanrıların atası və insanların şahı belə, həmişə gördüyü işi bir də görmək istəyəndə, yəni uşaq əmələ gətirmək sevdasına düşəndə, bəzən üçbaşlı əsasını və istədiyi vaxt bütün Tanrıların canına qorxu salan titan qiyafəsini kənara qoyub, adi aktyortək hansısa bir miskin insanın maskasını taxmalı olur. Stoiklər özlərini Tanrılara hamıdan yaxın hesab edirlər. Ancaq mənə üçqat, dördqat, istəsəniz lap yüzqat stoik verin, hətta onun özü belə, müdriklik nişanəsi olan saqqalından olmasa da, – yeri gəlmişkən, keçilərlə şərikli olan saqqalından, – öz təşəxxüsündən və sarsılmaz ehkamlarından əl çəkərək2, alnındakı qırışlarını hamarlayıb, bir müddət dəli ehtirasa və nəşəyə qapılmalıdır. Bir sözlə, o müdrik, əgər ata olmaq istəyirsə mənə, – israr edirəm, – yalnız mənə müraciət etməlidir! Ancaq niyə də mən, adətim üzrə, sizinlə daha açıq danışmayım? Soruşmaq istərdim, sizcə baş, sifət, sinə, əl və ya qulaq kimi ədəbli sayılan bədən üzvləri Tanrıları və ya insanları yer üzünə gətirə bilirmi? Xeyr, məncə, əksinə, insan nəslini artıran o üzv elə axmaq, elə gülüncdür  ki,  qəhqəhə doğurmadan adını çəkmək  belə mümkün deyil. Ancaq, odur həmin o Pifaqoras rəqəmlərindən3 də müqəddəs olan mənbə ki, bütün canlılar öz başlanğıcını ondan götürür! İndi sizi and verirəm, deyin, əgər aqillərin adəti üzrə, ər-arvad həyatının bütün ziyanlarını əvvəlcədən ölçüb-biçsəydi: hansı bir kişi nikah xamıtını boynuna keçirərdi, yaxud doguşun əziyyətləri və təhlükəsi barədə, uşaq böyütməyin çətinlikləri haqda nəyi isə bilsəydi, nəyi isə anlasaydı, hansı bir qadın ərini özünə yaxın buraxardı? Əgər siz  həyatınızla nikaha, nikahınızla isə mənim qulluqçum Anoyyaya borclusunuzsa,  onda yaxşı başa düşməlisiniz ki, mənim özümə nə qədər verəcəyiniz var.  Daha sonra, əgər yanımdakı Letenın ilahi varlığı olmasaydı bircə dəfə doğmuş hansı qadın bunu bir daha təkrar etməyə razı olardı? Doğrusu, təki Lukretsiusun qəzəbi tutmasın,Venusun özünün belə, nə vaxtsa təkzib etməyə cürəti çatmaz ki, bizim ecazkar köməkliyimiz olmasaydı onun bütün qüdrəti yetərsiz və puç olardı4. Beləliklə, bizim günlərdə yerlərinə həmin o rahib deyilənlərin varis çıxdığı qaraqabaq filosoflar da, porfiralı hökmdarlar da, mömin keşişlər  və üçqat pak sayılan baş kahinlər də bu kefli və şən oyunlarımızın nəticəsində dünyaya göz açırlar. Onların ardınca da bütün bu poetik Tanrılar dəstəsi, o qədər çoxsaylıdı ki, nə qədər geniş olsa da Olimpin özü belə, bu güruhu güclə yerləşdirə bilir.

12. Ancaq bu hələ azdır, həyatda xoş olan hər nə varsa, bəxşişim olduğunu sizlərə göstərəcəyəm.  Siz həyat mənbəyinə və həyat çeşməsinə görə mənə borclusuz. Bir də ki, zövqdən, nəşədən məhrum etsəydin, bu həyata həyat deməyinə dəyərdimi? Əl çalırsız. Mən elə, belə də bilirdim:   sizin heç biriniz bu qədər müdrik, daha doğrusu, bu qədər axmaq, yox-yox, məhz  bu dərəcədə müdrik deyilsiz ki, bu fikirlə razılaşmayasız. Elə stoiklərin özləri də həyatın nəşəsindən üz döndərən deyillər; saflıq donuna bürünüb, onu camaatın qarşısında min cür əxlaqsız iş kimi rüsvay etsələr də, əslində başqalarının canına qorxu salırlar ki, özləri bolhabol kef çəkə bilsinlər. Ancaq Yupiter xatirinə, qoy mənə desinlər: bu həyata zövqdən, nəşədən bir qədər əlavə etməsən, daha doğrusu, bir qədər axmaqlıq qatmasan, qüssədən, sıxıntıdan, üzüntüdən, usantı və əzabdan başqa onda nə qalar? Bir zamanlar kifayət qədər tərifə layiq görülmüş Sofokles buna yetərincə şahidlik edə bilər, onun bizim haqqımızda gözəl elogiumu1 məlumdur: Fikir çəkmirsənsə, xoşbəxtdir həyat2. Ancaq gəlin, məsələni daha ətraflı nəzərdən keçirək.  

13. Hər şeydən öncə, kim bilmir ki, insan ömrünün ilk illəri onun ən şən, ən xoş çağlarıdır? Bəs, görəsən, bu uşaqlarda nə var ki, biz onları bu qədər öpüşlərə qərq edir, belə bagrımıza basır, belə oxşayırıq, hətta yadelli də bu yaşda onlara köməklik göstərir. Əgər bu, müdrik təbiətin cəlbedici axmaqlıq cazibəsi deyilsə, valideynləri və tərbiyə verənləri məftun edərək, zəhmətlərinə görə mükafatlandıran, körpələrə isə lazım olan sevgi və qayğını bəxş edən bəs nədir? Bunun ardınca gəlir gənclik, o, hamı üçün necə də əzizdir, hamı ona nə qədər iltifat göstərir, axı kim ona köməklik etməyə tələsmir, dostcasına yardım əlini uzatmır? Axı, əgər məndən deyilsə, soruşuram, haradandır cavanlardakı bu füsunkarlıq? Onlardan hansı biri ağıldan nə qədər kəm görünürsə, hamını da bir o qədər az bezdirir. Onlar böyüdükcə, təcrübələrinə və tərbiyələrinə görə ağıllanmağa başladıqca, cazibədarlıq əlamətlərinin solduğunu, ruh yüksəkliklərinin zəiflədiyini, gözəlliklərinin qalmadığını, güclərinin tükəndiyini yalanmı deyirəm? Onlar məndən nə qədər uzaqlaşırsa, ömürlərinə də bir o qədər az qalır, ta ki, nəinki özgələrinə, hətta özü-özünə nifrətamiz olan əziyyətli qocalıq, yəni ağır ahıllıq çağları başlarının üstünü alır. Əgər mənim bu bədbəxtlərə yazıgım gəlməsəydi, onların köməyinə tələsməsəydim, ölərilərdən heç biri buna tab gətirə bilməzdi; və şairlər demişkən, necə ki, Tanrılar ölənlərə hansısa bir metamorfoza ilə  köməklik göstərməyə tələsir, eləcə də mən artıq, ölüm ayağında olanları öz uşaqlıq çaglarına geri səsləyirəm. Camaat onlara nahaq yerə xərifləmiş deməyə adət etməyib ki. Kimsə bu çevrilmənin üsulunu öyrənmək istərsə, onu da gizlədən deyilik. Mən qocaları, öz başlangıcını Xoşbəxt adalardan götürən (sonradan o, yalnız kiçicik bir çay kimi Yeraltı səltənətin yanından axıb gedir) bizim Letanın mənbəyinə  aparıram ki, onlar orada unutqanlıq suyundan içdikdən sonra, qəlblərindəki dərdləri yavaş-yavaş yuyub yünğülləşir, yenidən cana gəlirlər. Deyirlər, onların ağılları çaşıb,    cəfəngiyyat danışırlar! Lap yaxşı! Bu özü elə o deməkdir ki, onlar yenidən uşaqlaşıblar. Məgər, uşaq olmaqla, cəfəngiyyat danışmaq və ya dəlilik etmək ayrı-ayrı şeylərdir? Məgər bu yaşda hamıdan çox şənlənən adam heç nə qanmayanın birisi deyil? Ahıl düşüncəli əcaib bir uşaqdan kimin zəhləsi getmir, kim onu lənətləmir? Məşhur xalq məsəlində də belə deyilir: zəhləm gedir vaxtından tez ahıllaşmış uşaqlardan. Kim uzun illərin təcrübəsi ilə yanaşı ruhunun gücünü də, ağlının kəsərini də saxlamağı bacaran elə bir qoca ilə iş görməyə, yaxınlıq etməyə razılıq verər? Ona görə də, qoy, bu qoca elə mənim sayəmdəcə sarsaqlamağına davam eləsin. Ancaq, bununla belə, mənim bu sarsağım müdriklərə agır iztirablar gətirən zəhmətlərdən azaddır. Üstəlik, o, heç də pis həmpiyalə deyil. Təpərli cağlarında güclə tab gətirdiyi həyatdan doymağın da nə olduğunu bilmir. Bəzən, Plavtusun təsvir etdiyi qoca kimi, həmin o üçhərflik sözü1 dilinə gətirmək istəyəndə, özünü dünyanın ən bədbəxt adamı hiss edəcəkdir2. Halbuki mənim mərhəmətimlə xoşbəxt, dostları üçün istəklidir və bəzən məzəli söhbətlərindən də qalmır. Belə ki, dilindən, Homerosun Nestoru kimi, baldan şirin nitqlər axır, ancaq  canında Axillevs qəzəbi və kini var3, yenə, həmin o Homerosda, şəhər divarının üstündə oturan qocaların səsi də  zambaqların xışıltısıtək4 gəlir. Bu cəhətdən, qocalıq, şübhəsiz ki, həmin o şirin-şəkər, ancaq dilsiz-ağızsız və həyat nəşəsinin ən ləzzətlisi olan mırt vurmanın nə olduğunu bilməyən uşaqlıqdan da, yüksəkdir. Bura əlavə edin ki, qocalar uşaqları artıq dərəcədə sevir, həmçinin uşaqlar da qocalara çox tez  bağlanırlar, – Oxşarları  yaxın etmək adətidir tanrıların5.

      Həqiqətən də, əgər sifətindəki qırışları və anadan olandan üzü bəri yaşı üstünə çoxluca yaş gəldiyini nəzərə almasaq, qocalarla uşaqlar arasında nə fərq var ki? Hər ikisinin bəyaz saçı, mırıq dişləri, bəstə boyu, süd iştahı, pəltəkliyi, çərənçiliyi, kütlüyü, huşsuzluğu, başısoyuqluğu, qısası, – hər şeyləri bir-birinə taydı. İnsanlar qocalığa doğru nə qədər çox gedirlərsə, bir o qədər də uşaqlığa qayıdırlar, nəhayət, körpələrtək həyata ikrah hissi duymadan, ölümü dərk etmədən dünyadan köçüb gedirlər.

14 İndi qoy kim istəyir, mənim bu fəzilətlərimi digər Tanrıların metamorfozaları ilə müqayisə etsin. Onların qəzəbli halda nələr etdiyini xatırlamağa da dəyməz: ancaq kimlərə daha çox iltifat göstəriblərsə, onları ağaca, quşa, cırcıramaya, hətta ilana cevirməyə adət ediblər: sanki başqa bir şeyə çevrilmək məhv olmaq demək deyilmiş. Mən isə, elə həmin o insanı yalnız onun həyatının ən gözəl və xoşbəxt çaglarına qaytarıram. Fani insanlar müdrikliklə hər hansı bir ünsiyyətdən uzaq dolanaraq bütün həyatlarını mənim cəmiyyətimdə keçirsəydilər, yer üzündə bir nəfər də olsun qoca adam tapılmaz, hamı əbədi cavanlıqdan xoşbəxtcəsinə zövq alardı. Məgər siz fəlsəfəni öyrənməyə və ya diğər ciddi, cansıxıcı məşğuliyyətə qapılan, gəncliklərinə yetişmədən qocalıb əldən düşən, gündəlik qaygılardan, aramsız, gərğin düşüncələrdən qəlblərini viran qoyub, həyat cövhərini tükəndirmiş bu qaraqabaqları görmürsüz? Əksinə, bəzən hansısa bir əllamə ilə ünsiyyətə girib yoluxmasalar, mənim axmaqlarım, necə deyərlər, əsil Akarnan  donuzlarıtək1  yupyumşaq, agappaq, hamar dərilidirlər, onlar  qocalıgın əziyyətlərini heç vaxt hiss edən deyillər. Həyat insana o dərəcədə verilməyib ki, o hərtərəfli xoşbəxt olsun. Məşhur xalq məsəli də bunu yaxşı təsdiqliyir: AXMAQLIQ yeganə şeydir ki, həm keçib gedən cavanlığı saxlaya bilir, həm də zəhlətökən qocalığı uzaqlaşdırmağı bacarır. Brabantlar haqqında da camaat nahaq yerə deməyib: başqaları yaşa dolduqca nə qədər agıllanırsa, bunlar qocaldıqca daha çox gicləyirlər. Hərçənd, bu elə bir xalqdır ki, onunla həm fani həyatın dərd-səri xoşdur, həm də o, qocalıgın kədərini hamıdan az duyur. Onlara isə, yerlərinə görə olduğu kimi, adətlərinə görə də hamıdan yaxın elə mənim hollandlarımdır. Əgər mənimlə bu dərəcədə qeyrətli məsləkdaşdılarsa, özlərini bu cür xalq ayamasına layiq biliblərsə, axı niyə də onları mənimki adlandırmayım?  Onlar bu ayama ilə qətiyyən  utancaqlıq duymurlar, hətta boyük məmnuniyyətlə fəxr də edirlər2 İndi qoy, o axmaq ölərilər Medeyaların, Kirkelərin3, Venusların və Avroraların yanına yollanıb, onlara cavanlıqlarını qaytaracaq  hansısa bir çeşməni axtarsınlar, halbuki bunu yalnız mən edə bilərəm, həm də edirəm. Məndədir həmin o ecazkar cövhər ki, onun köməkliyi ilə Memnonun qızı öz babası Tifonun4 gənclik illərini uzatdı! Mənəm həmin o Venus ki, sayəsində Faon elə cavanlaşdı, Sapfo5 ona bir könüldən min könülə aşiq oldu! Mənimdir o bitkilər, – əgər onlar, ümumiyyətlə, mövcuddularsa, – mənimdir o sirli cadular, mənimdir o çeşmə ki, nəinki itirilmiş gəncliyi qaytarır, hətta onu əbədi olaraq daha yaxşı hifz edir! Və əgər hamınız bu fikirə qol qoyursunuzsa ki, dünyada gənclikdən gözəl, qocalıqdan isə nifrətamız bir şey yoxdur, onda zənnimcə belə bir neməti qoruyub, bu cür bəlanın qarşısını aldığıma görə, mənə nə qədər borclu olduğunuzu yaxşı anlamalısız. 

15. Ancaq ölərilər barəsində bu qədər danışmaq nəyə gərək? Bütün göy üzünü gəzib axtarın, əğər mənim dəstəyim olmadan keçinə bilən,  heç olmasa, bircə namuslu və xoşagələn Tanrı tapsanız, lənət olsun adıma. Məsələn, Bakxus niyə həmişəcavan və qıvrımsaçdır? Ona görə ki, kefcilin və əyyaşın biridir, bütün həyatını ziyafətlərdə, rəqslərdə, çalıb-oxumaqda və oyunlarda keçirir, heç vaxt da Pallasa qoşulmur. O, müdriklərə tələb olunan heysiyyət anlayışından o qədər uzaqdır ki, sadəcə, gülüş və zarafatlarla qulluğunda dayansan, sevincək olur. Kütbeyin – yəni səfehin səfehi – adlandırıldığı həmin o zərb-məsəl  də heç vecinə deyil. Adını da o səbəbdən dəyişib səfeh qoyublar ki, məbədinin qapısı agzında əyləşəndə, əkinçilər əylənməkdən ötrü onun sifətinə təzə əncir və üzüm şirəsi yaxırlar. Hələ qədim komediyada onun barəsində hansı zarafatlardan bəhs olunmur? Ehey, – deyə söyləyirlər, – ombadan doğulmuş gicbəsər Tanrı. Ancaq kim istəməzdi ki, həmişə belə şən və cavan, hamıya oyun, əyləncə bəxş edən kütbeyin, gicbəsər olsun, nəinki hamıya qarşı qəzəbli, qaraqabaq Yupiter və ya özünün fəryadları ilə hamını dəhşətə gətirən Pan, yaxud üst-başını  kül basmış, emalatxanada işləməkdən daima kirli-paslı gəzən Vulkanus1, ya da ki, hətta qorxunc Qorqonu2, nizəsi, daim qəzəbli baxışları ilə birlikdə Pallasın özü? Niyə Kupido3 daim uşaqdır? Niyə? Bəlkə, ona görə ki, yelbeyinin biridir, nə ciddi bir şey düşünər, nə də bir iş görər? Nədən qızılı Venusun gözəlliyi daim təravətlidir? Sözsüz ki, mənə qohumlugu çatdığından, elə ona görə də çöhrəsində atamın rəngini gəzdirir və elə həmin səbəbdən də Homeros onu Qızılı Afrodite adlandırmışdı. Bir də ki, əgər şairlərə və onların rəqibi olan heykəltəraşlara inansaq o daim gülür. Romalılar bütün həyat nəşəsinin anası olan Floradan4 savayı, hansı başqa bir tanrıya sitayiş ediblər? Ancaq kimsə Homerosda və digər şairlərdəki, hətta ən qaraqabaq Tanrıların həyatına diqqətlə fikir verərsə, görər ki, elə oralar da başdan ayağa axmaqlıqla doludur. O ki, qaldı yada salmalı olacaq digərlərinə, məgər siz ildırımsaçan Yupiterin özünün eşq macəralarından və hoqqalarından xəbərsizsiz?  Bəs, ov etməkdən başqa əlindən heç nə gəlməyən, cinsini yaddan çıxarmış bu sərt Diana necə? O, Endimionun5 dərdindən ölmürdü? Yaxşısı budur, Tanrılar bir vaxtlar adət etdikləri kimi, öz dəcəllikləri haqqında qoy Momosun6 özündən eşitsinlər. Ancaq onlar bu yaxınlarda qəzəblənərək, onu və Atanı7 öz ağıl-kamalları ilə Tanrılarların kefinə xələl qatdıqlarına görə yerə vızıldadıblar. Nə də ki, ölərilərdən  heç kim bu sürgün edilmişə qonaqpərvərlik-filan göstərmir, xüsusilə də, o hökmdarların saraylarında mənim Kolakiyam hörmət sahibidir deyə, ona yer yoxdur, onunla Momosun razılığı isə canavarla quzu arasındakı razılıqdan başqa bir şey deyil. Beləliklə, onun sürgün olunmasından sonra, Tanrılar sərt senzordan qorxub çəkinməyərək, Homeros demişkən, əsil könül xoşluğu ilə daha sərbəst və daha böyük keflə şitlik edirlər. Bu taxta Priapos8 daha hansı zarafatlara əl atmır? Daha hansı bic və kələkbaz oyunlarından çıxmır bu hiyləgər Merkurius9? Hətta Vulkanusun özü belə, Tanrıların ziyafətində  təlxəklik edərək, gah çolaq yerişi, gah zarafatla söz atıb sataşmağı, gah da məzəli deyimləri ilə həmpiyalələrinin kefini açır. Kordak10 oynamağa adət etmiş qoca eşqbaz Silenos11 da, tretanelo12 rəqsini ifa edən Polifemos13 da,  yalınayağı14 oynayan nimfalar da buradadır. Yarıkeçi satirlər Atella məzhəkələri15 göstərir, Pan hansısa duzsuz bir mahnı oxumaqla hamını ğüldürür, Tanrılar da muzaların özlərini dinləməkdən daha artıq bir həvəslə, xüsusilə də nektardan vurub dəmləşməyə başlayandan sonra ona qulaq asırlar. Düzü, heç bilmirəm, bu kefli Tanrıların ziyafətdən sonra özlərini necə apardıqlarını yada salmağım nəyə gərəkdir? And olsun Herkulesə, bu o dərəcədə axmaqlıqdır ki, gülməkdən özümü güclə saxlayıram. Ancaq bu yerdə Arpokratesi16 yada salmaq kifayətdir ki, hansısa  Koritsios Tanrısı17 bu söylədiklərimizə gizlincə qulaq şəkləməsin, bu heç Momosun özünə də ucuz başa gələn deyil.

16. Ancaq artıq, Homeros kimi səmanişinləri tərk edərək, bir daha yer üzünə qayıtmaq vaxtıdır, orada isə mənim hədiyyə etmədiyim özgə bir ürəkaçan və ya fərəhli bir şey görməyəcəyik. Əvvəla, hər yerdə axmaqlığın dadı-duzu yerində olsun deyə, görün, insan nəslinin atası və yaradıcısı olan təbiət nə qədər uzaqgörənliklə səy göstərib əlləşir. Belə ki, stoiklərin müəyyən etdiklərinə görə müdriklik dərrakəyə riayət etməkdən başqa heç bir şey deyil, Axmaqlıqsa, əksinə, hisslərin təlqinidir, insanın həyatı, həqiqətən də, kədərli və qəmli olmasın deyə, görün Yupiter onlara dərrakədən qat-qat artıq nə qədər hissiyyat bəxş edib! Elə bil, yarım unsiyanı assla müqayisə edirsən1. Bundan əlavə, o, dərrakəni kəllənin darısqal bir küncünə sürgün edərək, bədənin bütün yerdə qalan hissəsini həyəcanların ixtiyarına buraxıb. Daha sonra o, dərrakəni iki qəddar tirana – köksün qalasında yerləşərək, həyat çeşməsi olan qəlbin özündə qərar tutan qəzəbə və ta həddi-buluq çağı yetişənə qədər aşaği tərəfdə geniş bir imperiyanı zəbt edən şəhvətə qarşı qoyub. İstəyir lap səsi batana qədər bağıraraq, şərəfli olmaq qaydaları barədə car çəksin, dərrakənin bu iki düşmənə qarşı nə dərəcədə güclü oldugunu insanın gündəlik həyatı kifayət qədər aydın göstərir. Onlar hökmdarlarının boynuna ip keçirir və elə dəhşətli şivən qoparırlar ki, o, birdəfəlik taqətdən düşərək  təslim olur və əllərini qaldırır.

17. Bununla belə, əgər kişi xeylağı idarəetmə işləri üçün doğulmuşsa, onun dərrakə payı da bircə çimdik artıq səpilməli idi ki, bu onun kişilik ləyaqətini dəstəkləsin. Və o, hər şeydən əvvəl mənə müraciət edincə, dərhal öz məsləhətimi verdim, həm də, özümə layiq şəkildə: mütləq heyvanın biri  ilə, – məlum məsələdir, – səfeh və fərsiz, ancaq məzəli, qəşəng bir arvadla kəbin kəsdirmək ki, o, ailə həyatında kişinin təmkinini,  kədərini öz kütbeyinliyi ilə dada gətirib, şirin-şəkər etsin. Platon qadını canlıların şüurlumu, şüursuzmu fəsiləsinə aid etməyi nahaq yerə tərəddüd etmirdi; bununla da o, ozğə bir şeyə yox, elə ona işarə etmək istəyirdi ki, bu cinsin əsas xüsusiyyəti axmaqlıqdır. Qadın, hətta, agıllı kimi tanınmağa çalışsa da, nə edirsə etsin, necə deyərlər, Minervaya tam zidd olaraq1 öküzü cıdıra dartan birisi kimi ikiqat axmaq görünəcək. Çünki, əgər kimsə, təbiətin əksinə, fəzilətləri yalan pərdəsi altında gizlədərək, istedadı başqa səmtə yönəldirsə,  hər bir qüsuru ikiqat ağırlaşır. Necə ki, yunan məsəlində çox doğru olaraq deyilir: al-qırmızı geyinsə də, – meymun yenə meymundur. Eləcə də, hansı maskanı taxırsa taxsın – qadın həmişə qadındır, yəni səfehdir. Ancaq qadın tayfasını, sözlərimdən inciyəcək qədər də axmaq saymıram, çünki mən AXMAĞAM, axmaqlığı da təcəssüm etdirirəm. Və əgər onlar mətləbi bir qədər dərindən ölçüb-biçsəydilər, Axmaqlığı öz xeyirlərinə yazardılar, çünki kişilərdən qat-qat xoşbəxtdirlər. Əvvəla, haqlı olaraq hər şeydən üstün tutduqları zahiri gözəlliyin köməkliyi ilə tiranların özlərini belə istibdadları altına alıb fəth edirlər. Digər tərəfdən, hardandır axı, kişilərdəki  bu qorxunc ğörkəm, bu qocalıq nişanəsi olan tüklü dəri və meşə kimi sıx saqqal – bütün bunlar müdrikliyin qüsurundan deyilsə, bəs, nədəndir? Halbuki qadınların dolu yanaqları, incə səsləri və zərif dəriləri sanki daima əbədi gəncliyi təqlid edir. Daha sonra, onlar bu həyatda kişilərə mümkün qədər xoş gəlməkdən savayı özgə nəyə can atırlar ki? Onların bütün libasları, ənlik-kirşanları, yuyunmaları, bəzək-düzəkləri, məlhəmləri, ətirləri, boyanmış sir-sifətlərinə, göz-qaşlarına sərf olunan ustalıqları buna qulluq etmirmi? Onlar kişiləri Axmaqlığın deyilsə, kimin adı ilə özlərinə daha çox cəlb edirlər? Elə bir şey varmı ki, kişilər onu qadınlar üçün keçməsinlər? Bunun əsas şərti ehtiras deyilsə, onda nədir? Ən böyük zövqlərini də özğə bir şeydən deyil, səfehlikdən alırlar. Əgər xatırlasa ki, təki qadın onların ehtirasına tabe olsun deyə, kişilər bu cinsə nə qədər cəfəngiyyat söyləyib, onlarla nə qədər gic-gic hərəkətlər ediblər, bunun da həqiqət olduğunu heç kim inkar etməyəcək. Beləliklə, indi siz həyatın birinci və başlıca nəşəsinin hansı çeşmədən axdığını bilirsiz.

18. Ancaq bir çoxları var, – ilk növbədə də, arvadbazdan daha çox əyyaş olan qocalar, – ən ali zövqü içki məclislərində görürlər. Həqiqətən də, elə bir gözəl ziyafət təsəvvür etmək mümkündürmü ki, orada qadın olmasın, bunu qoy  başqaları fikirləşsin. Təkcə orası şəksizdir ki, Axmaqlığın şəkəri-duzu olmadan heç bir şey bizim üçün ləzzətli ola bilməz. Hətta, hər dəfə, istər həqiqi, istərsə də yalançı AXMAQLIQ qonaqları əyləndirə bilməyəndə, o öz lağlağı, daha doğrusu, axmaq söhbətləri ilə içki məclisindəki sükutu, süstlüyü aradan qaldırsın deyə hansısa pulla tutulmuş bir təlxəyi dəvət edir və ya gülünc yalağın birini tapıb gətirirlər. Əgər gözlər, eləcə də qulaqlar, bütün ruhumuz  gülüşdən, oyunlardan və zarafatlardan nəşələnmirsə, axı mədəni min cür çərəzlə, müxtəlif naz-nemət və dadlı yeməklərlə doldurmaq nəyə gərəkdi?  Bu cür çərəzlər üçün isə, mən nadir sənətkaram. Həmin o şanlı ziyafətlərdə kralın püşklə seçilməsi, aşıq atma, içkini dövrələmə içməyə dəvət, əldə mərsin budağı nəğmə demək, rəqs etmək, pantomima göstərmək adəti yeddi yunan müdriki1 tərəfindən yox, bizim tərəfimizdən – özü də insan nəslinin rifahı naminə icad edilmişdir. Bütün bu şeylərin təbiəti elədir ki, onlarda nə qədər axmaqlıq varsa, ölərilər üçün bir o qədər də faydalıdır, çünki əgər həyat kədərlidirsə, ona heç həyat deməyinə də dəyməz. Və  əgər onun özündən doğan kədəri bu cür əyləncələrlə qovub rədd etməsən, görünür, bu həyat kədərli olmaqda davam edəcək. 

19. Ancaq yəqin, elələri də var ki, bu növ əyləncələri inkar edir, dost sevgisindən, ünsiyyətindən təsəlli tapırlar, dostluğun hər şeydən öncə olduğunu israr edir, hətta o dərəcədə vacib sayırlar ki, sanki nə hava, nə od, nə də su ondan artıq ola bilməz. Hələ sən demə, dostluqdan məhrum olan, günəşdən məhrum olur: nəhayət, o, elə dərin hörmətə layiqdir ki, hətta filosoflar, – əgər burada onlara istinad etmək yersiz deyilsə, onu ən ali məziyyətlər sırasında göstərirlər. Əgər sübut etsəm ki, bu cür məziyyəti sizlərə yetirən gəminin burnu da, gövdəsi də elə mən özüməm, onda necə olar? Özü də bunu krokodillitlərlə, ya buynuzlu soritlərlə və yaxud da başqa bu cins dialektik bicliklərlə1 deyil, necə deyərlər, Minerva tərzində, sadəcə, barmağımı tuşlamaqla edəcəyəm. Yaxşı, məgər, dostların nöqsanlarına barmaqarası baxmaq, onlara üz vermək, özünü korluğa qoymaq, sanki məziyyətləridir deyə açıq-aydın qüsurlarına aşiq olmaq, heyran qalmaq axmaqlığa çox yaxın olan şeylər deyilmi? Birisi öz rəfiqəsinin xalını busələrə qərq edirsə, bir başqası öz Aqnasının ziyilinə vurulursa2 və ya ata oğlunun çəpgözlüyünü hiyləgrlik adlandırırsa: soruşmaq istərdim, bu əsil axmaqlıq deyilsə, bəs nədir? Hamı üçqat, dördqat ucadan qışqırır ki, axmaqlıqdır: yalnız bu axmaqlıq yaxınları birləşdirir, dostları hifz eləyir. Mən ölərilərdən danışıram, o kəslərdən ki, heç biri bu dünyaya nöqsansız göz açmır, ən yaxşısı da nöqsanı az olandır: o ki qaldı Tanrıya bənzər bu filosoflara, onların arasında dostluq deyilən şey ya ümumiyyətlə olmur, ya da olanda yalnız tək-tük insanlarla məhdudlaşaraq, çox tutqun, könül oxşamayan bir şəkildə təzahür edir, çünki insanların əksəriyyəti gecə-gündüz sarsaqlamaqla məşğuldur, daha doğrusu, kefi istəyən tərzdə axmaqlamayan birisinə rast gəlməzsən, yaxınlıq isə yalnız özünkimilərlə mümkündür. Və əgər bu sərt kişilərin araslında qarşılıqlı lütfkarlıq baş qaldırırsa, çətin ki, o elə də sabit və sürəkli olsun, şübhəsiz, bu münasibətlər inadkar və hər şeyə  göz qoyulan bir mühitdə yarandığından, onlar dostlarının nöqsanlarını lap “Epidavros qartalı və ya ilanı kimi”3 öz iti baxışları ilə cox gözəl ayırd edirlər. Ancaq koruş gözləri ilə öz nöqsanlarına nəzər salanda, onları çiyinlərindən sallanan dağarcıqları kimi görmürlər. Çünki insanın təbiəti belədir, elə bir istedad tapa bilməzsən ki, ağır nöqsanlardan azad olsun. Bura uzun illərin və məşğuliyyətlərin arasındakı fərqi, bu fani həyatın bütün xətalarını, səhflərini və təsadüflərini də əlavə edin. Yunanların evifiya adlandırdığı, – onu axmaqlıq və ya istəsəniz, arsızlıq kimi də, tərcümə etmək olar, – köməklərinə yetişməsə Arqusların4 arasında dostluğun şirin dadını duymaq,  heç olmasa, bircə saatlığa necə bərqərar ola bilər?  Bəs sonra? Məgər bütün ünsiyyətlərin səbəbkarı və yaranış verəni olan Kupidonun özü əməlli-başlı kor deyilmi ki, eybəcər olan nə varsa, gözündə gözəl görünür? Eyni şey həmçinin sizin aranızda da baş verir, hər kəs özü üçün gözəl görünəndən ötrü – qoca öz qarısından, oğlan isə öz sevgilisindən ötrü dəli-divanədir. Hər yerdə belədir, hamı da buna gülür, ancaq həmin bu gülməli şeylər həyatı xoş edir və cəmiyyəti birləşdirir. 

20. Dostluq barəsində deyilənlər daha çox nikaha aid edilə bilər. Nikah isə iki fərdi həyatın ittifaqından başqa bir şey deyil. Ya ölümsüz Tanrı! Görəsən, ərlə arvad yaltaqlığın, şit zarafatların, arsızlığın, yanlışların, riyakarlığın və mənim digər cığırdaşlarımın köməkliyi ilə ailə həyatına dəstək verib onu yüngülləşdirməsəydi hər yanda nəinki boşanmalar, hətta ondan da betər nə qədər işlər baş verərdi? Əgər hər nişanlı oğlan ağıllı-başlı öyrənib bilsəydi ki, nəzakətli görünən, utancaq qızcığaz toydan hələ xeyli əvvəl hansı oyunlardan çıxıb, çoxmu nikahlar bağlanardı? Və yaxud da, əgər arvadların bir çox əməlləri ərlərinin laqeydliyi və ya əfəlliyi üzündən gizli qalmasaydı, nikahlar nə qədər qısa ömürlü olardı? Bütün bunlar da insanlara axmaqlığın sayəsində bəxş olunur və tək ona minnətdar olmaq lazımdır ki, arvad ərinə, ər isə arvadına əzizdir, evdə əmin-amanlıqdır, ailə də sarsılmaz qalır. Qurumsağın biri zinakar arvadının göz yaşlarını öz busələri ilə qurudanda onu ələ salaraq  hərif, maymaq adlandırıb, daha nələr demirlər? Ancaq qısqanclıqdan gününü qara edib, hər şeyi faciəyə çevirməkdənsə, beləcə yanılmağın özü böyük səadət deyilmi? 

21. Bir sözlə, heç bir cəmiyyət, heç bir gün-güzəran mənsiz nə xoş, nə də  sabit ola bilməzdi. Əgər öz aralarında yanılmasaydılar, yaltaqlıq etməsəydilər, bir-birlərinin zəif cəhətlərini bağışlamasaydılar, bir-birilərini axmaqlığın balına-şəkərinə qonaq etməsəydilər, xalq – hökmdarına, qul – ağasına, qulluqçu – xanımına, müəllim – şagirdinə, dost – dostuna, arvad – ərinə, kirayənişin – ev sahibinə, qonşu – qonşusuna, yoldaş isə yoldaşına tab gətirə bilməzdi. Düşünürəm, bütün bunlar kifayətdir, ancaq indi daha vacib şeylər eşidəcəksiniz. 

22. Soruşmaq istərdim, özünə nifrət edən bir başqasını sevə bilərmi? Özü ilə ixtilafda olan başqaları ilə dil tapa bilərmi? Özündən təngə gələn, zəhləsi gedən, başqasına sevinc bəxş edə bilərmi?  Məncə, belə bir şeyin mümkünlüyünü heç kim israr etməyəcək, yoxsa bu, elə Axmaqlığın özündən də axmaq bir şey olardı. Ancaq məni rədd etsəniz, daha heç kim bir başqasına  tab gətirə bilməyəcək, buna görə də, hətta özü özündən iyrənəcək, özünə nifrət edəcək və özünü görməyə gözü olmayacaq. Belə ki, bu təbiət bir çox şeylərdə doğmadan daha çox ögey anadır və ölərilərə, xüsusilə də bir qədər dərrakə sahiblərinə özünün olanı ayıb bilib, özgəninkinə heyran qalmağı təlqin etmişdir. Ona görə də, həyatın bütün dadı-duzu, zərifliyi və gözəlliyi murdarlanır və məhv olur. Elə isə, əgər çürüntü sarmışsa, o ölümsüz Tanrıların ali bəxşişi olan gözəllikdən nə fayda? Əgər qocalıq dərdi gəncliyi içindən bir qurd kimi yeyirsə, onda nə fayda? Əgər haqlı olaraq doğmaca bacım bildiyim və hər yerdə mənim rolumu asanlıqla ifa edən Filavtiya dadına çatmasa, sən həyatın bütün sahələrində həm özünün, həm də başqalarının gözündə ləyaqətlə (o isə, nəinki incəsənətin, insana məxsus olan, gördüyün bütün işlərin mayasıdır) necə hərəkət edə bilərsən? Özünə vurğun olmaqdan, özünə heyran qalmaqdan da betər axmaqlıq ola bilərmi? Və əksinə, əgər  özün özündən razı deyilsənsə, gördüyün hansı bir iş füsünkar, zərif və bənzərziz ola bilər? Həyatı öz dadından, duzundan məhrum edəndə, natiq öz nitqi ilə birlikdə buz kimi soyuqluqla qarşılanacaq, musiqiçi öz havaları ilə bir kimsəyə xoş getməyəcək, akty

DİGƏR MƏQALƏLƏR