YUBİLEY - Ramiz Rövşən

AFAQ MƏSUD                                                                                              

ƏDƏBİYYAT VƏ ONUN ADAMLARI

Ramiz Rövşən

       Zaman ötdükcə ədəbiyyat, mətbuat, internet məkanımız sürətli film titrlərini andıran irili-xırdalı ədəbi mətnlərlə dolub-boşaldıqca, bütün bu sürətin və ötəriliyin fövqündə  öz mötəbər Taxtında içidolu, dinməz sükutuyla əyləşməyə davam edən Ədəbiyyat və Onun adamları barədə düşünməyə bilmir, ömrünü, həyatını Sözdə, Onun İşığında əritməkdə müstəsna rahatlıq və dinclik tapan bu xüsusi növ insanları zaman-zaman dünyaya, insanlığa nəfəs vermək, onu əsrlər və qərinələrlə his-pasdan, günahlardan təmizləməkdən ötrü dünyaya yetirən sirli Həyat Nüvəsinin qüdrətinə heyran qalırsan.

    Bir vaxtlar uzaq Əmircan qəsəbəsinin yarıqaranlıq yollarında Ayın işığına ilişib “başından göyə, dabanından yerə mıxlanan”, itlər canına daraşsa da, yerindən tərpənə bilməyən Ramiz Rövşən də belə xatırlanır – Sözün Özünün, hansısa taleyüklü, ilahi məqam sevib-seçdiyi əlahiddə Sahibi kimi, zaman-zaman bu dünyanın “varolma” darısqallıqlarında azıb boğulan İnsanlığı havalı sahillərə yönəldən sirli İşıq Seli kimi.

 

Ay işığı düşdü göydən,

        canımdan-qanımdan keçdi.

Gözümün içindən keçdi,

           Özümün içimdən keçdi,

        keçdi, dabanımdan keçdi,

Az qaldı ki, 

iki yerə bölə məni,

Başımdan göyə mıxladı,

       dabanımdan yerə məni.

Ha istədim, 

        addım ata bilmədim…

 

Yanımdan adamlar keçir,

       ay işığı nə vecinə?

Burax məni, ay işığı, 

       gedim işimə-gücümə.

 

Bu, nə işdi, ay işığı,

        niyə yolun məndən keçdi?

Hamı çaşdı, ay işığı,

        görən-görən gendən keçdi…

 

…Sən dadıma yetiş, ana,

         ana, sənin balan mənəm.

Bu gecə ay işığına 

         çarmıxlanıb qalan mənəm.

 

Ana, məndən keçən bu işıq nəymiş,

          ana, mən ki işıqyeyən deyiləm,

Görünür, baxtım beləymiş,

          baxtımi söyən deyiləm.

 

Ölməmişəm, ağlamayın,

Keçin, ayaq saxlamayın,

Qapıları bağlamayın,

         onsuz da döyən deyiləm… 

 

     Həmin o taleyüklü gecə Ramizi başından göyə, dabanından yerə mıxlayıb Yerlə Göy arasında simtək gərən bu sirli Şüanın əlahiddə Seçim – onu ömrünün sonunacan özündən buraxmayacaq, bu dünyayla barışmağa, sıravi insanı doyuranlarla doymağa qoymaya-qoymaya öz ardınca aparacaq İlahi Cəzb olduğunu görəsən o vaxtkı oxucuların hamısı anlayırdımı? 70-ci illərin ortalarında qələmə alınmış bu zahirən sadə, duyum əmsalıyla isə, şüur ölçülərinə sığmayan şeirin, qarşıda gələn işıqlı-əzablı bir yolun – böyük Şair Ömrünün manifesti olduğu da, yəqin ki,  o dövrlər heç də hamının dərk edə biləcəyi sıravi həqiqətlərdən deyildi. 

     İllər ötdü, yazılanlar başa gəldi. Ramizi minlərin, milyonların arasından tapıb seçən sirli Şüa onu özündən qırağa buraxmadı… bir anlığa belə olsun, kənara çəkilməyə, ayrı səmtə yön almağa qoymadı. Və Ramiz ilahi ağrılar və iztirablar, uçuşlar və sevgilər, peşmanlıqlar və təəssüflər dolu, bu süd rəngli yolla, heç hara dönmədən, səmtini dəyişmədən, üz tutub getdi... Bəzən rahat, iri addımlarla, bəzən yarıcan halda… yaralarının qanı yola dağılıb Ayın süd işığını qan rənginə boyaya-boyaya...   

 

Yenə bu şəhərdə üz-üzə gəldik…

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, 

              xəbərimiz yox.

 

Aradan nə qədər il keçib, görən?

Tanıya bilmədim, 

               məni bağışla.

Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, 

                    məni bağışla!

 

“Ölmədim” deyirəm,

                           nə bilim axı, –

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Bəlkə də biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

Nə sən indiki, –

Ayrıldıq, şeytanı güldürdük onda; 

Bu ilin,

               bu ayın

                      bu günündəki,

Elə bu küçənin bu tinindəki 

Səni də, məni də öldürdük onda… 

 

     80-ci illərin əvvəllərində yazılmış bu şeir (“Ayrılıq”) dünya ədəbiyyatında, xüsusən poeziyada ən çox rast gəlinən işlənmiş bir mövzuya – başa yetməyən nakam sevgi və ayrılıq mövzusuna toxunursa da, ağrı məhrəmliyi, gizli yaddaş ərazisinə sirayət dərəcəsi ilə sevginin və ayrılığın tamamilə ayrı – şüurun, məntiqin izahına gəlməyən ən gizli qatlarını açır. Sevib ayrılanları, yaxud sevmədən, ayrılmadan öz həyatlarının ardını yaşamağa davam edənləri zədəli xatirələri ilə bu qədər rahat, qansız və xatasız barışdırmaq, alt yaddaşda hələ də asta-asta qan sızdıran yaraları bu qədər rahat ovutmaq, sağaltmaq, elə bilirəm, hər şairə və hər şeirə qismət olan adi tale uğuru deyil. 

     Ağrılı, uzaq xatırlamalar, sarsıntı və itkilər dolu bu bəşəri poeziyanın ümdə niyyəti, ilk baxışda dünyanı imana gətirmək, əzəli bakirəliyinə qaytarmaq, insanı özünə, Allaha yaxınlaşdırmaq cəhdi kimi başa düşülürsə də, iç dünyada yaratdığı təlatümlər, oyadıb hərəkətə gətirdiyi sirli axıntılar, ruhi inqilablar onun, hansısa daha əzəli və qədim – müasir idrakın, şüurun adlaya bilmədiyi izaholunmaz dəyərlər daşıyıcısı olduğunu bildirir. 

  Ədəbiyyata Sovet ideologiyasının ən amansız dövrləri – 60-70-ci illərdə qədəm qoymuş Ramiz Rövşən səlist, şirəli şeir dili, rəvan təhkiyyəsi ilə ilk əvvəl ənənəvi milli ədəbi məktəbin davamçısı kimi tanınmağa, ara-sıra hədsiz azad və burxuq fikirlərinə görə tənqid olunmağa başlasa da, bir qədər keçmiş, alıcı quş gözünü andıran xırda, qonur gözləri, çiyninə dağılan kül rəngli saçlarıyla Amerika hindularını xatırladan bu cüssəli adamın, heç də sələflərinin davamçısı olmadığı, şeirləri, düşüncəsi, amalı və əqidəsi ilə milli ədəbi məkanın ənənəvi şərtiliklərindən çox-çox uzaq, fərqli bir mühit yaratdığı məlum oldu. Bu, hər bir şeyin öz adıyla çağırıldığı, insanların, əşyaların və rənglərin astar üzünə çevrilə, qəbirlərin göz yaşı axıda, qızların ağaclartək, uzanıb bir-birinə dəyə bildiyi, tamamilə yeni, azad bir Söz mühiti idi...

 

Qara-qara qarışqalar

      kəpənəyi neylədiniz?

 

Toplaşdınız, top oldunuz,

Qanad-qanad qopardınız,

Daşıdınız, apardınız, 

      kəpənəyi neylədiniz?

 

Ayrıldı gün işığından,

Sıyrıldı göy qurşağından,

Qulağım batdı, tutuldu

Güllərin qışqırığından,

        kəpənəyi neylədiniz?

 

Dərdi düşər ağızlara,

Haraylar, çağırar sizi.

Nə yedirər, doyuzdurar, 

Nə qışdan çıxarar sizi,

         kəpənəyi neylədiniz?!. 

 

    Ramiz Rövşənin şeirləri haqqında çox yazılıb. Məqalələr, esselər, elmi-nəzəri əsərlər, tədqiqat işləri... Lakin elə bil yazılanların heç biri bu poeziyanın özəl mahiyyətini, canında solmadan, təsir gücünü, təravətini itirmədən yaşayanın nə olduğunu, bütün bu təəssüratın nədən bəhrələndiyini müəyyən edə bilməyib. Əslində də, sanki üzdə olan aydın mətləblərdən – sevgidən, ayrılıqdan, insan qüdrətsizliyinin təslimindən və sairədən sadə Azərbaycan dilində bəhs edən bu şeirlərin canında yaşamağa davam edənin hardan baş aldığını, nədən qaynaqlandığını müəyyən etmək mümkün deyil. Küləyin, yağışın, şimşəyin mənbəyinin, yaranma və hərəkət istiqamətinin heç bir elmi tədqiqatlar, üsullar və nəzəriyyələrlə müəyyən edilməsi mümkün olmadığı kimi. 

 

 Tənhalıq başlayır burdan o yana,

        keçdikcə keçilməz, atam balası.

Ayları, illəri tutsan boyuna,

Çayları, çölləri tutsan boyuna,

       ölçdükcə ölçülməz, atam balası.

 

Daha çoxlarıyla aram sərinlər, 

        çoxları boyuma sevinməz daha.

23 yaşında məni sevənlər

         33 yaşında sevəmməz daha.

 

Mən axı nə Çöləm, 

    nə Yol,

            nə Küçə,

Mən axı hamının ola bilmərəm.

Məni sevənlərdən ötrü – ölüncə

23 yaşında qala bilmərəm.

 

Nə qədər sözlər var sözümdən cavan,

      daha çığırmağa nəfəsim gəlmir.

Daha bu dünyada özümdən cavan

      şeirlər yazmağa həvəsim gəlmir.

 

Kiriyir, yumşalır şeirlərim də,

      qocalır misralar, sözlər mənimlə.

Dostlar cavan qalır şeirlərimdən,

      qocalmaq istəmir dostlar mənimlə.

 

İlahi, qocalıq buymuş deməli,

       dostlardan səssizcə qırılır adam.

Ömür bir bulanıq suymuş deməli, 

      ömür azaldıqca, durulur adam.

 

İçimin-çölümün yuyulur pası,

       sətirlər göyərir bu ağ varaqda.

Nə çoxmuş ürəklə əlin arası,

        nə yaxşı ölmədim bu aralıqda...

 

   Ramiz hər zaman şeir yazmaq ovqatında olmur, efirdə, mətbuatda, sosial şəbəkələrdə gözə az-az dəyir. Lakin heç cür köhnəlmir, arxa plana keçmir, sevgi çevrəsini itirmir. Əksinə, zaman ötdükcə, bu çevrə böyüyür, ölkə sərhədlərini aşaraq, cənub Azərbaycanına, Pribaltikaya, uzaq Latın Amerikasına, Türkiyəyə, Rusiyaya sarı uzanır. 

    Ramizin Ay işıqlı yolu kimi…

     Bir vaxtlar Əmircan qəsəbəsinin yarıqaranlıq yollarından başlanan bu çətin və əzablı, eyni zamanda müqəddəs və şərəfli yolu Ramiz bu gün də, 70 yaşının tamamında müdrik aramlıqla getməyindədi. Onu illər uzunu haldan-hala, şəkildən-şəklə sala-sala, gah başından quyruğunacan uzanan “ilan balası”na, gah sağ ikən, qəbri göz yaşı axıdan dinməz ölüyə çevirən bu yolun sonu, qurtaracağı yoxdur. Ayın işığının, sevginin, rəhmin və ayrılığın sonu, qurtaracağı olmadığı kimi. “Ay işığı”n dan başlanan bu süd rəngli yol zaman çalalarının arasıyla, ətrafına, gah ulduz sayrışmalarını andıran işıq zərrələri səpə-səpə, bəzənsə tənha, qaranlıq gecələri məhrəm ana ağuşuna çevirən sirli ocaqtək, közərə-közərə getməyində, getdikcə, bizlərdən uzaqlaşmaq əvəzinə, yaxınlaşmaqdadı…                                                                                

2016 

 

 

RAMİZ RÖVŞƏN

SƏNİ TAPŞIRIRAM AY İŞIĞINA

(“itmiş kitab”dan şeirlər)

 

Poeziyanı müxtəllif mövzulara bölmək mənə həmişə qeyri-ciddi görünüb. “Təbiət şeirləri”, “sevgi şeirləri”, “vətən şeirləri”... Guya sevgisiz və ya vətənsiz şeirlər də var.

Amma o bölgüylə yanaşsaq, uzaq yetmişinci illərdə yazdığım bu şeirləri, yəqin ki, “sevgi şeirləri” adlandırmaq olar.

Əslindəsə, bu şeirlər, mənim 1970-ci ildə çap olunan “Bir yağışlı nəğmə” adlı ilk kitabımla 1987-ci ildə çıxan “Göy üzü daş saxlamaz” adlı ikinci  kitabımın arasındakı on yeddi illik fasilədə işıq üzü görə bilməyən “itmiş kitabım”ın şeirlərindəndi.

 

ŞEYX SƏNAN

 

Şeyx idim, başıma and içirdilər,

Mən səndə başımın tacını gördüm.

Əvvəl gül üzünü, sünbül saçını,

Sonra boynundakı xaçını gördüm.

 

Nə çox qızlar vardı –

                             dərdimdən ölən,

Allah xoşbəxt etsin o qızları da.

Mən tək səni sevdim, tək sənə görə

Sevdim otardığım donuzları da.

 

Amma çox eşitdim acı sözləri,

Nə rahatlıq tapdım, nə yuxu bildim.

Mən tək sənə görə o donuzları

Dünyanın ən təmiz məxluqu bildim.

 

Bir quşam, bu quşun dəni sevgidi,

Məni dinsiz saymaq günahdı axı.

Dünyanın ən gözəl dini Sevgidi,

Ən gözəl sevgili Allahdı axı.

 

Mən qaldım Allahla sənin aranda,

Beləcə, nə səni, nə onu seçdim.

Hər yandan üzüldü ümidim onda, 

Mən “ölüm” adlanan bu sonu seçdim.

 

Yox, sənə satmadım Allahımı mən 

Bu dəli sevgiylə din savaşında.

Allah ölümsüzdü, –

ölümə gedən

Bu yolda sən oldun yol yoldaşım da.

 

Bax, daha xoşbəxtik mələklər kimi,

Bəxtin üzümüzə güldüyü yerdə.

– Hardayıq? Cənnətdə, cəhənnəmdəmi?

– Allahın məsləhət bildiyi yerdə...

1971

 

BU ŞƏHƏRDƏ ƏN GÖZƏL İŞ

 

Bu şəhərdə ən gözəl iş

səni sevməkdi, sevmək!

Səni bu şəhərin hər qarışında,

        yazında, yayında, qışında sevmək.

Səni qaranlıqda, işıqda sevmək.

 

Tellərini tükbətük,

əllərini barmaq-barmaq sevmək.

Hər gün sənə şeir yazıb,

        səni varaq-varaq sevmək.

 

Varağa hopan mürəkkəb kimi

  sənə hopmaq.

Hər gecə özümü səndə itirib,

         hər səhər yenə tapmaq.

 

Dəyişdim mən səni görəndən bəri,

Mənə nə etdinsə, təkcə sən etdin.

Sənsiz bu şəhərdə qəribdim, qərib,

Mənə bu şəhəri sən vətən etdin.

 

Burda təkcə səni qazanmışam mən,

Bəxtim öz işini bilirmiş demə.

Yüz yol bu şəhərdə yol azmışam mən,

Bütün yollar sənə gəlirmiş demə.

 

... Qırmızı yaylıqda

     yoldan ötürdün,

Qanım damarımda dondu, dayandım.

Dəlitək sürdüyüm bu cavan ömrün

Qırmızı işığı yandı, dayandım...

1978

 

GİZLƏYİM, HAMIDAN SƏNİ GİZLƏYİM

 

Gizləyim –

hamıdan səni gizləyim.

Səni hər gün dünənkindən daha çox

             sevim, əzizləyim.

 

Şorgöz kişilərin

                        hər baxışından,

Arvadların

         qeybətindən, qarğışından,

Yayın günəşindən,

                    payızın yağışından,

Qatardan, maşından,

   yerdən, göydən, hər şeydən

      səni qoruyum, səni gizləyim.

 

Səni hər gün dünənkindən daha çox 

                  öpüm, əzizləyim.

Sürünənlər arasında

              sonuncu qanad kimi,

Dilənənlər arasında

              sonuncu manat kimi

                 gizləyim –

                        hamıdan səni gizləyim.

 

Xəzinə üstündə qıvrılıb yatan

       ilantək qıvrılıb yatım qapında.

Tək sənin adın yazılsın

                  mənim sevgi kitabımda.

Gözümün qarasında

     səni bəbək kimi,

Vərəqlər arasında

        səni çiçək kimi, kəpənək kimi

                 qoruyum, saxlayım mən.

Qoruya-qoruya qurudum səni,

Quruda-quruda unudum səni...

1973

 

SƏNİ HARDA İTİRDİM?

 

Heç bilmirəm mən səni

                         haçan, harda itirdim?

Yağış yudu, 

              yoxsa ki, külək apardı səni?

Bu sevgi nağılını

                     mən biryolluq bitirdim,

Axtarmıram –

           axtarsam, yəqin, tapardım səni.

 

Dünyada bircə qorxum

                 səni itirmək idi,

Sən yoxsan – 

       bu dünyada daha mənə qorxu yox.

Amma sənsiz elə bil

           hər şey şikəstdi indi;

Saatımın əqrəbi,

                          çaynikimin qulpu yox.

 

Yel vurduqca yellənir 

                  pencəyimin ətəyi,

Pencəyimin sonuncu

                          düyməsitək qopmusan.

Barı çoxdan sovulmuş

                    ağacın üsündəki

Ən sonuncu, ən şirin

                           meyvəsitək qopmusan.

 

– Dərdlilər öz dərdini 

                              suya deyər, – deyiblər.

Yaxşı ki, su da gəldi,

                           dərdimdən azad oldum.

– Armudun yaxşısnı 

                            ayı yeyər, – deyiblər.

Getdin, hansı ayının 

                           damağında dad oldun?!..

 

Sənsiz, elə bilmə ki,

                        kefə baxıram, kefə,

Sən yadıma düşəndə

                        darıxıram hər gecə.

Uşaq vaxtı, haçansa,

                       ömrümdə bircə dəfə

Pişiyimiz itəndə

                     darıxmışdım beləcə.

 

Daha uşaq deyiləm – 

                          hər itənə ağlayam.

Rahat yatıram daha,

                        yuxum div yuxusudu.

... Kimdi bu gecə yarı

                        qapımı cırmaqlayan?

Bu nə səsdi?

               Deyəsən, pişik miyoltusudu...

1971

 

BİR AĞACIN KÖLGƏSİNDƏ

 

Bir ağacın kölgəsində

       yatır bir qız, bir oğlan.

Nə o qızı axtaran var,

       nə oğlanı çağıran.

 

Gizli, xəlvət bir görüşün

       bir az yorğun çağında – 

O qız yatır şirin-şirin 

             oğlanın qucağında.

 

Yuxusunda nə görürsə,

       hərdən gülür yavaşdan.

Toxunduqca hər nəfəsi – 

        yarpaq qopur ağacdan.

 

Yarpaqlar da lap saralıb,

       çoxu dönüb xəzələ.

Yarpaqların rəhmi gəlir

        bu uyuyan gözələ.

 

Xəbərsizdi bu qız hələ

      bəxtindən, qismətindən.

Bu oğlanın cibindəki

      o qatar biletindən.

 

Bu oğlanı şəhər çəkir,

      kənddən gedir zəhləsi.

Çətin olar, bir də, çətin,

       onun kəndə dönməsi.

 

Bu qız onsuz neyləyəcək;

      solub dərddən, kədərdən –

 Bir il, beş il gözləyəcək,

       bəlkə, dönər şəhərdən.

 

Sonra baxan olmayacaq

      bu qızın ah-ufuna.

Zorla ərə verəcəklər

       lap uzaq bir qohuma.

 

Bəlkə, ərə getməyəcək,

       cıracaq üz-gözünü.

Çıxıb kəndin ortasında 

        yandıracaq özünü.

 

... Şirin-şirin yatır hələ,

       amma hərdən səksənir.

Yuxusunda, bəlkə, elə

        qatar fiti səslənir...

1971

 

TOY

 

Sən getdiyin yolu azıb,

başqa yola çıxmısan.

Hara gedirdin, qadası,

gəlib hara çıxmısan?

 

Bu nə toydu, atam oğlu?

Bir ölən eşqin yası...

Sən sevən qız başqasıydı,

sən alan qız başqası.

 

Bu səs-küylü toy axşamı

qardaş-bacın oynayır.

Səndən başqa burda hamı

əl-qol açıb oynayır.

 

Əllərə bax, bu əllərə;

yellənir qanad kimi.

Müğənni də qalxıb zilə,

şahə qalxan at kimi.

 

Yox!.. Bu toyun səndən ötrü

bir damcı sevinci yox.

Oturmağa gücün çatmır,

qaçmağa da gücün yox.

 

Rəhmin gəlir yanındakı

bu yad qıza, şad qıza.

Ağ gəlinlik donundakı

bu yazıq, xoşbaxt qıza.

 

Bu qız sənə yadsa əgər,

yüz yol öp, nə xeyri var?

Sənə doğma olacaqmı

o doğduğu balalar?!..

 

... Bəlkə, tale görüşdürüb,

rast salıb fələk sizi.

İkinizə bəs eləyər

tək bu qızın sevgisi.

 

O sevgiylə qızınarsan

ən soyuq havalarda.

O sevginin işığında

böyüyər balalar da.

 

Dur, bu qızla oyna görüm

ömrün bu xoş anında.

Kim bədbaxt olar, kim, –

bu cür xoşbaxt qızın yanında?!..

1973

 

GƏL BİR AZ AYRILAQ...

 

Gəl bir az ayrılaq... bircə günlüyə,

         bircə saatlığa, bircə anlığa.

Bircə küçəliyə, bircə tinliyə,

          lap bir döngəliyə, bir dalanlığa.

 

Hərəmiz bir yana üz tutub gedək,

Bir başqa küçədə görüşək yenə.

Ayların, illərin həsrətlisitək

Yenə qucaqlaşaq,

                             öpüşək yenə.

 

Ayrılıq –

              sevginin astar üzüdü;

Ən bərk sevənlərin payına düşər

              ən uzun ayrılıqlar.

Kim bilir, hardasa, bəlkə, bizi də

       gözləyən upuzun bir ayrılıq var.

 

Bölək küçə-küçə o ayrılığı,

       baxmayaq gündüzə, gecəyə belə.

Payımıza düşən o ayrılığı 

       hər gün xırdalayıb xərcləyək belə.

 

Axırda görək ki, yoxdu dərdimiz;

Kədər yoxsuluyuq, qəm yoxsuluyuq.

Ayrılıq sarıdan bu dünyada biz

Bütün sevənlərin ən yoxsuluyuq.

 

Yağsın başımıza bu bəxtəvərlik,

Bir ömür yaşayaq –

                               iki nəfərlik.

Hər gün ağac kimi bitim yanında,

Hər gün deyim:

                 – Səni sevirəm... amma...

Hərdən yola çıxıb azmağım gəlir,

Sənin xəbərin yox bu təhlükədən.

Hərdən sənə məktub yazmağım gəlir;

Bir sevgi məktubu... qürbət ölkədən...

1978

 

SƏNİ TAPŞIRIRAM AY İŞIĞINA

 (güzgülü şeir)

 

Səni bu gecəyə tapşırıram, get,

Səni tapşırıram ay işığına.

Astaca-astaca, aram-aram get,

Çağırsam, dayanma qışqırığıma.

 

Düz yeri, burulma döngəyə, tinə,

Qoy hələ bir az da görüm mən səni.

Hayana gedirsən? Kimin ömrünə

Mən yola salıram ömrümdən səni?!

 

Gedirsən, yerişin nə qorxacaqdı,

Hardasa ulayan bir tənha it var.

Qayıtmaq istəsən, qapım açıqdı,

Hələ ay batmayıb, hələ ümid var...

 

........

 

...Hələ ay batmayıb, hələ ümid var,

Qayıtmaq istəsən, qapım açıqdı.

Hardasa ulayan bir tənha it var,

Gedirsən, yerişin nə qorxacaqdı.

 

Mən yola salıram ömrümdən səni, 

Hayana gedirsən? Kimin ömrünə?!

Qoy hələ bir az da görüm mən səni,

Düz yeri, burulma döngəyə, tinə.

 

Çağırsam, dayanma qışqırığıma,

Astaca-astaca, aram-aram get.

Səni tapşırıram ay işığına,

Səni bu gecəyə tapşırıram, get!..

1971

 

BİTDİ BU MƏHƏBBƏT OYUNU DAHA

 (güzgülü şeir)

 

Söndür işıqları, pərdəni yendir,

Bitdi bu məhəbbət oyunu daha.

Biz gərək tərk edək səhnəni indi,

Yox bunun oyanı-buyanı daha.

 

Niyə Leyli-Məcnun ola bilmədik?

Onlardan nəyimiz axı pis oldu?

Biz sevgi yolunda ölə bilmədik,

Ölən biz olmadıq, sevgimiz oldu.

 

Gəl, daha ayıraq yollarımızı,

Biz gedən bu yolun o başı yoxdu.

Biz pis oynamadıq rollarımızı,

Heyif, tamaşaçı alqışı yoxdu...

...................................................

Heyif, tamaşaçı alqışı yoxdu,

Biz pis oynamadıq rollarımızı.

Biz gedən bu yolun o başı yoxdu,

Gəl, daha ayıraq yollarımızı.

 

Ölən biz olmadıq, sevgimiz oldu,

Biz sevgi yolunda ölə bilmədik.

Onlardan nəyimiz axı pis oldu?

Niyə Leyli-Məcnun ola bilmədik?

 

Yox bunun oyanı-buyanı daha,

Biz gərək tərk edək səhnəni indi.

Bitdi bu məhəbbət oyunu daha, 

Söndür işıqları, pərdəni yendir.

1973

 

BİR QƏFİL ZƏNG

 

Bu payız gecəsi boş küçələri

    gəzirəm kimsəsiz bir uşaq kimi.

Sənə zəng vurmağa gicişir əlim;

     sənə... bir qəfil zəng... şapalaq kimi.

 

Bir zəng... çoxdandı ki, yadından çıxan

     o sevgi dolusu illərdən sənə.

Bir vaxt saçlarına yüz sığal çəkən,

      səni əzizləyən əllərdən sənə.

 

Sənsiz o əllər də indi yetimdi – 

      bu payız gecəsi, ay işığında

Gəzir ciblərimi o əllər indi

      bir ikiqəpiklik axtarışında.

 

Tapdım, yavaş-yavaş yığdım nömrəni;

Əvvəli beş idi, axırı iki.

Səsin səksəndirdi qəflətən məni:

– Alo, eşidirəm... Alo, kimdi, kim?!

 

Nə deyim? Səninçün mən kiməm axı?

Köhnə sevgilimi? Köhnə tanışmı?

Ömrün bir ötəri səhvi, günahı,

Bir şirin yuxumu, ya aldanışmı?!

 

Daha o yuxudan ayılmısan sən,

Daha bu zəngimə nə ehtiyac var?

Gör sənin dərdindən nə qədər ölən,

Gör sənin sevginə nə qədər ac var.

 

Eşitdim səsini... mənə bəsdi, bəs...

Bağışla bu dəli istəyimi də.

Bir kəlmə demədən, dinməz-söyləməz

Asdım telefonun dəstəyini də.

 

... Yenə tək gəzirəm boş küçələri,

     qapıdan qovulmuş bir qonaq kimi.

Yenə zəng vurmağa gicişir əlim;

     sənə... bir qəfil zəng... şapalaq kimi...

 

1973

DİGƏR MƏQALƏLƏR