ROMAN - Fransua Moriak

Tərcümə: Zahid Sarıtorpaq

 

1885-ci ildə Fransanın Bordo şəhərində, zadəgan ailəsində doğulub. Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. Qələmini dramaturgiyada, poeziyada sınasa  da, ona dünya şöhrətini nəsr əsərləri qazandırıb.

“Tereza Deskeyru”, “Gecənin sonu”, “Keçmiş zamanların yeniyet¬məsi”, “Sevgi səhrası” və s. romanların müəllifidir. 

1952-ci ildə Nobel mükafatına layiq görülüb.

1970-ci ildə Parisdə vəfat edib.

 

SEVGİ SƏHRASI

(əvvəli ötən sayda)

 

– Öz qulluqçunla nə istəyirsən elə, amma başqalarını incidib, evdən didərgin salma – xüsusən də, süfrəyə qulluq etməyə məcbur etdiklərini. 

– Guya sən Jüli ilə həlim davranırsan?.. Xidmətçi saxlaya bilməməkdə ad çıxarmısan... Hamı bilir ki, mənim qulluqçularım elə sənin əlindən qaçıb gedir...

Qulluqçunun qayıtmasıyla hay-küy kəsilsə də, o, yenidən mətbəxə gedən kimi qadınların mübahisəsi davam etdi. Raymon maraqla atasına baxırdı: Mariya Kross ev qulluqçusu olsaydı, görəsən, necə olardı? Ona qəlbində yer verərdimi? 

Həkim birdən başını qaldırıb, heç kimin üzünə baxmadan dedi: 

– Mariya Müqəddəs Klara məktəbinin rəhbəri olan müəllimənin qızıdı, Lüsi, sənin istəkli cənab Labrussun o vaxt onun yanında prixod keşişi işləyirdi.

– Cənab Labrussa bəs deyincə dərd-bəla vermiş həmin ifritədirmi onun anası? Əsas nefada  yer tapılmayanda qız şagirdləriylə Məsih ibadətini ötürən qadını deyirsən? Qoy olsun, təəccüblənmirəm də. Su axar çuxurunu tapar.

– Bəs yazıq Labrussun dediklərini xatırlayırsanmı?  – böyük xanım Kurrej söhbətə qoşuldu. – Markiz Lyur Salyus bazaslı vəkilə seçkidə uduzandan sonra həmin müəllimə şagirdləriylə onun pəncərəsi önündə acıq verirmiş. Əlləri barıtdan qapqaraymış, yeni deputatın şərəfinə fişəng atırmış.

– Nə deyim, yaxşı ailədi...

Artıq həkim onları dinləmirdi, hər axşam olduğu kimi kabinetinə qalxmaqdansa, Raymonun arxasınca bağa getdi. 

O axşam atayla oğulun danışmağa səbirləri çatmadı. Sanki eyni sirri bildiklərinə görə, hansısa qüvvə onları qeyri-ixtiyari yaxınlaşdırırdı. Həmfikir olanlar da həmişə bir-birindən belə xəbər tutur, bir-birini bu cür axtarıb tapırlar. İndi onlar bir-birinin simasında ürəklərini boşalda biləcəkləri yeganə şəxsi görürdülər. Onlar, müxtəlif səmtlərdən yuvadakı dişinin qoxusuna uçub gələn bir cüt erkək pərvanə kimi, qəribə yollarla arzularına sarı can ataraq, gözəgörünməz Mariya Krossun önündə toqquşurdular.

– Raymon, siqaretin var? Mən artıq tütünün dadını da unutmuşam... Sağ ol... Gəzişək?

Həkim indi sağaldığına sidq-ürəkdən inanan, amma yarasının qəfildən qanadığını görüb heyrətə gələn bir xəstə kimi təəccüb içindəydi. Elə bu səhər  laboratoriyada, günahları bağışlanmış bir dindar kimi, canında duyduğu rahatlıqdan uçurdu sanki. İçini qarsan od-alovdan heç nə qalmamışdı. Bir qədər amiranə, hətta öyüdverici tərzdə Robinsonu yanına çağırdı. Yaz girəndən bəri Buff teatrından olan bir qız onu tez-tez işindən ayırırdı.

– Əziz dostum, sevdiyi elmdə zirvələr fəth etmək istəyən alim qadına həsr etdiyi saatlarını, dəqiqələrini itirilmiş saymalıdı...

Robinson alnına tökülmüş saçlarını geri ataraq, turşudan yanmış xalatıyla gözlüyünü silib, cəsarətə gəldi: 

– Hər halda, sevgi... 

Həkim onun sözünü kəsdi:

– Yox, əzizim, bəzi müəmmalı hallar istisna olmaqla, əsl elm adamı sevgiyə qalib gəlməyə bilməz. Yoxsa odunu, alovunu elmə verməklə daha böyük həzlər qazanmaqdan özünü məhrum elədiyi üçün ömrü boyu yanıb-yaxılar.

– Elədir, – Robinson cavab verdi. – Güman ki, böyük alimlərin əksəriyyəti şəhvətə qaçıb, onların arasında həqiqi aşiq yoxdu, məncə.

O axşam həkim şagirdinin dediyi sözləri təsdiqləyəndə nəyə görə qızardığını indi başa düşdü. Raymonun “Mariya Krossu gördüm” cümləsi kifayət edirdi ki, içinin ölmüş bildiyi ehtirası coşsun. Hə, doğrudan da, təzəcə mürgüləmişdi, eşitdiyi sözdən oyanıb özünə gəldi. Budur, gərnəşib var gücüylə ayağa qalxır, coşquyla can atdığına sahib olmağa gücü çatmasa da, sözlərdə təsəlli tapır. Eybi yox, hər halda, həkim Mariya barədə danışacaq. 

Mariya Krossu tərifləməkçün yaxınlaşsalar da, atayla oğul arasında ilk cəhddən fikir ayrılığı yarandı: Raymon iddia edirdi ki, belə işvəli bir qadın möminlərdə nifrət oyatmaya bilməz. O qadın təsəvvürünə necə hopmuşdusa, özbaşınalığına, şöhrətpərəstliyinə, sərbəstliyinə mat qaldığını  bildirirdi. Həkim isə deyirdi ki, Mariyanı yüngül əxlaqlı qadın saymır, camaatın dedi-qodusuna inanmaq lazım deyil.

– Onu yaxşı tanıyıram axı! Oğlu Fransuanın xəstələndiyi vaxtlarda da, elə ondan sonra da mən Mariyanın ən yaxın dostu olmuşam... Mənimlə çox dərdləşib...

– Yazıq ata! Təsəvvür edirəm, sənin başını necə xarab eləyirmiş. Hə? 

Həkim özünü güclə ələ alıb, həyəcanla  cavab verdi: 

– Yox, mənim balam. O çox səmimi bir tərzdə, az qala, özünü alçaldaraq, hər şeyi mənə etiraf etmişdi. Bu dünyada əməlləri qəti özünə bənzəməyən bir adam varsa, o da Mariya Krossdu. Onu tənbəlliyi məhv edib. Anası Müqəddəs Klara məktəbinin müəlliməsi idi, Mariyanı Pedoqoji İnstituta hazırlaşdırırdı, amma 144-cü alayın həkimiylə evlənəndən sonra məşğələlərdən qaldı. Üçillik ailə həyatında onun haqda heç kim barmağını qatlayıb xoşagəlməz bir şey deyə bilməzdi. Əri sağ olsaydı, Mariya bu gün də vicdanlı və sadə bir qadın kimi qalacaqdı. Onun başının yeganə qaxıncı tənbəlliyi idi, evinin qayğısına qala bilmirdi. Özü mənə danışıb ki, naharları çox vaxt boyat olduğuna görə əri deyinirmiş. Bütün gününü – əynində köhnə xalat, ayağında başmaq – kitabla keçirirmiş. Kaş biləydin, adı əxlaqsız kimi çıxmış bu qadın təmtəraqdan necə iyrənir! Bu yaxınlarda  Larusselin bağışladığı faytondan da imtina edib, indi, hamı kimi, tramvayla gedib-gəlir. Nəyə gülürsən? Burda gülməli nə var?.. Dişlərini ağartma, əsəblərimə toxunur... Əliuşaqlı dul qalandan sonra gedib işləməyə məcbur olan bu “ziyalı qadının” özünü necə köməksiz hiss etməsini sən bir təsəvvür elə... Bədbəxtlikdən, mərhum ərinin bir qadın tanışı onu Larusselin yanına katibə düzəldir. Mariyanın başqa məqsədi yox imiş, amma işçilərinə qarşı amansızlığıyla tanınan Larussel nədənsə, ona heç bir irad tutmurmuş. Hərçənd həmişə gecikir, işə elə də can yandırmırmış və bu da onu gözdən salmağa kifayət idi. İşin nə yerdə olduğunu anlayanda isə nəsə bir tədbir görməyə gücü çatmır, başqalarının gözündə “şefin məşuqəsi”nə çevrilir və işçilərin pis münasibəti orada qalmağı mümkünsüz edir. O, elə bu məqamı gözləyən şefinə vəziyyəti danışanda Larussel təklif edir ki, başqa yerdə iş tapana qədər şəhərkənarı evinə nəzarət eləsin: nədənsə, həmin il o evi kirayə verə bilməmişdi, ya da istəməmişdi...

– Bu təklifdə pis niyyət görməmişdi yəni?

– Yox, əlbəttə, Larusselin bunu niyə təşkil etdiyini gözəl bilirmiş. Amma bədbəxt qadın ev kirayəsi verməliydi axı, ona da imkanı yox idi. Bu yandan da oğlu Fransuanın bağırsaqları sətəlcəmə tutulubmuş, həkim də deyib, təcili şəhərkənarına köçməlidirlər. Həm də artıq özünü nüfuzdan düşmüş sayırmış, bu üzdən belə təklifdən imtina edə bilməyib. Düşdüyü vəziyyət ona üstün gəlib.

– Deyirsən də...

– Sən o adamı tanımırsan! Mariya xeyli tərəddüd edib. Neyləməliydi axı? Həm də axşamlar evə qonaq gətirməyi Larusselə  qadağan edə bilməzdi. Hə, onun bu cür şam yeməklərində evin xanımı kimi iştirak etdiyi üçün zəif və kəsərsiz adam olduğunu mən də anlayıram. Amma onu da bilirəm  ki, bu qonaqlıqlar, bu bədnam eyş-işrət məclisləri necə keçirilir...  O zaman xanım Larusselin əhvalı açıq-aydın pisləşməsəydi, heç bir səs-küy qopmayacaqdı. Sənin canınçün, o vaxt, hətta  Mariya bilmirdi ki, şefinin arvadı ağır xəstəliyə düçar olub. “Mən səfeh işlər gördüyümü hələ dərk eləmirdim, – deyirdi, – axı hələ o zaman cənab Larusselə heç nə, heç bir öpüş də verməmişdim. Mənim bu axmaqlar məclisində süfrə başında olmağımda pis nə vardı axı? Əlbəttə, məclisdəkilərin diqqəti məni sərxoş edirdi. Ağıllı bir qadın təəssüratı yaradır, cənab Larusselin mənimlə qürur duyduğunu hiss edirdim... O, uşağımın qayğısına qalmağa söz vermişdi...”

– Səni əməlli-başlı dolayıb!

Gör bu kişi nə qədər sadəlövhdü! Raymonu ən çox əsəbləşdirən o idi ki, atası Mariya Krossu biçarə bir müəllimə, vicdanlı və zəif iradəli adam sayır, həm də onu haqlı bilirdi. 

– Mariya, Larusselə arvadı öləndən sonra təslim olub, bunu da darıxdığından, ümidsiz çarəsizlikdən edib –  hə bax bu, dəqiq ifadədi – “ümidsiz çarəsizlikdən”. Amma ayıq başlı, illüziyasız qadındı, nə Larusselin kədərli dul kişi görünüşünə, nə də onunla evlənəcəyiylə bağlı dumanlı vədlərə inanıb. Xülyalara uymamaq üçün bu tip cənabların kimliyini yaxşı öyrənib. Ona məşuqə kimi  deyil, arvadı kimi şərəf verib! Sən bilmirsən, Larussel oğlu Bertranı Normandiyaya oxumağa ondan ötrü göndərib ki, Mariya Krossla birgə olanda təsadüfən görməsin. Hər gün aldatdığı pozğun qadınla müqayisədə, qəlbinin dərinliyində Mariyaya pis gözlə baxmır. Aralarında cinsi yaxınlıq, demək olar ki, yoxdu, bunu dəqiq bilirəm, mənim balam, inan, hərçənd Larussel ondan ötrü ölür. Həm də o, bordoluların fikirləşdiyi kimi, Mariyanı sadəcə camaata “göstərməkçün” saxlamır. Amma bu qadın yaxınına buraxmır onu...

– Yəni deyirsən, Mariya Kross müqəddəsdi? 

Ata və oğul bir-birini görmürdü, astadan söhbət etsələr də, hər ikisi arada qarşılıqlı ədavət olduğunu duyurdu. Mariya Krossun adı bir anlığa onları yaxınlaşdırsa da, indi yenidən ayırırdı. Kişi başını dik tutub yeriyirdi, yeniyetmə – gözlərini torpağa dikmiş halda. Raymon qəzəbindən şam qozasına qəfil  bir təpik  ilişdirdi.

– Raymon, görünür, məni səfeh sayırsan... Ancaq sadəlövh sən özünsən, mənim balam. Adamlarda pisi görmək, onlardan baş açmaq demək deyil. Doğru dedin, dərdi mənə tanış olan Mariyada  bir müqəddəslik gizlənib... Amma sən bunu başa düşməzsən...

– Adamın lap gülməyi gəlir!

– Həm də onunla tanış deyilsən, hər dedi-qoduya inanırsan.

– Mən də bildiyimi bilirəm.

– Nə bilirsən axı? 

Həkim şabalıd ağaclarının qaranlığa bürüdüyü xiyabanın ortasında dayanıb Raymonun əlini sıxdı.

– Burax görüm! Mariyanın Larusseli yaxın buraxmadığına mən də qəlbən inanıram, amma başqaları da var axı...

– Yalandı!

Heyrətə gəlmiş Raymon mızıldandı: “Ax, deməli, belə!” Onda qəfil bir şübhə oyansa da, dərhal da qeyb oldu. Yaşadığı dünyaya dəxli olmayan bu bezdirici adamla, yəni yaxşı tanıdığı, xasiyyətinə vərdiş etdiyi atasıyla  sevgi deyilən şeyi bir arada görə bilmirdi; həkimə həmişə uşaq gözüylə baxırdı, – sakit, təmiz, şərə boyun əyməyən və satılmayan, hamıdan ucada duran bir şəxs kimi. Qaranlıqda həkim təngnəfəs olub tövşüsə də, özünü inanılmaz bir şəkildə ələ alıb, xoş bir tərzdə dedi:

– Yalançının biri yalançı! Məni illüziyalardan qurtarmaq üçün gör nələr uydurursan! – Raymonun susduğunu görüb davam etdi. – De görüm, bildiyin nədi?

– Mən heç nə bilmirəm.

– İndicə “bildiyimi bilirəm” dedin axı.

– Elə-belə dedim. 

Səsindən hiss olunurdu ki, susmaq qərarına gəlib. Həkim dərinə getmədi. Neyləsə də, oğlu onu onsuz da başa düşməyəcəkdi, hərçənd var gücüylə atasının üzünə qabarıb durub. Həkim Raymondan gələn bihuşedici qoxunu  və istiliyi yaxınlığındaca hiss elədi – sanki körpə bir heyvan bədənindən yayılan rayihəydi. 

– Sənin yerinə olsaydım, bir az da qalardım burda... Raymon, bir dəqiqəliyə oturarsanmı? Bax, nəhayət, meh də əsdi... 

Raymon bildirdi ki, yaxşısı gedib yatmaqdı. Həkim bir az da oğlunun şam qozasını təpikləməyinə baxdı, sonra çəmənlikdə istidən və tənhalıqdan göylərə bülənd olan sıxıntılarıyla ağacların yaşıl çətiri altında yalqız qaldı. 

Skamyadan güclə qalxdı. Kabinetində hələ də elektrik işığı yanırdı: “Qoy Lüsi elə bilsin, işləyirəm... Gör nə qədər vaxt itib! Əlli iki yaşım var, yox, əlli üç. Bu Papilion Raymona nəyi qiybət edə bilər axı?” Həkim hər iki əlini şabalıd ağacının gövdəsində gəzdirdi, xatırladı ki, Raymonla Madlena adlarını ora cızıblar. Birdən ağacı qucaqladı, gözlərini yumaraq yanağını hamar gövdəyə söykədi. Bir qədər beləcə durduqdan sonra qətiyyətlə qəddini dikəltdi, paltarının qollarını çırpdı,  qalustukunu düzəldib evə sarı addımladı.

Bu vaxt Raymon əlləri cibində üzümlüklərin arasıyla hələ də şam qozasını təpikləyə-təpikləyə gedir və dodağının altında mızıldanırdı: “Gör nə qədər sadəlövhdü, indi beləsinə rast gəlməzsən”. Nəyin nə olduğunu yaxşı bilir, onu aldatmaq olmaz. Göy üzünün mürgülü ulduzları və akasiyaların qoxusu onun üçün əhəmiyyətsiz idi. Yay gecəsi bu gənci özünə əbəs yerə cəlb etmək istəyirdi, o, öz gücünə, hər şeyə laqeyd canının qüvvəsinə  əvvəlkindən də çox inanır və bilirdi ki, bunlar ondan asılı olmayan şeylərdi.

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR