TEATR - Ejen İonesko

Tərcümə: ELÇİN

 

                            MƏNƏVİ  FACİƏNİN  İFADƏSİ

                         (Ejen İonesko və onun “Absurd teatr”ı)

 

         Artıq uzaq keçmişdə qalmış 1970-ci ildə – lap gənc vaxtlarımda “Dramaturgiyada şərtilik barədə” adlı, “Müasir Qərb dramaturgiyası materialları əsasında subyektiv mülahizələr” yarımbaşlıqlı bir məqalə yazmışdım və bu günlərdə Ejen İoneskonun məşhur “Keçəl müğənni qız” pyesini tərcümə edib bitirdikdən sonra, qəribədir, birdən-birə həmin məqalə yadıma düşdü, onu yenidən nəzərdən keçirdim. Məqalədə R.Veys, F.Dürrenmatt, P.Karvaş, J.Anuy, M.Fermo, E.Olbi kimi XX əsr dramaturqlarının pyesləri əsas götürülür və onların timsalında bədii şərtiliyin ədəbiyyatda və konkret olaraq dramaturgiyada estetik bir stimul kimi necə mühüm rol oynadığı göstərilir.

         Və mən gördüm ki, həmin məqaləni xatırlamağımda heç bir “qəribəlik” yoxdur, çünki Ejen İoneskonun Samuel Bekket ilə birlikdə yaratdıqları “Absurd teatr”, əslində, sənətin, o cümlədən də ədəbiyyatın mahiyyətindəki şərtiliyin davamıdır və bu istiqamətdəki estetik inkişaf, bəlkə də, haralardasa ifrata aparıb çıxara bilər, ancaq heç vəchlə “anti-sənət” deyil.

“Absurd teatr” nəinki sosrealizm ideologiyası, hətta Qərb ictimai fikrinin bir sıra nümayəndələri belə “anti-teatr” hesab edirdi (və edir!) və bu teatrı ortaya çıxaran, nüfuz qazandıran iki ən məşhur pyes – “Keçəl müğənni qız” və Bekketin “Qodonu gözləyərkən” əsərləri də “anti-sənət” kimi qiymətləndirilirdi. Ancaq çox qısa zamanda məlum oldu ki, “Absurd teatr” “anti-teatr”, bu teatrda tamaşaya qoyulan pyeslər isə “anti-sənət” deyil, söhbət teatr da daxil olmaqla məhz sənətin axtarışlarından, hətta (bəlkə də?) dövrün, zamanın doğurduğu estetik sifarişdən gedir.

         “Qəribə” olanı başqa bir məsələdir.

         “Absurd teatr” XX əsrin ortalarında – müharibədən iki-üç il sonra, 1940-cı illərin axırları, 50-nin əvvəlləri – Paris ədəbi mühitində (Sartr, Kamyu, Rene Kler, Jan Kokto, de Bovuar, J.Jene…) meydana çıxdı, bu teatrın bədii-estetik prinsiplərini məhz Paris ədəbi mühiti müəyyənləşdirdi və bu günün özündə də – “Absurd teatr” tamaşalarının coğrafi ünvanının geniş əhatə dairəsinə, dramaturqların təmsil etdiyi ölkələrin müxtəlifliyinə baxmayaraq, hərdən ümumiləşdirilmiş “fransız absurd teatr” ifadəsinə rast gəlirik.

         Heminquey Paris haqqında məşhur kitabının adını “Həmişə mənimlə olan bayram” adlandırmışdı və həyat mənasızlığının, yeknəsəqliyinin bədii ifadəsi olan “Absurd teatr”a mənsub pyesləri oxuyarkən həmişə məndə elə bir təəssürat yaranır ki, bu teatr kədərinə, acısına, qüssəsinə baxmayaraq, məhz həmin “Paris bayramı”nın aurası altında yaranıb, öz estetik enerjisini həmin auradan alıb və qəribəsi də elə bu təzaddır. Yəqin, burası da maraqlıdır ki, bu teatrın əsasını qoyan və əsas dramaturqları olan bu iki yazıçının heç biri milliyyətcə fransız deyil – Ejen İonesko rumın, Samuel Bekket isə ingilis dili ilə bərabər, fransızca da yazan irlanddır.

         Ancaq “Paris aurası”, əlbəttə, o demək deyil ki, o auranın altında yaranmış “Absurd teatr” ümumdünya miqyaslı sənət axtarışlarından kənarda, bədii-estetik bünövrəsi olmadan öz-özünə yetişərək peyda olub – bəşəri sənətin tarixində hələ ki belə hadisə olmayıb və sənətdə “avanqard” anlayışı da istisna deyil.

Sənət və o cümlədən də ədəbiyyat geniş magistral yolla irəliləyərək əsrləri adlayır və bu irəliləyiş daima bədii-estetik axtarışlarla müşayiət olunub, yeni cığırlar salınıb, bu cığırların hansısa özünü doğrultmayaraq davamını tapmayıb, unudulub, hansısa, əksinə, inkişaf edərək yola çevrilib (magistrala yox, məhz yola, çünki magistral çoxsaylı deyil, yeganədir!) – “Absurd teatr” da o geniş magistraldan çıxmış cığırlardan biridir.

         Bu baxımdan XIX əsrin sonları, xüsusən XX əsrin əvvəllərində avanqard sənətin – ədəbiyyatda da, rəngkarlıqda, musiqidə, teatrda, bir az sonralar kinoda da – axtarışları elə bil bir pik həddə çatıb və uzağa getməyək, elə rus avanqardı – futurizmi, kubizmi, konstruktivizmi, suprematizmi və s. xatırlayaq, Kandinski, Mayakovski, Maleviç, Şaqal, Xlebnikov və b. imzaları yada salaq. Eyni proses haradasa az, yaxud haradasa daha zəngin bir mündəricatla Qərbdə də hərəkətdə idi və “Absurd teatr”ın yaranmasında coğrafi sərhəd tanımayan avanqardın təsiri gün işığı kimi aydın bir məsələdir. Hətta XX əsr realist dramaturgiyasının, misal üçün, Pirandello kimi nümayəndəsinin – novator nümayəndəsinin! – “Absurd teatr”ın təşəkkülündə oynadığı rolu əyani şəkildə görmək üçün onun pyeslərini oxumaq kifayətdir (yeri düşmüşkən deyim ki, həmin gənclik çağlarımda Pirandellonun “Axmaq” adlı maraqlı bir pyesini tərcümə etmişdim).

İonesko “Absurd teatrın gələcəyi varmı?” adlı essesində hətta Şekspiri bu teatrın “böyük sələfi” hesab edir və Şekspir qəhrəmanının dediyi bu məşhur sözləri  yada salır: “Dünya bir idiotun danışdığı və düşüncədən, hansısa mənadan tamam məhrum olan, başdan-başa hay-küydən və qeyzdən ibarət bir tarixdir”.

Doğrudan da, Şekspir qəhrəmanının dünyaya (həyata, yaşayışa) belə bir münasibəti elə “Absurd teatr”ın məramıdır və yəqin, bu da simptomatik bir göstəricidir ki, İonesko həmin məqalədəki sələf axtarışlarında gedib Edipə çıxır, onu “absurd qəhrəman” kimi səciyyələndirir. Ancaq qədim yunan mifologiyasında (və Sofoklun məşhur faciəsində) Edip mövzusu (və hadisəsi) ilə “Absurd teatr”ın məramı arasında mühüm bir fərq var və İonesko həmin fərqi dəqiq görür: “Edip qanunları qeyri-şüuri olaraq pozurdu və buna görə də cəzalandırıldı. Ancaq qanunlar və normalar mövcud idi… Mənim qəhrəmanlarım isə (“Kürsülər” pyesini nəzərdə tutur – E.) heç bir qanun və norma olmayan qaydasız və transsendental anlayışlarsız bir dünyada itib-batırlar”.

XX əsr dramaturgiyasının elə böyük nümayəndələri var ki, onlar “Absurd teatr”ın müəllifləri sırasında deyillər, ancaq onların yaradıcılığı ilə “Absurd teatr” müəlliflərinin yaradıcılığı arasında bəzi hallarda çox həssas bir sərhəd var və misal üçün, şəxsən mənə aydın deyil ki, İonesko, Bekket, Jan Jene, Arrabal ilə aşağı-yuxarı eyni zamanda yaradıcılığa başlamış Fridrix Dürrenmatt, yaxud onun həmvətəni Maks Friş kimi dramaturqlar “Absurd teatr”a təsir göstəriblər, yoxsa əksinə, “Absurd teatr” bu dramaturqlara təsir edib?

Mən hələ aspirant vaxtlarımda – 1960-cı illərin ikinci yarısında Moskva Satira Teatrında Frişin “Don Juan, yaxud həndəsəyə məhəbbət” pyesi əsasında tamaşaya baxmışdım və bu qeydləri yazarkən həmin pyesi, eləcə də Dürrenmattın məşhur “Böyük Romul”unu (bu pyes 80-ci illərin ortalarında Hüseynağa Atakişiyevin quruluşunda Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdu və xatirimdədir ki, rəhmətlik Səyavuş Aslan Avqustlu Romulun rolunu çox istedadla yaratmışdı) bir daha gözdən keçirdim: bu pyeslər ilə “Absurd teatr” arasında, xüsusən İoneskonun “Keçəl müğənni qız”ı arasında açıq-aşkar bir doğmalıq var. Edvard Olbi isə özü etiraf edir ki, İoneskonun ona böyük təsiri olub və müasir dünya dramaturgiyasında etiraflı-etirafsız bu cür misalların sayı az deyil.

1960-cı ildə Moskvada “Müasir fransız pyesləri” adlı almanax tipli böyük bir kitab nəşr olunmuşdu və fransız tədqiqatçısı Leon Musinak ön sözdə yazırdı ki, “Fransız teatrı keçid mərhələsini yaşayır” (Pyesı sovremennoy Fransii, Moskva, “İskusstvo”, 1960, str. 6). “Absurd teatr”ın rus tədqiqatçılarından İqor Dyuşen isə on-on beş il bundan əvvəl yazdığı bir məqaləsində artıq bu teatrı “dünya dramaturgiyasında və teatrında yeni mərhələ” adlandırır (Teatr paradoksa, Moskva, “İskusstvo”, 1991, str.6).

Ancaq baxın, “Keçəl müğənni qız” 1948-ci ildə yazılıb, 50-ci illərin əvvəllərində də Parisdə tamaşaya qoyularaq, 60-cı illərdə estetik bir hadisə kimi məşhurlaşıb və bununla da “Absurd teatr”ın tarixi başlayır, ancaq deyə bilmərəm ki, bu teatr aradan keçən 70 ildə özünün bədii fondu və estetik mündəricatı ilə “yeni mərhələ” səviyyəsini əldə edə bilib.

Məsələ burasındadır ki, bu gün də (az qala, yetmiş ildən sonra!) “Absurd teatr”dan söz düşəndə yenə də İoneskodan və Bekketdən, “Qodo”dan və “Keçəl müğənni qız”dan bəhs edirik, yəni dediyim odur ki, keçən dövr ərzində biz elə bir inkişafın şahidi olmamışıq ki, “yeni mərhələ” miqyasına gətirib çıxarsın.

Çox güman ki, “onda ikinci Şekspiri, ikinci Molyeri göstərin!” deyə bu fikirlə mübahisə etmək olar, ancaq fakt budur ki, “Absurd teatr”ın simasını bu gün də “Qodo” və “Keçəl müğənni qız” müəyyənləşdirir və dediyim həmin magistral yoldan çıxmış cığır hələ ki genişlənməyib, necə maraqlı bir cığır idisə, o cür də qalır – Şekspir və Molyerdən sonrakı İbsen, yaxud da Çexov yoxdur. Bəlkə, zaman lazımdır? Ola bilər…

“Keçəl müğənni qız” tərcümə edərkən hərdən fikirləşirdim, oxucuya elə gələ bilər ki, bu pyesdəki personajların hamısı dəlidir və Smit cütlüyünün də, Marten cütlüyünün də dialoqları, yanğınsöndürən Brandmayorun, qulluqçu Merinin söylədikləri marazma tutulmuş adamların sayıqladığı səfsəfədir. Ancaq belə bir təəssürat üzdən yanaşmanın nəticəsi olar və əslində, bu dialoqlar, deyilənlər mənasız və yeknəsəq bir həyatın – ümumiləşdirilmiş yaşayışın bədii ifadəsidir.

Bu personajlar Alzheymer xəstələri deyillər, onlar yorulmuş (bezmiş!) insanlardır və nəinki yorulublar, onlar cəmiyyətdən – hansı cəmiyyət olursa, olsun, fərq etməz – iyrəniblər və əslində, onların həyat tərzi elə bu cəmiyyətin həyat tərzinin ifadəsidir. “Keçəl müğənni qız” pyesdən daha artıq, elə bil ki bir oyundur – aktyorlara proqram verilib ki, bu proqram üzrə bizimlə oyun oynasınlar və bu oyunun məğzində isə həyatın mənasızlığı, bəşəri miqyaslı cəmiyyətin puçluğu, lazımsızlığı durur. Buradakı dialoqlar, personajların daxilindəki dəruni bir rəncideyi-hallığın sövqü ilə bəzən anarxiyaya, hətta xaosa çağırış təəssüratı yaradır və onlar, bəlkə də, fikirlərində tamam başqa şeylər fikirləşirlər, sadəcə, danışıqlarının fərqində deyillər, çünki bu dünyada məntiqlə danışmağın mənasızlığını dərk ediblər.

Pyesdəki bir məqamı xatırlatmaq istəyirəm: hamı Brandmayordan xahiş edir ki, qatma-qarışıq danışığını təkrar etsin.

“BRANDMAYOR. Bilmirəm, bu mümkündür, ya yox? Axı mən iş başındayam. Yaxşı… onda, görək saat neçədir?

X-M SMİT. Bizim saatımız yoxdur.

BRANDMAYOR. Bəs divar saatı?

C-B SMİT. O işləmir. Onun içinə bir ziddiyyət ruhu dolub. Vaxtı heç zaman düz göstərmir”.

Həmin divar saatı bütün əsər boyu tez-tez zəng çalır və deyildiyi kimi, vaxtı düz göstərmir. Bu personajlar (bu insanlar!) belə bir zamansızlıq içində yaşayırlar – divar saatı nə qədər zəng çalır, çalsın, onsuz da, vaxtı çaş-baş salıb və hansısa bir saat onları donub qalmış zamansızlıq içindən çıxarmaq gücünə (bəlkə, həvəsinə? istəyinə?) malik deyil.

Yəqin, elə buna görə də onlar üçün bütün insanlar, pyesdə deyildiyi kimi, tanınıb-bilinməz bir Bobbi Uolsondur, bu mənada ki, onlar üçün fərqi yoxdur, kim nə ad daşıyırsa, daşısın, kim hansı peşənin sahibidirsə, kimin neçə yaşı varsa, hansı millətə mənsubdursa, olsun, bu insanların hamısı eyni mənasız və məzmunsuz trafaretdən çıxıb və bu absurd dünyada hətta remarkalar da dramaturgiyadakı klassik funksiyalarını yerinə yetirmir. Bu remarkaya fikir verin: “Xanım Smit bərkdən ağlaya-ağlaya dizləri üstə atılır, bəlkə də, heç atılmır”.

Yanğınsöndürən Brandmayor gəlişi ilə elə bil bu insanların yeknəsəq və arzusuz həyatlarına bir canlanma gətirir, çünki Branmayor hələ ki canlı bir varlıqdır, hələ ki axtarır, arzulayır, həsrət çəkir – düzdür, onun axtardığı, arzuladığı və həsrətində olduğu şey yanğındır, ancaq hər halda, eybəcər də olsa, onun içində bu personajlardan fərqli olaraq bir istək var – yanğın onun həyatında bir stimul rolu oynayır.

Yeri düşmüşkən deyim ki, bir neçə il bundan əvvəl mən Moskva telekanallarından hansındasa məşhur rus artisti və rejissoru Sergey Yurskinin quruluşunda “Keçəl müğənni qız” teletamaşasına baxmışdım. Yurski özü orada Brandmayorun rolunu ifa edirdi və uğurlu bir tamaşa alınmışdı, ancaq bu prinsipial surətin səhnə yozumunda dediyim həmin canlılıq yox idi – bu da tamaşanın emossional təsirinə xələl gətirirdi.

Mənə görə, Brandmayor absurddan daha artıq, sürrealist bir obrazdır və o getdikdən sonra personajların mənasız həyatında daha artıq bir ölgünlük yaranır – onların sondakı aqressiyası da, nə qədər qəribə səslənsə də, məhz ölgünlüyün yaratdığı bir aqressiyadır.

Tənqid çox zaman “Absurd teatr”ın satiraya yaxınlığından yazır, bəzən “İonesko sirki” termininə də rast gəlmək mümkündür, İonesko özü isə “bu teatrın personajları nə faciə qəhrəmanlarıdır, nə də komediya qəhrəmanı – onlar, sadəcə, gülməlidirlər”  deyir və doğrusu, bu tipli mülahizələr mənə mübahisəli, hətta yanlış görünür – əgər bu qəhrəmanlar tam bir mənasızlıq içindədirlərsə, bu, mənəvi faciə deyilmi?

Beləliklə, “Müğənni keçəl qız” pyesini oxuculara təqdim edirəm.  

 

E l ç i n

23 iyun 2016-cı il

Bakı

 

                               KEÇƏL MÜĞƏNNİ QIZ

 

         İŞTİRAK EDİRLƏR:

        C ə n a b  S m i t

         X a n ı m  S m i t

         C ə n a b  M a r t e n

         X a n ı m  M a r t e n

         M e r i  –  q u l l u q ç u

         B r a n d m a y o r

 

                                 BİRİNCİ ŞƏKİL

 

          Tipik ingilis interyeri. İngilis kresloları.

İngilis axşamı.

İngilis başmağı geymiş ingilis  c-b  S m i t  ingilis alovu ilə yanan ingilis sobasının qarşısında ingilis kreslosunda əyləşərək, ingilis qəlyanını çəkə-çəkə ingilis qəzetini oxuyur. İngilis eynəyi taxıb. Onun  ingilis bığı ağarıb.

İngilis  x - m  S m i t  ərinin yanındakı başqa bir ingilis kreslosunda əyləşib ingilis corabları toxuyur.

Tam bir ingilis sükutudur.

İngilis divar saatı on yeddi dəfə ingilissayağı zəng çalır.

 

         X-M SMİT. O-o-o… Saat doqquzdur. Biz sup, balıq, sala ilə kartof və ingilis salatı yemişik. Uşaqlar ingilis suyu içiblər. Bu gün yaxşıca yemişik. Ona görə ki biz Londonun ətrafında yaşayırıq və familimiz də Smitdir.

        

         C-b Smit oxumağına davam edir və nəsə demək əvəzinə ağzını marçıldadır.

 

Kartofla sala çox dadlıydı, salatın da yağı əvvəlkindən təzəydi. Bizim tində satılan yağ üzbəüz dükandakı yağdan yaxşıdı, küçənin o biri başındakı dükanda satılan yağdan isə yüz dəfə yaxşıdı. Yox, mən demək istəmirəm ki, onlarda satılan yağ pisdir.

 

         C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Hər halda, tindəki dükanın yağı hamsından yaxşıdı.

 

         C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Bu gün Meri kartofu yaxşı qızartdı. Ancaq keçən dəfə bir az çiy eləmişdi. Mən qızarmış kartofu xoşlayıram.

 

         C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Balıq da təzə idi. Az qalırdı adam lap barmaqlarını yalasın. Mən boşqabımı iki dəfə… yox, üç dəfə doldurdum. Belə olanda da adam tez-tez tualetə gedir. Sən də balıqdan üç dəfə götürdün. Ancaq üçüncü dəfə sən birincidən də, ikincidən də az götürdün. Mən isə çox götürdüm. Bu gün səndən çox yedim. Niyə belə oldu? Axı sən həmişə məndən çox yeyirsən. Sənin iştahana həsəd aparmaq olar. Supun duzu bir az çox idi. Mənim boşqabımdakı supun duzu səninkindən artıq idi. Kəvəri də çox olmuşdu, ancaq soğanı az idi. Heyif, Meriyə tapşırmadım ki, bir az da cirə töksün. Gələn dəfə gərək özüm nəzarət edəm.

 

C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Oğulcığazımız da pivə içmək istəyirdi. Böyüyəndə o da sənin kimi küpünə girəcək. Gördün, şüşəsinə necə baxırdı? Ancaq mən ona qrafindən su tökdüm. Susamışdı, suyu içdi. Elen isə mənə oxşayıb: yaxşı evdardı, bədxərc deyil, fortepianoda çalır. Heç vaxt da ingilis pivəsi istəmir. Lap bizim bəbə kimidi, təkcə süd içir. Yediyi də sıyıqdı. O saat bilirsən ki, iki yaşı var. Adı Peqqidir… Heyva və lobya tortu əla çıxmışdı! Bəlkə də, desertə Avstraliya burqund çaxırı içmək olardı, ancaq özüm istəmədim. Onları qurman eləməyək! Onlar gərək ciddi olsunlar. Mötədil… mötədil olsunlar.

 

         C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Missis Parkerin bir rumın dükançı tanışı var, Prpesku Rozenfeld. Gözəl yoğurt mütəxəssisidir. Bu yaxınlarda Konstantinopoldan gəlib, orda yoğurt düzəldən Andrianopol məktəbini bitirib. Sabah ondan bir böyük qab rumın yoğurtu alacağam. Bizim bu London kənarlarında çətin ələ düşən şeydi.

 

         C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

 

Yoğurt mədə üçün xeyirli şeydi, böyrəklərçün də, korbağırsaqçün də, apofeoz üçün də. Doktor Makkenzi-Kinq belə deyir. O, qonşumuz Consların uşaqlarını mualicə edir. Yaxşı həkimdir. Biz ona etibar edə bilərik. O ancaq o dərmanları yazır ki, onları özündə sınayıb. Parkerin ciyərində əməliyyat eləməzdən əvvəl o, həmin əməliyyatı öz ciyərində eləyib. Ciyəri sağlam ola-ola.

         C-B SMİT. Onda necə olub ki, doktor sağ qalıb, ancaq Parker ölüb?

         X-M SMİT. Öz ciyərində əməliyyat uğurlu olub, Parkerdə isə yox.

         C-B SMİT. Deməli, Makkenzi pis həkimdir. Ya gərək əməliyyat ikisi üçün də uğurlu olaydı, ya da gərək ikisi də öləydi.

         X-M SMİT. Niyə?

         C-B SMİT. Əgər həkimlə xəstə birlikdə sağala bilmirlərsə, o zaman vicdanlı həkim də o xəstə ilə birlikdə ölməlidir. Kapitan gərək gəmi ilə bir yerdə batsın və sağ qalmasın.

         X-M SMİT. Axı xəstəni gəmi ilə müqayisə etmək olmaz.

         C-B SMİT. Niyə? Gəminin də öz xəstəlikləri var. Bir də ki sənin o həkimin də gəmi kimi möhkəmdir. Buna görə həkim də, onun gəmisi də xəstə ilə bərabər həlak olmalıydı.

         X-M SMİT. Hə, bu heç mənim ağlıma gəlməyib! Yəqin, sən haqlısan… Ancaq bundan nə nəticə hasil olur?

         C-B SMİT. O nəticə hasil olur ki, bütün həkimlər şarlatandır. Elə xəstələr də. İngiltərədə ancaq dəniz donanması şərəflidir.

         X-M SMİT. Dənizçilər isə yox.

         C-B SMİT. Aydın məsələdir.

 

                                                  P a u z a.

 

(Bütün fikri qəzetdədir.) Mən bir şeyi başa düşə bilmirəm. Qəzetdə niyə vəfat edənlərin yaşını yazırlar, ancaq təzəcə anadan olanların yaşını heç vaxt yazmırlar. Anlaşılmaz bir şeydi.

         X-M SMİT. Heç vaxt bu barədə düşünməmişəm!

 

         Yenə sükut çökür.

Saat yeddi dəfə zəng çalır.

Sükut.

Saat üç dəfə zəng çalır.

Sükut.

Saat daha heç neçə dəfə zəng çalmır.

 

         C-B SMİT (bütün fikri qəzetdədir). Bax, ha! Burda yazıblar ki, Bobbi Uotson ölüb.

         X-M SMİT. Aman Allah! Yazıq! Nə vaxt ölüb?

         C-B SMİT. Sən niyə təəccüblənirsən? Sən ki bunu yaxşı bilirsən. O, iki il bundan əvvəl ölüb. Yadındadı, il yarım bunda əvvəl biz onun dəfn mərasiminə getmişdik.

         X-M SMİT. Əlbəttə yadımdadı. O saat mənim yadıma düşdü, bəs sən niyə qəzetdə oxuyanda elə təəccübləndin?

         C-B SMİT. Hansı qəzetdə? Hələ üç il bundan qabaq hamı onun ölümündən danışırdı. Birdən-birə yadıma düşdü.

         X-M SMİT. Çox təəssüf. O elə yaxşı qalmışdı ki!

         C-B SMİT. O, bütün Böyük Britaniyada ən gözəl meyit idi. Ona heç vaxt yaşını vermək olmazdı. Yazıq Bobbi dörd ildi ölüb, amma hələ də istidi. Əsl canlı meyitdi! Özü də necə məzəli adam idi!

         X-M SMİT. Yazıq Bobbi! Yaxşı qadın idi…

         C-B SMİT. Yəni demək istəyirsən ki, yaxşı kişi idi!

         X-M SMİT. Yox, onun arvadını deyirəm. Axı arvadının da adı Bobbi idi – Bobbi Uotson. Onlar adaş idi. Bir yerdə olanda adamlar çaşırdı ki, kim kimdi? Elə ki əri öldü, hamı bildi ki, kim kimdi. Elə indinin özündə də onları səhv salırlar, Bobbiyə başsağlığı teleqramı göndərirlər ki, arvadın vəfat edib. Sən onu tanıyırsan?

         C-B SMİT. Mən onu cəmi bir dəfə təsadüfən görmüşəm, Bobbinin dəfnində.

         X-M SMİT. Amma mən onu heç görməmişəm. Gözəl idi?

         C-B SMİT. Sifətinin cizgiləri düz idi, ancaq demək olmaz ki, gözəl idi. Boyu çox uzun idi, özü də kök idi. Sifətinin cizgiləri əyri-üyrü idi, ancaq özü çox gözəl idi. Düzdü, boyu balaca idi, özü də arıq idi. Nəğmə müəlliməsiydi.

 

         Saat beş dəfə zəng çalır. Uzun pauza.

 

         X-M SMİT. Onlar, axır ki, nə vaxt evlənəcəklər?

         C-B SMİT. Ən uzağı, yazda.

         X-M SMİT. Biz, əlbəttə, gərək onların toyuna gedək.

         C-B SMİT. Gərək toy hədiyyəsi də aparaq. Ancaq nə bağışlayaq?

         X-M SMİT. Bizim toyumuza yeddi gümüş nimçə gətirmişdilər ha, bəlkə, birini verək onlara? Onsuz da, o nimçələr indiyə qədər bizə lazım olmayıb. Ancaq nə yazıq ki, o, belə cavan yaşında dul qaldı!

         C-B SMİT. Hələ nə yaxşı ki, uşaqları da yox idi.

         X-M SMİT. Elə bircə bu çatışmırdı! Uşaqlar!.. O yazıq qadın uşaqlarla təkbaşına nə edəcəkdi?

         C-B SMİT. O hələ cavandı. Yenə ərə gedə bilər. Ancaq yas tutmaq ona çox yaraşır.

         X-M SMİT. Bəs uşaqlarla kim məşğul olsun? Axı sən bilirsən, onların bir oğlu, bir də qızı var. Yeri düşmüşkən, uşaqların adı necədi?

         C-B SMİT. Ata-anası kimi: Bobbi və Bobbi. Bobbi Uotsonun dayısı, qoca Bobbi Uotson varlı adamdı, oğlana da çox bağlıdı. Bax elə o da oğlanın tərbiyəsi ilə məşğul ola bilər.

         X-M SMİT. Əlbəttə. Bobbi Uotsonun xalası isə – qoca Bobbi Uotson Bobbi Uotsonun qızı Bobbi Uotsonun tərbiyəsi ilə məşğul ola bilər. Onda ana Bobbi Uotson təzədən ərə gedə bilər. Onun bir gözaltısı var?

         C-B SMİT. Hə, əmisi oğlu Bobbi Uotson.

         X-M SMİT. Kim? Bobbi Uotson?

         C-B SMİT. Sən hansı Bobbi Uotsonu deyirsən?

         X-M SMİT. Rəhmətlik Bobbi Uotsonun o biri əmisi Bobbi Uotsonun oğlu Bobbi Uotsonu.

         C-B SMİT. Yox, bu, o Bobbi Uotson deyil, başqasıdı. Bu, rəhmətlik Bobbi Uotsonun xalası qoca Bobbi Uotsonun oğlu Bobbi Uotsondur.

         X-M SMİT. Demək istəyirsən ki, kommivoyajer Bobbi Uotson?

         C-B SMİT. Bobbi Uotsonların hamısı kommivoyajerdir.

         X-M SMİT. Çox çətin peşədi! Ancaq yaxşı gəlir gətirir.

         C-B SMİT. Hə, ancaq rəqabət olmasa.

         X-M SMİT. Bəs rəqabət nə vaxt olmur?

         C-B SMİT. Çərşənbə axşamları, cümə axşamları və çərşənbə axşamları.
         X-M SMİT. Həftədə üç gün? Bəs həmin günlərdə Bobbi Uotson neyləyir?

         C-B SMİT. İstirahət edir, yatır.

         X-M SMİT. Onda bu üç gün rəqabət yoxdursa, Bobbi Uotson niyə işləmir?

         C-B SMİT. Mən hər şeyi bilməliyəm? Mən sənin bütün səfeh suallarına cavab verə bilmərəm.

         X-M SMİT (incimiş). Nədi, məni incitmək istəyirsən?

         C-B SMİT (gülümsəyərək). Özün bilirsən ki, yox...

         X-M SMİT. Kişilərin hamısı eynidi! Bütün günü oturub tütün fısqırdırsız. Gündə də əlli dəfə pudralanırsız, kraskalanırsız. Ya da ki bütün günü içhaiç, içirsiz.

         C-B SMİT. Bəs kişilər də özlərini arvadlar kimi aparmağa başlasaydı, onda nə deyəcəkdin? Bütün günü tənbəki fısqırtmaq, pudralanmaq, kraskalanmaq, viski içmək?

         X-M SMİT. Mənim heç vecimə də deyil! Ancaq bunu mənim acığıma deyirsənsə, onda görərsən… Mənim belə zarafatlarla aram yoxdu, sən də bunu yaxşı bilirsən.

 

         Xanım Smit gözəməni yerə atıb, hirslə ayağa qalxır. Cənab Smit də ayağa qalxır və mehribancasına xanımına yaxınlaşır.

 

         C-B SMİT. Ay mənim qızardılmış çolpam, bu nə şimşəklərdi, bu nə ildırımdır belə, çaxırsan? Axı sən bilirsən ki, mən zarafat edirəm.

 

         Cənab Smit xanım Smiti özünə tərəf çəkərək qucaqlayır.

        

Sənlə mən bir-birini sevən qoca axmaqlarıq. Gedək, gedək çarpayıda uzanıb bay-bay edək!

 

 

 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR