RUS ƏDƏBİYYATI - Nikolay Qoqol

Orijinaldan tərcümə: Etimad Başkeçid

 

1809-cu ildə Poltava quberniyasının Mirqorod qəzasında anadan olub. Dünya ədəbiyyatının klassiklərindən sayılır. Nasir, dramaturq, şair, ədəbiyyat tənqidçisi, publisist kimi tanınır. «Dikanka yaxınlığında xutor axşamları», «Mirqorod» hekayələr silsiləsi, «Burun», «Portret», «Şinel» povestləri, «Müfəttiş» komediyası, «Ölü canlar» romanı kimi məşhur əsərlərin müəllifidir. Həyatının sonunda mənəvi böhran keçirən yazıçı yeməkdən və həkim köməyindən imtina edib bir çox əlyazmalarını, o cümlədən, «Ölü canlar» əsərinin tamamlanmış ikinci cildini yandırıb (bu əsərin yalnız yeddi fəsli saxlanılıb). 1852-ci ildə Svyato-Danilov monastırında dəfn olunub, 1931-ci ildə qəbri Novodeviçye qəbiristanlığına köçürülüb.

  

Şinel

(povest)

Departamentdə… hansı departamentdə olduğunu dilə gətirməsək yaxşıdır. Dünyada növbənöv departamentlər, polklar, dəftərxanalardan dəhşətli, müxtəlif məmurlar zümrəsindən qorxunc heç nə yoxdur. İndi istənilən adam, özünün simasında bütün cəmiyyəti təhqir olunmuş sayır. Deyirlər, lap bu yaxınlarda, hansısa şəhərin kapitan-ispravnikindən bir xahişnamə gəlib, orada açıq bəyan edir ki, dövlətin qanunlarını saya salan yoxdur, yeri gəldi-gəlmədi, onun müqəddəs adını hallandırırlar. Sübut olaraq, xahişnaməyə hansısa romantik, olduqca qalın bir əsər də əlavə edib. Əsərin hər on səhifəsindən bir kapitan-ispravnik təsvir olunur, özü də tamamilə sərxoş vəziyyətdə. Ona görə də başqa söz-söhbət yaranmasın deyə haqqında danışdığımız departamenti bir departament adlandıracağıq.

Beləliklə, bir departamentdə bir məmur işləyirdi. Açığı, o qədər də yaraşıqlı, gözəgəlimli adam deyildi – bəstəboy, çilli, kürəntəhər kişi idi, deyəsən, gözü də yaxşı görmürdü, başı dazlaşmağa başlamışdı, sifətini qırış basmışdı, üzü sarı-boz rəngə çalırdı, elə bil babasil xəstəsiydi...  Neyləmək olar! Pererburqun havasındandır. Məmurun rütbəsinə gəlincə (bizdə hər şeydən əvvəl adamın rütbəsinə fikir verirlər), o, necə deyərlər, əbədi titulyar müşaviri idi. Fağır adamlara şəbədə qoşmağa adət etmiş qələm əhli, məlum olduğu kimi, onun kimilərə qəmiş olub yaxalarından əl çəkmir, onlardan yaza-yaza püxtələşir. Məmurun soyadı Başmaçkin idi. Soyadından da göründüyü kimi, bu söz haçansa «başmaq» sözündən əmələ gəlib; amma haçan, hansı şəraitdə, necə əmələ gəlib, məlum deyil. Onun atası, babası, hətta qaynı, bir sözlə, Başmaçkinlərin hamısı çəkmədə gəzir, yalnız üç ildən bir çəkmələrinin altlığını dəyişdirirdilər.

Adı Akaki Akakiyeviç idi. Bu ad oxucuya bir qədər qəribə və qondarma görünə bilər, amma əmin ola bilərsiniz, bu adı qoymaq üçün dağa-daşa düşmək lazım gəlməmişdi. İş elə gətirmişdi ki, ona başqa ad qoymaq mümkün olmamışdı. Əhvalat belə olmuşdu. Akaki Akakiyeviç gecəyarısı, yanılmıramsa, martın 23-nə keçən gecə doğulmuşdu. Məmur arvadı olan mərhum anası – rəhmətlik çox yaxşı qadın idi – uşağa ad qoymağa hazırlaşırdı. Qadın hələ yataqdaydı, qapı ilə üzbəüz çarpayıda uzanmışdı, senatda masa rəisi işləyən kirvəsi, gözəl insan İvan İvanoviç Yeroşkin onun sağ tərəfində, xaç analığı, məhəllə nəzarətçisinin arvadı, böyük mərifət sahibi Arina Semyonovna Belobryuşkova isə sol tərəfində dayanmışdı. Seçim etməsi üçün zahı qadına üç ad təklif etdilər. Uşağı “Mokkiya” və ya “Sossiya” adlandırmaq, yaxud əzabkeş Xozdazatın adını qoymaq təklif olunurdu. “Yox” – qadın fikirləşdi: “nə qəribə adlardır”. Onu razı salmaq üçün təqvimin vərəqini çevirib daha üç ad göstərdilər: Trifiliy, Dula və Varaxasiy. “Belə şey olar?” – qadın donquldandı: “adlara bax; belə adlar eşitdiyim yadıma gəlmir. “Varadat” və ya “Varux” olsaydı, yenə dərd yarıydı, yoxsa, “Trifiliy”, nə bilim, “Varaxasiy”. Başqa səhifəyə baxdılar – “Pavsikaxiy” və “Vixtisiy” adları çıxdı. «Neyləmək olar – qadın fikirləşdi, – görünür, uşağın qismətindədir. İş ki belə oldu, qoy atasının adını daşısın. Atasının adı «Akaki»dir, qoy oğlu da «Akaki» olsun». Beləcə, Akaki Akakiyeviç dünyaya gəldi. Uşağa ad qoyanda elə ağladı, üz-gözünü elə turşutdu ki, elə bil titulyar müşavir olacağını əvvəlcədən hiss etmişdi. Bax əhvalat belə olub. Bütün bunları ona görə danışdıq ki, oxucu özü görsün: bu adı ona məcburən qoyublar, başqa ad qoymaq sadəcə mümkün olmayıb. Departamentə nə vaxt gəlib, onu bu işə kim təyin edib – bunu heç kəs xatırlamırdı. Neçə direktor gəlib-getmişdi, neçə-neçə müdir dəyişilmişdi, amma o, həmişə eyni yerdə, eyni vəzifədə işləyirdi. Hətta bəzən adama elə gəlirdi ki, yazı-pozu işləri ilə məşğul olan bu məmur anadan vismundirdə, özü də keçəl doğulub. Departamentdə onu adam yerinə qoyan yox idi. O gəlib-keçəndə, gözətçilər nəinki yerindən qalxmır, heç üzünə də baxmırdılar, sanki milçəkdi, uçur. Müdirlər onunla soyuq davranır, yuxarıdan-aşağı baxırdılar. Hansısa masa müdirinin köməkçisi kağız-kuğuzu ona uzadarkən, nəzakət xətrinə də olsa, «üzünü köçürdün» və ya «baxın, maraqlı işdir», yaxud buna bənzər nəsə xoş söz deməyi belə özünə rəva görmürdü. O da dinməz-söyləməz götürür, qətiyyən maraqlanmırdı ki, kağızları verən kimdir, bunları ona verməyə həmin adamın ixtiyarı varmı? Kağızları götürən kimi işə başlayırdı. Dəftərxananın cavan məmurları hey ona sataşır, lağa qoyur, haqqında məzəli əhvalatlar uydurub danışırdılar. Deyirdilər, qaldığı evin sahibəsi, yetmiş yaşlı qarı onu döyür, soruşurdular ki, toyları nə vaxt olacaq; oturduğu yerdə başına kağız səpir, deyirdilər ki, qar yağır. Akaki Akakiyeviç isə özünü elə aparırdı ki, elə bil, heç nə baş vermir, sanki qarşısında heç kəs yoxdur. Bütün bunlar onun işinə xələl gətirmirdi. Ona nə qədər ilişsələr də, yazıda bir səhv belə buraxmırdı. Bəzən şitini çıxarır, qolundan itələyib, işini görməyə mane olurdular. Bu zaman o, fağır səslə deyirdi: «Əl çəkin, məni niyə incidirsiniz?» Bu sözlərdə, onların məzlumanə ifadəsində nəsə bir qəribəlik vardı. İşə yeni götürülmüş cavanlardan biri bir dəfə başqaları kimi onunla məzələnmək istədi, amma bu sözləri eşidincə onu elə bil ildırım vurdu, elə mütəəssir oldu ki, matı-qutu qurudu, yerindəcə donub-qaldı. Bundan sonra cavan məmurun gözündə hər şey dəyişdi, tamamilə başqa şəkil aldı. Hansısa qeyri-adi, müəmmalı qüvvə abırlı, kübar adamlar bilib tanış olduğu yoldaşlarından onu uzaqlaşdırdı. Sonralar, ən xoş dəqiqələrində belə, birdən-birə, bu bəstəboy, seyrək saçlı məmur, onun təsirli sözləri yadına düşürdü. «Əl çəkin, məni niyə incidirsiniz?» – adamın ruhunu titrədən bu sözlər, bu zaman «Mən sənin qardaşınam» kimi səslənirdi. Onda binəva cavan oğlan istər-istəməz əlləri ilə başını tuturdu. O, bundan sonra da, dəfələrlə insan mərhəmətsizliyini, zərif, kübar davranışlarla pərdələnən azğınlığı və kobudluğu görüb sarsıldı, hətta nəcib, doğru-dürüst adam kimi ad çıxaranların iç üzünə bələd oldu…

Onun kimi öz işi ilə nəfəs alan ikinci adam tapmaq mümkün deyildi. Can-başla qulluq etmək bir yana, öz işinin vurğunu idi. Kağızların üzünü köçürərkən özünü əlahiddə, gözəl bir aləmə düşmüş adam kimi hiss edirdi. Üzündə bəxtəvər bir ifadə yaranırdı; bəzi hərfləri çox sevirdi, onları yazmağa başlayanda sevincindən yerə-göyə sığmırdı: qımışır, altdan-altdan gülür, dodaqlarını büzürdü. Adama elə gəlirdi ki, onun üzünə baxıb hansı hərfi yazdığını öyrənmək olar. Əgər işə can yandırdığına görə mükafatlandırılsaydı, ola bilsin, mülki müşavir vəzifəsinə qədər yüksələrdi. Amma, dildən pərgar adamların dediyi kimi, titulyar müşaviri nişanından və babasildən başqa, heç nə əldə etməmişdi. Əslində, ona heç bir diqqət yetirilmədiyini söyləmək də doğru olmazdı. Direktorlardan biri çox xeyirxah adam idi, bir dəfə o, uzun illər əmək qoymuş məmuru mükafatlandırmaq üçün ona daha vacib iş tapşırmağı qərara aldı. Məmur hazır məktubu götürüb başqa idarəyə göndərmək üçün üzərində işləməli idi. Ondan yalnız başlığı dəyişdirmək və bəzi yerlərdə feilləri birinci şəxsin adından üçüncü şəxsin adına keçirmək tələb olunurdu. Bu tapşırıq ona o qədər ağır gəldi ki, qan-tər içində xeyli çalışandan sonra alnını ovuşdurub dedi: «Yox, yaxşısı budur, nəsə verin, üzünü köçürdüm».  Elə o vaxtdan ona başqa iş təklif edən olmadı. Kağızların üzünü köçürtməkdən savayı, onu heç nə maraqlandırmırdı. Əyin-başına da fikir verən adam deyildi: onun vismundiri yaşıl yox, bozumtul-sarı rəngdəydi. Yaxalığı nazik, ensiz idi, belə ki, boynu gödək olsa da, bu yaxalıqda hədsiz dərəcədə uzun görünür, kənardan baxanda gipsdən düzəldilmiş, başını oynadan pişiklərə bənzəyirdi. Əcnəbi alverçilər başının üstündə onlarla belə pişik gəzdirir.  Həmişə vismundirinə nəsə yapışmış olurdu: bu, ot da ola bilərdi, hər hansı sap da. Bundan başqa, onun xüsusi bir qabiliyyəti də vardı: küçəylə gedərkən həmişə pəncərələrdən atılan zir-zibilə tuş gəlirdi. Odur ki, şlyapasında daim qarpız və yemiş qabığı, yaxud buna bənzər qır-qırıntı gəzdirirdi. O, öz cavan həmkarlarından fərqli olaraq, ömründə bir dəfə də olsun, başını qaldırıb ətrafda baş verənlərə diqqət yetirməmişdi. Aydın məsələdir, cavanların gözündən heç nə yayınmır, hətta səkinin o üzündə şalvarının bağı qaçmış adamı da görür, bic-bic gülümsəyirlər.

Amma Akaki Akakiyeviç haraya, nəyə baxsa da, yalnız öz səliqəli, gözəl xəttini görürdü. Yalnız hardansa peyda olan at başı burun pərələrini geniş açıb çiyni üzərindən üzünə fınxıranda ayılırdı ki, deyəsən, yazı masasının arxasında yox, küçənin ortasındadır. Evə gələn kimi süfrə arxasına keçir, tələm-tələsik kələm şorbasını qaşıqlayır, üstündən bir tikə mal ətiylə soğan yeyirdi. Yediklərinin dadını-tamını hiss etmirdi. Yeməyi içinə düşən milçəklərlə və o anda Tanrının göndərdiyi başqa şeylərlə birgə içəri ötürürdü. Artıq qarnının köpdüyünü görüb süfrə arxasından qalxır, mürəkkəbqabını çıxarıb evə gətirdiyi kağızların üzünü köçürtməyə başlayırdı. Evə iş götürmədiyi vaxtlarda isə gözəl təhkiyəsinə və məzmununa görə olmasa da, hansısa yeni və ya vacib şəxsə ünvanlandığına görə diqqət çəkən kağızlardan birinin surətini özü üçün çıxarır, bundan böyük həzz alırdı.

 

Axşamlar Peterburqun boz səması tamamilə qaralandan sonra məmur tayfası, kim necə bacarırsa, aldığı məvacibə və zövqünə uyğun olaraq yeyib-içir; idarələrdə qurtarmaq bilməyən yazı-pozu, vurnuxmalar, sakitlik bilməyən insanların könüllü və ya məcburən yerinə yetirdiyi işlər, qayğılar arxada qalır; məmurlar günün qalan hissəsini kefi istədiyi kimi keçirməyə tələsir. Nisbətən zirək, diribiş məmurlardan bəziləri teatra üz tutur, digərləri şlyapalara baxmaq üçün küçəyə çıxır; kimi hansısa kiçik məmur çevrəsində fırlanan gözəlçəyə kompliment deməkdən ötrü ziyafətə yollanır, kimi də sadəcə üçüncü və ya dördüncü mərtəbədə yaşayan qardaşıgilə gedir. Bu mənzillər adətən dəhlizi və mətbəxi hesaba almasaq, iki kiçik otaqdan ibarət olur. Hiss olunur ki, mənzildəki lampanı və ya buna bənzər dəbə iddialı bəzi əşyaları əldə etmək üçün ev sahibi çox naharlardan, gəzintilərdən özünü məhrum etməli olub. Bir sözlə, bütün məmurlar dost-tanışların kiçik mənzillərinə dağılışıb kart oynayır, ucuz suxarıyla çay içir, çubuq çəkir, kart paylayarkən kübar cəmiyyətdə dolaşan şayiələri bir-birinə danışmaqla gün keçirir. Məlum olduğu kimi, rus insanı mövzu tapmayanda I Pyotrun atının quyruğunun kəsilməsi xəbərini alan komendant haqqında köhnə lətifəni danışmağa başlayır. Müxtəsər, hətta hamının şənləndiyi, deyib-güldüyü vaxtlarda da Akaki Akakiyeviç əylənməyi ağlının ucundan belə keçirmirdi. Onu hansısa məclisdə, ziyafətdə görən olmamışdı. O yazıb-yazıb yorulandan sonra yatağa uzanır, sabahkı günü göz önünə gətirib gülümsəyirdi: görəsən, sabah üzünü köçürtmək üçün Tanrı daha nə göndərəcək? Dörd yüz rubl məvaciblə xoşbəxt olmağı bacaran bu adam beləcə, sakit ömür sürürdü. Həm titulyar, həm gizli, həm də saray müşavirlərinin və eləcə də, heç kəsə məsləhət verməyən, heç kəsdən məsləhət almayan digər məşvərətçilərin başına gələn müsibətlər olmasaydı, beləcə qocalıb gedəcəkdi.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR