XX ƏSRİN KLASSİKLƏRİ - Herman Hesse

Alman dilindən tərcümə: Vilayət Hacıyev

 

1877-ci ildə Almaniyanın Kalv şəhərində anadan olub. Ədəbiyyata şeirlə gəlsə də, “Peter Kamensind” (1904) romanı ilə tanınıb. Bu əsərin uğurundan sonra həyatını bütünlüklə ədəbiyyata həsr edib.

“Yalquzaq” (1927), “Narsiss və Qoltmund” (1930), “Muncuq oyunu” (1942) romanları ona dünya şöhrəti qazandırıb.

“Əsərlərində humanizmin klassik ideallarını cəsarətlə, vüsətlə tərənnüm etdiyinə və parlaq üslubuna” görə 1946-cı ildə Nobel mükafatına layiq görülüb.

Herman Hesse 1962-ci ildə İsveçrədə vəfat edib.

   

CAVANLIQ  GÖZƏL ŞEYDİR

(hekayə)

 Hətta Matteus əmi də mənimlə görüşəndə, özünəxas tərzdə sevindi. Cavan bir oğlan illərlə qəriblikdə qalır və günlərin bir günü  ədəb-ərkan sahibi kimi qayıdırsa, hətta çox ehtiyatlı davranan qohumların özü də onu təbəssümlə qarşılayır, sevinclə əlini sıxırlar.

İçində bütün var-yoxum olan balaca qəhvəyi çamadan hələ təzə idi, möhkəm kilidi vardı, qulpu da parıldayırdı.  Çamadanda iki təmiz pencək, kifayət qədər alt paltarı, bir cüt təptəzə çəkmə, kitablar, şəkillər, iki gözəl qəlyan və bir də balaca tapança vardı. Bundan əlavə skripkanı, içində xırda-xuruş şeylər olan  arxa çantasını da özümlə götürmüşdüm: iki şlyapa, əsa, çətir, yüngül palto, bir cüt rezin ayaqqabı... Hamısı da təzə, özümə yaraşan idi. Üstəlik də, qoltuq cibimə tikilmiş,  qənaət etdiyim iki yüz markdan çox pul  və bir də payızda mənə xaricdə yaxşı iş yeri təklif edilən məktub vardı.  Artıq boy-buxunlu cavan oğlan idim və indi uzun səyahətdən sonra bu “yaraq-yasaqla” nə vaxtsa utancaq ana uşağı kimi, tərk etdiyim vətənə  “cənab” kimi qayıdırdım.

Qatar yavaş-yavaş, qıvrıla-qıvrıla təpənin döşü ilə irəliləyir və irəlilədikcə də aşağıdakı şəhərin evləri, küçələri, bağları, çay aydın görünməyə başlayırdı. Tezliklə evlərin damını seçməyə, onların arasında tanış olanları axtarmağa başladım,  pəncərələri saydım, hacıleyləklərin yuvalarını tanıdım və  uşaqlıq, yeniyetməlik çağlarının min cür şirin xatirələri aşağıdan üzümə vuranda, keçirdiyim lovğalıq hissləri əriyib yox oldu, oradakı adamları mat qoymaq həvəsim itib-getdi, onların yerini minnətdarlıq dolu bir heyranlıq tutdu. İllərlə unutduğum vətən həsrəti bu son dəqiqələrdə məni təzədən öz qoynuna aldı, yaxşı tanıdığım naz kolları, bağ hasarları birdən-birə çox doğmalaşdı və belə uzun müddətə unutduğuma, bircə dəfə də yada salmadığıma görə onlardan üzr istədim.

Qatar bizim bağa yaxınlaşanda gördüm ki, köhnə evimizin ikinci mərtəbəsində kimsə pəncərənin önündə dayanıb böyük bir dəsmal yelləyir. Yəqin, atam idi... Anamla qulluqçu qız da eyvana çıxıb dəsmal yelləyirdilər və damın üstündəki bacadan qalxan seyrək mavi tüstü isti havaya qarışıb balaca şəhərin səmasına yayılırdı. Deməli, qəhvə hazırlanırdı... İndi bunların hamısı mənim idi, hamısı məni gözləyirdi, hamısı mənə “xoş gəldin!” deyirdi.

Vağzaldakı  saqqallı gözətçi həmişəki kimi ora-bura qaçır, camaatı yola çox yaxınlaşmağa qoymurdu.  Gördüm ki, bacımla kiçik qardaşım da onların arasındadır və gözləri ilə məni axtarırlar. Uşaqlıq çağlarından fəxrimiz olmuş qardaşım yükü daşımaq üçün özü ilə balaca bir əlarabası da gətirmişdi.  Çamadanı da, çantanı da onun içinə qoyduq. Arabanı qardaşım sürür, bacımla mən də arxasınca gedirdik. Bacım saçlarımın belə qısa vurulmasına təəssüflənsə də, bığım da, təzə çamadanım da çox xoşuna gəldi. Bir-birimizin gözlərinin içinə baxır, gülüşür, gah da əl-ələ tutur, arabanı çəkə-çəkə tez-tez çevrilib bizə baxan Fritsə başımızı tərpədirdik.Boyda mənə çatmış, qədd-qamətli bir oğlan olmuşdu. İndi qarşımda irəlilədikcə uşaq vaxtı mübahisə edərkən onu necə döydüyümü xatırladım, məsum  sifəti, incik, kədərli baxışları gözlərim önündə yenidən canlandı və o vaxtlar hirsim soyuyandan sonra necə peşman olurdumsa, indi də eyni peşmançılıq hissi keçirdim.  Qardaşım artıq böyümüşdü, çənəsində sarımtıl narın tüklər çıxmışdı.

Gilas və quşarmudu ağacları ilə əhatə olunmuş  xiyabanla getdik, əsas yolun, eləcə də təzə tikilmiş ticarət mərkəzinin,  köhnədən qalan və hələ də dəyişməyən evlərin yanından keçdik, sonra körpüyə dönən yol gəldi, pəncərələri həmişə açıq olan ata evim göründü, tutuquşunun fit səsini eşitdim, xatirələr baş qaldırdı, sevincdən ürəyim atlandı.  Kölgəli sərin həyətdə daş döşənmiş cığırla irəliləyib, pillələri qaça-qaça çıxdım. Atam qabağıma gəldi. Məni öpdü, gülümsəyə-gülümsəyə kürəyimə vurdu, sonra da əlimdən tutub kirmişcə  evin qapısına tərəf apardı.  Anam orda məni gözləyirdi və çatan kimi qucaqladı.

Sonra qulluqçu Kristine qaça-qaça gəldi, əl verdi və qəhvə içmək üçün hazırlanmış otaqda Polli adlı tutuquşunu salamladım. Məni o dəqiqə tanıdı, qəfəsdən çıxıb əlimin üstünə qondu, gözəl qəhvəyi başını aşağı əydi ki, onu tumarlayım. Otağın divarlarına təzə kağız çəkilmiş olsa da, baba-nənəmin divardan asılmış şəkillərindən, şüşəli dolabdan tutmuş bənövşəyi rəngli qədimi saata qədər hər şey olduğu kimi qalmışdı. Qəhvə fincanları stolun üstünə düzülmüşdü və mənimkinin içinə balaca bir əsnərək dəstəsi qoyulmuşdu. Onu götürüb yaxama sancdım.

Anam qarşımda oturub, elə hey üzümə baxır, qabağıma südlü peçenye  qoyur, həm də deyirdi ki, danışanda yemək yadımdan çıxmasın, ancaq özü elə suallar yağdırırdı ki, cavab verməmək olmurdu. Atam sakitcə bizə qulaq asır, dən düşmüş saqqalını tumarlayır, eynəyinin şüşələrindən məni mehribanlıqla, sınayıcı nəzərlərlə süzürdü. Çox da təvazökarlıq etmədən gördüklərimdən, elədiklərimdən, uğurlarımdan danışarkən hiss etdim ki, bütün qazandıqlarıma görə bu iki nəfərə borcluyam.

Gəlişimin ilk günündə yalnız köhnə ata evində qalmaq istəyirdim, başqa işlər üçün sabah vardı, sonrakı günlər vardı. Qəhvə içəndən sonra bütün otaqlara, mətbəxə, dəhlizlərə, zirzəmilərə baxdım və gördüm ki, hər şey, demək olar, qoyub getdiyim kimi qalıb. Rast gəldiyim bir neçə yenilik isə artıq evdəkilər üçün köhnəlmişdi, onlara təbii görünürdü və mənim vaxtımda da belə olub-olmaması haqqında mübahisə edirdilər.

Günorta günəşinin şüaları dağın ətəyindəki yamacda həmişəyaşıl kollarla hasarlanmış balaca bağdakı tərtəmiz cığırların, novların, yarıyacan dolu olan su çəlləyinin, min rəngə çalan ləklərin üzərində bərq vurur, hər şey sanki gülürdü. Eyvandakı rahat stullara oturduq. Tütün kollarının enli, nazik yarpaqları arasından süzülən ilıq günəş şüaları yaşıl rəngə çalırdı, bir neçə arı vızıldayırdı, tez-tez də uçub qayıdırdılar, deyəsən, yolu tapa bilmirdilər.  Atam papağını çıxarıb mənim gəlişim münasibətilə dua oxuyanda, əllərimizi qaldıraraq sakitcə qulaq asdıq və adət etmədiyim belə təntənədən sıxılsam da, bu qədim müqəddəs sözləri sevinclə dinlədim, minnətdarlıq hissi ilə “amin” dedim.

Sonra atam iş otağına keçdi, bacımla  qardaşım da çıxıb getdilər, hər tərəfə sakitlik çökdü və mən anamla tək qaldım. Elə bir an gəlib çatmışdı ki, onu çox arzulamış, həm də qorxmuşdum. Mənim qayıtmağım hamıya nə qədər xoş gəlsə də, hamını sevindirsə də, həyatım son illərdə  bir az səliqəsiz, müəmmalı olmuşdu.

Anam o gözəl mehriban gözləri ilə məni süzür, üzümdən nəyisə oxumağa çalışır və bəlkə də, nə deyəcəyini, nəyi soruşacağını dəqiqləşdirirdi. Sakitcə dayanıb barmaqlarımla oynayır, məni gözləyən imtahan barədə düşünürdüm:  bütövlükdə götürəndə, o qədər də uğursuz olmayacaqdı, ancaq bəzi məsələlərdə utanc gətirən qiymət alacaqdım. O, bir xeyli gözlərimin içinə baxdı, sonra əlimi balaca zərif əllərinin arasına aldı.

– Heç olmasa, hərdən dua edirdin? – yavaşdan soruşdu.

– Son vaxtlar heç eləmirdim... – deyəndə, anam fikirli-fikirli üzümə baxdı.

– Təzədən öyrənərsən... – dedi.

– Bəlkə də, – dedim.

O, bir anlığa susdu və axırda soruşdu:

 – Sən əsl kişi olmaq istəyirsən, elə deyilmi?

Ona “hə” cavabı verə bilərdim, ancaq anam xoşagəlməz suallar vermək əvəzinə əlimi sığalladı və başını elə tərpətdi ki, sanki demək istədi: “Günahlarını etiraf etməsən də, sənə inanıram”. Sonra paltarlarım barədə soruşdu, çünki son iki ildə bu məsələ ilə özüm məşğul olmuşdum, yumağa, yamamağa heç nə göndərməmişdim.

 – Yaxşı, sabah bir yerdə hamısına baxarıq, – dedi və bununla da hesabat qurtardı, imtahan sona çatdı.

Bacım gəlib məni evə apardı. “Gözəl otaq”da pianonun arxasına keçdim, köhnə notları çıxardım. Çoxdan onları çalmasam da, oxumasam da, unutmamışdım. Axşam yeməyinin vaxtı çatana kimi Şubertin, Şumanın mahnılarını səsləndirdik, sonra  Zilxeri götürdük, alman və əcnəbi xalq mahnılarını oxuduq. Bacım stol açana qədər tutuquşu ilə söhbət etdim. Adı qadın adı – Polli olsa da, özü erkək idi. Bəzi sözlər deyir, dediklərimizi yamsılayır, gülür və hərəmizə bir çür mehribanlıq göstərirdi. Ən yaxın dostu atam idi, o nə istəsə edə bilərdi. Sonra qardaşım, ondan sonra da anam gəlirdi. Onlardan sonra mən idim. Lap axırda isə bacım gəlirdi, çünki onunla nədənsə arası yoxdu.

Polli evimizdə saxlanan yeganə heyvan idi və iyirmi il idi ki, ona uşağımız kimi baxırdıq. Söhbəti, gülüşü, musiqini çox xoşlayırdı, ancaq gərək heç biri yaxında olmayaydı. Tək qalanda və  qonşu otaqda kimsə nəsə danışanda, çox diqqətlə qulaq asır, eşitdiklərini təkrar edir, özünəməxsus sadədil bir istehza ilə gülürdü. Bəzən heç kim ona fikir verməyəndə, tək-tənha qəfəsində oturanda, sakitlik olanda, günəşin isti şüaları evə dolanda, asta, xoş bir avazla həyatı, Tanrını tərənnüm edir və onda səsi ney səsinə oxşayır, elə təntənəli, elə səmimi səslənir ki, sanki başı oynamağa qarışmış uşaq özündən xəbərsiz oxumağa başlayıb...

Axşam yeməyindən sonra yarım saat bağçanı sulamaqla məşğul oldum, islandım, üst-başım batdı və elə bu vəziyyətdə evə qayıdanda, dəhlizdən, deyəsən, tanış bir qız səsi eşitdim. Tez əlimi silib içəri girdim və başına iri həsir şlyapa qoymuş, bənövşəyi paltarda ucaboy, qəşəng bir qızı gördüm. O, ayağa durub əlini mənə uzadanda tanıdım: bacımın rəfiqəsi Helene Kurts idi. Bir vaxtlar ona vurulmuşdum...

 – Məni tanıya bildiniz? – şən bir ovqatla soruşdum.

 – Lotte gələcəyinizi demişdi... – qız mehribanlıqla cavab verdi.

Sadəcə, “bəli” desəydi, mənə daha xoş gələrdi. Boyu uzanmış, gözəlləşmişdi və nə deyəcəyimi bilmədim, pəncərənin qabağındakı güllərə tərəf getdim, o isə anamla, Lotte ilə söhbətinə davam etdi.

 Gözlərim küçəyə zilləndi, barmaqlarım ətirşahın yarpaqları ilə oynamağa başladı, ancaq fikrim başqa yerlərdə idi. Gözlərim önündə soyuq, mavi bir qış axşamı canlanmışdı, qızılağac kollarının arası ilə donmuş çayın üzərində xizək sürürdüm, gözüm uzaqdakı balaca dəstənin arasındakı qızı axtarırdı... Özü yaxşı xizək sürə bilmədiyi üçün, rəfiqəsi ona kömək edirdi...

 

İndi səsi həmin səs deyildi, çox dəyişmişdi, mənə tanış gəldiyi qədər də yad idi, gənc bir xanım olmuşdu. Mənə elə gəldi ki, onunla həmyaşıd deyiləm, hələ də on beş yaşında oğlan kimi qalmışam. Çıxıb gedəndə əl verdim,  yaxşı çıxmasa da, kinayəli tərzdə yüngülcə təzim etdim.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR