ESSE - Ezra Paund

İngilis dilindən tərcümə: Təvəkkül Zeynallı

 

1885-ci ildə Amerikada doğulub, ömrünün çox hissəsini vətənindən uzaqda – Avropada yaşayıb. Yapon və Çin şeir üslubundan təsirlənən şair öz həmkarları ilə birgə imajizm hərəkatının əsasını qoyub və XX əsr ingilisdilli dünya poezi­yasında yenilikləri ilə yadda qalıb. “Əks-hücumlar” və “Nəğmələr” adlı silsiləsi ilə dünya şöhrəti qazanıb.

1972-ci il noyabr ayının 1-də İtaliyada vəfat edib.

 

 

 Keçmişə baxış və “edilməməli bəzi şeylər”

(İxtisarla)

         Poeziyada yaranmış yeniliklər haqqında son zamanlar bir sıra yazılar ortaya çıxıb. Ümid edirəm ki, keçmişə qısa bir nəzər yetirməklə etdiyim qeydlərdə təkrarçılığa yol verdiyim üçün məni bağışlayarsınız.

         1912-ci ilin yazında (bəlkə də, yayın əvvəlləri idi) mən, H.D. və Riçard Aldinqton aşağıda qeyd edəcəyim üç əsas prinsiplə bağlı razılığa gəldik:

1.     Subyektiv və ya obyektiv olmağına baxmayaraq, “məsələni” birbaşa həll eləmək.

2.      Məqsədə yaramayan əlavə bircə kəlmə də işlətməmək. Yəni sözə qənaət.

3.     Şeiri metronom səsinin yox, musiqi melodiyasının ritminə əsasən yaz­maq.

Bəzi məsələlərdə fikirlərimiz və zövqlərimiz üst-üstə düşməsə də, bu üç prinsiplə bağlı razılığa gəldikdən sonra düşündük ki, ən azı, fransızlar kimi bizim də öz poeziya məktəbimizi yaratmaq haqqımız var. Qeyd edək ki, Harold Monronun redaktorluğu ilə nəşr edilən poeziya jurnalının 1911-ci il avqust sayında cənab Flintin fransız ədəbiyyatında meydana çıxmış həmin ədəbi cərəyanlar haqqında bir yazısı çap olunmuşdu.

         Bu poeziya məktəbi yarandığı gündən bəri özünə çoxsaylı izləyicilər toplayıb. Lakin bu məktəbin nümayəndələri öz yaradıcılıqlarında hansı dəyərlərə əsaslansalar da, yuxarıda qeyd etdiyimiz ikinci prinsiplə bağlı heç zaman ortaq fikrə gələ bilməmişlər. Nəticədə isə, əvvəlki şeir vəznlərindəki kimi verlibrdə də artıq sözlərlə yüklənən uzun və cansıxıcı nümunələr çoxalmışdır. Belə demək mümkünsə, sərbəst şeir özü ilə birgə qüsurlarını da gətirmişdir. Söz seçimi və dildən istifadə tərzi sələflərimizin əsərlərindəki kimi bərbad vəziyyətə düşmüşdür. Sözləri necə gəldi öz şeirlərinə dolduran bəzi verlibr şairləri əvvəlkilərdən fərqli olaraq bu səhvi ritm və qafiyə xatirinə etdiklərini də bəhanə gətirə bilməzlər. Bu şairlərin yazdıqlarında axıcılığın nə dərəcədə gözlənilib-gözlənilməməsi isə oxucunun qərar verəcəyi bir məsələdir. Şəxsən mən belə şairlərin yaradıcılığında bəzən saxta Svinborn üslubuna bənzəyən çeynənmiş və şablon ritmə rast gəlirəm. Hərdən də görürəm ki, onlar heç bir ritmdən istifadə etmirlər. Amma ümumi götürdükdə, yaxşı olardı ki, bu məsələlər təzədən bir də təhlil edilsin. Güman ki, bu yeni üslubda da yaxşı şeirlər yazılıb və əgər, doğrudan da, belədirsə, onda bu yeniliyə haqq qazandırmaq olar.

         Tənqid, əslində, yeni bir meyar, yaxud qadağalar toplusu deyil. O, sadəcə, bəzi məsələlərdəki fikir ayrılıqlarını ifadə edir. Bəzən tənqid vasitəsi ilə kütləşmiş oxucunu ayıltmaq da mümkün olur. Bu cür dəyərli tənqid nümunələri azdır. Lakin yaşca daha böyük olan sənətkarın öz gənc xələfinə verdiyi məsləhətlərdə tənqidin yaxşı nümunələrinə daha çox rast gəlmək mümkündür. Belə olanda isə o tənqid həmin sənətkarın öz keçmiş təcrübələrinə və gözəyarı dəyərləndirmələrinə əsaslanır.

         Mən yazı prosesi haqqında öz fikirlərimi “imajizm”lə bağlı ilk qeydlərimin çap edildiyi vaxt bildirmişdim. “İmajist” kəlməsini isə birinci dəfə 1912-ci ilin payızında, “Əks-hücumlar” adlı silsilə şeirlərim nəşr ediləndə, onların altında      T.E.Hyulmun beş şeiri haqqında öz rəyimi bildirərkən işlətmişdim. 1913-cü ilin martında “Poeziya” jurnalında çap edilmiş yazıma əsaslanaraq indi şeirlə bağlı bəzi məsləhətlərimi yenidən xatırlatmaq istəyirəm.

 

 

 

                                             Bəzi edilməməli şeylər

“Obraz” – fikir və hiss vəhdətinin eyni qəlibdə ani olaraq təqdim edilməsidir. Bu fikrimin doğruluğundan tam əmin olmasam da, burdakı “qəlib” sözünü, Hart kimi yeni psixoloqların istifadə etdiyi tərzdə, yəni termin şəklində işlədirəm.

Mənim fikrimcə yaxşı obraz – fikir və hiss vəhdətinin elə bir “qəlib”də ortaya çıxmasıdır ki, ən böyük sənət əsərlərindəki kimi, oxucuya ani olaraq azadlıq hissini yaşada bilsin; zaman və məkan sərhədlərindən xilas olmaq və yüksəlmək duyğusunu hiss etdirsin.

Ömrü boyu cəmi bircə dənə yaxşı obraz yaratmaq cild-cild əsərlər yazmaqdan daha üstündür.

Amma, təbii ki, bu fikirləri kimlərsə mübahisəli hesab edə bilər. Bu məqamda, şeir yazmağa təzə-təzə başlayanlar üçün etməməli olduqları bəzi şeylər haqqında məsləhət verməyə ehtiyac duyuram. Onu da deyim ki, bu qeydlərimin heç biri Musanın qadağaları cərgəsinə əlavə ediləsi şeylər deyil.

İlk olaraq, istərdim ki, yuxarıdakı üç prinsipi (məsələni birbaşa həll etmək, sözlərə qənaət, musiqi və ritm) təkrar xatırlayasınız. Bunları doqma kimi qəbul etməyin. Ümumiyyətlə, çalışın ki, heç nəyi o cür qəbul etməyəsiniz. Amma nəzərə alın ki, bu prinsiplər uzunmüddətli düşüncələrin və axtarışların nəticəsində ortaya çıxıb. Hətta bu, başqalarının gəldiyi qənaət olsa belə, diqqət yetirməyə dəyər.

Özləri hələ normal bir əsər yarada bilməmiş adamların tənqidlərinə fikir verməyin. Yunan şairləri və dramaturqlarının yazdıqları ilə onların yaradıcılığını vəzn baxımından təhlil edən dilçilərin nəzəriyyələri arasındakı fərqə diqqət yetirin.

 

                                                           Dil

Lazımsız bircə kəlmə də istifadə etməyin, mənaya heç bir qatqısı olmayan sifətlərdən uzaq durun.

Məsələn, çalışın ki, “sülhün qaranlıq torpaqları” kimi bir ifadə işlətməyəsiniz. Belə ifadələr obrazı korlayır. Çünki mücərrədlə konkreti bir-birinə qarışdırır. Bu, təbii obyektin ən münasib simvol olduğunu müəllifin hələ dərk etməməyindən irəli gəlir.

Mücərrədlikdən çəkinin. Başqalarının keyfiyyətli nəsr vasitəsi ilə dediklərini ortabab poeziya ilə deməyə çalışmayın. Elə bilməyin ki, yazdığınız cümlələri misra formasında təqdim etməklə, tələb olunan əzab-əziyyətdən yaxa qurtaracaqsınız, yaxud həssas oxucunu aldada biləcəksiniz.

Peşəkar mütəxəssisin bu gün bəyənmədiyi əsərdən gec-tez kütlə də bezəcək.

Heç vaxt düşünməyin ki, poeziya sənəti musiqi sənətindən daha asandır. Yəni elə bilməyin ki, ən azı, orta səviyyəli bir pianoçunun çəkdiyi əziyyətləri yaşamadan poeziya sənətinin peşəkar mütəxəssisini razı salan əsər yarada biləcəksiniz. 

         Böyük sənətkarlardan bacardığınız qədər çox təsirlənin, amma bu təsiri ya mərdliklə etiraf etməyi bacarın, ya da gizlədin.

         Bu “təsirlənmək” kəlməsini xoşladığınız şairlərin bəzəkli sözlərlə dolu olan lüğətini kürüyüb öz şeirlərinizə gətirmək kimi başa düşməyin. Bu yaxınlarda, türkiyəli müharibə müxbiri yayımladığı xəbərdə “göyərçin rəngli təpələr” ifadəsini işlətmişdi. Deyəsən, belə bir ifadə də var idi: “Mirvari kimi solğun”.

         Çalışın ya, ümumiyyətlə, bəzək-düzəkdən istifadə etməyəsiniz, ya da bunu ustalıqla yerinə yetirəsiniz.

 



7 İmajizm – XX əsrin əvvəlində ingilis və amerikan şairlərin təşəbbüsüylə ortaya çıxan yeni poeziya cərəyanı

H.D. – Amerikalı şairə Hilda Dulitl (1886-1961) nəzərdə tutulur. O öz şeirlərini “H.D.” imzası ilə çap etdirirdi.

Riçard Aldinqton (1892-1962) – ingilis yazıçısı və şairi

10 Metronom – musiqidə sabit bir ritm əldə etmək üçün müəyyən fasilələrlə səs çıxaran alət

Verlibr – Bu söz (vers libre) fransızcadan hərfi tərcümədə sərbəst şeir mənasını verir. Verlibr termini bizim öz ədəbiyyatımızda sərbəst şeir adlandırdığımız terminin qarşılığıdır.

Tomas Ernest Hyulm (1883-1917) – ingilis şairi və tənqidçisi

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR