BƏŞƏRİ POEZİYA
Robinson Ceffers (ABŞ)

***

Rəqs edir,
oynaşır qağayılar
tufanda,
okean üzərində...
Suitilərin
nəriltisi gəlir
suların altında,
dərində...
Həddən ziyadə
İlahi bir röya...
Qalxır, qabarır dalğalar
dağ-dağ sıralanır
üst-üstə qalanır...
İnanılmaz bir şənlik,
ürəkaçan bir mənzərə
göz oxşayan bir nəşə.
İşığını yaxınlaşdırır ulduzlar
dodaq kimi
sevincdən, fərəhdən
bu gözəlliyi öpməyə.
Bundan artıq,
bundan gözəl
nə ummaq olar fələkdən?..
Qoy, mən də qoşulum sənə.
Axı heç bir qız,
bir qız belə,
mənim tək, alışıb
od tutub yanmaz
sənə olan sevgidən...
Havada qumaş toxuyurrmuş kimi
suiti qanadları
Bu İlahi gözəllikdə
İlahi bir nəğmə oxuyurmuş kimi...


QƏBİR SEÇİM ÖZÜMƏ...


Oxumusuz onları,
yoxsa oxumamısız?..
- Sizlərə demişdim
yazdığım
bir neçə şeirdə...
ağır yaralanmış marallar
ölməyə getdikləri
o gözəl yerdə,
- yarpaqların altında,
onların sümükləri
bir-birinə qarışıq
dağların qoynunda,
İşıldayan balaca çayın
sahilində...
Qəlbləri varsa maralların,
razıdı onda
biri-birinə qarışmış
qabırğaları da, buynuzları da
razıdı torpaqları,
göy üzləri də... razıdı
Onda...
Bu bir yazıdı...

 

***


Qaranlıq dolur gözünə...
qəbir seçməlisən
artıq özünə...
İnsanlardan uzaq,
bir gözəl yerə qoyun məni.
qəbiristanlıq olmasın ancaq
nə divarlar,
nə heykəllər
nə də
yandırılıb külü saxlanan qabda,
kolumbirdə...
Bürüməyin, tutmayın gülab ətrinə
nə dəfn mərasimi olsun,
nə də matəm mitinqi,
Allah xatirinə!


* * *

gecə ovçusu yaquardan,
iti qaçan maraldan
zərrə qədər qiymətliyəmsə,
qəlbinizdə, dilinizdə
dəyərli, işıqlı bir adsamsa,
o halda fərəhdi,
xoşdu mənə
öləndə,
onlarla yan-yana yatmaq!..

 


EVİN KÜNCÜNƏ DAŞ OLACAQ QAYA


Boz qumrallı
dəmrov tutmuş torpaq...
Kimsəsiz, sahibsiz
qoc-qoca bağ...
- yüz illərdi
İnsanlardan ayrı düşmüş,
üstündən rüzgarlar ötüşmüş...
Tutub ətəyindən
bir zamanlar
altında ocaq çatıb
qorunardılar dəniz küləyindən...
Sığınardı sinənə
yox olmuş
qırmızı dərili bir tayfa
Baş açmaq olmur
dünyanın kələyindən
Ancaq
göz ağına bənzər
kövşən bilir,
həssas burun ev dovşanları,
kotana qoşulmuş guryallı atlar bilir...
nələr qalıb yaddaşda
torpaqda, daşda.
Dekabrda
təpədə,
dərin yarğan üzərində
sözləşib
səs-küy salan qağayılar...
Heç kim
sevə-sevə toxunmadı
əlimi qoyduğum yerə...
bir ancaq
boz adamlar keçdi
boz qırğılar qondu bura...
Budu,
sənə çaxır gətirmişəm,
süd və bal gətirmişəm,
xoş əhval gətirmişəm
yüz illər boyu
çəkdiyin aclıqdan sonra,
bir də,
bir də
dilə tutub fələyi
soyuq dəniz küləyi...

 

 

Karl Sendberq (ABŞ)


ÜÇ SÖZ

Üç qırmızı söz eşitdim,
uşaqlıqda;
- «Azadlıq, Bərabərlik, Qardaşlıq!»
çığıraraq,
iti süngü bağrında
minlərlə fransız ölürdü
bu üç söz uğrunda!
Əsərdim qorxudan,
üsünərdim...
Niyə ölür insanlar
əlləri bağrında
söz uğrunda
... düşünərdim.

Böyüdüm...
eşmə bığlı,
sayma-seçmə adamlar:
«Üç müqəddəs söz var» - dedilər:
- «Ana, Ailə, bir də Göy üzü»
və başlarını sinələrinə əydilər.
Yaxası orden-medallı
ahıl, yaşlı adamlar
dərindən nəfəs alıb
xorla söyləyərdi bu sözləri,
- «Allah, Borc və Ölməzlik!..»
alışıb yanardı gözləri...
Tık-tık,
taqqıldadardı illər
insan talelərinin
saat əqrəblərini
Və qəflətən,
birdən-birə
böyük Rusiyadan
iİldırım çaxan tək:
- «Torpaq, Sülh və Çörək uğrunda!..»
deyə üç sərt söz parladı...

Dizinin üstündə
başı dumanlı,
limanlı
gənc qız oturmuş
Amerika donanmasının
dənizçisini gördüm
bir dəfə...
Qızın çiyninə əyirdi
ara-sıra başını
və deyirdi:
- «Gərək dərkinə varasan...
yetər ki, üç söz deməyi bacarasan,
- «Mənə vetçina
və yumurta verin,
- daha nə? - və bir az da sevgi»
Səninlə bölüm,
quzum, gülüm!

Tərcümə: Zakir Fəxri

DİGƏR MƏQALƏLƏR