GÜNDƏLİK - Valter Skott

VALTER SKOTT

 

Tərcümə: Zahid Sarıtorpaq

 

Mən Şekspirin ayaqqabılarını silməyə belə layiq deyiləm  

 

1771-ci ildə Şotlandiyanın Edinburq şəhərində doğulub. Otuz illik ədəbi fəaliyyəti dövründə iyirmi səkkiz roman, doqquz poema, bir neçə povest və ədəbi tənqidi məqalələr yazıb. “Sonuncu divanənin nəğməsi” (1805), Avropa ədəbiyyatında nəzmlə yazılmış ilk roman sayılan “Marmion” (1808), “Göl qızı” (1810), “Rokbi” (1813),  “Ayvenqo”(1819) əsərləri ona dünya şöhrəti gətirib.  

 “Monastır” (1820), “Abbat” (1820), “Kventin Dorvard” (1823), “Talisman” (1825), “Vudstok” (1826) əsərlərinə görə tarixi roman janrının banisi kimi tanınır.   

Valter Skott 1832-ci ildə Şotlandiyanın Ebbotsford şəhərində vəfat edib.  

 

1825

21 noyabr 

 

... Musiqidə naşıyam və heç bir notu səsləndirə bilmirəm. Xoş təsir bağışlasa da,   ağır musiqi mənə nizamsız gəlir. Lakin mahnı və sadə melodiyalar, xüsusilə də onların sözlə, düşüncəylə bağlı olanları, hamıda olduğu kimi, məndə də yaxşı təəssürat yaradır. Mahnını hissiz, həyəcansız ifadə edən  cavanlara dözə bilmirəm. İstənilən sənətdə insan həyatının ilkinliyinə xas, ruhu oxşayan nəsə var və onu heç ən səriştəli araşdırmaçı da yoza bilməz. Siz onun yoxluğunu hiss edirsiniz, amma çatmayan nədir – təsvir edə bilməzsiniz.  Bir dəfə cənab Coşua , yoxsa bilmirəm hansısa dahi bir rəssam, onu çəkənə böyük əzablar bahasına başa gəlmiş tabloya baxırmış. “Nə deyim... – tərəddüdlə söyləyib, – çox ağıllı... əla çəkilib... Heç bir qüsur görmürəm. Amma onda nəsə çatmır, onda... lənət şeytana! Onda bax, bu yoxdu!..” – və əlini yuxarı qaldırıb, çırtma çalır...

 

23 noyabr

Murun  yazılarıyla öz qeydlərimi tutuşdurandan sonra, zavallı Bayron barədəki bəzi köhnə fikirlərimdə qaldım. Məsələn, mənə elə gəlirdi, o, Russo kimi hər şeydən şübhələnən adamdı və yalnız düzlüklə, səmimiliklə onun rəğbətini qazanmaq olar. Uil Rouz mənə danışmışdı ki, bir dəfə Bayronla oturanda, qeyri-ixtiyari gözünü onun ayağına zilləyib. Onun bir ayağının necə şikəst, eybəcər olduğunu isə hamımız bilirik. Qəfil gözlərini çəkib başını qaldıranda, Bayronun dərin narazılıq dolu  baxışları ilə qarşılaşır. Amma Rouzun üzündə heç bir  narahatlıq, təlaş olmadığını sezincə, Bayron sakitləşir. Marri bununla bağlı Rouza deyib ki, lord Bayron adamların onun qüsuruna diqqət yetirməsinə qarşı çox həssasdı.  Mur həm də başqa yayılmış bir fikri – Bayronun məhz pis zarafatları sevdiyini təsdiq edirdi. Bir dəfə Mur ona məktub yazaraq “Liberal” jurnalının yaradılmasında P.B.Şelli və Hant kimi adamlarla birgə iştirak etməkdən çəkinmək lazım gəldiyini bildirib, özü demişkən, onları rüsvay edib. Bayron isə bu məktubu həmin adamlara göstərib.  Şelli Mura təmkinli, amma kifayət qədər təsirli etiraz məktubu yazıb. Hər iki xüsusiyyət – hər şeyə son dərəcə şübhəylə yanaşmaq və pis zarafatları sevmək,  sözsüz ki, bu qüdrətli dahinin xarakterinin bəzi məqamlarına kölgə salan hansısa  bir xəstəliyin təzahürüydü. Amma çox güman, vergili bir insanın (mən təxəyyülün gücündən asılı olan istedadı nəzərdə tuturam) belə bir xəstəliyə tutulmaması mümkün deyildi. Təkərlər sürətlə fırlansın deyə, yerlərinə dəqiq oturmalıdı, əks halda, sürtünmə hərəkət gücünü zəiflədər. 

Bayronun digər bir xüsusiyyəti – mistifikasiyaya vurğunluğuydu,  əlbəttə, bu, onun pis  zarafatlara olan sevgisindən irəli gəlirdi. Danışdıqlarına nə qədər inanmaq lazım olduğunu adam  heç vaxt dəqiq bilmirdi.  Məsələn: Kem Hobhausa  yazdığı həddən artıq təmtəraqlı və tərif dolu ithafa görə Benks onu qınayanda, Bayron demişdi: “Kem bu ithafdan ötrü o qədər yalvar-yaxar elədi ki, axır ona bildirdim: yaxşı, qoy sən deyən olsun, ancaq bir şərtlə – ithafı mənim adımdan özün yazacaqsan” və o, bu təmtəraqlı ithafı guya Kem Hophausun yazdığına hamını inandırmağa çalışırdı. O zaman mən bu məsələni Marridən soruşdum. Marri bildirdi ki, ithafı lord Bayron özü  yazıb və sübut üçün onun əlyazmasını mənə göstərdi. Rouza yazdım ki, bu barədə Benksə məlumat versin, çünki əgər bu məsələ bizim çevrəmizdə üzə çıxıbsa, onun xoşagəlməz nəticələri ola bilər. Bayron güman edirdi ki, yaradıcılıq fantaziyası olan bütün insanlar öz əsərlərinə  uydurma şeylər qatmağa meyillidi.  O, danışırdı ki, Russonun haqqında söhbət açdığı məşhur venesiyalı kurtizankanın, yaxından tanıyanda, heç şübhəsiz, küçə qızı olduğunu görəcəksən. Düşünürəm ki, o, öz sevgi macəralarını əhəmiyyətli dərəcədə şişirdirdi və çox mənalarda le fanfaron de vices qu'il n'avoit pas (etmədiyi əxlaqsız hərəkətlə  öyünən – fran.) idi. Qorxunc,  sirli, qapalı bir insan hesab edilməsindən xoşu gəlirdi və bəzən özünün hansısa yaramaz əməllər törətdiyinə də işarə vururdu. Məncə, bütün bunlar onun çılğınlığından, fantaziyalarından xəbər verirdi. 

Böyük dühasından başqa, Bayronda ən çox xoşuma gələn onun könlünün açıqlığı, eləcə də səxavəti və ədəbiyyatda nəsihətçilikdən tutmuş ədəbazlığa qədər hər cür yalançı hay-küyə nifrət etməsidi...  

 

22 dekabr

Dünən sıx-sıx altı səhifə yazmışam – bu da təxminən iyirmi dörd çap səhifəsidi. Həm də, mənə elə gəlir, əla bir şey alınır. Bəhs olunan məsələ özlüyündə o qədər maraqlıdı ki, kitabın uğur qazanacağına şübhə etməmək olar. Əlbəttə, bu kitab səthi olacaq, amma mən buna da getməyə hazıram. Ehtiyac duyulmasa da, mövzunun dərinliyinə varmaqdan ötrü müəllifin addımbaşı yarımçıq qoyduğu, üzücü, darıxdırıcı əhvalatlarla dolu əsər yazmaqdansa, məlum və qəbul edilmiş faktları özündə birləşdirən səthi yazılmış bir kitab daha yaxşıdı.

Gözəl bir yerdə hər şeylə maraqlanan bir təbiətçiylə, botaniklə, ya mineraloqla gəzintiyə çıxmaq qədər adamı heç nə yormur: o, daim diqqətinizi füsunkar təbiət mənzərələrindən yayındırır, hansısa otu, daş parçasını göstərir. Doğrudu, o, hər şeylə maraqlanan bir tarixçi kimi öz sahəsi üzrə faydalı məlumatlar verir –  bu fikir isə ön sözdə əla görünəcək! 

Qara ciyərim sakitləşib. Əminəm ki, o məni didib-tökən narahatlığıma görə özündən çıxıbmış. Bədənlə ruh arasında necə də gözəl əlaqə var!..

28 dekabr

... İlk dəfə anlayanda ki, ədəbiyyatçı olmağa məhkumam, bütün gücümü o xəstə hissiyatdan, açıq deyək, şairlər tayfasını bədbəxt və gülünc günə qoyan  şöhrətpərəstlikdən qurtulmağa sərf etdim. Həmişə tərif və komplimentdən ötrü yanan şairlərə məxsus hissləri içimdə məhv etməyə çalışdım. 

 

1826

3 fevral

...Ceyms Ballantaynın kəskin ittihamı “Vudstok” romanımda guya missis Radklifi  yamsılamağımla bağlıdır. Onunla çoxları razılaşacaq, mənsə onu haqsız hesab edirəm. Əvvəla, başqa müəllifin uğurla yaratdığı hər hansı süjetə mən uyuqdan qorxan və tarlaya yaxın dura bilməyən bir quş kimi yanaşıram – əgər uyuq olmasaydı, orada doyunca kef eləyərdi! İkincisi, aramızda böyük fərq var: mən heç də oxucuda fövqəltəbii qüvvə önündə dəhşət yaratmağa cəhd eləmirəm, sadəcə belə bir qorxunun romanın qəhrəmanına təsirini göstərirəm; bu qəhrəmanlardan biri – ağıllı, dəyanətli, o biri – vicdan əzabından zülm çəkən, üçüncüsü – küt, heç nəylə maraqlanmayan və kobud, dördüncüsü – təhsilli və ləyaqətli, amma mövhumatçı bir keşişdir. Üçüncüsü, roman bu əsaslar üzərində qurulub, bunlarsız keçinmək mümkün deyil...

 

9 fevral

Bayron, adətən yazıçılarda təmtəraq və jarqona elə nifrətlə yanaşırdı ki, bunu, o zirvəyə çatmış, tanıdığım məşhur ədiblərdən hələ heç kim etməmişdi. Onu da deyim ki, o ucalıqda bir məqama yetişmiş başqasını tanımırdım; yüksək məqama nifrət etməmişdən öncə, gərək tülkü kimi altdan-altdan üzüm salxımına baxmayasan, özün o zirvədə dayanasan. Mur mənə onun haqda bir neçə gözəl əhvalat danışmışdı. Onlardan biri belədi. Bir dəfə onlar Venesiyada Bayronun sarayının pəncərəsi önündə dayanaraq, qürubun gözəlliyini seyr edirmişlər. Təbii ki, Mur istəyib bu gözəllik  barədə nəsə desin, Bayron isə ona asanca təsəvvür etdiyim bir tərzdə cavab verib: “Of, lənət şeytana, Tom! Belə poetik danışma!” Başqa bir gün yenə Murla həmin sarayın eyvanında dayananda, yaxınlıqdan içində iki nəfər ingilis olan – onları dərhal görkəmlərindən tanımaq mümkünmüş –  kayutlu bir qayıq keçib. Onlar dalğın halda eyvanı süzərək, üzüb gediblər. Bayron qollarını qoynuna qoyub, sürahidən əyilərək deyib: “Ah, Tanrı bəlanızı versin! Əgər bilsəydiniz ki, baxdığınız bu iki cavan kimdi, gözünüzü çəkmək istəməzdiz!” Bu adam beləydi – şıltaq, qəribə, gülməli və eyni zamanda dahi. O, heç vaxt yazmağa özünü məcbur etmirdi, həmişə ilhamın diqtəsiylə yaradırdı; buna görə Berns  və Bayronu nəinki öz dövrümün, hətta məndən əvvəlki əlli ilin də əsl dahisi hesab edirəm. Əlbəttə,  bizdə poetik vergisi kifayət qədər yetərli olan insanlar çoxdu, amma, məncə, belə bir  tükənməz və əbədi çağlayıb axan çeşmə yoxdu...

12 fevral

Dünən axşam “Vudstok”un ikinci cildini bitirdim, bu gün səhər artıq üçüncüyə başlamaq lazımdı. Amma əsəri necə bitirəcəyim haqda zərrə qədər də təsəvvürüm yoxdu. Eynən naməlum bir diyarda azıb sərgərdan qalmış vəziyyətdəyəm. Həmişə ürəyimə yatan yol ilə gedərdim, ya o, qısa olardı, ya da mənə elə gələrdi. İşdə də eləyəm – heç vaxt plan tuta bilmirəm, tutsam belə heç vaxt ondan yapışıb qalmıram: yazanda bəzi epizodlar genişlənib böyüyür, bəziləri isə kiçilir, ya da tamamilə yoxa çıxır; qəhrəmanlarım əsas ideyadan asılı olmadan, məndə necə alınırsa o cür – ya vacib, ya da əksinə, əhəmiyyətsiz bir rol oynayırlar. Çalışıram yazdıqlarım maraqlı və əyləncəli olsun, qalan şeyləri taleyin ümidinə buraxıram. Tənqidçilərin, xüsusilə ciddi işlənmiş bəzi epizodlar tapması hərdən məni əyləndirir; əslində mən birnəfəsə yazıram, bir də korrektə edəndə oxuyuram. Şeirlərimin üzünü iki, bəzən də üç dəfə köçürürəm. Yazmağın bu üsulu ispanca dar donde diere (necə alındı – alındı), bizim dildəsə başdansovdu – yəni, necə gəldi adlanır; bunun təhlükəli bir üsul olduğunu etiraf edirəm, amma özümlə bacarmıram. Öz təxəyyülümü ağlın gücüylə buxovlamaq istəyəndə, – bu isə məntiqi bir düzüm deyil – mənə elə gəlir, günəş göy qübbəsini tərk edir, öz əllaməliyimlə ilkin düşüncələrimi məhv edirəm, nəticədə soyuq, darıxdırıcı, cansız bir şey alınır. Bu, eynən yazılı nitqlə,  natiqin sinəsindən gözlənilmədən qopan azad ifadələr arasındakı fərqə oxşayır; sonuncuda həmişə, az da olsa,  bir şövq, bir ilham var. Amma istəməzdim ki, gənc müəlliflər mənim başısoyuqluğumu yamsılasınlar. Consilium non currum care. (Tələskənliyə deyil, düşünməyə cəhd elə lat.) 

Uil Davenantdan bir neçə səhifə oxudum, şayiələrdən çox xoşu gəlirdi, guya  Şekspirin onun anası ilə eşq macərası olub. Düşünürəm ki, buna Fildinqin məzhəkəsindəki Faetonun iddiası kimi yanaşmaq lazımdı: 

Uşaqlar sataşırlar – ayıb və rüsvayçılıq:

“Rədd ol get cəhənnəmə! Yoluq balası yoluq!”

Pah! Mən bu sətirləri “Vudstok”a yerləşdirəcəm! Onlar Şekspirin qoca pərəstişkarının dodaqlarında yaxşı səslənər. Ancaq axı onlar hələ o zaman yazılmamışdı. Nə olsun ki? Yoldan keçənin biri anaxronizmi faş edə bilər – bu, böyük bəla deyil. Demək olar ki, artıq yazılıbmış və Fildinq onu rəvayətdən götürüb...

13 fevral

İncəsənət növlərinin hər birinin əsl məqsədi və ali hədəfi insan hisslərinə təsir etmək və ya insan ruhunun narahatlıqlarını müvəqqəti də olsa unutdurmaq, aradan qaldırmaq, həm də təəccüb, dəhşət, məmnunluq və bu kimi hisslər oyatmaqdır. Həmin incəsənət əsərlərinin yaranıb meydana gəlməsində, məsələn, Homerdə olduğu kimi, əsas qayələr elə mükəmməlliklə təcəssüm edir ki, sonrakı nəsillərə əlçatmaz görünür. Amma özünüifadə etmək də vacib şərtdi; şairlər və musiqiçilər onu cilalamağa, öz əsərlərinə sələflərinin yaratdıqlarından daha çox gözəllik bəxş etməyə çalışırlar. Poeziyada – mürəkkəb qaydalar, musiqidə – qəliz kadensiyalar və harmoniya, ritorikada – incə mərhələlər hökmranlıq etməyə başlayır. İfaya daha çox diqqət ayrılsa da,  təəssürat yetərincə olmur.  Amma bu zaman, incəsənətin nəcib məqsədi – xalqa xidmət – unudulmur;  hərçənd bəzi əsərlər geniş oxucu kütləsi üçün hədsiz elmi, hədsiz mürəkkəbdi (fransızca – recherches), buna baxmayaraq, zaman-zaman insanların iliyinə işləyən musiqi, toplumu silkələyən bəlağət, göyün yeddinci qatına qaldıran  poeziya yaranır. Rəssamlıqda məsələ bir az ayrı cürdü; onun necə sirli olduğunu bu sahəyə yaxşı bələd olan az-az mütəxəssis bilir. Onların məqsədi bütün bəşəriyyətdə təəssürat oyatmış rəssamların əsərlərini tərifləmək deyil, müvafiq olaraq incəsənətin tətbiqi qaydalarıyla  təsnif etməkdi. İzləmək üçün qaydaları öyrənmək mütləq vacibdi. Amma, hər halda, onlara uca və son hədəfə – tamaşaçıya – güclü təsir etməyə aparan bir yol kimi baxılmalıdı. Bu işin biliciləri elə bir tənqid tərzi mənimsəyiblər ki, hətta buna görə Mikelancelo  papalardan birini miskin varlıq adlandırmağa məcbur olub: həmin müqəddəs zati-aliləri heykəlin əzəmətinə fikir vermədən, cübbənin naxışlarını tənqid edibmiş. Məncə, bu gözəl incəsənət növünün, xüsusilə də onun tarixi mövzuları əhatə edən sahəsinin tənəzzülü belə tənqidi yanaşmalara görədi.  Bunu özüm üçün yazdığıma görə əlavə edə bilərəm ki, rəsm əsərləri, məsələn, təbii hisslər oyada bilən hər şeyə mənim kimi həssas, təhsilli bir insanın qəlbinə nəsə təlqin edəndə mükəmməl ola bilər. Amma çox nadir hallarda məni riqqətə gətirən nəyəsə rast gəlirəm! (...)

 

14 aprel

...Məşhur Denis Davudovdan – Qara Kapitandan məktub aldım. Fransızlar Moskvadan geri çəkiləndə, o, partizan müharibəsində çox fərqlənmişdi. Ondan bir neçə hadisənin tarixçəsini qopara bilsəydim, özüm üçün bunu əla bir qənimət sayardım!..

 

4 iyun

İnsanlar həmişə sistemli işləmək haqqında hay-küy salırlar və həqiqətən, bu üsul bəzən iş adamlarına fayda və böyük üstünlüklər verir; amma, məncə, sistemli işə üstünlük verən, qələmini təyin etdiyi saatda əlinə götürən və ya yerə qoyan yazıçılar kifayət qədər miskin varlıqlardı. Xanım Luiza Styuart mənə danışmışdı ki, Tasso və Ariostonun tərcüməçisi, necə deyərlər, qızılı qurğuşuna çevirmək ustası, Ost-Hind şirkətində kantor xidmətçisi işləyən cənab Xul, krujevalı uzun manjet və tütün rəngli kostyum geyirmiş, hərdən atasına baş çəkmək üçün onlara gəlirmiş. O, deyəndə ki, hər gün nə az, nə çox – eyni sayda ikibəndlik şeir yazır, – Luiza gülüb; deməli,  o, buna vərdiş edibmiş və bu, onun üçün asan imiş, əvəzində isə, oxucu zülm çəkirdi...

16 iyun

Dünən iki qravüra hədiyyə almışam: bunları ser Henri Rebern özünün çəkdiyi, həm də, sözsüz ki, pis alınmamış portretim əsasında işləyib (zavallı!). Bu qravüralardan birini gənc cənab Davudova dayısına, 1812-ci il hadisələrinin məşhur Qara Kapitanına çatdırmaq üçün  verdim və bundan məmnunluq hissi keçirdim. 

Maraqlıdı ki, o, tamam başqa sahədə xidmətləri olan bir şəxsin rəsmini istəmişdi. Məncə, poeziyamda və ya nəsrimdə yaxşı olan nəsə varsa, o da bilavasitə, əsgərlərin və dənizçilərin, qətiyyətli cavanların xoşladığı səmimiyyətdi. Mən budaqların kölgəsinə qısılmış nə bir aşiq, nə də: 

“Yazda qamışlıqda səslənən 

Zərif-zərif nəğmələrin” – müəllifi deyiləm.

 

29 sentyabr

... Beş səhifə yazdım – demək olar, öhdəliyimi ikiqat yerinə yetirdim, hərçənd bağ-bağçanı seyrəkləşdirmək üçün əlimdə balta üç saat  əlləşmişəm. Bu da xeyirlidi. Hiss edirəm ki, könlümə rahatlıq verir. Deyirlər, qadınlar kişilərdən nisbətən daha az dəli olurlar. Əgər, doğrudan da, belədirsə, bu, ondan irəli gəlir ki, qadınlar daim xırda əl işləriylə məşğuldular, bu isə divar saatının hərəkətini kəfkir nizamladığı kimi, müəyyən dərəcədə onların düşüncə axınını yönləndirir.  Bilmirəm, haqlıyam ya yox, amma düşünürəm ki, gəzməkdən və ya nəyləsə məşğul olmaqdan təcrid edilərək təkadamlıq kamerada məhbus olsaydım, dəliyə, yaxud gicə çevrilməyimə altıca ay bəs edərdi.  

18 oktyabr

Məni təqlid edənlərlə bağlı qeydlərimlə yenidən məşğul olmağa başlamışam. Bu cənabları təqlidçi adlandırmağım, inanıram ki, qəlblərinə dəyməyəcək və onlara yaxşı nümunələrdən bəhrələnməyi arzu edərdim; ancaq bu mənə bir güzgü kimi səhvlərimi, əgər belə demək mümkünsə, üslub səhvlərimi üzə çıxarmaqda kömək edir. Onlardan bir üstünlüyüm olduğunu güman edirəm: belə ki, onlar özlərini bilə-bilə gicliyə qoyurlar, mən isə Endryu Eqyuçik kimi təbii olaraq. Biliklərini artırmaq üçün onlara köhnə kitabları oxumaq, qədim kolleksiyalardan baş açmaq lazımdı, mənsə o kitabları çoxdan oxuduğuma və güclü yaddaşa malik olduğuma görə yazıram. Nəticədə onların qələmə aldıqları tarixi detallar tükdən asılı qalır, süjetə dəxli olmayan geniş təsvirlər isə oxucu marağını öldürür. Bəlkə də, günah özümdədi; həqiqətən də, Beys demişkən, məndən ötrü süjet – kitabı maraqlı şeylərlə doldurmaqdan ibarətdi; təsvirə münasibətdə süjet sanki bir kuklaoynadan əlində ipdi və onun köməyi ilə kralları, kraliçaları, Vaterlo ətrafındakı döyüşü, müqəddəs Yelena adasında Bonapartı, Nyumarketdəki cıdırı və Cemminin qovaraq şəhərdən çıxardığı Ağbaş Bobu dartır, qaldırır və nümayiş etdirirəm. Bütün bunları, əlbəttə, etmişəm, amma sonra peşman olmuşam. Tarixi şəxsiyyətlərlə və tarixi hadisələrlə bağlı ən yaxşı əsərlərimdə isə onları mümkün qədər sıx təmasda verməyə çalışmışam, bundan sonra da bu işə böyük diqqət yetirəcəm. Fon əsas fiqurlara kölgə salmamalı, çərçivə isə rəsm əsərini sıxmamalıdı.

Digər üstünlüyüm: müasirlərim həddən artıq açıq-aşkar oğurlayırlar. Cənab Smit “Brembltay-hauz”da Defonun “Londonda yanğın və vəba”sından bir neçə səhifə yerləşdirib. 

“Oğurlamaq!” – Tfu!  Alçaq sözdü bu!

Müdriklərsə deyər: “bacarıqdı” bu!

Mən hansısa bir epizodu və ya buna bənzər nələrisə “bacarıb”  yazıma gətirəndə, izləri bütünlüklə elə itirməyə cəhd göstərirəm, sanki bundan ötrü məni Old-Beyldə cinayət məsuliyyətinə cəlb edəcəklər. 

Amma bu təqlidçilərin ucbatından belə şeylər zəhləmi tökür, məni hər tərəfdən elə sıxır ki, qovulub əldən düşən tülkü kimi bütün təqibçilərimi azdırmaq üsulu axtarıram, çalışıram yeni hiylələr qurum, külək qoxumu başqa səmtə aparsın, izim itsin. 

Əlbəttə, yeniliyə nail olmaq üçün vasitə var: məharətlə qurulmuş maraqlı fabulada uğurun əsasını qoymaq olur. Amma bədbəxt canım! Bundan ötrü düşüncə, fikir lazımdı, ciddi işlənmiş plan üzrə yazmaq gərəkdi, mənsə o cür bacarmıram, çünki yazanda epizodlar əvvəlcədən nəzərdə tutulmuş tərəfə deyil, tamamilə qeyri-bərabər şəkildə başqa səmtə  üz tutub genişlənir, – lənət şeytana! – mən onu heç vaxt, necə lazımsa, düşünüb tapa bilmərəm.  Bununla belə, mən bütün təqlidçiləri ötüb keçməklə dünyanı heyrətə sala bilərəm!!! Biz hələ özümüzü göstərəcəyik.

Azadlıq uğrunda döyüşə girəcəyik!

Ya ölüm, ya qələbə!..

 

12 noyabr

 Şükürlər olsun ki, düşüncələrimiz gözlə görünmür, heç kimin onlara əli çatmır. Aşkarda olsaydı, hər kəsin qəlbində nələr baş verdiyini görərdik, insanlardan qaçıb daldalanmaq üçün özümüzə yuva, mağara axtarardıq! Etdikləri möhtəkirliyin necə iflasa uğradığını gözləyən xəyalpərəstin təlaşını, şəhvətpərəstin başına gələn sərgüzəşti necə lənətlədiyini, simicin itirdiyi qızıl pula görə ürəyini necə üzdüyünü, hər şeyi, hər şeyi – boş-boş ümidlərə qapılanları və təəssüf edənləri görə bilərdik! İnsanların ürəyinin qara pərdələr arxasında necə oda atıldığını seyr etmək üçün bizə Vatekin arxasınca cəhənnəmə getmək lazım olmazdı. Rəbbim, bizi yolumuzu azmaqdan qoru, çünki heç vaxt özümüz özümüzün yolgöstərəni ola bilmərik!..

20 noyabr

... Maliyyədən dnışanda, qeyd etməliyəm ki, səyahət xərclərim çox artıb. Mən artıq yoxsulluqla barışmaq,  özümü qısaraq əlli funta qənaət etmək üçün kifayət qədər qocayam. Əvəzində ruhumdakı yenilikləri, yeni düşüncələrimi, məqsəd və baxışlarımı həmişə qənaətlə  xərcləmişəm. Hər iki paytaxta səfər edərəkən ürəyimə yatmış bir çox məsələlərə görə özümə hörmətim artıb (bu isə, güman ki, səbəbsiz deyil) və özümü indi daha inamlı hiss edirəm.  Artıq Şotlandiyada işləyəsi və qənaət etməli olacam.

11 dekabr

...Qoy sənin şöhrətin davamlı olsun və ruhun bu dünyada dinclik tapsın, Rob Berns! Məni bürüyən hissləri bəyan etmək istəyəndə, lazım olan sözləri ya Şekspirdə tapıram, ya da səndə. Qanmazlar çərənləyirlər ki, guya mən Şekspirə oxşayıram... Mən heç onun ayaqqabılarını silməyə belə layiq deyiləm!..  

 

1827

1 yanvar  

... Özümü Vordsvorotla   təxəyyül cəhətdən heç bir halda müqayisə etmirəm: mükəmməl təbii incəlik yalnız ona məxsusdu. Amma mən də buludlarda qəsrləri, buxar maşınının tüstüsündə cinləri və daş kömürün alovları içində gözəl Persepolu   heç kimdən pis görmürəm.  Bütün ömrüm belə yuxuları aşkarda görməklə keçdi. Amma bununla fəxr eləmirəm. Bəzən Russonun özünə müraciətlə  dediklərini yada salmaq lazımdı: “Tais-toi, Jean-Jacques, car on ne t'entend pas! – (fran.)”   (“Jan Jak, sus! Axı səni başa düşmürlər!”)

15 fevral

Baron fon Hötedən məktub aldım; onu mənə oxudular, hərçənd almanca bilirəm, amma əlifbasını unutmuşam. Özümə belə bir qayda qoymuşam ki, xaricdə yaşayan qələm dostlarımdan aldığım məktubları nadir hallarda oxuyum və onlara heç vaxt cavab yazmayım. Axı bundan kompliment oyunbazlığından başqa, heç nə hasil olmur. Ancaq Höte – bu, başqa məsələdi.  Çox gözəl insandı. O, eyni zamanda, həm Ariostodu və həm də Almaniya üçün, demək olar, Volterdi. Otuz il bundan öncə kim deyə bilərdi ki, mən “Gets fon Berlihingen”in müəllifiylə yazışacam və onunla, az qala, ayaqlaşacam? Başıma gələcək yüzlərlə macəradan kim xəbər verə bilərdi axı? 

6 mart

... Teatra getmişdik. Con Kembelin qardaşı Benedikti oynayırdı. Xarici görünüşü gözəldi və yaxşı aktyordu, amma əla deyil. Həmişə məhz oynadığını duyursan. Gücü çatmadığı Benediktimə girişməyə onu şeytan yoldan çıxarıb! Onun rol haqda zərrə qədər də anlayışı yoxdu. Xüsusilə də,  az qala, faciəvi bir ucalığa yüksələn Benediktin, şahzadə və Klavdio ilə savaş səhnəsində özünü necə aparmalı olduğunu bilmir. Lap çoxdan qoca Tom Kinq yüngülxasiyyətlikdən necə qurtulub, özünü  hissiyyatlı bir insan kimi necə alicənab göstərməyi nümayiş etdirmişdi.  Xüsusilə o, şahzadə və Klavdionun düşük şənliyini pozduğu “ədalətsiz davada əsl şücaət olmaz” kimi yüksək əxlaqi hissləri sərt ifadə etməsi ilə yadımda qalıb... 

7 may

Qofman haqda məqaləni birtəhər bitirdim. Məqalə xoşuma gəlmir, amma əvvəl narazı qaldığım yazıların sonradan uğur qazandığı çox olub. Əsərlərimiz öz zəhləmizi ona görə tökür ki, eyni düşüncələri beynimizdə dəfələrlə götür-qoy edirik. İlk dəfə  oxuyana isə gözəl bir yenilik kimi görünür. Kaş, belə də olaydı. Bacarsam, həvəslə həmin zavallının köməyinə çataram, çünki özüm də zavallıyam.

8 may

... Qofman barədə yazdığım məqalədə düzəlişlər etdim, ancaq axıra çatdıra bilmədim. Defonun əsərləri haqda yazdığım məqaləni bitirdim. Onun əsas məziyyəti qeyri-adi tərzdə həqiqətəuyğun yazmasındadı. Mən bunu missis Villin kabusunun tarixçəsi timsalında göstərdim. 

24 may

Ağlıma yaxşı bir fikir gəlib – balaca Conni Lokart üçün Şotlandiyanın keçmişinə aid, “İngiltərə tarixindən hekayələr”ə bənzər hekayələr yazmaq istəyirəm. Amma mən bu cür hekayələri Kroker kimi sadə yazmayacam. Əminən ki, uşaqlar və aşağı sinfin oxucuları onların imkanlarına hesablanmış kitabları görməyə gözləri yoxdur, əksinə böyüklər və daha təhsilli adamlar  üçün nəzərdə tutulmuş mürəkkəb əsərləri sevirlər. Əgər bacarsam, elə bir kitab yazacam ki, körpələr də başa düşəcək, gözlərinə sataşanda, böyüklər də oxumaq istəyəcəklər. Doğrudu, bundan ötrü üslubun sadəliyi lazımdı, bu isə mənə o qədər də xas olan bir şey deyil. Böyük və maraqlı olanlar sözlərdə deyil, fikirlərdə cəmlənir...

4 avqust

Yanıma general Yermolov təşrif buyurmuşdu. O, tanımadığım həkim  Noksun məktubuyla gəlmişdi. Əgər bu, həmin Vitsesimusdusa, onunla iyirmi beş il əvvəl görüşmüşük və bizimki tutmayıb. Əvəzində general Yermolovun adı, xoşbəxtlikdən, mənə tanışdı. Bu insan, ömrünün çiçəkləndiyi dövründə – otuz yaşdadı, gözəl, özünə inamlı və çılğındı; o, poeziyanın və incəsənətin ehtiraslı vurğunudu. Yermolov Moskva və bütün sonrakı hərbi əməliyyatlarda iştirak edib, hərçənd o zaman çox gənc olub. O, Moskvanı Rastopçinin yandırmasına qəti şübhə etmir və deyirdi: fransızların hücumu öncəsi sakinlər şəhəri tərk edərkən şayiə yayılmışdı ki, Moskvanı məhv etmək üçün orada müəyyən adamlar saxlayıblar. Bəs nəyə görə ilk növbədə barıt anbarının yandırılmadığını soruşdum. Cavab verdi ki, onun fikrincə, anbarın partladılması geri çəkilməkdə olan ruslar üçün təhlükəliymiş. Bu mənə inandırıcı görünmədi. Rus qoşunları Moskvadan kifayət qədər uzaqda idi və onlara ziyan dəyə bilməzdi. Mən ondan israrla Kutuzovun  hərbi əməliyyatları nəyə görə ləng aparmasının səbəblərini soruşanda, o, açıq etiraf etdi: ruslar fransızların geri çəkilmələrinə elə sevinib və elə təəccüb etmişdilər ki, qazanılmış  üstünlüyün ölçüsünü dərhal anlaya bilməmişdilər... 

4 oktyabr

Ömrüm boyu kifayət qədər gördüyüm, ən yüksək adlandırılan cəmiyyət indi məni ancaq əyləndirir, çünki yaşım və laqeydliyim səbəbindən özümü onun bir hissəsi hesab eləmək vərdişimi yadırğamışam; məndə belə bir hiss yaranıb ki, artıq bu cəmiyyətdə iştirak etmirəm, yalnız kənar bir müşahidəçiyəm və mənim barəmdə rolumu yaxşı, ya pis oynadığımı deyə bilməzlər, çünki, ümumiyyətlə, oynamıram. Haqqımda düşünülənlərin zərrə qədər də fikrini çəkmirəm və başqalarının oyununu müşahidə etməyə kifayət qədər vaxtım var...

7 noyabr

Son günlər əqli və fiziki tələskənliyim ucbatından keçirdiyim yaşantılardan sonra bu sabah sakitləşməyə başlamışam. “Kuorterli revyu” üçün dekorativ bağçılıq haqda oçerk yazmağa girişdim. Kitab çatışmazlığına görə, tezliklə dirənib qaldım. Ancaq özümə istirahət rəva görmürdüm, fikirlərimə sərbəstlik verərək  dərhal “Kenonqeyt xronikası”nın ikinci hissəsini başladım, çünki birinci uğur qazanmışdı. Qoca bir səfeh kimi ötən dönəmləri xatırlayıb çox kövrəldim, bütün gecəni fasiləsiz şeir oxumaqdan və göz yaşları tökməkdən başqa,  heç nəyə yaramırdım. Bu, kədərli işdi. Qəbirlər öz ölülərini geri qaytarır, zaman otuz il əvvələ yuvarlanıb, əhvalımı tamamilə pozur. Yetər artıq! Mən təqib olunan maral kimi özümü, təbii saflığımı itirirəm, amansız və təhlükəli oluram. Amma bu barədə yaxşı bir hekayət danışmaq olar və onun gözəl günlərin birində danışılacağından qorxuram! Və o zaman, heç şübhəsiz, iki-üç illik yuxuda, aşkarda gördüklərim əbədiləşəcək. Amma ölülər ağrı hiss etmirlər. (...) 

 

7dekabr

...Tipik bir xüsusiyyətim var: məsələn, eyni zamanda mütaliə ilə məşğul olanda, öz əsərim üzərində daha yaxşı işləyirəm, dəqiq desək, düşünə bilirəm. Görəndə ki, pis yazıram və dalana dirənmişəm, yüngül bir kitab, – roman və ya buna bənzər nəsə götürürəm, sadəcə azacıq mütaliə etməyim qalır ki, bütün çətinliklərim aradan qalxsın, yenidən işləməyə hazır olum. Başımdan eyni anda iki düşüncə axını keçməlidi; ola bilər, qadınların əyirmək və toxumaq kimi kifayət qədər yüngül məşğuliyyətlərinə oxşar işlər şüura sabitlik bəxş edir, düşüncənin yayınmağına mane olur, beləliklə, ağlın daha dərin imkanlarına şərait yaratmağa xidmət edir. “Nə edirsənsə, birdəfəyə et” sözlərini eşidəndə, həmişə məni gülmək tutur. Bütün ömrüm boyu onlarla işi birdəfəyə görmüşəm...

12 dekabr 

Yenə ədəbi şöhrətimin azala biləcəyi haqda düşünüb-daşındım.  Tənqidə və təriflə o qədər biganəyəm ki, böyük uğurlarımın mənə təlqin edə biləcəyi təkəbbür heç vaxt gözümü tutmayıb. Buna görə, mənim hisslərimə gəlincə, bu hadisələri dəyanətlə qarşılamaq iqtidarındayam. Əgər ədəbi şöhrət hansısa bir üstünlük gətirirsə, belə bir şöhrətim olub, amma onun itkisi məni zərrə qədər də narahat etmir.

  Nə vaxtsa şöhrətin zirvəsində olduğumu heç kim inkar edə bilməz. Üzərimə götürdüyüm işgüzar öhdəliklərim baxımından məhz indi işi bir kənara qoymağa məcbur olmağım tamamilə yersizdi və bu, ədəbi fəaliyyətimi dayandırmamağımın yeganə səbəbidi; uzaq başı bu uğursuz işə – romanlar yazmağa davam etməyəcəm. Qınaqlara səbəb olan yazılarımı geri götürəcəm, amma bu, o demək deyil ki, onların üzünü yenidən köçürəcəm. (...)

Fiv sakini olan iki nəfər alim yanıma gəlmişdi və uzun məsləhətləşmədən, müzakirədən sonra getdilər. Onlar işdə fasilə verməyimi qətiyyətlə pislədilər, bunun tam uğursuzluğa gətirib çıxaracağını dedilər. Mən inad etdiyim halda üzləşəcəyim çətinlik və təhlükələr barədə öz düşündüklərimi söylədim, izah etdim ki, kütlə boşluğu dərk eləyənəcən, altı aya və ya, hətta bir ilə fəaliyyətimi bərpa edə biləcəm. Onlar bildirdilər: bu müddət ərzində gözləntilər o qədər artıb çoxalacaq ki, heç bir Tanrı bəndəsi camaatı razı sala bilməyəcək. Cıdırda irəli sıçrayan, amma öz üstünlüyünü axıracan saxlaya bilməyən bir at kimi, məni tamamilə sıxışdıra biləcək şeylər haqda bu alimlərin demədiklərini də nəzərə alamaq lazımdı. Axırda qərara aldıq ki, indi yazdığım kitabı başladığım kimi də davam etdirim və təkcə onların etirazlarını bildirdikləri girişdəki bəzi yerləri çıxım. İzləyici zövqünün gözəl örnəyidi bu və sözsüz, yaxşı olar, onlarla razılaşıb, güzəştə gedəsən. Ancaq mənim mövqeyimin – düz, onlarınkının isə səhv olduğuna tam əmin deyiləm, təkrar edirəm, tam əmin deyiləm.  Bununla belə, indiki şəraitdə onların həddən artıq tənqidi mövqedə olmalarından qorxmuram, hər ikisi sağlam düşüncəlidi, kimisə tənqid atəşinə tutmaqla nəsə qazanmağa meyilli deyildilər... 

 

28 dekabr

... Mənim yeganə məharətim, darıxdırıcı təfərrüatlardan maraqlı, heyranedici süjetlər tapıb çıxarmağımdadı. Darıxdırıcı və maraqsız kimi tanınan əsərləri eşələdikdə, o qədər xoşagələn və ibrətamiz şeylər rastıma çıxır ki. Siz mənə fakt verin, təxəyyülüm kifayət qədərdi...

 

1828

1 yanvar

Mən 1825-ci il 20 noyabr tarixindən, yəni artıq iki il, iki aydı gündəlik tuturam. Bundan ağlımın artdığını və ya yaxşı nəsə əldə etdiyimi deyə bilmərəm, ancaq əmin olmuşam ki, bir dəfə verdiyim qərarın üstündə durmaq qabiliyyətinə yiyələnmişəm. Görünür, burada sevinməli bir şey yoxdu; deyəsən, bu, göstərir ki, mən daha çox qayda ilə yaşayan adamam, nəinki, orijinal; məndə artıq müntəzəm işləməklə uyuşmayan həmin fantaziyalar yoxdu. Ancaq məsələ, hətta belədirsə, birini itirsəm də, heç olmasa, birini qazandığıma sevinməliyəm .

14 yanvar

Kuperin “Qırmızı dəniz qulduru” romanını oxudum; hadisələr, demək olar, yalnız  okeanda  cərəyan edir. Dənizçilik terminlərinin artıqlığı hər şeyə kölgə salır. Ancaq oxucu  təkcə təsvirlə maraqlanırsa, onlar başa düşmədikləri çox şeyə göz yummalı olacaqlar. (...) Kuper böyük istedad sahibidi, insan qəlbinin mahir bilicisi və onu əks etdirməyi bacarandı. Amma, görünür, onun da ağlına başqalarının düşündükləri gəlir. Dor ağacının gözəl forması və yelkən iplərinin naxışları göy üzünün fonunda kifayət qədər tez-tez rast gəlinir.

28 yanvar

...Kuperin “Çöl” romanını oxudum və məncə, bu əsər, bir dəfə də olsun sahilə çıxılmayan, hadisələri tam dərk etmək üçün isə kifayət qədər dəniz terminlərindən xəbərdar olmağın lazım gəldiyi “Qırmızı dəniz qulduru”ndan yaxşıdı.  

5 aprel

Biz qüdrətli sehrbazın məzarını ziyarətə getmişdik. Qəbir daşı Birinci İakov dönəmində zövqsüz şəkildə düzəldilib, amma buralar necə də füsunkardı! Ətrafda unudulmuş, bu gün tanınmayan nəsillərə aid əzəmətli abidələr var. Ancaq sən təkcə Şekspirin abidəsini görürsən, başqası heç yadına da düşmür. Ətrafda hər şey Şekspirə aiddi... (...)

DİGƏR MƏQALƏLƏR