RUS NƏSRİ - Leonid Andreyev

Orijinaldan tərcümə: Rövşən Ramizoğlu

 

1871-ci ildə Oryol şəhərində doğulub. Rusiyanın Gümüş Dövrü yazıçılarındandır. Rus ekspressionizminin banisi sayılır. 1898-ci ildə “Kuryer” jurnalında çap etdirdiyi ilk əsərini – “Barqamot və Qaraska” hekayəsini Dikkensin təsiri altında yazıb. Yaradıcılığı  M.Qorki tərəfindən yüksək dəyərləndirilib. 1901-ci ildə “Jizn” jurnalında dərc olunmuş “Biri varmış, biri yoxmuş” hekayəsi ilə məşhurlaşıb. Onlarla hekayə, povest, roman və pyes müəllifidir. 

1919-cu ildə Finlandiyanın Neyvola şəhərində vəfat edib. 

 

 

ÇAY KƏNARINDA

Bukovun dəyirmanında maşinist işləyən Aleksey Stepanoviç ya dünən saat səkkizdən bəri yatıb yuxusunu aldığından, ya da qışın yeddi ayı boyunca yadırğadığı, dəmir damı döyəcləyən ahəstə yağış səsindən gecəyarısı oyandı. Pəncərənin çərçivələri artıq çıxarılmışdı, buna görə də səs gur və aydın eşidilirdi. Sanki damın dəmirinin üstünə bir kisə noxud tökmüşdülər və bu tıqqıltının içində başqa bir səs də eşidilirdi. Aleksey Stepanoviç şamı yandırdı, paltosunu çiyninə atıb bayıra boylandı. Elə qaranlıq idi ki, o, düz qapının ağzında əkilmiş keçisöyüdünü heç də o an görə bilmədi. Damı döyəcləyən yağışın səsi azalmış, o qəribə səs isə güclənmişdi; Aleksey Stepanoviç anladı ki, yağışın damlaları suyu döyəcləyir və onun təpədə duran evinin yan-yörəsində belə suyun haradan toplana biləcəyini düşünüb təəccübləndi. Get-gedə gözləri önündəki qaranlıq çəkilməyə başladı və tünd-boz kətandakı yırtıqlara bənzəyən qara ləkələr şəklində topa-topa oldu. Budur, gözləri önündə keçisöyüdü tutqun bir zolaq kimi dikəldi, içində sönmüş buxar qazanı olan  barak onun arxasında qara ləkə kimi göründü; bir az aralıda qəribə bir buluda oxşayan, kənarları qırçınlı görünən dəyirmanın uca, dördmərtəbəli binası gözə dəydi. Yuxarıda bir pəncərədən zəif işıq gəlirdi və düz onun altında, lap aşağıda işıqlı nə idisə asta-asta titrəyib yırğalanırdı.

“Oho, gör haracan gəlib!” – Aleksey Stepanoviç təbiətin öz qorxunc gücünü göstərməsini görüb insanların keçirdikləri qəribə bir vahimə hissi ilə su haqqında düşündü. O, paltosunu başına atıb evinin ətrafındakı hələ əriməyən buz layının üstü ilə addımladı və tinə boylandı. Orada çay vardı, o yanda – o biri sahildə isə Strelets qəsəbəsinin sonuncu evləri səpələnmişdi. Amma indi heç nə görünmürdü, elə bil dünya Aleksey Stepanoviçdən iki addım o yanda qurtarırdı, ondan o tərəfə ucsuz-bucaqsız uçurum idi, oradan nə bir səs-səda eşidilir, nə işıq, nə də gözə çarpan bir şey görünürdü. Yağış şırıldayır, zülmət uçurumdan xəfif külək əsir, təmiz hava, lil qoxusu gəlir, yüngülcə buz, su və peyin qarışığının iyi duyulurdu. Aleksey Stepanoviç sanki çığırtı eşitdi; o, bir xeyli diqqətlə qulaq asdı və hətta paltosunu başından götürdü, amma çayı ağuşuna alan ölü sükutu sadəcə yağışın səsi pozurdu. Görünür, qulaqları onu aldatmışdı.

Bütün bu coşqun həftə boyu Aleksey Stepanoviçdən əl çəkməyən həmin o xoşagəlməz hiss yenidən qəlbində baş qaldırdı və gecənin müdhiş gözəlliyini heç elədi. O, yağışı, sürüşkən buz layını kiçik, tənha otağını, mətbəxdə xoruldayan dəyirmançı Nikitanı söydü və özünü adamın sümüklərini iş görəndə olduğundan da betər sızıldadan, altı gün durmadan uzanandan sonra nifrət etdiyi yatağına atdı. İçində, çölündə olan hər şeydən ürpənirdi. Altı gün idi ki, əl-üzünü yumurdu, saçını daramırdı; Nikita həmişə uzunboğaz çəkmələrinin altında palçıq gətirirdi, pəncərələrdən içəri boz, tutqun səma boylanırdı və bütün bunlar nəsə kirli, nizamsız bir ovqat yaradırdı. Fikirlər də elə bu cür kirli görünürdü. Pəhriz günləri öncəsi streletslilər ilmaninli Daşaya görə onu şil-küt elədilər və o, iki həftə xəstəxanada yatmalı oldu. Buna görə müdirlə dalaşdı, xəstəxanadan çıxıb cibində revolver qəsəbə ilə o baş bu başa gəzişməyə başlayanda isə Daşa ondan üz döndərdi. Lənətə gəlmiş uşaqlar da onun ətrafında bir ayaqları üstə atlana-atlana oxuyurdular: “Ağa, ay ağa, boynu əyri ördəkmi udmusan?” O, dava salmaq üçün çəpəki baxan birisini axtara-axtara qarşılaşdığı adamlara qəzəblə göz qoyurdu, amma hamı başını aşağı sallayırdı, arxasınca isə kimsə qəmgin-qəmgin donquldanırdı:

– Xoruzlan, xoruzlan, görüm haracan xoruzlanacaqsan!

Bu streletslilər quldurdular: öz qızlarının arxasında dağ kimi dayanırlar, qıraqdan heç kimi onlara yaxın buraxmırlar; üçüncü ildə bir teleqrafçının gitarasını sındırıb parça-parça elədilər, özünü də az qala simlə boğmuşdular. Aleksey Stepanoviç də hamıya yaddır. Dəyirmançılar arxasınca gülürlər və ağacıq deyib lağa qoyurlar; əsl ağaları isə ondan uzaq durur və heç vaxt əl uzatmırlar. Və Aleksey Stepanoviç gah adamları günahlandırıb özünü yazıq görkəmində görür, gah da dikbaşlığı, güzəştə getməyən xarakteri haqqında düşünür, fikirləşirdi ki, həyatındakı bütün bəlalar onun özündən qaynaqlanır. Amma bunların hər ikisi eyni dərəcədə ağır idi, hər ikisi dar, narahat və çirkli paltartək tez canını qurtarmaq istədiyin ürəkbulanması, sıxıntı hissi doğururdu. Güclü əzələlər, sağlam bədən iş və hərəkət tələb edirdi, o isə kötük kimi uzanıb qalmışdı, özü də nə qədər çox uzanırdısa, özünün özündən bir o qədər çox zəhləsi gedirdi. Ağlına gəlirdi ki, əgər kimsə boynundan tutub həyətə atsaydı, ona yaxşılıq etmiş olardı. Aleksey Stepanoviç yerində xeyli qurcalandı, içini çəkdi və yalnız qara divarlardan seçilməyən pəncərə, artıq mavi dördbucaq kimi sezilməyə başlayanda yuxuya getdi. 

– Stepanıç! Aleksey Stepanıç! – üzünə və yarımkürkünə hopmuş un tozundan ağappaq olan Nikita onu yuxudan oyadırdı. – Bəsdir yatdın! Yatan qalır, çapan alır.

Nikitanın bığsız yumru sifəti vardı və o, həmişə gülümsünürdü, hamı ilə də arası yaxşı idi: Aleksey Stepanoviçlə də, Bukovun özü ilə də, zarafatları, qumaş köynəyi və günəbaxanlarla yoldan çıxardığı qızlarla da. Hətta acıqlı streletslilər belə onu sevirdilər və onunla tay-tuş kimi dalaşırdılar, sürü ilə üstünə tökülüşüb döymürdülər. 

– Bax gör su nə oyun çıxarır! – Nikita davam elədi. – Dəhşətdi!

Gecənin qara-qura təəssüratları ilə dolu olan Aleksey Stepanoviç həvəssiz-həvəssiz divardan aralandı. Otağı dolduran gur işıq onun gözlərini qamaşdırdı. Pəncərədən içəri gün işığının qızılı şüası düşürdü və bu şüada dızıldayan samovar bərq vururdu, bayırdan isə güclü səs-küy, sərçələrin gur cikkiltisi eşidilirdi. Nikita samovarı qabağa çəkib pəncərəni açdı və içəri adamın boyun-boğazını yalayan, burnunun içini qıcıqlandıran ətirli bir isti doldu. Son bir həftədə ilk dəfə idi ki, günəş çıxmışdı və hamı ona sevinirdi.

– Nə tez! – Aleksey Stepanoviç qışqırdı və çaya baxan pəncərəyə doğru ayaqyalın qaçdı. Onun ötəri gördüyü şey o qədər yeni, maraqlı və xoş idi ki, tələm-tələsik şalvarını əyninə keçirməyə, kiçik kəmərlərlə dizlərində bağlanan uzunboğaz çəkmələrini geyinməyə başladı. O, geyinən vaxt Nikita günəş şüalarının altında dayanıb üzünü yuxarı qaldırdı və ləzzətlə gözlərini qıydı. Yavaş-yavaş onun sifəti dartıldı, qaşları yuxarı qalxdı; yenidən fışıltı ilə havanı burnuna çəkdi və elə möhkəm asqırdı ki, bir anlıq sərçələrin səsini batırdı. 

– Hə, qardaşım, belə-belə işlər, – o, burnunu sığallayıb gözlərini qırpa-qırpa dedi, – bu gün səhərdən asqırıram. Başımı qaldırıb günəşə baxan kimi səbir gətirirəm.

Aleksey Stepanoviç özünü qapıdan bayıra atdı, az qaldı ki, başı alçaq qapı tirinə dəysin. Bayıra çıxdı və durdu: artıq keçisöyüdünü dövrələyən su düz ayaqlarının ucunda dayanmışdı və səthində həyətdən yuyulub gələn kirli peyin çöpləri burula-burula üzürdü. Çay tərəfdə sakitlik idi, keçisöyüdü  suda gah görünür, gah da yoxa çıxırdı, zərif rənglərin yaratdığı sudakı əksi gözəl görünürdü. Bayırda ləzzətli isti daha aydın hiss olunurdu və işıq təkcə günəşdən deyil, parlaq, mavi göy üzündən də axıb tökülürdü, sərçələr isə sərxoşlar kimi çığırışırdılar. Onların susmayan çığırtısı fonunda digər səslər şən və melodik idi. Həyətdə yaranmış üç adanın – dəyirman, barak və Aleksey Stepanoviçin evinin arasında iki böyük, yöndəmsiz qayıq üzürdü, undan ağappaq olan dəyirmançılar da gülə-gülə, zarafatlaşa-zarafatlaşa suyun yuxarı qaldırdığı ensiz taxtaları yığırdılar. Sarı taxtalar sakitcə suda üzüşürdü və gözlə görünməyən axının təsiri ilə bir ucları çaya tərəf dönürdü. Evin divarının yanından başlanğıcını götürən axıntı buz bağlamış çökəkdə özünə yol eləmişdi və yavaş-yavaş, aramla şırıldayaraq sakitcə suya qarışırdı.

– Qalada sakitçilikdir – Nikita sevincək dedi. – İndi, qardaşım, getmək vaxtıdı; dalınca qayıqla gəlməsəm, elə buradaca məhv olacaqsan!

Qayıq yaxınlıqda idi, pəncərə taxtasının boltuna bağlanmışdı. Aleksey Stepanoviç və Nikita dəyirmana tərəf üzüb üç mərtəbə yüksəklikdən çayın üzərindən asılan şüşəbəndə çıxdılar. Orada artıq camaat, işçilər və təsərrüfat müdirinin ailəsi toplanmışdı, qadınlar ah-vay edir, məhəccərlərə yaxınlaşmağa qorxurdular. Aleksey Stepanoviç şişman, kürən müdirlə ağızucu salamlaşıb çaya baxmağa başladı.

– Ağsaqqalar deyirlər otuz il olar ki, su bu qədər qalxmamışdı – yaşlı dəyirmançı dedi. – Yazıq camaat.

– Səhərə çəkilər, – müdir ciddi-ciddi cavab verdi. – Bu, daşqın yox, yağış suyudur. Onsuz da qar artıq tam əriyib.

– Deyirəm, camaat yazıqdı – əlini gözlərinin üstünə qoyub sürətlə axan çaya baxa-baxa dəyirmançı davam elədi. – Özü də bayramqabağı.

Doğrudan da, su hər şeyi elə dəyişdirmişdi ki, Aleksey Stepanoviç uzun müddət tanış yerləri tanımadı. Uçmuş bəndin dirəkləri hələ bir həftə bundan əvvəl görünürdü, indi isə onun yeri elə dümdüz və hamar idi ki, elə bil burada insan heç vaxt təbii fəlakətə qarşı sədd ucaltmağa çalışmamışdı. Qarşı sahil isə yerli-dibli yox olmuşdu. Su qəsəbənin küçə və dalanlarını doldurmuşdu. Qəsəbədən isə sadəcə evlərin damları qalmışdı, evlərin özləri sanki yerə batmışdı. Bu damların arası ilə iki-üç qayıq üzürdü və elə hay-küy qalxmışdı ki, belə qıy-qışqırıq ancaq gecə vaxtı çıxan yanğın zamanı olur. Qəsəbədən sağda, axınla üzüaşağı sahil dağ kimi yüksəlirdi və orada şəhər tikililərinin şüşələri, ağ divarları parıldayırdı, sahildə toplaşan camaat qara zolaqtək görünürdü. Kilsə xaçı ikinci balaca günəş kimi bərq vururdu. Solda, bir verst aralıda sudan yüksəkdə dəmiryol körpüsü asılmışdı və bu körpü ilə yavaş-yavaş ağ tüstü topası sürünürdü. Aşağıda, düz dənliyin yanında ağacların yalın təpələri görünürdü və tənha bir dam qaralırdı.

Taxtaları toplayan dəyirmançıların cingiltili səsləri, göy üzünün, günəşin parıltısı, o biri tərəfdən eşidilən və bu açıq-göy üzü altında çox şən səslənən ahəngsiz qışqırıq, ağ tüstü topası – bütün bunlar canlı, xoş bir mənzərə yaradır, insan ruhunu da elə bu cür gümrahlıq və iş görmək həvəsi ilə doldururdu.

– Gərək qayıq verək, – yaşlı dəyirmançı əlini suya batmış qəsəbəyə tərəf uzadıb dedi.

– Öz işlərimizi həll edək, sonra verərik – müdir dilləndi.

İçəri yarısevincək, yarıürkmüş halda təzə, qorxulu xəbər gətirən adam kimi bir nəfər işçi girdi və uzaqdan qışqırdı:

– Qardaşlar, suyun hələ dalı gəlir!

Bu, sadəcə indi damları görünən o daxmalar üçün, həqiqətən, qorxulu olsa da, hamı bir az da sevinirdi və yalnız yaşlı dəyirmançı hirsli-hirsli onun sözünü kəsdi:

– Yalan danışma!

– Vallah! Çubuğa nişan qoymuşdum. Su onu keçib!

Hamı suya elə baxdı ki, sanki birinci dəfə idi görürdülər və yalnız indi onun necə qəddar, qorxunc olduğunu anlamışdılar. Elə bu vaxt hamı birdən danışmağa başladı. Yaşlı dəyirmançı barmağını qəsəbəyə tərəf uzatmışdı, müdir nəsə fikirləşə-fikirləşə cib saatı zəncirinin həlqələrini qarnının üstündə bir-bir çevirirdi, qadınlar isə suyun dağın başında duran təsərüffat müdirinin evinə və köməkçi tikililərə qədər qalxmayacağını kiminsə söyləməsini, onları sakitləşdirməsini tələb edirdilər. Aleksey Stepanoviç bir dəfə də çaya göz gəzdirdi və çıxıb öz evinə getdi. Samovarın közü sönmüşdü, günəş işığı da artıq pəncərədən içəri düşmürdü və yalnız ağ süfrənin bir hissəsi adamın gözünü qamaşdırıb divara işıq salırdı. Amma az sonra o da söndü və bir anın içində otaq darıxdırıcı, qaranlıq oldu. Dünən gecə olduğu kimi Aleksey Stepanoviç yenə yerinə uzandı və fransız dili dərsliyini oxumağa çalışdı, amma mütaliə çox ağır gedirdi. Həyətdəki çığır-bağır kəsilmişdi. Arada bir-iki dəfə Nikita gəldi və streletslilərə artıq bir qayıq göndərdiklərini, suyun da, deyəsən, qalxdığını söylədi. Sonra o, dadsız pəhriz yeməyi gətirdi.

– Bax, suyun altında qalma ha, – o, maşinistin soyuq şorbanı qaşıqla ağır-ağır qurdaladığını görüb dedi. – Lap kandara qədər gəlib çıxıb.

Aleksey Stepanoviç susurdu.

–Pəhrizi açmağa gedəcəksən? – Nikita soruşdu.

– İkiniz də cəhənnəm olun!

Nikita güldü.

– Buna bax, hirsləndi! Qəribə adamsan! Qardaş, mən də indi üzüb gedəcəm. İkinci qayığı veririk. Dəmirçi Baranokun daxması uçulub, az qala hamısı boğulacaqmış.

Baranok maşinisti döyənlərdən biri idi.

– Gəl gedək, qardaşım, nə mısmırığını sallayıb oturmusan! – Nikita əlavə elədi. – Orada sənə elə bir şey göstərəcəm... u-ah!

Sükanı arxasında Nikitanın olduğu ikinci qayıq üzməyə hazırlaşanda Aleksey Stepanoviç başını pəncərədən bayıra çıxardı və çığırdı:

– Gözlə! Mən də sizinlə gedirəm!

O, qayığa minəndə özünü narahat hiss edirdi: hamı bilirdi ki, streletslilər onu döyüblər, indi isə onlara köməyə getdiyini görüb, yəqin, güləcəkdilər. Amma dəyirmançılar nəzakətli idilər və onun bu işdə iştirakına ən sadə, təbii bir iş kimi baxırdılar. Heç kim indi baş verənlərə dəxli olmayan və olması qeyri-mümkün görünən o davanı xatırlamadı. Onlar çayın ortasına üzüb çatanda və yaxınlıqdakı dəyirman çalaya salınıbmış kimi balaca, alçaq görünəndə Aleksey Stepanoviç bütün narahatlığını unutdu, təsirindən özünü yüngül, gümrah hiss etdiyi bir mübarizəyə qatıldı. Su qayığı fırlada-fırlada aşağı aparırdı, qayığın bortuna bərkidilən avarlar cırıldayırdı; kiçik bir buz parçası qayığın bortuna dəydi və fırlanaraq yan keçdi.

– Yaxşı ki, buz əriyib, – özünü qayıqda ağa hiss edən və söhbətə meyilli olan Nikita dedi.

– Həə, – avarçəkənlərdən biri cavab verdi, – yoxsa, qabağına çıxanı vurub aşırardı.

– Stepanıç! Bəs niyə indi mən asqırmıram? Başımı qaldırıram, amma asqırmıram... Hə, uşaqlar, həvəslə, həvəslə! Güc verin! Hə!..

Qəsəbənin küçələrini basmış su sakit və dərin idi. Təkcə bəzi yerlərdə uçmuş hasarların talaşaları, taxtaları suyun üzündə tənbəl-tənbəl üzürdü. Çaya ən yaxın evlərin çardaqları artıq boş idi və öz balaca  pəncərələri ilə səssiz-səmirsiz baxırdılar; bir az o tərəfdə, heç kimin su basacağını gözləmədiyi, buna görə də əvvəlcədən tədbir görmədiyi Soyuq küçədə isə qarışıqlıq hökm sürürdü və çığır-bağır salan qadın səsləri, uşaq ağlaşması eşidilirdi. Köməyə gələn bir neçə qayıq istəyənlərin hamısını alıb quruya çıxarmağa yetmirdi və xilaskarlar qayıqlara hər cür cır-cındır doldurmağa çalışan elə həmin arvadlarla möhkəm söyüşürdülər. Uşaqlar əl-ayağa dolaşır, özlərini suya düşmək təhlükəsi ilə üz-üzə qoyub uçulmuş damların dəliklərindən boylanır, bir-birlərini haylayır, kimsə səbirsizlik edib onları vuranda bağırır və aşağıda dayanan qayığa un kisəsi kimi şappıltı ilə düşürdülər. Qayıqda isə  tərpənmədən oturur və sevinc dolu gözlərini bərəldirdilər; lap körpəlikdən çaya öyrəşən bu uşaqlara, bütün bu baş verənlər gözlənilməz əyləncə kimi gəlirdi. Çardaqlardan birinin dəliyindən atılan sap bağlanmış tilov, suyun üzərində yırğalanırdı. Balıqçı özü görünmürdü, amma bu qəribə soyuqqanlığına və inadkarlığına görə o, streletslilərin yaşlı nəslinə mənsub ola bilməzdi.

Aleksey Stepanoviç çılpaq bir qadın qolunun inadla qayığı köməyə çağırdığı birinci çardağa üzüb yaxınlaşdı və bundan sonra daha heç bir şey haqqında düşünmədi. O, qaranlıq çardaqlara baş vurur, orada tirlərə ilişir, başı çatılara dəyir, yenə bir anlıq cır-cındır üzən suyun səthinə çıxırdı. Bu zaman cır-cındır ona elə arvadların gözlərində olduğu qədər dəyərli görünürdü. Onun ətrafında hamısı tanış və mehriban, saqqallı, saqqalsız üzlər hərlənirdi: indi onu bir vaxtlar kimin döydüyünü, kimin döymədiyini ayırd edə bilməzdi. Kirli uşaq qolları onun boynuna dolanır, çiyninə gah qorxmuş qızcığaz üzü, çirkli oğlan sifəti qısılırdı. Əlinə kəlləsi deşilmiş karton bir oyuncaq keçdi. Oyuncağı ayaqlarından tutub qaldıranda həmin o deşikdən su axırdı. Hirsli və tərs bir oğlan uşağı isə onu, əvvəlcə aşıqları olan qutunu qayığa qoymağa məcbur etdi, sonra isə özü oturmağa razılaşdı. Ağzınacan dolu qayıqda o, su altında qalan hasarların üstü ilə dar döngələrdən, bəzən isə elə birbaşa bağçaların içindən üzüb keçəndə və ağacların şişmiş tumurcuqları olan əyilmiş budaqları üz-gözünü cırmaqlayanda, ona elə gəlirdi ki, bütün dünya sakit, mülayim sudan, parlaq, isti günəşdən, gur çığırtılardan, mehriban üzlərdən ibarətdir. O, uşaqlarla çənə döyürdü, təskinlik, təsəlli, göstəriş verirdi və öz səsi özünə dolğun, cingiltili görünürdü. Arabir düşünürdü ki, böyük, işıqlı bayram artıq başlayıb və o, heç zaman bitməyəcək. Elə oldu ki, onun qayığı ikinci mərtəbəsindəki açıq pəncərələrinin qarşısına qadınlar toplaşmış böyük daş evin yanından üzüb keçdi. Maşinist həmin qadınlar arasında Daşanı tanıdı və gülümsəyərək ona baş əydi, o da gülümsəməklə ona cavab verdi və nəsə qışqırdı. O, sözləri ayırd edə bilmədi, amma səsdən anladı ki, bunlar səmimi və xoş sözlərdir.

Çardaq çardağı əvəz edirdi. Hamısı eyni cür qaranlıq, kasıbyana olduqlarına, bir-birlərinə oxşadıqlarına görə Aleksey Stepanoviç artıq onları ayırd edə bilmirdi və elə hey eyni çardaqda eşələndiyini düşünürdü. Amma quruya qədər olan yol get-gedə qısaldığına, günəş əvvəlki kimi gur işıq saçmadığına, onlar tez-tez soyuq kölgəyə girdiklərinə görə, anlayırdı ki, axşam yaxınlaşır və bu ürəkaçan, xoş iş yekunlaşmaq üzrədir. İslanmış və ac olsa da o, bu işin yekunlaşmasına təəssüf edir, indi şərab kimi  başını gicəlləndirən, ruhunu nurlandıran bu məşğuliyyəti itirməkdən qorxurdu. Bu günəcən o, insanları, günəşi sevdiyini bilmirdi və indi gözündə onların niyə belə dəyişdiklərini, niyə qızcığazın hürkmüş üzünə baxarkən və ya sarı, ilıq günəş şüasının altında gözlərini qıyıb durarkən gülmək, ağlamaq istədiyini anlamırdı. Elə bil o, ilk dəfə idi ki, nəfəs almaq bacarığını, ləzzətini kəşf etmişdi və indi sinəsinə dolan həm işıq, həm isti, həm sabahkı bayram idi; o düşünməmək, sadəcə nəfəs almaq – elə hey nəfəs almaq istəyirdi.

Onlar dəyirmana qayıdanda günəş körpünün arxasına keçirdi. Bu qızaran tonqalda indi körpü, demək olar ki, heç görünmürdü və yalnız dəyirmanın hündür dənliyinin yerə uzun mavi kölgəsi düşürdü. Göy üzü yuxarıya çəkilmişdi və onunla su arasında o qədər çox genişlik, ilıqlıq vardı ki... şəhər və su altında qalmış sahillər elə uzaq idilər ki... elə bil bütün dünya eninə və uzununa genişlənmişdi, o, tavanları adamın başından basan alçaq otaqlara heç girmək istəmirdi. Dəyirmançılar olub-keçənlər barəsində danışırdılar və suya düşən, indi isə mısmırığını sallayaraq soyuqdan gömgöy olub oturan, qaranlıq çardaqda qucaqladığı və buna görə boynuna bir şapalaq ilişdirən qadın haqqında düşünən Nikitaya gülürdülər. Aleksey Stepanoviç də zarafat edirdi və dəyirmançılar qaşqabaqlı, lovğa ağacığın sadə, ünsiyyətcil adama çevrilməsinə təəccüblənmirdilər.

– Evə çatdıq! – qayığın yan tərəfi şappıltı ilə keçisöyüdünə, sonra isə evin kandarına dəyəndə dəyirmançı dedi.

Amma gur işıq yanandan, bayram üçün sürtülüb-təmizlənmiş samovar dızıldamağa başlayandan sonra Aleksey Stepanoviçin otağında da hər şey xoş, rahat oldu. Həyəcanlanan, söhbət etmək istəyən Aleksey Stepanoviç Nikitanı yanında otuzdurdu, ancaq dilə tutulmasına baxmayaraq o, qaşqabağını töküb beş stəkan çay içəndən sonra səhər ibadətinə qədər yatmağa getdi: təmiz hava və iş onu əldən salmışdı.

– Sən də yıxıl yat, – o, maşinistə məsləhət verdi. – Bəsdi dayça kimi ora-bura çapdın. Müdirin yanına gedəcəksən?

– Gedəcəm.

– Bax belə.

Aleksey Stepanoviç əllərini başının arxasına qoyub yatağına uzandı, amma bir neçə dəqiqədən sonra sıçrayıb ayağa qalxdı. Nəsə onu yenə açıqlığa çəkirdi, bu möhtəşəm günü ən başlanğıcından – gecədən və kədərli xəyallardan dumanlanmış gözlərinə gün işığı düşən həmin o andan yenidən yaşamaq istəyirdi.

Aleksey Stepanoviç kiçik qalereyaya çıxanda artıq isti, sakit, səssizliklə dolu bir gecə idi. Su qayıqları yırğalayıb şappıldadırdı və ulduzlar onun ləpələnən səthində titrəşirdilər. Dünya daha geniş, daha böyük olmuşdu və dupduru qaranlığa uzanan suyun ucu-bucağı görünmürdü. Qəsəbə tamam gözdən itmişdi, yalnız uzaqdakı şəhər çayda ulduzların cansız parıltısına bənzəməyən gur işıqları ilə sayrışırdı. Körpü tərəfdən faytonun güc-bəlayla eşidilən taqqıltısı gəldi və dərhal da kəsildi, sanki dayandı, ya da tinə döndü; amma onun əks-sədası hələ bir xeyli duyuldu. Solda, indi görünməz olan körpü tərəfdə, aşağı enmiş ulduza oxşayan kiçik yaşıl işıq yanırdı. Aleksey Stepanoviç məhəccərlərə dirsəkləndi və bir xeyli canlı insanları, bayramöncəsi xoş qayğıları, qaçhaqaçı duyduğu şəhərə baxdı. Yuyulmuş döşəmələrindən nəm iyi gələn yığışdırılmış rahat otaqlar, ağ kisəyi pərdələr, parıldayan ikonalar önündəki kiçik qırmızı və yaşıl çıraqlar, özlərinin ən yaxşı paltarlarını geyinən insanların təmkinli, şən danışıqları – bir sözlə, uşaqlıqda gördüyü bütün bu şeylər tam aydınlığı ilə onun gözləri önündə canlandı. 

Dünən gecə olduğu kimi yenə də qulağına köməyə çağıran çığırtı gəldi. 

Aleksey Stepanoviç gözlərini qaranlığa zillədi, elə diqqətlə, gərginliklə baxıb dinlədi ki, qulaqları guppuldamağa başladı, amma çığırtı bir daha eşidilmədi.

“Yenə qulağım məni aldadıb”, – Aleksey Stepanoviç elə bunu fikirləşmişdi ki, birdən yaşıl dəmiryol fənərinin yandığı həmin yerdə, aşağıda zəif, titrək bir işıq dəydi gözünə və o dəqiqə də söndü. Və maşinist hələ bu gün səhər gördüyü o tənha qara damı, bu damın altındakıların çarəsizlikləri ilə bağlı düşündüklərini – səhər ağlından keçən, amma günorta artıq unutduğu həmin o fikri xatırladı.

Nikita yuxulu-yuxulu Aleksey Stepanoviçi başından elədi və o, balaca qayıqla oraya tək getmək qərarına gəldi. Aleksey Stepanoviç əmin idi ki, su altında qalan evdə artıq adam yoxdur; ancaq onun qulağının səhv eşitdiyi və ya, həqiqətən də, həmin çığırtıda elə əlacsızlıq və kədər vardı ki, o, çağırışa hay verməmək iqtidarında deyildi. Axına qarşı üzmək lazım gəldi və Aleksey Stepanoviçi bir neçə dəqiqənin içində tər basdı. Çayın ortasında axın aşağı çəkdi, ancaq o, güclə qayığı düzəltdi və suyun onu apardığı qəsəbə küçəsində toxdadı. İndi çardaqlar qəmli, lal-dinməz və qapqara idilər, hətta böyük tabutların qapaqları kimi bir az qorxunc görünürdülər. Həm də müəmmalı, sirli, pıçıltı və güc-qüvvə ilə dolu olan qapqara çay da qorxunc idi. Su sanki Aleksey Stepanoviçlə mübarizə aparırdı, avarları onun əlindən qapıb alır və hədələyirmişcəsinə sevincək bir tərzdə qayığın düz burnunun ucunda şırıldayırdı. Suya qərq olmuş kabus bağçaların içi ilə sahil boyu irəliləyərək, boğulmuş adamın barmaqları kimi qatlanmış və qarmağa dönmüş soyuq budaqların toxunuşundan diksinib, qara damlardan uzaq duran Aleksey Stepanoviç suyun geniş, tutqun, parıltılı göllə qovuşduğu qəsəbə kənarına üzüb çıxdı. O, qaranlıq göy üzündən qara donqar kimi seçilən dənliyə tərəf, demək olar ki, gözübağlı üzürdü. Aleksey Stepanoviç qabağa əyilib, avarları bir bərabərdə qaldırıb-endirir, gözlərini yumurdu və bu vaxt ona elə gəlirdi ki, bütün dünya çox-çox arxada qalıb, o çoxdan – artıq illərdir üzür, hər şeyin yeni olduğu, arxada qalan heç nəyə bənzəmədiyi qara sonsuzluğa doğru irəliləyir. Beləcə, dəqiqələr ötürdü və o, başını qaldıranda hündür dənlik artıq düz onun qarşısında durmuşdu, yaxınlıqda isə lal, sirli, tənha dam bozarırdı. Damın altında sağ adamların varlığı hiss olunurdu. Ətrafda su və gecə olmasına baxmayaraq bu adamların susmaları Aleksey Stepanoviçin canına qeyri- müəyyən bir qorxu, vəlvələ saldı. O, qayığı dama tam yaxınlaşdırdı və indi bütünlüklə suyun içində qalan məhəccərsiz kiçik eyvanın yanında dayandı. Alçaq, əyri qapıdan içəri yol gedirdi və ev bütünlüklə köhnəlmişdi, yana əyilmişdi, dilənçi kimi yamaq-yumaq içində idi. İti və gur suyun onu birdəfəlik niyə aşıra bilmədiyi adama çox təəccüblü gəlirdi.

– Burada kimsə var? – Aleksey Stepanoviç qışqırdı və onun səsinin sədası damdan qalxıb yavaşıya-yavaşıya çayın üzəri ilə uçdu. Çardağın içində anlaşılmaz, xırıltılı səslər eşidildi, sanki kimisə boğurdular. Aleksey Stepanoviç tez-tələsik qayığı bağlayıb kiçik eyvana qalxdı və qapının ağzında az qaldı ki, onun qabağına gələn qadınla toqquşsun. 

– Çığıran siz idiniz? – sağ adam görüb sevinən Aleksey Stepanoviç mehribancasına soruşdu və hər yerdə xilaskar kimi qarşılandığına öyrəşdiyinə görə dəvətsiz çardağa girdi.

– Hə, mən idim, – elə qadın da o cür mehribanlıqla, günahkar-günahkar cavab verdi və onun arxasınca üzərinə qarşısında nazik mum şam yanan kiçik ikona qoyulmuş stolun olduğu küncə getdi. Aleksey Stepanoviç o biri tərəfi qaranlıqda itib-batan çardağa ötəri göz gəzdirdi və təəccüb dolu baxışlarını stola zillədi. Stola təmiz süfrə salınmışdı, üzərində isə tünd-qonur rəngli iki yumurta və bir kiçik, özü də, yəqin ki, boyat olan alınma bulka vardı. 

– Bu nədi? – o, qadının gənc, amma solğun üzünə baxdı. Bu üzdə hürkək, yaltaq bir təbəssüm vardı və bu təbəssümdən onun böyük, xeyirxah gözlərinin ifadəsi daha kədərli olurdu. Tənha bir qadın və burada, yəni suyun, gecənin ortasında bayramı qarşılamaq hazırlığı – bütün bunlar ona anlaşılmaz və qəribə görünürdü. 

– P-pəhriz süfrəsidi, – sanki “P” hərfini uzada-uzada danışan kobud bir səs aşağıdan cavab verdi. Aleksey Stepanoviç qorxa-qorxa aşağı baxdı və divarın yanında, damın tavanla birləşdiyi yerdə uzanıb üstünü nəyləsə örtmüş, toranlıqda  güclə sezilən  adam cüssəsi gördü. O, bir az da aşağı əyildi və bu vaxt gördüyü onu hürküdüb ürpəndirdi. Doğrudan da, bu qorxunc bir sifət idi. İri, şişib göyərmiş çənəsində və yanaqlarında tikan kimi ağ-ağ tüklərinə baxanda, suda bir neçə gün qalmış meyit sifətinə oxşayırdı; altında bulanıq və donuq bəbəkləri bozaran yarıaralı ağır göz qapaqları, ondan gələn kəskin qoxu bu canlı ölünü qorxunc edirdi. Onun sinəsi qalxdı və yenə boğuq, nəriltiyə bənzər səslər eşidildi, bununla belə dodaqları demək olar ki, tərpənmirdi, elə bil o özü yox, içində kimsə başqası danışırdı.

– Titul-yar müşavir Dankov... Tanışlığımıza şad oldum. 

O, havanı sinəsinə çəkib əlavə elədi:

– Amma qısa bir müddətə. Ö-lü-rəm!.. Mənasızlıqdır. 

Aleksey Stepanoviç susub qadına baxırdı. Qadın gülümsəməyə davam edib dedi:

– Oturun, lütfən. Bağışlayın ki, sizi narahat etdim. Vəziyyəti yaman pisləşdi, mən də qorxdum.

O, sakit, ifadəsiz bir tərzdə danışırdı. Sözünü bitirəndən sonra qadın qocanın yanında döşəməyə oturdu, dizlərini qucaqladı və gözlərini çəkmədən aşağıdan- yuxarıya maşinistə baxmağa başladı. Səsin deyib çatdıra bilmədiklərini gözlər axıra kimi söylədi. Bu gözlərdə həm etibar, həm qorxu, həm də canlı, sağ adam gördükləri üçün sevinc vardı.

– Məgər siz bizi tanımırsınız? – qadın soruşdu.

– Elə ona görə gəlib ki, ta-a-anımır, – Dankov cavab verdi. – O, a-a-axmaq deyil ki. İcazə v-e-erin özümü tanıdım... Pansionum va-a-ardı. A-a-ataları kimi bir şey idim, onlarsa məni yedizdirirdilər. Bu ev də mənimdir. İndisə hamısı qaçıb dağılışıblar. Si-i-içovul kimi.

Boğuq səsdə qəribə ironiya duyulurdu.

– Bu isə a-a-axmaqdı. Qaldı.

– Mən hara gedəcəkdim ki? – qadın qeyri-müəyyən cavab verdi.

– Ağıllılar danışanda sən kiri. Axxxmaq... – qoca donquldandı. – Sən də fırıldaqçısan? – O, qəfil “sən”ə keçdi. – Niyə axı mən səni xatırlamıram?

Aleksey Stepanoviç susurdu. O, indi xatırladı ki, qəsəbədə Dankov və onun, hətta ən vasvası olmayan adamların belə uzaq gəzdiyi qızları – gör onlar nə qədər pozğunmuşlar – haqqında arada ötəri eşidirdi. 

– Sən də fı-rıl-daqçısan – Dankov təsdiq edirmişcəsinə dedi və onun üzündən təbəssüməbənzər, eyni zamanda, qorxunc bir ifadə sezildi. – Hamı fırıldaqçıdı. Bu isə axmaqdı. İt kimi gəbərmək üçün qoyub çıxıb getdilər. Sən də çıx get buradan! Eşidirsən?

Aleksey Stepanoviç pərt-pərt gülümsündü və qadına baxdı. Qadın ondan gözünü çəkmirdi, sanki onu bir anlığına belə itirməkdən qorxurdu. 

– Adınız nədir? – maşinist mehribancasına “axxxmağa” baxıb soruşdu.

– Olya. Bəs sizin?

– Aleksey Stepanoviç. Sizi buradan köçürmək lazımdır. Məgər burada yaşamaq olar?

– Dünən bir buz parçası elə guppuldadı ki... – qoca donquldanırdı. – Qopmuş buz parçası.

– Yox, artıq gərək yoxdur, – qız cavab verdi. – Ona tərpənmək olmaz. Ölməyinə az qalıb.

– Mənim faciəmin kökü ondadır ki, artıq hay-hayım gedib, vay-vayım qalıb. Gərək həmişə belini dik tutasan. Başa düşdün? O isə axxxmaqdır. Onu döyürdüm. Öləcəyimi yalan deyir.

Aleksey Stepanoviç nərildəyən səsə bir az öyrəşdi və indi, qocanın sifəti görünməyəndə onun qorxulu yox, yazıq olduğu anlaşılırdı.

– Çoxdandır burada belə qalmısız? – Olyadan soruşdu.

– Dörd gündür. Çərşənbə axşamından. Vəziyyəti çox ağırdır. Siz gəlməmişdən qabaq məni lap qorxutmuşdu. – Olya qocaya tərəf əyildi. – İvan Danilıç, yatmısız?

Qoca kirimişdi. Olya gülümsədi və pıçıldadı:

– Yuxuya gedib. O, elə dayandığı yerdə yuxulayır. Siz onun məni döydüyünə inanmayın. O, yad adamların qabağında bu cür lovğalanır.

Olya bir anlığa susdu. Sonra, görünür, öz səsini eşitdiyinə və kiminləsə danışmaq imkanı qazandığına sevinib davam elədi:

– Arada yüngülvari ilişdirir. Dərddən içib sərxoş olanda. Belədə yaxşı adamdı, hətta medalı da var.

– Nə medalı?

– Xidmətə görə. Əvvəllər xidmət edib. İndi xiffət edir. Elə hey ağlayır, ölmək istəmir. Bəzən çoxlu qorxulu şeylər danışır. Şeytan haqqında.

– Bəs siz burada belə tək... necə qalırsız? – Aleksey Stepanoviç maraqlandı.

– Gündüzlər çətin deyil, amma gecələr qo-o-orxuludu, – qız uzada-uzada dedi. – Xüsusilə də dünən gecə. Yağış içəri dammışdı və şamı söndürmüşdü. O, isə çığırır: ölürəəəəm. Sonra mahnı oxuyub söyüş söyməyə başladı. Bizim kimi elə-belə yox, alicənabcasına, ağalar kimi söyürdü.

Qəfil ev körpünün üstünə çıxan qatarın qopardığı gurultudan titrədi. Aleksey Stepanoviç bu səsdən Olyanın nə dediyini eşitmirdi. Yavaş-yavaş gurultu azaldı və uzaq bir fit səsi suyun üzü ilə uçub daha da uzaqlaşdı.

– Olqa! – Dankov gözlərini açmadan danışmağa başladı. – Sən getmə! O, çıxıb getdi? Fı-rıl-daq-çı.

Olya Aleksey Stepanoviçlə pıçıldaşdı və cavab verdi ki, çıxıb gedib.

– Ə-ə-əlini... – Dankov sözləri güclə tələffüz edirdi. – Ə-ə-əlini qoy. A-x-maq, ora yox. Dodaqlarımın üstünə.

Olya əlini onun dodaqlarının üstünə qoydu və dərhal da geri çəkdi.

– Neynirsiz, İvan Daniloviç! Yenə uşaqlıq edirsiz.

– Ö-ö-öyrəşməmisən. Mən cavan olanda həmişə xanımların ə-ə-əllərini öpürdüm. Ətirli əllərini. Dəliqanlı olmuşam. A-x-xmaq olmuşam.

Olya şişmiş, eybəcər başa tərəf əyilib susurdu. Aleksey Stepanoviç onun dəsmalın ucunu necə gözünə yaxınlaşdırdığını gördü və barmaqlarının ucunda kiçik eyvana çıxdı. Orada başını dirəyə söykədi və çaya baxanda hər şeyin titrədiyini gördü. Ulduzlar da sanki çiliklənib böyük, açıq-mavi rəngli dairələr kimi işıq saçırdı. Gecə bir az da qaralmışdı və səssiz çaydan soyuq külək əsirdi.

Buradan sahillər görünmürdü və şəhərə tərəf baxanda adama elə gəlirdi ki, suyun ucu-bucağı yoxdur. Yalnız havadan asılıb qalan iki-üç işıqdan qarşı tərəfdə izdihamlı şəhərin olduğu anlaşılırdı.

Qəfil dağın başında, kilsə zəngi olası yerdə ağ gur işıq parladı və baş ucunda nazik, get-gedə genişlənən, dirək kimi elektrik işığı qaranlığı yardı. Onun düşdüyü yerdə nəm damlar, suvaq çəkilmiş divarlar işıldadı. Sanki elə həmin an çay da, qaranlıq gecə də, mavi göy üzü də diksindi və uğuldadı. Bu qalın, dolğunluğundan tir-tir titrəyən, əzəmətli və gur uğultunun haradan gəldiyini anlamaq çətin idi. Yalnız bu uğultuya yaxındakı qüllədən, dalğa-dalğa gələn səslər qoşulandan sonra Aleksey Stepanoviç pasxa zəngi çalındığını anladı və ona elə gəldi ki, elə bil yüzlərlə nəhəng yuxudan oyanaraq mis sinələrində gur səslərini boğub danışır. Bu uğultu get-gedə yayılır və artırdı, az sonra gecənin bütün sakit səsləri onun hökmlü, sevinc dolu çağırışı içində əriyib yox oldu. Qaranlıq üfüqün dörd bir yanından təmkinli, ciddi, həm də cingiltili, şən səslər axıb gəlir, rəngarəng çiçəklər kimi bir-birinə hörülür və kilsə zənginin töküldüyü ucsuz-bucaqsız dərinlikdə bulaq kimi çağlayırdı. 

Aleksey Stepanoviç şapkasını çıxarıb xaç çəkdi. O, üzünü çevirəndə yanında Olyanın dayandığını və qızın solğun sifətinə uzaq ağ işığın parıltısı düşdüyünü gördü. Olya bir əlini dirəyə qoyub, digər əli ilə boynundakı incə yaylığını tutmuşdu.

Budur, Böyük Vasili zəng qülləsində benqal fişəngi alışdı və onun işığı zülmət çayın üzərinə qıpqırmızı şəfəq kimi yayıldı. Üfüqün hər tərəfində qırmızı, mavi işıqlar yanmağa başladı, gecə daha da qaranlıq oldu. Səslər isə elə hey axıb gəlirdi. Onlar göydən düşür, çayın dibindən yuxarı qalxır, hürkmüş göyərçinlərtək özlərini  hündür, qara təpəyə çırpır, sonra isə azad şəkildə, təntənəylə yüksəklərə uçurdu. Aleksey Stepanoviçə elə gəlirdi ki, onun ruhu da eynilə belə bir səsdir və o, bu ruhun azad uçuşunun qarşısını bədəninin kəsə bilməyəcəyindən qorxurdu. 

Onun əlinə başqa, isti bir əl dəydi və qulağı sakit, ürkək, sevinc dolu bir pıçıltı eşitdi:

– Doğrudurmu ki, pasxada ölən adam birbaşa cənnətə düşür?

– Bilmirəm... Hə, doğrudur, – Aleksey Stepanoviç də elə o cür sakit cavab verdi.

Səslər elə hey axıb gəlirdi və onların sevinci get-gedə daha coşqun, daha təmtəraqlı olurdu. Elə bil mis sinələr sevincdən və isti göz yaşlarından çatlayırdı.

Kiçik eyvanda iki tutqun insan fiquru qaralırdı, gecə də, su da onları əhatəyə almışdı. Döşəmənin taxtalarında yüngül, güclə sezilən titrəmə hiss olunurdu və adama elə gəlirdi ki, bütün bu köhnə, günah dolu ev gizli göz yaşlarından, zorla boğulan hönkürtülərdən titrəyir.

 

21-24 fevral 1900-cu il 

 

 

 

 

ZİRZƏMİDƏ

 

I

O, çox içirdi, buna görə işini itirib oğrularla, fahişələrlə birlikdə zirzəmidə məskunlaşmışdı və son olan-qalan əşyalarını satıb-dağıtmaqla məşğul idi. Onun işləməkdən üzülüb əldən düşmüş, əzab-əziyyətin və arağın qurutduğu xəstə, cansız bədəni vardı. Günəş işığında kor olan, zülmət gecələrdə isə gözü iti görən yırtıcı boz quş kimi əcəl başının üstünü almışdı. Ölüm səhərlər qaranlıq künc-bucaqda gizlənir, gecələr isə səssizcə onun yatağının baş tərəfində özünə yer eləyirdi və xeyli – ta dan yeri ağarana qədər otururdu, özü də sakit, səbirli, inadkar idi. Hava işıqlaşmağa başlayan kimi o, adyalın altından üzü ağappaq olan, gözləri təqib edilən heyvan gözlərinə bənzəyən başını bayıra çıxarırdı. Bu vaxt otaq artıq bomboş olurdu – amma o, digərlərinin inandığı bu aldadıcı boşluğa inanmırdı. Şübhə ilə künc-bucağa göz gəzdirir, hiyləgərcəsinə, cəldliklə qəfil arxasına boylanır, sonra dirsəklənib ötüb-keçməkdə olan  gecənin gözləri önündə əriyən qaranlığına diqqətlə, uzun-uzadı baxırdı. Bu vaxt o, başqalarının heç vaxt görmədikləri şeyi – forması olmayan, qorxulu nəhəng boz gövdənin yırğalandığını görürdü. Bu gövdə şəffaf idi, hər şeyi öz içinə alırdı və onun içindəki əşyalar şüşə divar arxasındaymışlar kimi görünürdü. Amma indi o, bu gövdədən qorxmurdu və gövdə özündən sonra xoşagəlməz bir ovqat yaradıb düz sonrakı gecəyə qədər yox olurdu.

Huş onu ötəri olaraq aparırdı, qorxulu və qeyri-adi yuxular görürdü. Yuxuda ağ döşəməsi, divarları olan, gur işıqlı, süd kimi bəyaz otaqda, qapının altından sanki xısın-xısın gülürdülər – oradan xışıltı ilə qara ilan sivişib çıxırdı. İlan sivri, yastı başını döşəməyə sıxıb qıvrıla-qıvrıla sürətlə sürünürdü, sonra harasa yox olurdu. Və yenidən qapının altındakı boşluqdan onun qara, yastı başı görünürdü, qara lent kimi bədəni uzanıb çıxırdı – bu, dəfələrlə təkrar olunurdu. Bir dəfə o, şirin bir yuxu gördü və güldü, amma bu gülüş çox qəribə çıxdı, sanki boğulmuş hıçqırıq idi və canına vəlvələ salırdı: ruhu haradasa lap dərinlərdə bilinmir gülür, yoxsa ağlayırdı, bədən isə bu vaxt cəsəd kimi hərəkətsiz dayanmışdı. 

Yavaş-yavaş yeni doğulan günün  səsləri –yoldan ötənlərin qarışıq danışıqları, uzaqdan gələn qapı cırıltısı, pəncərənin altında qarı təmizləyən dalandar süpürgəsinin xışıltısı – bir sözlə, yuxudan oyanan böyük şəhərin bütün anlaşılmaz uğultuları canına dolmağa başlayırdı. Bu vaxt ən qorxduğu şey baş verirdi: qələbəyə ümidi olmasa da, ayıq düşüncəsi yeni günün başladığını ona həyat uğrunda savaşmaq üçün bir azdan ayağa qalxmaq lazım gələcəyini amansızcasına söyləyirdi.  

Yaşamaq lazımdır. 

O, gözlərinin içinə zərrə də şüa düşə bilməməsi üçün arxasını işığa çevirir, adyalı başına çəkirdi, dizləri çənəsinə dəyənə qədər ayaqlarını qatlayıb balaca yumağa dönür və tərpənmədən, beləcə hərəkətsiz uzanıb qalırdı. Onu zirzəmidəki şaxtadan qoruyan pal-paltarı dağ kimi üstündə qalaqlansa da, bu ağırlığı hiss eləmir, bədəni bumbuz olurdu. Həyat nişanəsi olan hər səsdən özünü bir az daha çılpaq hiss edirdi, buna görə bir az da büzüşürdü və kirimişcə inildəyirdi – səs çıxarmadan, heç bir şey düşünmədən inildəyirdi, çünki indi öz səsindən də, fikirlərindən də qorxurdu. O, yeni günün gəlməməsi və özünün də bir topa cır-cındır altında tərpənmədən, heç nə haqqında düşünmədən uzanıb qala bilməsi üçün kiməsə dua edirdi. Keçən günü tutub saxlamaq, özünü gecənin hələ davam etdiyinə inandırmaq üçün bütün iradəsini toplayırdı. O, indi dünyada çox arzulayırdı ki, arxadan peysərinin batıq yerinə kimsə revolver dirəyib atəş açsın.  

Uzun, amansız, insanı inadla yaşamağa çağıran gün isə ağuşunu bir az da çox açırdı və bütün dünya hərəkət etməyə, danışmağa, çalışmağa, düşünməyə başlayırdı. Zirzəmidə birinci buranın sahibəsi – aşnasının iyirmi beş yaşı olan Matryona qarı oyanırdı və mətbəxdə ayaq döyməyə, vedrələri danqıldatmağa, Xijnyakovun düz qapısının ağzında qurdalanmağa başlayırdı. O isə qadının yaxınlaşdığını hiss edib yerində donur, əgər çağırarsa hay verməməyi qərarlaşdırırdı. Amma qadın onu çağırmadan harasa çıxıb gedirdi, iki saat sonra isə digər iki zirzəmi sakini oyanırdı: yüngül əxlaqlı qız Dunyaşa və qarının aşnası Abram Petroviç. Cavan olmasına baxmayaraq hamı ona belə ehtiramla müraciət edirdi. Çünki o, çox cəsarətli və mahir oğru idi. Başqa da nəsə səbəb vardı, amma ehtimallara əsaslanırdı və o barədə heç kim danışmağa cürət etmirdi. Onların yuxudan oyanmağından ən çox Xijnyakov qorxurdu, belə ki, hər ikisinin ona ərki çatırdı, icazəsiz-filansız içəri girə, yatağında otura, onu əlləşdirə və fikir mübadiləsinə, söhbətə çəkə bilərdilər. Dunyaşayla bir dəfə sərxoş olanda sevişmişdi və onunla evlənəcəyinə söz vermişdi. Dunyaşa buna gülüb çiyninə vursa da Xijnyakovun aşiq olduğuna qəlbən inanırdı və onu himayə edirdi. Özü isə axmaq, kirli idi, it iyi verirdi və tez-tez şöbədə gecələyirdi. Abram Petroviçlə isə cəmi üç gün idi ki, birlikdə sərxoşluq edirdi, öpüşürdü, əbədi dostluq andı içirdi. 

Abram Petroviçin gur səsi eşidiləndə, qapının qabağından o yan bu yana yeyin addımladığı anlaşılanda Xijnyakov qorxusundan yerində donub qaldı, özünü saxlaya bilməyib zarıldadı və bundan daha da qorxuya düşdü. Onun sərxoşluq etməsi, cəmi bir lampa ilə işıqlandırılan hansısa alaqaranlıq meyxanada nəyə görəsə pıçıltı ilə danışan qara-qura adamlar arasında oturduqları, özlərinin də pıçıltı ilə danışdıqları aydın tablo kimi gözləri önündə canlandı. Rəngi-rufu ağarmış, coşmuş Abram Petroviç oğru həyatının ağırlığından şikayət edirdi, nədənsə açıb qolunu göstərirdi və düzgün bitişməyən sümüklərini əlləşdirirdi, Xijnyakov isə onu öpüb deyirdi:

– Mən oğruları sevirəm. Onlar cəsur olurlar – və ona bruderşaft  içməyi təklif edirdi, halbuki onlar çoxdan “sən”ə keçmişdilər.

– Mənsə səni savadlı olduğuna, qardaşını anladığına görə sevirəm, – Abram Petroviç cavab verirdi. – Sən bir qola bax: bu qola!

Yenidən onun gözləri önündə ağlığına görə miskin görünən bir qol irəli  uzanırdı və indi xatırlamadığı nəyisə o vaxt dərhal anladığı üçün, o, bu ağappaq qolu öpməyə başlayırdı, Abram Petroviç isə fəxrlə bağırırdı:

– Elədir, qardaşım! Ölərik, amma təslim olmarıq!

Sonra isə kirli, fırlanan nəsə, gurultu, fıştırıq səsi və atılıb-düşən işıqlar... Onda bu əyləncəli idi. Amma indi künc-bucaqda ölümün gizləndiyi, yaşamaq və iş görmək, nə üçünsə mübarizə aparmaq, nəsə xahiş edib istəmək zərurəti doğuran günün dörd tərəfdən hücuma keçdiyi bir vaxtda, bütün bunlar əzablı, sözlə deyilməsi mümkün olmayan dərəcədə dəhşətlidi. 

– Ağa, yatmısan? – Abram Petroviç qapının arxasından istehza ilə soruşdu və cavab almayıb əlavə elədi: – Yatmısan, cəhənnəmə yat. 

Abram Petroviçin yanına çoxlu tanışı gəlir və gün ərzində qapısı cırıldayır, gur səslər eşidilir. Hər tıqqıltı duyanda Xijnyakov kiminsə onun yanına, onun arxasınca gəldiyini düşünür və cır-cındır altında daha da dərində gizlənir, səsin kimə aid olduğunu ayırd edincəyə qədər xeyli qulaq kəsilir. O, – dəhşət içində, bütün bədəni titrəyə-titrəyə gözləyir, halbuki bu dünyada onun yanına və ya onun arxasınca gələ biləcək bir adam belə yoxdur.

Nə vaxtsa, lap çoxdan arvadı vardı, amma o, da ölüb. Ondan bir az öncə, keçmişdə qardaş-bacıları, lap əvvəldə isə ana adlandırdığı, güclə xatırladığı gözəl birisi vardı. Onların hamısı ölüb, bəlkə də, hansısa sağdı, ancaq bu ucsuz-bucaqsız dünyada elə it-bat olublar ki, ölmüş kimi bir şeydilər. O da tezliklə öləcək – bunu bilir. Bu gün yerindən qalxandan sonra ayaqları ağrımağa, əsməyə, əlləri yanlış, qəribə hərəkətlər etməyə başlayacaq – bax elə bunun özü ölümdən xəbər verir. Amma ölüm gələnə qədər yaşamaq lazımdır və bu, pulu, sağlamlığı, iradəsi olmayan bir adam üçün o qədər ağır bir işdir ki, Xijnyakovu ümidsizlik bürüyür. O, adyalı üstündən atır, əllərini qanırır və boşluğa tərəf uzun-uzadı inildəyir, elə bil bu ah-ufu minlərlə əzab çəkən sinədən keçib və buna görə də, belə yanğılı və acıdı.

– Aç, lənətə gələsən! – Dunyaşa çığırır və yumruqları ilə qapını döyəcləyirdi. – Açmasan qapını sındıracam!

Əsə-əsə, yırğalana-yırğalana Xijnyakov yaxınlaşıb qapını açdı və tələm-tələsik, az qala yıxıla-yıxıla gedib yenidən yerinə uzandı. Saçlarını hörmüş, üz-gözünü pudralamış Dunyaşa yanında oturub onu divara tərəf sıxışdırdı, ayağını ayağının üstünə aşırıb təmkinlə dedi:

– Sənə təzə xəbər gətirmişəm. Katya dünən canını tapşırıb. 

– Hansı Katya? – Xijnyakov soruşdu. Dili ağır-ağır dönürdü, sanki onun yox, başqa adamın dili idi.

– Buna bax, unudub, – Dunyaşa gülümsündü. – Bizdə yaşayan həmin o Katya. Cəmi bir həftədi getdiyi. Nə tez onu unutdun?

– Ölüb?

– Hə də, ölüb, necə ki, əvvəl-axır hamı ölür.

Dunyaşa çeçələ barmağını tüpürcəkləyib seyrək kirpiklərindəki pudranı sildi.

– Nədən ölüb?

– Hamı nədən ölürsə, ondan. Nə bilim nədən ölüb. Dünən mənə qəhvəxanada dedilər. Dedilər, Katya ölüb, vəssalam.

– Onun xətrini çox istəyirdin?

– Əlbəttə ki, çox istəyirdim. Sən bunun sualına bax!

Dunyaşanın axmaq gözləri küt laqeydliklə Xijnyakova baxır, koppuş ayağı yırğalanırdı. O, bundan sonra başqa nə barədə danışacağını bilmirdi və uzananı elə süzməyə çalışırdı ki, bu baxışı ilə öz sevgisini ona göstərə bilsin. Bunun üçün bir gözünü yüngülcə qıymışdı, qalın dodaqlarının qıraqlarını aşağıya doğru uzatmışdı.

Və beləcə gün başladı.

 

II

 

Həmin şənbə günü şaxta o qədər güclü idi ki, gimnazistlər dərsə getmədilər, cıdır yarışlarını da atların soyuqlayacağı təhlükəsi olduğu üçün başqa günə keçirdilər. Natalya Vladimirovna doğum evindən çıxanda artıq axşam düşdüyünə, sahil küçəsində heç kimin olmadığına, onu – qucağındakı altı günlük körpəsi olan qızı bir kimsənin qarşılamadığına çox sevindi. Elə bilmişdi ki, ayağını doğum evindən bayıra qoyan kimi, tanış tələbələr, zabitlər və xanımlardan ibarət, ağzının suyu axan, iflic olmuş və sanki tamam ağlını itirmiş atası da daxil olmaqla böyük bir kütlə gurultu ilə, fıştırıqla onu qarşılayacaq. Hamısı barmağını ona tuşlayıb çığıracaq: bax, gimnaziyanın altıncı sinfini bitirən, tanışları ağıllı, alicənab tələbələr olan, naqolay bir sözdən utanıb qızaran və bununla belə bir həftə bundan əvvəl digər əxlaqsız qadınlarla yanaşı doğum evində uşaq dünyaya gətirən həmin qız budur.

Amma sahil küçəsi boş idi. Soyuq külək küçədə özü üçün o baş bu başa əsirdi, şaxtanın incəldib narın toza çevirdiyi qarın bozumtul tozanağını qoparır və qarşısına çıxan canlı-cansız hər şeyi ona bürüyürdü. Külək yüngül vıyıltı ilə məhəccərin arasından sivişib keçir, metal sütuncuqlar bundan cilalanıbmışlar kimi parıldayır, elə soyuq, elə tənha görünürdülər ki, adamın onlara yazığı gəlirdi. Qız da bu vaxt özünü bu cür soyuq, insanlardan və həyatdan qoparılmış hiss elədi. Əynində adətən konki sürəndə geyindiyi qısa kofta vardı. Doğumqabağı sancılar başlayan kimi evdən çıxanda tələm-tələsik bu koftanı geyinmişdi. Külək onu bürüyüb, nazik donunu ayaqlarına yapışdıraraq, başını üşüdən kimi o, donacağını düşünüb vahimələndi və canındakı kütlə qorxusu yox oldu, dünya onun üçün insanların, işığın, istinin olmadığı ucsuz-bucaqsız buz səhraya çevrildi. Gözlərindən iki damla isti göz yaşı süzüldü və o dəqiqə də soyudu. O, başını aşağı əyib, əlində tutduğu düyünçəsiylə bu iki damla göz yaşını sildi və daha yeyin addımlamağa başladı. İndi, nə özünü, nə də uşağı sevirdi,  həyatları mənasız görünürdü, amma elə bil, beynində yox, yolun irəlisindən onu arxasınca səsləyən “Nemçinovskaya küçəsi, tindən ikinci ev... Nemçinovskaya küçəsi, tindən ikinci ev...” sözləri inadla qabağa getməyə həvəsləndirirdi.

O, altı gün yataqda uzanıb uşağı əmizdirə-əmizdirə bu sözləri öz-özünə təkrarlamışdı. Bu sözlər ona fahişə olan süd bacısının yaşadığı Nemçinovskaya küçəsinə getməli olduğunu bildirirdi, çünki sadəcə onun yanında özü və körpəsi üçün sığınacaq tapa bilərdi. Bir il bundan qabaq, hələ hər şeyin öz qaydasınca getdiyi, tez-tez güldüyü, mahnı oxuduğu vaxtlarda, Katya xəstələnmişdi, o isə, baş çəkib pul da vermişdi. İndi Katya onun utanıb-çəkinmədiyi yeganə adam idi. 

“Nemçinovskaya küçəsi, tindən ikinci ev... Nemçinovskaya küçəsi, tindən ikinci ev...”

O, addımlayırdı, külək isə acıqlı-acıqlı başına fırlanırdı. Körpüyə çıxınca külək vəhşi heyvan kimi onun sinəsinə atıldı, dəmir caynaqlarını bumbuz sifətinə keçirdi. Külək məğlub olub gurultu ilə körpüdən aşağı yıxılsa da, çayın qarlı səthi üzərində dövrə vurub yenidən yuxarı uçur və titrəyən soyuq qanadları ilə yolu kəsirdi. Natalya Vladimirovna dayandı və heysiz-heysiz məhəccərə dirsəkləndi. Lap aşağıdan qara, donuq bir göz – hələ donmamış bir parça su ona baxdı. Suyun bu baxışı sirli və qorxulu idi. İrəlidə isə “Nemçinovskaya küçəsi, tindən ikinci ev... Nemçinovskaya küçəsi, tindən ikinci ev...” sözləri eşidilirdi və onu inadla arxasınca səsləyirdi.

Pal-paltarını geyinmiş Xijnyakov yenə də yerində uzanmışdı və düz gözlərinə qədər isti paltosuna – sonuncu əşyasına bürünmüşdü. Kiçik otaq soyuq idi, künc-bucaq buz bağlamışdı, amma o, nəfəsini quzu dərisindən olan yaxalığa verirdi, buna görə də ona isti və rahat idi. Bütün günü özünü sabah iş axtarmağa və adamlardan nəsə istəməyə gedəcəyi fikri ilə aldatmışdı, hələlik isə xoşbəxtcəsinə uzanıb heç bir şey haqqında düşünmürdü və yalnız divarın o biri tərəfində kiminsə səsi azca yüksələndə, ya da kip bağlanmış qapının taqqıltısı eşidiləndə diksinirdi. Beləcə, giriş qapısının gah yavaş, gah bərk çıxan taqqıltısı eşidilənə qədər yerində bir xeyli rahatca uzandı. Taqqıltı elə ürkək, tələsik və ağır idi ki, elə bil kimsə əlinin arxası ilə qapını döyürdü. Onun otağı giriş qapısına yaxın idi və başını yana çevirib qulaqlarını şəkləyəndə, orada danışılanları aydın eşidə bilirdi. Əvvəlcə Matryona yaxınlaşdı, sonra qapı açıldı və içəri girənin arxasınca yenidən bağlandı, bunun ardınca araya gözləmə sükutu çökdü.

– Sizə kim lazımdır? – Matryonanın xırıltılı səslə verdiyi sərt sual eşidildi. Və sakit, qırıq-qırıq yad bir səs karıxmış halda cavab verdi:

– Mən Katya Neçayevanı axtarıram. Katya Neçayeva burada yaşayır?

– Yaşayırdı. Neynirsiz ki, onu?

– O, mənə çox lazımdı. Evdə yoxdu? – Səsdə qorxu duyuldu.

– Öldü Katya. Öldü, deyirəm sizə. Xəstəxanada öldü.

Yenə araya uzun sükut çökdü, o qədər uzun ki, Xijnyakov danışanlar susan vaxt yana çevirməyə cürət eləmədiyi boynunda ağrı hiss elədi. Sonra yad səs astadan, tam ifadəsiz dedi:

– Xudahafiz.

Amma görünür, o heç yerə çıxıb getməmişdi, çünki bir dəqiqə keçəndən sonra Matryona soruşdu:

– Əlinizdəki nədir? Katyaya gətirmişdiniz?

Nəsə dizlərinə toxunaraq döşəmənin üstünə düşdü və yad səs güc-bəlayla saxladığı hıçqırıqdan boğula-boğula tez-tələsik dedi:

– Götürün! Tanrı xətrinə, götürün! Götürün! Mənsə... mənsə artıq çıxıb gedim.

– Nədir bu belə axı?

Sonra yenə araya uzun-uzadı sükut çökdü, xısın-xısın, qırıq-qırıq və ümidsiz ağlamaq səsi eşidildi. Bu səsdə ölümcül yorğunluq, kədərli, işıq ucu olmayan çarəsizlik vardı. Sanki kiminsə yorğun əli heysiz-heysiz tarım dartılmış simin üzəri ilə sürüşürdü və bu, bahalı musiqi alətinin sonuncu simi idi, o qırılan kimi bu incə və kədərli səs birdəfəlik kəsiləcəkdi.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR