MEMUAR - O.F.Yerişev, A.M.Sprints

Tərcümə: Zahid Sarıtorpaq

 

Tanınmış rus psixiatrları Anatoli Mixayloviç Sprints və Oleq Fyodo­roviç Yerışev bir neçə müştərək elmi araşdırmanın müəllifidir. Onların “Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəlik” kitabında  psixi pozğun­luqlardan və xarakterlərindəki anomaliyalardan əziyyət çəkmiş bir sıra  dünya şöhrətli sənət adamları haqqında söhbət açı­lır. Kitabdan növbəti məqaləni – görkəmli rus şairi Velimir Xlebnikovun psixi xəstəliyini  araşdırmağa həsr olunmuş “Mən Yer kürəsini çeçələ barmağımda gəzdirirəm...” yazısını oxuculara təqdim edirik.

 

 

“Mən Yer kürəsini çeçələ barmağımda gəzdirirəm...”

 

Velimir Xlebnikovun yaradıcılıq irsi haqqında müzakirələr  ədəbiyyatşünaslarla psixiatrlar arasında döyüş meydanı təsiri bağışlasa da, əslində, heç vaxt  kəskin xarakter almayıb.  

Ədəbiyyatşünaslar tərəfindən Velimir Xlebnikov yaradıcılığına həsr olunmuş çoxsaylı elmi tədqiqatlarda – istər şairin sağlığında, istərsə ölümündən sonrakı uzaq, yaxın dövrlərdə – psixi xəstəliyinə heç yerdə işarə edilməsə də əsərlərində düşüncə dalğınlığı və ruh düşkünlüyü  açıq- aydın görünür. “Dünyanın anlaşılmaz dil sahibi”, “Yer kürəsinin sahibi”, zamanın qanunlarını ələk-vələk edən, Rusiyanı veyil-veyil gəzib-dolaşan,  əsərlərini döşəkağında yazan bu bədbəxt sənətkarda psixiatrlar heç bir qüsur görməyiblər. İstedadlı şairin “dahilər dahisi” (V. Mayakovski), “poeziyada yeni sıçrayışlarla addımlayan” (O.Mandelştam), “sənətin axarlarında və şeirin nəhayətsizliyində öz nəhəngliyini göstərən” (V.Kamenski), “çətin anlaşılsa da oxucusunu valeh edən” (tənqidçi D.Mirski), “mifoloji, epik söz ustası” (ədəbiyyatşünas V.Smirnov) adlandırılması, əlbəttə, əbəs yerə deyildi. Bəlkə də, onun həyat və yaradıcılığının psixopatoloji tərəfi ona görə nəzərə çarpmır ki, iki dəfə (1916, 1919-cu illərdə) psixi klinikaya düşməsi xəstəliyi ilə əlaqədar olmayıb. Hospitala ilk dəfə hərbi çağırışla bağlı üz tutub, ona “yararlıdır” diaqnozu qoyulub. O, buna görə, Petroqrad Hərbi Tibb Akademiyası­ndakı tanışı, privat-dosent  N.İ.Kulbinə müraciət edib. Nəticədə həmin şəxs Xlebnikovun “əsəb sistemində ciddi səbatsızlıq” aşkarlayıb, həm də bu nəticəyə gəlib ki, şairin ruhi vəziyyəti “həkimlər tərəfindən qətiyyən anormal qəbul olunmayıb” (yəni, ona ruhi xəstə diaqnozu qoyulmayıb). Şair (özünün dediyinə görə) üç həftə Saritsında və Astraxanda “dəlilərin arasında” yaşamalı olub.

İkinci dəfə hospitala yerləşdirilməsi (Xarkovdakı “Saburov bağı”nda) yenidən hərbi xidmətdən azad edilmək, Xarkovu tutmuş Denikinin ağ qvardiyasına çağırışdan yayınmaq məqsədi daşıyıb.  Xəstəxanada onu dörd ay saxlayıblar. Yalnız 18 ildən sonra V.Y.Anfimov onun yaradıcılığındakı ruhi patologiya haqqında çox az adamın diqqətini çəkən ilk məqaləni dərc etdirib.

Ümumiyyətlə, şairin ruhi xəstəliyi psixiatrlar tərəfindən dolğun araşdırılıb. Amma bu zaman müəlliflər ədəbiyyatçılara və ədəbiyyatşünaslara toxunmadan onların rəylərini müzakirə etməyiblər (bir vaxtlar rusların və monqolların Uqra çayının sahilində üz-üzə dayandıqları, amma bir-birlərinə toxunmadıqları kimi). Yeri gəlmişkən, psixiatrların Xlebnikovun xəstəliyinə qoyduqları diaqnoz fərqlidir. Yəni,  Anfimova görə –  şəxsiyyətin ruhi pozğunluğu, Domilə görə – onun qeyri-sağlam ruhla əhatə olunması və nəhayət, Şuvalova görə – şizofreniyadır.

Həmin mütəxəssislərin dediklərinə nəsə əlavə etməyəcəyik, çünki məqsədimiz ayrıdır:

– psixiolqların diqqətinin Xlebnikova yönəlməsi üçün tam olmasa da, kifayət qədər sübutlar göstərilməli, yaradıcılığı isə psixopatoloji təhlil hədəfinə çevrilməlidi;

 – tələbələri də özü kimi olan ruhi xəstənin tənqid edilmədiyinin, əksinə təqdirlə qarşılandığının hansı zamanda baş verdiyini müzakirə edək.

 Amma əvvəlcə şairin istedadını dəyərləndirib və yaratdığı çox gözəl iki sənət nümunəsinə nəzər salaq:

 

Birinci nümunə – “Daş qadın” (1919) şeirindən:

...Gərəyim olan çoxmu? –

Çörəyin kömbəsi,

Bir damcı süd,

Bir bu göy üzü,

Bir də buludlar!

 

İkinci  nümunə – “İllər, insanlar, xalqlar” şeirindən (1916):                

 

İllər, insanlar, xalqlar

Ötürlər həmişəlik

Təbiətin dəyişkən aynasında

Axar sular kimi...

 

Bu şeirlərin şairin sağlığında və sonrakı dövrlərdə ittiham edildiyi qrafomanlıqla heç bir əlaqəsi yoxdur.

İndi isə psixopatologiya haqda danışaq. Xlebnikov ağır irsi çatışmazlığı olan bir ailənin övladıdır (belə ailələrə elmi dildə nüvə ailəsi, yəni qan qohumluğu olan insanların izdivacından törəyən ailə deyirlər. Qarşin də, Heminquey də bu qəbildən olublar).  Xlebnikovun dayısında və qardaşlarından birində psixi pozğunluq müşahidə olunmuşdu. Psixiatr V.Y.Anfimovun bildirdiyinə görə, şairin qardaşı artilleriyanı öyrənir, elmi fəaliyyətə hazırlaşırmış, amma cavan yaşında ruhi xəstəlikdən ölüb.  Xlebnikovun qohumları arasında xasiyyətlərində psixi əlamətlər qabarıq sezilən qəribə insanlar olub. Bununla belə, ağır irsi çatışmazlıq insanın ruhi xəstəliyini müəyyənləşdirməyə kifayət etmir.

Birincisi, şairin neologizmi – onun yaradıcılığının erkən dövrünə aid edilən yeni tapıntıları, “öz” ifadə tərzi psixiatrı sayıq olmaq məcburiyyətin­də qoyur.

Neologizmlər – inkişaf etmiş şizofreniya prosesinin və ya oxşar nasazlığın əlamətidir. Ədəbiyyatşünaslar Xlebnikovun şeirlərindən nümunə gə­tirəndə “bənzərsiz söz yaradacılığı”, “səslərin pak duyğusallığı”,  “səsin dili ilə plastik mənzərələrin görüntülü şəkildə ötürülməsi” ifadələrini işlədirlər. Nə olar. Amma çox keçmir ki (1910-cu ildə),  Xlebnikov “insanla­rı bir­ləşdirən mücərrəd dünya dili” (bu, mövcud dillərin sintezi olan esperanto deyil!) yaratmağa girişir. Yəni, doğrudan, bu axtarış patologiya deyildi?

“Mücərrəd dil” axtarışlarının nəticələrindən nümunələr gətirməzdən əvvəl, ilkin neologizmə qayıdaq. Soruşa bilərlər ki, bunu xəstəlik mərhə­ləsində baş verən proses sayırsınızsa, bəs Xlebnikovun yeniyetməli­yi, gəncliyi (1908-ci ilə qədər) necə keçib? Patologiyası olubmu? Axı şizofreniya əlamətləri olan pozuntular əbəs yerə yaranmır. 

 

Xlebnikovun yeniyetməlik çağlarının xarakterik xüsusiyyətləri barədə dəlillər A.V.Şuvalov (1995) və V.Domil (2007) tərəfindən irəli sürülüb. Ka­­zan Universitetində yaşıdları onu bu dünyanın adamı kimi qəbul etmirdi­lər. Xlebnikovu qəribə, xoşbəxt, qeyri-adi tərzdə özünə qapanmış, son dərəcə bacarıqsız adamtək hamıdan fərqli saymaları şairin sağlamlı­ğı­­na təsir etmişdi. Həkimlər dəfələrlə ona vegetonevroz və nevrasteniya diaq­nozu qoymuşdular. O, dağınıq ovqatdaydı, imtahanlarından heç birindən müsbət qiymət ala bilmirdi. Bütün bunlar isə şizofreniyanın ilkin mərhələsini xarakterizə edən tipik hallar idi. Bundan başqa, Xlebnikov bir-birinə uyğun gəlməyən müxtəlif sahələrə (riyaziyyat, rus ədəbiyyatı, şərq xalqlarının dilləri, rus və dünya tarixi, zoologiyanın quşlardan bəhs edən hissəsi – ornitologiya) maraq göstərirdi. Sonralar, Peterburqda təhsil aldığı  zaman oxuduğu fakültəni tez-tez dəyişib başqasına keçirdi, axırda da universitetdən xaric edildi. Daha sonralar isə Rusiya hüdudlarında dolaşmağa başladı. Ç.Lombrozo bu sərgərdanlığı ruhi xəstə olan dahilər üçün səciyyəvi hesab edirdi (1998).

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR