GÜNDƏLİK – Yelena Bulqakova

Tərcümə: Zahid Sarıtorpaq 

Yelena Sergeyevna Bulqakova (18931970) görkəmli rus yazıçısı və dramaturqu Mixail Afanasiyeviç Bulqakovun üçüncü arvadıdır. O həm ədibin irsinin qoruyucusu kimi tanınınır, həm də məşhur “Master və Marqarita” əsərindəki Marqaritanın prototipi sayılır. Bu gündəlikdə M.Bulqakovun həyat və yaradıcılığı ilə bağlı, dövrün çətin, dramatik ab-havasını özündə əks etdirən olduqca maraqlı məqamlar var. Burada adları çəkilənlərin əksəriyyəti ötən əsrin otuzuncu illərində Bulqakovlar ailəsinin sıx təmasda olduğu Moskva Akademik Bədaye Teatrının aktyor və rejissorlarıdır.

 

“MƏN DUSTAĞAM...”

   (İxtisarla)

1933

1 sentyabr

Bu gün M.A. ilə ayrılıqdan sonrakı ilk görüşümüzün birinci ildönümüdü.

Bu gündəliyi tutmağıma Mişa israr edir. 1926-cı ildə axtarış zamanı öz gündəliyi müsadirə edildikdən sonra söz verib ki, bir də heç vaxt yenisini yazmağa başlamayacaq. Onun üçün yazıçının gündəliyinin əlindən alınması dəhşətli və ağlasığmaz bir şeydi.

 

4 sentyabr

Nikolay və Dina Radlovlar dünən və bu gün bizdə nahar etdilər. Nikolay gözəl həmsöhbətdi, bir az qəliz adamdı. Çox acıqlıdı.

 

5 sentyabr

Dünən Moskva Akademik Bədaye Teatrında “İstedadlar və pərəstişkarlar”ın sonuncu məşqindəydik. Mişa ikinci pərdədən sonra evə getdi.

– Mən nə deyim axı?

– Sən de ki, biz həmişə sizə minnətdarıq, ancaq belə rəzil şeyləri eşitmək istəmirik.

Axşam Yakov, L.Leontyev, Olya Kalujski bizdəydilər. Səhər “Turbinlər”ə baxmağa gəlməkdən ötrü danışıb M.A.-nı yola gətirməyə çalışdılar, tamaşanı sabah göstərməyi xahiş edən Errionun orada olacağını dedilər. Mişa imtina etdi. Şam yeməyindən sonra N.V.Yeqorov üçün müxtəlif pyeslərdən frazalar axtarmaqla məşğul olduq. Fikirləşdik ki, “Ağıldan bəla”nı Eqorov–Famusov səhnələşdirsin.

 

6 sentyabr

M.A. tamaşadan ötrü teatrdan rəsmi çağırış aldı. Getdi. Mən evdəyəm. Olya zəng elədi:

– Hə, Lüsya, sən Vladimir İvanoviçə hər şeyi bağışlamalısan (M.A.-ya görə onunla haqq-hesab çəkəsiydim). Bilirsən o neyləyib? Bu gün tamaşa gözəl keçir, məncə, heç vaxt belə oynanılmayıb. Bəlkə də, Vladimir İvanoviç seyr etdiyi üçün belədir. Əlbəttə, həm də Errioya görə... Artıq birinci səhnədən sonra Errio müəllif haqda soruşmağa başladı, xahiş etdi ki, tanış eləsinlər, ancaq Maka harasa yoxa çıxdı. “Gimnaziya”dan sonra Vladimir İvanoviç Makanı lojada gördü və dilə tutmağa başladı. Maka Sudakova yaxınlaşdı. Errio, Litvinov, Alfan, MXAT-çılar birinci cərgədəydilər. Tanışlıqdan sonra hamının diqqətinin onlarda olduğunu görüb, bütün publika eşitsin deyə Vladimir İvanoviç həmişəki kimi ümumiləşdirilmiş, məhrəmanə bir jest etdi: “Bu da müəllif” – dedi və oradakıların hamısı əl çaldı, onu sürəklə alqışladılar. Maka lazımınca baş əydi. Errio tamaşaya heyran olmuşdu. Vladimir İvanoviç də həmçinin: “Bu, əsl tamaşadır. Misilsiz pyes və əla aktyor oyunları”. Ümumiyyətlə, teatrda qeyri-adi bir yüksəliş var...

Bu zaman Mişa evə gəldi, dedi ki, orada dərhal tərcüməçi peyda olub, amma ondan imtina edib. Errio: “Təbrik edirəm...” deyib. Soruşub ki, M.A. sənədli yazıbmı?

– Gördüklərim əsasında yazmışam.

– Talbert satqındımı?

– Əlbəttə.

– Petlyurovçular kimlərdi?

(kənardan sual veriblər: neçə yaşınız var?)

– Gizli saxlayıram...

Litvinovun sualı:

– Başqa hansı pyesləri yazmısınız?

– “Zoyanın mənzili”ni, “Molyer”i...

Errio:

– Haçansa xaricdə olmusunuzmu?

– Heç vaxt.

Son dərəcə təəccüb edib.

– Bəs niyə?

– Dəvət lazımdı, həm də Sovet hökumətinin icazəsi.

– Mən sizi dəvət edirəm!

Zəng çalınıb.

– Xudahafiz!

Növbəti antraktda Nemiroviç fikirli-fikirli deyib:

– Bəlkə, mən sizi publikaya təqdim etməkdə siyasi səhv buraxmışam?

– Yox.

 

7 sentyabr

L.Kantoroviç deyilən bir jurnalist zəng elədi. Bizə təşrif buyurmağa icazə istəyirdi.

 

8 sentyabr

L.Kantoroviç gəldi.

– Necə olmasa, Mixail Afanasiyeviç özü haqqında nələrisə deməlidi...

O, hansısa məktublar barədə inadkarcasına məsləhətlər verməyə başladı, Molyerin bioqrafiyasından bir parça çap etmək arzusunda olduğunu bildirdi və xahiş elədi ki, Saltıkov-Şedrinlə bağlı anketi cavablandırsın.

O, anket formalarını qoydu. M.A. həvəssiz razılıq verdi.

 

9 sentyabr

Gündüz saat 12-də Moskva Akademik Bədaye Teatrında Qorki “Dostiqayev və başqaları”nı oxudu. O, gurultulu alqışlarla qarşılandı, aktyorlar ayaq üstə durmuşdular, bütün truppa buradaydı. Qorki üst foyedə dayanıb oxuyurdu.

O:

– Alqış sədalarından qulaqlarım tutuldu. Artıq qulaqlarım “Ura!”dan başqa söz tanımır, – dedi.

Antraktda M.A.-nın Qorki və Kryuçkovla görüşü oldu. Kryuçkov M.A.-nın məktubunu aldıqlarını bildirdi (bəlkə, avqustun 5-də yazılanı deyir?), sadəcə Aleksey Maksimoviç çox məşğul idi, vaxtı olan kimi...

– Mən də fikirləşirdim ki, Aleksey Maksimoviç, yəqin, məni qəbul etmək istəmir.

– Yox, yox!

Pyes bitəndən sonra alqışlar olmadı.

Qorki:

– Deyin görüm, mənim günahım nədi axı?

Nemiroviç:

– Sizin heç bir günahınız yoxdu. Bu, gözəl və müdrik bir pyesdi.

Moskvin dedi ki, Qorki əsəri gözəl oxuyur. Rolları da bax beləcə, onun oxuduğu kimi oynamaq lazımdı.

Saxanovski nəyəsə aydınlıq gətirməyi xahiş etdi. Qorki öz qəhərəmanlarının mövqelərini izah etmək üçün bir xeyli siyasi və başqa hadisələr barədə danışdı.

Yuxarıda, Olyanın kontoru yaxınlığındakı soyunub-geyinmə yerində Afinogenov M.A.-ya dedi:

– Sizin “Qaçış”ınızı oxumuşam, çox xoşuma gəlir, amma birinci final daha yaxşı idi.

– Yox, ikinci final yaxşıdı! Xludova güllə kimi açıldı.

Çay götürüb Markovun kabinetinə getdik.  Afinogenov siyasi cəhətdən daha dolğun olsun deyə pyesin ikinci hissəsində necə düzəliş etmək lazım gəldiyini öyrətməyə başladı.

Sudakov:

– Siz ona qulaq asın! O, partiyaçıdı!

 Afinogenov:

– Mühacirlər elə deyil axı...

M.A.:

– Bu pyes heç də mühacirlər haqqında deyil, siz tamamilə bu əsər barədə danışmırsınız. Mən mühacirliyi görə bilmirəm, süni şəkildə kor olmuşam.

 Afinogenov özünü eşitməzliyə vurdu.

Söhbətin sonunda M.A. dedi:

– Başqa sözlə desək, daha doğrusu, bizim söhbətimizi avropalıların dilinə çevirsək, siz istəyirsiniz, mən Çarnotıdan bir qancıq balası yaradım?

Sudakov:

– Sutenyordu o, sutenyordu!

Məlum olur ki, müəllifin pyesə beş il hüququ olmasıyla bağlı Afinogenov qanun hazırlayır.

M.A.:

– Elədirsə, mən də neyləyəcəyimi bilirəm...

 Afinogenov:

– Yox, yox! Söhbət qanun dərc olunandan sonrakı beş il müddətindən gedir! Bəs siz... Siz olsaydınız neylərdiniz?

 

12 sentyabr

Bu gün naharda Olya bizdəydi. Süfrə arxasına yenicə oturmuşduq ki, qalmaqal başladı. Olya söylədi ki, teatrda “Qaçış” haqda söhbət gedirdi. Nemiroviç Bulqakovdan inadkar müəllif tanımadığını deyirdi. Deyirdi ki, o, bütün verdiyin məsləhətlərə nəvazişlə gülümsəyir, amma əsərində heç bir düzəliş etmir. Məsələn, Vladimir İvanoviç Paris səhnəsində artıq şeylər tapıb,  Afinogenov isə deyir ki, yox, onun bu səhnədən xoşu gəlir, amma pyesin ikinci hissəsi yararsızdır...

Bu zaman mən onların hər ikisi haqda nəsə dedim və Olya bağırdı: “Mən çıxıb gedəcəm! Səninlə söhbət etmək mümkün deyil!” Sonra M.A.-nın səyi nəticəsində tədricən sakitləşdi...

 

13 sentyabr

Parisdən məktub gəldi. Mişanın qardaşı Nikolay “Zinanın mənzili” ilə bağlı yazıb.

 

14 sentyabr

 MABT-ın 35 illiyi münasibətilə proqram hazırlayan komissiya – Leontyev, Markov, Toporkov, Yanşin, Stanitsın, Livanov, Batalov saat 4-də M.A.-nı teatra çağırdılar. M.A. orada təklif etdi ki, həmin gün tamaşa göstərilməsin, çünki heç nə alınmayacaq. Onlarsa “olmaz” dedilər. Kimsə maskarad göstərilməsini təklif etdi. Elə bil kefləri duruldu.

Yubileyi təntənəli keçirmək fikrində olduqlarını bildirdilər, çünki hökumət nümayəndələri gələcək.

Axşam Aşqabaddan rejissor Qavrilov zəng vurdu. Məsələ beləydi: nə vaxtdı oradan teleqram gəlmişdi ki, “Turbinlər”i verin.

– Yəqin ikinci həftədi ki, başları içməyə qarışıb.

– Bəlkə, göndərək?

– Dəli olmusan?

Yenə bir teleqram gəldi.

– Mən cavab yollayacam. Qoy səhnələşdirmək hüququna görə iki min rubl göndərsinlər. Birdən...

– Olar. Hətta iyirmi iki min də olar. Onsuz da, onlar oxuya bilməyəcəklər, əzizim.

İki min gəlib çıxdı. Nüsxəni göndərdim.

– Hə, aydındı, hamısını çırpışdıracaqlar. Eh, sən məni işə salmısan...

Bir müddət sonra teleqram gəldi. Bizi 17 martda premyeraya dəvət edirdilər.

 

15 sentyabr

Axşam saat 11-ə yaxın Qavrilov gəldi. M.A. evdə yox idi. O, evə girmədi. Mən onunla həyətə açılan pəncərədən söhbət elədim. “Turbinlər”in Aşqabad proqramını gətirmişdi. Məncə, tamaşa artıq on üçüncü dəfə göstərilirdi. Deyir, heyət çox yaxşıdır. Bəzi rolları Moskvadakından yaxşı oynayırlar. Sonra qəzetdə qəzəbli bir məqalə çap olundu. Tezliklə onu məsul yerdən çağırdılar. Deyir, getdim, yolboyu canıma titrətmə düşmüşdü ki, birdən “Turbinlər”lə bağlı nəsə xoşagəlməz hal ola bilər. Soruşdular:

– Sizdə Bulqakovun pyesləri gedir?

Titrədim.

– Baxmaq istəyirik. Biz yoldaşların sayı on iki nəfərdir.

Özümə gəldim.

Bununla belə, tezliklə bu məsələ qapandı. Amma onların Bakıya – iyirmi tamaşaya dəvətləri vardı. Bundan başqa, yenə harasa dəvət almışdılar. Deyəsən, Tiflisə. Orada da iyirmi tamaşaya dəvətliydilər.

 

17 sentyabr

Yenə jurnalist Kantoroviç... Yenə eyni təkliflər, dilətutmalar: pyes yazın, ssenari yazın, uşaqlar haqda, heyvanlar haqda, necə istəyirsiniz... Hansısa xarici felyeton-büro üçün bioqrafiyanızla bağlı məlumat verin.

– Prinsipial olaraq avtobioqrafiyamla bağlı heç bir məlumat verməyəcəm. Yorulmuşam, heç nə yazmayacam və inanmıram ki, yazacaqlarımı səhnələşdirsinlər. “Molyer” barədə isə Yelena Sergeyevna ilə danışın.

M.A. axşam Kolya L. üçün romanın iki fəslini oxudu.

 

21 sentyabr

Axşam N.A.Ekke gəldi. Qadağan olunandan sonra özündə ilişib-qalmış Molyer bioqrafiyasının nüsxəsini gətirdi. “Academia”dan olan bir partiya işçisinin ona dediklərini söylədi. O deyibmiş:

– Əgər bunları çap etdirməsəniz, səfehlik etmiş olarsınız. Əladı! Bulqakov dövrü çox gözəl duyur, azman erudisiyası var, mənbələri isə sıxışdırmır, materialları incəliklə ötürür.

 

22 sentyabr

Mişa Popovlara baş çəkməyə gedib, mən isə kitabları yemək otağına daşıyıram. Kabinetdə nəmişlikdi, kitablar məhv olur.

 

27 sentyabr

M.A. romanın son günlər, daha doğrusu son gecələr iblis haqqında yazdığı yeni fəslini Kolya üçün oxudu.

 

 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2017 nömrəsində çap olunub.

 



M.A. – Mixail Afanasiyeviç

DİGƏR MƏQALƏLƏR