FRANSIZ SİMVOLİZMİ - Şarl Bodler

Tərcümə: Salam Sarvan

 

 1821-ci ildə Parisdə anadan olub. Fransız ədəbiyyatının klassiki, dekadans və simvolizm estetikasının banisi sayılır. Təkcə şair kimi deyil,  tənqidçi, esseist, tərcüməçi kimi də məşhurdur. 1846-cı ildə Edqar Ponun yaradıcılığı ilə tanışlıq ona ciddi təsir göstərir və həyatının on yeddi ilini Amerika yazarını öyrənməyə, onun əsərlərini fransız dilinə çevirməyə sərf edir. 1857-ci ildə çap olunmuş “Şər çiçəkləri” şeirlər toplusu şairə dünya şöhrəti qazandırır.

1867-ci ildə doğulduğu Paris şəhərində vəfat edib.

 

  

Əzabkeş qadın

 

İpəklər, zərxaralar, gözəl ətir qabları, 
Qravürlər, naxışlar,
Duyğuları oxşayan şəkillər və divanlar,
Üstlərində balışlar.

 

Havası istixana havası kimi ağır 
İyli yaşayış yeri, 
Büllur qəbirlərində son nəfəsini verən
gözəl gül dəstələri.

 

Yorğan batıbdı başsız qadının cəsədinin
Al-qırmızı qanına.
Təzə şeyin çoxdankı təşnəsi bəyaz yataq 
Çəkib onu canına.

 

Qaranlıqda yaranan kabus kölgələr kimi 
(İlahi, söz də nimdaş), 
Qara hörüklərinin və bəzək-düzəyinin 
Altda kəsilmiş bu baş.

 

Masanın üstündəcə düşüb qalıb, boşluğa 
Zillənibdi gözləri, 
Qış alatoranıtək cansız, solğun, soyuqdu
Baxışının izləri.

 

Ağ mələfə üstünə cazibədar bir halda
Sərib çılpaqlığını,
Göstərir bədəninin mənhus gözəlliyini, 
Soyuq qar ağlığını.

 

Ayağında ametist gözlü corabbağısı 
Elə heyrətlə baxır.
İndi qızılı zehli çəhrayı corabları
Suvenirtək darıxır.

 

Burda onun qəribə tənhalığı içində
və gizli şəhvətində
Adamların ağlını başından çıxaracaq
Gözəl portretində

 

Şirin günahdan tutmuş, ölümcül sığaladək
Bütün qəribəlik var. 
Gecələr pərdələrin qırışında gizlənib 
Ona baxar şeytanlar.

 

Gərginlikdən qıc olmuş yöndəmsiz çiyinləri,
Bir də sönük surəti. 
Düşmənini görəndə qıvrılan ilan kimi 
Bu qıvrılmış qaməti.

 

Yəni öz taleyindən belə küskünmüsən ki,
Belə çarəsizmisən:
Atmısan taleyini ayaqları altına 
Bu azğın sürünün sən?!

 

Yəni məhəbbətinlə təslim olduğun adam
Niyə səni öldürüb?
Yəni yatağın üstə axıdılan qanınla
Şəhvətini söndürüb?

 

De görüm, murdar cəsəd, sənin hörüklərini
Dolayıbmı əlinə? 
Toxunubmu son dəfə o ac dodaqlarıyla
Qıcanmış dişlərinə?

 

İndi çox uzaqdasan küçə qeybətlərindən, 
Şəhər yalanlarından. 
İndi rahat yat orda, məzarının sirrini
Yaxşı qoru, ey insan.

 

Ərin uzaqlardadır, amma yuxusundasan,
Yuxuları şirindi.
Necə ki sən əbədi vəfalısısan onun,
Bax o da əsirindi.

 

 

Albatros

 

Bəzən də dənizçilər əylənmək həvəsiylə

Tutub gəmilərinə gətirirlər quşları:

Bu yekə albatroslar bir azca bundan qabaq

Baxırdılar yaxından keçən gəmiyə sarı.

 

Bir az qabaq dənizin şahıydılar bu quşlar...

Alçalıblar uçulmuş divarlar kimi indi.

Nəhəng qanadlarını açırlar yazıq-yazıq

Qayıqlarda çəkilən avarlar kimi indi.

 

Onlarla məzələnir gəminin adamları,

Adamların əlində indi girinc olublar:

Birisi çubuq soxur açıq dimdiklərinə,

Biri də yamsılayır axsaq yerişlərini –

Bir vaxtlar güclüydülər, indi gülünc olublar.

 

Şair, elə sənin də bəxtin-taleyin budu:

Buludlarda uçursan, göy əl eləyir sənə.

Bu nadanlar içində, bu yerdə yeriməyə

 

O nəhəng qanadların əngəl eləyir sənə.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR