ESSE – Yukio Misima

Tərcümə: Güldəstə

1925-ci ildə anadan olub. 1947-ci ildə Tokio Universitetinin Hüquq fakültəsini bitirib. Yaradıcılığa erkən yaşlarında başlayıb. İlk hekayəsini 1941-ci ildə çap etdirib. 1949-cu ildə yazdığı “Maskanın etirafları” romanı yazıçıya uğur gətirib.

“Yasaq rənglər”, “Sevgiyə təşnə”, “Qənirsiz ulduz”, “Markiz de Sad”, “Qəzet”, “Yayın ortasında ölüm” və s. əsərlərin müəllifidir. İki dəfə Nobel mükafatına namizəd göstərilib. 1970-ci il noyabrın 28-də intihar edib. 1988-ci ildə “Yukio Misima” adına mükafat” təsis edilib. 

 

GÜNƏŞ VƏ POLAD 

Son zamanlar hiss eləyirdim ki, adına “bədii ədəbiyyat” deyilən obyektiv sənət növü içimi dolduran qəribə bir duyğunun gün işığına çıxmasına imkan vermir. Mənim artıq iyirmi yaşım yoxdur və romantik şair deyiləm (əslində, heç iyirmi yaşımda da romantik olmamışam). Buna görə də bir xeyli müddət janr axtarışında oldum. Nəhayət, etiraf nəsri ilə tənqidi esseistika arasında yeni janr icad elədim. Bu icadımı, hələ ki, “tənqidi etiraf” adlandırıram. Əgər etirafı gecəyə, tənqidi gündüzə bənzətsək, onda mən hardasa ikisinin arasında – axşam ala-toranının dumanlı işığında qərar tutacağam. Gəlin adını belə qoyaq: “Alatoranlıqdakı adam”. Hərçənd təhkiyə birinci şəxsin dilindəndir, amma qəti fikirləşməyin ki, söhbət şəxsən məndən gedir. Bütün sözlər deyiləndən sonra sizinlə “yekun” danışacaq. Hər şey deyilib, bitib. Sizinlə danışan “mən” isə sözlərin hərəkətliliyinə tabe deyil.

Uzun zaman düşündüm, axı bu “mən” nədi? Belə bir nəticəyə gəlməli oldum ki, o, mənim bədənimin yer üzündə tutduğu məqama uyğundu. “Bədənin dili” – mənim təyinatını tapa bilmədiyim bu idi.

Əgər “mən”i evə bənzətsək, bədən evi əhatə edən bağçadı. Şəxsi mülahizələrimə görə, istəsəm, bağçamı ideal vəziyyətdə saxlayaram və ya oranı alaq otlarının basmasına imkan verə bilərəm. Belə bir seçim azadlığını hər kəs anlaya bilməz. Çoxları hesab eləyir ki, onların bağçalarına hansısa bir qüvvə hakimdi və bunu tale adlandırırlar.

Günlərin bir günü bağçama lazımi görkəm vermək qərarına gəldim və yavaş-yavaş işə girişdim. Bağça alətləri qismində isə günəşdən və poladdan istifadə elədim. Sönməz şöləli işıq və metal polad mənim əsas yardımçım oldu. Yaxşı becərilmiş bağçamdakı ağacların barvermə dərəcəsindən asılı olaraq, bədənim getdikcə daha artıq məna kəsb eləməyə başladı.

Dəyişiklik bir gecəyə, bir günə hiss olunmadı və şübhəsiz ki, bağı becərmək fikri öz-özünə yaranmamışdı, onun dərin kökləri vardı.

Uşaqlığımı xatırlayanda anlayıram ki, demə, mənim söz yaddaşım bədən yaddaşımdan xeyli əvvəl yaranıb. Normal insanların həyatı öz bədənini hiss etməklə başlayır, daha sonra söz yaranır. Mən əvvəl sözü dərk eləmişəm, bədənim isə ləngiyir, tərslik eləyirdi. Nəhayət, onunla tanış olanda artıq mücərrəd cizgilər almışdı, söz bədəni tamam yeyib bitirmişdi.

Hadisənin adi ardıcıllığı belədi: sanki bir taxta dirək var, ora qarışqalar daraşır, onu içindən yeməyə başlayır. Mənim vəziyyətimdə birinci qarışqalar yaranıb, onların yarıya qədər yeyib deşik-deşik elədikləri dirək isə sonradan peyda olub.

Sənətin özəyi olan sözü qarışqalarla müqayisə elədiyim üçün məni qınamayın. Yaxşı, mənim sənətim nədi? Bu, bir az oyma sənətinə bənzəyir – söz mis lövhəni aşındıran azot turşusu kimi bir şeydi, real həyatı cilalayıb onu sənət əsərinə çevirir. Bəlkə də, dəqiq müqayisə olmadı. Mis və azot turşusu təbiətin yaratdığı təbii məhsuldu, ikisi də eynihüquqludu, amma eyni şeyi sözlə reallıq haqqında demək olmaz. Söz rasional təfəkkürə lazım olan reallığı abstrakt obrazlar şəklinə salmaq üçün bir vasitədi. Söz gerçəkliyi korroziyaya məruz qoyur və bu prosesdə özü də aşınır. İndi başqa, daha uyğun müqayisə aparmağa çalışacağam. Vəzifəsi qidanı həzm eləmək olan mədə şirəsini təsəvvürünüzə gətirin. O, qədərindən artıq ifraz olunanda mədənin divarını yaralayır.

Yəqin, çoxları belə şeylərin bir körpənin qəlbində baş verdiyinə inanmaz, hərçənd mənim başıma gələn məhz bu idi. Düşüncəmdə canlanan tamaşa məni tamamilə fərqli iki məqsədə doğru can atmağa məcbur edirdi. Bir tərəfdən, reallığın korroziyasını aradan qaldırmağı həyatımın amalına çevirmək istəyirdim, digər tərəfdən isə sözün heç bir dəyər kəsb eləmədiyi geniş mühitə çıxmaq və orada əsl gerçəkliklə qarşılaşmaq arzusu içimdə yavaş-yavaş güclənirdi.

Əgər bir insan dünyaya yazıçı kimi gəlibsə və onun yetişmə prosesi təbii gedirsə, “əla”dan başqa, nə demək olar ki?! Mahiyyət etibarilə fərqli məqsədlər (meyillər) bir-birinə kin bəsləmir, əksinə, əməkdaşlıq edir. Sözün mükəmməlləşməsi uğurlu nəticə verir, reallığı yenidən kəşf etməyə kömək göstərir. Bəli, məhz “kəşf etməyə” – çünki yazıçı həyatının lap əvvəlindən sözlərin lilləndirmədiyi reallığı dərk edir, onu bütün çalarları ilə mənimsəyir. Mənim durumumda isə hər şey fərqli idi.

Məktəb illərində yazdığım inşalar müəllimləri heyrətə salırdı. Çünki o inşalarda gerçəkliklə ən zəif bağ belə, hiss olunmurdu. Çox güman ki, mən Sözün çox mürəkkəb, sonsuz mahiyyətini hələ uşaqkən anlamışdım və neqativdən qaçaraq, onun yalnız pozitiv mənada dağıdıcı təsirindən istifadə eləyirdim...

Yox, deyəsən, yenə mürəkkəb oldu, fikrimi daha sadə ifadə eləyim: Sözün saflığını saxlamağa çalışaraq, onu həyatla təmasdan qorumaq istəyirdim. Mən dağıtmağa meyilli barmaqlarımı elə ehtiyatla tərpədirdim ki, hətta təsadüfən olsa belə, reallığa toxunmayım, onu aşınmaya məruz qoymayım. Düşüncələrim, təxminən, bu istiqamətdə idi.

Bu cür əhvali-ruhiyyənin təbii nəticəsi kimi yalnız Sözün aciz olduğu reallığı və varlığı qəbul etməyə razı idim. Beləcə, “reallıq” və “varlıq” mənim üçün sinonimə, kəskin, bəlkə də, fetişləşmiş maraq obyektinə çevrildi. Sözə olan əzəli marağımın bu sahədə nə vaxt intişar etməsini heç özüm də hiss eləmədim. Beləliklə, içimdə daban-dabana zidd iki fikrin fetişizmi birlikdə yaşamağa başladı.

Başlanğıcda mən reallığa və varlığa əhəmiyyət verməyib, birmənalı olaraq, Sözün tərəfini tutmuşdum. Bugünkü düşüncəm isə hər hansı bir sözə qarşıdı. Şübhəsiz, qeyri-təbii şəkildə yaranmış ziddiyyətlər, eləcə də təfəkkürümdə dərin kök salmış reallığın və varlığın mahiyyətini anlamamaq – bütün bu təsirlər eyni mənbədən qaynaqlanır. Bu ziddiyyətlər mənim reallığa, varlığa, təsir gücünə hakim olmağım barədə möhkəm inama əsaslanmır. Varlıq anlayışı həyatıma bir qədər gec daxil olub, beləliklə də, onu təpədən-dırnağa Sözlə silahlanmış halda qarşılamışam. Düşünürəm ki, yuxarıda qeyd elədiyim fetişizmlərdən birincisinin təsiri ilə bədənimi öz mülkiyyətim kimi qəbul eləmirdim. Əgər bədənimin mənə məxsus olduğunu etiraf etsəydim, Söz öz sonsuzluğunu itirər, reallıq zorla həyatıma girər, onunla qarşılaşmaq qaçılmaz olardı.

Bax belə maraqlı bir vəziyyət yaranmışdı. Bədənimin varlığını tanımamaq istəyim qismən hansısa dərin, amma öz-özlüyündə çox gözəl bir yanlışla izah olunurdu. Mən o vaxt kişi bədəninin özünü heç vaxt obyektiv reallıq şəklində göstərmədiyini bilmirdim. Mənə elə gəlirdi ki, bunun əksi sadəcə ola bilməz. Amma elə ki, bədənim, ümumiyyətlə, reallığın varlığını inkar etdi, dəhşətə gəldim, sanki qorxunc kabusla üz-üzə dayanmışdım və yanlış olaraq bunun yalnız mənim başıma gələn istisna bir şey olduğuna özümü inandırdım. Bütün başqa kişilərin əvvəl-axır özləri üçün belə bir kəşf elədikləri ağlıma da gəlmirdi.

Bu yanlışdan doğan qorxu, qarışıqlıq məni mütləq şəkildə özüm üçün reallığı və vücudu öz bildiyim kimi uydurmağa məcbur elədi. Çünki ağlıma da gətirmirdim ki, hər bir kişinin bədəni öz təbiətinə görə əsl mövcudluğunu (mənasızlığını??) rədd edir. Malik olmadığım bütün keyfiyyətləri uydurduğum “ideal bədənin” adına yazırdım. Bir halda ki mənim bu əti-qanı olan anormal vücudum sözün təsiri ilə korroziyaya məruz qalıb, o zaman “ideal bədəndə” və “ideal gerçəklikdə” söz, ümumiyyətlə, olmamalıdır. Mənim təxəyyülümdə canlanan bədən iki əsas xarakterik cəhətə – formasının gözəlliyinə və mütləq səssizliyə malik olmalı idi.

Əgər korroziyanın gücü təkcə dağıtmağa yox, həm də yaratmağa yetirsə, onda bu yaradıcılığın meyvəsi “ideal bədən” olmalıdır – deyə öz-özümə düşünürdüm. Söz sənətinin ən yüksək ifadə forması fiziki gözəlliyin mütləq təqlididi, başqa sözlə, korroziyaya tabe olmayan, ölməz, əbədi reallığın axtarışıdı. Bu məntiqdə açıq-aşkar ziddiyyət gizlənir, belə ki, mən Sözü, eyni zamanda öz əsas funksiyasından məhrum eləmişdim və reallığın əsl mahiyyətini əlindən almışdım. Eyni vaxtda da mənim “üsulum” əsl zirəklik və ustalıq möcüzəsi olub Sözü, onun obyektini, gerçəkliyi bir-biriylə üz-üzə gəlməkdən qorumaq imkanı verirdi.

Mən yazmağa başlayanda qəlbim özü də bilmədən ayrı-ayrı istiqamətlərdə çapan atlarını iki yəhərdə oturub idarə eləməyə çalışırdı; buna ancaq Allahın gücü yetər. Amma həyatı və vücudu anlamaq həvəsi getdikcə daha da şiddətlənirdi...

Uzun illər sonra günəşin və poladın sayəsində mən yeni bir dil – bədən dilini öyrəndim. O, mənim üçün ikinci ana dili, anadangəlmə yox, sonradan dərk etdiyim bir elm oldu. Məhz bu elmim haqqında danışmaq istəyirəm. Güman eləyirəm ki, pedaqogika və tərbiyə tarixində ikinci belə bir nümunə yoxdu. Buna görə də danışacağım tarixçəni başa düşmək o qədər də asan olmayacaq.

Uşaqlıq yaddaşımda məbəd mərasimləri silinməz izlər buraxıb: bir dəstə cavan oğlan çiyinlərində qurbangah olan kəcavəni daşıyır, vəcdin ən yüksək həddinə çatırdılar, ifadəsiz sifətlər, yol çəkən gözlər... bəzilərinin isə baxışları göyə zillənirdi, elə bil bədənləri burada, ruhları başqa yerdəydi. Mən onlara baxır, üzlərindəki sirli ifadəni başa düşməyə uğursuz cəhd eləyirdim və üzücü nigarançılıq qəlbimi bürüyürdü. Kütləvi məstolmanın mənşəyini izah eləməyə təxəyyülümün gücü yetmirdi. Bu tapmaca uzun illər mənə dinclik vermədi. Tapmacanın açarını bədənimin dilini öyrənməyə başlayanda, özüm də başqaları ilə birlikdə kəcavəni çiynimdə aparanda tapdım. Onda mənə məlum oldu ki, kişilər sadəcə səmaya baxırmışlar, vəssalam. Bu zaman onların gözlərinə tünd-göy rəngli sentyabr səmasından başqa bir şey görünmürmüş. Bununla belə, mən həyatım boyu belə səma görməmişdim. Çox qəribə səma idi, gah əbədi sonsuzluğa doğru açılır, gah da sel kimi aşağı axırdı. Şəffaf çılğınlığın təcəssümü olan səma daim şəkildən-şəklə düşürdü.

Bu barədə çox da böyük olmayan esse yazanda kəşfim mənə çox iddialı görünürdü. Axı poetik nəzərlərlə süzdüyüm gömgöy səma ətrafımdakı sadə oğlanların gördüyü göy üzündən heç nə ilə fərqlənmirdi. Bu, göz qabağında olan fakt idi. Mən həmin anı çoxdan gözləyirdim. Budur, günəşin və poladın uğurladığı o an gəlib çatdı.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2017 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR