MEMUAR - Uinston Çörçill

Uinston Çörçill

Tərcümə: Güldəstə

1874-cü ildə Blenheym şəhərində doğulub. 1940-45 və 1951–55-ci illərdə İngiltərənin baş naziri kimi fəaliyyət göstərib. Britaniya Akademiyasının fəxri üzvü olub.

1945-ci ildə Fultonda (ABŞ-ın Missuri ştatı) tarixi nitqini söyləyib. Məhz həmin nitqdə ilk dəfə işlədilən “xüsusi münasibətlər” və “dünya gücləri” ifadəsi bu gün də jurnalistlərin və siyasətçilərin leksikonunda öz yerini qoruyur. Fulton nitqinin “dəmir pərdə”dən danışılan  hissəsi isə daha güclü rezonans yaradıb. Əbəs deyil ki,  məhz həmin nitqi “soyuq müharibənin”  başlanğıc nöqtəsi hesab eləyirlər.

“Malakand hərbi korpusunun tarixçəsi” (1898), “Dünya böhranı” (1923), “Görkəmli müasirlərim” (1937), “Malboro: həyatı və fəaliyyəti” (1938), “İkinci Dünya müharibəsi” (1054) və bir çox başqa əsərlərin müəllifidir.

1953-cü ildə  ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Uinston Çörçill 1965-ci ildə Londonda vəfat eləyib.  

  

                     Mən Rusiya ilə necə savaşdım 

                             “Barbarossa”  əməliyyatı

... 1939-cu ilin 1 sentyabrında səhər Almaniya Polşaya hücuma keçdi. İngiltərə hökuməti nisbətən zəif ölkənin Hitlerin köhnə planları və üsulları ilə məhvinə şahidlik etdi. Polşa Almaniyanın hücumuna üç tərəfdən açıq idi. Müharibənin ilk iki həftəsi amansız döyüşlərlə yadda qaldı. Döyüşlərin sonunda iki milyon əsgərdən ibarət Polşa ordusu  təşkilati qüvvə kimi yox oldu. Sonra sovetlərin növbəsi gəldi. Sentyabrın 17-də rus orduları Polşanın, demək olar ki, müdafiəsiz qalmış şərq sərhəddindən keçib qərbə tərəf enli cəbhə zolağı yaratdılar...

1940-cı ildə Almaniya ilə Rusiya üst-üstə düşən maraqlarının imkan verdiyi qədər sıx əməkdaşlıq edirdi. Hitlerlə Stalinin, totalitar rejimin siyasətçiləri kimi, xeyli oxşarlıqları vardı və idarəçilikləri də bir-birinə yaxın idi. Molotov hər fürsətdə Almaniya səfiri Şulenburqu gözlərində parıltı ilə qarşılayır və ona yaltaqlanaraq,  Hitlerin hərbi fəaliyyətini tərifləyirdi...

Hitlerin çoxdan hazırlanmış planlarının zamanı gəlmişdi və  fürer 1940-cı il dekabrın 18-də  özünün  21 saylı tarixi direktivini imzaladı:

                        “Barbarossa” əməliyyatı 

1.     Almaniya hərbi qüvvələri sürətli hərbi əməliyyatlar aparmaqla, İngiltərə ilə müharibə başa çatmamış, Sovet Rusiyasını darmadağın etməyə hazır olmalıdır.

2.     Bu məqsədlə ordu işğal olunmuş ərazilərin qəfil hücumlardan  qorunması üçün sərəcamındakı bütün qüvvələrdən istifadə etməlidir...

3.     Hərbi Hava Qüvvələri şərq kampaniyasında ordunu dəstəkləmək üçün ən güclü birləşmələrini ayırmalıdır ki, yerdəki əməliyyatların tez başa çatmasına və Şərqi Almaniya ərazilərinin düşmən uçuşlarından daha az zərər görməsinə kömək eləsin...

4.     Bu direktiv əsasında baş komandanın verəcəyi bütün əmrlər Rusiyanın bizə qarşı indiki münasibətinin dəyişəcəyi halda görüləcək ehtiyat tədbirləri aydın şəkildə ifadə etməlidir. İlkin mərhələdə hazırlıq işlərinin tapşırılacağı zabitlərin sayı nisbətən az olmalıdır. Əlavə heyət mümkün qədər gec təlimatlandırılmalıdır.   

                                                                                            Adolf Hitler

O andan etibarən 1941-ci ildəki böyük hadisələrə hazırlıq başlandı. Biz, əlbəttə ki, Almaniya ilə Rusiya arasında imperiyamızın bölünməsi və məhv edilməsi məqsədi daşıyan sövdələşmədən xəbərsizdik. Üstəlik, Yaponiyanın hələ müəyyənləşməmiş məqsədlərini də dəyərləndirə bilmirdik...

Əleyhimizə yönəlmiş Almaniya, Rusiya və Yaponiya koalisiyası – bizim ən çox ehtiyat elədiyimiz bu idi. Amma hadisələrin başqa istiqamətdə dəyişəcəyini heç kim bilmirdi.

                                           ****

Martın axırlarına qədər mən Hitlerin Rusiya ilə ölüm-dirim savaşına girəcəyinə inanmırdım və müharibənin iki addımlıqda olduğunu ağlıma da gətirmirdim. Bizim kəşfiyyatın məlumatlarında alman ordularının Balkan ölkələrində toplandığı göstəririlirdi...

                                       ***   

... İyunun 22-də yuxudan oyananda mənə Hitlerin Rusiyaya hərbi müdaxiləsi  barədə məlumat verdilər. Gözlənilən hadisə artıq fakta çevrilmişdi. Bizim siyasətimizin nədən ibarət olacağı mənə gün kimi aydın idi. Necə açıqlama verəcəyim də aydın idi.  Qalırdı bircə bəyanat yazmaq.  General Dill otağıma gəldi. Gətirdiyi məlumatda almanların Rusiyaya genişmiqyaslı hücum etdiyi deyilirdi. Aerodromlarda  sovet aviasiyasının mühüm hissəsi ələ keçirilmişdi. Belə görünürdü ki, almanlar çox sürətlə irəliləyiblər. General əlavə elədi: “Məncə, ruslar kütləvi şəkildə mühasirəyə düşəcəklər”.

Bütün gün bəyanatın üzərində işlədim. Hərbi kabinetimlə məsləhətləşməyə vaxtım qalmamışdı. Bilirdim ki, bu məsələdə hamımız eyni fikirdəyik.

 

                       İkinci cəbhə problemi

Hitlerin Rusiyaya müdaxiləsi dəyərlərə yenidən baxılması məsələsini ortaya qoyurdu və  müharibə şəraitində münasibətləri dəyişirdi. Sovet rəhbərliyi elə kor olmuşdu ki, ölkənin təhlükəsizliyini təmin eləmək üçün zəruri  addımları ata bilmirdi. Almaniyanın hücumundan əvvəl  Rusiya  rəhbərliyi, görünür, özündən başqa heç nəyin qayğısına qalmamışdı. İndiki vəziyyətdə bu ovqat özünü daha qabarıq göstərirdi.  Bu yerə qədər sovet rəhbərləri 1940-cı ildə Fransa cəbhəsindəki uğursuzluqları və 1941-ci ildə bizim Balkanlarda cəbhə yaratmaq cəhdlərimizi sükutla izləyirdi. Onlar nasist Almaniyasına ciddi iqtisadi və digər yardımlar göstərirdi.

İndi aldadılmış sovetlər qəfildən alov püskürən alman toplarının altında qalmışdılar. Onların ilk ən böyük arzusu (sonralar bu, daimi siyasətə çevrildi) Böyük Britaniya imperiyasından bütün mümkün yardımı almaq oldu. Həmin imperiyadan ki, Stalinlə Hitlerin onun bölüşdürülməsi planları son səkkiz ay ərzində  sovet rəhbərliyinin diqqətini alman qüvvələrinin Şərqdə cəmlənməsindən yayındırmışdı. Rusiya hökuməti tərəddüd etmədən əzabkeş və döyüşkən İngiltərədən  onun öz ordusunda çatışmayan hərbi texnika və sursatları sovet əsgəri üçün təkidlə tələb etməyə başladı. Birləşmiş Ştatların  bizə söz verdiyi və  gözümüzü dikdiyimiz müxtəlif avadanlıqların maksimum həcmdə onlara göndərməsində israr  edirdilər.  Bundan əlavə, 1941-ci ilin yayında heç bir riski nəzərə almadan, nəyin bahasına olur-olsun, ikinci cəbhə yaratmaq məqsədilə ingilis ordusunun Avropaya yerləşdirilməsini tələb edirdilər. 

Ruslar böyük bir ordunu yaxşı müdafiə olunan düşmən sahillərinə çıxarıb, orda saxlamaq üçün zəruri desant əməliyyatının mahiyyətini qətiyyən  anlamırdılar.  Heç amerikanlar da gözlənilən çətinlikləri dərk eləmirdilər. Havada və suda üstünlüyü ələ keçirmək lazım idi...            

1941-ci ilin payızında biz Pa-de-Kale istisna olmaqla (ən güclü alman istehkamları burda idi), Avropanın işğal olunmuş ərazilərində havada düşməndən üstün deyildik. İngiltərənin nəhəng, təlim keçmiş,  yaxşı silahlanmış ordusu da yox idi.

Bununla belə, ikinci cəbhənin yaradılması ilə bağlı bu günəcən yalan və cəfəng söhbətlər dolaşır. Sovet hökümətini inandırmağa, təbii ki, o zaman ümid yox idi.  Axırda Stalin mənə dedi ki, ingilislər qorxurlar. O, bu işin öhdəsindən gələcək üç-dörd rus ordu korpusunu göndərməyə hazırdı. Gəmilərin çatışmazlığından və bəzi maliyyə imkansızlığından, onun öz sözlərini sonralar yerinə yetirib-yetirməyəcəyi naməlum qaldı. “Pravda” qəzetində və  digər  rəsmi mətbuat orqanlarında dərc olunmuşdu ki, guya bizdən rusların diplomatik  missiyasını qəbul etməmiz xahiş olunub. Yüksək dairələrin sükutu məşəqqət idi və mən buzu sındırmağı özümə borc bildim.

Çox yaxşı başa düşürdüm ki, onlar Sovet İttifaqı ilə Qərb müttəfiqləri arasında müharibə başlanandan bəri baş verənlərdən, eləcə də mənim bolşevik hakimiyyətinə 20 ildən artıq müddətdəki münasibətimdən narahatdırlar.  Buna görə də şəxsən Stalinə müraciət edib, rus xalqına bacardığımız köməkliyi göstərmək niyyətimiz barədə məlumat verdim.

“Baş nazir Çörçill –  baş katib Stalinə. 8 iyul 1941-ci il.

Biz hamımız  qəsbkar və qəddar nasistlərin təcavüzünə qarşı rus ordusunun  belə güclü, cəsur və qəhrəmancasına müqavimət göstərməsinə çox sevinirik. Sovet əsgərlərinin  və  xalqının şücaəti,  qətiyyəti  hamını heyran edir. Biz sizə kömək eləmək üçün hər şeyə hazırıq. Müharibə nə qədər uzansa, sizə bir o qədər yardım edə bilərik. İngiltərə hava qüvvələri gecə-gündüz Almaniyanın işğal etdiyi ərazilərin, elə Almaniyanın özünün də üzərindən uçuşlar keçirəcək. Təxminən 400-ə yaxın təyyarə dənizin o biri tərəfinə gündüz uçuşları edib. Şənbə günü axşam 200 bombardmançı təyyarəmiz Almaniyanın müxtəlif şəhərlərinə uçublar. Bu təyyarələrdən bəziləri üç ton ağırlığında bomba daşıyırdı. Gecə əməliyyatlarında isə təxminən 250 bombardmançı təyyarəmiz iştirak edib. Gələcəkdə də belə olacaq.  Biz bu yolla Hitleri öz hərbi-hava qüvvələrini qərbə tərəf qaytarmağa və yavaş-yavaş sizin ölkənizin üzərindəki yükü azaltmağa məcbur edəcəyimizə ümidliyik... Biz cinayətkarların nəfəsini kəsmək üçün bütün qüvvələrimizi birləşdirməliyik”.

Cavab olaraq belə bir məktub aldım:

“ Baş katib Stalin – baş nazir Çörçilə.  18 iyul 1941-ci il.

... Şübhə etmirəm ki, ümumi düşmənimizi məhv etmək üçün  dövlətlərimizin kifayət qədər  qüvvəsi var. Sovet  ordularının cəbhədəki vəziyyətinin gərgin olaraq qaldığını sizə demək, bəlkə də, artıqdı.  Hitlerin Sovet İttifaqına hücum etməmək haqqında paktı pozaraq qəfil hücumu nəticəsində alman ordusu üçün yaranmış əlverişli vəziyyət sovet qoşunlarına hələ də təsir etməkdədi.  Sovet ordusu Kişinyov, Lvov, Brest, Belostok, Kaunas və Vıborq ərazisindən deyil, Odessa, Kamenes-Podolsk, Minsk və Leninqradətrafı ərazilərdən hücuma məruz qalmış olsaydı, Almaniya hərbi qüvvələrinin vəziyyəti daha yaxşı ola bilərdi.  Mənə elə gəlir, İngiltərə kimi, Sovet İttifaqının da vəziyyəti yalnız qərbdə (şimali Fransada) və şimalda (Arktikada) Hitler əleyhinə ikinci cəbhənin yaradılacağı halda əhəmiyyətli dərəcədə yaxşılaşar. Fransanın şimalındakı cəbhə Hitler qüvvələrini Şərqdən geri çəkər, həmçinin, İngiltərəyə müdaxiləsini mümkünsüz edər. Belə bir cəbhənin yaradılması təkcə Böyük Britaniya ordusunda deyil, bütün cənubi İngiltərə əhalisi arasında  müsbət qarşılanar. Mən belə bir cəbhənin yaradılmasındakı çətinlikləri anlayıram. Amma təkcə ümumi işimiz naminə  yox, həm də İngiltərənin öz maraqları üçün bu cəbhəni yaratmalıyıq. İkinci cəbhə Şərqə doğru istiqamətlənmiş  Hitler qüvvələri ordakı mövqelərində möhkəmlənməyə imkan tapmamış yaradılmalıdı... ”

                               

                               ***

Mən 1941-ci ilin 21 iyulunda məktubla cavab verdim:

“Məktubunuzu almağıma və bir çox mənbələrdən öz torpaqlarını qoruyan rus hərbi qüvvələrinin qəhrəman mübarizəsi, güclü əks-hücumları haqqında xəbərlər eşitməyimə çox şadam... Sizə göstərdiyimiz yardımın daha effektli olması üçün nə lazımdırsa, edəcəyik.   Amma xahiş edirəm ki, ehtiyatlarımızın və coğrafi mövqeyimizin yaratdığı məhdudiyyətləri də nəzərə alasınız. Biz Almaniyanın Rusiyaya hücumunun ilk günündən, işğal olunmuş Fransaya və Niderlanda hücum imkanlarını müzakirə edirik...

Təkcə Fransada   almanların qırx diviziyası var. Bütün sahilboyu mövqelər isə əsl alman ciddiyətilə möhkəmləndirilir və tikanlı məftillər çəkilir...

Gecənin zülməti cəmi beş saat davam eləyir, üstəlik, bu müddətdə də ətraf projektorlarla işıqlandırılır.  Böyük sayda desant  çıxarmaq qanlı məğlubiyyət olardı. Yığcam hücumlar isə uğursuzluğa düçar olar və ikimizə də  xeyirdən daha çox zərər gətirərdi...

Bundan əlavə,  Rusiyanın Polşaya münasibəti əngəl yarada bilər. Almanların Rusiyaya hücumu Polşanın sərhəd dairələri üçün gözlənilməz deyildi. 1941-ci ilin mart ayından başlayaraq Londondakı Polşa hökuməti alman qoşunlarının Rusiyanın qərb sərhədlərində cəmləşməsinə dair məxfi məlumatlar əldə edirdi. Müharibənin başlanacağı təqdirdə sovet Rusiyası ilə Polşanın mühacir hökuməti arasındakı münasibətlərdə köklü dəyişikliklər baş verməli idi. Hər şeydən əvvəl, 1939-cu ilin avqustunda əldə edilmiş Molotov-Ribbentrop paktının Polşaya aid olan maddələrinə yenidən baxılmasının nə dərəcədə mümkün olması məsələsi ortaya çıxır... 

İngiltərə hökuməti lap əvvəldən dilemma qarşısında qalmışdı. Almaniya ilə müharibəyə bizim müdaxiləmiz Polşaya verdiyimiz təminatın birbaşa nəticəsi idi.  Biz əsas müttəfiqimizin maraqlarını dəstəkləməli idik. Və bu mərhələdə biz rusların 1939-cu ildə Polşa ərazilərini işğal etməsini qanuni saya bilməzdik. 1941-ci ilin yayında – Rusiyanın Almaniyaya qarşı mübarizədə bizim tərəfimizə keçməsindən iki həftə sonra böyük təhlükədə qalmış yeni müttəfiqimizi kağız üzərində olsa belə, əsrlər boyu öz təhlükəsizliyi üçün vacib saydığı sərhəd ərazilərdən imtinaya məcbur edə bilməzdik.

Çıxılmaz vəziyyət yaranmışdı. Polşa ərazilərinin gələcək taleyi ilə bağlı məsələni daha rahat vaxta qədər təxirə salmaq vacib idi...”

  Sentyabrın 4-ü axşam Mayski Stalinin cavabını mənə çatdırmaq üçün yanıma gəldi. Bu, iyul ayından sonra onun ilk şəxsi məktubu idi:

“Əvvəlcədən söz verdiyiniz 200 qırıcı təyyarədən əlavə, Sovet İttifaqına daha 200 qırıcı satmağı vəd etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Sovet təyyarəçilərinin onlardan istifadə etməyi  öyrənib faydalanacaqlarına şübhə etmirəm.

... Məsələ burasındadı ki, üç həftə əvvəl cəbhədə əldə etdiyimiz stabillik son günlər 30-34 alman piyada diviziyasının, çox sayda tank və təyyarələrin, eləcə də 20 fin, 26 rumın  diviziyasının Şərq cəbhəsinə gətirilməsi nəticəsində pozulub. Almanlar öz rəqiblərini – əvvəl rusları, sonra da ingilisləri vurmağı tamamilə mümkün sayırlar.

Nəticədə biz Ukraynanın yarısını itirmişik,  düşmən Leninqradın qapısı ağzındadı. Vəziyyət o həddədir ki, Krivorojiski dəmir filizi hövzəmizi, Ukraynada metallurgiya zavodlarımızı itirmişik, Dneprdə, Tixvində  alüminium zavodlarını, Ukraynada bir mühərrik və iki təyyarə zavodunu, Leninqradda iki mühərrik, iki təyyarə zavodunu  təxliyə etmişik.

Bütün bunlar müdafiə qabiliyyətimizin zəifləməsinə gətirib çıxarıb və Sovet İttifaqını ölüm təhlükəsi ilə üz-üzə qoyub. İndi ən yerinə düşən sual bu mürəkkəb vəziyyətdən necə çıxmaqdı? Mən hesab eləyirəm ki, burda yalnız bir çıxış yolu var: Şərq cəbhəsindən 30-40 alman diviziyasını uzaqlaşdıracaq, eyni zamanda, Sovet İttifaqını oktyabrın əvvəlində 30 min ton alüminium və hər ay 400 təyyarə və 500 tankla  təmin edəcək  ikinci cəbhəni elə bu il Balkanlarda, ya da Fransada yaratmaq lazımdı.

Bu iki növ yardım olmasa, Sovet İttifaqı ya məğlub olacaq, ya da o qədər zəifləyəcək ki, hitlerizmə qarşı mübarizə cəbhəsində öz müttəfiqlərinə kömək edə bilməyəcək. Mən bu məktubun sizi məyus edəcəyini bilirəm. Amma neyləmək olar?  Qazandığım təcrübə mənə, nə qədər acı olsa da, həqiqətin gözünün içinə düz baxmağı  və  gerçəyi  (arzuolunmaz olsa da) söyləməkdən qorxmamağı öyrədib”.  

Sovet səfiri mənimlə saat yarım söhbət elədi.  O, ağrı ilə etiraf etdi ki, son on bir həftədə alman hücumunun ağırlığını Rusiya faktiki tək çəkir...

Mən uzun illərdən bəri demədiyim bir şeyi səfirə söylədim: “Yadınıza salın, dörd ay əvvəl hələ heç kim bilmirdi ki, siz almanlar tərəfdən bizim əleyhimizə vuruşacaqsız, ya yox.  Doğrusu, biz bunu tamamilə mümkün sayırdıq. Amma hətta onda da öz qələbəmizə inanırdıq. Biz heç vaxt hesab eləməmişik ki, qurtuluşumuz sizin fəaliyyətinizdən asılıdı. Hər nə olur-olsun və siz hansı istiqamətdə fəaliyyət göstərirsiz-gösrətin, bizi təhdid etməyə heç bir haqqınız yoxdu”.

Mən bu sözləri deyəndə elə qızışdım ki, cavabında səfir dedi: “Xahiş edirəm, bir az sakit olun, cənab Çörçil!”

Amma bundan sonra onun səs tonu nəzərəçarpacaq dərəcədə yumşaldı....

 

                              ***

İkinci cəbhənin açılması məsələsi növbəti il də Sovet İttifaqı ilə aramızdakı əsas problem olaraq qaldı. Bütün  istəyimizə baxmayaraq, güclü ingilis-amerikan ordusunun hesabına La-Manşın gücləndirilməsinə 1943-cü ilin yayının sonundan tez nail ola bilmədik. 1942-ci il aprelin 14-də müdafiə komitəsi amerikalı dostlarımızla birlikdə Dauninq-strit 10-da toplaşdılar. Bu müzakirələr o qədər əhəmiyyətli idi ki,  mən qabaqcadan general İsmeydən şəxsən protokol tərtib etməsini xahiş eləmişdim. Həmin protokolda belə qeyd olunurdu:

“General Marşall dedi ki, 1943-cü ildə qəbul ediləcək qərarlarla və  Almaniyaya qarşı  güclü hava hücumunun təşkil  edilməsilə tamamilə razıyıq...  Ordunun sayında heç bir problem yoxdu... “

Onun ingilis qərərgah rəisləri ilə danışıqlarında şübhə doğuran iki bənd ortaya çıxdı. Birincisi, Orta Şərq və Hindistanı dəstəkləmək üçün  ABŞ-dan kifayət qədər material almaq mümkün olacaqmı? İkincisi,  1942-ci ildə qitəyə irimiqyaslı reyd çərçivəsindən kənar ordu çıxarmaq nə dərəcədə məqsədəuyğundur? Çox mümkün ki, biz belə bir qərar verməyə məcbur olacağıq və hər halda, buna hazırlaşmalıyıq... 

Qərərgah rəisləri bu fikirlə tamamilə razıdırlar ki, əsas düşmən Almaniyadı. Eyni zamanda, yaponların da qarşısını almaq və almanlarla birləşməsinə imkan verməmək lazımdı. Əgər yaponlar Hind okeanında nəzarəti ələ keçirməyə nail olsalar, bu, təkcə Orta Şərq üçün ciddi təhlükə yaratmazdı, həm də biz Fars körfəzi  bölgəsindən neft təchizatını itirmiş olardıq. Nəticədə Almaniya ona lazım olan nefti əldə edər, Rusiya üçün cənub yolu bağlanar, Türkiyə təcrid olunmuş və müdafiəsiz qalar, almanlar Qara dənizə sərbəst çıxış əldə etmiş olar, Almaniya ilə Yaponiya çox ehtiyac duyduqları əmtəə mübadiləsi imkanı qazanardı...  

Yekunda mən söylədim ki, bəzi  detallar (1943-cü ildə hücuma keçmək) işlənib hazırlanmalı olsa da, planın ümumilikdə  hamının ürəyincə olduğu göz qabağındadı.  Düşmənə qarşı nifrətin qardaşlaşdırdığı hər iki xalq çiyin-çiyinə verib irəli gedəcək.

Plan “Raundap” adlandırıldı.

         Bu yerdə icazə verin,  o zaman qəbul olunmuş məsələylə bağlı dəyişməz qalan fikrimi bildirim.  

1943-cü il üçün nəhəng tədbirlər planlaşdırarkən digər öhdəliklərimizi kənara qoya bilməzdik. Bizim imperiya qarşısındakı ilk öhdəçiliyimiz Hindistanı artıq mövcud olan yapon müdaxiləsindən müdafiə eləmək idi. Üstəlik, bu məsələ bütün müharibənin gedişilə həlledici şəkildə bağlı idi. Əlahəzrətin 400 milyon təbəəsini (onları qorumaq bizim üçün şərəf məsələsi idi) taleyin ümidinə buraxmaq, oranın da Çin kimi viran qalmasına, yaponlar tərəfindən  istila edilməsinə imkan vermək olmazdı.

 

                              ****

1942-ci ilin 20 mayında Molotov Londona gəldi və onunla rəsmi görüşüm oldu. Molotov söhbətə ordan başladı ki, sovet hökuməti ona  ikinci cəbhənin yaradılması barədə tapşırıq verib. Səfərində məqsəd 1942-ci ildə, ən azı, 4 alman diviziyasının (hal-hazırda orada qüvvələr nisbəti almanların xeyrinə idi) məhv edilməsinin perspektivinə İngiltərə hökümətinin münasibətini öyrənməkdi.   

Molotova cavab verərək,  gələcək əməliyyatlara ümumi baxışımızı izah elədim. Əvvəlki müharibələrin hamısında dənizə hakim olanlar böyük üstünlük əldə edirdi – məsələn, istədikləri zaman düşmən sahillərinə çıxmaq imkanları olurdu. Aviasiyanın yaranması bütün vəziyyəti dəyişdi. Məsələn, Fransada və Belçikada rəqib tərəf öz hava qüvvələrini sahilyanı ərazilərdə təhlükə yaradan məntəqəyə bir-neçə saata çıxara bilər. Acı təcrübə göstərir ki, havada güclü olan düşmən  tərəfinə desant çıxarmaq  heç də ağıllı qərar deyil....

Planlarımızın işlənib hazırlanmasında ən kritik məqam olduqca güclü qorunan düşmən sahilinə çıxmaq üçün xüsusi desant gəmilərinin yoxluğu idi. Bədbəxtlikdən, onlarda olan xüsusi gəmilərlə müqayisədə bizim əlimizdəki ehtiyatlar az idi.  

İkinci məqam Molotovun təklifi ilə bağlı idi. O deyirdi ki, məqsədimiz ən  azı, 4 alman diviziyasını məhv etmək olmalıdı... Molotov etiraf edirdi ki,   İngiltərənin  almanlara qarşı döyüşlərdə sovet ordusunun qələbəsini ürəkdən istədiyinə şübhə etmir. Bəs ingilis hökumətinin fikrincə, sovetlərin qələbəsinin hansı perspektivləri var?   Bu mövqe necə olursa-olsun, sovet hökuməti deyilənləri eşitməyə şad olacaq.

Mən dedim ki, hər iki tərəfin imkanları haqqında ətraflı məlumata sahib olmadan bu suala dəqiq cavab vermək çətindi. Ötən il hərbi ekspertlər qəti əmin idilər ki, sovet ordusunu əzmək və məğlub etmək olar. Hadisələr göstərdi ki, onlar tamamilə yanılıblar. Sovet qüvvələri Hitlerə ciddi zərbə vurdular və az qala, onun ordusunu yerlə-yeksan elədilər.

Onda Molotov soruşdu ki, birdən sovet ordusu 1942-ci ildə duruş gətirə bilməsə, bu zaman İngiltərə hökumətinin mövqeyi necə olacaq?  Cavab verdim ki, biz müttəfiqlərimizə kömək etməyə həmişə hazırıq.

              

                    Stalinlə danışıq

1942-ci ilin avqustunda Qahirədə idim. Ordan Moskvaya uçdum. Üzərimə Stalinə heç də xoş olmayacaq bir xəbər vermək missiyası düşmüşdü – Avropada ikinci cəbhə bu il açılmayacaq. Üç təyyarəyə yerləşən qrupumuza general Ueyvel (o, rusca danışa bilirdi), aviasiya marşalı Tender və ser Aleksandr Kadoqan daxil idi. Averel Harriman mənimlə eyni təyyarədə idi. Hava işıqlaşana yaxın biz Kürdüstan dağlarına yaxınlaşdıq...

Mən bu zəhmli,  qorxunc bolşevik dövlətinə (yarandığı zaman onu cidd-cəhdlə boğmağa çalışmışdım və Hitlerin siyasi meydana çıxdığı vaxta qədər azadlığın qəddar düşməni hesab eləmişdim) olan missiyam haqqında düşünürdüm. İndi mən o dövlətin başçısına nə deməli idim? Bədii istedada malik general Ueyvel bütün baş verənləri şeirə çevirdi və axşam mənə göstərdi. Dörd misralıq şeirin son sətri belə idi: “Avropada ikinci cəbhə 42-də də olmayacaq”.

Bu, Şimal qütbünə böyük bir buz parçası aparmağa bənzəyirdi. Bununla belə, əmin idim ki, bu məsələni onlara şəxsən özüm çatdırmalı, teleqramlara, vasitəçilərə arxayın olmamalı,  Stalinlə üz-üzə danışmalıyam. Hər halda, bu, göstərəcək ki, onların taleyinə biganə deyilik və hər şeyi başa düşür, bu müharibədə onların savaşının nə demək olduğunu anlayırıq. Bununla belə biz həmişə onların qəddar rejiminə nifrət eləmişik və əgər alman toxmağı özünə belə zərblə dəyməsəydi, kənardan Almaniyanın bizi necə məhv etdiyinə biganəliklə tamaşa eləyər, üstəlik,   Şərqdəki imperiyamızı məmnuniyyətlə Hitlerlə bölüşərdilər.

Təxminən saat 5-də Moskvanın  gümbəzləri görünməyə başladı. Biz  göstərilmiş marşrut üzrə şəhər kənarı ilə uçduq (yol boyu bütün hissələrə xəbərdarlıq edilmişdi)  və aerodromda  yerə endik. Müharibə boyunca bu aerodroma bir dəfə də gəlməli olacaqdım.

Molotovun rəhbərliyi altında rus generalları və diplomatik nümayəndə heyəti, eləcə də belə vəziyyətlərdə özünü birinci yetirən reportyorlar və fotoqraflar burda idi. Səliqəli geyimli, şax duruşlu fəxri qarovul artıq düzülmüşdü. Orkestr üç qüdrətli dövlətin (Hitlerin taleyini məhz onların birliyi həll edəcəkdi) milli himnlərini ifa etdikdən sonra Molotov, qarşıya keçib bizi salamladı. Məni  mikrofona dəvət etdilər və qısa nitq söylədim. Averel Harriman Birləşmiş Ştatların adından çıxış elədi. O, Amerika səfirliyində qalmalı idi. Molotov məni öz maşınıyla əvvəlcədən nəzərdə tutulmuş Moskvadan 8 mil aralıdakı xüsusi iqamətgaha – 7 saylı dövlət bağ evinə gətirdi.  Boş görünən  Moskva küçələrindən keçəndə pəncərəni endirdim ki, bir az hava gəlsin və pəncərə şüşəsinin iki düymdən də qalın olması məni çox təəccübləndirdi. Bu, mənə məlum olan bütün rekord ölçüləri üstələyirdi. 

“Nazir deyir ki, beləsi daha etibarlıdı”, – tərcüməçi Pavlov dedi.

Yarım saatdan sonra bağa çatdıq.  Hər şey totalitar israfçılıqla hazırlanmışdı. Mənim ixtiyarıma yavər qismində hündürboylu, çox yaraşıqlı (məncə, o, çar hakimiyyəti zamanı knyaz nəslinə mənsub olub) bir zabit verilmişdi.  O, həmçinin bağın sahibi rolunda çıxış edir, sözün həqiqi mənasında diqqət və qayğı nümunəsi göstərirdi. Ağ gödəkcə geyinmiş çoxlu  sayda xidmətçi üzlərində təbəssüm qonaqların bütün hərəkətlərini izləyirdi. Qonaq otağındakı uzun masa və bir neçə bufet  hakimiyyətin təqdim edə biləcəyi ən müxtəlif məzə və içkilərlə dolu idi. Məni geniş qəbul otağından keçirib, təxminən eyni ölçüdə olan yataq  və vanna otağını göstərdilər. Göz qamaşdıracaq dərəcədə gur işıq burdakı təmizliyi daha aydın göstərirdi. İsti və soyuq su gəlirdi. 

Yayın istisində uzun səyahətdən sonra  vanna qəbul etmək istədim. Hər şey bir dəqiqənin içində hazır oldu. Fikir verdim ki, çanağın üstündə isti və soyuq su üçün ayrı kranlar, çanağın içərisində isə tıxac yoxdur.  İsti və soyuq su arzu olunan temperaturda qarışıq şəkildə bir krandan axırdı. Mən bu sistemi bir qədər sadə şəkildə öz evimdə də tətbiq eləmişdim. Əgər su çatışmazlığı varsa, bu, ən yaxşı üsuldu. Sonra bizi  seçmə yeməklərə və içkilərə, o cümlədən, kürüyə və vodkaya  qonaq elədilər.  Bundan başqa çoxlu fransız və alman xörəkləri, şərabları da vardı. Masanın üstünə yeyə biləcəyimizdən qat-qat artıq təam düzülmüşdü. Molotova dedim ki, Stalinlə bu axşam görüşə hazıram və o, görüşün saat 7-də olmasını təklif etdi. 


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub                          

DİGƏR MƏQALƏLƏR