KORİFEYLƏR - Toni Morrison

Tərcümə: İlqar Əlfi

 

1931-ci il fevralın 18-də Ohayo ştatının Loreyn şəhərciyində fəhlə ailə­sində dünyaya gəlib. Uşaq yaşlarından mütaliəyə böyük maraq göstərib. Özünün yazdığına görə, ən sevimli yazıçıları Ceyn Ostin və Lev Tolstoydur.

Morrison müsahibələrindən birində deyir ki, onda yazıçılığa həvəs oyadan çox söhbətcil atasının uzun qış gecələrində danışdığı maraqlı əhvalatlar olub. Həmin əhvalatların qəhrəmanları Amerikanın qaradərili sakinləri idi. Bu mənada onun qəhrə­manlarının zəncilər olması da təsadüfi deyil. Harvard Universitetində bakalavr, Kornell Universitetində magistr dərəcəsi alan Toni Morrisonun elmi işinin mövzusu Folkner və Virciniya Vulfun əsərlərində intihar mövzusu olub.

Yazıçının ilk əsəri 1970-ci ildə yazdığı “Ən mavi gözlər” romanıdır. Onun “Sevgili” romanı 1987-ci ildə Pulitser mükafatı alıb. T.Morrison 1993-cü ildə Nobel mükafatına layiq görülüb.

Oxucularımıza təqdim etdiyimiz “Evə qayıdış” romanı Toni Morrisonun son əsərlərindəndir.

                     

 EVƏ QAYIDIŞ

 (Roman)

 Sleydə

 

Bu kimin evidir?

Nə yaman zülmətdi belə,

Qoymaz işıq düşsün Evə.

Söylə, kimdir sahibi?

Mən deyiləm.

Mənim yuxuma başqası girirdi.

Daha işıqlı, daha rahat,

Rəngbərəng qayıqlarla

Bəzənmiş gölə baxsın,

Qucaqlayan qollar kimi açılan

Zəmilərə baxsın pəncərəsi.

Bu ev mənə yaddır.

Onun kölgələri yalan söyləyir.

Bəs onda nədən açarı düşür

Bizim qıfıla?

 1

 

Adam kimi iki ayaqları üstə qalxmışdılar. Onları görürdük. Adamtək dayanmışdılar.

Ora yaxınlaşa bilməzdik. Lotusun bütün tarlaları, plantasiyaları kimi, orda da addımbaşı vahiməli xəbərdarlıq lövhələri görünürdü. Lövhələr araları on-onbeş metr olan ağac dirəklərə vurulmuş tor çəpərlərdən asılmışdı. Amma biz naməlum heyvanın – canavar, ya it idi – qazdığı lağımı görüb özümüzü saxlaya bilmədik. Ot bacımın çiynindən, mənim qurşağımdan idi, ilanlardan qorxsaq da, sürünməyə başladıq. Otun yaşılına bulaşırdıq, mığmığalar gözümüzə doluşurdu, lakin mükafat bütün bu əzablara dəyərdi: düz qarşımızda, cəmi on beş metrliyimizdə lap adam kimi dayanmışdılar. Ürkək gözləri vardı, dırnaqlarını yerə döyür, başlarını silkələyib yallarını oynadırdılar. Bir-birini it kimi dişləyir, şahə qalxıb qabaq ayaqlarıyla bir-birinin boynunu qucaqlayırdılar. Gördüyümüz bu mənzərədən az qalırdı nəfəsimiz kəsilsin. Biri qonur, digəri qara idi, hər ikisi tərdən parıldayırdı. Tükürpərdən kişnərtiləri, təpik atıb rəqibinin qıcanmış dişlərinə endirdikləri zərbədən sonra, ortaya çökən sükut qədər bizi qorxutmurdu. Yaxınlıqda isə madyanla dayçası otlaya-otlaya, biganə baxışlarla başqa səmtə baxırdılar. Sonra hər şey bitdi. Qonur at başını aşağı salıb dırnağıyla yeri eşməyə başladı, qalib ayğır isə madyanları burnu ilə dümsükləyə-dümsükləyə geniş çevrə cızdı.

Biz isə yol qırağında cərgə ilə dayanmış pikaplardan gizlənməyə çalışa-çalışa otun içiylə geriyə, lağıma tərəf sürünüb aşdıq. Çəpər qurtarmaq bilmirdi, amma sakit, hökmlü səsləri eşidənəcən qorxmadıq. Bacımın əlindən tutub barmağımı dodağıma toxundurdum. Başımızı qaldırmadan, elə otların arasından baxıb maşından insan bədənini yerdə qazılan çalaya necə atdıqlarını gördük. Çaladan çıxan ayağı titrəyirdi. Elə bil indicə ayağını bayıra çıxaracaq, bellə üstünə tökülən torpağın içindən asanca qalxacaqdı. Basdıranların üzlərini yox, yalnız şalvarlarını görürdük; amma çölə çıxan ayağı xəndəyə bellə necə itələdikləri də gözümüzdən qaçmadı. Çəhrayı dabanlı, kirli, qara ayağı bellə vurub içəri necə saldıqlarını görəndə bacımın bütün vücudu əsdi. Ona ürək-dirək vermək üçün titrəyən çiyinlərini bərk-bərk qucaqladım – bacımdan dörd yaş böyük idim. Adamlar çoxdan getmişdilər, yemişə oxşayan Ay da çıxmışdı. Biz yalnız bu vaxt otları tərpətməkdən qorxmayıb sürünməyə, çəpərin altındakı lağımı axtarmağa başladıq. Elə bilirdik, gec qayıtdığımıza görə evdə danlanacaq, döyüləcəyik, amma böyüklər bizə əhəmiyyət də vermədilər. Nəsə yaman qayğılı, fikirli idilər – deyəsən, nədənsə öz narahatlıqları vardı.

Əgər mənim tarixçəmi yazmağa girişmisənsə, nə düşünsən, nə yazsan da, bir şeyi bilirəm: həmin o dəfni tamam unutmuşam. Yadımda təkcə atlar qalıb. Elə gözəl idilər ki... Heyvan olasan, adam kimi iki ayağının üstündə durasan...  

2

Nəfəs almalısan. Nəfəsi necə alasan ki, yatmadığından kimsə duyuq düşməsin. Aramla, astadan, alt dodağını sallayıb xoruldamalısan. Başlıcası, göz qapaqların titrəməməli, ürəyin sakit vurmalı, qolların gərgin olmamalıdır. Gecə saat ikidə, daha bir yuxu iynəsinə ehtiyac olub-olmadığını yoxlamağa gələndə görəcəklər ki, ikinci mərtəbənin 17-ci palatasındakı xəstə vurduqları morfidən daş kimi yatıb. Buna əmin olanda növbəti iynəni vurmazlar, qollarımdakı kəndiri boşalda bilərlər ki, qan dövranım bərpa olunsun. Ölü kimi yatdığını göstərmək, yaxud döyüş meydanında üzü üstə düşüb ölmüş görünmək üçün başqa bir şey haqda düşünməlisən. Buz, buz parçaları, sırsıra, donmuş göl, qış mənzərəsi barədə... Yox, qar basmış yamacların mənzərəsindən adam duyğulanar. Onda alov haqda. Yox-yox. O da həyəcan oyadandı. Elə bir şey lazımdır ki, içində xatirə-filan ­­­­–­ nə xoş, nə utandırıcı – oyatmasın. Yadına sala bildiyi nə vardısa, içində ağrılı əks-səda verirdi. Təsəvvüründə ağ vərəq canlandırdı – elə həmin an yadına boğazında qəhər kimi yumrulanan məktub düşdü: “Tez özünü yetir. Əgər geciksən, öləcək...” Axırda gözlərini palatanın küncündəki stula zillədi. Ağac stul. Laklı, yaxud eləcə boyalı. Söykənəcəyində necə taxta var? Oturacağı hamardır, yoxsa oturanın dalına uyğun çökəkdir? Əl işi, yoxsa fabrik malıdır? Dülgəri kim imiş, materialı hardan alıbmış? Əşşi, xeyri yoxdur. Stul da adamda darıxdırıcı biganəlik yox, suallar oyadır. Bəlkə, tutqun bir gündə gəmi göyərtəsindən tamaşa etdiyin okean daha yaxşıdır? Necə olsun? Üfüqləri görünməsin, görünəcəyinə ümid belə olmasın? Yox. Olmaz, çünki soyuq gəmi anbarındakı cəsədlərin arasında onun da həmyerliləri ola bilər. Diqqət cəmləməyə nəsə, başqa bir şey lazımdır – ulduzsuz, zülmət səma, ya da, ən yaxşısı, dəmir yolu. Nə təbiət, nə qatar, yalnız göz işlədikcə uzanıb-gedən relslər...

Köynəyini, çəkmələrini bağlarıyla bir yerdə əlindən alıblar, şalvarı, hərbçi gödəkcəsi (bunlar intihar üçün yararlı deyildi) isə şkafdan asılıb. Dəhlizlə çıxıb giriş qapısına çatmalı idi – bu mərtəbədə yanğın olandan, tibb bacısı ilə bir yerdə iki xəstə öləndən sonra onu qıfıllamırdılar. Bunu çərənçi sanitar Kreyn, xəstələrin qoltuğunun altını yuyanda, daim saqqız çeynəyən sanitar danışmışdı. Amma yəqin, bu da bir bəhanə idi, çünki işçilər orada siqaret çəkirdilər, buna görə bağlamırdılar. Qaçış üçün ilk planı Kreyn palataya gələndə başına vurub onu huşsuz halda yerə yıxmaq idi. Bunun üçün qolundakı qandalları boşaltmaq lazım gələcəkdi. Bu, çox riskli olduğundan, tamam başqa yol seçmək məcburiyyətində qaldı.

İki gün əvvəl, polis maşınının arxa oturacağında bura qolubağlı gətiriləndə elə hey o yana, bu yana boylanırdı ki, hara aparıldığını anlasın. Buralarda heç olmamışdı. Əsasən, Sentral-Sitidə gəzib-dolaşırdı. Yeməkxananın qapısındakı neon işıqlardan, bir də qaradərililərin Siondakı balaca metodist kilsəsinin həyəti qabağındakı yekə lövhədən başqa, o yerlərin heç bir xüsusi əlaməti yoxdu. Əgər yanğın çıxışından sivişə bilsəydi, elə birbaş ora – Siona gedəcəkdi. Amma qaçmazdan əvvəl haradansa çəkmə tapmalı idi. Qışda küçə ilə ayaqyalın getsə, mütləq tutulacaqdı, xəstəxanaya qaytaracaq, sonra da səfil dilənçi kimi içəri basacaqdılar.

Maraqlı qanundur: əgər küçədə veyillənirsənsə, ya da elə boş-bekar dayanmısansa, deməli, səfilsən. Əlində kitab olsa, karına gələrdi, lakin ayaqyalınsansa, deməli, səfilsən; elə-belə durmusansa, “şübhəli davranışda” ittiham edə bilərlər.

O, çoxlarından yaxşı bilirdi ki, haqlı-haqsız cəza vermək üçün küçədə olmağın vacib deyil. Evdə – illər uzunu yaşadığın evdə də ola bilərsən. Günlərin birində toqqalı-toqqasız, amma mütləq əlisilahlı adamlar gəlib səni məcbur edə bilərlər ki, olan-qalanını yığışdırıb, çəkməli-çəkməsiz onlarla gedəsən. İyirmi il qabaq, hələ dörd yaşı olanda bir cüt ayaqqabısı vardı, düzdür, bir tayının dabanı laxlayır, hər addımda yerə dəyib taqqıldayırdı. Onda on beş evin sakinlərinə iyirmi dörd saata şəhər ətrafındakı qəsəbələrindən çıxmaq əmri vermişdilər. Əks- təqdirdə... “Əks-təqdir” isə artıq ölüm demək idi. Xəbərdarlıq səhər tezdən edilmişdi, gün də çaşqınlıq, qəzəb, yır-yığış içində keçmişdi. Axşam çoxları kimi maşınla, maşını olmayanlar da pay-piyada çıxıb getmişdi – gödəkcəli-gödəkcəsiz adamların təhdidlərinə, qonşuların dilə tutmasına baxmayaraq, qoca Krouford eyvanının pillələrində oturub, getməkdən imtina etmişdi. Dirsəklərini dizlərinə söykəyib, barmaqlarını daraqlayıb, tənbəki çeynəyə-çeynəyə bütün gecəni gözləmişdi. İyirmi dörd saatdan sonra, dan yeri söküləndə, onu dəmir dəyənəklərlə, tüfəng qundağıyla ölənəcən döymüş, sonra da cəsədini bu ətrafdakı ən qoca, elə öz qapısında bitən maqnoliya ağacına bağlamışdılar. Bəlkə də, kişi bu ağaca məhəbbətinə görə inad göstərmişdi. Hərdən ağacı hələ ulu nənəsinin əkdiyi ilə qürrələnirdi. Gecə qaçıb canlarını qurtaran qonşuları qayıdıb onu ağacdan açmış, sevimli maqnoliyasının altında torpağa tapşırmışdılar. Qəbirqazanlardan biri onu dinləməyə həvəs göstərənlərə qoca Kroufordun gözlərinin də çıxarıldığını danışmışdı...

Qaçış üçün çəkmə lazım idi, xəstə isə çəkməsiz qalmışdı. Dan yeri sökülməmiş, səhər saat dörddə möhkəm parçadan olan qandalını boşaldıb açmağa müvəffəq oldu, xəstəxana pijamasını soyundu. Hərbçi şalvarını, gödəkcəsini geyib, elə ayaqyalın dəhlizlə addımladı. Yanğın çıxışının lap yanındakı palatadan gələn ağlaşma səsini nəzərə almasa, tam sakitlik idi – nə sanitar çəkmələrinin taqqıltısı, nə boğuq gülüş səsləri eşidilirdi. Qapını açanda rəzələr cırıldadı, çölün soyuğu üstünə ağır gürz kimi endi.

Yanğın pilləkəninin buz kimi dəmiri ayaqlarını elə dondurdu ki, nisbətən isti olan qarın üstündə dayanmaq üçün cəld sürahidən aşdı. Həm özünün, həm də görünməyən ulduzların əvəzinə əlləşən Ayın parlaq işığı elə bil onun hiddətindən həvəslənmişdi, sallaq çiyinlərini, yalın ayaqlarının qar üzərində buraxdığı izləri işıqlandırırdı. Cibində təkcə piyada qoşunların nişanı vardı. Xırda pulu da yox idi. Odur ki, telefon köşkü tapıb Liliyə zəng etməyi ağlına da gətirmədi. Amma onsuz da, zəng etməyəcəkdi: son dəfə çox soyuq ayrıldıqlarına görə yox, ona bu vəziyyətdə, dəlixanadan ayaqyalın qaçmış xəstə kimi müraciət etməyə utanardı... Gödəkcəsinin qaldırdığı yaxalığından bərk-bərk yapışıb, təmiz səki ilə deyil, qar basmış küçəylə keşişin evinəcən olan beş-altı məhəlləni xəstəxanadakı narkotikin olan-qalan təsiri altında sürətlə keçdi. İkimərtəbəli, taxta üzlüklü bina idi, eyvana qalxan pillələri tərtəmiz süpürülmüşdü, amma pəncərələrindən işıq gəlmirdi. Qapını döydü, əlləri tamam donduğuna görə ona elə gəldi, çox bərkdən döyür. Amma taqqıltıda təhdid yox idi – quldur, yaxud polis qapıları belə döymür. İnadkarlığı bəhrəsini verdi: içəridə işığı yandırdılar, qapı aralandı, sonra tam açıldı, qapının ağzında flanel xalatlı çalsaç kişi göründü, o, bir əliylə eynəyini burnunun üstündə saxlayıb, çağırılmamış gecə qonağına narazı-narazı baxırdı.

İstədi ki, “salam”, ya “bağışlayın” desin, amma dişləri bir-birinə dəyib şaqqıldayır, səsini çıxara bilmirdi. Qapı ağzında dayanmış adam titrəyən qonağını altdan-yuxarı süzdü, çəkilib yol verdi, əlinin hərəkətilə içəri dəvət edib əvvəlcə pilləkənə sarı səsləndi:

– Cin! Cin!.. Aman Tanrım, – qapını örtə-örtə mızıldadı, – nə gündəsən...

O, gülümsəməyə çalışdı, amma bacarmadı.

– Adım Con Lokkdur. Keşişəm. Bəs sən kimsən?

– Frenkəm, ser. Frenk Mani.

– Hardan belə? Xəstəxanadan gəlirsən?

Frenk ayaqlarını yerə döyüb əl barmaqlarını ovuşdura-ovuşdura başını tərpətdi.

Lokk nıqqıldadı.

– Əyləş, – deyib, başını buladı. – Bəxtin gətirib, mister Mani. Xəstəxanadan yaman çox meyit satırlar!

– Meyit? – Frenk ev sahibinin sözlərinin fərqinə varmadan divana çökdü.

– Hə də... Tibb fakültəsinə.

– Ölmüş adamların meyitlərini satırlar? Niyə?

– Bilirsən, həkimlər ölmüş yoxsulların meyiti üzərində işləməlidirlər ki, hələ sağ olan varlılara kömək edə bilsinlər.

– Bəsdir, Con. – Cin Lokk xalatının kəmərini bağlaya-bağlaya pillələri enirdi. – Bunlar boş-boş şeylərdi.

Arvadımdır, – Lokk dedi. – Yaxşı qadındır, amma çox vaxt haqlı olmur.

– Salam. Bağışlayın ki, belə... – Frenk ayağa qalxdı, hələ də titrəyirdi.

Qadın onun sözünü kəsdi:

– Heç nə olmaz. Əyləş, xahiş edirəm, – deyib mətbəxə keçdi.

Oğlan təzədən oturdu. Burda külək əsmirdi, amma evin özü küçədən o qədər də isti deyildi, divanın üstünə tarım çəkilmiş polietilen örtük isə qızınmağa imkan vermirdi.

– Bağışla ki, evimiz belə soyuqdur. – Frenkin dodaqlarının əsdiyi Lokkun gözündən qaçmadı. – Biz qara yox, yağışlara öyrəncəliyik. Bəs sən haralardansan?

– Sentral-Sitidən.

Lokk nıqqıldadı, guya oğlanın bu cavabı hər şeyi izah edirdi.

– Ora gedirsən?

– Yox, ser. Cənuba gedirəm.

– Bəs həbsxana əvəzinə xəstəxanaya necə gedib çıxmısan? Ayağı yalınlar, lütlər çox vaxt həbsxanaya düşürlər.

– Yəqin, qana görə. Üzümdən qan axırdı.

– Nə qan idi, niyə axırdı?

– Bilmirəm.

– Yadında deyil?

– Yox. Yalnız səs yadımdadı. Çox bərkdən gəlirdi. – Frenk alnını ovuşdurdu. – Bəlkə, dava-dalaş olmuşdu? – Bu sözləri sual kimi səsləndi, sanki keşiş onu niyə iki gün iynələyə-iynələyə, əli-qolu bağlı saxladıqlarını bilməli idi.

Keşiş onu narahat baxışlarla süzdü. Qorxmamışdı, narahat idi.

– Yəqin, səni təhlükəli sayıblar. Adi xəstə olsaydın, heç vaxt ora salmazdılar. Hara gedirdin axı, qardaşım? – O, bayaqkı kimi, əlləri arxasında dayanmışdı.

– Corciyaya gedirəm, ser. Gedib çata bilsəm...

– Hə... Yaxın deyil. Bəs mister Maninin pulu var? – Lokk öz zarafatına güldü.

– Məni aparanda vardı, – Frenk cavab verdi.

İndi şalvarının cibində yalnız medalı qalmışdı. Lilinin nə qədər pul verdiyini də heç cür xatırlaya bilmirdi. Yadında qalan yalnız onun büzülmüş dodaqları, bağışlamaq fikrində olmadığı aşkar oxunan gözləri idi.

– İndi isə pulun yoxdur, hə? – Lokk gözlərini qıydı. – Səni polis axtarır?

– Yox. Yox, ser. Onlar məni sadəcə tutub dəlixanaya gətirdilər. – O, əllərini ağzına aparıb nəfəsi ilə isitməyə çalışdı. – İnanmıram ki, nədəsə ittiham edələr.

– İttiham etsələr belə, sən bilməyəcəkdin.

Cin Lokk bir ləyən soyuq su ilə qayıtdı.

– Oğlum, ayaqlarını suya sal. Soyuqdur, amma onsuz da, ayağını tez qızdırmalısan.

Frenk dərindən nəfəs alıb ayaqlarını suya saldı.

– Çox sağ olun.

– Polis onu niyə tutubmuş?

          Cin bu sualı ərinə verdi. Kişi çiyinlərini çəkdi.

Doğrudan, axı nəyə görə tutmuşdular? B-29 bombardmançı təyyarənin nəriltisi yadındaydı. Sonra polisə xoş görünməyəcək başına gələn məqam yaddaşından tamam silinmişdi. Bunu nəinki onu evlərinə buraxan bu mehriban insanlara, heç özünə də izah eləyə bilməzdi. Dalaşmışdı? Səkini murdarlamışdı? Bəlkə, yoldan keçənləri, ya məktəbliləri söymüşdü? Başını divara çırpmışdı, yoxsa başqasının həyətində gizlənmişdi?

– Yəqin, nəsə eləmişəm, – dilləndi. – Nəsə, elə bir şey ki...

Heç nə yadında deyildi. Mühərrikdən çıxan hava axınından yerə yıxılmışdı. Tanımadığı adamlarla dalaşmışdı, ya törətmədiyi günaha görə ağacların qarşısında dizi üstə düşüb ağlaya-ağlaya üzr istəmişdi? Yalnız onu xatırlayırdı ki, Lili qapını üzünə çırpmış, səfərinin mühümlüyünə baxmayaraq, həyəcanı lap dözülməz həddə çatmışdı. Uzun yol ərəfəsində özünə gəlsin deyə bir az içmişdi. Bardan çıxanda həyəcanı da, beynindəki aydınlıq da buxarlanmışdı. Əvəzində içinə səbəbsiz qəzəb, özünə qarşı nifrət dolmuşdu. O nifrətin səbəbkarı başqa bir adam idi. Bir də ki, Fort-Loutondakı, tərxis olunandan dərhal sonra başlanan səfil həyatı ilə bağlı xatirələri oyanmışdı. Sahilə çıxan kimi evlərinə teleqram vurmaq istəyirdi – Lotusda heç kəsin telefonu yox idi. Amma telefonçularla bir yerdə teleqrafçılar da tətil edirdilər. İkisentlik açıqcada bunları yazdı: “Sağ-salamat qayıtmışam. Tezliklə görüşərik”. “Tezliklə” qismət olmadı, çünki qəsəbələrinə yerliləri yanında olmadan qayıtmaq istəmirdi. Maykın, ya da Staffın ata-anasının gözünə sapsağ necə görünəcəkdi? Dostlarının qəhrəmancasına həlak olduqlarından nə qədər goplasa da, onlar daxili qəzəblərini, etirazlarını gizləyə bilməyəcək, düz də edəcəkdilər. Bundan başqa, Lotusa da nifrət eləyirdi. Qəsəbənin kobud sakinlərinə, qapalı mühitinə, xüsusilə də gələcəyə biganəliyinə o vaxt dözə bilərdi ki, heç olmasa, dostları yanında olsun.


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR