AZƏRBAYCAN ƏDƏBİYYATI - Elçin

Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq «müəllifin qəhrəmanlarıdır» – müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dmitriyeviç Sisianov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır. 

Bu əsərdəki tarixi kolorit – tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində «özününküdür».

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil.

 

                                                Müəllif bu romanı İlyas Əfəndiyevin

                                                                 xatirəsinə həsr edir

 

BAŞ 

(Roman)

 

                                                                              Həyatım ağrıyır

                                                                                            Ənvər Məmmədxanlı

 

                                                                           Bir də bu dünyaya gəlməyə tövbə

                                                                                               Arif Abdullazadə

 

(əvvəli ötən sayda)

 

16.

Kapitan Fyodr Mitrofanoviç Suxaryov hirslə səyyar çadırına girib, şapkasını başından alaraq çarpayının üstünə çırpdı – tuzem bir gürcü rus ordusunun otuz illik veteranını, rus soldatını, bütün nəsli ilə, canı, qanı ilə rus olan, böyük  Rusiya torpağının əsil sahibi olan Suxaryovu təhqir edə biliridi və rus Suxaryovun bu qafqazlı törəməsinə cavab vermək hüququ yox idi, ancaq təqsir o qafqazlı törəməsində deyildi, təqsir onu rus ordusunun komandanı təyin edənlərdə idi.

Ordu qış formasına keçmişdi və Fyodr Mitrofanoviç eləcə hirslə də kürkünü çiynindən alıb çadırın bir küncünə atdı və palçığa batmış sapoqlarını çıxarmadan çarpayıda uzandı. Səyyar  çarpayının dəmir yayları onun ağırlığından cırıldadı və bu cırıltı, elə bil, o sübh çağı Suxaryovun iliklərinə qədər işləmiş o pərtlik acısının, içinə dolmuş o qəzəbin iniltisi idi.

«Donuz!»

Bir tuzem törəməsi, ona «donuz» deyir, onun yavəri fon… fon… Tfu! Rus adamı bu «fon»un familini də yadında saxlaya bilmir!

Əlbəttə, rus soldatı Baş komandanın gözlərində donuz olacaqdı! 

O, – kapitan Suxaryov donuz olmasaydı, bir tuzem törəməsi rus ordusunda Baş komandan ola bilməzdi. Bir «fon» da onun yavəri!..

Suxaryov otuz il idi cəbhələrdə, ən ön mövqelərdə vuruşurdu, türklərdən, isveçlərdən tutmuş bu tərəfə – kim var idi ki, bu otuz ildə Rusiya naminə onlarla vuruşmasın? – indi də var qüvvəsi ilə Qafqaz tuzemləri ilə vuruşurdu və bu otuz ildə ancaq kapitanlığa gəlib çıxmışdı, çünki Rusiyada ağalıq edən «fon»lardan deyildi, baronlardan, markizlərdən deyildi, nəsli gedib Çingiz xana, ya da ki, yəhudilərə dirənmirdi, əlləri arvad əlinə oxşayan, özləri də göylə uçan dvoryan ərköyünü deyildi, sadə rus dəmirçisinin oğlu idi. 

Suxaryov bununla fəxr edirdi, fəxr edirdi ki, onun qanı təmiz rus qanıdır və bu qan heç nəyə bulaşmayb, ancaq nə olsun, bu gün təmiz rus qanı, rus ruhu kimə lazımdır?

Əgər sən «fon» deyilsənsə, nəslin gedib Avropaya çıxmırsa, heç olmasa baban xaç suyuna salınmış tatar deyilsə, təmiz rus, slavyansansa, onda bu məmləkətdə sən kimə lazımsan? – heç kimə! Rusiya öz övladlarına sahib çıxa bilmir, Rusiyanın öz övladlarını qiymətləndirmək imkanını əlindən alıblar. Soldatdan marşalacan yüksəlmiş Lefevr  dəyirmançı oğludur, Ojeronun  da atası adicə nökər idi, ona görə də Napoleon bu gün bütün Avropaya qan uddurur.   

Suxaryov yalnız  qılınc adamı deyildi, o, eyni zamanda mütaliə həvəskarı idi, uşaqlıq, yeniyetməlik çağlarında oxumaq, təhsil almaq imkanı olmadığı üçün, o, əlifbanı da hərbi xidmətə getdikdən sonra özü öyrənmişdi və o vaxtdan da qəzetlərin, jurnalların, kitabların mütaliəsi də, güllə və süngü kimi onun həyat tərzinə çevrilmişdi. O, başa düşürdü ki, Avropa inkişaf edib, elmdə də, mədəniyyətdə də, hərbi sürsat sahəsində, gəmiçilikdə də Rusiyanı geridə qoyub, ancaq Suxaryov buna da əmin idi ki, Yaradan rus xalqına o insani dəyərləri bəxş edib ki, onlar Avropada mövcud deyil. Suxaryov buna da qəti əmin idi ki, ana Rusiyanı yalnız rus ruhu irəli apara bilər və nəsli ilə təmiz rus olmayan bir kəsdə rus ruhu da ola bilməz. Nənəsindən rus nağıllarını eşitməyən, çastuşkadan ləzzət almayan, rus sobasının istisində qızınmayan kimsələrdən rus ruhunu ummaq – elə onlardan birisi kimi olmaq deməkdir. 

Suxaryov Qafqazda – bu vəhşi diyarda damarlarında təmiz rus qanı axan cəsur gənclərin tuzem güllələrindən, tuzem qılıncından həlak olduqlarını görəndə, bir ürək ağrısı ilə bağırmaq istəyirdi: baxın, bu gənclərin arasında bircə nəfər baron oğlu, cürbəcür «fon»ların ərköyün balasını tapa bilərsinizmi? Yox! Ölən sadə rus olmalıdır, əmr verən isə həmin baronlar, qraflar, «fon»lar və elə tuzemlərin öz nəslindən birisi olmalıdır!

Suxaryov yerində qurcalandı və səyyar çarpayı yenə də bu ağır adamın çəkisindən cırıldadı – bu dəfə o cırıltı, elə bil, çadıra çökmüş sükut içində kapitan Suxaryovun fikirlərini təsdiq etdi. Rus knyazlarının, qraflarının – onların da çoxu, Sisianov kimi, təmiz rus deyildi – oğlanları, bəs, siz hardasız, nə üçün bu vəhşi diyarda ana Rusiya naminə həlak olan gənclərin arasında deyilsiniz? Gənc rus soldatları Rusiya naminə həlak olarkən, sizi Peterburqun, Moskvanın kübar salonlarında özünüz kimi adını rus qoyub, rus dilində danışmaqdan utanan qızlarla rəqs edəndə tapmaq olar. Bilirsiniz, niyə? Ona görə ki, Rusiya sizin vecinizə deyil! Ona görə ki, alman, ya fransız – fərqi yoxdur, Avropadan gəlmiş, ya da xüsusi dəvət edilmiş quvernantkalar, müəllimlər sizi ana Rusiyaya yad insanlar kimi böyüdüb! Ona görə ki, siz böyük rus anasının laylasını eşitməmisiniz. Ona görə ki, siz bilirsiniz: layiq olsanız da, olmsanız da sizi ali rütbələr, vəzifələr gözləyir, ancaq siz o rütbələrlə, o vəzifələrlə Ana Rusiyaya bircə qəpiklik də xidmət edə bilməyəcəksiniz və bu, sizin vecinizə də deyil.

11 Yekatrina növbəti oynaşı 22 yaşlı Platon Zubovu praporşiklikdən birdən-birə general-feldtsexmeyster etdi – elə rütbələr təsis edirlər ki, rus adamı bunu heç tələffüs də edə bilmir –  Yekatrina Platonu bütün Rusiya artilleriyasının komandiri təyin etdi, Platon fliqel-adyutant oldu, çünki Yekatrinanın yatağında hərbi şücaətlər göstərirdi, çarpayıda top mərmisini hədəfə düz tuşlayırdı. 

Yekatrina Platonun 25 yaşlı qardaşı Valerian Zubovu isə Qafqaza göndərilən ordunun  Baş komandanı təyin etmişdi və bu oğlancığaz Ağa Məhəmməd şah Qacar kimi bir qaniçən şirlə kəllə-kəlləyə gələcəkmiş… 

Suxaryov onda da Qafqaz ordusunda xidmət edirdi və o, iti kəndli ağlı ilə başa düşürdü ki, Avropa yalnız o zaman Rusiyanı  qəbul edəcək, Rusiya ilə nəinki barışacaq, hətta  Rusiyaya yaltaqlanacaq ki, Rusiya dünyanın hegemon bir dövlətinə çevrilsin, bu isə o vaxt mümkündür ki, Rusiya isti sulara, Hind okeanına çıxsın və kapitan Suxaryov dərk edirdi ki, bu məqsəd üçün Cənubi Qafqaz kompaniyası mühüm bir mərhələ olmalıdır, sonra hərc-mərclik içində olan İrana girmək lazım idi, sonra da – İstanbul, boğazlar.

Suxaryovun fikrincə İstanbulu almaq həm də rus xalqının Yaradan qarşısında bir xristianlıq borcu idi, pravoslav xaçını Sofiya məbədinə qaytarmaq lazım idi və Suxaryov bunları fikirləşəndə ehtirasılı bir etiraz dalğası onun bütün vücudunu yandırıb-yaxırdı: oynaşlarla, knorrinqlərlə, mədə qurdu kimi ana Rusiyanın içinə girib, ağalıq edən, Rusiyanı yox, Rusiya hesabına qazandıqları şəxsi firavanlıqlarının, var-dövlətlərinin keşiyində dayanmış  mənsəbpərəst almanlarla, tatarlarla, gizli və bəzən də açıq yəhudilərlə, hətta budur – Qafqaz tuzemlərinin törəmələri ilə nə etmək olar? Mixail İllarionoviç  cürbəcür barkalayların , benniqsenlərin , Vintsinqer… tfu!.. rus insanı bunların adını necə tələffüz etsin?!.. Vints-in-qer-o-de… vitsinqerodelərin  əhatəsində nə edə bilər? Birdi, ikidi, beşdi, ondu bəyəm? Pyotr boyarların saqqallarnı qırxdırdı, axırı nə oldu? Vətənləri olmayan, ana torpağın nə olduğunu bilməyn bu adamlar Avropadan tökülüşüb, taxtabiti kimi ana Rusiyanın canına daraşdı, onların çoxu öz ölkələrində heç nəyə yaramadıqları üçün, geniş ürəkli Rusiyaya üz tutdular və burada mənsəb qazandılar. Avropanın müflisləşmiş baronlarının, qraflarının törəmələri öz yüksək mənsəblərinin arxasında gizlənərək, Rusiyada hörmət sahibi, hətta qibtə mənbəyi olublar, rus mujikləri isə onların karetasını sürür, ayaqqabılarını təmizləyir, sobaları üçün odun doğrayır, rus qadınları da onların tuman-köynəyini yuyub-ütüləyir, onlardan bic uşaqlar doğur. Avropada dinsiz və əxlaqsız avantürist qalmadı, hamısı Rusiyaya axışdı. 

Və kapitan Suxaryov ürək ağrısı ilə fikirləşirdi ki, bir azdan Rusiyada Rusiyanın özünə yer olmayacaq. Pyotr kor-koranə Avropanı yamsıladı və rus adət-ənənələrinin axırına çıxdı, özü də milliyyəti bilinməyən bir Pribaltika qəhbəsi ilə evlənib, onu Rusiyanın imperatriçası  etdi. Hər hansı başqa bir millətin nümayəndəsi – bir alman, yaxud bir tatar, yaxud da elə bir rus İngiltərənin kralı ola bilər? Onun gö.ünə ağac soxarlar, çünki onlar – ingilislər, fransızlar, almanlar bizim kimi sadəlövh, bizim kimi axmaq deyillər, onların xaça məhəbbəti də, özlərinə sevgilərindən sonradır.

Bütün bunlar ürəyi dərdlə, ağrı-acı ilə dolu olan bir adamın, sadə bir rus soldatının fikrindən keçirdi və kapitan Suxaryov vicdan əzabı çəkirdi ki, bəzən özü öz xalqını söyür, ancaq bu söyüş, əslində, həmin xalqa sonsuz bir məhəbbətin ifadəsi idi – təmənnasız bir məhəbbətin, qanla gələn bir məhəbbətin, onun içində şiddətlə nəbz kimi vuran məhəbbətin.

O zaman – elə indinin özündə də – xalqın arasında belə bir şayiə gəzirdi ki, guya, Pyotr cavan yaşlarında gizlincə Rusiyadan çıxıb, sadə bir rus kimi «Böyük səfirliyin» tərkibində Avropaya gedəndə, onu orada dəyişdirmişdilər və yalnız iki ildən sonra Rusiyaya qayıdan Pyotr rus deyildi. Əlbəttə, kapitan Suxaryov bu şayiəyə inanmırdı, hərçənd Avropadan nə desən, gözləmək olardı, ancaq məsələ bunda deyildi, məsələ onda idi ki, Pyotr rus ruhunu rus torpağından zor ilə süpürüb çıxarmaq istəyirdi, buna görə də, sadə rus xalqı arasında belə şayiələr yaranırdı

Pavelin anasından zəhləsi gedirdi,  anasının elədiklərinin əksini edirdi və taxta çıxan kimi də, ordunu Cənubi Qafqazdan geri çəkdi.

Kapitan Suxaryov tamam əmin idi ki, on il bundan əvvəl, Pavel ordunu geri çağırarkən Cənubi Qafqaz İmperator sarayındakı ailə intiriqasının qurbanına çevrildi və Suxaryov o vaxt da, indi də yanıb-yaxılırdı: gərək öz dövlətinin taleyinə nə qədər səthi münasibət bəsləyəsən ki, Cənubi Qafqaz kimi varlı bir diyardan, bərəkətli bir torpaqdan imtina edəsən, ən əlverişli bir şəraitdə bu yerləri ailə intirirasına görə ana Rusiyanın əlindən çıxarasan!?

Əgər belə olmasaydı, o zaman ordu geri çağrılmasaydı, indi İblis ruhlu bu gürcü çarlarından və knyazlarından, bu məlun Azərbaycan xanlarından əsər-əlamət də qalmamışdı və bu torpaqlar artıq ana Rusiyanın quberniyalarına çevrilmişdi, bu qədər rus gənclərinin də həyatı Rusiya üçün qorunub saxlanardı.

Bu gün Rusiyaya qanı ilə, canı ilə rus olan öz yeni İvan Qroznısı lazım idi və kapitan Suxaryov qəti bu fikrdə idi ki, belə bir adam, yəni bütün nəsil-nəcabəti ilə rus olan, damarlarında zərrə qədər də bulaşmamış rus qanı axan bir nəfər Rusiya taxt-tacına sahib çıxmasa, o zaman, bax, Sisianov kimi yabançılar tərəfindən rus soldatına «donuz» deyiləcək, veteran rus soldatı beləcə təhqir olunacaq, fon qren… qren…qrend-fald-lar da bığlarının altından beləcə gülümsəyib ləzzət alacaqlar.

Yemelyan Puqaçov, aydın məsələdir, 111 Pyotr deyildi, ancaq o, əsil provaslav idi, əsl Don kazakı, rus mujiki idi, türklərlə müharibədə igidlik göstərmişdi, ancaq onun səhvi onda idi ki, tatarları, qazaxları, başqırdları, kalmıkları, mordavları, çuvaşları, daha kimləri, -- iti-qurdu öz ətrafına yığırdı və qara camaata işgəncə verən, onu incidən də elə Puqaçovun ətrafındakı o yaramazlar idi. Yemelyan İvanoviç gərək yalnız  rus pravoslav vətənpərvərlərindən ibarət ordu yaradaydı, peşəkar rus hərbçilərini, zabitlərini dəvət edəydi və yalnız harın dvoryanlara, rüşvətxor məmurlara, rus xalqının canına darışmiş cürbəcür «fon»lara divan tutaydı. Yemelyan Puqaçovun savadı yox idi – sadə Don kazakı savadı harda alaydı? – adını da yaza bilmirdi, ancaq onun övladı təmiz və savadlı rus olacaqdı və damarlarından axan qan onu Rusiyaya xidmət etmyə çağıracaqdı, ancaq Romanovlarda mərhum Mixail Fyodroviçin qanından nə qalıb? – heç nə.

Kapitan Suxaryov həyatında neçənci yüz dəfə idi ki, ürəyində təkrar edirdi: Rusiya o zaman əsil Rusiya olacaq ki, onu rus ruhu idarə etsin, rus taxtında əsil rus əyləşsin, qoy, o da, Aleksandr kimi savadlı olsun, qoy, o da dünyadakı şeytan oyunlarından baş çıxara bilsin, qoy, onun xasiyyəti sərt olsun, , qoy, o, amansız olsun, ancaq o, rus olsun, yalnız adı ilə yox, təmiz qanı ilə rus olsun.

Pavel guya sadə rus xalqına xidmət etmək istəyirdi, ancaq məşuqəsinin adını rus gəmilərinə qoyurdu, qvardiyanın bayraqlarına yazdırırdı . Dvoryanlar – Pavelin ayaqlarından öpməyə hazır olan və birləşib onu bir anın içində it kimi döyüb öldürən satqın knyazlar, qraflar, baronlar – öz məhrəm kübar söhbətlərində Paveli «rus Hamleti» hesab edirdilər, Napoleon isə ona «rus Don Kixotu» deyirdi, ancaq Pavel, sadəcə olaraq, milliyəti məlum olmayan və rus ruhundan tamamilə uzaq olan birisi idi. 

Rus taxtında nə Hamlet, nə də don Kixot oturmalı idi, rus taxtında, kapitan Suxaryovun  son vaxtlar xəyalında canlandırdığı təmiz rus olan bir Bonapart oturmalı idi.

Pavelin anası, bəli, məlum idi – kapitan Suxaryovun bu uzun ada nifrəti və ədavəti həmin uzun adı ona əzbərlətmişdi: Anqalt-Serbstkayalı Sofiya Avqusta Frederika  idi, bəs, atası kim idi? – bunu Yaradandan başqa heç kim bilmirdi, onun atası ola biləcək namizədlər çox idi, Saltıkovun  da adını çəkirdilər – Suxaryov gülümsədi – təki elə olaydı, İvan Petroviç heç olmasa rusdur, cəsur adamdır, ancaq indi bunun nə mənası var idi? – Yekatrina da, oğlu da artıq daha yaxşı dünyaya köçmüşdülər, əzab çəkən isə Rusiya idi və iztirab çəkən, təhqir olunan da rus insanı, «donuz» adlandırılan da rus soldatı idi.

Hamı  bilir ki, Platon – Yekatrinanın oynaşı həmin o avantürist Platon Zubov – indi də Aleksandrın arvadı Yelizavetta Alekseyevnanın çarpayısında top atır.

Və bu yerdə kapitan Suxaryov özü-özünə acıqlandı – sən gözünlə görmüsən onları? hardan bilirsən ki, belədir? camaatdı, ağlına gələni özündən quraşdırır – yox, od olmasa, tüstü çıxmaz – yaxşı, onda bunun sənə nə dəxli var? – avantürist Platon bir alman qızı ilə kef eləyir, sən niyə hirslənirsən? – məsələ bunda deyil…

Suxaryov fikirləşdiyi o son sözləri bu dəfə öz-özünə pıçıltıyla təkrar etdi:

- Məsələ bunda deyil…

Bəli, məsələ bunda deyildi, məsələ onda idi ki, ana Rusiyanın başında, bax, bu cür adamlar dururdu – bu cür əxlaq sahibləri – bu idi Pyotrun «avropalaşdırmasının» nəticəsi. Aleksandrın rəsmi babası 111 Pyotru da, rəsmi atası Paveli də qətlə yetirdilər, ancaq bu, bir sülalənin – Romanovların yox, Rusiyanın faciəsi idi: birinci, ona görə ki, rus qanı olmayan, rus ruhuna yad olan bu adamlar nə üçün Rusiyanın hökmdarları olmalı idi?; ikincisi, ona görə ki, ölkəni nə üçün bu vəziyyətə gətirib çıxarıblar ki, sui-qəsdlər qurub hökmdarları qətlə yetirmək bu dərəcədə asan bir iş olsun və nəticəsi də rəsmiləşdirilsin? Biz hansı dövrdə yaşayırıq? Təzədən Smutaya  qayıdırıq? Artıq 19-cu əsr başlayıb! Ana Rusiya hansısa vəhşi bir şərq ölkəsidir ki, oğul ataya qarşı sui-qəsddə iştirak edir , sonra da onun taxtında əyləşir? Neçə illər bundan əvvəl oxuduğu «Hamlet» kapitan Suxaryovun yadına düşdü: Hamletin faciəsi Avropadan çıxıb, Rusiyaya qayıdır?

İndi də Aleksandr Avropanı Bonapartdan azad etmək istəyir… 

Bədbəxt Rusiya!..

Avropa ölkələri bir-biri ilə mübarizə aparır, ancaq onların hamısı Rusiyaya qarşıdır, onların hər biri bir dövlət kimi özünü möhkəmləndirmək, qüdrətli etmək istəyir, Rusiyanı daima zəiflətməyə, özlərinin Hindistan kimi münbit və varlı torpaqlara aparan yollarından kənarlaşdırmağa çalışır və Rusiyadan öz maraqları üçün istifadə edir. Avropa ingilis şiri kimi yırtıcıdır, tülkü kimi hiyləgərdir, hər an İuda kimi xəyanətə hazırdır, rus ayısı isə yadların hökmü altındadır, şikar tapmayanda da ot yeyir.

Aleksandr Avropanı yox – qoy, onlar orda bir-birlərini qırsın – Rusiyanı azad etməlidir. Rusiyanı qohumbazlıqdan, tanışbazlıqdan, dvoryanların harınlığından, məmurların rüşvətindən, mülkədarların mujikləri alçatmasından azad etməlidir, kəndlini köləlikdən, ana Rusiyanı baronlardan, markizlərdən, pederas qraflardan azad etməlidir. Ancaq Aleksandr bunu yalnız röyalarda edə bilər, həm də öz röyalarında yox, bizim röyalarımızda.

Qoy, Rusiyada da Fransadakı  kimi inqilab olsun, eybi yox, qoy, qan tökülsün, ancaq Rusiyanın da öz Bonapartı meydana çıxsın, o, Emelka Puqaçov kimi savadsız və avam olmasın, Rusiyanı qorumaq onun üçün yalnız borc yox, həmin borcla bərabər, Rusiyaya sonsuz məhəbbətin ifadəsi olsun, Rusiya onun üçün sözdə yox, ürəkdə ana Rusiya olsun, o, rus laylası ilə böyümüş olsun, ana Rusiyanın nağılları, mahnıları onun üçün doğmadan doğma olsun, o, daima  bu nağıllar və bu mahnılar üçün darıxsın, onun da, ailəsinin də ana dili rus dili olsun.

Yaltaq Sisianov Gəncənin adını Yelizavetpol qoydu, ancaq əslində gərək Luizamariyaavqustapol qoyaydı . 

Kapitan Suxaryov bilirdi ki, onlar nəhayət ki, Rusiyaya meydan oxumaq istəyən Cavad xanı məhv edib, Gəncəni alandan sonra, Aleksandr «Gəncənin alınmasında əməyə və igidliyə görə» medalı təsis edib və xalis gümüşdən kəsilmiş bu medallar artıq neçə vaxtdır ki, öz sahiblərinə – rus soldatlarına verilməkdən ötrü Baş komandana göndərilib, ancaq o gümüş medallardan hələ də xəbər-ətər yoxdur, görünür, Sisianovun gümüşdən xoşu gəlir…

Kapitan Suxaryov yenə gülümsədi: Qafqazlılar yalnız at oğrusu deyillər… 

Kapitan Suxaryov köhnə rus soldatı idi və rus soldatı həmişə düzə-düz, əyriyə-əyri deyib: bəli, Sisianov bu vəhşi Qafqazda, bu riyakar və hiyləgər Zaqafqaziyada Baş komandan yükünü daşıya bilirdi, o , aciz və qorxaq deyildi, gələn kimi Knorrinqin taktikasını – Gürcüstanın tuzem çarları, knyazları və Azərbaycanın tuzem xanları ilə hörmətlə davranmaq, onlarla mülayim rəftar etmək, eyni hüquqlu tərəflər kimi danışmaq, onlara hədiyyələr vermək taktikasını dağıtdı və hücuma keçdi, Gürcüstanı cilovladı, Gürcüstana, ətraf xanlıqlara qan udduran Azərbaycanın Car-Balakən camaatlığını yerində oturtdu – indi onlar nəfəslərini də dərə bilmirlər, qorxudan xayaları qarınlarına girib – ya müharibə ilə, ya da cod xasiyyəti hesabına sərt danışıqlarla Gəncə xanlığını yox elədi, Qarabağ, Şəki, Şirvan xanlıqlarını faktiki olaraq Rusiyanın tərkibinə qatır, Bakı xanlığını da alacaq – Suxaryovun buna qəti şübhəsi yox idi – bəli, bütün bunlar belə idi, ancaq məsələ bundadır ki, sabah dünya dəyişsə, birləşmiş Gürcüstan özünü vahid müstəqil çarlıq elan etsə, elə həmin Sisianov – rus generalı – məmnuniyyətlə gəlib o çarlıq taxtında  oturacaq, dağılan Rusiyanı da nəinki vecinə almayacaq, lazım gəlsə Avropalılarla ittifaqa girib, onlarla birlikdə tüfəngi Rusiyaya tərəf çevirəcək.

Deyirlər ki, Sisianov öz «fon»larının, nəsil-nəcabəti bilinməyən yaxın adamlarının yanında hərdən çox sevdiyi bir anekdot danışır: kənddə bir rus kəndçi arvad uzun doğuşdan sonra yeddi yaşlı bir oğlan doğur və yenicə dünyaya gələn o oğlanın da ilk sözü: «Mənə araq ver!»- olur. Deyirlər, Sisianov bunu danışıb o qədər gülür ki, az qalır nəfəsi dayansın.

Bu da sənə rus generalı! Rus ordusunun Baş komandanı!

Rus soldatını hərbi tribunala vermək olar, onu güllələmək olar, ancaq onu təhqir etmək olmaz və əsl rus generalı heç vaxt rus soldatını təhqir etməz, onu cəzalandırmaq lazımdırsa, cəzalandırar, həm də çox sərt cəzalandırar, ancaq təhqir etməz, onu alçaltmaz.

Əgər bir general beləcə bir soyuqqanlılıqla Suxaryov kimi bir rus zabitini bu cür təhqir edirsə, «- Donuz!»- deyib onu alçaldırsa, o generalda rus ruhu yoxdur və ondan nə desən gözləmək olar. 

Sən nə bilirsən ki, Sisianovun qorxmazlığının və prinsipiallığının arxasında nə dayanır? – o, bir tərəfdən, düzdür, tuzemlərə qarşı amansızdır, ancaq o biri tərəfdən də incəliklə düşünülmüş hərəkətləri ilə tuzemlərin gözündə öz nüfuzunu qaldırır. Quldur Cavad xanın arvadı da, qızı da əsir düşmüşdü və Sisianov tuzemlərin gözündə dövlətin yox, öz şəxsi hörmətini artırmaq üçün bu quldur arvadını da, onun qızını da əsirlikdən azad edib, xüsusi bir kareta ilə Şəkiyə, o arvadın qardaşının yanına göndərdi. Quldur Cavad xan Rusiyaya əl qaldırmışdı, rus zabitinin, rus soldatının qanını axıtmışdı, bəs, sən, Sisianov, rus ordusunun generalı, Baş komandan hansı ixtiyarla o məlunu qəhrəman kimi öz məscidlərinin həyətində dəfn etdirirsən? Çünki sən qanınla, canınla rus generalı deyilsən, əsl rus generalı rus soldatının qanını tökmüş o quldurun cəsədini tikə-tikə doğratdırıb, qurda-quşa yem eləyərdi və ancaq bundan sonra sakitləşərdi, o igid rus soldatlarının da ruhu şad olardı.

Əsl rus generalı, əgər bir tuzem rus ordusunun qərargahına soxulmağa cürət edib və soxulubsa, rus zabitinin atını oğurlamaq istəyibsə, onu şəxsən güllələyərdi və düz də edərdi, onu qərargahın qabağında asdırardı, ancaq onun şəxsiyyətini o cür alçatmazdı, onu ailəsinin, yerlilərinin qarşısında təhqir etməzdi və onu elə bir düşmənə çevirməzdi ki, özü də, saysız-hesabsız oğlanları və qardaşları da, hətta qızları da hər an xəncəri rus soldatının qarnına soxmağa gizli məqam gözləsin.

Hələ Knorrinqin vaxtında Gürcüstanda taun yayılmağa başlamışdı, Sisianov gələn kimi aləmi bir-birinə qatdı, Peterburqdan, Moskvadan, Avropadan həkimlər gətirtdi və taunun qarşısını aldı – yaxşı, bunu başa düşmək olar, taun orduya da keçə bilərdi, ancaq Rusiyada yollar biabırçı vəziyyətdədir, elə bir vəziyyətdədir ki, ordu azuqəsini daşıyan arabalar heç yüz verst getməmiş, təkərləri sıradan çıxır, ancaq Sisianov burda, öz ata-baba yurdunda yolları təmir elətdirməyə başladı, Suram qalasından İmeretiyanın paytaxtı Kutaisə Avropasayağı yol çəkdirdi, Tiflisdə gimnaziya açdı – guya bütün bunları Rusiyanın və Aleksandrın nüfuzunu qaldırmaq üçün edir, əslində isə onun qanı dinc durmur, çünki Rusiyada nə qədər yaşasa da, rus çörəyini nə qədər yesə də, nə qədər döşünə döysə də ki, mən rus generalıyam – mənası yoxdur, rus ruhu ona yaddır, çünki onun damarlarından tuzem qanı axır və bu, təbiətin qanunudur..

Kapitan Suxaryov bütün bu fikirlərdən yorulub, əlini yelləyərək pıçıldadı:

- Sən nə edə bilərsən?..

Və o, eləcə əlini yelləyəndə səyyar çarpayının dəmir yayları yenə yüngülcə cırıldadı və Suxaryov fikirləşdi ki, onun – rus soldatının ömrünün böyük hissəsi bu səyyar çarpayıların cırıltısı ilə keçib.

O at oğrusu isə azərbaycanlı idi və hələ kal olan, yetişməmiş poruçik Qluşkov Baş komandanın biləvasitə ona verdiyi əmri yerinə yetirmək şərəfindən vəcdə gələrək, qotur bir eşşək tapdırıb, o azərbaycanlını qurşaqdan aşağı çılpaq soyundurtdu, onu eşşəyin belinə sarıtdırdı, eşşəyin də dalına bir təpik vurub qərərgahdan qovdu və əmrin yerinə yetirildiyi barədə Baş komandana şəxsən raport verməyə qaçdı – Baş komandanın şəxsən özü ilə ünsiyyətdə olmaq hər poruçikin bəxtinə düşən fürsət deyildi.

Qərargahın qarşısında dar ağacı qaldırıb o azərbaycanlını oradan asmaq lazım idi.

Ancaq onu o cür biabır etmək rus generalına yaraşmazdı.

Kapitan Suxaryov qalxıb səyyar çarpayıda oturdu və o dəmir yaylar yenə cırıldadı.

 

 

                                     *     *     *

 

… Birdən-birə görünən Qafqaz dağları ONUN yaddaşında, elə bil, bir külək əsdirdi, çılğınlıq yaratdı və hətta ONUN şəffaf və çəkisiz varlığı da, elə bil, o çılğınlıqdan diksindi, elə bil, o varlıqdan bir bulaşıqlıq ötüb keçdi və ONUN o çəkisizliyinə də, elə bil,  çox kiçik, ancaq dərhal hiss olunan maddi  bir nəsə (ləkə?  Düşmək istədi.

Ancaq bütün bunlar tamam ani oldu və elə o anilikdə də yox olub, getdi.

İllər ötmüşdü, Qafqaz dağlarında isə müharibə gedirdi və saçı-saqqalı ağarmış kapitan Suxaryov və gənc bir soldat yağış kimi yağan güllələrdən qorunmaq üçün iri bir qaya paraçasının arxasında daldalanmışdılar və o gənc soldat qəflətən iri qaya parçasının arxasından sıçrayıb, ayağa qalxdı və belini dikəldərək: «- Qıracağam bu Qafqaz vəhşilərini!.. Alın!.. Alın!..»- çığıra-çığıra tüfənglə güllə atmağa başladı.

Kapitan Suxaryov atılan güllələrin, partlayan top mərmilərinin arasından güclə eşidilən səslə: «- Sən nə edirsən? Əyil aşağı!..- qışqırdı.- Axmaqsan, nəsən?! Özünü fikirləşmirsən, cəhənnəmə fikirləş! Bəs, sənin anan yoxdur? Neçə yaşın var sənin?» 

Gənc soldat döşünə sıxdığı tüfəngdən eləcə bir ehtiras və şövq ilə güllə ata-ata: «- On yeddi!..- dedi.- Qıracağam!.. Qıracağam bu Qafqaz vəhşilərinin hamısını!.. Hamısını qıracağam!..» 

Və həmin anda  kapitan Suxaryov vıyıltı eşidib: «- Əyil, axmağın biri!.. Əyil!..»- qışqırdı, sonra qaya parçasının qarşısına düşən top mərmisinin partlamasını bircə an qabaqlayıb, özünü gənc soldatın üstünə ataraq, onu arxası üstə yerə yıxdı, özü isə üzüqoylu o soldatın sinəsinə düşdü.

Mərminin qaldırdığı  toz-torpaq yatandan sonra, gənc soldat əlini əvvəlcə Suxaryovun bədəninin altından öz yaxasına soxdu, sonra dartıb qana bulaşmış əlinə baxdı, sonra da üstünə sərilmiş Suxaryovu kənara itələyib, qayanın arxasında oturdu, iki əli ilə də qorxu-hürkü içində tələm-təlsik sinəsini, qarnını yoxladı və yaralanmadığını başa düşüb, eləcə bir qorxu-hürkü içində: «- Əmi!.. Əmi!..»- deyə kapitan Suxaryovu arxası üstə çevirdi. 

Mərmi qəlpəsi kapitan Suxaryovun sinəsini dağıtmışdı və kapitan Suxaryov donmuş gözləri ilə gənc soldata yox, ONA baxırdı, elə bil, ONDAN nəsə soruşmaq istəyirdi…

 

                                                  *     *     *

 

… Görünən o məkanda kiçik, səliqəli bir qəsəbə idi və o qəsəbədə, küçə tərəfdə bir həyət darvazasının kənarındakı skamyada ONUN adyutantı, seyrək ağ saçları çiyninə qədər uzanmış polkovnik – sonralar general-leytenant rütbəsinəcən yüksəlmiş – fon Qrendfald, yanında isə dayəsi oturmuşdu.

Dayə əlində tutduğu boşqabdan qaşıqla şorba götürərək, deyinə-deyinə: «- Üstünüzə tökməyin!.. Səliqəli olun!.. Yenə üstünüzü buladız… Mən yoruldum sizin üst-başınızı silməkdən!..»- deyərək, yaxasına döşlük taxılmış fon Qrendfaldı  yedizdirirdi, eləcə deyinə-deyinə də hərdən boşqabı skamyanın üstünə qoyub, dəsmalla fon Qrenfaldın ağzını, çənəsini, yaxasındakı döşlüyü silə-silə soruşurdu: «- Tualetə getmək istəyirsiz? Baxın a!.. Şalvarınızı batırmayın!.. Axı siz generalsız!..»

Fon Qrendfald isə boşqabdakı şorbadan başqa heç hara baxmırdı və heç bir söz demirdi, başını boşqaba sarı uzadıb ağzını açır və «- Uı-ı-ı-ı… Uı-ı-ı-ı…»- deyə səs çıxara-çıxara yemək istəyirdi. 

Görünən o məkanda general-leytenant fon Qrendfaldı o şorbadan başqa heç nə maraqlandırmırdı.

Sonra darvazanın doqqazı açıldı və həyətdən bir qadın – O, dərhal bildi ki, bu qadın fon Qrendfaldın qızı İzoldadır – çıxıb onlara baxdı və dayədən soruşdu: «- Nə edir?»

Dayə: «- Yenə yemək istəyir…»- dedi.

Qadın acıqla: «- Bəsdir!- dedi.- Çox yeyib, yenə şalvarını batıracaq!- Boşqabı dayədən alıb fon Qrendfalda çımxırdı: - Bədir!  Eşitdin? Bəsdir!» və əlindəki boşqabla həyətə qayıtdı.

Fon Qrendfald geniş açdığı ağzının suyu yaxasındakı döşlüyə axa-axa: «- Uı-ı-ı-ı… Uı-ı-ı-ı…»- deyə səslər çıxararaq boynunu qadının ardınca uzatdı.

Dayə «- Daha bəsdir yediz!.. Frau İzoldanı əsəbiləşdirməyin!..- dedi.- Yenə şalvarınızı batırmaq istəyirsiz? Axı siz generalsız! Yaxşı deyil!.. İndi oturub hava alın. Görürsiz, necə gözəl havadır!?.»

Fon Qrendfald isə dayənin dediklərinin fərqinə varmadan, boynunu eləcə doqqaza tərəf uzadıb, yalnız: «-Uı-ı-ı-ı… Uı-ı-ı-ı…»- deyə səs çıxarırdı…

 

                                              *     *     *

 

…  Görünən o məkanda xatirələr, epizodlar bir-birini əvəz etdikcə, ONUN o şəffaf və çəkisiz varlığını anlaşılmaz bir hissiyat bürüməyə başladı və ən qəribəsi isə bu oldu ki, ONUN şəffaf və çəkisiz varlığı, elə bil, bu şəffaflıq və çəkisizliklə heç vəchlə uyuşmayan o anlaşılmaz hissiyata qarşı tamam biganə idi, həmin hissiyata müqavimət göstərmirdi, onu özündən uzaqlaşdırmaq, yox etmək istəmirdi.

Hətta ONDA belə bir hissiyat da yarandı ki, o şəffaflıq və çəkisizlik artıq həmin anlaşılmaz hissiyatla bacarmırdı və get-gedə o anlaşılmazlıq açıq-aşkar bir məna axtarışına çevrildi.

 O, görünən o məkanda bir-birini əvəz edən xatirə və epizodlardakı görüntülərin, hadisələrin, o məkandakı missiyaların mənasını dərk etməyə çalışırdı və bu ONU  hər dəfə də  heyrətamiz bir mənasızlığa gətirib çıxarırdı…

 

 

                                                    17.

 

Xacə Əbdül Rəhman Vəliəhdin qulağına üç kəlmə pıçıldamışdı: 

«- Sərdarın başını gətiriblər» və bu üç kəlmə Abbas Mirzəni silkələyib dünyanın gözəl bir yuxusundan – Sarı Çoban Qızı yuxusundan oyatmışdı.

Kiçik xəzinədarlıq çadırı ilə Vəliəhdin böyük çadırı arasında 250-300 qəzlik bir məsafə var idi və Abbas Mirzə şəxsi mühafizəçilərinin əhatəsində topuqdan yuxarı qalxan qarı xırçıldada-xırçıldada iri addımlarla xəzinədarlıq çadırına tərəf gedəndə, artıq bilirdi ki, Hüseynqulu xan general Sisianovun başını kəsdirib, Tehrana, Fətəli şahın hüzuruna göndərir və tapşırıb ki, yolüstü Başı Naibüsüs-səltəniyə də göstərsinlər.

Vəliəhddən geri qalmasın deyə az qala qaça-qaça addımlayan Xacə Əbdül Rəhman tövşəyə-tövşəyə:

- Əlahəzrət,- dedi.- Bunlarla bir ağsaqqal gəlib. O da təvəqqe edir ki, ora gəlib sizinlə görüşsün. 

Abbas Mirzə:

- Kimdi?- soruşdu.

- Molla Müzəffər Ağa deyirlər.

- Molladı, getsin mollalığını etsin! Dedim ki, ancaq o bəy olsun, Hüseynqulunun bacısı oğlu! Mollanın orda nə işi var?

- Arazın bu tayında hörmətli adamdı.

- Neyləyim?- Və Abbas Mirzə gözlərini qıyıb ani və soyuq bir diqqətlə Xacəyə baxdı, yəni mən sözümü deyəndən sonra, bu nə təkiddi belə?

Həmişə belə anlarda – Xacə Əbdül Rəhman isə çalışırdı ki, belə anlar olmasın, ancaq hərdənbir olanda, olurdu – Xacəyə elə gəlirdi ki, ona Vəliəhd yox, Vəliəhdin gözləri ilə əmisi Ağa Məhəmməd Şah baxır və bu baxışdakı soyuqluq isti havalarda da ilan baxışlarının soyuqluğu kimi Xacəni daxilən titrədirdi.

Vəliəhd daha da iti addımlarla irəlilədi.

Elə bil, Haramı düzündə daha qara qarğa qalmırdı, hamısı hər gün sübh tezdən bir yerə yığışıb, qarıldaya-qarıldaya düşərgənin yeməkxana çadırlarını  dövrəyə alırdılar və onların soyuq qış günləri o çadırlardan eşiyə atılan azuqə qalıqlarını, yemək artıqlarını təpişdirməyi, yəqin ki, o tərəflərin heç bir qara qarğa nəslinə nəsib olmamışdı. Hələ tamam açılmamış o soyuq qış səhəri Böyük Rus Sərdarının başının kəsilib gətirilməsini, elə bil, o qara qarğa qarıltısı düşərgəyə yaymışdı, hər halda artıq bütün düşərgə bu xəbəri bilirdi və sərbazlar yuxudan qalxıb, tələm-tələsik geyinərək, çadırdan eşiyə çıxırdılar.

Abbas Mirzə irəlidə, onun ardınca da tövşəyə-tövşəyə qaçan Xacə Əbdül Rəhman xəzinədarlıq çadırına yaxınlaşanda keşikçi sərbazlar öküz kimi fınxıran Lal Qafaroğlu ilə əlbəyaxada idi və beş nəfər keşikçi sərbaz öküz kimi fınxıran bu yekəpər adamın – Lal Qafaroğlunun öhdəsindən heç cürə gələ bilmirdi. Vəliəhdi görən sərbazlara, elə bil, güc gəldi və nəhayət ki, böyürən Lal Qafaroğlunu süpürləyib sürüyə-sürüyə çadırdan uzaqlaşdırdılar. 

Məlum oldu ki, Bakıdan Başı müşayiət edənlərdən biri – bu lal adam heç vəchlə əmrə tabe olmayaraq, çadıra soxulmaq, orada da Başın mühafizəsində durmaq istəyirmiş.

Abbas Mirzə hələ də vurnuxa-vurnuxa sərbazların əlindən çıxmaq istəyən Lal Qafaroğlunun ardınca baxaraq:

- Onun belinə otuz şallaq vurun, ağlı başına gəlsin!- dedi.- Bura Hüseynqulunun misgin sarayı deyil!

Və Abbas Mirzə, ardınca da Xacə Əbdül Rəhman və mühafizəçilər çadıra daxil olanda, onları gözləyən ləşgərgah rəisi Qurd Kərim əvvəlcə baş əydi, sonra bədənini tarım çəkib, müntəzir dayandı, yanında durmuş Mahmud bəy isə Vəliəhdə ehtiramla təzim etdi, ancaq, elə bil, Vəliəhd Mahmud bəyi heç görmədi də. 

Başı, üzərinə yaşıl ipək örpək salıb, gümüş sininin içində çadırın ortasındakı kiçik girdə mizin üstünə qoymuşdular və Abbas Mirzə çadırın istisində  də qızmayan soyuq nəzərlərlə Mahmud bəyə, bədənini eləcə tarım çəkib dayanmış Qurd Kərimə, sonra da Xacə Əbdül Rəhmana baxıb, Başa tərəf işarə etdi və:

- Xacə!..- dedi.

Xacə Əbdül Rəhman elə o andaca irəliləyib, örtüyü Başın üzərindən qaldırdı və o soyuq qış səhəri Qacar qoşunlarının ləşgərgahındakı o xəzinədarlıq çadırının içində yanan şamların işığında knyaz Sisianovun başı Abbas Mirzə ilə üzbəüz dayandı.

Başın bir gözü bərəlib, az qalmışdı hədəqəsindən çıxsın, o biri gözü isə büzüşüb kiçilmişdi və çadır kiçik olduğu üçün, burda dayanmış adamlar nəfəs aldıqca, gümüş şamdanlarda yanan şamların işığı yüngülcə titrəyərək, həmin anlarda Başın Abbas Mirzəyə baxan bu donmuş gözlərinin içində oynayırdı. Görünür, Səlyanlı Təbib Səlahəddinin səyi nəticəsində hələ ki, əyilməmiş boğazın laxtalanmış qanı quruyaraq, dik dayanmış Başı siniyə daha da bərkitmişdi və Başın bu cür dik duruşunda, elə bil, bir saymazyanalıq var idi.   

Araya  sükut çökmüşdü.

Və bu vaxt Qurd Kərim birdən-birə Başın sifətinə tüpürdü və Xacə Əbdül Rəhman Qurd Kərimin bu gözlənilməz hərəkətindən diksindi

Qurd Kərim isə Azərbaycan dilində:

- Köpək oğlu!..- deyib, şəstlə Abbas Mirzəyə baxdı.

Qurd Kərimin lopa tüpürcəyi Başın alnından axıb bərəlmiş gözünün kirpiklərindən süzülərək sininin üstünə töküldü.

 Çadıra çökmüş sükutu bir xof bürüməyə başladı və bu sükut anları artdıqca o xof sürətlə Qurd Kərimin içinə dolurdu – bu adam başa düşdü ki, istədiyinin əksinə, Vəliəhdin qəzəbinə tuş gəlib.. 

Abbas Mirzədən özünə qarşı belə bir aşkar etinasızlıq gözləmədiyindən əməlli-başlı pərt olmuş Mahmud bəy gah Vəliəhdə, gah Qurd Kərimə, gah da Başın sifətindən süzülən tüpürcəyə baxırdı.

O xof dolu sükutu Abbas Mirzə pozdu: Başın yanında dayanmış Qurd Kərimə tərəf addımlayıb ləşgərgah rəisinin sifətinə güclü bir şillə vurdu və fars dilində:

- Pədər süxtə!.. – dedi, sonra Azərbaycan dilində əlavə etdi:- Tüpürməkdən başqa əlinizdən-gö.ünüzdən bir iş gəlmir!

Şamların titrəyən işığında Abbas Mirzə qəzəblə yanan iri qara gözləri ilə Qurd Kərimin gözlərinin içinə baxdı və qılıncı ilə neçə il Abbas Mirzənin əmisinə – indi də yuxusuna girəndə səksəndiyi şümür Ağa Məhəmməd şaha xidmət etmiş Qurd Kərimə də o anlarda elə gəldi ki, bu baxışlar Abbas Mirzənin – hələ çağa vaxtlarını da yaxşı xatırladığı Vəliəhdin yox, elə Ağa Məhəmməd şahın adamın gözlərini deşib, iti xəncər kimi ürəyinə sancılan baxışlarıdır. Qurd Kərim döyüş meydanında şücaətlər göstərərək, cani-dildən qulluq etdiyi iki hökmdarın – Ağa Məhəmməd şahın və Fətəli şahın, indi də Vəliəhdin qəzəbinə tuş gələndə, həyəcan və gərginlikdən onun cəhənglərinin gah bu, gah da o biri tərəfi titrəyirdi və Qurd Kərim dodaqlarını bir-birinə sıxıb çalışırdı ki, bu titrəyişi görüb, hiss edən olmasın.

Bu dəfə də Qurd Kərim dodaqlarını bir-birinə sıxıb dayanmışdı və onun cəhənglərinin titrəyişi Abbas Mirzənin gözlərindən yayındı – bu titrəyiş yalnız Ağa Məhəmməd şahın bomboz gözlərindən yayınmırdı – və Vəliəhd uzun, nazik barmağını Başa tərəf uzadıb yavaşca:

- Sil!.. - dedi və o pıçıltıda elə bir ahənrüba gücü var idi ki, elə bil, Abbas Mirzənin əmri yox, o pıçıltısı Qurd Kərimi – bu yekəpər, bədheybət adamı diz üstə Başın qabağında çöməltdi və Qurd Kərim yaşıl ipək çuxasının ətəyi ilə Başın üzünə, burnuna düşmüş tüpürcəyini ehmallıca sildi.

Abbas Mirzə gözlərini Başa zillədi və hələ də dizi üstə çöməlib ayağa qalxmağa cəsarət etməyən Qurd Kərim araya çökmüş o sükut içində fikirləşirdi ki, bu tüpürmə əhvalatının axırı nə olacaq? Qurd Kərim döyüş meydanlarında, edam kürsülərində o qədər insan ölümü görmüşdü ki, əvvəllər buna gündəlik həyatının adi bir hadisəsi kimi baxırdı, ancaq yaşlaşdıqca təkcə elə adı hamını qorxuya salan bu köntöy adam öz ölümündən dəhşətli dərəcədə qorxmağa başlamışdı və Fətəli şah onu Vəliəhdə təhkim etdikdən sonra, xüsusən son vaxtlar Abbas Mirzənin kiçicik bir narazılığı bu adamı vahiməyə salırdı. Qurd Kərim yaxşı bilirdi ki, Qacarların qəzəbindən də, mərhəmətindən də nə desən, gözləmək olar, onlar üçün həmin qəzəb ilə mərhəmət arasındakı sərhəd çox kövrək idi və Qurd Kərim bir anın içində verilən qorxunc hökmdar qərarlarının, qəfil əmrlərin az şahidi olmamışdı və bəzən də elə Qurd Kərimin özü o qorxunc qərarları, əmrləri icra etmişdi. 

Abbas Mirzə hələ hökmdar yox, Vəliəhd idi, ancaq əli minlərlə insanın qanına bulaşmış Qurd Kərim açıq-aşkar hiss edirdi ki, bu Vəlihəd İran taxtında oturub, İran tacını başına qoyanda qəzəbində də, mərhəmətində də atasından – Fətəli şahdan, hətta əmisi Ağa Məhəmməd şahdan da yüksəyə qalxacaq və bəzən beləcə sükut çökən məqamlarda ona elə gəlirdi ki, Vəliəhdin bədənində axan qan buz kimi sopsoyuqdur; bəzən də mat qalırdı ki, Şuşalı ustad xanəndə  Xudaverdi  Ağa Əhsən bir «Qarabağ şikəstəsi», yaxud muğam üstündə Qövsi Təbrizinin qəzəllərini oxuyanda, yaxud da Təbrizli Kor Aşıq Mədət sazla bir «Aran gözəlləməsi» çalanda bu gələcək hökmdarın gözləri necə dolurdu və o gözlər o dəm dünyanın ancaq və ancaq gözəl işlərindən, başdan-başa məsumluqdan ibarət olan bir aləmdən xəbər verirdi.

Xoy canişini Cəfərqulu xan Cənubi Qafqaza girmiş rus qoşunlarına güvənərək, Qacarlara qarşı qalxanda Fətəli şah onun üstünə Abbas Mirzəni göndərdi və o zaman Qurd Kərim də Vəliəhdlə birlikdə idi. Abbas Mirzə – bu cavan oğlan – elə bir hərbi tələ qurub Cəfərqulu xan kimi bir tülkünü darmadağın etdi ki, Qurd Kərim kimi ömrünü hərbi yürüşlərdə keçirmiş bir hərbiçi özü üçün tamam yəqin etdi: Naibüsüs-səltənə – Allah onun taxta oturmağına izn versə –Nadirdən də qabağa gedə bilər. 

Cəfərqulu xan canını qurtarmaq üçün qaçanda, Abbas Mirzə onun ardınca Qurd Kərimin dəstəsini göndərdi və Cəfərqulu canını qurtara bilmədi, Qurd Kərim Urmiyə yaxınlığında onun olan-qalan adamlarını gülləbaran edib, qılıncdan keçirib, özünü də Vəliəhdin hüzuruna gətirdi. Və elə ki, düşmən dizi üstə sürünə-sürünə Abbas Mirzənin ayağından yapışıb imdad etdi, Naibüsüs-səltənə Qurd Kərimə baxaraq, gözlərinin ifadəsi ilə ona təşəkkür etdi, ancaq Qurd Kərim yaxşı bilirdi ki, hökmdarların təşəkkürü ilə qəzəbi arasındakı sərhəddən mühafizəsiz bir sərhəd yoxdur.

Abbas Mirzə gözlərini Başdan çəkib yenə Qurd Kərimə baxdı və Qurd Kərimin bədənsiz bir Başın qarşısında o cür diz çökməyi – Baş və ona təzim edən sərkərdə – Vəliəhdi uşaqlıq çağlarında hərisliklə kitablardan oxuduğu, dayələrindən, müəllimlərindən eşitdiyi nağıllar aləminə apardı, onun dodaqlarından ani olaraq istehzalı bir təbəssüm uçub keçdi. Qurd Kərim elə o andaca başa düşdü ki, təhlükə sovuşub, çünki Vəliəhdin gözlərindəki o soyuq itmişdi, onun qıyılmış iri, qara gözləri fikirli və qayğılı idi.

Vəliəhdin əlinin işarəsi ilə Qurd Kərim yavaşca ayağa qalxdı və Abbas Mirzə yenə zəndlə ona baxa-baxa:

- Get, adamlarını yığ, hazırlaş.- dedi, barmağı ilə də Başı göstərdi.- Onu Tehrana sən özün aparacaqsan! 

Belə mühüm bir tapşırıqdan şərəf  duyaraq bircə anın içində içi açıq-aşkar bir qürurla dolmuş Qurd Kərim:

- Başım üstə!- dedi.

Abbas Mrzə əlavə etdi:

- Öz başınla da cavab verirsən!

Qurd Kərim:

- Əlahəzrət arxayın olsun!- dedi və onun səsinin ahəngi də sözlərindəki əminliyini təsdiq edirdi.

Vəliəhd bu dəfə Xacə Əbdül Rəhmana tərəf çöndü və:

- Xacə,- dedi.- Sən də bunları müşayiət edəcəksən!

Həmişə azərbaycanca danışan Xacə Əbdül Rəhman, yəqin, məqamın gərginliyindən Naibüsüs-səltənəyə farsca cavab verdi:

- Bə çeşim!.. Bə çeşim!.. 

Sonra Abbas Mirzə diqqət və bir az da maraqla Mahmud bəyə baxdı – artıq Vəliəhdin bu adam haqqında məlumatı var idi və bu bəyin Sərdar Sisianovun belə bir aqibətinin əsl baiskarı olduğunu da bilirdi.

Və Vəliəhd:

- Sən də Bakıya qayıda bilərsən.- dedi.

Pərtliyini heç cürə gizlədə bilməyən və daha bunu heç gizlətmək də istəməyən Mahmud bəy:

- Əlahəzrət,- dedi.- Mənə tapşırıq verilib ki, Başı şəxsən şahənşahın hüzuruna aparım.

Abbas Mirzə yenə Başa baxa-baxa:

- Tapşırığı mən verirəm!- dedi.

Mahmud bəy ehtirasla:

- Mən Hüseynqulu xanın məktubunu şahənşaha şəxsən təqdim etməliyəm!- dedi.

Abbas Mirzə başının işarəsi ilə Xacə Əbdül Rəhmanı göstərdi:

- O məktubu Xacəyə ver.

Mahmud bəy daha artıq bir ehtirasla:

- Mən şahənşahı görməliyəm. – dedi.- Ona söyləyəsi sözlərim var! 

Abbas Mirzə barmağı ilə Başı göstərərək:

- Sən sözlərini söyləmisən…- dedi, sonra Qurd Kərimə də işarə etdi:- İkiniz də çıxa bilərsiz.

Qurt Kərim təzim etdi və dal-dala çadırdan çıxdı. 

Mahmud bəy yerindən tərpənmədi və:

- Əlahəzrət, onda heç olmasa, siz məni dinləyin, rica edirəm!- dedi, ancaq bu dəm onun ricasında xahişdən daha artıq qəzəbli bir iddia, hətta qəzəbli bir hökm var idi.

Xacə Əbdül Rəhman bu cavan oğlana baxa-baxa fikirləşdi ki, o, yəni Bakıdan gəlmiş bu cavan bəy, yaraşığına və şəstinə baxmayaraq, həmin anlarda şikarı əlindən alınmış və nə edəcəyini bilməyən canavara oxşayır.

Abbas Mirzə mühafizəçilərə baxdı və onlar Mahmud bəyi çadırdan çıxarmaq üçün onu əhatə etdilər. Mahmud bəy heç olmasa bir neçə söz deməyə macal tapmaq üçün mühafizəçiləri özündən aralamağa çalışaraq:

- Mən də türkəm, siz də türksünüz, əlahəzrət!- qışqırdı.- Siz  məni dinləməlisiz! Dinləyin məni! Biz bir-birimizə əl uzatmalıyıq! Biz hamımız Osmanlı padşahlığı ilə birləşib, böyük türk dövləti yaratmalıyıq! Dünyadakı bütün türklər birləşməlidir, yoxsa Osmanlının da, sizin də axırınız pis olacaq! Biz hamımız məhv olacağıq! Bizim özümüzdən başqa kimsəmiz yoxdur! Siz təkbaşına rus ordusu ilə bacara bilməyəcəksiz!

Vəliəhd iri qara gözlərini qıyıb diqqətlə Mahmud bəyə qulaq asırdı və mühafizəçilər bilmirdilər nə etsinlər? – Mahmud bəyi qucaqlarına alıb çadırdan çölə aparsınlar, yoxsa ona qulaq asan Vəliəhdin hüzurunda saxlasınlar.

Ancaq Mahmud bəyin beləcə çılğın söz püsgürməsi uzun çəkmədi,  Abbas Mirzə açıq-aşkar bir rişxəndlə – acı rişxəndlə gülümsəyib, heç bir ümid yeri qoymayan soyuq bir hökmlə:

- Bunu eşiyə atın!- dedi.

 Pərtlikdən sifəti qıpqırmızı qızarıb yanan Mahmud bəy  yenidən nəsə deməyə cəhd etmək istədi, ancaq yenə də Vəliəhdin gözlərinə çökmüş o soyuq ifadəyə baxa-baxa tamam əmin oldu ki, nəsə deməyin, etiraz etmyin heç bir mənası yoxdur və müqavimət göstərib, biabırçıcasına çölə atılmasın deyə, bütün hirsini, hikkəsini güclə içində boğa-boğa özü çadırdan çıxdı.

Abbas Mirzə arxaya çevrilib:

- Xacə, sən də gedə bilərsən.- dedi və Xacə Əbdül Rəhman narahatlıqla Başa baxa-baxa – elə bil, Başın Naibüsüs-səltənəyə bir xəta toxunduracağından ehtiyat edirdi – çadırdan çıxanda Vəliəhd əlavə etdi:- O bəyi incitməsinlər. Onu da, atlılarını da, o molla deyirsən, nə deyirsən, onu da adamları ilə birlikdə sərbəst buraxsınlar ki, çıxıb getsinlər. Ancaq öz xarabalarına getsinlər, Arazdan o taya keçmək istəsələr, qoymasınlar.

Xacə Əbdül Rəhman şaha da, Vəliəhdə də o qədər məhrəm adam idi, onlarla o qədər tez-tez təmasda olurdu ki, bəzən baş əymə mərasimi onun yadından çıxırdı və hamı – hökmdar da, Vəliəhd də, əsabələr də bunun fərqinə varmırdılar, ancaq Başla üzbəsurət görüşləri elə bir gərginlik yaratmışdı ki,  Xacə bu dəfə özündən asılı olmayaraq, baş əyə-əyə çadırı tərk etdi.

Vəliəhd mühafizəçilərə də işarə etdi və onlar da çadırdan çıxdılar. 

Abbas Mirzə Baş ilə təkbətək qaldı.

Böyük Rusiya padşahlığının böyük sərkərdəsinin Başı, elə bil, aylarla, illərlə davam edən bu vuruşların, bu yuxusuz gecələrin, bu hakimiyyət ehtiraslarının, torpaq davalarının, günlərlə, hətta aylarla çöllərdə, dərələrdə, təpələrdə qurulmuş hərbi çadırlarda yaşamaq məcburiyyətinin misginliyindən xəbər verirdi. Hərdən gecələr yuxuya getməzdən əvvəl özünü atasının taxtında təsəvvür etməsi və o gözəl mənzərənin hərarəti içində yuxuya getməsi indi o Başla təkbətək dayanmış Vəliəhd üçün dünyanın ən əbləh bir vaqeəsi kimi görünürdü. Sonra nə  olacaq? Əvvəl-axır ölüb, gedəcəksən. Səndən heç nə qalmayacaq. Nə qalacaq? Səltənət? Dünya bina olandan bu tərəfə nə qədər səltənətlər qurulub, sonra da yox olub, gedib… İndicə çadırdan çıxan o bakılı bəy  bütün türklərin birləşib böyük türk dövləti yaradılmasından dəm vururdu. Cahil insan! Türk birliyindən dəm vuran əbləh bakılı bəy! Sən görmürsən ki, Azərbaycanın bu cırtdan xanlıqları bir-birinin başına nə oyun açır? Ağa Məhəmməd şah kimi bir fateh çalışırdı ki, bütün Azərbaycan xanlıqlarını birləşdirsin, amma nə oldu? Şuşada onu kim qətlə yetirdi? Sən cahil də xəstə xəyalında böyük türk dövləti qurursan! Sənin türkbazlığın arvadbazlıq, şərabbazlıq, quşbazlıq kimi bir şeydir, axmaq oğlu, axmaq! 

Abbas Mirzənin Başla üzbəüz durduğu həmin anlarda çadırın içində, elə bil, bir havasızlıq yaranmışdı və yanan şamların qoxusu da, elə bil, o havasızlığı daha artıq bulanıq edirdi. 

Və bu anlarda əmisi Mürtəzaqulu xan Vəliəhdin yadına düşdü.

Mürtəzaqulu xan taxt-tac uğrunda qardaşı Ağa Məhəmməd şahla mübarizəyə başladı, əvvəlcə fars Zəndlərə qoşuldu, sonra rus gavurlarla müttəfiq oldu, axırda da məğlub olub Peterburqa qaçdı və yeddi-səkkiz il bundan qabaq elə o yad ellərdə də Allahın dərgahına yollandı. Abbas Mirzə Mürtəzaqulu xanı görməmişdi, bilmirdi ki, necə insan idi, düzdür, o, Ağa Məhəmməd şah kimi bir qardaşla vuruşurdu və Ağa Məhəmməd  şah da Vəliəhdin qürur duyduğu, fəxr etdiyi, sevimli əmisi idi. Nadir şahın qardaşı oğlu Əli Adil şah taxta çıxanda sonra, öz hökmranlığını gələcək iddiaçılardan sığortalamaq üçün altı yaşlı Ağa Məhəmmədi axtalatdırdı – axta kimsə şah ola bilməzdi, ancaq Ağa Məhəmməd adi «kimsə» deyildi və Firəngistanda Napoleon özü tacı başına qoyduğu kimi, Ağa Məhəmməd ondan hələ on il əvvəl ağlı və qılıncı ilə əldə etdiyi tacı özü öz başına qoydu, Adil şahın isə hökmranlığı bir ildən artıq çəkmədi, Allah-təala özü altı yaşlı uşağın hayıfını ondan aldı: qardaşı İbrahim onu taxtdan saldı, əvvəlcə gözlərini çıxartdırdı, sonra da onu Məşhəddə edam etdilər. Ağa Məhəmməd şah Qacarlar sülaləsini yaratdı, qardaşı oğlu Baba xanı varis təyin etdi və hələ o vaxt – Abbas Mirzə kiçik uşaq olarkən onu gələcəyin vəliəhdi elan etdi. Bəli, bütün bunlar belə idi, ancaq məsələ bunda deyildi, məsələ onda idi ki, tarixdə ürəyindən taxt-taca sahib olmaq istəyi keçməyən hətta oğul və qardaş belə tapmaq, çətin məsələ idi. Axmaq bakılı bəy! Bir atanın belindən törəmiş qardaşlar hakimiyyət uğrunda bir-biri ilə ölüm-dirim davası aparır, bir-birinin gözünü çaxartdırır, edam etdirir, bu axmaq bəy isə bütün dünyadakı türkləri birləşdirmək istəyir. Sən istəməyində ol, bəs, dünya özü buna nə deyir? Türk bir-biri ilə heç vaxt birləşməyəcək, çünki dünya bina olunanda, hakimiyyət hərisliyi də onunla birlikdə bina olunub və hakimiyyət hərisliyi türk padşahlıqlarının keşiyində sərhesab dayanıb.

Bir gözü bərəlib, az qala hədəqəsindən çıxan, bir gözü də büzüşüb kiçilmiş Baş gümüş sininin üzərindən eləcə dik-dik Abbas Mirzəyə baxırdı və həmin anlarda, çadırın o şam qoxulu bulanıq havasızlığında Abbas Mirzə orasını da yaxşı bilirdi ki, bir azdan Başı Tehrana yola salacaq, sonra səhər açılacaq və bu fikirlər də yox olub gedəcək, yenə də mübarizə başlayacaq, yenə də Cənubi Qafqaz uğrunda Rusiya ilə müharibə davam edəcək…

… Elə həmin anlarda o beş nəfər keşikçi Naibüsüs-səltənənin tapşırığını yerinə yetirmək üçün o qış çağının sübh soyuğunda Lal Qafaroğlunu soyundurmağa çalışırdı və yuxudan oyanıb eşiyə çıxmış sərbazlar Bakıdan gəlmiş, böyürə-böyürə müqavimət göstərən bu zırpı Lalın şallaqlanmasına tamaşa etmək üçün ləzzətlə onları dövrəyə almışdılar. Lal Qafaroğlu o beş keşikçinin onu soyundurmasına imkan vermirdi, fınxıra-fınxıra, böyürə-böyürə keşikçilərdən birini itələyirdi, o birinə təpik atırdı, üçüncüsünü dişləyirdi və onları əhatə etmiş sərbazlardan da kimisi şaqqanaq çəkib gülürdü, kimisi Lala söz atırdı, kimisi də bir nəfərin öhdəsindən gələ bilməyən keşikçiləri ələ salırdı.

Lal Qafaroğlu üçün göydə Allah, yerdə isə Hüseynqulu xan idi və xanın hələ elə bir tapşırığı olmamışdı ki, Lal onu yerinə yetirməsin. O, danışa bilmirdi, ancaq eşidirdi və həmin anlarda ki, sərbazlar onu dövrəyə alıb bərkdən məzələnirdi, Lal Qafaroğlu onların nə dediklərinin, nə istədiklərinin fərqində deyildi, Lal, elə bil, həm də kar olmuşdu, heç nə eşitmirdi, çünki o dəqiqələrdə bu sadə və öz sahibinə – Hüseynqulu xana köpək kimi sadiq olan insanın bütün varlığı sarsılmışdı – xan ona tapşırmışdı ki, gecə-gündüz gözü Başda olsun və o, tapşırığı yerinə yetirə bilmirdi.

Keşikçilər nəhayət Lal Qafaroğlunu qursaqdan yuxarı soyundurub, belini bükdülər və dörd nəfər – hərəsi bir tərəfdən var gücləri ilə onun əllərindən ayaqlarından yapışıb saxladı, beşinci isə şallağı götürüb yuxarı başa keçdi. 

Onları əhatə edən sərbazların səsi Haramı düzünü başına götürdü, elə bil, bu adamlar sifətini birinci dəfə gördükləri bu insanla çoxdanın qan düşməni idilər və xüsusi bir ləzzətlə ondan ən yaxın adamlarının intiqamını alırdılar:

- Vur, görək!..

- Vur bu köpək oğlunu!..

- Vur, anqırsın!..

- Elə vur ki, dili açılsın!..

- Elə vur ki, şalvarına işəsin!..

- Vur, canı çıxsın!..

Və bu vaxt rus ordusu ilə aylarla, hətta illərlə uzanan gələcək döyüşlərdən salamat çıxan sərbazların da ömürlərinin sonuna kimi yadlarından çıxmayacaq bir hadisə baş verdi: Lal Qafaroğlu dəhşətli bir böyürtü ilə güc verib, onu saxlayan keşikçilərin əlindən çıxdı və əlini atıb başda dayanmış əli şallaqlı keşikçinin belindən sallanmış xəncəri dartıb qınından çıxartdı və o xəncəri dibinə kimi həmin sərbazın düz ürəyinə sancdı, sonra iki əli ilə də xəncərin dəstəyindən yapışıb öz qarnına soxdu. Qan, içi dolu tuluğ kimi Lalın qarnından fışqırıb axmağa başladı və o, yavaş-yavaş diz çökdü, yavaş-yavaş da ülgüclə dibindən qırxılmış və dərisi piydən  qat bağlamış başını əyib yerə dirədi, bir anın içində susaraq yerlərində donub qalmış sərbazlar handan-hana özlərinə gələndən sonra, onun cəsədini sürüyə-sürüyə aparıb ləşgərgahın zibilliyinə tulladılar və heç məlum da olmadı ki, Lal Qafaroğlunun cəsədi torpağa tapşırıldı, yoxsa qurd-quşa yem oldu. 


Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR