TEATR - Mixail Çexov

Tərcümə: Fərhad Abdullayev

 

         1891-ci ilin 29 avqustunda Sankt-Peterburqda anadan olub. Rusiyada və ABŞ-da aktyor, rejissor və teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. 

         1912-ci ildən K.S.Stanislavskinin dəvəti ilə Moskva Bədaye Teatrında çalışmağa başlayıb. Səhnədə Xlestakov (“Müfəttiş”), kral Erik (“XIV Erik”) və digər yaddaqalan obrazlar yaradıb.

         Oktyabr inqilabından sonra, 1928-ci ildə Rusiyanı tərk edərək Almaniya, Çexiya və Fransada mühacir həyatı yaşayıb. 1939-cu ildə ABŞ-a köçüb, burada teatr tamaşaları və filmlərdə çıxış etməklə yanaşı, aktyorluq məktəbi yaradıb. “Aktyor texnikası barədə”, “Aktyorun yolu”, “Xatirələr” və digər əsərlərin müəllifidir.

          1955-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində vəfat edib.

 

 

PEŞƏKAR AKTYORLUQ DƏRSLƏRİ

(əvvəli ötən sayda)

 

 

Altıncı dərs

Yaradıcılıq prosesi:

İlham – metodlardan biri kimi

(24 noyabr 1941-ci il)

 

          Bu gün insan ürəyinin fiziki imkanlarını araşdıran alimlər hələ də müəmmalı suala cavab tapa bilmirlər: aramsız çalışan kiçik bir nasos – ürək  böyük miqdarda qanı orqanizmin bütün nöqtələrinə necə çatdırır? Mexaniki cəhətdən ölçülərinə görə çox kiçik, lakin güclü nasosu təsəvvürdə canlandırmaq olduqca çətindir. Çünki bu işin öhdəsindən gələ bilən qurğu – ürək ya iri ölçülərə və fövqəladə gücə malik olmalı, ya da möhkəm materialdan düzəldilməlidir ki, təzyiqə davam gətirsin. Amma bir məsələ var: damarlardakı qan daim axır və ürək yalnız bu hərəkəti tənzimləyir, əslində, ürəyi hərəkətə gətirən də elə qan dövranıdır. Fizioloqlarla elmi mübahisəyə girişmək istəmirəm, amma bütün bu sirli proses həqiqətən böyük maraq doğurur.

 

Yaradıcılıq prosesi və ilham

 

          Yaradıcılıq prosesi və ilham da qan dövranına, ürək fəaliyyətinə bənzəyir. Əvvəllər belə hesab olunurdu ki, yaradıcılıq prosesi və ilham öz-özünə gəlir, amma indi bu fikir təkzib edilir. Bu gün aktyor öz orqanizmini fiziki və mental cəhətdən ilham prosesinə uyğunlaşdırmalıdır, ona görə də hər aktyorun teatr metoduna böyük ehtiyacı var. Əvvəllər istedadlı aktyora metodu öyrənməyi məsləhət görəndə imtina edib bildirirdi ki, ilham pərisi sayəsində oynayır. Amma müasir dövrdə yalnız köhnə inancın ətəyindən yapışıb səhnəyə çıxmaq mümkün deyil. İlham pərisinin səbəbsiz, yəni öz-özünə gəldiyini söyləmək də düzgün deyil. Bu halda, aktyorun “düşmən”lərindən biri şüurdur, ikinci “düşmən” isə oyun texnikası və teatr metoduna olan tələbatı başa düşməməsidir. Bu, ilk növbədə, aktyor oyununa sağalmaz yara vurur. Ona görə də əgər metodun nə olduğunu anlaya bilməsək, ondan vaz keçsək, əl-qolu bağlı adam vəziyyətinə düşəcəyik.

 

 

 

 

Sistem

 

          Bizim son və yeganə məqsədimiz yaradıcılıq prosesi və ilhamdır. Gəlin onları birləşdirib bir sahə kimi nəzərdən keçirək. Düşünün ki, bu sahə mərkəzdə yerləşir və biz onun ətrafında hərlənirik. Qarşımıza çox sayda qapı çıxır. İlham gələn anda biz bu qapılardan içəri boylanıb nəyə nail ola bilərik? Yalnız metoda, sistemə! 

          Mühit barədə danışanda qapılardan birini açıb baxmalıyıq ki, orda yaradıcılıq prosesi və ilham qığılcımı varmı? Digər qapını aralayırıq. Bəlkə, sərbəstlik hissi orda gizlənir? Digər qapını açsaq, ola bilsin, təsəvvürlə üzləşək. Bir sözlə, sistemin bütün sahələri bu qapılar arxasında qərarlaşıb. 

          Bəs bütün qapılardan bircə-bircə keçmək tələbatı necə yaranır? Aktyor bu tələbatı duymaq üçün hansı psixoloji vəziyyətə gəlib çatmalıdır? Bu, hamımızın məruz qaldığı ağrılı təcrübədir. Həmin tələbatı hər birimiz müəyyən səviyyədə içimizdə daşıyırıq. Aktyor, sənətkar və yaradıcı adam kimi bunu yaxşı başa düşürük. Duyuruq ki, qəlbimiz çin olmamış arzularla, sonunadək dərk etmədiyimiz düşüncələrlə, anlaşılmaz hislərlə doludur. Özü də bu hislər bizi çənginə alıb harasa aparır, ruhumuza dinclik vermir, sanki bir addım da atsaq, bütün arzuları reallaşdıra bilərik. 

           Daxilən sərbəst olsaq da, müasir dövr bizə yaşam üçün bəzi işarələr verir. Bu işarələr onu bildirir ki, biz tamam başqa həyat yaşaya bilərdik, bəlkə də, taleyimiz dəyişərdi, tam fərqli danışardıq, çevrəmizdə baş verənlərə başqa bucaq altında baxardıq. Gəlin özümüzü aldatmayaq və səhnə həyatını kənardan müşahidə etməyə, aktyor fəaliyyətimizə tam obyektiv qiymət verməyə çalışaq. Psixoloji cəhətdən iflic vəziyyətə düşmüşük – bu və ya digər personajı oynayanda bilərəkdən hərəkətlərimiz məhdudlaşır, səhnədə geniş əl-qol ata bilmirik. Kənardan özümüzə nəzər salsaq, uşaq oyuncağına, gəlinciyə bənzəyirik, əgər təbiət bizə altı hiss veribsə, səhnədə onlardan yalnız biri köməyimizə çatır. Halbuki qəlbimizdəki arzu və emosiyaların aşıb-daşdığı yaradıcılıq prosesindən bəhrələnib hərtərəfli və zəngin oyun nümayiş etdirməliyik. Səhnə sərbəstliyindən doğan oyun, bəlkə də, həm özümüzə, həm də tamaşaçıya kifayətdir. Çünki tamaşaçı da bizimlə oxşar vəziyyətdədir: onlar da bizim həyatımızı yaşayır, ömrümüzü eyni saatın əqrəbləri tənzimləyir, ancaq tamaşaçının təxəyyül və sərbəstlik imkanları bizdən fərqli olaraq məhduddur. Səhnəyə çıxanda kəşf edirik ki, oyunun hər anını qəlbləri riqqətə gətirən hislər, incə duyğular, sevgi və emosiyalarla zənginləşdirmək mümkündür. Gündəlik həyatda bizi əhatə edən bənzərsiz hisləri səhnəyə daşımaqla özümüzə və tamaşaçıya misilsiz xoşbəxtlik bəxş etmiş olarıq. 

            Biz isə...əksinə olaraq, sənət baxımından getdikcə cılızlaşır, kiçilirik. Nümunə kimi Hamlet, Ofeliya və Kardeliya obrazlarına müraciət edək. Bu xarakterlər bizim üçün bayaq söylədiyim açıq qapılar rolunu oynaya bilər. Bu qapılardan baxmaqla özümüzü, necə deyərlər, yenidən kəşf edirik. Amma bəzən bu qapılara arxa çevirir, nəticədə, sönük, mənasız oyun göstəririk. Qapılardan yan keçməklə sanki boşluğa düşürük, burda ilham, hətta ilhama doğru aparan yolun işartısı belə yoxdur. Deməli, səhnədə uğursuzluğa məhkumuq.

           Kimsə hiss edəndə ki, səhnədə özünü göstərə bilmir, zaman keçdikcə əzablara düçar olur, özünü psixoloji həbsxananın dustağı kimi hiss edir. Bu halda, həmin aktyorda bütün mümkün qapılardan boylanıb yaradıcılıq prosesinin incəliklərini tapmaq tələbatı yaranır. Beləliklə, sistem – yaradıcılıq prosesi barədə çox sayda fikirlərin toplusudur. Bu sistemə tələbat ona görə yaranır ki, həyatla uzlaşmayan ağrılı təcrübə səhnə üçün kifayət etmir, əksinə, kiçilir və ixtisara düşür. 

 

Ətrafdakı hadisələr və daxili həyat

 

          Yaradıcılıq prosesinin dörd mərhələsi barədə danışıb onları əyani misallarla təhlil etməyə çalışmışdıq. İndi isə yaradıcılıq prosesinə başqa bucaq altından baxaq, onu təsəvvürdə tam fərqli şəkildə canlandıraq. Yaradıcılıq prosesinin hansı aspekti bizə dolğun həyat yaşamağa imkan verə bilər? Təsəvvür edin, iki imkan var: birinci, zəngin həyat təcrübəsinin səhnəyə daşınması, ikinci, səhv, sönük oyun. 

         Biz, müasir aktyorlar, yaradıcılıq prosesinin nə olduğunu anlamayanda, yaxud başa düşmək istəməyəndə hansı yola əl atırıq? Səhv oyunu əsas götürüb qeyri-iradi olaraq ona aludə oluruq, ilham ala biləcəyimiz  bütün qapıları kilidləyib deyirik: “İndi özüm özümün ağasıyam, bədahətən nəsə göstərmək istəmirəm, çünki bunu etsəm, dərhal müasir teatrın tələblərindən uzaqlaşmış olacağam. Özümü, istedadımı yox, şablon klişeləri göstərməliyəm, çünki səhnədə birbaşa özümü göstərməkdən xəcalət çəkirəm”. Buna görə də qapılara kilid vurub zahiri, məzmunsuz oyun nümayiş etdirməyə başlayıram, yəni mətni əzbərləyib ştampların və klişelərin vasitəsilə sözləri səhnədə təkrar edirəm. Oyun maraqlı alınmır, daxili hislərimi isə hamıdan gizlətməyə çalışıram. Bəzən illüziyaya qapılıram, bir neçə klişenin cəmindən ibarət kabus məni çənginə alır, səsim də özümə yad təsir bağışlayır. Pyes başa çatır, kabus isə artıq öz məkrli işini görüb, indi teatrı tərk edib evə gedə bilərəm. Amma hansı hislərlə? Rahatlıqla, yoxsa ürəyimi dağlayan nisgillə? 

          Teatrda məqbul sayılan başqa yol da var. İstifadə etdiyim zahiri, səhv və məzmunsuz oyunu  daxili aləmimə elə yönəldə bilərəm ki, hislərin rəmzinə çevrilsin. Bunu varlığımla dərk etməliyəm. Bu halda oyun zahiri, səhv və məzmunsuz alınmayacaq və müəllifin yazdığı mətni səhnədə söylədikcə, əslində, özümü və hislərimi ifadə edəcəyəm. Buna görə də zahiri oyun daxili hislərimin tərənnümçüsünə, daxili aləmim isə zahiri oyuna çevriləcək. Bütün bunları daxilimdə sıxıb saxlamıram, çünki hislərim qaynar bulağa çevrilib və onu tamaşaçıya həvəslə bəxş edirəm.

          Sistemin bütün sahələrini nəzərdən keçirməyə cəhd etsək, görərik ki, onlar daxili aləmin zahiri təzahürə çevrilməsində vasitəçi rolunu oynayır. Əgər bu ideya sonda təxəyyülü yerindən oynadırsa, deməli, gözlərim önündə rolun, qəhrəmanın cizgiləri və müəyyən görüntüsü canlanır. 

          Məqsədimi daha dərindən anlamaq istəyirsinizsə, bəzi fikir və konsepsiyalar barədə söhbət açmağı vacib sayıram. Metodikanın bütün sahələri, məncə, bu baxımdan anlaşıla bilər: daxili aləm zahirə yol tapıb təzahür edir, daxilimdəki dəyişikliklər ətrafımda cərəyan edən hadisələrə birbaşa təsir göstərir. Bunu bilsək, deməli, bu dəyişiklikləri idarə etməyi və onları uğurla həyata keçirməyi bacaracağıq. Lev Tolstoy bir dəfə demişdi ki, əgər kiməsə acığınız tutubsa və ona tərbiyəvi mövzuda moizə oxumaq əvəzinə, qisas almağı düşünürsünüzsə, o zaman xəyalınızda hər gün konkret olaraq bunu canlandırın: tutaq ki, qisas almaq imkanınız yaranıb və eyni zamanda, düşməniniz də zəifləyib. Uğur qazanacağınızı nə qədər dərindən dərk etsəniz belə, şüurunuz sizi gözlənilməz nəticəyə yönəldəcək. Bu nəticə sizin həqiqi istəyinizdir. İntiqam almaq arzusu sizi tərk edəcək və nifrət bəslədiyiniz adama qarşı qəlbinizdə mərhəmət hissi yaranacaq, ona qarşı əsl insani duyğular baş qaldıracaq, çünki məqsədinizin mənasız olduğunu aydın dərk edəcəksiniz. 

          Əgər metoddan istifadə zamanı məqsəd aydındırsa, ona mütləq nail olacağıq. Hər birimizin sənətkarlıq fərdiyyəti var və metoddan yararlanmaq  üçün bütün vasitələri təsəvvürdə canlandırmaq lazımdır. Bu, yalnız sizə məxsus, fərdi metod olmalıdır və ona yiyələnmək üçün özünəməxsus üsullar seçilməlidir. Nəzərə alın ki, aktyorlar müxtəlif olduğu kimi, üsullar da müxtəlifdir. Sizə hazırladığım teatr metodumun konsepsiyasını verməliyəm, əvəzində onu necə qəbul edəcəyinizi təsəvvürdə canlandırmalısınız. Yalnız bundan sonra metodun formasını təxəyyüldə görəcəksiniz və artıq bu forma mənim yox, sizin olacaq. Seçdiyiniz metod formasını fərdiliyə uyğunlaşdırıb istənilən istiqamətə yönəldə bilərsiniz. 

           Əgər sizə nəsə aşılamaq istədiyimi düşünürsünüzsə, bu fikirdən vaz keçin. Haqqında danışacağım mətləbləri yalnız özünüz fərdiləşdirə bilərsiniz. İndi gəlin daha bir məqama müraciət edək. Söyləmişdim ki, dörd keyfiyyət mövcuddur və hər bir aktyor bu keyfiyyətlərə malik olmalıdır. Aktyordan sənətkarlıq fərdiyyəti tələb olunan zaman bu keyfiyyətlərdən necə istifadə etməyin yollarından da danışmışdım. Həmin keyfiyyətlərdən biri sərbəstlik, digəri isə forma hissidir.

 

Forma hissi – aktyor bədəni

 

          Məncə, forma hissi zahiri görünüş, forma və ölçülərdir və bu hiss bədəndən başlayır. Başqa sözlərlə desək, bədənimizi bir forma kimi dərk etməliyik. Bunu unutmağa əsla haqqımız yoxdur. Məlum faktları anlamağa çalışmalıyıq, bəzisi bizə çox yaxşı tanışdır. Aramızda elə aktyorlar var ki, bu barədə danışmağı mənasız hesab edir. Lakin bilməliyik ki, bədən müəyyən, konkret formadan ibarətdir.

          İlk baxışdan, bəlkə də, məsələnin mahiyyətini anlamaq çətindir. Məsələn, müxtəlif istiqamətlərə hərəkət etdirə bildiyimiz əllər var. Əl hərəkətləri ardıcıl deyil, yeknəsəqdir, şüur özü onlara əmr verir. Amma əlləri məşq etdirməyə başlayanda anlayırıq ki, bu sadə hərəkətlər müəyyən məqsədə xidmət edir. Deməli, məşq sayəsində şüuraltı hislərimizə nəzarət edib əlləri və ayaqları bilərəkdən, istədiyimiz kimi hərəkət etdirməyə qadirik. Bu dəfə əmri biz verəcəyik, onlar isə dinməz-söyləməz yerinə yetirəcəklər.

          Keçmişdə insanların şüur və dərrakəsi tam fərqli idi – onların həyatı bizimkinə bənzəmirdi, indiki kimi streslər baş alıb getmirdi, radio, telefon və digər texniki vasitələr yox idi – biz isə onların təsiri altında böyüsək də, texniki inqilabların mənəvi ziyanını hələ tam dərk etmirik. Əvvəllər insanlar mənəvi cəhətdən saf, ruhən azad yaşayırdılar, əsəbləri daha möhkəm və sakit idi, həyatın gözəlliklərindən kam almağı bacarırdılar və bunun da sayəsində xoşbəxt, firavan ömür sürürdülər. Onlar indi bizim üzləşdiyimiz fiziki və psixoloji təsirlər, dünyanı bürüyən dəhşətli müharibələr və xaosla üz-üzə qalmamışdılar. Təəssüf ki, ta¬leyimizə bu dəhşətləri görüb iztirab çəkmək yazılıb. Tanrının hökmünə görə, alın yazısından qaçmaq mümkün deyil. 

         Bədənin forma hissini yenidən araşdıraq, onu dərk etməyə çalışaq. Bu, bədənə tam sahib olmaq, onu daha düzgün və uyğun üsullarla idarə etmək,  hərəkətlərdən zövq almaq imkanı verir. Kiçik bir məqamı da nəzərinizə çatdırmaq istərdim. Bədəndən, hərəkətlərdən zövq alsaq da, əslində, bunun necə baş verdiyini hiss etmirik. Məsələ burasındadır ki, bədən sanki bir varlıq kimi özü təşəbbüs göstərib bizi səhv və məhdud yollara sövq etməyə çalışır, çünki bədən bizim bəzi fikirlərin tərənnümçüsüdür. Əgər dolubədənli və yekəqarınamsa, mən müəyyən təəssürat oyadıram və hərəkətlərim də bu ölçülərdən qaynaqlanır. Əgər arıq və incəbeləmsə, bu ölçülər artıq şüuruma hopub, özümü başqa formada təsəvvür edə bilmirəm və bu ölçülərə əsaslanıb oynayıram. Başqa cür desək, arıq adam səhnədə yekəqarın kimi davrana bilməz. Yaxud sinəm başqaları ilə müqayisədə daha yaxşı inkişaf edib, bu da mənə digər fizioloji hislər bəxş edir. Məsələn, əgər dolubədənli şəxs deyirsə ki, “mən indi qaçıb gətirərəm!”, razılaşın, bu, çox gülünc və qeyri-təbii görünür.  

          Bu səbəbdən, bədənimizin formasından doğan xalis bir hiss mövcuddur, o, şüur və şüuraltı hisləri oyadır. Bədəni məşq etdirib lazımi formaya çatdıra bilsək, deməli, onu istədiyimiz kimi idarə edib hər məsaməciyindən zövq alacağıq. Bəlkə də, sizə qəribə görünür, düşünürsünüz ki, bədən ölçüləri ilə hislərin, yaxud ilham pərisinin nə əlaqəsi? Amma, inanın, bu əlaqə mövcuddur. Ona görə də bədəni forma kimi tədqiq etmək, əslində, yaradıcılıq prosesi və ilhama aparan bir vasitədir. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR