HEKAYƏ - Avqust STRİNDBERQ

Orijinaldan tərcümə: Nilufər Bəhlulqızı

 

1849-cu il yanvarın 22-də Stokholmda anadan olub. İsveç dramaturgiyası və teatrının banisidi. 

Pyeslərində ekspressionizm və absurd teatrı meyilləri yaradıcılığının ilk mərhələsindən diqqət çəkib. “Romada” adlı ilk pyesindən sonra qələmə aldığı “Ustad Qolf”, “Ölüm rəqsi”, “Ata” pyesləri, eləcə də “Kreditorlar” avtobioqrafik əsəri, “Qırmızı otaq”, “Xidmətçi oğlu”, “Xemsyo adasının sakinləri” romanları və “Həqiqətdə xəyal” novellalar kitabı yazıçıya böyük şöhrət qazandırıb. 

 Avqust Strindberq 1912-ci ilin 14 mayında Stokholmda vəfat edib. 

 


Məhəbbət və çörək

 

Assistent mayorun yanına elçiliyə gələndə, təbii ki, buğdanın qiyməti ilə maraqlanmamışdı. Ancaq mayor bundan xəbərdar idi.

– Mən onu sevirəm, – assistent dedi

– Nə qədər qazanırsan? – qoca soruşdu.

– Yüz iyirmi kron, ancaq biz bir-birimizi sevirik...

– Bunun mənə dəxli yoxdur, yüz iyirmi kron çox azdır.

– Elədir, ancaq əlavə gəlirim də var. Bilirsiniz, Luiza bilir ki, mənim ürəyim...

– Boş-boş danışma. Əlavə nə qədər qazanırsan?

– Biz ilk dəfə Booda rastlaşmışdıq.

– Əlavə nə qədər gəlirin olur? – qoca əlindəki qələmlə yazmağa hazırlaşdı .

– Özü də bizim hisslərimiz....

– Əlavə nə qədər gəlirin olur? – o, boş kağızın üstündə nəsə yazdı.

– Həə, olur da, belə də, əgər....

– Sən mənə cavab verəcəksən, ya yox? Nə qədər əlavə gəlirin olur? Rəqəm de, rəqəm, fakt. 

– Səhifəsi on krona tərcümələr edirəm, fransız dili dərsi keçirəm, söz veriblər ki, korrektə işlərini də oxumağa verəcəklər...

– Vədlər hələ fakt deyil. Mənə rəqəm lazımdır, cavan oğlan, rəqəm. Demək belə, indi yazıram. Tərcümə üçün nə qədər alırsan?

– Nə qədər alıram? Bunu axı öz başımdan deyə bilmərəm.

– Öz başından deyə bilməzsən? Deyirsən axı tərcümələr edirsən, bəs deyə bilmirsən ki, nəyi neçəyə eləyirsən? Nə boş-boş danışırsan?

– Qvizotun “Bəşəriyyətin tarixi”ni tərcümə etmişəm. 25 səhifə.

– On krondan bu edəcək iki yüz əlli kron. Sonra?

– Sonra? Əvvəldən bilmək olmur axı.

– Aha, işə bir bax, əvvəldən bilmək olmur!Ancaq əvvəldən bilmək lazımdır! Elə bilirsən ki, evlənmək ancaq bir yerdə yaşayıb əylənməkdir? Yoox, cavan oğlan, doqquz aydan sonra uşaq dünyaya gələcək. Uşaqlar isə yemək, geyinmək istəyir.

– Vacib deyil ki, o dəqiqə uşaq olsun. Əgər insan bizim kimi bir-birini sevirsə....

– Lənət şeytana. Axı siz bir-birinizi necə sevirsiz?

– Bir-birimizi necə sevirik? – deyə o, əlini gödəkcəsinin manjetinə apardı.

– Sizin kimi sevəndə bəyəm uşaq olmur? Sən lap səfehsən ki... Ancaq abırlı oğlana oxşayırsan. Ona görə də nişanlanmağınıza icazə verirəm. Ancaq həmin bu vaxtdan pul qazanmaq üçün istifadə elə, çünki çətin dövr gəlir. Buğdanın qiyməti qalxır.

Assistent son sözləri eşidəndə pörtüb qızardı. Lakin qızı almaq sevinci o qədər böyük idi ki, qocanın əlini öpdü. İlahi, o necə xoşbəxt idi! Onlar necə xoşbəxt idilər! İlk dəfə küçəboyu qol-qola gedəndə fərəhdən işıq saçırdılar. Onlara elə gəlirdi ki, adamlar onların bu qələbə yürüşünə ehtiram göstərmək üçün səkiboyu sıraya düzülüblər. Gənclər başlarını dik tutub məğrur baxışlarla, asta addımlarla bu adamların yanından ötü-keçdilər. 

Axşamlar qızın yanına gəlir və onlar otağın ortasında oturub korrektəylə

məşğul olurdular. Qız digər korrektəni oxuyurdu. Qoca oğlanın fərasətli olduğunu fikirləşirdi. Korrektəni bitirəndə oğlan qızı öpüb dedi: 

– İndi biz üç kron qazandıq.

  Ertəsi gün axşam teatra gedib, evə qayıtdılar və bu, on iki kron elədi.

Bəzən axşamlar dərsi olanda, o, dərsləri buraxır, – sevgi üçün nələr etməzsən ki... – qızın yanına gəlirdi. Onda onlar gəzməyə gedirdilər.

Beləcə toy yaxınlaşırdı. İndi başqa işlər də görmək lazımdı. Brunkeberqə

gedib mebelə baxdılar. Ən vacib olanından başlamalıydılar. Oğlan çarpayını alanda, Luiza orada olmaq istəmədi, ancaq sonra getdi. Onlar yanaşı qoyulası iki çarpayı almaq istəyirdilər. Əlbəttə, bu, onların çoxlu uşaqları olacağ demək deyildi. Özü də bu çarpayılar xalis qoz ağacından olmalıydı. Qırmızı zolaqlı döşəklər, yumşaq yorğanlar da almaq istəyirdilər. Özü də hərəyə bir yorğan, təbii ki, ikisi də eyni olmalıydı. Luiza mavi rəngi seçdi, çünki o, sarışın idi.

Sonra isə Leanın mağazasına getdilər. Hər şeydən əvvəl yataq otağı üçün

qırmızı abajurlu lampa və nəfis çinidən Veneranın heykəli alınmalıydı. Bundan sonra yemək dəsti gəlirdi; altı düjün stəkan götürdülər. Üstü naxışlı çəngəl-bıçaq aldılar. Sonda növbə mətbəx avadanlığına çatdı, ancaq bu zaman Mama getməli oldu.

Ya Rəbb, o, hələ nə qədər iş görməliydi! Vekselləri təsdiqləmək, banka

getmək, usta tapmaq, mənzil axtarmaq, pərdələri gətirmək. Amma hər şeyi çatdırdı. İşinə bir az ara vermişdi, evlənəndən sonra hər şeyi yenidən başlayacaqdı!

Əvvəlcə iki otaq götürmək fikrindəydilər, çünki bununla ağıllı tərpənmək

istəyirdilər. Ancaq bu otaqlar da gözəl olmalıydı. O, altı yüz krona Hökumət küçəsindən birinci mərtəbədə mətbəxi ilə birlikdə iki otaq kirayələdi. Ancaq Luiza beş yüz krona üç otağı və dörd pillə hündür mətbəxi olan mənzili kirayə edə biləcəklərini öyrənəndə, oğlan bir az pərt oldu, ancaq belə sevgi olan yerdə bu, boş şeydir... Düzdür, Luiza da bu fikirdəydi, ancaq aşağı qiymətə olan üç otaqlı evdə yüksək qiymətə başa gələn ikiotaqlı mənzildəki kimi sevgi ola bilməzdimi? Bəli, o bilirdi ki, ağılsızlıq edib, ancaq belə sevgi olan yerdə bunun heç bir əhəmiyyəti yoxdur. 

Otaqlar qaydaya salındı. Yataq otağı kiçik məbədi xatırladırdı. Çarpayılar 

qoşa ekipaj kimi yanaşı durmuşdu. Günəş də mavi yorğanlarda bərq vururdu, hələ ağappaq döşəkağılarını və balaca balışları demirik.... Bir qarımış xala bu balışlara onların adlarını həkk eləmişdi; bu, güllərlə naxışlanmış iri hərflər idi və bu hərflər bir-birinə sarılıb sanki düyün nöqtəsində öpüşürdülər. Qızın öz kiçik hücrəsi və bunun da qarşısında yapon şirması vardı. Həm yemək, həm iş, həm də qonaq otağı olan salonda qadının pianosu (bu, yüz iyirmi krona başa gəlmişdi) qoyulmuşdu. Assistentin “hər biri xalis qoz ağacından olan” on siyirtməli yazı stolu da, böyük güzgülü trümo, kreslolar, bufet və yemək stolu da buradaydı. Otağa baxanda “sanki həqiqətən burada xeyli adam yaşayır” təsəvvürü yaranırdı və onlar qamış stulların narahatlıq yaratdığı bu yemək otağıyla nə edəcəklərini bilmirdilər. 

Beləliklə, şənbə günü axşam toy oldu! Səhər isə bazar günüydü! İlahi, həyat 

necə də gözəldir! Evli olmaq nə gözəl imiş! Sən demə, bəşəriyyətin ən gözəl kəşfi nikah imiş! Nə istəyirsən, elə. Sonrasa valideynlər, bacı-qardaşlar gəlir, üstəlik, adamı təbrik də edirlər!

Səhər saat doqquz olsa da, yataq otağı hələ də qaranlıqdır. O, pəncərə 

pərdələrini açıb gün işığını içəri buraxmaq istəmir, əksinə, lampanı yandırır və onun sehrli işığı mavi yorğanların və azca əzilmiş ağ döşəkağılarının üstünə düşür. Zərif qadın yataqda elə bəxtəvər əzginliklə yatıb ki, sanki ömründə yatıb yuxusunu aldığı ilk gecədi. Bazar günü olduğundan, küçədən maşınlar keçmir, kilsə zəngləri elə zəngulə vurur ki, sanki bütün dünyaya səslənərək qadın və kişinin yarandığına görə minnətdarlıq və həmd etmək istəyirlər. O, qadının qulağına üzünü ona sarı çevirsin deyə pıçıldayır, çünki bayıra çıxıb səhər yeməyi sifariş verməyə hazırlaşır. Qadın başını balışların içində gizlədir. O, pijamasını geyinib əyninə bir şey keçirməkçün şirmanın arxasına keçir.

Sonra isə o biri otağa gedir. Günəşin pəncərədən süzülən şüası döşəmədə 

geniş, işıqlı bir çığır açıb. O, bu an bayırda yaz, yay, payız, yoxsa qış olduğunu bilmir. Bircə onu bilir ki, bazar günüdür! Subay vaxtlarının dəhşətli bir qaranlıq kimi ötüşüb keçdiyini hiss edir, evində öz ata ocağının ilıq nəfəsini, elə o anda da gələcək uşaqlarının ətrini duyur.

Heeeyyy, özünü elə güclü hiss edir ki! Gələcəyin bir dağ kimi üstünə gəldiyini 

görür. Ancaq o, bu dağa üfürəcək və dağ ovulub bir ovuc torpaq kimi onun ayaqları altına töküləcək, zərif qadınını qucağına alıb tüstü bacalarının və damların üzərindən uçub keçəcək. 

Sonra otağa səpələnmiş əyin-başını yığır. Qalstukunu şəkil çərçivəsinin

üstündən tapır . Qalstuk sanki ağ kəpənək kimi ora yapışıb.

Mətbəxə keçir. Təzə mis qazanlar və yenicə qalaylanmış tavalar necə də 

parıldayır! Xidmətçi qızı oyadır və özlüyündə alt paltarında qarşısında peyda olan qızın çılpaqlığının onu vəcdə gətirmədiyinə heyrətlənir. Onun daha hansı cinsdə olmasının heç bir fərqi yoxdur. Çünki onun üçün yalnız bir qadın mövcuddur! Özünü uşaqları qarşısında durmuş ata kimi ismətli hiss edir və qıza aşağıdakı restorana gedib səhər yeməyi sifariş etmək üçün göstəriş verir. Özü də yemək yubanmamalıdır: Burqund şərabı və “pivəsi”! 

– Restoran sahibi özü yaxşı bilir. Mənim salamımı da ona çatdırın.

Bu işlər tamamlandıqdan sonra yataq otağına tərəf gedib qapını tıqqıldadır:

– Gələ bilərəm?

İçəridən incə bir səs gəlir:

– Yox, əzizim, bir dəqiqə gözlə!

Süfrəni özü açır. Səhər yeməyi gəldikdə, onu təzə qab-qacağa qoyur. Sonrasa salfetləri səliqəylə yerləşdirir, şərab qədəhlərini silib parıldadır. Gəlin çələngini qadının boşqabının qarşısındakı stəkana qoyur. Nəhayət, qadın toxunma ətəkdə yataq otağından çıxanda, günəş onun gözünü qamaşdırır. Başı azacıq fırlanır, lap azacıq, belə ki, oğlan onu səhər yeməyi düzülmüş stolun yanında duran kresloya əyləşdirir. İndisə qadın likör stəkanından kiçik, lap kiçik qurtum içməli və kürü yaxılmış çörəkdən yeməlidir.

– Nə məzəlidir! Evlənmək nə yaxşıdır, nə istəyirsən, onu da edirsən. Görəsən,

Mama öz Luizasını araq içən görsəydi, nə deyərdi?

Gənc ər qadına elə qulluq edir, başına elə fırlanır ki, sanki o, hələ də gəlindir. Elə bir gecədən sonra məhz belə səhər yeməyi olmalıdır və heç kimin “nəsə deməyə” haqqı yoxdur. Bu gözəldir, yaxşıdır və adam qəlb rahatlığı ilə əylənir. Ən ləzzətlisi də elə budur. O, əvvəllər də belə səhər yeməklərini məmnuniyyətlə təşkil etmişdi, lakin onlarla bunun arasında yerlə göy qədər fərq var idi. Narahatlıq, yorğunluq – o, bu barədə fikirləşmək belə istəmirdi. Kürünün üstündən bir qədəh əsl Qöteborqer pivədən içdikdən sonra subaylara qarşı nifrətini gizlədə bilmir:

– Bu evlənməyənlər nə axmaq adamlardı! Xudbindirlər! Onlara da itlərə

qoyulan vergidən tətbiq olunmalıdır.

Qadınsa mehriban və güzəştedici bir tərzdə etiraz etməyə çalışır:

– Ola bilsin ki, zavallı oğlanların evlənmək üçün heç də bütün imkanları 

yoxdur, əgər imkanları olsaydı, yəqin ki, mütləq evlənərdilər.

Assistentə elə gəldi ki, ürəyinə xəncər soxdular, bir an onu qorxu hissi bürüdü, 

deyəsən, həddən artıq cəsarət göstərmişdi. Axı onun bütün xoşbəxtliyi maliyyə məsələsi üzərində qurulmuşdu və əgər, əgər.... Pah! Bir qədəh Burqund şərabı! Bundan sonra işə də başlayacaq. Onlar görəcəklər!

İndi isə qızardılmış kəkliyin yanında quşüzümü və xiyar gəlir.Qadın bir qədər 

karıxır, ancaq bu, necə də xoşdur!

– Əzizim, mənim balaca Ludviqim, – deyə o, titrək incə əli ilə onun qolundan

tutur, – məgər bizim bu qədər bədxərclik etməyimizə ehtiyac vardımı?

Yaxşı ki, o, “bizim” dedi!

– Narahat olma, bir dəfəylə heç nə olmaz! Sonralar kartofla siyənək də yeyə 

bilərik!

– Sən kartofla siyənək yeyirsən?

– Mən də elə bunu demək istəyirəm!

– Hə, əgər sərxoşsansa və üstündən də şatobrian alırsansa!..

Qadın gərək boş-boş danışmasın! Yox, hər şey yaxşıdır! Kəkliyə söz ola

bilməz. İndi də ənginarlar!

– Ola bilməz, Ludviq. Sən neyləmisən?! Ənginar, özü də ilin bu vaxtında! Onlar bizə neçəyə başa gələcək?!

– Neçəyə? Bəyənmədin ki? Bəsdir görək! Əsas məsələ də elə budur. İndisə 

şərab! Daha çox şərab! Məgər həyat gözəl deyil? Ahh, necə də əladır, əladır!

Axşamüstü saat altıda qapının ağzında bir fayton dayandı. Gənc qadın az qala 

əsəbiləşəcəkdi. Ancaq arxa oturacağa yayxanaraq əriylə yanaşı oturmaq və yırğalana-yırğalana zooparka getmək xoş deyilmi?

– Elə bil öz bağındasan – deyə Ludviq pıçıldadı və cavabında gün çətiri ilə onun barmaqlarının üstünə toxundu. Tanışlar yolda ayaq saxlayıb salamlaşırdılar. Həmkarları əl edərək sanki “ay yaramaz, deyəsən, pullanmısan” demək istəyirdilər! Aşagıda duran bu adamlar necə cılız , yolsa necə hamar idi, elə bil pərqu üstündə gedirdilər. Həmişə də belə olmalıdır! Düz bir ay belə davam etdi. Ballar, qonaqlıqlar, naharlar, şam yeməkləri, teatr. Aradabir evdə də olurdular. Ən gözəli də elə bu idi! Şam yeməyindən sonra arvadını anasının, atasının əlindən qapıb almaq və arabaya otuzduraraq qapını çırpmaq, valideynlərə baş əyərək “indisə biz evimizə gedirik, bizə də bu qalır “ demək necə də xoş idi. Evə gəldikdə, kiçik gecə ziyafəti düzəldir və səhərə kimi birgə laqqırtı vururdular.

Evdə Ludviq həmişə ağılla hərəkət edirdi. Bu, onun prinsipiydi! Bir dəfə arvadı ona duzlu qızılbalıq ilə kartof püresi və vələmir şiləsi dadızdırmaq istədi. Oh, necə dadlı idi! Ancaq bu lənətə gəlmiş menyu onu boğaza yığdı. Növbəti cümə günündə, yenə qızılbalıq bişməli olduğu halda, Ludviq əlində iki qırqovulla evə döndü. Qapıda durub bərkdən dil-boğaza qoymadı:

– Təsəvvür edirsən, Lifen, belə şeyi ağlına da gətirməzsən.

– Nəyi, nə olub ki?

– Desəm, inanmayacaqsan. Bilirsən, Mönxbrükedə bir cüt qırqovulu neçəyə almışam?! Özüm almışam. Bir tap görüm, neçəyə almışam.

Bu, arvadını maraqlandırmaqdan daha çox, narahat etdi.

– İnanırsan, cütünə bir kron vermişəm!

Arvadısa bir dəfə cütünü səksən örə almışdı.

– Ancaq bilirsən, – deyə o, ərini hövsələdən çıxarmamaq üçün nəvazişlə əlavə etdi, – onda çoxlu qar yağmışdı.

– Hə, ancaq razılaş ki, bu, çox ucuzdur!

Ərini sevincək görmək üçün o, nələr etməzdi? Ancaq axşam sıyıq olacaq, ağız

dadı üçün. Ancaq bir qırqovulu yedikdən sonra, Ludviq nə qədər istəsə də, sıyığı yeyə bilmədiyi üçün əməlli-başlı kədərləndi. Arvadına həqiqətən sıyıq yemək istədiyini sübut etmək istəyirdi. Özü də sıyığı çox sevir, ancaq qızdırma keçirtdikdən bəri ürəyi süd götürmür. Südə dilini vura bilməsə də, Allahın verdiyi hər axşam sıyıq yeməyə hazırdır, təki o hirslənməsin. Bundan sonra bir daha sıyıq bişirilmədi. 

Altı həftə sonra gənc qadın xəstələndi. Onun başı ağrıyır və qusurdu. Bu,

sadəcə yüngül bir soyuqlama idi. Ancaq qusma keçib getmədi. Hm! Bəlkə, nədənsə zəhərlənib? Axı mis qazan təzə qalaylanıb! Həkim çağırdılar. O, güldü və dedi ki, hər şey necə lazımsa elə gedir. Necə yəni necə lazımsa? Nəsə əla bir şey? Nə ağılsızlıqdır! Bu, mümkün ola bilməz. Axı bu necə ola bilər? Bu, yəqin, yataq otağındakı divar kağızının ucbatındandır, onun tərkibində arsenik var. Biz elə bu dəqiqə kağızın bir parçasını aptekə yoxlamaya göndərərik. Aptekçi də verdiyi rəydə “arsenik yoxdur” yazıb! Nə əcaib! Divar kağızında arsenik yoxdur. Gənc qadınsa hələ də xəstə idi. Ludviq tibb kitabına baxdı və arvadının qulağına bir sual pıçıldadı. İndi aydın məsələdir! Sadəcə ayaqlarını isti suya qoymalıdır!

Dörd həftə sonra mamaça başa saldı ki, hər şey necə lazımsa, elə də gedir!

Necə lazımsa! Hə, əlbəttə, ancaq bu, dəhşətli dərəcədə tez baş verdi. 

Nə etməli, əgər bu, artıq baş veribsə, onda oh, bu necə şən, sevindirici xəbərdir! Bir fikirləş: körpəmiz! Urra! Biz valideyn olacağıq. Oğlanın adını nə qoyacağıq? Çünki o, mütləq oğlan olmalıdır. Bu, aydın məsələ idi! Qadın ərini qarşısına oturdub onunla ciddi-ciddi danışdı: Onlar evlənəndən bəri o, bir dəfə də olsun, tərcümə etməyib, heç bir korrektə işi görməyib. Quru maaş isə çatmır.

Hə, onlar bir əli yağda, bir əli balda yaşayırdılar. Ya Rəbbim, axı insan yalnız bir dəfə cavan olur, ancaq indi hər şey başqa cür olmalıdır.

Ertəsi günü assistent kredit götürdükdə ona zamin durmağı üçün köhnə sığortaçı dostunun yanına xahişə getdi.

– Əziz dost, görürsən də, ata olmaq qərarına gəldinsə, gərək xərclərini də fikirləşəsən.

– Səninlə tamamilə razıyam – deyə dostu cavab verdi – ona görə də mənim evlənmək üçün vəsaitim yoxdur. Sənsə xoşbəxtsən, çünki imkanın var.

Bu sözlərdən sonra assistent ondan zamin durmağı xahiş etməyə utandı. Axı özünə gün ağlaya bilməyən bu subaydan necə xahiş edəydi ki, gələcək uşağı naminə ona yardım etsin? Yox, o, buna hazır deyildi.

Nahar vaxtı evə gələndə arvadı iki cənabın onu soruşduğunu dedi. Onların nə görkəmdə olduqlarını xəbər aldı. Cavan idilərmi? Aahh, gözlük taxmışdilar? Onda, yəqin, Vaksholmdakı leytenant dostlarıdır.

– Yox, leytenant deyildilər, onlar daha yaşlı görünürdülər. 

– Aaah, bildim. Onda Uppsaladan olan köhnə dostlarımdır, yəqin ki, dosent P., bir də küre Q.-dir. Gəliblər ki, köhnə dostları Lüdenin ər kimi kefinin necə olduğunu öyrənsinlər.

– Yox, Uppsaladan deyildilər, Stokholmdan gəlmişdilər.

Qulluqçu qızı çağırdılar. O, gələnlərin əyin-başının nimdaş, özlərinin də əlində əsa olduğunu dedi.

– Əsa? Hm!.. – bu adamların kim ola biləcəyini heç cür anlaya bilmirdi. Onsuz da onlar yenə gələcəkdilər. Onda öyrənmək olar. Yeri gəlmişkən, evə dönərkən rastına lap gülməli qiymətə bir qab bağ çiyələyi çıxdı, həqiqətən lap gülməliydi.

– Təsəvvür edirsən? Qabı bir əlliyə, özü də ilin bu vaxtında.

– Lüdviq, biz belə hara gedib çıxacağıq?

– Hər şey əla olacaq. Mənə bu gün tərcümə veriblər.

– Ancaq axı sənin borcların var, Lüdviq!

– Boş şeylərdir. Boş şeylərdir! Ürəyini sıxma, bircə böyük kreditimi alım...

– Kredit? Bu, axı təzə borca girməkdir!

– Hə, ancaq bax, gör hansı şərtlə verirlər! Bəsdir iş barədə danışdıq.Çiyələklər yaxşıdır? Nə? Bunu bir qədəh Şerri şərabıyla dadmaq yaxşı olar? Necə? Lina, mağazaya get və bir şüşə şerri al!

Günorta yuxusunu salondakı divanda aldıqdan sonra arvadı onunla danışmaq istədiyini bildirdi. Ancaq o hirslənməməliydi!

– Hirslənməməli? O? Allah, sən saxla! Büdcə pulu? Aha. Dükançıdan aldığımız kitabın pulu ödənməyib! Qəssab pulunu tələb edir, faytonçu da inad edir? Bir sözlə, işlər xarabdır!

– Bəsdir, daha bir kəlmə də demə! Elə sabah onların pulu qəpiyinə kimi çatacaq. Bu nə utanmazlıqdır belə, bu cür xırda şeylərdən ötrü bizi sıxışdırırlar. Sabah onların pulu qəpiyinə kimi ödəniləcək, bundan sonra isə onlar bir müştərilərini itirəcəklər. İndisə daha iş barədə danışmayaq. Gəl, gəzməyə gedək. Maşın lazım deyil. Tramvayla zooparka gedərik, bir az orada dincələrik.

Zooparka getdilər, alhambraya  girib ayrıca otaq götürəndə böyük zaldakı cavanlar pıçıldaşdılar. Assistent dedi:

– Onlar elə bilirlər ki, bizim macəra sevdamız qurtarıb.

Ancaq arvadının kefi pozulmuşdu. Xüsusilə də hesab gələndə.

– Görürsən bir, əgər bunun əvəzinə evdə otursaydıq, gör əlimizdə nə qədər pul qalardı!

Aylar keçir! Vaxt yaxınlaşır! Beşik, körpə üçün paltarlar alınmalıdır. O qədər alınası şey var idi ki... Cənab Lüdviq bütün günü mağazalara qaçırdı. Buğdanınsa qiyməti qalxmışdı. Ağır dövr gəlirdi. Nə tərcümə vardı, nə də korrektə işi. Adamlar lap materialist olmuşdular. Kitab-zad oxumur, pullarına yalnız yemək alırdılar. Bu necə yaramaz, necə bayağı zəmanəydi! Həyat idealı itir, hətta bir cüt qaratoyuğu da iki krondan aşağı almaq mümkün deyildi. Faytonçular daha assistentləri zooparka havayı aparmaq istəmirdilər, çünki onların da arvad-uşağı var idi. Hətta Kremer də satdığı malın pulunu istəyir. Ah, bu realistlər!

Vaxt gəlib çatır. Gecədir. O, geyinir və mamaçanı gətirməkçün qaçır. Arvadı zahı yatağında olarkən dəhlizə çıxıb kreditorları qarşılamalı olur. Sonrasa qızını qucağına alır! Bu zaman ağlayır. Çünki məsuliyyəti hiss edir. Bu, onun daşıya bilməyəcəyi ağır bir məsuliyyətdir və o, bunu bilir. Ancaq əsəbləri pozulub. Tərcümə almışdı, ancaq heç cür oturub işləyə bilmirdi, çünki elə hey mağazalara qaçmalı olurdu. Şəhərə gəlmiş qayınatasına xoş xəbəri çatdırmağa tələsirdi:

– Ata olmuşam.

Yaxşı. Bəs uşağı saxlamağa çörəyin var?

– Yox. Hal-hazırda yox. Qayınata, kömək etməlisən! 

– Hə, indilik! Sonra isə yox. 

İndisə gənc qadın onun bazardan aldığı toyuqları yeməliydi, şüşəsi altı kron olan “johanissberger”i də içməliydi. Əsl “johanissberger” idi.

Sonra mamaça da yüz kronunu alır. Nəyə görə biz başqalarından az verməliyik? Məgər Hauptmann yüz verməmişdi?

Gənc qadın tezliklə ayağa qalxdı. Ah, o, yenə də balaca qız kimiydi, beli buğda saplağı kimi incəydi. Bənizi avazımış olsa da, bu, ona yaraşırdı. Qayınatası gəlir və bir də Lüdviqlə təkbətək danışır.

– Daha ağıllı ol və bir müddət uşaq fikrinə düşmə, yoxsa lüt-üryan qalarsan.

Bu nə söhbət idi ata edirdi? Məgər o, evli deyil? Məgər onlar bir-birini sevmirlər? Uşaqları olmamalıdır ki?

– Əlbəttə, ancaq uşaqlar üçün yeməyə çörək də olmalıdır. Sevmək, oynamaq, yatağa girmək, əylənmək – bütün cavanlar bunu istəyirlər. Bəs məsuliyyət?!

Qayınata da materialist olmuşdu. Bu nə zillətli bir zəmanəydi! Bütün ideallar alt-üst olmuşdu! 

Evinə sanki bomba qoymuşdular. Məhəbbətsə yaşayırdı, çünki güclü idi, gənclərinsə ürəyi yumşaqdı. Ancaq məhkəmə rəhmdil deyildi. Borclar qapını kəsdirmişdi, iflasa doğru gedirdilər. Ondansa, borca düşmək yaxşıdır. Qayınatası böyük bir köç arabası ilə gəldi ki, qızını və nəvəsini yığışdırıb aparmaq üçün kürəkəninə, borclarını ödəyib çörəkpulu qazanmayana qədər gözə görünməyi qadağan elədi. Qızına heç nə demədi, ancaq onu evə aparanda özünü, qaçırılmış qızını evə qaytaran ata kimi hiss edirdi. O, öz zavallı qızını birilliyə gənc bir kişiyə etibar etmiş, indi isə onu “rüsvayçılıqla” geri almışdı. Qadın, təbii ki, əri ilə qalmaq isəyərdi, ancaq o, uşağı ilə küçədə yaşaya bilməzdi!

Cənab Lüdviqsə qalıb evinin necə talan olunmasına baxmağa məcbur oldu. Lakin əgər o, evin pulunu ödəməmişdisə, deməli, bura daha onun evi deyildi. Ah! Gözlüklü cənablar çarpayıları və yataq dəstlərini götürdülər; onlar mis və qalaylanmış qab-qacağı, yemək dəstini, tac və çilçıraqları, hər şeyi, hər şeyi götürüb apardılar. Baş verənlərdən sonra bomboş otaqlarda tək-tənha qalanda özünü çox bədbəxt hiss etdi! Kaş ki arvadı yanında olaydı! Ancaq bu çılpaq otaqlarda o, nə edəcəkdi?! Yox, yaxşısı budur, hər şey necə varsa, elə də qalsın. Əsas odur ki, ona yaxşıdır! 

Beləliklə də, qəddar həyatın ciddi üzü özünü göstərməyə başladı! O, səhər qəzetində korrektor işinə girdi. Gecəyarısı redaksiyada olmalıydı. Evə yalnız səhər saat üçdə gedə bilərdi. İflas olmadığı üçün onu işdə saxlamışdılar. Ancaq vəzifə irəliləyişi barədə daha heç bir söz belə ola bilməzdi!

Axır ki, arvadını və qızını həftədə bir dəfə görməyə icazə aldı, ancaq bu görüşlər həmişə nəzarət altında olurdu. Şənbə günü gecəni qayınatasının otağının yanındakı bir hücrədə yatırdı. Bazar günü axşam yenə də şəhərə qayıdırdı, çünki qəzet bazar ertəsi səhər çıxırdı.

Hər dəfə onu bağın qapısına kimi yola salan arvadı və qızıyla vidalaşanda və ən sonuncu təpənin üstündən onlara əlini yelləyəndə, özünü çox biçarə, çox bədbəxt, çox pərişan hiss edirdi! 

Hesablamışdı; bu gedişlə borclarını ödəməyə iyirmi il lazım idi! Bəs sonra? Heç ondan sonra da arvadı ilə uşağının qayğısına qala bilməyəcəkdi! Bəs onun ümidləri? Daha heç biri qalmamışdı! Qayınatası ölsə, arvadı və qızı köməksiz qalardı və onların axırıncı dayağına ölüm arzulamağa belə cəsarət etmirdi. Ah, özünün digər yaratdıqlarına yeməyi havayı verdiyi halda, insan övladına bunu bəxş edə bilməyən həyat necə də qəddardır! 

İlahi, bu necə amansızlıqdır! Necə bir amansızlıqdır ki, həyat insan övladının əlinə qaratoyuq və çiyələk vermir! Bu necə qəddarlıq, necə amansızlıqdır!

DİGƏR MƏQALƏLƏR