TƏRCÜMƏÇİNİN MƏTBƏXİ - Qreqori Rabassa

İngilis dilindən tərcümə: Təvəkgül Zeynallı          

 

“YAXŞI TƏRCÜMƏ, BİR ƏSƏRİ DİGƏR DİLDƏ YENİDƏN YAZMAQ DEMƏKDİR...” 

(Jurnalist Tomas Hoksemanın Qreqori Rabassadan aldığı müsahibə 1978-ci ildə “Translation Review” jurnalında çap edilib.) 

Tomas Hoksema: – Son zamanlar üzərində çalışdığınız, demək olar, Amerikada tanınmayan Ekvador yazıçısı Demetrio Agilera Maltadan etdiyiniz tərcümədir. Sizcə, “Yeddi ilan və yeddi ay” əsərinin tərcüməsi Amerikanın oxucu auditoriyasına həmin yazıçını “kəşf etmək” imkanı verəcəkmi?

Qreqori Rabassa: – Bu tərcümə ilə Amerika oxucusunun həmin yazıçını “kəşf” edib-etməyəcəyini dəqiq deyə bilmərəm. Çünki oxucularımızın zövqü məni tez-tez təəccübləndirir. Ola da bilsin ki, dediyiniz o kəşf baş tutmasın. Mənə elə gəlir, Agilera önəmli yazıçıdır, çünki o, nəsillər arasındakı oxşar xüsusiyyətləri göstərir. Agilera yeni mərhələnin ab-havasını Asturiasdan daha yaxşı mənimsəyib və öz gənc müasirlərindən, müəyyən mənada, bir addım qabaqdadır. Agilerada sürrealizmin əlamətlərini tapmaq olar. Xüsusilə də diktatorluq haqqında yazdığı “Generalın qaçırılması” romanında bu, açıq-aşkar gözə çarpır. Həmin əsər “Patriarxın payızı”ndan daha əvvəl yazılıb, hətta, bəlkə, bir çox oxucular Markesin bəzi şeyləri həmin romandan götürdüyünü də fikirləşəcək. Agileranın başqalarından fərqi onun teatra maraq göstərməsindədir. Məncə, biz, nəhayət, Latın Amerikasında nəsr dalğası ilə müqayisə edilə biləcək yaxşı və yeni səhnə əsərlərini görmək ərəfəsindəyik. Bütün bu “çaxnaşmaların” gedişatında artıq bir neçə mükəmməl səhnə əsəri yaranıb. Onlardan bir çoxu absurd teatr üslubunda yazılıb. Agilera öz romanında teatr məqamlarının vacibliyini göstərir. Onun mövqeyini həyat yoldaşım Klementine o dərəcədə önəmli sayır ki, dastan ənənəsinin ölmədiyini və Latın Amerikası nəsrində gizli-gizli yaşadığını sübut etməkdən ötrü həmin yazıçıyla bağlı araşdırma üzərində işləyir. Mən sadəcə ümid edirəm ki, amerikalılar Agileranın dəyərini hiss edəcəklər.

T.H.: – Tərcüməçi kimi üstünlüklərinizdən biri də əsərlərini tərcümə etdiyiniz müəlliflərlə birbaşa əməkdaşlıq etməyiniz olub. Hansı yazıçılarla əməkdaşlıq etmisiniz və onlar öz əsərlərinin tərcüməsinə necə reaksiya veriblər?

Q.R.: – Bir neçə müəlliflə əməkdaşlıq etmişəm. Mənə az-çox köməkləri də dəyib. Ən çox bir yerdə işlədiyim yazıçı Xulio Kortasar olub. Onun ingiliscəsi kifayət qədər yaxşıdır, həm də çox diqqətli oxucudur. Tərcüməçi əməyinə böyük hörməti var, ona görə də prosesdə heç vaxt tərcüməçidən mümkün olmayan şeyləri gerçəkləşdirməyi xahiş etmir. Bir çox vaxtlarda elə olub ki, Xulio ingiliscədəki müəyyən ifadənin, əsasən də, müəyyən jarqonun daha yaxşısı ilə əvəz edilməsini istəyib. O, mənadakı səhvləri sərrastlıqla tutmağı bacarır. Bəzən ilk baxışdaca mənasını duyduğun elə sadə sözlərə və ya ifadələrə rast gəlirsən ki, sonradan Argentina jarqonunda tamam başqa məna verdiyini görürsən. Xulio tərcüməçini tərifləməkdə xəsislik göstərmir. Bu da, təbii ki, tərcüməçinin xoşuna gəlir. Mario Varqas Lyosanın da tərcümə prosesində mənə köməyi dəyib, amma onun ingiliscəsinə etibar etmək olmaz. Çünki ingilis dilini düşündüyü qədər də dərindən bilmir. Bəzən kağızın kənarında tərcümə ilə bağlı müəyyən sualını yazır və ya bir ifadənin “əsl” mənasını qeyd edir. Halbuki onun göstərdiyi həmin “əsl” məna elə mənim ingilis dilində yazdığımın eynidir. Təbii ki, belə şeylərin üstündən sakitcə keçirəm. Bununla belə, Marionun mənə köməyi də çox olur, onun təklifləri əksər hallarda işə yarayır. Əslində, onun ingiliscəsi bayaq dediyim qədər də zəif deyil. O, çox zaman uyğunsuzluqları asanca hiss edir. Qarsia Markes tərcüməçiyə o qədər də dəyib-dolaşmır. Axırda da işdən razı qalır. Onun üslubu elədir ki, hərdən, az da olsa, bəzi suallar vermək lazım gəlir. Söz seçimi hərtərəfli və kifayət qədər klassik yöndə olur. Markesin kitablarında yalnız bir neçə söz və ifadə barəsində özündən soruşmalı olmuşam. Əvvəllər də demişəm, bu yazıçının nəsr üslubu elədir ki, öz-özlüyündə tərcüməçiyə kömək eləyir. Əgər onun nə demək istədiyini tutmusansa, mətn tərcümədə korlanmır. Hərdən Markesdə anlaşılmaz şeylərlə rastlaşanda savadıma arxalanıb ehtimalıma əsasən tərcümə etdiyim də olub. Xoşbəxtlikdən, bunlar o qədər də vacib sözlər olmayıb, amma qorxuram ki, bir gün tərcümə “polisi” gecə yatdığım yerdəcə məni çarpayımdan salıb, yaxamdan yapışa və sorğu-suala başlaya. Əslində, onun əsərində belə cüzi yanlışlara yol verdiyimə görə, düzünü desəm, o qədər də narahat olmuram, çünki bu müəllif, onsuz da, öz əsərlərinin hər cür yozulmasına öyrəşib. Yazarkən nəzərində tutmadığı şeyləri o qədər boynuna qoyublar ki, axırda o da Coys kimi öz taleyi ilə barışmalı olub.

T.H.: – Tərcümə prosesində istifadə etdiyiniz xüsusi strategiya və ya metod varmı?

Q.R.: – Hər hansı metodumun olub-olmadığını dəqiqliklə deyə bilmərəm. Yəni bu məsələdə elə bir strategiyam, xüsusi yanaşmam yoxdur. Məncə, bu, çox sadə şeydir: Sadəcə otururam, qabağıma kağız və yaxşı lüğət qoyuram, işləməyə başlayıram. İlk işim isə, təbii ki, kitabı oxumaq olur. Bəzən əsəri tərcümə prosesindən bir müddət əvvəl oxumuş oluram, ona görə də bəzi mətləblər yadımdan çıxır. Əgər bu işlə bağlı üslubumu soruşursunuzsa, bəlkə, dediklərim faydalı ola bilər. Məsələn, etiraf edirəm ki – Xulionun özünə də bunu etiraf etmişəm – “Xana-xana oyunu”nu tərcümə prosesində oxumuşam. Sonra əvvələ qayıdıb bəzi düzəlişlər eləmişəm, amma bunlar cüzi, o qədər də əhəmiyyətli şeylər olmayıb. Məncə, bu fakt tərcümə haqqında “tərcümə həm də çox ciddi mütaliədir” fikrimi bir daha təsdiqləyir. Kitab tərcümə eləyəndə bacardığım qədər sürətlə işləyirəm və mənanı tam dəqiqliklə verməyə çalışıram ki, ilkin qaralamadan arxayınlıqla istifadə edə bilim. Müəyyən bir ifadənin mənasını verməkdə çətinlik çəkirəmsə, onu bir yerə qeyd eləyib sonraya saxlayıram. Fasilə üçün (əslində, tərcümə edilmiş hissələri hər dəfə müəllifə göndərib, özümü çox əziyyətə salmaya da bilərəm) təxminən iyirmi-otuz səhifəlik əlyazma mətnindən sonra dayanır, bəzi şeyləri təkrar işləmək üçün geri qayıdıb tərcüməyə ümumilikdə göz gəzdirirəm. Bu dəfə tələsmədən işləyirəm, lüğətdə tapmadığım sözləri bir də nəzərdən keçirib ilkin qaralamada yaxşı alınmayan hissələri düzəltməyə çalışıram. Amma bu da sonuncu olmur. Qaralamanı oxuyanda cavablandırması üçün mətnin bəzi yerlərində müəllifə ünvanlanmış suallar da qoyuram. Bu cür suallar və müəllifin təklifləri cüzi olur, nəticədə onları yekun qaralamaya asanlıqla daxil edə bilirəm. Hərdən soruşurlar ki, əlyazmanı kompüterdə kim yığır. Düzdür, kimsə bu işi görməkdə mənə kömək edə bilər, amma bu, həm də ümumi prosesin ləngiməsinə səbəb olar. Əlyazmamı kompüterdə özümün yığmağımın əsas səbəbi odur ki, bu zaman son variant üçün yenə də bəzi dəyişikliklər edirəm. Belədə təbii olaraq fikirləşirəm ki, axırıncı dəyişikliklər ən yaxşı variantdır, amma hərdən əvvəlki əlyazmaya və son dəyişikliklərə göz gəzdirəndə əvvəl işlətdiyim sözlərin daha yaxşı olduğunu görüb onlara qayıtmalı oluram. Mənə elə gəlir ki, belə hallar daha çox işlədiyim günlərdə olur. Nədənsə həmişə şübhələnmişəm ki, bəzi sözlər bazar ertəsi, çərşənbə, cümə günlərində, bəziləri isə çərşənbə axşamı, cümə axşamı, şənbə günlərində işlədildikdə daha çox yerinə düşür. Şübhəsiz ki, bu hisslərim akademik fəaliyyətimə görədir. Belə... Demək olar, bütün kitablar üzərində bu qayda ilə işləyirəm. Əgər dediklərimi üslub adlandırırsınızsa, üslub olsun. Buna artıq praktiki olaraq öyrəşmişəm, ona görə də çətinlik hiss etmirəm. Məncə, ən azı, tərcümə prosesində (bu yazı prosesinə də aiddir) tərcüməçi bacardığı qədər rahat olmalıdır, çünki, onsuz da, ümumi işin özündə kifayət qədər başağrıdan şeylər var.

T.H.: – Bütün qaralamaların yekunlaşdırılmasına, bütün sualların aydınlaşdırılmasına, ümumilikdə götürsək, bir kitabın tərcüməsinə nə qədər vaxt gedir?

Q.R.: – Buna istədiyiniz kimi dəqiqliklə cavab verə bilmərəm. Çünki xarici amillər – akademik fəaliyyətim, səyahətlər, xəstəlik, noxud əkməyə sərf etdiyim vaxt və s. öz təsirini göstərir. Hər həftə bunların biri işimi ləngidə bilər. Tərcüməyə sərf edilən vaxtı hesablamaq üçün hansısa bir ölçü vasitəsi olsaydı belə, yenə də sualınıza asan cavab verə bilməzdim. Əgər tərcümə prosesində bunlar haqqında düşünsəm, bu, bir növ işimə müdaxilə eləyib rahatlıq mühitimi pozacaq. Rahatlıq mühiti isə mənim üçün çox önəmli şeydir. Dayanıb fikirləşməyə sərf edilən vaxt da kitabdan-kitaba dəyişə bilər. Buna görə də, yəqin ki, bir kitabın tərcüməsinə nə qədər vaxt sərf etdiyimi heç zaman bilməyəcəyəm. Son möhlətlə bağlı naşirlə razılığa gəldiyim vaxtlarda iş qrafikimi yaxşı dəyərləndirə bilmirəm. Bəlkə də, nikbin olmağımın yazı makinasında rahat işləməyimlə bağlılığı var, çünki bu zaman görüləsi başqa heç bir iş olmur. Belə şeyləri planlaşdırarkən çörək və ya “Nyu York Tayms” qəzeti almağa sərf elədiyin vaxtı da hesablamaq gərəkdir. Çünki bu məsələlər xüsusilə bazar günləri adamın vaxtını çox alır.

T.H.: – “Revyu-77” qəzetinin redaktoru Ronald Kristlə son söhbətimizin birində belə bir fikir söyləmişdim ki, poeziya ilə müqayisədə nəsr tərcüməçisinin sərbəstlik imkanı daha çoxdur. Yəni nəsr tərcüməçisinin orijinalı dəqiqliklə əks etdirmək baxımından daşıdığı məsuliyyət nisbətən azdır. Bu fikirlə razılaşırsınızmı?

Q.R.: – Bu, kifayət qədər nisbi məsələdir, ona görə də cavab vermək çətindir. Mənə elə gəlir, hər tərcüməçinin öz üslubu var, oxşar olanları çox azdır. Bunu tərcümə seminarlarında tələbələrin eyni əsəri tərcümə edərkən ortaya çıxardıqları tamamilə fərqli mətnlərdə də görürəm. Sadəcə onu deyə bilərəm ki, bu zaman mənim də öz yanaşmalarım olur, öz versiyalarıma daha çox üstünlük verirəm. Amma təbii ki, digərlərinin mövqelərini və dəlil-sübutlarını da anlayıram. Əminliklə deyə bilərəm ki, orijinala sadiqlik məsələsinə nəsrdə də poeziyada olduğu kimi ciddi diqqət yetirilməlidir. Bu fikrimə də qəti əminəm ki, dediyinizin əksi doğrudur. Yəni şairlər forma və quruluşu saxlamaqdan ötrü daha çox sərbəstliyə yol verməli olurlar. Dantenin tərcüməsi ilə bağlı belə bir məqam həmişə problem yaradıb. Sinklerin nəsr üslubu bu baxımdan heyranedicidir. Tədris prosesində Sinklerin tərcüməsindən çox istifadə etmişəm və bu, uğurlu nəticələr verib. Üçlü qafiyənin öhdəsindən Siardi də məharətlə gələ bilib. Amma o, öz tərcüməsində Sinklerin lazım bilmədiyi bəzi sərbəstliklərə yol verməli olub. Məncə, nəsr tərcüməsi kifayət qədər qaydasındadır, amma şairləri ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır.

T.H.: – 1966-cı ildə “Xana-xana oyunu”nu tərcümə etdikdən sonra qarşınıza ən çox problem və tərcümə çətinlikləri çıxaran kitab hansı olub?

Q.R.: – Hər hansı romanı seçib onun çətin əsər olduğunu demək mənim üçün o qədər də asan deyil. Artıq nəşr olunmuş kitablar arasında bu baxımdan birinci yeri, bəlkə də, “Cənnət” romanı tutar. Hələ ingilis dilində nəşr olunmamış bir kitab da var ki, mənə həddən artıq çətin görünür. Bu, Braziliyanın qadın yazıçısı Nelida Pinyonun “Bani” əsəridir. O, özünəməxsus üslubu ilə portuqal dilinin elə dərinliklərinə varıb ki, həmin əsəri ingiliscədə ipə-sapa yatırmaq sadəcə mümkünsüz görünür, Pinyon portuqal dilinin üslub imkanlarını milli çalarlarla elə bəzəyib-düzəyib ki, əvvəllər bu dildə yazmış heç bir yazıçı buna nail ola bilməyib, nəinki bu dildə, hətta başqa dildə yazan heç bir qələm adamı həmin dərinliyə baş vura bilməyib. Bircə Ceyms Coysdan başqa – amma Nelida Pinyon Coys tipli yazıçı deyil. Çox adam Xulio Kortasardan – o cür çətin yazıçıdan etdiyim tərcüməyə heyran olur. Amma zənnimcə, o, Asturiasdan çox-çox rahat yazıçıdır. Baxmayaraq ki, Asturias “qədim və böyük dildən” istifadə etməyə girişib, bu, belədir. Bəlkə də, qəribə görünə bilər, amma mən nə qədər qəliz və mürəkkəb əsər olur-olsun, keyfiyyətli mətnləri sadə və zəif mətnlərdən daha asan tərcümə edirəm. Elmi traktatları tərcümə etməməyə, demək olar ki, and içmişəm. Çünki başa düşmüşəm, bu, hər hansı yaxşı roman və ya hekayəni tərcümə etməkdən daha çətindir. Həm də tərcüməçi üçün həddən artıq cansıxıcıdır. Kiməsə inandırıcı görünməyə bilər, amma tərcümə etdiklərimin arasında ən asanı Qabriel Qarsia Markes olub. Xüsusilə də “Patriarxın payızı” (əgər təhlillərim məni yanıltmırsa). Elə bil su kimi axırdı. Bu əsər yadımda xoş və zövq aldığım bir mütaliə kimi qalıb.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2017 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR