İNTİBAH - Rotterdamlı Erazmus

Latın dilindən tərcümə:  CƏMŞİD CƏMŞİDOV

 

1469-cu ildə indiki Hollandiya ərazisindəki Rotterdam şəhərində anadan olub. Valideynləri onun dini biliklərə yiyələnməsini və kilsədə işləməsini arzulayıblar. İlk təhsilini doğma şəhərindəki ibtidai məktəbdə alıb, sonra təhsilini davam etdirmək üçün Deventerə gedib və “qardaşlıq məktəbi” adlanan proqram əsasında qədim dünya klassiklərinin əsərləri ilə tanış olub. Ömrünün bir-neçə ilini kilsədə keçirib. Qədim yunan və latın dillərini mükəmməl mənimsəyib. Erazmus ingilis-alman humanistlərinin ilk nəslinə aid olsa da özünün satirik yaradıcılığına görə daha çox sonrakı – “quttenlər”  nəslinə aid edilir. “Boşboğazlıq”, “Peyin qurdu qartalı qovur”, “Xristian hökmdarın tərbiyələnməsi”  və “Axmaqlığın tərifi” alleqorik əsərlərin müəllifidir.

1536-cı ildə İsveçrənin Bazel şəhərində vəfat edib. 

 

 

 

 

AXMAQLIĞIN TƏRİFİ

 

(əvvəli ötən sayda)

54. Özlərini xalq arasında  zahid və rahib adlandıran (hər ikisi yanlışdır), əksəriyyəti dindən çox-çox uzaq olan, harda gəldi gözə çarpanlar da onlar kimi xoşbəxt görünürlər. Əgər mən kömək əlimi uzatmasaydım, o zaman bu kəslərdən də bədbəxt kimsə ola bilərdimi? Belələri insan tayfasının nifrətini o qədər qazanıblar ki, onlarla təsadüfi görüş belə, pis əlamət sayılır, ancaq bir görün özləri barədə necə yüksək fikirdədirlər. Əvvəla, əsl möminliyi elmlərdən son dərəcə uzaq olmaqda və hatta oxumağı bacarmamaqda görürlər. Sonra yalnız sıra  nömrəsini bildikləri, mənasını isə yerli-dibli qanmadıqları zəbur surələrini eşşək səsləri ilə kilsələrdə anqıranda, müqəddəslərin qulaqlarını hədsiz zövqlə  feyzyab etdiklərini düşünürlər. Onlardan bəzisi öz natəmizliyi və dilənçiliyi ilə öyünür, qapıların ağzını kəsdirib şivən qoparır, çörək tələb edir, hələ üstəlik, mehmanxanalara, araba və gəmilərə doluşaraq özləri kimi digər səfillərin də gününü göy əskiyə bükürlər. Beləcə, həmin bu gözəl insanlar öz çirkinlikləri, cahillikləri, kobudluqları və həyasızlıqları ilə bizim gözlərimizdə, özlərinin dediyi kimi, apostollara çevrilirlər. Onların hər şeyi öz nizamnamələrinə əsasən, az qala riyazi hesablamalarla icra etdiklərini, bunu pozmağın cinayət olduğunu görməkdən xoş nə ola bilər? Başmaqlarının ipində neçə düyün olmalıdır, kəmərlərinin rəngi, geyimləri nə ilə seçilməlidir, bu geyimlər hansı parçadan tikilməlidir; kəmərlərinin eni, başlıqlarının biçimi və ölçüsü nə qədərdir, tonzuraları – başlarının qırxıq yeri ənsələrindən neçə barmaq məsafədədir, nəhayət, yuxuları üçün tələb olunan vaxt neçə saatdır?! Ancaq fərqli ağlı və bədən quruluşları olanların bu qədər zahiri eynilikləri necə mümkün ola bilər və bunu kim açıq-aydın görmür? Buna baxmayaraq, onlar bu cəfəngiyyatları ilə özlərini  nəinki digərlərindən üstün sayır, hətta öz aralarında bir-birinə nifrət də edirlər; apostol məhəbbətinə and içmiş bu xilqətlər nəsə fərqli bir kəmər bağlayan, bir qədər tünd rəngə çalan hansısa bir əbaya görə əsl qiyamət qoparırlar. Üstdən geymək üçün mütləq kobud Kilikiya mahudundan, altdan isə Milesia kətanından istifadə edən onlardan da qatı dindarları görmək olar. Halbuki başqaları  əksinə, – üstdən kətan, altdan isə yun  paltar geyirlər. Pula az qala zəhərdir deyə, barmaqlarının ucu ilə də toxunmayan, ancaq şərabdan və qadınla təmasdan əsla çəkinməyənlər də var. Nəhayət, bunların əsas dərd-sərinin öz yaşam tərzləri ilə başqalarından fərqlənmək olduğunu demək lazımdır. Bu, İsaya bənzəmək üçün deyil, öz aralarında seçilməkdən ötrüdür. Onların böyük bir hissəsi daşıdığı ləqəblərə görə xoşbəxtdir, bəzisi özlərini “kəndirbağlayanlar” adlandırmaqla öyünsələr də, öz aralarında “kolettalar”a, “minoritlər”ə, “minimlər”ə və “bullistlər”ə bölünürlər. Digərləri özlərinə “benediktinlər” , “bernardinlər”, “brigittinlər”,   “avqustinlər”, “qvilhelmistlər” və “iakobitlər” deyir və bununla özlərini elə göstərməyə çalışırlar ki, guya sadəcə xristian söyləmək kifayət etmir. Onların böyük bir hissəsi özləri və mərasimləri barədə çox yüksək fikirdədirlər. Az qala bu xidmətlərin müqabilində göyləri də özlərinə mükafat hesab edirlər. İsanın bunların hamısına nifrət bəslədiyini, özünün yeganə mərhəmət ehkamının icrası barədə sorğu soracağını fikirləşmirlər. O vaxt onlardan biri özünün çeşid-çeşid balıq növlərindən köpmüş qarnını çıxarıb göstərəcəyini unudur. Digəri yüz modius zəbur surəsi döşəyəcək. Başqası saysız-hesabsız pəhrizlərini sadalayaraq, iftardan sonra az qala dəfələrlə yırtılıb dağılacaq mədəsinə istinad edəcək. O biri yeddi yük gəmisinin dartıb apara bilməyəcəyi qədər mərasimlər qalağı sürüyüb gətirəcək. Bir başqası yaxasını cırıb altmış il ərzində heç vaxt ikiqat əlcək geymədiyi, barmağının ucu ilə bir qara qəpiyə toxunmadığı ilə öyünəcək. Biri adi matrosun da əyninə taxmağa ürək etməyəcəyi kirli, yağlı əbasını göstərəcək. Başqa birisi on-on bir ildən artıq müddətdə süngər kimi daima bir yerə pərçimlənmiş halda həyat sürdüyü ilə öyünəcək. O biri aramsız dini nəğmələrdən səsinin batdığını, digəri tənhalıqdan letargiya yuxusuna getdiyini, bir başqası da daim səssiz  and içməkdən dilinin tutulduğunu gözə soxacaq. Ancaq İsa onların tükənmək bilməyən bu lovğalığına son qoyaraq soruşacaq: “Görəsən, yəhudilərin bu yeni növü haradan meydana gəlib?  Mən bir qanunu özümünkü hesab edirəm və hələ ki, o barədə bir söz  eşitmirəm. Axı atamın mirasını  bir vaxt aydın bir dildə, eyhamsız-filansız  əbalara, dualara, pəhrizlərə deyil, rəhmdil əməllərə saxladığımı vəd etmişdim. Mən öz zəfərlərinə həddən artıq aludə olanları tanımıram; məndən də müqəddəs görünməyə çalışanlar varsa, o zaman ürəkləri istəyirsə, qoy lap abraksas səmalarına sahib olsunlar və axmaq rəvayətlərini mənim ehkamlarımdan önə keçirənlərə yeni bir səma qurmağı əmr etsinlər”. Sizcə, o kəslər matrosların və arabaçıların onlardan üstün tutulduğunu eşidəndə və ya  görəndə bir-birlərinin üzünə necə baxacaqlar? Ancaq hələ bir müddət, sözsüz ki,  mənim lütfüm sayəsində kifayət qədər xoş ümidlərlə yaşaya bilərlər. Həmçinin bu insanlar ictimai həyatdan uzaqlaşdırılmış olsalar da, heç kim onlara etinasız yanaşmamalıdır. Bu fikirlər, xüsusilə dilənçi rahiblərə aiddir, çünki onlar başqalarının sirlərini bildikləri üçün tövbələrə minnətdar olmalıdırlar. Ancaq onlar bu sirlərin ağızdan qaçırılmasını günah sayırlar,  kefli vaxtlarında məzəli bir əhvalat danışıb əylənməkdən ötrü bəzən günah etməkdən çəkinmirlər. Açıb danışdıqlarını da ad çəkmədən, eyhamla söyləyirlər. Lakin birdən kimsə bu eşşəkarılarını qəzəbləndirərsə, onlar açıq moizələrində həmin adamdan əməlli-başlı intiqam alır, düşmənləri barədə üstüörtülü, ehkamla danışsalar da, onu elə sərrast nişan verirlər ki, təkcə qanmazlardan savayı, hamı hər şeyi başa düşür. Belədə, ağızlarına bir sümük atmayınca hürməklərinə də ara vermirlər. Beləcə, onlar başdan-ayağa gülünc sözçülüklə dolu moizələrilə qədim ritorların üsul və qaydalarını şit-şit yamsılayaraq naqqallıq edirlərsə, hansı məzhəkəçi və ya oyunbaz onlarla müqayisəyə girə bilər? Ey ölümsüz Tanrı! Bir görün onlar necə əl-qol atır, səslərini dəyişir, cəh-cəh vurur, əzilib-büzülür, ağız-burunlarını əyir, müxtəlif cür ulayırlar! Və bu natiqlik sənəti sanki sirli bir peşə kimi əldən-ələ, bir rahib  qardaşdan o birisinə ötürülür: bu sənətin bütün təfsilatını bilmək mənə qismət olmasa da, fərziyyələrə əsaslanıb irəli getməyə çalışacağam. İlk növbədə, onlar şairlərdən əxz etdikləri kimi danışmağa muzalara müraciətlə başlayırlar. Mərhəmət barədə danışmaq istəyəndə Misir çayı Nildən söhbət açır və ya xaçın sirlərini təbliğ edərkən Babil əjdahası Beli mübarəkcəsinə xatırlayır, yaxud pəhrizdən söhbət salanda zodiakın on iki işarəsini sadalayır, etiqaddan söz açanda isə dairənin kvadratlanması barədə uzun-uzadı fikirlər yürüdürlər. Bir axmaqdan (üzr istəyirəm, əslində “alimdən” demək istəyirdim) eşitmişdim ki, o, müqəddəs üçlüyün sirrinin təfsirinə həsr etdiyi misilsiz bir moizədə özünün qeyri-adi savadını nümayiş etdirməkdən, həmçinin ilahiyyatçıların qulaqlarını oxşamaqdan ötrü tamamilə yeni bir üsula əl ataraq, əvvəlcə hərflərdən, sonra hecalardan, nitqdən, nəhayət, adların feillərlə, isimlərin isə sifətlərlə uzlaşmasından söhbət açmağa başlayıb. Bu vaxt bir çoxları heyrət içərisində ikən, bəziləri öz-özünə Horatsiusun bu misrasını təkrarlayırmış: “Cəfəng sözlərinlə hara dartırsan?” Nəhayət, o müqəddəs üçlüyün surəti qrammatikaların əsas başlanğıcında elə əks olunub ki, bundan sonra heç bir riyaziyyatçı onu qumun üstündə dəqiqliklə çəkə biləcəyi barədə nəticəyə gəlməyib. Və bu fövqəlilahiyyatçı həmin nitqinin üzərində düz səkkiz ay sərasər tər tökdüyünə, gözünün işığını zəkasının itiliyinə qurban verdiyinə görə bu gün köstəbəkdən də kordur. Ancaq bu korluğuna görə qəm yemir, hətta bu şöhrətin ona çox ucuz başa gəldiyini düşünür.  

           Biz səksən yaşlı başqa bir ilahiyyatçıya da qulaq asmışıq – elə bir ilahiyyatçıya ki, görsəydin, Skotusun özü ilə səhv salardın. O, İsa adının sirrini açıqlayarkən valehedici incəliklə onun barəsində deyilə biləcək hər şeyin, bu adı təşkil edən hərflərin özündə gizləndiyini sübut edirdi. Deyirdi ki, əvvəlcə bu adın üç halı olduğuna görə, ilahi üçlüyün açıq-aydın təzahürüdür. Daha sonra deyirdi ki, İesus birinci hallanmada – s, ikincidə: İesum – m, üçüncüdə isə: İesu – u hərfləri ilə bitir və elə bütün müəmma da bundadır. Bu üç hərf göstərir ki, İsa Summus, Medius və Ultimus, – yəni yuxarıdakı, ortadakı və sondakıdır. Burada riyaziyyatın köməkliyi ilə açıla biləcək digər, daha gizli bir sirr qalırdı. O, “İesus” adını iki eyni hissəyə elə bölür ki, “s” hərfi ortada qalmaqla, söz iki yerə ayrılır. Sonra da həmin “s” hərfinin yəhudilərdə də olduğunu və ona “sin”  deyildiyini ərz edir: özü də, səhv etmirəmsə, şotland dilində bunun mənası günah deməkdir – deyirdi. Buradan da İsanın bəşəriyyətin günahlarını çiyinlərində daşıyan kəs olduğu aydınlaşır. Bu dərəcədə yeni bir çıxışı dinləyənlərin hamısının – ilk növbədə də ilahiyyatçıların – ağzı heyrətdən açıq qalmışdı və onların hamısını, az qala bir vaxtlar Niobanın başına gələnlər gözləyirdi. Mənsə az qala bir dəfə  Kanidiyanın və Saqananın gecə sirlərinin şahidi olmuş əncir ağacı Priapos kimi gülməkdən gəbərəcəkdim.  Bu heç də təəccüblü deyil: məgər ellin Demosfenes və ya latın Tsitsero nə vaxtsa bu cür başlanğıclar ediblərmi? Onlar mətləbdən çox uzaq olan girişləri yararsız sayırdılar: hətta təbiətdən dərs alan donuzotaranlar da sözə bu tərzdə başlamırlar. Ancaq bu alimlər əmindirlər ki, öz preambulalarını izhar edərkən, giriş mətnin mənasından nə qədər uzaq olsa, bir o qədər çox  ritorik gücü olar. Ona görə də dinləyicinin heyrətlə öz-özünə: “Görəsən, bu dəfə hara gedib çıxacaq?” – pıçıldamasını gözləyirlər. Nitqin  üçüncü hissəsində İncildən tələsik və sözarası kiçicik bir parça nəql edilir, halbuki söhbət yalnız ondan getməli idi. Dördüncüdə ilahiyyatçı yeni bir maska taxaraq, yerə, göyə aidiyyəti olmayan başqa bir problemi ortaya atır. Guya natiqlik sənətinin qanunları bunu tələb edirmiş. Elə təmtəraqlı ilahiyyatçılıq da məhz bu məqamda başlayır. Böyük, hissiyatlı, həssasdan da həssas, müqəddəs, təkzibedilməz doktorların möhtəşəm titulları dinləyicilərin qulaqlarına dolur. Daha sonra böyük və kiçik sillogizmləri, nəticələri, xülasələri, boş-boş mühakimələri və sxolastik cəfəngiyyatdan da mənasız olan şeyləri cahil güruhun önünə səpələyirlər. Nəhayət, ən yüksək sənətkarlıq tələb olunan beşinci hissə qalır. Bu məqamda sizə hansısa “Tarixi aynadan” və ya “Roma rəşadətləri”ndən iqtibas edilmiş axmaq və kobud  bir hekayəti təqdim edərək, onu alleqorik, tropolojik və anaqogikcəsinə şərh etdiklərini  düşünürəm. Bununla da onlar, hətta Horatsiusun öz məşhur misraları ilə bu məxluqun tam təsvirini verə bilmədiyi “ximera”larını bitirirlər:  “Bir insan başına əgər bir rəssam...” və s. Ancaq bunlar kimdənsə nitqin giriş hissəsinin təmkinli, mümkün qədər səs-küysüz olmağını eşidiblər. Ona görə də girişi heç kimin  başa düşməyəcəyi düşüncəsi ilə elə başlayırlar ki, hətta özləri də səslərini eşitmirlər. Həmçinin həyəcan oyatmaqdan ötrü bəzən nidalardan da istifadə etmək lazım olduğunu öyrəniblər. Ona görə də adi bir səslə danışdıqları yerdə, hətta buna heç bir ehtiyac olmasa belə, birdən dəli kimi qıy çəkərək, şivən qoparırlar. Düşünürsən ki, bağırmaqdan başqa, əlindən heç nə gəlməyən bu adama, yəqin ki, ellebor gərəkdi. Bundan əlavə, yenə nitq söyləyərkən onu tədricən canlandırmaq lazım olduğunu haradansa eşidiblər, bu səbəbdən də əvvəldəki bir-iki kəlməni yaxşı-pis, abırlı şəkildə söylədikdən sonra birdən-birə, hətta ən gərəksiz şeylərə toxunulsa da, boğazlarını cırmağa başlayır və nəfəsləri kəsilənə qədər buna səy göstərirlər. Onların hamısı ritorların gülüş barəsində nəsə dediklərini əzbərlədiklərinə görə özləri də müəyyən zarafatlar etməyə başlayırlar. Özü də, lütfkar Afrodite, elə zərif, elə münasib zarafatlar edirlər ki, eşitsəydin, sanki lirada çalan eşşəyə qulaq asdığını güman edərdin. Bəzən sancmaq istəsələr də, yaralamaqdan daha çox, qıdıqlayırlar. Əməlli-başlı yaltaqlanmağı bacarmadıqları üçün onu səmimiyyət  kimi göstərməyə çalışırlar. Nəhayət, bütün bunlardan sonra bu adamların küçə naqqallarından – halbuki onlardan da aşağıdırlar – dərs  aldıqlarına and içmək istəyirsən. Nə olursa-olsun, onlar elə oxşardılar ki, ritorpikalarını bir-birlərindən çırpışdırdıqlarına heç kim şübhə etmir. Ancaq sözsüz ki, mənim kifayət qədər dəstəyimlə, özləri üçün əsl Demosfenesə və ya Tsitseroya qulaq asdıqlarını düşünən dinləyicilər də tapırlar. Bunlara birinci növbədə tacirlər və arvad tayfası aiddir və bu vaizlər ilk növbədə elə onların qulaqlarına xoş gəlmək istəyirlər, çünki tacirlər yaxşı yaltaqlıq görəndə haram qazandıqlarının bir hissəsini onlardan əsirgəmirlər. Arvadlarsa bu tayfaya çox vaxt rahiblərin qucağında oturub, ərlərindən şikayət etdikləri üçün əlavə iltifat göstərirlər. İndi xırda mərasimlərin, gülünc uydurmaların və vəhşicəsinə qoparılan şivənlərin köməkliyi ilə ölərilər arasında tiranlıq yaradaraq, özlərini yeni Pauluslar və Antonilər hesab edən bu insan tayfasının mənə nə qədər borclu olduğunu, yəqin ki, görürsünüz.

55. Mən özlərini yalandan möminliyə vuraraq, mərhəmətlərimə nankorluq göstərən bu ikiüzlü təlxəkləri məmnuniyyətlə tərk edirəm. Artıq məni açıqürək və səmimiyyətlə alicənab insanlara yaraşdıran krallar və  əsilzadə saray əhli barədə bir qədər söhbət açmağın  vaxtı çoxdan çatıb. Bu insanlarda heç olmasa  zərrə qədər ağıl olsaydı, onların həyatı necə də kədərli, arzuedilməz olardı! Əgər əsl hökmdar olmaq istəyən hər kəs çiyinlərinə hansı ağır yükü götürdüyünü əvvəldən ölçüb-biçsəydi, o zaman heç kim xəyanət və qətl törətmək kimi  baha başa gələn bir üsulla hakimiyyətə sahib olmağa can atmazdı. Kim hakimiyyət sükanını əllərinə alırsa, o, öz şəxsi marağının deyil, ictimai işlərin əhəmiyyətini fikirləşməli, ictimai rifahdan başqa, heç bir şey barədə düşünməməli, müəllifi və icraçısı olduğu qanunlardan bir qarış geri çəkilməməli, vəzifəli şəxslərin və hakimlərin dəyanətli olmasına nəzarət etməlidir. Çünki yalnız o, ya mənəviyyatının  paklığı ilə bəşəri qayğıları sonsuz dərəcə rifahlandıran xilasedici bir ulduz, ya da hamını fəlakətə sürükləyəcək məhvedici bir kometa kimi həmişə göz önündədir! Başqalarının nöqsanları nə onunku qədər üzə çıxar, nə də o dərəcədə geniş yayılmaq qorxusu olar. Hökmdar isə qərar tutduğu məqamda şərəf və ləyaqətdən azacıq kənara çıxarsa, bu, taun mərəzi kimi dərhal bir çox insanlar arasında yayılar. Bundan əlavə, taleyin hökmdara qismət etdiyi külli miqdarda var-dövlətin onu doğru yoldan azdıra biləcək bir çox şeylərə – azğınlığa, sərbəstliyə, yaltaqlığa və cah-cəlala – səbəb ola biləcəyindən o, daha da diqqətli olmalı, öz vəzifəsində, öhdəliyində səhv buraxmamalıdır. Hökmdarı hansı fitnələr, hansı nifrət, hansı təhlükələr gözləmir?  Hələ nə vaxtsa bir olan uca hökmdarın qarşısında ən xırda günahına görə, özü də hakimiyyəti nə qədər böyük olubsa, bir o qədər ciddiliklə cavab verəcəyini demirik.  Əgər hökmdar, təkrar edirəm,   bu kimi şeylər barəsində götür-qoy etsəydi və hakimiyyətin nə olduğunu başa düşsəydi, onda nə bir şirin yuxu görər, nə də boğazından bir tikə çörək keçərdi. Ancaq indi mənim sayəmdə bütün dərd-sərlərini tanrıların öhdəsinə buraxıb, naz-nemət içərisində ömür sürür, qulaqlarını da yalnız onların könül  rahatlığına mane ola bilməyəcək söhbətlərə şəkləyirlər. Əgər səylə ov edir, cins ayğırlar yetişdirir, xeyirlərindən qalmadan vəzifə və rütbə satır, vətəndaşların var-dövlətini talayaraq xəzinəni doldurmağın yolları barədə gündə bir şey fikirləşib icad edirlərsə, demək, öz hökmdarlıq borclarını namusla yerinə yetirdiklərinə əmindirlər. Özü də, ən ədalətsiz işin belə zahirən ədalətli görünməsi üçün səbəb tapmaq şərti ilə çalışırlar. Həm də təbəələrin qəlbini ələ almaqdan ötrü bu məsələyə bir qədər yaltaqlıq da əlavə edirlər. 

         İndi isə hərdən rastınıza çıxan birisini gözünüz önünə gətirin. Təsəvvür edin ki, bu adam qanunları bilməkdə cahil, ümumi rifahın qatı düşməni, şəxsi marağını güdən, şəhvət ölüsü, savadın, həqiqət və azadlığın qənimi, dövlətin mənafeyi barədə ən az düşünən, hər şeyi  ancaq öz arşınıyla ölçüb-biçən birisidir. Eləsinin  boynundan bütün fəzilətlərin birliyinin rəmzi olan qızıl zəncir assan, başına bahalı daş-qaşlarla bəzənmiş tac qoyub desən ki, o, qəhrəmanlığı ilə hamıdan ucadı, əlinə hüquq və ədalətin sarsılmazlığını bildirən hökmdar əsası təqdim etsən, nəhayət, onu respublikanın ali məhəbbət nişanəsi olan al-qırmızı libasa tutsan bilirsizmi nələr olacaq? Mən əminəm ki, bu hökmdar bütün bər-bəzəyini öz həyatı ilə müqayisə etsə, geyimindən xəcalət çəkəcəyindən, qorxuya düşəcəyindən, birdən hansısa itoynadanın bu səhnə libaslarını hoydu-hoyduya götürəcəyindən, onu məsxərəyə qoya biləcəyindən ehiyatlanacaq. 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR