RUS POEZİYASI – Anna Axmatova

RUS POEZİYASI – Anna Axmatova

1889-cu ildə Odessada doğulub.

İlk şeirləri 1911-ci ildə "Novaya jizn", "Apollon" və "Russkaya mısl" jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 1912-ci ildə "Axşam", 1914-cü ildə "Təsbeh" adlı şeirlər kitabı nəşr olunub. 

Oktyabr inqilabının qələbəsindən sonra ağır həyat yaşayıb. Əsərlərinin çapına uzun müddət qadağa qoyulub və bu qadağalar ömrünün son illərinə qədər davam edib. Əri, görkəmli şair Nikolay Qumilyov həbs olunub və 1921-ci ildə güllələnib. Yeganə oğlu – məşhur türkoloq Lev Qumilyov uzun müddət sovet həbsxanalarında əzab çəkib. Anna Axmatovanın bütün bu faciələri əks etdirən "Rekviyem" poeması ilk dəfə 1963-cü ildə Münhendə (öz vətənində yalnız 1987-ci ildə) dərc olunub.

1965-ci ildə Nobel mükafatına namizədliyi irəli sürülən Anna Axmatova 1966-cı ildə Moskvada vəfat edib.

 

*** 

Niyə murdarlayıb içdiyim suyu,

Yediyim çörəyə ağu qatdınız?

Niyə olan-qalan azadlığımın

Ağzını yumdurub daş tıxatdınız?

Əzabla can verən dostun-sirdaşın

Acı qismətinə gülmədim deyə?

Bu dərdli vətənə dönük çıxmadım,

Dar gündə atmadım, getmədim deyə?

 

Neylək.

Bu dünyada şair olan kəs

Cəlladsız, edamsız keçinə bilməz.

Alın yazımızdır – əlimizdə şam

Zarımaq, ulamaq hər səhər-axşam.

 

1935 

***

Mən qəddi bükülən,

əlləri əsən,

Solğun sifətini qırışlar kəsən

Acıdil, tündməzac qarıyam artıq.

 

Öz zərgər işindən razı cəlladım

Süzür dərimdəki qamçı yerini,

Şallaq izlərini məmnun baxışla...

Bağışla, ilahi, özün bağışla! 

*** 

Ürək ki ürəyin əsiri deyil –

Buyur get, indi ki fikrin başqadır.

Kim ki bir kimsədən asılı deyil

Xoşbəxtlik onunçün hər qarışdadır.

 

Ağlayıb baxtımı qarğamıram da,

Yoxdu qismətimdə səadət mənim.

Ölüm oxşayar da, sığallayar da –

Sən öpmə, oxşama yorğun çöhrəmi.

 

Həsrət ağrıları getmiş sinəmdən

Ağappaq, bəmbəyaz qışla bərabər.

Mənim sevgilimdən, görən, sən nədən,

Sən nədən yaxşısan, axı bu qədər?!

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2017 nömrəsində çap olunub.

 

 

 

DİGƏR MƏQALƏLƏR