KORİFEYLƏR - Doris Lessinq

Tərcümə: İlqar Əlfi

 

1919-cu ildə İranın Kirmanşah şəhərində doğulub. Altı yaşında ailəsi ilə Cənubi Rodeziyaya (indiki Zimbabve) köçüb. Gənclik illərindən siyasi hərəkata qoşulub. Otuz yaşından İngiltərədə məskunlaşan  yazıçının “Otların nəğməsi” adlı ilk kitabı ona dünya şöhrəti qazandırıb. “Qızıl gündəlik” əsəri isə dünya feministlərinin masaüstü kitabı sayılır.

Orta təhsili olmasa da, Harvard Universitetinin həqiqi doktoru seçilib. İspaniya, Böyük Britaniya, İtaliya kimi ölkələrin nüfuzlu ədəbi  mükafatlarını alıb. 

2007-ildə Nobel mükafatına layiq görülüb.

2013-cü ildə Londonda vəfat edib.

 

QARIŞQA YUVASI

povest

 Düzənliyin o üzündə maviyə çalan dumana bürünmüş dağların başı gömgöy səmaya dirənirdi. Bir-birinin üzərindən asılmış boz, yaşıl, qonur sıldırımlar gözünə dəyir və göylər tərtəmiz, ləkəsiz görünür.

Aşırıma qalxdıqca arxada qalmış çöllər get-gedə kiçilir, bir-birinin üzərinə qalaqlanmış qranit qayaların içindən dağların külrəngli zirvələri boy verir və o ucalıqlardan qalxan isti hava adamın sifətini yalayıb qarsır.

“Kaş tez aşaydım bu dağlardan, aşağılara enib düzənə çıxaydım,” – səyyah düşünür. Bu qaynar nəfəsli dağlardan, divar kimi qayaların arasından küləyin, mehin sərbəst dolaşdığı düzənə tez-tələsik enmək əsrlərdən bəri səyyahların yeganə arzusu olub.

Amma aşağıda heç düzənlik də yoxdur. Aşırım dörd tərəfdən dağların əhatə etdiyi dərəyə çıxır. Dağlar eni bir mil olan bu dərəni yumruq kimi sıxıb ovcunda saxlayır. Buranı kol-kos basıb, bürkü elə bil ora sığınıb – isti onun daşlarından çıxır, ağaclarından axır, başımızın üstündəki göyündən yağır; burda səma artıq göy rəngdə deyil, bulanıq sarıdır. Çünki dağlar qoynunda əsir olmuş bu dərədən daim tüstü qalxır. Burada qızıl var və altı aydan bəri möhkəm isti, quraqlıq olmasına, onun dalınca da leysan yağmasına baxmayaraq, dərədə həmişə insanlar qaynaşır. Qızılaxtaranların ayağı dəyən hər yerdə, kolların arasında quyular, çatlar görmək olar. Deyirlər, hələ neçə yüz il əvvəl buşmenlər də bu yerlərdə qızıl axtarırmış. Hətta qızıl dalınca ərəblərin xüsusi döyüşçülərlə müşayiət olunan karvanları gəlirmiş ki, bu sərvəti aparıb, Sav məlikəsinin sarayını bəzəsinlər. Bəlkə də, söylənənlər həqiqət idi və hər şey, doğrudan da, adamların danışdığı kimi olmuşdu.

Dəqiq bəlli olan yalnız odur ki, yüzilliyin əvvəllərində bu yerlərə çox nüfuzlu bir mədən şirkəti gəlib, ətrafdakı dərin quyuları da elə onlar qazıb. Amma tezliklə bu məntəqənin etibarsızlığı, qızıl filiz damarlarının qəflətən yoxa çıxdığı bəlli olub. Şirkət bundan sonra ağır avadanlıqlarını arabalara yükləyib qızıl dalınca başqa, daha etibarlı yerlərə üz tutub.

Adamlar bir neçə il bu dərəni unudublar və burula-burula qalxan tüstülər səmanın parlaq göy sinəsini daha örtməyib; yalnız ara-sıra təsadüfi qızılaxtaranın qaladığı ocaqlardan göyümtül tüstü bir evin demisindən çıxırmış kimi burula-burula qalxırdı.

Günlərin birində dərəyə yüzlərlə insan gəldi və burada həyat qaynamağa başladı. Bu yerdə qızıl çıxarmaq üçün icazəni mister Makintoş almışdı.

Görünür, onun bu planına etiraz edənlər Avstraliyada artıq bir dəfə əməlli-başlı sərvət qazanan, onu itirəndə isə Yeni Zelandiyada uğurlu bir iş başlayıb yenidən varlanan mister Makintoşun inadkarlığından xəbərsizdilər. O, əlindəki kapitalın üstünü düzəltmək istəyirdi. Təbii ki, bahalı şaxtalar qazmaq fikrindən bilmərrə uzaq idi və qəfildən qırılıb yoxa çıxan, təsadüfi, aldadıcı qızıl filizi damarlarının dalınca düşmək istəmirdi: Makintoş nə etməli olduğunu gözəl bilirdi və mədənlərdə fəaliyyət göstərməyin qaydaları ilə daban-dabana zidd olmasına rəğmən, hər şeyi öz düşündüyü kimi edirdi. O, yerlilərdən bir neçə yüzünü toplayıb, dağlar qoynundakı bu kimsəsiz dərəni qazmağı tapşırdı.

Dərə dərinləşdi, sonra orada nəhəng bir xəndək yarandı. Axırda da dağ zirvələrindən birini içinə itələsən, onu bətnində büsbütün uda biləcək uçurum əmələ gəldi. Qızıl acı olan Makintoş yerdən çıxarılan filizi yuxarı atdırırdı. Şaxta qazmaq, onun divarlarını, tavanını bərkitməyə pul sərf etmək fikri də yox idi. Əvvəlcə lifdən hörülmüş kəndirlərlə xəndəyin maili divarlarından sallanan badyalara torpaq doldurub çəkirdilər. Bu yerlərdə ağaclardan nə qədər desən lif soymaq mümkün idi, özü də havayı. Polad kanatlar üçün xərc çəkməyə dəyməzdi. Tiftiklənib seyrələn kəndir qırılsa və badya birbaş xəndəyə düşsəydi belə, dərd çəkməyə dəyməzdi – lif elə yaxınlıqda idi!

Sonralar, xəndək dərinləşəndə mədəndə kiçik vaqonlar, relslər peyda oldu. Amma bu vaqonlar bəzən aşağı diyirlənirdi, bu isə kimsəni təəccübləndirmirdi, çünki mərhəmətli mister Makintoşun belə şeylərə barmaqarası baxdığını, bu hadisədən qəzəblənməyəcəyini, əksinə, güləcəyini mədəndə bilirdilər. Hətta əgər kiminsə başı yuxarıdan uçan badyaya, ya vaqona tuş gəlsə belə, yerli camaatdan öz kəlləsini riskə qoymağa məcbur olanlar çox idi. Qoy yamaclar uçsun; qoy torpaq axıb tökülsün, qarışqayeyən yuvası kimi dar, bir ucu meduzanın qolutək qızıla sarı uzanan quyu onları diri-diri basdırsın – yumurtanı qırmasan, qayğanaq bişirə bilməzsən. Bu, mister Makintoşun ən sevimli məsəli idi. Yerlilər bu mədəni “ölüm quyusu”, mister Makintoşun özünü isə “qızılqarın” adlandırırdılar. Amma buna rəğmən, onun yanına iş üçün dəstə-dəstə axışırdılar və bununla da bədniyyət adamların əlinə bəhanə verirdilər. Bədniyyətlər isə görün nə deyirdi: “Bu vəhşilər yaxşı rəftar anlamır, onlarınkı qamçıdır. Bir mister Makintoşa baxın, onun nədən olsa da, fəhlə sarıdan korluğu yoxdur”.

Mister Makintoşun dağda yerləşən mədəni ən yaxın polis məntəqəsindən belə çox uzaq idi. O çalışırdı ki, mədəndə yerli camaat üçün hazırlanan zənci pivəsi sarıdan heç vaxt kasadlıq olmasın. Polislə yola getməyən bu biçarələr ona ümid edə bilərdilər ki, uzaqbaşı mister Makintoş onlara qahmar çıxacaq, mədənə gələn polislərə: “U2345678 nömrəli adam mənim yanımda heç vaxt işləməyib, hə, əlbəttə, kitabları da yoxlamaq olar, buyurun”, – deyəcək.

Sadəlövh birisi deyərdi ki, mister Makintoşun cədvəlləri, qeydiyyat kitabları çox səliqəsiz aparılır. Lakin ona işləyən adamlar iş sahibinin mühasibatı barədə tamam başqa sözlər deyərdilər – axı bu kitablardakı qeydiyyatları mister Makintoşun özü aparırdı. Onun nə mühasibi, nə kontor işçisi vardı. Mədəndə saxladığı – yeganə ağdərili bir mühəndis idi. Bundan savayı, altı nəfər nəzarətçi, yaxud iş rəhbəri vardı ki, onlara babat məvacib ayırır, bu adamlarla yaxşı davranırdı.

Mister Klarkın – mühəndisin adı belə idi – evi enli xəndəyin bir qırağında, yerlilərin qəsəbəsi isə xəndəyin əks tərəfində yerləşirdi. Mister Klark ayda əlli  funt-sterlinq maaş alırdı, təbii ki, içib işdən qaldığı vaxtları saymasaq, bu qədər pulu heç yanda qazana bilməzdi. Amma Klark sən deyən içki düşkünü də deyildi, sakit, zəhmətkeş insan idi. İldə üç-dörd dəfə bir həftə sıradan çıxırdı, onda da mister Makintoş onu başqası ilə dəyişir, yenidən mədənə gələndə isə mehriban tərzdə deyirdi: “Necəsən, dostum, düzəlibsənmi?”

Mister Makintoşun özü isə içkini dilinə də vurmurdu. Əsl şotlandiyalı kimi maksimalist idi deyə – ayıq həyat tərzini özü üçün bir kulta çevirmişdi. Evində heç vaxt spirtli içki olmazdı. O həm də mömin insan idi. Onun möminliyini inancından çox, dindar valideynlərinin xatirəsinə hörmət əlaməti saymaq olardı. İkiotaqlı evdə yaşayırdı, əşyaları taxta masadan, üç stuldan, çarpayı və şkafdan ibarət idi. Aşpaz ona həftədə üç dəfə əla ətdən, yerkökü və kartofdan gözəl xörəklər, qalan vaxtlarda qızartma, bazar günləri isə cücə bişirirdi.

Ölkənin ən varlı şəxslərindən olan mister Makintoşun sərvəti milyonu çoxdan aşmışdı. Onun barəsində belə deyirdilər: “Hara istəsə, nə vaxt istəsə, gedə bilər, nə istəsə, eləyə bilər. Amma Tanrının da gözündən iraq düşmüş bir məkanda, bir xəndəyin böyründə, bir yığın zənci ilə yanaşı yaşayacaqsansa, bu qədər pul nəyinə lazımdır?”

Lakin mister Makintoşun özünə bu cür həyat tərzi tam əl verirdi və bayram günlərində Keyptauna gedib, ən dəbdəbəli oteldə qalanda belə mədənə vaxtından xeyli qabaq qayıdırdı. Bayramlar onun ürəyincə deyildi. O, işləməyi xoşlayırdı.

Mister Makintoş köhnə, yağa bulaşmış xaki şalvar geyir, nimdaş qurşaq vurur, ağ trikotaj köynəyinin üstündən qırmızı boyun yaylığını saymazyana bağlayırdı.

Bu adam alçaqboy, enlikürək, yekə başı piyli boynunda qərar tutmuş bir kişi idi. Bəyaz köynəyinin yaxalığından görünən boynunda və gündən qaralmış güclü əllərində qara, sıx tüklər vardı. Mister Makintoşun gözləri boz, xırda və iti idi, nazik dodaqları daim bir-birinə sıxılı olurdu. Peysərinə itələdiyi nimdaş mahud şlyapası sifətini gündən qoruyurdu. Kolluqdan kəsdiyi çubuğu əlində yelləyə-yelləyə xəndəyin yanında gəzişən mister Makintoş aşağıda, lap dərində vurnuxan fəhlələri müşahidə edir, gedə-gedə əlindəki ağacı kollara, otlara, hərdən də fərasətsiz bir işçisinin belinə çırpır, nəzarətçilərə tapşırıqlar verir, sonra kontor binasına yollanıb, orada qeydlər aparırdı. Gün beləcə keçirdi. Axşamlar hərdən mister Makintoş mister Klarkı kart oynamağa çağırırdı. Onda mister Klark arvadına belə deyirdi: “Enni, istəyir ki, axşam ona baş çəkim...”, qadın isə başını tərpədib, ərinin şam yeməyini vaxtından qabaq vermələrini tapşırırdı.

Missis Klark mədəndə yeganə qadın idi. Buna qəti təəssüflənmirdi, çünki onun qəlbi tənhalıq istəyirdi. Ərinin ayda əlli funt məvacib aldığı, vaxtaşırı içkiyə qurşanmasına sahibkarın göz yumduğu bu sakit guşəyə gəlib çıxandan sonra qadın xoşbəxt həyatına görə taleyindən hədsiz razı idi. Missis Klark ortayaşlı, can-cüssəsi ikilik taxta kimi, avazımış, arıq üzlü, mavigözlü çəlimsiz qadın idi. Bu üzücü istilərdə keçirdiyi illər onun səhhətində elə bir iz qoymamışdı, amma tədricən canını qurutmuş, onu özünə qapanmış, susqun bir məxluqa çevirmişdi. Lakin hərdən bu qaradinməz Enni Klark xroniki susqunluğundan çıxır, hər şeyi necə var, birbaşa deyirdi.

Məsələn, onlar mədənə gəlib ikiotaqlı kiçik evdə yerləşəndə Makintoşa yaxınlaşıb demişdi:

– Siz təkbaşına dörd otaq tutmusunuz. Biz isə iki nəfərik, hələ uşağımız da var. Belə olmaz axı.

Makintoş dodaqlarını bir-birinə sıxıb ona qəzəbli bir nəzər salmış, sonra qəfildən gülüb razılaşmışdı.

– Düz sözə nə deyəsən.

          Sonralar qaradinməz Enni Klarkın onu necə yerində oturtduğunu hər dəfə yadına salanda gülməyini saxlaya bilmirdi.

Ayda bir dəfə Enni yır-yığış etmək üçün mister Makintoşun evinə gəlib çəkinmədən deyirdi: “Hə, tərpənin görüm! Mən buraları qaydaya salmayana qədər qayıtmayın”.

İşini qurtarandan sonra isə gileylənirdi: “Allah haqqı, əsl donuzsunuz, düz deyirəm”. Qadın onu pal-paltarını harada gəldi atdığına görə, həftələrlə alt camaşırlarını dəyişmədiyinə, başqalarının ağlından belə keçirməyə cəsarət etmədiyi bəzi şeylərə görə danlayırdı. Kişi isə məzələnir, ona ilişirdi: “Çox təəssüf ki, siz artıq ərdəsiniz, missis Klark”. “Əgər istəsəydiniz, özünüzə arvad tapardınız”. Qadın qıpqırmızı olur, başını qürurla dik tutaraq çıxıb gedirdi.

Enni mister Makintoşu çox istəyirdi, kişi də ona eyni münasibət bəsləyirdi. Mister Klark onun qarşısında baş əyir, pərəstiş edirdi və Makintoş da öz növbəsində Klarkı sevirdi. Mister və missis Klark dördotaqlı evlərinin damı altında mehriban yaşadıqlarından güman etmək olardı ki, bir-birini sevirlər. Amma nadir hallarda söhbət edirdilər. Nədən danışaydılar axı!..

          Nizam-intizamın həmişəlik bərqərar olduğu bu evdə, qaradinməz valideynlərinin yanında balaca Tommi Klark böyüyürdü.

Mədənə gələndə üçaylıq idi. Həmin vaxtdan etibarən illər uzunu – hər gün, hər gecə uşağın qulaqlarında daşqıran maşınların gurultusu səslənirdi və Tommi buna o qədər öyrəşmişdi ki, sanki gurultunu daha eşitmirdi. “Qızıl, qızıl, qızıl,” – deyə maşınlar dayanmaq bilmir, zərbələrinin ritmini dəyişmədən süxurları gurultuyla paralayır, bir an belə susmurdular. Lakin bir dəfə, Tomminin üç yaşı olanda mühərrik sındı, maşınlar susdu. Onun qulaqlarına elə bir boşluq, elə sakitlik doldu ki, oğlan qulaqbatırıcı bir səslə: “Dayandılar, dayandılar!” – çığırıb anasına tərəf atıldı və küt zərbə səsləri təzədən eşidilənə kimi küncə sıxılıb ağladı.

Sanki yer kürəsinin döyünən qəlbi susmuşdu. Amma elə ki təzədən bu qəlb vurmağa başladı, Tommi dərhal həmin o tanış səsi eşitdi. İndi artıq bilirdi ki, sükut səsdən nə ilə fərqlənir. Onun qulaqları əvvəllər tanımadığı səslərə qarşı həssas oldu.

 

Tommi daim təhlükə altında işləyən səs-küylü, cəsur yerlilərin qışqırıqlarını, oxuduqları mahnıları dinləyirdi. O, daşa tuş gələn kətmənin cingiltisini, torpağın çıxardığı küt, yumşaq səsləri, vaqonların ciyiltisini, yerə döşənmiş taxtalar üzərində diyirlənən arabaların gurultusunu, tökülən süxurların səsini eşidirdi. Gecələr isə bayquşlar ulayır, çobanaldadan quşu şikayətlənir, sisəylər çırtıldayırdı. Şimşəklər tüğyan edəndə isə, ona elə gəlirdi ki, bu gurultunu göy özü yer üzünə yağdırır, dağlarda əks-səda verə-verə çaxan şimşəklər bir zirvədən digərinə sıçrayırdı. Yer kürəsinin nəhəng qəlbinin susduğu həmin o dəhşətli anları saymasaq, burda hələ heç vaxt sakitlik olmamışdı. Sonralar isə həmin qəlbin susmasını Tommi artıq özü istəyirdi. Qoy lap müvəqqəti, heç olmasa, bircə saatlıq. Əsl sükutun səsini eşitməyi istəyirdi. Özü də çox istəyirdi... Bu arzu bir az böyüyəndən sonra içinə dolmuşdu və oğlan artıq valideynlərinin susqunluğuna darılırdı.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR